post-title

Vladimir Sorokin: Totalitarizm – ekzotik və zəhərli, olduqca nadir görülən və təhlükəli bir bitki növüdür

Yazıçı Vladimir Sorokin müasir rus ədəbiyyatının aparıcı simalarından biridir, həmçinin o ən çox oxunan müəllifdir. O teatr üçün pyeslər, romanlar və kino ssenariləri yazır. Bu yaxınlarda təşkil olunmuş Rusiya buker mükafatının təqdimetmə mərasimində o nə vaxtsa bu mükafata layiq görülən finalçılar arasında ən məhşur yazıçı ünvanını aldı.

 

 

Mən yazıçı deyiləm, çünki rus ənənəsinə görə yazıçı müəllim, peyğəmbər və dissidentdir. Mənsə müəllim deyiləm, çünki ədəbiyyatın nə isə öyrədəcəyini düşünmürəm.

Rusiyada ədəbiyyat adamları daim ənənəvi əxlaq müdafiəçiləri ilə üzləşməli olurlarlar, hətta bu yaxınlarda Sorokinlə bağlı “pornoqrafiya” yazmaq iddiası ilə məhkəmə işi də başlanılmışdır. Bütün bunlarda isə Baş prokurorluğun və Kremlin yaxından əli var.

Ona ilk hücumu hökümətin idarə etdiyi, lakin özünü azad kimi təqdim edən, hər münbit fürsətdə ortaya atılan “Birlikdə addımlayaq” adlı gənc mühafizəkarların təşkilatı başladıb. Onlar bəhanə kimi Sorokinin “Mavi piy” romanını göstərirlər, burda Stalin və Xuruşovun sadomazoxizmlə məşğul olduğu səhnələr var. Belə ki, “Birlikdə addımlayaq” təşkilatının üzvləri “Böyük Teatr”ın önündə Sorokinin kitablarını kartondan düzəldilmiş nəhəng ayaqyolu maketinin içinə atıb, üzərinə xlor tökdülər. Faşistlərin böyük kitab tonqalını xatırladan bu şounun təşkilatçılarının cəzasız qalması yazıçını addımlar atmağa məcbur edib, o təqibçilərini məhkəməyə verir. “Bu nə zarafat nə də tamaşa deyil, mədəniyyəti yoxlamaq üçün daxilinə yeridilmiş bir zonddur”, - deyə yazıçı qəzəbini dilə gətirir. O beləcə jurnalistlərlə danışarkən iti Sava divanın üstünə atılıb sahibinə və evdəki qonaqlara sürtünür. Sorokinin kabinetinin divarındakı yeganə rəsm isə: Vermaxt ordusunun, tor yelləncəkdə uzanmış çılpaq gözəlçə-zabitinin rəsmidir.

 - Sizə qarşı irəli sürülmüş pornoqrafiya ittihamlarına necə qarşılayırsınız?

 - Uzun illər bundan əvvəl Nabokovun “Lolita”sı bizdə hələ qadağankən, mən onu oxumasam da oxuyan bir dostumdan həmin kitabda nədən söhbət getidiyini soruşmuşdum. O isə cavab vermişdi ki, bu müəllimin tələbə qızcığazı yoldan çıxartdığı pornoqrafik romandır. İndi “Mavi piy”ə qarşı ittihamlar mənim o vaxtkı dostumun şərhi kimi axmaq və əsassızdır. Fəqət “Birlikdə addımlayaq” tərəfdarlarını pornoqrafiyanın zərrəcə də narahat etmədiyini düşünürəm. Onlar sadəcə müasir yazıçıları təqib edərək, özlərinə kariyera qazanmaq istəyən yazıq adamlardır. Digər tərəfdən Dövlət prokurorluğu cinayət işi qaldırıb. Məncə bu prokurorluq üçün utancverici, ədəbiyyatçılar və yazıçılar üçün alçaldıcı bir şeydir. Ən dəhşətlisi isə bu nə zarafat nə də tamaşa deyil. Kremlin dəstəyi olmadan “Birlikdə addımlayaq” belə sərbəst və quduz hərəkətlər edə bilməzdi. Onların arxasında konkret kimin dayandığını bilmirəm, amma mənə qarşı “Böyük Teatr”ın önündə həmin nümayişin keçirildiyi vaxt ordan keçən bir tanışım hüquq mühafizə orqanlarının bu tamamilə faşist aktı ətrafdakıların müdaxiləsindən qoruduğuna şahidi olmuşdu. Mənim kitablarım murdarlandı, tapdalandı, parçalandı, karton ayaqyoluna atıldı, üzərinə xlor töküldü, bütün bunlardan sonra isə onlara qarşı yox, onların məhv etdiyi əsərlərin müəllifinə qarşı məhkəmə təhqiqatı başlanıldı. Bu çox kədərli haldır.

