post-title

Qeyri-şəhər əhalisinin ictimai-mədəni həyatı

Bizlər maariflənmə, zəngin dünyagörüş, şüurlardan başlayan inqilabdan söz açarkən vacib bir nüansı nəzərdən qaçırırıq. Bir şəhəri maarifləndirmək ölkəni maarifləndirmək demək deyil(hərçənd bu da bizdə o qədər uğurlu alınmır). Tarixdə istər elmi kəşfləri, istər ədəbi, istər inqilabi fəaliyyətiylə iz qoymuş şəxslərin əksəriyyəti adi kənd ailələrindən olub.

 

Hər halda şablon qara geyim geyib özünü ciddi, aqressiv göstərən, bütün günü qızlara söz ata-ata veyillənən, "Mc Donaldsda" kolayla fri kartof yeməkdən piy götürüb gedən, gecə kompüter arxasına keçib "siqaret çəkən qızlara nifrət edən neçə nəfərik?" kimi düşük statuslara "like" ataraq özünün "süddən çıxmış ağ qaşıqlığı"yla fəxr edən gənclikdən nəsə gözləmək mənasızdır. Dediyim odur ki, yatanları oyatmaq lazımdır, özünü yatmış kimi göstərənləri deyil. Odur ki, bu gün əhalinin əksəriyyətinin məskunlasdığı rayon, kənd yerlərində ictimai həyat necədir, gəlin aydınlaşdıraq.

Bəri başdan qeyd edim ki özüm rayon əhlindənəm və inanmıram rayonda bir dəfə belə olmuş oxucum mənim təsvirlərimlə razılaşmasın.
Elə ictimai-mədəni həyatın ən bəsit göstəricisi olan kitabxanalardan başlayaq. Olmayan kitabxanalardan... Yəni varmı deyim, yoxdurmu deyim, özüm də bilmirəm. İş orasındadır ki, rayonlarda kitabxana adlı yerlərdə köhnəlmiş sovet ədəbiyyatı təqdim edili və təbii ki, oxucusu da yoxdur. Bu, qola ya ayağa qanın çatmamasına bənzəyir. Ürək - Bakıdakı nəşriyyat evlərinin qanı vurur, amma ətraflara-rayonlara qan, yəni kitab gəlib çatmır. Deməli yolda hansısa maneə var. Bəs bu maneə nədir?

Yəqin fikir vermisiz, kənd yerinin ən kasıb evində belə 3-4 sovet ədəbiyyatı var. Yəni bu adam, ya atası, ya babası oxuyub. Vaxtilə... Vaxtilə nəinki rayonda hətta kənddə belə daim müasir ədəbiyyat nümunələri dövr edib. Stereotipik belə olsa, Leninin "oxumaq, oxumaq yenə də oxumaq" sözünü rəhbər tutaraq yetişib bir bütöv nəsil. Oxumayan belə "özüm oxuya bilmədim ama uşağımı oxudacam" deyib.
Təvazökarlıqdan uzaqdı ya yox bilmirəm, babam kənd xəstəxanasında adi feldşer işləyib, 4 uşağını şəhərdə oxudub (indi halal zəhmətlə bu qeyri-mümkündür). Qazancı da bir maaşı, bir əkin biçindən qazandığı beş on manat olub. Buna baxmayaraq, bu adam ayda azı 5-6 kitab alıb.. Bu bir yana aylıq qəzet-jurnal abunəçisi idi və zirzəmilərində içi tamamilə "AZƏRBAYCAN" jurnalından ibarət xarab olmuş "ÇİNAR" soyuducusu hələ də durur. Misal tək bununla bitmir. Kəndimizdə köhnə sahiblərdən qalma zəngin və toz basmış sovet kitabxanası olan çox ev var. Bəs indi? Nə dəyişib?

Yadımdadır 4cü sinifdə valideynlərimdən "bu Viktor Hüqo kimdir?" soruşmuşdum. Atamla anam utanaraq bir-birinin üzünə baxdı və əlimə
"Səfillər"i verib hər gün bir fəsil oxumağı tapşırdılar. İndi isə tətillərdə kəndə gedəndə azı 4-5 kitab aparıram, amma anam bunu görüb
mənasız pul xərclədiyimə söylənir. Səbəbini də soruşmuram çünki özüm də anlayıram: bu kitablardan öyrənə biləcəyim heç bir insani
keyfiyyət- istər yaxşılıq, istər etibar, istər güvən, istər doğruluq bu dövrdə və bu ölkədə özünü doğrultmur.

Gündəlik xəbərlərlə tanışlığa gəlincə isə rayon əhalisinin çoxunun əli qəzetə yalnız pomidor qutularına yaxud yeşiklərinə əzilməsin deyə
qəzet döşəyərkən dəyir. Gündəlik xəbərləri isə ancaq televiziya verilişləri vasitəsilə alırlar: Amerikada qasırğadır deyə başqa
ölkələr yardım göndərib, Almaniya aclıqdan qırılır, ölkəmizdə isə növbəti "iş yeri"nin lentkəsmə mərasimi baş tutub. Şəhərdə əhali
az-çox internet vasitəsilə məlumat alır, rayonda internet az adamda, Rusiyada qohum-qardaşla danışanlarda var. Qalan əhali üçünsə internet yalnız oyun, tanışlıq saytları, porno videolar deməkdir.

Klublar, teatr, kino, opera-balet məktəblərindən isə ümumiyətlə danışmayacam çünki nəsə haqqında danışmaq ücün gərək o nəsə mövcud
olsun. Hətta əksər rayonlarda oturub çay içmək üçün belə normal bir yer yoxdur.
 
Bəs deyəcəksiz başlıqda ictimai-mədəni həyat yazmısan, deməli mövcuddur ki yazmısan. Bəli, əziz oxucum, mövcuddur bu da bizim
ictimai-mədəni həyatımız: millətimin gələcəyi toya gedib pul qazansın deyə açılan musiqi məktəbləri, şadlıq sarayları, H.Əliyev parkları
mərkəzində yerləşən musiqili fontanlar, H.Əliyev muzeyləri və xalqa bir-birini qırmağı öyrədən idman-olimpiya kompleksləri...

Şahanə Manafova

Kultura.az

Yuxarı