post-title

“Onların hamısı tirajlarını və nüfuzlarını itirib” – Seymur Baycan (II)

“ARZULAR ƏHƏMİYYƏTİNİ İTİRDİKDƏ İNSAN HƏQİQİ AZADLIQ ƏLDƏ EDİR”

...Müsahibənin davamı, əvvəli bu linkdəhttp://kultura.az/articles.php?item_id=20150112083516652&sec_id=8
 
 
 
“ŞAİRLƏR QEYRİ-CİDDİ ADAMLARDI” 
 
“GÜNELİ PİS YERDƏ YAXALADIM...”
 
“QADINA CİDDİ BİR VARLIQ KİMİ YANAŞAN KİŞİLƏRİN AXIRI YOXDU”
 
“ÜÇ-DÖRD SAAT GÜCLƏ YATA BİLİRƏM, ƏSƏBLƏRİM TAMAM SIRADAN ÇIXIB”
 
“ARZULAR ƏHƏMİYYƏTİNİ İTİRDİKDƏ İNSAN HƏQİQİ AZADLIQ ƏLDƏ EDİR”
 
Seymur Baycanı hər dəfə görəndə sanki ayrı adamla rastlaşırsan: bir dəfə qaş-qabaqlı, bir dəfə mülayim, növbəti dəfə sərt, sonra əsəbi, daha sonra həddindən artıq kədərli, üzgün, bitib-tükənmiş, bəzənsə gözləri bərəli - hamıya yadplanetlilər, qəribə məxluqlar kimi baxan, sanki kimisə axtaran... görürsən. 
Yəqin elə bu xüsusuna görə, onunla söhbət eləmək hər dəfə alınmır. Razılığını aldığım bu söhbətimizin yarıda kəsilməməsi, yorulub getməməsi, ürəyi istədiyi kimi danışması üçün əhvalına təsir edən, qanını qaraldan suallar vermədik, cavablarında razılaşmadığım məqamlara qayıtmadıq, hətta üstündən keçdiyi suallara da təkrar toxunmadıq... Müsahibəni onun ruhi vəziyyəti, əhval–ruhiyyəsinə buraxdıq. Çünki məqsəd onunla dartışmaq, qalmaqallı müsahibə etmək deyil, onun özü barədə hər şeyi danışmasına nail olmaq idi... 
 
Suallar sadəcə söhbətə bir qədər istiqamət vermək üçün verilib. 
 
... AYB haqqında bu qədər. AYO isə Azad Yazarlar Ocağı deməkdir. Müstəqillik dövründə yaranıb. Burda mükafat paylamırlar. Üzvləri də azad adamlardı. İstədikləri yerdə işləyə bilərlər. Üzvlərdən Ocağa sədrlik edən adama yaltaqlanmaq, onu böyük şəxsiyyət kimi xarakterizə etmək tələb olunmur. Sədrlik vəzifəsi formal bir vəzifədi. Hətta bəzən sədrlik etməyə adam tapmırıq. Məsələn, bu il Namiq Hüseynin təkrar sədr qalması üçün onu dilə tutmalı olduq. Ofisimiz yoxdur. “Alatoran” jurnalını müntəzəm nəşr etmək üçün pul tapmırıq. AYB və AYO arasında şiddətli döyüşlər oldu. Nə istədiyimizi, məqsədimizi az-çox adamlara başa sala bildik. Həm də sovetdənqalma təşkilatı bacardığımız qədər ifşa etdik. Bu dava artıq keçirilmiş bir mərhələdi. İndi biz başqa işlərlə məşğul oluruq. Pul tapanda kitab nəşr edirik, tərcümələr edirik, yazırıq. İndi isə suala cavab vermək olar. Yaşayan yazıçılar haqqında danışmaq mənim üçün çətindi. Eşitməmisən deyirlər, həkimi həkimdən, ustanı ustadan soruşmazlar. Atam usta idi. Ondan həmişə başqa usta haqqında fikrini öyrənmək istədikdə susardı. Məncə yaxşı variantdı. Yaşıdlarım haqqında danışmaq istəmirəm.
 
- Sizin nəsil, 60-70-ci illərdən həm də onunla fərqlənir ki, bu gün dost dediyini, sabah düşmən elan edir. Düzdü, o illərin yazarları arasında da dava-dalaşlar, umu-küsülər olurdu. Amma komandalara bölünməklə. Sizin nəslə isə komanda anlayışı yaddı. Hərə bir səngər düzəldib, ordan qarşı tərəfi “bombalayır”... Məsələn, Seymur Baycanın yazar tərəfdaşı var?
 
