Fərd olmaq, yoxsa olmamaq?

Публицистика



İlk dəfə “5-6 nəfər adam” ifadəsini universitetə daxil olub jurnalist kimi fəaliyyətə başlayanda eşitdim. İndinin özündə də bu ifadəni müəyyən adamların dilindən tez-tez eşitmək olar.

İfadənin məğzi budur ki, Azərbaycanda həmişə beş-altı nəfər adam olub: bu beş-altı nəfər adam ortaya atılıb müasir fəlsəfə, ədəbiyyat və sənət yaradaraq maarifçilik hərəkatının əsasını qoyub, xalqdan xəbərsiz demokratik cümhuriyyət qurub, sovet dövründə gizli fəaliyyət göstərib, sovetlər dağılanda Azadlıq hərəkatını qurub, elə indinin özündə də hər sahədə öz fəaliyyətləri ilə xalqın başını uca edən cəmi 5-6 nəfər adam var, məhz bu adamlara görə biz özümüzə təsəlli veririk ki, bəli, bizdə də belə müstəqil, müasir dünyagörüşlü, savadlı insanlar mövcuddur və yalnız onlara görə bu ölkəyə dözmək olar.

Lakin təəssüf doğuran bir məqam da həmişə vurğulanır ki, nəhayətdə bu insanların sayı çox azdır, 5-6 nəfərdən o tərəfə keçmir, 5-6 nəfərlə isə xalqı yuxudan oyatmaq, maarifləndirmək, böyük ictimai, siyasi, mədəni prosesləri başlatmaq mümkünsüzdür, necə deyərlər, bir gül ilə bahar olmaz, ona görə də biz bu insanlardan sadəcə olaraq nümunə götürə və təsəlli tapa bilərik.

Bu, əksərən haqlı arqumentdir və mən bu arqumenti çürütmək fikrində deyiləm. Amma bu 5-6 nəfər adam ifadəsinin arxasında çox vacib bir məqam da gizlənir – bununla Azərbaycandakı fərdiyyətçiliyin tarixçəsi əks olunur.



Əngəllənmiş fərdiyyətçilik

Bizdə ənənəvi ailə və nəsil bağları çox mühafizəkar və güclü olduğundan, tarix boyu müstəqil, effektiv fərdlərin ortaya çıxmasının qarşısı alınıb. İndinin özündə də öz fikrini sərbəst ifadə edən, istədiyi həyat tərzini yaşayan, cəmiyyətin qanunları ilə hesablaşmayan, hər addımda itaət etməkdən imtina edən fərdə, xüsusilə qadınlara ciddi basqı var. Ailə, nəsil və cəmiyyət keşikçi funksiyasını öz üzərinə götürərək, təzyiq, tənqid, qeybət, dışlamaq və hətta fiziki zor yolu ilə fərdin meydana gəlməsinə, onun özünü ifadə etməsinə əngəl olmağa çalışır. Çox vaxt da buna nail olur. Tarix boyu bu coğrafiyada fərdiyyətçiliyi təşviq etməsi bir kənara, ona mane olmayan hakim quruluş da demək olar, mövcud olmayıb. Buna görə də bizdə fərdin taleyi əksər vaxt faciəvidir. Cəmiyyətin basqısıyla yanaşı, siyasi hakimiyyət də ona badalaq vurmağa çalışır. Əvvəllər də belə olub, indi də belədir. Ya susmalısan, ya amansız təzyiqlə üzləşməlisən, ya da ölkədən çıxıb getməlisən. Bunların heç birisi isə insanı nəinki xoşbəxt etmir, əksinə onu qüssələndirir və məyusluğa düçar edir.

Başqa bir yol da var, palaza bürünüb elnən sürünmək, ağa deyir sür dərəyə, sür dərəyə, başqa sözlə, cəmiyyətə uyğunlaşmaq, özünü ifadə etməmək, daxili müstəqilliyini boğmaq, nəticədə də insani funksionallığını itirmək. Ona görə də bizdə bütün sahələrdə - siyasətdən tutmuş ictimai sferaya, mədəniyyətdən tutmuş elmə, dövlət qulluğundan tutmuş biznesə qədər bütün sahələrdə durğunluq yaşanır. Çünki qeyri-şərtsiz itaət təklif yox, tələbdir.