 - Pornoqrafiya ilə incəsənət arasında fərqi aydınlaşdıra bilərsinizmi?

 - Pornoqrafiya ilə ədəbiyya iki tamam fərqli şeylərdir. Pornoqrafiya hər şeydən əvvəl təsvirdir, pornoqrafik rəsmə baxan adam orda fərqi etməz, çinli, sibir kəndlisi, amerikalı ya da ispanın təsvir olunmasından asılı olmayaraq cinsi əlaqədən söhbət getdiyini dərhal anlayır. Lakin, bu akt sözlərlə təsvir edildikdə incəsənət əsəri ortaya çıxır. Heç də hər kəs bunun əsl mənasını anlamır, çünki ədəbiyyatın insan bədənini, cinsi orqanlarını, cinsi aktı təsvir edən universal bir dili yoxdur. Mənə görə ədəbiyyatda pornoqrafiyanın təyini mümkün deyil. Əgər televizorda iri planda cinsi orqanlar ya da fallosun vaqinaya daxil olması göstərilirsə bu sadəcə cinsi aktdır, filmin müəyyən məna daşıyan bir parçasıdır. Təsvir aydın və başa düşülən bir şeydir, amma iş ədəbiyyata gəldikdə hər şey daha mürəkkəbdir.

 - Sizin sevimli mövzularınızdan biri Totalitarizmdir, axı nəyə görə o sizə belə maraqlıdır?

 - Çünki, o çox nadir və zəhəri bitkidir. Totalitarizm min ildə bir dəfə baş qaldırıb çiçəkləyir, o çox ekzotik və təhlükəlidir, buna görə də ona şüşə arxasından baxmaq daha yaxşı olar. Totalitarizm istisna təşkil edən haldır, belə ki birdən-birə on milyonlarla insan bir ideyanın xəstəsinə çevrilir, belə demək olar ki, o ideya ilə birlikdə yaşamağa başlayırlar. İnsanlıq tarixində belə hadisələr olduqca nadir baş verir. Bunun üçün də belə fenomen məni həm yazıçı həm də sosioloq kimi maraqlandırır. Həmçinin onun kökünü kəsmək olduqca çətindir. Bunun üçün mentaliteti dəyişmək lazımdır. Rusiyada çox adam birdən-birə “Jiqulidən” “Mersedesə” keçdi və indi istirahət üçün Krıma deyil Kanar adalarına gedirlər, amma onların mentaliteti əvvəlki kimi qalıb. Ola bilsin, hələ uzun müddət beləcə qalacaq.

 - Siz Almaniyada ya da İspaniyada Xuruşovun Stalini zorladığı səhnələrin təsvir olunduğu “Mavi piy” romanınız kimi bir əsər yazılmasını, daha dəqiqi Rommelin Hitlerlə sevişməsini, Karrero Blankonun (Carrero Blanco) general Franko ilə sekslə məşğul olmasının təsvir edilməsini düşünə bilirsinizmi?

