Eynşteynlə Rabindronath Thakurun* Danışıqları
Bu danışıqlar Eynşteynin bağ evində baş tutmuşdur. …
Kultura.az yazıçı, publisist Seymur Baycanla müsahibəni təqdim edir.
- Seymur bəy, son dövrlər türk dilində xarici, xüsusilə də rus ədəbiyyatını türkcə oxuyan oxucular haqqında sərt fikirlər səsləndirirsən. Sənə elə gəlmir ki, sovet hökuməti dağılandan sonra rus dili də əvvəlki funksionallığını itirdi? Türk dili kanallar, radiolar, kitablar vasitəsilə məişətimizə, mətnlərimizə qarışdı. Yəni, səncə, proses təbii baş vermədimi?
- Lap bəri başdan qeyd edim ki, dünyanın, az qala, bütün ölkələrində, hətta güclü tərcümə ənənəsi, güclü tərcümə məktəbi olan ölkələrdə belə, oxucular tərcümələrdən şikayətlənirlər. Təxminən yeddi il əvvəl Tiflisdə ədəbiyyatla bağlı bir tədbirdə iştirak edirdim. Həmin tədbirdə Fransadan gəlmiş nümayəndə – hansısa jurnalın redaktoru idi – öz çıxışında fransız dilinə tərcümə olunmuş əsərlərin keyfiyyətindən şikayətlənəndə bu mənə xeyli dərəcədə qəribə görünmüşdü. Fransız fransız dilinə tərcümə olunmuş əsərlərin keyfiyyətindən şikayətlənir... Nə deməkdir bu? Fransız fransız dilinə tərcümə olunmuş əsərlərin keyfiyyətindən şikayətlənirsə, bəs o zaman biz haranın daşını başımıza tökməliyik? Sonralar zaman keçdikcə başa düşdüm ki, tərcümənin keyfiyyətindən adamlar hər yerdə şikayətlənirlər. Bu gün Rusiyada, Türkiyədə tərcümələrin keyfiyyətindən şikayətlənən nə qədər desən, adam tapa bilərsən. Tərcümələrdən şikayətlər bəzən əsaslı, bəzən isə əsassız olur. Birincisi, aydın məsələdir ki, gözəl tərcümələrə hər zaman rast gəlinmir. Gözəl tərcüməyə rast gəlmək Zərdabda, Ucarda, Kürdəmirdə, Saatlıda, Sabirabadda, İmişlidə, Beyləqanda suyu buz kimi soyuq, suyu gözyaşı kimi duru bulağa rast gəlmək kimi bir şeydir. Yəni gözəl tərcümə nadir hadisədir. Bunu bilmək, qəbul etmək və bununla razılaşmaq lazımdır. İkincisi, bir insan hansısa xarici dili bilirsə, onu hər hansı tərcümə ilə qane etmək çox çətin məsələdir. O, xarici dil bildiyini bu və ya digər formada nümayiş etdirməlidir. Eqo məsələsidir. Başqalarından bir baş üstün olduğunu göstərməlidir. Xarici dil bilib və bunu nümayiş etdirməyin, gözə soxmağın ən effektiv, geniş yayılmış formalarından biri də yeri gəldi, gəlmədi, daima tərcümələrdən şikayətlənməkdir. Müşahidələrimə söykənərək qətiyyətlə bildirirəm ki, xarici dili bilib tərcümələrdən şikayətlənən adamların böyük əksəriyyəti, ümumiyyətlə, yerli-dibli kitab oxumurlar.