Dövr dəyişir

Bəzi elm adamlarına görə, ailə, nəsil, qəbilə bağlarına sadiq qalmağın, kobud desək, kütlə şüuruyla yaşamağın da öz üstünlükləri var, fərdi məsuliyyətdən və öhdəçilikdən azad insan bir çox məqamlarda bir fərddən daha rahat və xoşbəxt həyat yaşayır. Lakin dövr dəyişir. Biz indi getdikcə qloballaşan bir dünyada yaşayırıq və bu dünyanın əsas gerçəkliklərindən biri də fərdi özünüifadə və uğurdur.

Reklamlarda, seriallarda, kinolarda, kitablarda, video konfranslarda, çıxışlarda, demək olar ki, hər yerdə bizə fərdi uğur qazanmış insanlar təbliğ olunur. Reklamda toplantıda gülümsəyərək bəmbəyaz dişlərini göstərən qadın, serialda şəxsi xüsusiyyətləri ilə qadınların canına vəlvələ salan yaraşıqlı kişi, özündə üstün keyfiyyətlər formalaşdıraraq karyera nərdivanında necə dırmanmasından bəhs edən kitab müəllifi fərdi uğur nümunələridir. Bunlar ola bilsin, səthi uğurlardır, daha faydalı və səthi olmayan nümunələr də çoxdur, amma necə olmasından asılı olmayaraq, fərdiyyətçilik bugünün reallığıdır və əksəriyyət fərdi uğur qazanmağa çalışır. Bir mağaraya inzivaya çəkilərək, bundan can qurtarmaq olar bəlkə də, amma cəmiyyət içində yaşayırsansa, qaçış yoxdur.

Hakim idarəçi qüvvə kimi də insanların buna can atmasını əngəlləmək mümkün deyil: mətbuat sıradan çıxarılsa, sosial şəbəkələr ləğv olunmalıdır, sosial şəbəkələr qapadılsa, xarici televiziya kanalları, seriallar, kinolar, reklamlar, kitablar ləğv olunmalıdır, çünki bütün bunların hamısı bir ağızdan fərdi uğurdan dəm vurur. Fərdi uğurda isə istər-istəməz siyasi bir cəhət də var. Təzyiq, zorakılıq və güc yolu ilə bu prosesi qısamüddətli perspektivdə məhdudlaşdırmaq mümkündür və məhdudlaşdırılır da, lakin uzunmüddətli perspektivdə bunun qarşını almaq böyük ehtimalla mümkün olmayacaq və üstəlik bu özlüyündə böyük təhlükələr də daşıyır.

Qaçış xilas deyil

Bir var fərdi uğurun gerçəkləşməsi üçün şərait ola, cəhd edəsən, uğur qazanıb xoşbəxt olasan və ya uğur qazanmasan belə, ən azından cəhd etdiyin üçün təsəlli tapasan. Bir də var, istəyəsən, amma şərait olmaya və ya istəyin məhdudlaşdırıla. Azərbaycandakı kütləvi nevrozun, depressiyanın və kütləvi miqrassiyanın ən əsas səbəblərindən biri də budur. Statistikalara görə, son on ildə 120 minə yaxın təhsilli insan ölkəni tərk edib. İqtisadçı Azər Mehtiyevin dediyinə görə, "25-34 yaş kateqoriyasında mənzərə daha acınacaqlıdır: bu qrupda ali məktəb bitirən hər üç mütəxəssisdən biri ölkədən gedib”.

Amma hər kəs gedə bilmir, hər gedən xoşbəxt olmur, hər adama da getdikləri ölkədə yaşamaq hüququ verilmir. Məsələn, Miqrant və Köçkünlərlə İş Üzrə Almaniya Fedaral Departamentinin statistikasına əsasən, 2016-cı ildə 4275 nəfər azərbaycanlı Almaniyaya sığınacaq üçün müraciət edib, amma onlardan yalnız 413 nəfərinin müraciəti müsbət cavablandırılıb, 483 nəfərə alternativ sığınacaq proseduru tətbiq edilib, qalan minlərlə insanın taleyi isə havadadır, çox güman deportasiya olunacaqlar. Hələ üstəlik 2016-nın üzərinə digər illəri də gəlin. Deportasiya olunmamaq üçün özünə xəsarət yetirmək, hətta intihar halları yaşanır.

Bu, hələ təkcə Almaniyanın statistikasıdır, nisbətdə daha sərt miqrasiya şərtləri olan ölkələrdə çox güman rəqəmlər daha acınacaqlıdır.