- Bu haqda müxtəlif müsahibələrdə çox danışmışam. Bu mövzuda çox yazmışam. Təzədən dastan açmaq istəmirəm. Bir onu deyə bilərəm ki, əllərində olan maddi və inzibati resurslara baxmayaraq, köhnə nəsil yaradıcılıq baxımından tam iflasa uğramış nəsildi. Hətta onların yanlarında olan gənclər belə iflasa uğrayıblar. Elə adamlar var ki, əvvəllər bizimlə bir yerdə olsalar da, müəyyən səbəblərdən sonradan bizi tərk ediblər. Həmin adamlar da quruyublar. Heç nə yaza bilməyiblər. Tirajlarını və nüfuzlarını, hörmətlərini itiriblər. Onlara baxanda məşhur “gözünün ucuyla görən ibrət dərsi götürər” sözünü istər-istəməz xatırlamalı olursan. Canlı nümunədirlər, amma bir az başqa cür nümunədirlər. Onlara baxanda deyirsən- belə olmaq lazım deyil. Görünür azadlıq, yol, həqiqət məfhumları biz düşündüyümüzdən də artıq gücə malikdir. Sənət adamı bu məfhumlara arxa çevirəndə gücünü itirir. Düzdü, onların təsəllisi var - Dostoyevski. Qumarbaz olub, nə bilim, deyilənə görə hətta agent olub. Dövrünün mütərəqqi insanları haqqında iyrənc yazılar yazıb, çar rejimini dəstəkləyib... Amma bu, çox ucuz bir təsəllidi. Əgər yol, azadlıq, həqiqət məfhumlarına arxa çevirmiş adamlar “Karamazov qardaşları” kimi bir əsər yaza biləcəklərsə, onları hardasa bağışlamaq olar. Əlbəttə ki, yaza bilməyəcəklər, onda heç olmasa, yaxşı adam olmağa cəhd etsinlər. Heç olmasa yaxşı mənada susmağı bacarsınlar. Səməd Vurğun Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynayıb, amma 37-də tutduğu mövqeyə, yazdığı yazılara çıxışlara görə yenə də bağışlanılmır... 
Mənim yazar tərəfdaşlarım var. Sayları çox deyil, amma var. Sadəcə ad çəkmək istəmirəm. Bu son ildə o qədər gözlənilməz hadisələr baş verib ki, adamlar haqqında danışmaq, xüsusən xoş söz demək daha da çətinləşib. Prosesi izləmək daha yaxşıdı. Hər şey ola bilər. 
 
- Öz nəslinizin nümayəndələrindən kimləri oxuyursan, kimləri bəyənirsən? Yoxsa oxuduqlarının da adını çəkmək fikrin yoxdur?
 
- Bacardığım qədər oxumağa, prosesi izləməyə çalışıram. Bu, hər şeydən əvvəl mənim özümə lazımdı. Başqalarını oxuyanda özümün buraxdığım səhvləri, güclü və zəif olduğum tərəfləri müəyyən edirəm. Ayda bir dəfə, üç-dörd gün saytlarda, portallarda eşələnib lazım olan və olmayan yazıları oxuyuram. Yaxşı yazıları münasib bildiyim adamlara da göndərirəm ki, onlar da oxusunlar. Yaxşı yazıya rast gəldikdə sevinirəm, müəllifə məktub yazıb təşəkkürümü bildirirəm. Sadəcə, hə, yuxarıda da qeyd etdiyim kimi konkret ad çəkmək istəmirəm. 
 
- Madam ki, ad çəmirsən onda sənin özündən danışaq. Hər kəs özünü başqasından daha yaxşı tanıyır... Özün haqqında nə deyə bilərsən? 
 
- Tamamilə doğrudur. İnsanı özündən yaxşı heç kim tanıya bilməz. Bilmirəm kiminsə sözüdü, bəlkə də elə öz sözümdü. Son vaxtlar o qədər xatirələr oxumuşam, informasiyalar qarışıb bir-birinə. Bəli, belə bir söz var - mən insanları yaxşı tanıyıram, çünki özümü yaxşı tanıyıram. Bizim ölkədə keçirilən yubiley axşamlarında çıxış edənlər adətən çıxışlarına bu cümləylə başlayırlar: “Onun haqqında danışmaq həm asandı, həm də çətin. Asandı ona görə ki… Çətindi ona görə ki…” 
 
