post-title

Biz sevirik, yoxsa çox istəyirik?



Leksikonumuzda “sevmək” sözünün əvəzinə, “istəmək” sözü oturuşub. İnsanlar bir-birlərinə “səni sevirəm” demək əvəzinə, quruca “səni istəyirəm” deyirlər.

Valideyn övladlarını çox istəyir, övladlar da valideynini çox istəyir; nənə-babalar nəvələrini, nəvələr də nənə-babalarını çox istəyir; ər arvadını, arvad da ərini çox istəyir. Sevgililər bir göz qırpımı qədər qısa vaxt ərzində bir-birlərinə “sevirəm” deyə bilərlər, amma evləndikdən bir az sonra bu kəlmənin istifadə müddəti bitir, əvəzində onlar da bir-birlərini çox istəməyə başlayırlar. Beləcə, kimisə özlərinə doğma, yaxın bilənlər ya o adamı istədiklərini deyirlər, ya da heç demirlər. Sevmək sözünü dilə gətirməyə isə nədənsə yaxşı baxılmır. 

Azərbaycan dilinin izahlı lüğətində “sevmək” kəlməsinin izahı belə verilib: “Eşq yetirmək, aşiq olmaq”. Rus dilinə tərcüməsi belə göstərilib:“чувствовать глубокую привязанность к кому-, чему-л”. (Kiməsə, nəyəsə dərin bağlılıq hiss etmək – tərc.)

Lüğətdə “istəmək” kəlməsinin izahı isə belə verilib: “Arzu etmək, ürəyindən keçirmək, bir şeyin qəsd və niyyətində olmaq, ürəyində bir istək duymaq”. Rus dilinə tərcüməsi belədir: “1. хотеть: 1) ощущать потребность в чем-л.; захотеть. Çörək istəmək хотеть хлеба, çay istəmək хотеть чая (чаю) 2) испытывать желание иметь кого, что-л.” (1. istəmək 1) nəyəsə təlabat hiss eləmək 2) kiməsə, nəyəsə sahib olmağı arzu etmək – tərc.)

İzahlı lüğətdən göründüyü kimi bu iki kəlmə tamamilə ayrı-ayrı məfhumları ifadə edir: məntiqlə də sevmək sözü kiminləsə dərin emosional bağlılığı, istəmək sözü isə kiməsə, nəyəsə görə olan tələbi, ehtiyacı, arzunu ifadə edir. 

Lakin Azərbaycan dilində istəmək kəlməsi necəsə sevmək sözünün sinoniminə, hətta əvəzləyicisinə çevrilib. Dilimizdəki insanların doğmalarına ünvanlandıqları “səni istəyirəm” ifadəsini xarici dillərə hərfi tərcümə edəndə, seksual məzmunlu cümlə alınır. 

Rus dilində: Я хочу тебя (seksual məzmun)
Türk dilində: Seni istiyorum (seksual məzmun)
İngilis dilində: I want you (seksual məzmun)

Belədir, çünki istəyirəm kəlməsində bir arzu, ehtiyac, tələb var. 

Mövzu ağlıma gələndə, bir tanışıma danışdım. Dedi ki, o özü də bu barədə düşünüb, hətta uşaqlıqda bununla bağlı başına bir hadisə də gəlib. Tanışım rus uşaqlarının analarıyla bir-birlərinə qarşılıqlı olaraq “Я люблю тебя” dediklərini eşidib və bundan çox təsirlənib. “Mən bu ifadənin mənasını, yəni “səni sevirəm” demək olduğunu bilirdim, - tanışım deyir: amma anamın da dilindən eşitmək istəyirdim. Ondan soruşanda ki, bu nə deməkdir, “səni çox istəyirəm” demək olduğunu söylədi. Uşaq marağıyla dəfələrlə ondan bu barədə soruşdum, o isə hər dəfə“səni çox istəyirəm” demək olduğunu söylədi, mən onun dilindən “sevirəm” kəlməsini qoparda bilmədim”.

Yəqin ki, bir çoxları da nə vaxtsa bu kəlmələrin yerinin səhv düşməsi barədə düşünüb.

Qadınlar kişilərdən, kişilər qadınlardan nə istəyir?