İstəklər gerçəkləşməyəndə

İnsanın şəxsi arzu və istəklərinin gerçəkləşməməsi bəlkə də həyatdakı ən böyük məyusluqdur. Xüsusilə iddialı və eqoları yüksək olan insanlar bunu özləri üçün faciəyə çevirirlər. Məyusluq o qədər böyük ola bilər ki, insan fiziki xəstəlik tapa bilər. Xəstəlik tapmasa belə, nə yolla olur olsun, mənəvi işgəncədən və xəyal qırıqlığından xilas olmağa çalışar. Bu mənada məşhur amerikalı sosioloq Erix Hofferin təbliğ etməkdən yorulmadığım “Əsl inamlı – Kütləvi hərəkatların təbiəti haqqında kitabı” fərdi məyusluğun necə fanatizm və kütləvi hərəkatlar doğura biləcəyinə dair izahlar gətirir.



Hoffer dinçilik, millətçilik kimi xəmirində fanatizm olan kütləvi ideologiyaların ilk tərəfdarları arasında xəyal qırıqlığına uğramış insanların çoxluq təşkil etdiyini və bunların əsasən özləri kimi olanlarla birləşdiyini deyir: “Cəmiyyətə heç vaxt uyğunlaşa bilməyən insanlar çarəni özlərindən qaçmaqda görürlər və adətən bunun yolunu bir kütlə hərəkatının qapalı kollektivi içində özlərini əritməkdə tapırlar. Fərdi arzularından, fikirlərindən və istəklərindən imtina edib bütün gücünü ölməz bir amala verməklə, onlar çarx içində qaçan dələ kimi heç cür məmnun olmamaqdan canlarını qurtarırlar”.

Kitabın başqa bir yerində Hoffer yazır: “Fərdi uğurun hərəkətverici qüvvə olmadığı ölkələrdə durğun cəmiyyətin oyanıb dirçəlməsi və ya cəmiyyətdə köklü dəyişikliklərin baş verməsi və dayanıqlı olması üçün yeni entuziazm qaynaqları tapılmalıdır. Dini, inqilabi və millətçi hərəkatlar bu cür kütləvi entuziazm yaradır”.

“Əsl inamlı” kitabı kütləvi hərəkatların təbiəti və onların meydana gəlməsi barədə indiyədək yazılmış ən mükəmməl əsərlərdən biri sayılır. Müəllif xüsusilə xəyal qırıqlığına uğramış şəxslərin nəyə görə kütləvi hərəkatlara meylli olmasına dair inandırıcı arqumentlər gətirir. Məsələn: “Kütlə hərəkatı xəyal qırıqlığı altında əzilənləri hər hansı həqiqətlərin səbəbini anlatmaq və ya onların həyatını əzablı edən çətinliklərin çarəsini tapmaq yolu ilə müalicə etməyə çalışmır, əksinə o, insanları natamam mənindən xilas yolu ilə müalicəyə çalışır. Bu müalicəni isə həmin insanları sıx təşkilatlanmış və ümid aşılayan bir kollektivin içinə almaqla həyata keçirir”.

“Bir insanın öz mükəmməlliyinə inamı nə qədər zəifdirsə, vətəninin, dininin, irqinin və ya inandığı müqəddəs amalın mükəmməlliyi barədə iddiası o qədər güclüdür”, - Hoffer yazır.

Tufanla oynama

Əlbəttə, mən Erik Hofferin əsərini Azərbaycandakı ictimai-siyasi vəziyyətlə eyniləşdirmək niyyətində deyiləm. Amma müəyyən şeyləri bilmək və paralellər aparmaq da heç kimə ziyan gətirməz.

Ola bilsin, nisbətdə bizdə insanlar əksər post-sovet ölkələrindəkindən daha yaxşı yaşayırlar, lakin birincisi, ölkənin resurları insanlar arasında ədalətli paylaşdırılmır, ikincisi də maddiyyat heç də insanın mütləq xoşbəxtliyinə zəmanət vermir. Faktiki olaraq, Azərbaycanda fərdi olaraq özünü realizə etmək imkanları çox məhduddur. Demək olar ki, hər bir sahədə mövcud olan inhisarçılıq, qadağalar, fərdi təşəbbüslərin boğulması haqlı narazılığa və qıcığa səbəb olur. Bunu görməmək mümkün deyil.