İndi mən də belə bir vəziyyətdəyəm. Özüm haqqımda danışmaq həm asandı, həm də çətin. Ona görə asandır ki, özümü yaxşı tanıyıram. Ona görə çətindir ki, axıra qədər səmimi ola bilməyəcəm. Bu heç mümkün də deyil. Xüsusən bizim insanlara qarşı səmimi olmaq heç sərfəli deyil. Çünki sən səmimiyyət nümayiş etdirəndə bu səmimiyyəti sənə qarşı silah kimi istifadə edirlər. Bu səmimiyyəti qiymətləndirmək əvəzinə ən zəif yerindən vururlar. Ən yaxşısı ortaq mövqe tutmaqdı. İndi həyatımın xoşbəxt və ağrılı günlərini bir yerdə yaşmaqdayam. Niyə xoşbəxtəm? - bu haqda daışmayacam. Mənim xoşbəxtlik anlayışım başqalarının xoşbəxtlik anlayışına uyğun gəlməyə bilər. Uyğun gəlməyəcəksə, deməli, başa düşməyəcəklər niyə özümü xoşbəxt hiss etdiyimi. Düşünürəm ki, həyatın nə demək olduğunu az-çox başa düşmüşəm. Əlbəttə, cavabsız suallar çoxdu. Başa düşməli olduğum çox şeylər var. Bu suallara heç cavab da axtarmıram. Buna vaxt sərf etmək doğru olmaz. Bu suallara cavab axtarmağa sərf edəcəyim enerjiylə daha praktik işlərlə məşğul olmağa üstünlük verirəm. Yaxınlarda Herman Hessenin “Siddhartha” əsərini oxudum. Çoxdandır belə ağır əsər oxumurdum. Balaca bir əsərdi. Bir nəfəsə oxudum. Oxuduqca da bütün həyatım gözlərimin önündən gəlib keçdi. Kitabı oxuyub bitirdikdə getdim Bulvara, iki saat gəzdim. Gəzə-gəzə nələri xatırlamadım, nələr haqqında düşünmədim, hansı hissləri keçirmədim? Bu əsər öz şəxsi həyatıma səyahət etmək üçün bir xəritə rolunu oynadı. Başa düşdüm ki, ağrısız və iztirabsız, həqiqi xoşbəxtlik olmur. Bu haqda bir az təfərrüatla danışsaq, boşboğazlıq etməli olacam. Artıq boşboğazlıq etməkdəyəm. Ona görə yaxşısı budu real problemlərdən danışım. Yuxusuzluqdan əziyyət çəkirəm. Üç-dörd saat güclə yata bilirəm. Əsəblərim tamam sıradan çıxıb. Digər tərəfdən əsəbin sıradan çıxması yazan adam üçün güclü bir silahdır: adamları, əsərləri daha çox hiss edirəm, daha çox başa düşürəm. Xəstəlik həqiqətə aparan yolu qısaldan vasitələrdən biridi. 
 
- Dediyin kimi, özünü tanıyan adam ətrafındakılarını da tanıyır. Yazıçı üçün ətrafdakılarını tanımaq, müşahidə baxımıdan əhəmiyyətlidir, eyni zamanda bir qədər ağırdır. Çünki, o, ətrafdakıların həm də özünə qarşı münasibətini görür. Bax, bu, Seymur Baycan xarakterli adam üçün məncə, daha çətindir. Çünki yuxarıda dedin ki, ən çox tənqid, təhqir olunan yazıçılardansan... Bu baxımdan, özünlə bağlı müşahidələrin mənə maraqlıdı: sənə necə qiymət verirlər? “Necə”ni, məcazi mənada “neçə”yə də çevirmək olar... 
 
- Mənə ya nifrət edirlər, ya da sevirlər. Orta hədd demək olar ki, yoxdu. Belə də olmalıdı. Adətən nifrət edən adamlar doğmalarla yaşayan adamlardı. Sevənlər isə azad, ya da azad olmaq istəyən adamlardı. Bunu öz şəxsi müşahidələrimə əsaslanıb, tam qətiyyətlə deyirəm. Bizim cəmiyyətdə də doğmlarla yaşayan adamların sayı azad adamların sayından qat-qat çox olduğuna görə münasib olaraq nifrət edənlərin sayı da sevənlərin sayından qat-qat çoxdu. Bir qələm adamı kimi doğmalarla yaşayan adamların nifrətini qazanmağımı özüm üçün uğur hesab edirəm. O adamların sevgisini qazansaydım, bu bir qələm adami kimi mənim faciəm olardı… İki Seymur var: biri qadınlardan, mentalitetdən, yeməklərdən filan yazan, üzdə olan Seymurdu. Bu Seymuru tanıyanlar çoxdu. Bir başqa Seymur var ki, onu hədsiz dərəcədə çox az adam tanıyır. Elə bu müsahibəni də bir az diqqətlə oxuyan adam burda iki Seymur görəcək. 
 
