Əslində bu yazının əsl yazılma səbəbi 8 mart ərəfəsində Azərbaycan qadını haqqında arzu və təşəkkürlərimi ifadə etməkdən ibarət olacaqdı. Düşünürdüm ki, məmləkətdən uzaqda sevdiklərimi fiziki olaraq təbrik edə bilməsəm də, bir yazı ilə anamın, bacımın və ailəmin digər xanım üzvlərinin timsalında ölkəmin məğrur, çalışqan və ləyaqətli xanımlarını təbrik edim. Bir həftə əvvəl formalaşan bu fikirləri dəyərli dostumuz Nazlı Pəncəliyevanın “Azərbaycan erkəyi” adlı yazısı köklü sürətdə dəyişdirdi. Nazlının yazısı başdan ayağa həqiqətləri əks etdirsə də, sözün əsl mənasında emosional tərzdə qələmə alınıb. Əslində Nazlının vəziyyətində olan mübariz və məğrur bir xanımın düşüncələrini belə ifadə etməsi başa düşüləndir. Nazlı kimi xanımlarımız çoxdur və onlar bizim yanımızdadırlar. Amma... Amması belədir ki, Nazlı bu yazını yazanda bəzi şeyləri arxa plana atıb və ya unudub, ya da ki, görməməzlikdən gəlib. Çalışacam ki, bunları qısa şəkildə sizin diqqətinizə çatdırım.
Məsələyə 20-ci əsrin ən böyük Marksist fikir adamlarından biri italyan Antonio Qramşinin “Cultural hegemony” nəzəriyyəsi ilə aydınlıq gətirmək istəyirəm. Dilimizə tərcümədə “mədəni hegemoniya “ kimi səslənən bu fikir axımın özəyini dominant qrupun cəmiyyətə təsiri və bu qrupun qayda və qanunlarının cəmiyyətin digər kəsimi tərəfindən asanlıqla qəbul edilməsidir. Qramşinin işlətdiyi “hegemoniya” termini əslində imperial fikirlərdən ilhamlanaraq əlavə edilmiş bir hissədir. 20-ci əsrin əvvəllərindəki siyasi mənzərə böyük güc mərkəzlərinin koloniyalizimdən imperializimə keçidin yekunlaşması mərhələsinin bariz nümunəsidir. Və Qramşinin gəldiyi nəticə bu idi ki, siniflər dominant qrupun qanunlarını, zövqlərini, dəyərlərini, vərdişlərini asanlıqla əxz edir və buna ayaq uydurmağa çalışır və bir çox halda bunu mükəmməl şəkildə yamsılayırlar.
Yuxarıdakı abzas Qramşinin ortaya qoyduğu konsepsiyanın qısa izahından ibarət idi. Təbii ki, biz digər yazılarda burdakı digər faktorlar haqqında da bir neçə yazı qələmə ala bilərik. Buraya mədəni kapital, dominant idologiya, konfliktlər haqqında da əlavələr etmək olar. Amma o zaman yazının tam məqsədinindən uzaqlaşacağıq. Qramşinin nəzəriyyəsini Azərbaycanda iki konsepsiyada işlətmək olar.