 - Almanlar buna bənzər bir şey yaza bilərlər, lakin mən heç vaxt onlarda belə bir əsərə rast gəlməmişəm. Axı bu xalqda faşizm kompleksi güclü inkişaf edib və onlar belə mövzularda zarafatı qəbul etmirlər, bu elə məğlub tərəfin kompleksidir. İspaniyaya gəldikdə isə onlarla bağlı bir şey deyə bilmərəm çünki ordakı abu-havadan xəbərim yoxdur. Yenidən Xuruşovla Stalinin üzərinə qayıdıram, axı niyə onlar sevgili ola bilməsinlər? Axı onlar bütün həyatları boyu aralarındakı münasibəti aydınlaşdırmaqla məşğul olublar, fikrimcə onların münasibəti, sadomazoxist xarakterli, ancaq sevginin olmadığı seksual münasibət idi. Bu mənada onlara ancaq köməyim dəyib. Ola bilsin böyük Stalinin Xuruşov kimi bir bambılı ilə sevişməsindən qəzəblənib mənim kitablarımı yandıran o qarılar, Xuruşovun yerinə Lenini qoymağımı istəyiblər.

 - Bir dəfə özünüzü yazısçı hesab etmədiyini demişdiniz. Hələ də belə düşünürsünüz?

 - Özümü ona görə yazıçı hesab etmədiyimi demişəm ki, rus ənənəsinə görə yazıçı müəllim, peyğəmbər və dissidentdir. Bu üç ünvandan heç birini özümə uyğun görmürəm. Mən müəllim deyiləm, çünki ədəbiyyat heç nə öyrətmir. Kiminsə əlinə kağız, qələm alması hələ onun başqalarından ağıllı olması anlamına gəlmir ki. Peyğəmbər də deyiləm, çünki Soljenitsin kimi, heç vaxt durub Rusiyanın qurulması ilə bağlı məsləhətlər verəsi deyiləm. Dissident də deyiləm, çünki hər hansı siyasi görüşüm yoxdur. Ölkəni kimin idarə etməsi məni heç zərrəcə də maraqlandırmır. Rusiya həmişə onu idarə edənlərdən çox-çox böyük olub. Onun üçün də özümü yazıçı adlandırmaqdan xoşum gəlmir. Mən sadəcə ədəbiyyatçıyam.

 - Yeri gəlmişkən, Soljenitsin haqqında nə düşünürsünüz?

 - “QULAQ Arxipelaqı” Stalin düşərgələrinin poetikasını ifadə edən dahiyanə kitabdır, lakin mənim üçün düşərgə həyatının təsviri məsələsində Varlam Şalamovun kitabları daha doğmadır, çünki onun əsərlərində siyasi quramalar yoxdur. Onun üçün insanı olduğu kimi və hadisələri necə baş veribsə elə təsvir etmək daha mühümdür. O əlli dərəcəlik şaxtadan işləmək məcburiyyətində olan insanın daxilində nə baş verdiyini təsvir edir. Soljenitsini isə ədəbiyyatdan sovet hakimiyyətinə qarşı silah kimi istifadə etdiyi üçün heç vaxt bağışlamayacam. Heç şübhəsiz o riyazi təfəkkürə sahib, parlaq hekayəçidir, lakin ədib kimi o elə də yaxşı deyil. Onun “Birincilər əhatəsində”,  “Xərçəng korpusu” əsərləri bir qədər dəyişdirilimiş sosrealizmdir, o yazıldığı dövrlə bağlarını qopara bilməyib. Bu qəbildən olan kitablar elə həmin dövrlə birlikdə yoxluğa qarışıb getdi, çünki öz dövrü ilə vuruşan ədəbiyyat uzun ömürlü olmur.

 - Siz daim stilinizdə nə isə bir yenilik edirsiniz. Bu nəylə əlaqədardır?