Səkkiz kitab müəllifiyəm, hələ də kitab mağazalarında kitablarımı görəndə mənə qəribə gəlir. Metroda görəndə ki, kimsə kitabımı oxuyur, utanıram, karıxıram... Vaqonu tərk edirəm. Bütün bunlar mənə çox qəribə gəlir. Necə ki, bacım uşaqları “Seymur dayı” deyəndə bu müraciət mənə qəribə gəlir. Öz özümə düşünürəm, doğurdan mən dayıyam. Sonra görürəm hə, bu mənim bacımdı, bu da onun uşaqları. Deməli, doğurdan da dayıyam. Yəqin ki, bir çox adamlar da eyni hissləri keçirirlər. Öz övladlarına, öz nəvələrinə baxıb düşünürlər, doğurdan bu mənim övladımdır, doğurdan bu mənim nəvələrimdir? Deməli, hər şey belə olurmuş. Həqiqət çox vaxt paralellərdə ortaya çıxır. Hadisələrin miqyası burda o qədər də çox rol oynamır. Əsas proseslə yaxından və səmimi tanış olmaqdı. Mənə elə gəlir ki, hətta nüfuzlu mükafatlar alan yazıçılar belə ən yüksək kürsülərdən nitq söylədikləri zaman düşünürlər - bütün bunlar necə baş verdi? Gör zarafatla başlanan işin axırı hara gəlib çatdı. Ötən ilin yazında bir tədbirlə bağlı orta məktəbə getmişdik. Şagirdlər necə maraqla, həm də qorxuyla bizə baxırdılar. Bir sinfə girdik, uşaqlar qalxdı ayağa. Müəllim onlardan nəsə soruşdu, bizim yanımızda şagirdlər çətinliklə cavab verdilər. Yadıma şagird olduğum vaxtlar düşdü. Məktəbə komissiya gəlib deyərək, boş yerə bizi necə qorxudurdular. O vaxt bir də görürdün, bir-iki kişi, ya da qadın girirdilər sinfə . Biz də qalxırdıq ayağa. Oxuyan uşaqları qabağa verirdilər. Oxumayanları gizlədirdilər. Nəsə soruşurdular, cavab verə bilmirdik. Müəllim də gələnlərə deyirdi ki, sizi görüb karıxıblar. İndi bütün bu gördüklərim, bu müşahidələr keçmişdə baş vermiş hadisələrin üstündən ciddiyyət pərdəsini götürür. Hadisələr, on dörd yaşda itirdiyim atam, ümumiyyətlə, həyat öz ciddiliyini günü gündən sürətlə itirməkdədi. Bu, böyük bir xoşbəxtlikdi. Bütün bunlar olmaya da bilərdi. Həyat öz ciddiyyətini itirdikcə arzular da öz əhəmiyyətini itirir. Arzular əhəmiyyətini itirdikdə isə insan həqiqi azadlıq əldə edir. Orta məktəbdə oxuyanda bizi ekskursiyaya aparırdılar. Proqram belə idi. Müəllimlər də uzağa aparmağa ərinirdilər. Elə məktəbdən bir-iki kilometr aralanıb dayanardıq. O yerdə dayanırdıq ki, orda axşamlar futbol filan oynayırdıq. Daimi məskənimiz, el dilində desək, oylağımız idi. Süfrə açırdıq, evdən gətirdiyimiz yeməkləri süfrəyə düzüb yeyirdik və özümüzü elə aparırdıq ki, guya, doğurdan da ekskursiyaya gəlmişik. Yeməyimizi yeyib qayıdırdıq geriyə. İndi həyat da təxminən belə bir şey kimi görünür gözümə. Axşam futbol oynadığın yerə səhəri gün məktəbdən səni ekskursiyaya aparırlar. Gündüz məktəbdən ekskursiyaya aparıldığın yerdə axşam qayıdıb futbol oynayırsan. Amma həyat nə qədər ciddiyyətini itirsə də, xırda məişət qayğıları yenə də səni yaşamağa məcbur edir. Bəlkə də bizi yaşamağa məcbur etdiyinə görə biz daima şikayətləndiyimiz bu qayğılara minnətdar olmalıyıq. 
 
- Bir neçə kitabını oxumuşuq. Rəylər belədir ki, “Quqark” romandan daha çox reportajdı, ilk kitabınız “Ət və ət məsulları” isə ironik ruhlu uzun köşədi. “18.6 cm”, “Körpüsalanlar”, “ Ana ürəyi” əsərləri barədə isə yazılan tənqidlər tərifləri ötüb. Sən nə deyirsən? 
 
