İki sistemin fərqi
Avtoritar, repressiv rejimlər üçün camaatı qorxu altında saxlamaq çox önəmlidir…
Telefonla çəkilmiş həvəskar videosu ən yaxşı antik yunan ənənəsinə
uyğun şəkildə ortadan başlayır. Nəyin baş verdiyini anlatmaq üçün uzun-uzadı
müqəddiməyə ehtiyac qalmır. Basabas metro vaqonunda maska taxmaq istəməyən
vətəndaşlar polislə mübahisə edirlər. Vaqonu başına götürmüş xaotik səs-küydə
bir “Söyüş söymə!” çağırışı aydın eşidilir, bir də İda dağından Troya
müharibəsini izləyən Heranın modern reinkarnasiyası kürən saçlı ilahə ölümsüz
tanrıların dilində “Ey insanlar! Hamınız dəstək olun! Biz qul deyilik!”
hayqıraraq hər kəsi döyüşə ruhlandırır.
Hadisələr sürətlə cərəyan edir, çatdırıb diqqətlə izləyə bilmrsən.
Heç qırx saniyə keçməmiş kulminasiya nöqtəsi yetişir. Daha əvvəlki kimi tabe
olmaq istəməyən aşağılar daha əvvəlki kimi idarə edə bilməyən yuxarıları
qamarlayıb vaqonun qapısından platformaya atırlar. Təqdir səsləri və kütlənin
uğultusu fonunda qapılar bağlanır. Burada birdən görüntü bulanır, kadr
arxasında qalan kürən saçlı ilahənin replikası ilə video bitir: наша
маленькая победа!
Uca xalqımızı, ələlxüsus da xalqımızın həmin metro vaqonunda
toplaşmış passionar qismini наша
маленькая победа münasibəti ilə təbrik edirəm. Əgər o basabas
vaqonda bircə nəfər asimptomatik koronavirus daşıyıcısı, ya da yeni yoluxmuş,
amma virusun inkubasiya müddətini tam keçirməmiş COVID-19 xəstəsi olubsa, onda
Azərbaycan səhiyyəsi yaxın iki həftə ərzində xoşbəxt pasientlərin növbəti
dəstəsi ilə tanış olacaq.
Yeni növ koronavirus adından da göründüyü kimi köksüz, ənənəsiz,
əxlaqsız məxluqdur, azadlıq fədailəri və tiranlar arasında fərq qoymur. O
qaraqışqırıqda havada uçuşan tüpürcək zərrəcikləri isə mütləq hansısa maskasız
sifətlərə qonmalıdır.
Azərbaycan maraqlı ölkədir. Burada bəzən ən bəsit həqiqətləri ən
sadə dildə izah etmək lazım gəlir. Məsələn, Ay Yerin ətrafında dövr edir, Yer
Günəşin ətrafında; Azərbaycan da kosmosdan baxanda Yer planetində balaca bir
nöqtədir. Bu balaca nöqtədə öz varlıqlarını süründürən 10 milyon insanın
bədəninə mikroçip yeritmək isə Bill Gates-in planlarına daxil deyil, çünki
iqtisadi baxımdan səmərəsizdir.
Azərbaycan həm də ona görə maraqlı ölkədir ki, Azərbaycan hökuməti
Almaniya, Danimarka, nə də Norveç hökuməti deyil. Əgər bir alman, daniyalı və
sair şved-mved əllərini yuyanda bir dəfə sabunlayırsa, biz iki dəfə sabunlayıb
yumalıyıq. Onlar iki metr sosial məsafə saxlayırsa, biz iki metr yarım sosial
məsafə saxlamalıyıq. Berqamonu və Barselonanı viran qoyan koronavirus Bakının
qara gözünə, qara qaşına aşiq olub bizə rəhmi gəlməyəcək.
Tibbi maska yoluxmaya qarşı mövcud olan ən sadə və ən ucuz
vasitələrdən biridir, amma tibbi maskanın effektiv olması üçün onu mümkün qədər
hamı taxmalıdır. Əgər mütləq əksəriyyət maska taxmırsa, cəbhə xəttində ən
həlledici ön səngərləri əsgərsiz və müdafiəsiz qoymuş kimi oluruq. İnsanların
kritik kütləsi maska taxmağa biganə yanaşacaqsa, onda bir ovuc maskalı adam
yanan binanı söndürmək üçün dimdiyində su gətirən qaranquş kimi ümidsiz
vaqiədən başqa bir şey deyil.
Növbəti səngərdə, yəni xəstəxanada nə baş verəcəyi isə sadəcə
taleyin ümidinə qalır. Çünki yeni növ koronavirusun nə peyvəndi var, nə dərmanı
var, nə də başqa bir sınanmış müalicə üsulu. Həkimlər sadəcə simptomlarla
mübarizə aparmalı olurlar.
Mən yeniyetmə olanda azərbaycanlıların təxəyyülünü gecə-gündüz
məşğul edən bir Yaponiya əfsanəsi var idi. Öz milli-mənəvi dəyərlərini
qorumaqla inkişaf edib Qərbin səviyyəsinə çatan bir Şərq ölkəsi. Qərbin pis
tərəflərini atıb, yaxşı tərəflərini götürən Şərq ölkəsi. Bəlkə bu əfsanə indi
də yaşayır, xəbərim yoxdur. Bu əfsanənin həqiqətə nə qədər uyğun olduğunu da
deyə bilmərəm, yaponşünas deyiləm. Lakin yaponlardan öyrənə biləcəyimiz bəzi
şeylər həqiqətən də var.
Dünyada yaşlı əhali sayına görə ön sıralarda olan Yaponiyada niyə
koronavirusun məhdud yayılması məsələsi bu gün bir çox zərərdidə ölkələrdə
müzakirə edilir. Yapon təcrübəsini izah etmək üçün banal bəxt amilindən tutmuş
sosial vərdişlərə qədər – yaponlar əllə salamlaşmır – bir xeyli cavablar
sadalanır. Bu cavabların içərisində həmişə səslənən biri də var: Yaponiyada
insanlar maska məsələsində intizamlı davranırlar, az qala hər kəs maska taxır.
Əhali kütləvi şəkildə maskadan istifadə etdiyi üçün koronavirusun yayılması elə
ilkin mərhələdə məhdudlaşır. Nə hikmətdirsə, sıravi yaponlar da öz samuray
ləyaqətlərini əsas gətirib maska taxmaqdan imtina etmirlər.
İnsan ləyaqəti qəribə fenomendir, onun arxasında yatan mexanizmin
iş prinsipləri bir az da sirri-xudadır. Bəzən ən ağır təhqirlər insan
ləyaqətini oyada bilmir, bəzən isə ən mənasız qığılcım fağır insanı kükrəmiş
şirə çevirə bilir. Bizim insanların maska taxmamağı şərəf və ləyaqət məsələsinə
çevirməsi də təəccübdən başqa bir hiss doğurmur. Ayrı vaxtlarda və ayrı
kontekstlərdə polisin kölgəsindən qorxan insanlar birdən-birə sadəcə maska
üstündə polisə à la 1968 müqavimət
göstərirlər.
Bilmirəm, bəlkə ona görə ki, biz əslində hamımız səmimi
insanlarıq, ikiüzlü deyilik, maska taxmağı xoşlamırıq?
Əli Novruzov
Azlogos.eu