post-title

Biz və ermənilər

Orta məktəbdə oxuyurdum. Hardasa 6-7-ci siniflərdə. Əmim məni həyatla tanış etmək, həyatdakı bəzi şeyləri “başa salmaq”, gözümü açmaq üçün arada mənlə görüşürdü, gəzirdik. Bir dəfə qırxa yaxın tır gördüm və əmimdən bu tırların nə olduğunu soruşdum. Əmim bu “tır”ların tır deyil, benzin daşıyan tankerlər olduğunu dedi. Benzinin niyə belə daşındığını soruşdum. Əmim dedi ki, benzin Ermənistanda bizdən 3 dəfə baha satılır və bu neft Gürcüstana, ordan da Ermənistana daşınır. Onda beynimdə xeyli suallar yarandı. Bəs biz düşmən idik? O vaxtdan gözüm həqiqətən açıldı və az-çox başa düşməyə başladım olanları.

 

 
Bu gün iki xəbər eşitdim. Birinə üzüldüm, digəri isə sevindirici olsa da birinci xəbərdən sonrakı üzüntümü bir az da artırdı. Azərbaycanda tələbələr boykot aksiyası təşkil etmişdilər. Bütün ölkədə xəbər yayılmışdı. Yüzlərlə tələbə bu aksiyaya qoşuldu, dərsə getmədi. Lakin, çoxluq yenə də qorxdu. Adi vaxtda dərsə getməyən adamlar belə bu gün dərsə getdilər ki, adları boykotla anılmasın. Qonşumuz, əzəli və əbədi düşmənimiz, vampirlər məskəni, qaniçənlər oylağı Ermənistanda isə universitet tələbələri Sərkisyana(!) etiraz olaraq dərsləri boykot etdilər. Öncə xəbərə sevindim, ən azından Ermənistan şimali Afrika qədər uzaq deyil və ordakı hadisələrin, oyanmanın bizə təsir etməsi daha realdı deyə düşündüm. Daha sonra isə erməni tələbələrin öz prezidentlərinə etiraz üçün boykot etdiyi, meydanlara axışdığı bir vaxtda azərbaycanlı tələbələrin 2-3 qaib almaqdan, danlanmaqdan qorxaraq quzu kimi dərsə getməsi mənə çox pis təsir etdi. Yazığım gəldi bu millətə.
   
Nə qədər əleyhinə olsam da düşmən mövqelərdə olduğumuz üçün Ermənistanla müqayisə olunmağımızı normal qarşılayıram. İdman, yollar, körpülər kimi ucuz imitasiyalardan başqa qalan müqayisələrdə uduzuruq. Bir millətin səviyyəsini göstərən ən ciddi faktorlar elm, mədəniyyət və incəsənətdir. Gəlin müqayisə edək. Onların Serj Tankianı mı, bizim Alim Qasımovumuz mu? Onların Kardashianı, bizim Aygün Kazımovamız mı? Onların Royal Albert Hall-ı ayağa qaldıran Samvel Yervinyanı mı, bizim toylarda yekəqarın, bığıburma kişilərin içki məclisinin qonağı olan Maestro Ceyhunumuz mu? Onlarda da diktaturadı, amma hökümət yaradıcı adamlara sərbəstlik, maliyyə verir. Deyir, gedin, yaradın. Bizdə isə, hökümət az-çox yaradıcılığı alan adamın qabağına tula payı atır,  qılıncı altından keçirdib mundar edir, sonra da xalqa ziyalı kimi sırıyır. Höküməti “dəstək”ləməyən bir Lütfi Zadə qalmışdı, onu da gedib Amerikada tapıb “dəstək”lətdiriblər. Xislətimiz xarabdı, xislətimiz. 
     
Bizim vətənşüvənlər, namus-qiryət, mentalitet keşikçiləri erməniləri bədbəxt xalq hesab edir, onlarla öz aləmlərində məzələnirlər. Hardasa haqlı sayıla bilərlər əslində. Çünki Ermənistan ərazisinin yarıya yaxını dağlıq zonada yerləşən, əhalisinin təxminən  30%-i aclıq sərhədində yaşayan, təbii ehtiyyatlar baxımından olduqca kasad, azsaylı və azmiqdarlı daş kömür və bəzi metal filizləri yataqlarından başqa heç bir ciddi sənaye infrastrukturu olmayan, torpaq sahələrinin əksəriyyəti əkina yararsız olan, iqtisadiyyatı tamamən erməni lobbisinin və onları forpostu kimi idarə edən Rusiyanın kapitalından aslı olan bir ölkədir. Müharibəni az da olsa anladıq: Xarici dövlətlərin gizli planları, emperyalizm (imperyalizm yox, məhz emperyalizm) oyunları, Rusiya məsələsi (hərçənd, hadisələrin gerçək təfərrüatından xəbəri olanlar bilir ki, torpaqları kim satıb). Bəs mədəni həyatda, təhsildə, incəsənətdə, demokratik dəyərlər məsələsində, vətəndaş mövqeyi göstərməkdə niyə bizim Tomris qeyrətli, Babək ürəkli, Koroğlu pasportlu xalqımız yazıq, bədbəxt, mağmın ermənilərdən geridə qalır?
   