- Bu kitablar haqqında ayrı-ayrı vaxtlarda danışmışam. “18,6 cm” -i daha çox sevirəm. “Quqark”ın adının “18,6 cm”dan daha çox hallanmasından qıcıqlanıram. “Körpüsalanlar”dan zəhləm gedir. O əsər tam iflasdı. Yaxşı mövzular vardı, ama korladım. Yaza bilmədim. Gücüm çatmadı. İstəyirəm o əsər ümumiyyətlə, itib-batsın. Yoxa çıxsın. Qalmasın. “Körpüsalanlar”ı heç vaxt təkrar nəşr etməyəcəm. Tərslikdən də çox adam məni “Körpüsalanlar”la tanıdı. “Ana ürəyi”ni isə beş-altı adamı çıxmaq şərti ilə heç kim başa düşmədi. 
 
- Vikipediyana baxdım. Yazılıb: “"Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir”. Vikipediyanı özün hazırlamısan? 
 
- Yox, özüm hazırlamamışam. Dostlardan biri hazırlamışdı. Orda işlədiyim qəzetlərin adını yazmışdı, götürüb zarafatla “Xalq qəzeti”ni də ora əlavə etmişdi. Halbuki, heç vaxt “Xalq qəzeti”ndə işləməmişəm. “Ət və ət məhsulları” romanı 2004-cü ildə nəşr olunub. O vaxt adamlar roman yazmaqdan qorxurdular. Guya, roman qırx yaşdan sonra yazılmalıdı. Başı belə olmalıdı, sonu elə olmalıdı. Bu əfsanələri də daha çox bizim uğursuz yazıçılarımız quraşdırmışdılar. Yeri gəlmişkən, onlar roman janrı haqqında o qədər ciddi-ciddi danışdılar ki, özləri öz qazdıqları quyuya düşdülər. Qorxularından roman yaza bilmədilər. Çünki bu qədər ciddi danışan adam ortaya ciddi bir əsər qoymalıdır. Bildilər ki, ciddi əsər yaza bilməyəcəklər, biabır olacaqlar. Adamlar bəzən öz yaratdıqları obrazın qurbanına çevrilirlər. Roman haqqında uğursuz adamların ciddi-ciddi söhbətlərindən bezdim. Götürdüm balaca bir roman yazdım. Adını da qoydum “Ət və ət məhsulları”. Dedim buyurun, roman istəyirdiniz, bu da sizin üçün roman. Babat cırnadılar. Öz məqsədimə nail oldum. “Ət və ət məhsulları” romanı roman xofunu aradan götürdü. 
 
- Hazırda nəylə məşğulsan, hansı yeniliklər var?
 
- Uşaqlar üçün hekayələr yazıram. Heç bir yenilik yoxdu. Həyatdan heç nə gözləmirəm. Bir insan kimi özümü bitmiş insan hesab edirəm. Əvvəllər bəzi yazıçıların ağır şərtlər altında yaşayaraq yazmalarını iradənin gücü hesab edirdim. Sonradan başa düşdüm ki, bu, iradənin gücü deyil. Onları ağır şərtlər altında yaşayaraq yazmağa vadar edən bədii informasiyanı ötürmək yanğısı olub. İradə bu qədər güclü ola bilməz. Məndə də təxminən indi belə bir vəziyyət yaranıb. Yazdıqlarım lazımdırmı, lazım deyilmi, yaxşı alınır yoxsa, pis alınır, bunun məsələyə dəxili yoxdu. Vəziyyət ondan ibarətdir ki, bədii informasiyanı ötürmək həyatımın yeganə mənasıdı və məni həyatda yaşamağa vadar edən yeganə faktdır. Qalan hər şey mənasızdır. 
 
- Evlənməyin barədə dəfələrlə xəbər yayılıb. Nəticəsindən xəbərimiz olmayıb? Ailə həyatı qurdun?
 
- Yox.
 
- Bir müddət əvvəl sosial şəbəkələrdə və haqqında yazılan yazılarda daş-qalaq edilməyin tənqidə tuş gəlməyin qadınlar barədə ard-arda yazılar yazmağınla bağlı idi. Azərbaycan qadınlarının səviyyəsiz olduğunu iddia edən Seymur Baycanda bu aqressiya, bu qıcıq hardandır? Adətən yazarlar qadınlara qarşı nəzakəti ilə seçilirlər... Yəqin elə buna görə də, deyirlər, Seymurun bu nifrəti saxtadır, fərqli görünmək xəttidir? 
 