Dilin həm də təhtəlşüurun ifadəsi olduğunu nəzərə alanda, bəlkə də biz dilimizdəki “istəmək” kəlməsinin “sevmək” kəlməsini əvəz etməsinə təəccüblənməməliyik. Çünki bizdə münasibətlər istəmək sözünün mahiyyətinə uyğun olaraq, əsasən müəyyən bir tələbə, şərtə, təmənnaya əsaslanır. Əksər valideyn uşağını ona görə çox istəyir ki, ondan müəyyən istəkləri var. Övlad valideynin arzularının təcəssümüdür: o, həyatda valideynin istədiyi kimi biri olmalı, atdığı hər addımda valideynin istəklərini düşünməli, valideynin təqdir etdiyi peşəni seçməli, valideynin təqdir etdiyi adamla evlənməli və valideynin könlünü xoş eləmək üçün uşaq dünyaya gətirməlidir ki, o, qocalanda nəvələriylə oynayıb əylənə bilsin. 

Əksər münasibətlərdə bu qarşılıqlı təmənna, şərt görünə bilir. Qadın-kişi, qohumluq, qonşuluq, dostluq, yoldaşlıq münasibətlərində də həmçinin.

Qadın-kişi münasibətində qadının kişidən ənənəvi istəkləri əsasən maddiyyatdan ibarətdir. Kişinin qadından istəkləri isə bir balaca mürəkkəbdir: o, qadının ona sorğu-sualsız bağlı olmasını; daim onun nəzarəti altında olmasını; ona itaət etməsini; onun istədiyi vaxt cinsi tələbatını ödəməsini; bütün həyat fəaliyyəti barədə ona hesabat verməsini; bir fərdiyyətinin olmamasını, yalnız onun orbitində fırlanmasını istəyir. 

Evlilik, birgə həyat müəyyən güzəşt və öhdəliklər tələb edir əlbəttə, amma bizdə bu güzəşt və öhdəliklərə insanın daxilindən irəli gələn bir seçim kimi yox, qeyri-şərtsiz və sorğu-sualsız yerinə yetirilməli olan məcburiyyətlər kimi baxılır.

Cəmiyyətdə oturuşmuş təmənnalı münasibətləri ifadə edən ən yaxşı nümunələrdən biri yəqin ki, “Təhminə və Zaur” əsəridir. 

Bu günə qədər “Təhminə və Zaur” romanı və filmi Azərbaycanda ortaya çıxarılası ən yaxşı məhəbbət əsəri sayılır. Amma bu əsər doğrudanmı sevgi haqqındadır?

Əsərə qısaca belə bir sinopsis vermək olar: anasının, ətrafındakıların təsiri altında olan ərköyün bir cavan oğlan cinsi baxımdan sui-istifadə eləmək üçün cəmiyyət arasında “yüngül” sayılan bir qadına “ilişir”, sonra onun da təsiri altına düşür. Beləcə, anasının və ətrafının təsiri altından çıxıb fərd ola bilməyən bir gənc ilə nə istədiyi qeyri-müəyyən olan travmalı bir qadının nevrotik və ağrılı münasibəti başlayır. Anası gənc oğlanı təhdid edir, o, bu münasibətə razı deyil, əgər onun dediyi olmasa, onu övladlıqdan siləcək. Ətrafı da Zauru təhdid edir. Sonda Zaur təzyiqə dözməyərək anasının yanına qayıdır və valideynin məqbul saydığı qızla evlənir. Təhminədəki üst-üstə yığılmış psixoloji pozuntular isə onu özünü məhv etməyəcən aparır. 

“Mənim tanrım gözəllikdir, sevgidir”

Bəxş etməyə deyil, almağa istiqamətlənən təmənnalı münasibətlər barədə çox yazılıb. Alman mütəffəkiri və psixoloqu Erix Frommun Azərbaycan dilinə tərcümə olunmuş “Sevmək sənəti” əsərində də müasir dövrdəki məhəbbət fenomeni saf-çürük edilir. Daha çox müşahidələrinə və şəxsi qənaətlərinə əsaslandığı əsərində Fromm təmənnalı və təmənnasız məhəbbət mözvusuna toxunur. Əsərdəki bir hissə bizim cəmiyyətdəki münasibətlər probleminə də şamil oluna bilər:

"Sevmək ilk növbədə əldə etmək yox, bəxş etmək, vermək deməkdir. 
“Vermək” nə deməkdir? Bu sual ilk baxışda sadə görünsə də, əslində onun arxasında çox sayda anlaşılmazlıq və dolaşıqlıqlar gizlənir. “Vermək” sözü bəzən yanlış olaraq nəyisə “qaytarmaq, geri vermək”, nədənsə məhrum edilmək və ya nəyisə qurban vermək kimi anlaşılır. Öz inkişafında qəbul etmək, istifadə etmək, toplamaq və s. bu kimi məqsədlərdən uzağa getməyən insanlar üçün “bağışlamaq, vermək” məhz yuxarıda sadaladığımız mənada anlaşılır. “Bazar” düşüncəli adam həvəslə “verir”, lakin hökmən mübadilə məqsədi güdür və əvəzində nəsə əldə etmək istəyir, çünki əvəzini görmədən bir şeyi vermək onun üçün aldanmağa bərabərdir. “Səmərəsiz” istiqamətli insanlar isə verərək özlərini yoxsullaşmış kimi hiss edirlər. Ona görə belə insanlar əksər vaxt bəxş etməkdən imtina edirlər...
Məhsuldar fəaliyyət istiqamətli insanlar üçün “vermək” sözü tamamilə fərqli anlam daşıyır. Onlar üçün vermək qüdrət və əzəmətin ən yüksək göstəricisi sayılır. Verdikdə, mən özümü qüdrətli, hakim və dövlətli hiss edirəm və bu yüksək qüdrət, əzəmət, həyat eşqi qəlbimi sevinc və fəxarət hissi ilə doldurur. İçimə dolan həyat və iqtidar eşqi olduqca ürəkaçan və sevindirici bir duyğudur. Bəxş etmək əldə etməkdən daha çox ürəkaçandır, bu heç də nədənsə məhrum olmaq demək deyil, əksinə mən bu zaman yaşadığımı, var olduğumu hiss edirəm”.

Bizim cəmiyyətimizdə təmənnalı münasibətin bu dərəcədə aşırı olmasının səbəbi bəlkə də insanların təmənnasız sevgini heç hardan öyrənə bilməmələridir. 

Azərbaycanın fikir tarixində belə əksər fikir adamları cəmiyyətə təmənnalı münasibət sərgiləyiblər, bir çox hallarda empati qurmaqdansa, öyrətməkdənsə, daha çox mühakimə etməklə, damğalamaqla və ya sui-istifadə etməklə məşğul olublar. 

1930-cu illərin qırmızı repressiyası şəfqətə, mərhəmətə, empatiyə əsaslanan xətti kobudca baltalamasaydı, bəlkə də vəziyyət başqa cür olardı. (Repressiyadan sonra Azərbaycanın düşüncə həyatında əsasən mühakiməçi fəlsəfə yenidən əsas xəttə çevrilib və bu hər zaman belə davam edib.) Hüseyn Cavidin Şeyx Sənanının timsalındakı təmənnasız ali duyğularla yaşayan qəhrəmanları; Cəfər Cabbarlının qeyri-şərtsiz sevgiylə aşıb-daşan fədakar obrazları; Mikayıl Müşviqin saf və güclü məhəbbət poeziyası onlardan sonra nəinki bir daha təkrarlanmayıb, hətta heç onların yaxınına da gedilməyib. 

Bu aydınların həyatındakı təmənnasız sevginin özü belə bir nümunədir. 

Hüseyn Cavidin həyat yoldaşının adının Müşkünaz xanım olduğunu mən məktəbli vaxtımdan bilirdim. Həmişə adını eşidəndə, düşünürdüm ki, şübhəsiz əsl xanımdır, əsil-nəcabətli bir bəy qızı, adı belə insanda nəcib duyğular oyadırdı. Amma sonradan öyrəndim ki, Müşkünaz xanım Hüseyn Cavidə ərə gələndə, heç oxuma-yazma da bilmirmiş. Cavid sonradan özü evdə ona əlifbanı, oxuma-yazmanı öyrədib. 

Hər şey bir tərəfə, yerlə-göylə əlləşən bir adamın evdə savadsız xanımına hərfləri diliylə səsləndirərək, bir-bir başa salmasını, öyrətməsini təsəvvür edəndə, insan mütəəssir olmaya bilmir...

Ona görə də təmənnasız, bəxş etməyə istiqamətlənmiş sevgini axtarsaq, öyrənmək, tətbiq etmək istəsək, hətta öz dilimizdə, öz ətrafımızda da tapa və öyrənə bilərik. İstəməkdən əl çəkib sevməyə başlaya bilərik.  

Nə qədər klişe səslənsə də, sevən insan xoşbəxtdir, istəyən, tələb edən, arzu edən insan isə bədbəxt. Bizim cəmiyyətdə insanlar arasında bu qədər xoşbəxtsizlik, məyusluq və gərginlik bəlkə də ona görə bu qədər çoxdur ki, onlar bir-birini sevmək əvəzinə, istəyir, çox istəyir, lap çox istəyirlər. 

Cavid Ramazanlı
Bilge.az


Müəllifin digər məqalələri:

Yuxarı