Bilməyənlər üçün deyim ki, iqtisadiyyatı tamamilə gətirmə xammaldan aslı olan, nefti-qazı xaricdən alan, xarici kapitalın həyati olduğu Ermənistan təhsilin, biznes azadlığının, demokratiyanın vəziyyətinə görə dünya göstəricilərində bizdən qat-qat qabaqdadır. “Acından ölən” Ermənistanda müəllimin orta maaşı bizdəkindən 3 dəfə, həkimin maaşı 2 dəfə artıqdır. Təhsilin böyük hissəsi, səhiyyə xidməti pulsuzdur. Diabet, talassemiya, vərəm kimi xəstəliklərə yoluxan insanlara dövlət xaricdən öz vəsaiti ilə bahalı dərmanlar alaraq onları təmin edir. Prezident Sərkisyan müxalifət lideri ilə görüşür, debat təşkil edir. Ən azı 3 ayda bir medya üçün mətbuat konfransı təşkil edir. Rüşvət, korrupsiya, məmur özbaşınalığı kimi problemlər olduqca çox olsa da bizdəki şiddətdə deyil. 
   
Gəlin bir də özümüzə baxaq. Amma güzgünü sındırmamaq şərtilə. 9 milyonluq xalqı düzgün istifadə ediləcəyi təqdirdə ən inkişaf etmiş Avropa ölkələrinin vətəndaşları səviyyəsində yaşada biləcək səviyyədə karbohidrogen ehtiyyatlarımız var. Lakin real vəziyyət tam başqadır. Təhsil sistemimiz komitə sədri səviyyəsində etiraf ediləcək qədər bərbad səviyyədədir. Səhiyyə sistemimiz sadəcə bir-neçə özəl klinikadan və İran turizmindən ibarətdir. Ölkənin sərvətləri bir qrup tərəfindən vəhşicə talanır, müəllimin, həkimin maaşı utancvericidir, pulsuz təhsil və səhiyyədən söhbət belə gedə bilməz, məmur özbaşınalığı dizboyunca, əksəriyyəti qəpik-quruşa möhtac qalan qara camaat ölkəni çapıb-talayan qrupun bankları vasitəsilə borca-tavana otuzdurulub, azad söz, medya yox dərəcəsində , söz deyəni, etiraz edəni həbs edirlər, təqib edirlər. Hökümət alternativ fikrə önəm vermir, nəyəsə etiraz edən insanlar xarici qüvvələrə işləyən, anti-milli ünsür adlandırılır. Və biz erməniləri söyürük. Qardaşlar, bacılar! Bunların da mı səbəbkarı ermənilərdi?
   
Bütün dünyada azad sözün, etirazın əsas lokomotivi gənclər sayılır. Elif Şafakın gözəl bir fikri var bu barədə: Gənc olmaq müxalif olmaq deməkdir. Gəncsənsə müxalif olmalısan, etiraz etməlisən. Dəişilməsi mütləq olan bir şeylər mütləq olmalıdı və sən onları tapıb düzəltməlisən ki, sabah enerjili dövrün geridə qalanda daha yaxşı cəmiyyətdə yaşayasan. Bizdəki gənclər, xüsusən də gəncliyin nisbətən savadlı hissəsi-tələbələr olduqca barbad vəziyyətdədirlər. İylənmiş üzüm salxımı kimi. Kif atmış. Üzərində qarışqalar gəzən çürük üzüm salxımı.  Dölbeyin, manqurt, savadsız. Etiraz ruhu olmayan. Saxta vətənpərvərlik edən, əslində isə şəxsi mənafeyi naminə bütün xalqı satmağa hazır olan minlər, on minlər, yüz minlər. Həqiqəti deyəndə də olursan düşmən. Çox ağrıdıcıdı. Dözmək olmur. Bu gənclər bizim gənclərdi və biz bütün günü onları görürük. Onlarla ictimai nəqliyyatda, dərsdə, küçədə addımbaşı rastlaşırıq. Yazığım gəlir. Onlarçün nəsə etməyə, həqiqəti deməyə, gözlərini açmağa çalışanda ya olursan peysər, ya da xalq düşməni. Bizim gənclərin əksəriyyəti beynizəncirli kölələrdi. Beyinlərindəki zənciri anlamayacaq qədər manqurt kölələr. 
     
Erməniləri mən də sevmirəm. Amma, onları söymürəm. Onları söymək üçün özümüzü müqayisə edək onlarla. Onların tələbəsi prezidenti boykot edir, bizim tələbə isə dekan auditoriyaya girəndə bəlli yerinin qorxusundan ayağa qalxır. Erməni gəncliyi bizdən daha cəsarətlidir, erməni xalqı bizdən daha cəsarətlidir. Bu gün ermənilər İrəvanda yüz minlik mitinq keçirirlər, biz isə 2003-də çıxdıq, qoymadılar mastrubasiyası ilə 10 ildir “seks”siz qalmışıq.
   
Və sonda bir yaxın dostumun başına gəlmiş əhvalatı danışım. Belarusda təhsil alan bir dostumun öz qrup yoldaşı olan yerli tələbə ilə mübahisəsi düşür. Məsələ böyüyür, digər azərbaycanlılar müdaxilə edirlər və bir gün sonraya “razborka” təyin edirlər. Təxminən 30-a yaxın Azərbaycanlı tələbə şəhərin kənarındakı qəsəbələrdən birinin stadionuna çatanda belarusluların həm sayca çox, həm də fiziki olaraq daha güclü olduqlarını görən bizimkilər hamısı maşınlara doluşub qaçırlar. Və universitetin qarşısından etibarən bizim tələbələri izləyən iki avtobus erməni tələbə stadiona axışırlar, belarusluları əzişdirirlər və dostuma salam da vermədən avtobuslara minib geri qayıdırlar. Bu əhvalat da məndən vətənşüvənlərə gəlsin. Zamin Hacı demiş, 3 dəfə Ura!
 
İlkin Rüstəmzadə
Kultura.az
Yuxarı