1. Mütləqi hakim olan rejim və onun cəmiyyətə aşılamaq istədiyi qlamurluq, yalançı köklərə dönüş və Qarabağ sindiromu.
2. Axundovla başlayan maarifçilik sinifinin göstərməyə çalışdığı qadın – kişi problemi, bunun kökləri və prespektivləri.
Birinci qrup bizim müzakirə mövzumuz olmadığı üçün ikinci qrupdakı problemin köklərinə ümümi bir ekskursiya etməyin pis olmayacağını düşünürəm. Təbii ki, Azərbaycanda cəmiyyətin formalaşma mərhələsinin əsrlərlə xronolgiyasını vermək niyyətim yoxdur. Gəlin məsələyə 19-cu əsrdən başlayaraq Azərbaycanda qadın problemini qələmə alan Axundovla başlayaq. İstisnasız, Mirzə Fətli Axundov Azərbaycan tarixinin ən böyük lütfüdür. Bir insan özündən sonra gələn bir nəslin taleyinin dəyişdirə bilərmi sualının əsas cavabı da məhz Axundovdur. Mərhum ədibin əsərlərinə, yazılarına bələd olan hər kəs bilir ki, ana mövzulardan biri də qadın – kişi problemidir. Ona qədər olan bütün şairlər qadının sadəcə xarici gözəlliyini vəsf etməklə məşğul olublar. Niyə görə ilk Axundov bu məsələni ön plana çıxardı? Çünki Qramşinin nəzəriyyəsinin alt başlığı sayılan mədəni kapitala sahib idi. Və bu mədəni kapitala sahib kişi artıq öz yanında, ətrafında fərqli bir qadın görmək istəyir. O, yaratadığı qadın obrazı Şərəfnisənin timsalında ideal Azərbaycan qadınını Paris salonlarındakı qadınlarla müqayisə edir. Və Şahbaz bəyin timsalında Azərbaycan kişisinin qadınımızı daha uca mərtəbələrdə görmək istədiyini təsvir edir. Bax burada Nazlı Pəncəliyevanın yazdığı ikinci qrup kişilər kateqoriyası əslində farş olur. Çünki Azərbaycan ikinci qrupuna daxil olan Şahbaz bəylər özlərində mədəni kapitala sahib bir qrupdur. Və bu qrup da yanlarında o kapitala sahib xanımı görmək istəyir. Bu arzu dünən yox, bu gün yox 200 il bundan əvvəl formalaşmağa başlayıb. Özünü bu qrupa soxuşdurmaq istəyən şarlatanlar isə, itə də tamah salan ünsürlərdir.
Demək, mədəni kapitala sahib olan istənilən kişi yanındakı qadından qorxmur və əslində bu qadının daha da formalaşması üçün çalışır. İndi isə gəlirik ikinci mərhələyə. Bu mərhələ Axundov məktəbinin davamçıları tərəfindən taclandırılan və fikirlərin artıq maarifçi beyinlərdən zəngin salonlara keçid dövrüdür. Bu mərhələ Qori Müəllimlər Seminariyasının müsəlman sinifinin açılması ilə başlayır. Bura, məşhur fransız sosioloq və filosofu Pierre Burdieönün “oyun qaydaları” tezisinə baş vurmağın ən doğru yeridir. Burdieö əsaslandırırdı ki, oyun qaydalarına bələd olan istənilən fərd, qrup və ya toplum oyun meydançasını hər şəkildə bərpa edə bilər. Burdakı oyun qaydaları bizim maarifçilərin simasında öz gözəl libasına bürünür. Budur artıq səhnəyə yeni qədəm qoyan Mirzə Cəlilər, Haqverdiyevlər, Vəzirovlar və digərləri öz sələfləri Axundovdan aldığı mirası bərpa etməyə davam edirlər. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşamış ədiblər qədər Azərbaycan qadınının problemini ön plana çıxaran, ürək ağrısı ilə buna çözüm axtaran ikinci bir qrup yoxdur. Onların simasındakı Azərbaycan kişisində artıq daha mükəmməl fikirlərə sahib bir qadın görmək arzusu cücərməyə başlayır. Təsadüfi deyil ki, həmin vaxt formalaşan “mədəni hegemoniya” burjuaziyanın da diqqətindən qaçmır. Və budur H.Z. Tağıyevin timsalında messanatlar oyuna atılır. Dəmək “oyun qaydaları”na bələd olanların yaratdığı meydançaya günümüzün təbiri ilə desək, “ulduz transferi” edilir. Bakıda ilk müsəlman qız məktəbi açılır. Yenə də Azərbaycan kişisinin pulu, təşəbbüsü və inadkarlığı nəticəsində xanımlarımız üçün yeni alternativlər yaradılır. Müqayisə üçün deyək ki, həmin vaxt İngiltərədə sənaye inqilabı zamanı istifadə edilən uşaq əməyi müqabilində qızlara verilən təhsili Azərbaycan kişisi öz cibindən ödəyərək, ölkəmizdə ilk dəfə həyata keçirmişdi.
