Artıq hökumətin bu “əqrəb oyunları” məni boğaza yığmaqdadır. İldə iki dəfə saatı dala-qabağa çəkməyi nəzərdə tuturam. Gah “yay vaxtına” keçirik, gah “qış vaxtına”. Heç yaz və payız vaxtı olmur sanki. Təbiət də bunun acığına bu il yaydan birbaşa qışa keçdi, payız fəslini hiss eləmədik.
İndi sizə 26 oktyabr gecəsi, saat 5-də başıma gələnləri danışım. Sən demə, telefon və kompüterimdə vaxtı avtomatik dəyişmə proqramını aktiv eləmişəm, yadımdan çıxıb. O üzdən gecə saat 5-də tarixi missiyamı - evdəki bütün saatları tənzimləməyi başlayarkən əcaib duruma düşdüm. Götürüb telefondakı saatı geri çəkmək istəyirəm, baxıram saat 4-ü göstərir. Fikir vermədim, bir saat da çəkdim, oldu 3. Hətta telefon sanki nəsə hiss eləmişdi (elə-belə “ağıllı telefon” demirlər ki), dirəşib zamanda geri getmək istəmirdi. Sonra durumu anladım, bu dəfə zamanı qabağa verdim. Bax, camaatın dediyi “günah bizdə deyil, zəmanə korlanıb” söhbəti o anda mənə çatdı. Korlanmasın neyləsin? Zamanı nə qədər ora-bura çəkmək olar?
Ümumən götürəndə, yapist yoldaşlar zamanla, tarixlə əməllicə məzələnirlər. Hər gün ordan-burdan cürbəcür gülməli “tarix” çıxardırlar. Arxeologiya elmimizin üzərinə də bu yöndə ciddi dövlət və partiya vəzifəsi qoyulmuşdur. Bunlardan ən sonuncusu “Salyan rayonunun 2800 illiyi” anekdotudur.
Oktyabrın 24-25-də Salyan şəhərində icra hakimiyyətinin keçirdiyi bu gülməli tədbirin foto və videoları internetdə var, istəsəniz tapıb əyani baxa bilərsiniz. Əsl multfilmdir: 3-4 nəfər taxta gəmi maketinin içinə girib yolla gedir, qıraqda da mavi parça dalğalandırırlar, guya bu da dənizdir. Qədim qılınc-qalxanlı döyüşçülər, motosikletçilər, prezidentin şəkli vurulan hava şarı, Məşədi İbadın və Salyan ərazisində yaşayan heyvanların müqəvvası, küçədə kabab çəkib yeyən icra başçısı (sözgəlişi, bu küçədə kabablamaq təzə dövlətçilik trendidir, bütün bayramlarda və rəsmi dövlər tədbirlərində mütləq kimsə kabab tıxır)... Xülasə, tədbirdə hər şey var idi, bircə bu Salyanın 2800 illiyini hardan çıxartmışdılar, o yox idi.
O üzdən mənə maraqlı gəldi, internetdə axtarış verdim. Güc-bəla ilə 2-3 il öncəyə məxsus bir-iki xırda, yarımçıq informasiya tapdım. Sən demə, 2011-ci ildə Ələt-Masallı yolunun Salyandan keçən hissəsinin çəkilişində qazıntı zamanı Babazanlı adlı hissədə 20-yə yaxın küp qəbir tapılıb. Ekskavatorlar qəbirləri pis günə qoyub. Bəlkə də bu səbəbdən internetdə bu qazıntıların heç bir fotosu yoxdur. Ən gülməlisi isə, guya Babazanlı qazıntısına aid yeganə fotodur - ilk baxışdan aydın görünür ki, bu fotoda əcnəbi görkəmli bir qadın arxeoloq qədim yunan mədəniyyətinə aid amforaların qalıqlarını torpaqdan çıxardır.
“Alimlərimiz” guya ilkin baxışla bu qəbirlərin 2800 il qabağa aid olduğunu tapıblar. (AzərTAc-dakı məlumatda 2500 il yazılmışdı. Bizim tarixçi lotular üçün 300-500 il önəm daşımır. Əsas odur hakimiyyətin sifarişini yerinə yetirib, misal üçün, siyasi dustaq Leyla Yunusun elmi işini ləğv edəsən). Ta bu “ilkin baxış” niyə dəqiq, elmi şəkildə əsaslandırılmır, tapıntının yaşı qurğularda öyrənilmir - kimsəni maraqlandırmır.
Amma əsas “hurrey”dir, xalqa ucuz tamaşalar göstərməkdir. Bu məqsədlə keçən ilin oktyabrında prezident sərəncamı verilibmiş: “Muğan-Babazanlı abidələrinin 2800 illiyi qeyd olunsun”. Demək Salyan icra hakimi Tahir müəllimin iki-üç gün qabaq rayonda göstərdiyi sirk bu sərəncama görə imiş. Sadəcə, işbazlar mərkəzin təlimatını düzgün qavrayıblar, “Babazanlı-nın 2800 illiyi” dönüb olub “Salyanın 2800 illiyi”. Niyə də olmasın? Salyan 2508 yaşını qutlayan Gəncədən kəm deyil ki?! Hətta ondan qədimdir.
Əlbəttə, mən yenə qeyd edirəm ki, bu cür tamaşaları, sirk proqramlarını dəstəkləyirəm. Misal üçün, bir az qabaq Sumqayıtın 5 min illiyi tədbirlərinə Rusiyadan barabançı qızlar qrupu gətirmişdilər, yerli cavanların, qastarbayter həyatına hazırlaşanların gözü-könlü açılmışdı. Hər kəs çalışırdı o qızların baldırı ilə şəkil çəkdirsin.
Amma Salyan-Babazanlının 2800 illiyini qeyd edəndə heç olmazsa bu Babazanlının bir-iki şəklini də çəkib meydana qoyun, camaat baxsın. Misal üçün, ermənilər tarixi saxtalaşdıranda belə edirlər - şəkil də olur. Düzgün təkrarlayın da bə!
Tarixi dala verəndə güzgüyə baxmaq lazımdır ki, camaat təkərin altında qalmasın.
Musavat.com