Sırf mövzumuza gəldikdə isə məsələ daha da qəlizləşir. Elə bir ölkədə yaşayırıq ki, bir yazıda nə demək istədiyini başqa bir yazıda, hətta müsahibədə izah etməyə məcbur olursan. Tərtəmiz, üçüncü sinifdə oxuyan uşağın da oxuyub başa düşə biləcəyi, ən sadə tərzdə yazı yazırsan, adamlar yazıdan tamam başqa mənalar, müəllifin ağlına gəlməyən əndrabadi, əcaib fikirlər çıxarırlar. Bilmirəm, niyə belə edirlər, nə çəkirlər, yazıları hansı başla, hansı fm-də, hansı dalğada oxuyurlar. Qəsdən, bilərəkdən belə edirlərsə, o başqa məsələ. Yox, əgər adamlar tərtəmiz, ən sadə tərzdə yazılmış yazını oxuyub yazıda müəllifin nə demək istədiyini başa düşmürlərsə, bunun adı faciədir. Mənə deyirlər ki, sən rus dilinin təəssübünü çəkirsən, türk düşmənçiliyi edirsən. Rus dilinin təəssübünü çəkmirəm. Rus dilinin təəssübünü niyə çəkməliyəm? Türk düşmənçiliyi də etmirəm. Mən fransız, italyan, ingilis, ispan, alman ədəbiyyatının türk dilinə tərcümələrinin keyfiyyətindən danışmamışdım. Sadəcə, demək istəmişdim ki, rus ədəbiyyatını Azərbaycan dilində oxumaq imkanı olduğu halda, rus ədəbiyyatını türkcə oxumaq, təxminən bulaq suyunu kənara qoyub gedib kanalizasiya suyu içməyə bənzəyir. Ola bilsin, fikrimi bir az kobud, sərt şəkildə ifadə etmişəm. Əgər bu kobud bənzətmə ilə kimlərinsə xətrinə dəymişəmsə, həmin adamlardan dönə-dönə üzr istəyirəm.
- İndi dönə-dönə üzr istəməyin fikirlərindən imtina etmək, geriyə çəkilmək mənasına gəlmirmi?
- Qətiyyən. Sadəcə, bilmirəm, nədənsə son vaxtlar adamlardan üzr istəmək xoşuma gəlir. Bunun səbəbi heç özümə də məlum deyil. Elə dünən axşam küçədə gəzərkən bir nəfər sağ çiynimə möhkəm toxundu. Zərbənin təsirindən müvazinətimi itirdim. Az qala, üzüstə yerə yıxılacaqdım. O məndən üzr istəmək əvəzinə, mən ondan dönə-dönə üzr istədim...
- Altı-yeddi il əvvəl çağdaş və xarici ədəbiyyat Azərbaycan dilli oxucuya çatmırdı. Vəziyyət o qədər acınacaqlı idi ki, Nəriman Əbdürrəhmanlının Orxan Pamukdan tərcümə etdiyi “Mənim adım qırmızı”, “Qar” romanları əl-əl gəzirdi. Yəni hansısa yeni məşhur roman, lap elə klassik əsərlər olsun, azərbaycan dilində tapılmırdı. Buna görə də oxucu məcbur qalıb həmin əsərləri ona daha yaxın və rahat olan türk dilində oxumağa başladı. Oxucuları qınamaq nə dərəcədə doğrudur?
- Söhbət Azərbaycanda kitabların baha olmasından, Azərbaycan dilinə tərcümələrin keyfiyyətinin aşağı olmasından getmir. Bütün bunlar aşağı-yuxarı ucuz bəhanələrdir. Söhbət ondan gedir ki, azərbaycanlılar kiçik qardaş xəstəliyindən əziyyət çəkirlər. Azərbaycanlılar böyük qardaşsız yaşaya bilmirlər. Dünən ruslar böyük qardaş idi, bu gün türklər böyük qardaşdır, sabah farslar böyük qardaş olacaqlar, o birisi gün ərəblər, ta birisi gün çinlilər... Azərbaycanlılar rus ədəbiyyatını azərbaycan dilində oxumaq imkanı varkən, rus ədəbiyyatını türkcə oxumaqla, türkcə danışmaqla, yazılarında türk sözləri işlətməklə, bütün günü türk mahnılarını zümzümə etməklə türklərin qarşısında reveranslar edirlər. Hər şeyi öz adı ilə çağırsaq, açıq şəkildə deməliyik ki, azərbaycanlılarda özünə hörmət hissi yoxdur. Yoxdur da, neyləyək? Gedib Fransadan özünə hörmət etmək hissi gətirməyəcəyik ki?! Ta qədimdən məlumdur ki, özünə hörmət etməyən adama, özünə hörmət etməyən camaata başqaları dünəndən hörmət etmirlər. Türklərin qarşısında müxtəlif üsullarla reveranslar etmək müstəvisində, mümkünsə, sürəti bir az aşağı salmaq lazımdı. Roma papasından artıq katolik olmaq əksər hallarda karikatura yaradır.