Əgər biz buraya sovet dövrünü əlavə etsəkə, yazı 1200-dən çox kəliməyə çatacaq və bu da oxucuları yora bilər. Sadəcə Azərbaycanda sovet hökuməti qurulmasından başlayaraq, davam edən qadının təhsilə, əməyə cəlb edilməsi bizim qadınlarımız üçün göydən düşmə bir nemət idi. Amma necə ki, Trotski, Znovyev, Lunaçarski kimi isimlər Stalinlə mübarizədə sıradan çıxıb, 1917-ci il inqilabı hədəflərinə çatmadısa, eləcə də Azərbaycanda patriaxat sistemin təfəkkürün özündə əxz etdirən savadsız kommunistlər Azərbaycan qadının önünü kəsdilər. O savadsız kommunistlər indi də Çe köynəyi ilə gəzib, vagina dalınca sürünənlərdir. Bu kəslər haqqında isə Nazlı onsuz da yazıb. Buradakı bədbinliyimə öz-özümdə haqq tapıram və düşünürəm ki, Cəfər Cabbarlı əsərlərində təsvir edilən o mükəmməl qadın təsvirləri, qadın haqqlarının müdafiəsi sovetlərin irəliləyən illərində yarımçıq qaldı.
Bəs müstəqillikdən sonra nə oldu? Nə oldusa, bax bu zaman oldu. Demoqrafik partlayış, müharibə, mövcud təlabatlara sahiblənmə uğrunda gedən amansız mübarizə bizi kökümüzə döndərdi. Axundovdan başlayan maarifçilik hərəkatı qaçqın- köçkün, yerlibazlıq prizmasında çox möhkəm silkələndi. Bu silkələnmədə ən çox əziyyət çəkən də məhz bizim qadınlarımız oldu. Çünki cəmiyyətdə mövcud olan “mədəni hegemoniya” artıq “bacarana can qurban”dır. Elmdən, maarifçilikdən uzaq olan kişilər artıq yanlarında mədəni, savadlı bir xanımdan daha çox müti bir xanım istəyir. Bunun səbəbi kişinin alçaqlığını, oğurluğunu, rüşvətxorluğunu sorğulamamaqdır. Çünki müti bir xanım övladlarının böyüyüb boya başa çatması üçün çalışır. Bu zaman o ərinin başqa birinin övladını yetim buraxaraq, başqa bir körpənin atasını həbsə ataraq qazandığı pulu sorğulaya bilmir. Çünki sorğulamaq üçün platformaya və təməl bilgilərə sahib deyil.
Və nəticə...
Azərbaycanda mövcud olan “mədəni hegemoniya” gərəksiz qlamurluq, əcayib vətənpərvərlik və süni Qarabağ təəssübkeşliyindən ibarət olduğu üçün qadınlarımızın inkişafı üçün alternativ qalmır. Çünki kişilərimiz bu platformanı yarada bilmirlər. Bəs deyə bilərsiniz ki, qadınlar niyə boş dayanır. Əlbəttə ki, boş dayanacaq. Çünki Azərbaycanda qadın haqqları üçün mübarizə aparan tək qüvvə barmaqla sayılacaq qədər olan kişilərimiz, ədiblərimiz, dövlət adamlarımız olub. Hələ mən yazı uzun olmasın deyə, ADR dövründə qadınlara verilən səs vermə hüququnun əhəmiyyətinə də toxunmadım.
Nazlı Pəncəliyevanın timsalındakı əziz xanımlarımız! Gördüyünüz kimi bu günə qədər sahib olduğunuz bütün bəşəri dəyərlərin altında kişilərimizin imzası var. Yəni bu kişilər mədəni kapitala sahib olduqları üçün sizinlə bölüşüblər və sizin üçün böyük işlər görüblər. Buraya qadın haqqlarından tutmuş, təhsil imkanlarına qədər bir çox şeyi sadalamaq olar. Bütün bu təcrübələr göstərir ki, seçim sizin əlinizdədir.Ya mədəni kapitala sahib olan bəylərimizin yanında olub, onların hədəf və məqsədlərini dəstəkləyəcəksiniz, ya da yaltaq, oğru, quldur bir təbəqənin yanında olub kənizliyə davam edəcəksiniz.
Seçim sizindir. Gecə də olsa, 8 mart bayramınız mübarək.
Tural Amin Oyrati
Kultura.az