- Əgər adamların yadında qadınlar haqqında yazdığım yazılar daha çox qalırsa və çox adam “Sənət sənət üçündür”, “Yaşamaq”, “Ezop şahzadələri” kimi yazılardan xəbərsizdirsə bu mənim günahım deyil. Bu oxucuların özünün problemidi. Birxəttli yazar deyiləm. Fərqli mövzularda yazıram. Ona görə də bir yazım birinin xoşuna gəlir, başqası isə incimə yazın alınmamışdı deyir. Bu cür münasibətə öyrəşmişəm. Çox adam Kamyunu “Yad”, “Taun” əsərlərindən tanıyır. “Kaliqula” əsəri bizim oxucular üçün bir az kölgədə qalıb. Hərçənd, o, Kamyunun ən güclü əsərlərindən biridi. Orda Kamyu yazır ki, əgər adamlar teatra inansaydılar, onda görərdilər ki, allahlara çevrilmək hər kəsə müəssər olan bir işdi. Təxminən yadımda belə qalıb. Qadınlar haqqında yazdığım yazıları çox adam zarafat kimi qəbul edir. Qadın dostlarım var. Məsələn, Sevda xanım Sultanovayla xeyli vaxtdır dostluq edirik. Baxmayaraq ki, Sevdanın da bəzən cırnadığı məqamlar olub. Günel Mövludu da bir-iki dəfə babat cırnatmışam. Daha doğrusu, cinləndirmişəm. Xüsusən yeyib-içmək məclislərində. Və adətən yazarlar qadınlara qarşı nəzakətləri ilə seçilməyiblər. Elçin bəy, bu çox səhv fikirdi. Düzdü, şairlər filanlar qadın ürəyini ələ almaq üçün qadınlara şeirlər filan ithaf ediblər. Bu şeirlərin də çoxusuna inanmaq lazım deyil. Necə deyərlər, aldanma ki, şair sözü, əlbəttə yalandır. Ümumiyyətlə, şairlərin çoxu qeyri-ciddi adamlardı. Biz əgər ədəbiyyat tarixinə baxsaq görəcəyik ki, məşhur şairlərin çoxu tək şeir yazmaqla tarixdə qalmayıblar. İctimai siyasi proseslərdə iştirak ediblər. Neruda, Nazim Hikmet kimi. Həbsdə yatanlar, sürgün olunanlar olub. Birinin dərisi soyulub, birini güllələyiblər. Biri böyük qalmaqallarla yadda qalıb. Bəziləri həyatdan çox tez gedib. Bütün bu baş verənlər güllələnmələr, sürgünlər, qalmaqallar, intiharlar, həyatdan vaxtsız getmək şairlərin şəxsiyyətinə qarşı maraq oyadıb və onların tarixdə qalmasına rəvac verib. Tək şeir yazmaqla tarixdə qalmaq çətin məsələdi… 
 