- Türkiyədə rus ədəbiyyatı ilə bağlı tərcümənin səviyyəsinin aşağı olduğunu vurğulayırsan. Amma nəzərə almaq lazımdır ki, dediyin keyfiyyət olmasa da, kəmiyyət onlarda yüksəkdir . Dünya ədəbiyyatının böyük əksəriyyəti pis-yaxşı türk dilinə çap olunub. Hətta mən bir dəfə Maksim Qorkinin “Klim Samginin həyatı” romanını belə türk dilində pdf variantda tapmışdım. Türkiyədə kitab sənayesi çox inkişaf edib. Bəlkə, bu səbəblərə görə irəli sürdüyün fikirlər birmənalı qarşılanmır?
Rus ədədbiyyatının bütün ciddi nümunələri, həmçinin Maksim Qorkinin bütün əsərləri hələ sovet dövründə Azərbaycan dilinə tərcümə olunub, o cümlədən “Klim Samginin həyatı” epopeyası. Şahbaz Xuduoğludan azı on dəfə xahiş etmişəm ki, “Klim Samginin həyatı”nı Azərbaycan dilində təzədən nəşr etsin. Türklər rus ədəbiyyatını azərbaycanlılardan yaxşı tərcümə edə bilməzlər. Filan türk tərcüməçisi “Cinayət və cəza”nı gözəl tərcümə edib, filan türk tərcüməçisi “Hərb və sülh”ü elə tərcümə edib ki, sanki əsəri təzədən yazıb... Bunlar hamısı boş və mənasız, əsassız söhbətlərdir. Yorulmuşam, detallara girmək istəmirəm. Bir sözü deyirəmsə, yazıramsa, deməli, belədir. Vəssalam, qurtardı, getdi. Yazdığım, dilə gətirdiyim sözlərin hamısı mütləq həqiqətdir. Qəbul edən udacaq, qəbul etməyən uduzacaq. Azərbaycanlılar, sadəcə, türklərin qarşısında reveranslar etmək üçün günün günorta çağı hər iki əllərində “çıraq tutaraq” fürsət axtarırlar. Uzun sözün qısası, “Hərb və sülh”ü Azərbaycan dilində oxumayıb türkcə oxuyan adamlar mənliyi olmayan, özünə hörmət etməyən, təbiətcə, mahiyyətcə yaltaq adamlardır. Məsələnin bir başqa, təhlükəli, zərərli tərəfi də var. Oxşar dil olduqlarına görə türkcə oxumaq dili tədricən korlayır, sonra dili bərpa etmək çətin olur. Gözümün qarşısında neçə-neçə adamın dili türkcə oxumağın nəticəsində bərbad vəziyyətə düşdü. İndi başa düşmək olmur, nə yazırlar, nə demək, hansı fikri ifadə etmək istəyirlər. İcazənizlə konkret misal gətirim. Rus ədəbiyyatını türkcə oxuyan azərbaycanlılar yazısına etiraz edən adamlar çox oldu. Etiraz edənlərin arasında hətta yaxın tanışlar, xətrimi istəyən adamlar da vardı. Xətrimi istəyən gənclərdən biri mənə dedi ki, müəllim, sən səhvsən, bəs “Cinayət və cəza”nın türkcə tərcüməsi möhtəşəmdir, oxudum valeh oldum, heyran oldum və sairə və ilaxır. Ona nələrsə başa salmaq, doğru yola çəkmək istədim. Mümkün olmadı. İki ayağını bir başmağa dirədi. Yenə başladı “Cinayət və cəza”nın türkcə tərcüməsinə bəy tərifi vurmağa. Bu söhbətin üstündən bir həftə keçəndən sonra həmin gənc oxuyub fikir bildirmək üçün bir neçə hekayəsini mənə göndərdi. Baxdım ki, hekayələrdə dil, dönə-dönə üzr istəyirəm, qotur it günündədir. Başa düşmək olmur, adam hekayələri hansı dildə yazıb. Dil nəsə tanış gəlir, amma tam tuta bilmirəm, hansı dildir. Türk dili deyildi, Azərbaycan dili də deyildi, kumuk dilinə də oxşamırdı. Bilmədim, o nə dili idi. O dilin hansı dil olması axıra qədər mənə qaranlıq qaldı. Deyirəm, a kişi, bu nə dildir belə, sən bu hekayələri hansı dildə yazmısan? Bax “Cinayət və cəza”nı türkcə yox, azərbaycanca oxusaydın, dilin belə ağlamalı vəziyyətə düşməzdi. “Cinayət və cəza”nın türkcə tərcüməsi möhtəşəmdir, oxudum, valeh oldum, heyran oldum deyib, iki ayağını bir başmağa dirəyib mənlə söz güləşdirirdin. Di get, özü yıxılan ağlamaz. Necə deyərlər, öz cəzandır, çək, Balaş.