 - Təkrarlanmaq istəmirəm. Kitablarımın stili bir-birindən fərqlənir. Daim hərəkətdəyəm və mənə maraqlı olan material üzərində işləməyə çalışıram. İndi kütləvi-mədəniyyətlə məşğul olmaq maraqlı gəlir. Bugünki həyatın məhz ondan ibarət olduğunu düşünürəm. Fikrimcə zəmanəmizim ən böyük ölüsü andeqraundur, lakin hələ 15 il öncə o ən canlı axın idi. Çünki mədəniyyətdə heç bir sabitlik olmur, o daim dəyişir. Mən mədəniyyətin canlı cisminin yerini müəyyən etmək istəyirəm, mədəniyyətin masturbatorları ilə yanaşı addımlar isə mənlik deyil. Ədəbiyyat kafelərinə getmirəm, çünki ordakılar mənə maraqsızdır, əskinə fahişələrin, quldurların, narkotika alverçilərinin və kino adamlarının toplaşdığı yerlərdən xoşum gəlir. Düzdür dəyişmişəm, amma heç vaxt bunu oxucularımın sayını artırmaq üçün etməmişəm. Mənim üçün yazıçılıq terapiya kimi bir şeydir, ayaqda qalmağıma kömək edir. Ədəbiyyatsız nə edəcəyimi bilmirəm.

 - Demişdiniz ki, öz doğma qızlarınız üzərində eksperimentlər keçiribsiniz. Bunların məhz nədən ibarət olduğunu izah edə bilərsinizmi?

 - “Norma” əsərimin qəhrəmanları nəcis yeyirlər, kitabın üzərində işləyərkən bu mif üzərində çoxlu düşünmüşdüm. Öz-özümə nəcis yeməyin nə məna daşıdığını və niyə bu maddənin belə böyük mifə çevrildiyini soruşurdum. Bax o zaman bu şeyi sınaqdan keçirməyə qərar verdim. Çox az da olsa. Anladım ki, bu mifin əsasında qoxu dayanır. Belə baxanda nəcis öz-özlüyündə sadəcə torpağın, gilin hələ çürüməmiş bir formasıdır. Düşünürəm ki, tədqiqatçı kimi doğru addım atmışam. Bununla nəcisin mahiyyətini anlamışam. Nəcis canlı varlıq deyil, buna görə də onun dadına baxmaqla heç bir qaydanı pozmamışam. Bununla belə heç vaxt insan ətinin dadına baxmamışam. Amma hekayələrimin birində bir qrup torpaq sahibinin qızı canlı-canlı bişirib yeməsini təsvir etmişdim. Çünki bu hal qarşısında insanın necə əzab çəkkdiyini, belə şeyin necə mümkün ola biləcəyini öyrənmək istəyirdim.

 - Avropa haqqında nə düşünürsünüz?

 - Avropa xoşuma gəlir, amma uzun müddətliyə orada yaşaya bilmərəm. Mənim üçün öz dilim, rus absurdizmi, rus həyatı və buna bənzər şeylər vacibdir. Rusiyaya çox bağlıyam və mühacirət edə bilmərəm. Biz fərqliyik, Rusiyanın həyatında indiki zaman yoxdur, ancaq keçmiş və gələcək var və biz bu zamanlar arasında kədirbazlıq etməklə məşğuluq. Qərb haqqında isə deyə bilərəm ki, onlar üçün ancaq indiki zaman mövcuddur, nə keçmişləri, nə də gələcəkləri yoxdur. Ən azından mənə belə gəlir.

 - “Böyük Teatr” üçün yazdığınız opera haqqında danışın.

 - Bu sovet hakimiyyəti dövründə dövlət tərəfindən maliyyələşdirilən layihə əsasında klonlaşdırılmış beş bəstəkar – Vaqner, Motsart, Verdi, Musoqorski və Çaykovski haqqındadır. SSRİ-nin süqutundan sonra pul qurtarır, layihə buraxılır, musiqiçilər isə küçədə qalırlar. Mənim operamda klonlar səfil kimi yaşayır, dolanışıq üçün vağzallarda musiqi ifa edir, şəhərkənarı elektrik qatarlarında ya da Moskanın yeraltı keçidlərində mahnı oxumaq məcburiyyətində qalırlar. Əsl faciyədir.

Çeviri: Namiq Hüseynli

Kultura.az

 

Yuxarı