Adımı nə qoyurlarsa qoysunlar, qadın mövzusunda mövqeyim açıqdı. Dəfələrlə yazmışam, dəfələrlə demişəm, nə olar bir daha təkrar edək. Təbiət qarşısında qadın və kişi bərabər ola bilməzlər. Səs versinlər, işləsinlər, zorakılıq olmasın -zorakılığın qəti əleyhinəyəm, amma qadın və kişi bərabərliyindən söhbət belə gedə bilməz. Bu bərabərlik hər şeydən əvvəl qadının özünün zərərinədi. Xaraktercə zəif kişi heç bir qadına lazım deyil. Hətta klassika naminə, yəni həyata rəng qatmaq üçün arada yüngülvari döymək də olar. Amma çox yox. Lap yüngülvari. Çünki bunu özləri istəyirlər. Belə şeylər olmayanda darıxırlar. Onlar öz həyatlarına rəng qata bilmirlər. Gərək, kişilər zaman-zaman onların həyatını rənglərlə təmin etsinlər. Danışmağa mövzuları olsun. Bir dəfə bir qız dostum danışdı, danışdı. Baxdım ki, bu dediklərinin, səsləndirdikləri ittihamların heç bir əsası yoxdu. Adam sadəcə monoloq hazırlayıb. Klipə çəkilmək istəyir. Mən doğurdan da dava-dalaşa nifrət edirəm. Zəhləm gedir davadan. Amma gördüm adam ciddi səhnə qurub. Əziyyət çəkib. O boyda monoloq əzbərləyib. Allah bilir nə qədər vaxt sərf edib buna. Bu səhnənin sonunda ona şillə vurulmalıdı. Danışdı, danışdı, danışdı, məcbur qalıb ona yüngülvari bir şillə vurdum. Saçı sifətinə dağıldı və çox xoşbəxt oldu. İndi mənim onu bu xoşbəxtlikdən məhrum etməyim nə dərəcədə düzgündü? Əgər ona şillə vurmasaydım, çıxıb başqasının yanına gedəcəkdi. İstənilən qadın ciddi kişini bayağılaşdırır. Qadın xeylağına baş qoşdunsa bayağılaşmalısan. Yəni klipə çəkilməlisən. Əgər klipə çəkilməsən, kim olursansa ol xeyri yoxdu, sən tək qalacaqsan. Sürprizlər etməlisən. Nə bilim pencəyinin döş cibindən bülbül, ürəyindən bir dəstə gül çıxarıb “həyatım, bunu sənin için yapdım” deməlisən. Arada “bu nə paltardı geyinmisən” deyib əsəbiləşərək paltarı tutub cırmalısan. O da anasına, rəfiqələrinə zəng edib paltarının cırılmağını danışmalıdı. Beləliklə, cırılmış paltar haqqında danışaraq bir-iki günü yola verməlidir. Onları da qınamalı deyil. Yazıqlar darıxırlar. Ötənlərdə bir tanınmış aktirasanın müsahibəsini oxudum. Müsahibədə demişdi ki, ərim mənə mobil telefondan istifadə etməyi qadağan edib. Açıq-aşkar bu qadağaya sevinmişdi. Allah bilir bu qadağanı nə qədər gözləyib. İndi Günel Mövlud haqqımda yazıb ki, millətin ziyalısı belə düşünürsə, gör başqaları nə gündədi. Günel məsələni ictimailəşdiribsə, qoy mən də bir söhbəti ictimailəşdirim. Bir dəfə Günel bir iş görmək istəyirdi. Həyat yoldaşı, dostumuz doktor ona qadağa qoydu. Günel də bu qadağaya çox sevindi. O qədər sevindi ki, sevincini gizlədə bilmədi. Dedim Günel deyəsən, çox sevindin. Deyəsən, pis yaxaladım onu, dedi ki, hə nə gizlədim sevindim. Bunların hamısı belədi. Orta statistiki də, şairəsi də, nə bilim elmlə məşğul olanı da, Nobel mükafatı alanı da… Ciddi kişilərin çoxu qadın-kişi bərabərliyini qəbul etməyib. Ümumiyyətlə, qadına ciddi bir varlıq kimi yanaşan kişilərin axırı yoxdu. Təbiət kişi ürəyini ələ almaq, kişiyə sahib olmaq üçün daha güclü, daha təsirli silah verib. Bu silahın adı QADIN olmaqdır. Amma iddiaları onları bu silahdan məhrum edibdi. Onlar qadın olmaq istəmirlər və uduzurlar. Təbiətə uduzurlar. Henrix Heyne çox müdrik bir kişi olub. Qırmızı yanaq bir qadınla ailə qurub. Arvad heç bilməyib əri nə yazır, nə pozur. Amma Henrix Heyne arvad sarıdan bəxti gətirmiş kişilərdən biridi. Şopenhauer demişkən, böyük kədərlər və böyük sevinclər qadınlar üçün deyil. Eliyas Kannetinin “Korlaşma” əsəri var. O əsərdə bütün bunlar daha əhatəli yazılıb. Ağıllı kişilər, klipə çəkilə bilməyənlər, düşüklük, səydəşlik etmək istəməyənlər qadının həyatında bəlkə də yeganə mənalı hadisədir, amma onlar bunu çox vaxt faciə kimi qəbul edir. Yaşım artdıqca bir suala cavab tapmaq istəyirəm: bu iki bir-birinə zidd cinsin, bu iki fərqli məxluqun bir yerdə yaşamasının mənası nədir? Təbiət bununla bizə nə demək istəyir? Niyə biz kişilər qadınla birgə yaşamağa, daha doğrusu, niyə biz belə qəddar, əbədi bir cəzaya məhkum olunmuşuq? Biz hansı günahın sahibiyik? 
 
Qaldı fərqli görünmək xətti tutmağıma… Fərqli görünmək istəyənlər çoxdu, onlarda alınmır. Lap əgər bilərəkdən fərqli görünməyi bacarıramsa, bunun özü də hansısa bazadan, hazırlıqdan xəbər verir. Xalqımız demişkən, baxıram savadlı oğlansan, bu sualı sənə heç yaraşdırmadım. Səni qınamıram. Mən özüm də bir çox məsələləri çox gec başa düşdüm. Nə etməli, öyrədən olmayıb. 
 
 
- Sosial şəbəkələrdə Əkrəm Əylisliylə bağlı bir fikrin dolaşırdı. Demişdin ki, onun yazdığı əsərlərdən yalnız ikisi-üçü yadda qalıb. İndidə bu fikirdəsən? 
 