- Məndə həmişə belə bir fikir olub ki, türklər rus ədəbiyyatını bizim qədər hiss edə bilmirlər. Bu məsələyə münasibətin maraqlı olardı. Səbəb, səncə, nədir?
- Türklərdə rus mədəniyyətinə, rus ədəbiyyatına böyük heyranlıq var. Məni türk düşməni adlandıran adamların yəqin çoxu bilmir ki, türklər rus mədəniyyətinin, rus ədəbiyyatının qarşısında dondurma kimi əriyirlər. Amma problem ondadır ki, Türkiyədə rus mədəniyyətini, rus ədəbiyyatını dərindən bilən adam yox dərəcəsindədir. Türklər, ümümiyyətlə, rusları tanımırlar. Bunu tam ciddi deyirəm və sözümün arxasında da dururam. Hətta illərlə Rusiyada yaşayan türklər belə, rusları tanımırlar, tanıya bilmirlər. İllərlə Rusiyada yaşayan türklərlə dəfələrlə söhbətlərim olub. Bu söhbətlərin nəticəsində belə qənaətə gəlmişəm ki, onlar illərlə Rusiyada yaşasalar da, Rusiyanı, rusları tanıya bilməyiblər, illərlə harda yaşadıqlarını başa düşməyiblər. Bunun müxtəlif səbəbləri ola bilər. Məncə, əsas səbəblərdən biri Türkiyədə içki ənənəsinin olmamasıdır. İçki ənənəsi olmayan xalq içki ənənəsi olan xalqı başa düşməkdə çətinlik çəkəcək. Dilinə içki dəyməyən, içib küçədə yıxılmayan, içib küçədə yatmayan, içib dava salmayan, möhkəm içib səhəri günü baş ağrısından, süstlükdən, halsızlıqdan, ürək döyüntüsündən əziyyət çəkməyən adamlar Marmeladovu necə başa düşə bilərlər? Çətindir. Günəşi küləş kimi başa düşməyi vərdişə çevirmiş adamlar indi yenə deyəcəklər ki, Seymur arağı, əyyaşlığı təbliğ edir. Belə bir niyyətim yoxdur. Böyük fransız mütəfəkkiri Monteskyö deyirdi: “Elə həqiqətlər var ki, onları şərh, izah eləmək kifayət etmir, bəzi həqiqətləri başa salmaq üçün onları gərək insanlara hiss etdirəsən”. Ümumiyyətlə, bir insanı, bir xalqı, bir ölkəni başa düşmək üçün, hər şeydən əvvəl, onu hiss etməlisən. Türklər Rusiyanı, rusları hiss edə bilmirlər. Ona görə də hətta Rusiya haqqında müəyyən qədər informasiyalara malik olan türklər belə, əldə etdikləri informasiyalardan çox səhv nəticələr çıxarırlar. O qədər cəfəng şeylər danışırlar ki, adamın matı-qutu quruyur, istər-istəməz əlin üzündə qalır.