- Sovet zamanında yazılmış yüzlərlə əsərlərin çoxu sovetin çökməsiylə öz əhəmiyyətini itirdi. Bu tək bizim respublikamızda deyil, Rusiyada, Gürcüstanda, bir sözlə bütün sovet respublikalarında baş verdi. Böyük tirajlarla nəşr edilən, müxtəlif sovet xalqlarının dillərinə çevrilən əsərlər tarixin imtahanından keçə bilmədilər. Sovet çökdü və həmin əsərlər heçə çevrildi. Vaxt var idi, bu əsərlərin müəllifləri böyük imtiyazlara sahib idilər. Sovetin hər cür mükafatlarını almışdılar. Məsələn, elə götürək Rəsul Rzanın “Lenin” poemasını. Kimə lazımdı indi o poema? Heç kimə. Halbuki Rəsul Rzanı o mənasız poemaya görə şişirdib az qala bir şəxsiyyətə çevirmişdilər. Sinəsini medallarla doldurmuşdular. Qılıncının dalı da kəsirdi, qabağı da. İndi isə icazə ver, yüngülvari bir haşiyə çıxım. Hərdən özüm özümdən şübhələnirəm. Bəlkə mən başqa dildə yazıram. Yox, başqa dildə yazmıram. Azərbaycan dilində yazıram. Bəs görəsən, hər şeyi aydın və sadə yazdığın halda adamlar nəyə görə çox vaxt Günəşi küləş kimi başa düşürlər. Elə bir ölkədə yaşayırıq ki, bir yazıda nə demək istədiyini başqa yazıda izah etməyə məcbur olursan. Ya adamlar qəsdən cığallıq edirlər, ya da həqiqətən də başa düşmürlər. Bunu sənin sualına görə demirəm, ümumi tendensiyadan danışıram. Söhbət konkret Əkrəm Əylislidən getmir. Əkrəm Əylisli yaşlı nəslin nümayəndələri arasında bütün ziddiyyətləri, mənfiləri və müsbətləri ilə yazıçıya oxşayan, hadisələrə yazıçı münasibəti göstərməyi bacaran, bədii təfəkkürü olan yeganə adamdı. Mən o mənada demişəm ki , gənclərin yazdıqlarına qarşı ikrahla yanaşan yaşlı nəslin nümayəndələri keçmişdə nələr oxuduqlarını unutmasınlar. Səviyyəsiz, düşük-düşük, süni əsərləri oxuduqlarını yaddan çıxarmasınlar. Keçmişdə nə oxuduqlarını yaddan çıxarırlar, ona görə də bu gün yazılanlara ikrahla, qərəzlə yanaşırlar. Yaşlı nəslin nümayəndələri özlərini elə aparırlar elə bil əlifbanı öyrənəndən sonra birbaşa Folkneri oxumağa başlayıblar. Biz onları başa düşürük, qapalı ölkədə yaşayıblar. Onlar da bizi başa düşməlidirlər. Biz də müstəqil ölkədə yaşayırıq. Kitab yazan adam bəyəm cinayət törədir? Bəyəm hər kəs müğənni olmalıdı. Yazan adam heç olmasa ən azı oxucudur. Hər tərəfi müğənni, aparıcı, kloun bürüdüyü bir zamanda pis əsər yazıb, amma həm də bununla bərabər ortabab oxucu olmağın özü də az qənimət deyil. Kim yaxşı yazacaqsa əsəri qalacaq. Pis yazacaqsa, bunu ta böyük bir faciəyə çevirmək lazım deyil. 
 
- Məncə, pis yazmağı heç kim faicəyə çevirmir, bu mərhələ keçib... Bu sahədə bəlkə, daha ciddi problem odur ki, yaza bilməyənlər yazmağa can atır, daha çox çalışırlar, yaza bilənlər isə az yazırlar, ya da o qədər tənbəldilər ki, xaltura, plagiatlıqla məşğul olurlar. Məsələn, yaradıcı camiədə artıq işlənmiş fikirdi ki, sənin “Ana ürəyi” və “Quqark”da xaltura elementləri daha çoxdur… Sən ki, yaxşı yazırsan, xalturaya nə hacət? 
 
- Gəl, buna xaltura yox, təkrarçılıq deyək. Təkrarçılıq birinci şəxsin dilindən yazan yazıçıların demək olar ki, hamısında var. Məsələn, Dovlatovun yaradıcılığına baxsan, orda da təkrarçılıq görərsən. Dovlatovdu, Henri Millerdi bir də mənəm, bizim üslubumuz belədi. Adamları qıcıqlandıran təkrarçılıq etməyim deyil. Onların səmimiyyətinə inanmıram. Yəni doğurdanmı məni bu qədər çox istəyib halıma yanırlar. Onları qıcıqlandıran odur ki, təkrarçılıq edirəm və onlar da oxumağa məcbur olurlar. Bir dəfə Kurt Vonnehurtdan soruşublar ki, sənin romanların niyə bir-birinə oxşayır. O da deyib ki, mən o qədər də avara adam deyiləm, oturub hər dəfə təzə əsər yazım?.. 
 
Elçin Zahiroğlu
AzNews.az 
Yuxarı