Bir neçə il əvvəl “Hürriyyət” və digər məşhur türk qəzetlərində köşə yazılarına ciddi heyranlıq vardı. Zamanla bu heyranlıq yoxa çıxdı. Bəlkə, zaman keçdikcə türk tərcümələrinə heyranlıq da aradan qalxacaq?
- Türk qəzetlərindəki köşə yazılarına heyranlığını bildirənlər yazı oxuyan adamlar idilər. Yazılar yazdıq, bir az başa saldıq, bir az məzələndik, özlərini yığışdırdılar. İndi vəziyyət çox ağırdır. Bu xına o xınadan deyil. Hələ ki sovet dövründə təhsil almış adamlar müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Türk serialları ilə böyümüş, rus ədəbiyyatını türkcə oxuyanlar cəmiyyətdə yerbəyer olandan sonra Azərbaycan dili tamam sıradan çıxacaq. Bu minvalla davam etsə, dövlət səviyyəsində məsələyə müdaxilə olmasa, inzibati resurslar sərt şəkildə işə salınmasa, yaxın on-on beş ildə Azərbaycan dili məhv olacaq. Bununla da azərbaycanlıların öz keçmişləri ilə, Azərbaycan ədəbiyyatı ilə əlaqələri kəsiləcək və nəticədə, onlar başı kəsilmiş toyuqa oxşayacaqlar.
Lap dərindən götürsək, ümumiyyətlə, Azərbaycan mədəniyyəti məhv olmaq təhlükəsi qarşısındadır. Sovet vaxtı azərbaycanlılar bəzi sahələrdə uğurlar qazanmışdılar. Bu uğurlar böyük qurbanlar, ayrı-ayrı şəxslərin böyük fədakarlıqları, mübarizəsi sayəsində qazanılıb. İndi bu uğurlar böyük addımlarla, sürətlə məhv edilməkdədir. Məsələn, götürək musiqi sahəsini. Açıq deyirəm, mən türk mahnıları oxuyan azərbaycanlı müğənnilərə nifrət edirəm. Bir dəfə oxumaq olar, iki dəfə oxumaq olar, amma bütün günü türk mahnıları oxumaq, türk mahnılarını oxumağı həyat tərzinə çevirmək yüngüllük, düşüklük, hətta deyərdim ki, Azərbaycan musiqisinə qarşı xəyanətdir. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarı olan bir xalqın nümayəndəsi nəyə görə səviyyəsiz türk mahnıları oxumalıdır? Türkiyədə Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov səviyyəsində bəstəkarlar var? Yoxdur, olmayacaq da. Bəs Türkiyədə Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov səviyyəsində bəstəkarlar olmadığı halda, bizim düşük, səviyyəsiz müğənnilər qarışqa qəndə daraşan kimi nə daraşıblar bayağı, əttökən türk mahnılarına. İnsan adlanan varlığın çox yox, bir az mənliyi olmalıdır. Belə bir atalar məsəli var: “Qonaqlıq yaxşı şeydir, üç gün bizdə, bir gün sizdə”. Dostluq, qardaşlıq öz yerində, amma elə şeylər var ki, onlar qorunmalıdır, onlara kimsə, kimlərsə hər hansı bir formada toxunanda yox deməyi bacarmalısan.
Mən məktəbdə oxuyan vaxtlarda orta əsr tarix kitabında bir rəsm vardı. Avropalılar zınqırov, güzgü verib əvəzində yerli qəbilələrin var-dövlətlərini əllərindən alırdılar. Qəbilələr də zınqırovla, güzgü ilə və bu qəbildən olan digər xırda-xuruş şeylərlə oynayıb başlarını qatırdılar. İndi azərbaycanlılar həmin qəbilələrə oxşayırlar. Var-dövlətlərini verirlər və əvəzində zınqırov alıb oynadırlar. Yəni Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu verib əvəzində ucuz, səviyyəsiz, əttökən mahnılar alırlar. Ən dəhşətlisi də odur ki, onlar çox xoşbəxt görsənirlər.