Buna görədir ki, müəyyən addımlar atılır və bu addımlara misal kimi Facebook-da saraya bağlı avanqardı, fərdiyyətçiliyi təbliğ edən səhifələrin (yəqin ki, sarayın sifarişi əsasında avanqardın yaradıldığı yeganə ölkələrdənik) meydana gəlməsini, biznes sahəsində müəyyən güzəştlərin edilməsini göstərmək olar. Amma bütün bunlar yaxşı addımlar sayılsalar belə, baş verən ədalətsizliklərin və haqsızlıqların fonunda ötəri və epizodik görünürlər və real dəyişikliklərə nail olmaq imkanında deyillər (çox güman həqiqi belə bir istək də yoxdur). Narazılıq isə artır, çünki xəyal qırıqlığına və məyusluğa düçar olanların sayı hədsiz çoxdur.

Aydın görünür ki, ölkədə millətçilik və islamçılıq kimi kütləvi ideologiyalar da genişlənir. Bunların, xüsusilə dinin ilk tərəfdarları arasında əsasən fərdi xəyal qırıqlığına və məyusluğa düçar olanlar yer alır. Xatırlamağa çalışın, son illərdə ətrafınızda, yaxınlığınızda olan nə qədər müasir dünyagörüşlü, seçilən fərd kimi tanıdığınız insan qatı dindara çevrilib? Şəxsən mənim tanıdığım nə qədər belə insan var, hər dəfə görəndə, eşidəndə heyrətlənirəm, amma əslində bu, qanunauyğunluqdur.

Siyasi hakimiyyətin ölkədəki millətçi və dini idelogiyanı manipulyasiya edərək, öz mənafeyi üçün istifadə etməyə çalışması da məlum məsələdir. Amma bu, məşhur mahnıda deyildiyi kimi tufanla oynamağa bənzəyir. Bu yaxınlarda Gəncə şəhərində baş verən hadisə bu mənada ciddi signal ola bilər. Sekulyarlığa, müasirliyə iddia edən bir ölkədə belə bir hadisənin yaşanması qırmızı xəttin keçilməsidir. Qırmızı xəttin keçilməsi isə ona görə təhlükəlidir ki, xəttin keçilməsini adiləşdirə bilər, tabular pozulanda tabu olmaqdan çıxırlar nə də olsa. Nəhayətdə, isə belə hadisələrin baş verməsi ehtimalı çoxaldıqca, Azərbaycan sivil dünyaya deyil, Yaxın Şərq ölkələrinə yaxınlaşmış olacaq.

 Millətçiliyə gəldikdə isə, bizim kimi dövlətləşmə prosesini tam keçməyən ölkələr üçün millətçilik müsbət xüsusiyyət daşıya bilər. Amma nəzərə almalıyıq ki, kütləvi ideologiyaların asanlıqla don dəyişdirmək xüsusiyyəti var. Bugünün alovlu millətçisi sabahın qatı dinçisinə də çevrilə bilər, üstəlik əksər məqamlarda millətçiliklə din bir-birləriylə asanlıqla yola gedirlər.
Almaniyada nasizm meydana gəlməzdən əvvəl böyük kommunist hərəkatı mövcud idi. Hətta kommunist inqilabının Almaniyada gerçəkləşməsi ehtimalı daha çox idi, nəinki Rusiyada. Lakin Almaniyada bu baş vermədi, əvəzində nasizm çiçəkləndi. Milyonlarla alovlu kommunist isə birdən birə alovlu nasistə çevrildi.

90-cı illərdə bizdə də Azadlıq hərəkatı zamanı maraqlı hadisələr yaşanmışdı. Alovlu kommunistlər, Şaumyana, Stalinə, kommunist partiyasına mədhiyyələr yazanlar bir anda vətən, millət sevdalılarına çevrilmişdilər. Çünki belə məqamlarda sifarişi kütlə hərəkatları verir. Erik Hofferin yazdığı kimi: “Böyüməkdə olan kütlə hərəkatının özünə tərəfdar çəkməsi və bu tərəfdarları əlində saxlaması onun ortaya qoyduğu təlimin gücündən asılı deyil, təşviş, imkansızlıq və mənasızlıqlarla dolu həyatından yaxa qurtarmaq istəyənlərə sığınmağa bir yer təklif etdiyinə görədir”.

Nəfəslik

Biz əlbəttə, səhərdən axşamadək oturub cəmiyyətimizin üstün xüsusiyyətlərindən – müasir, tolerant, sülhpərvər, tərəqqipərvər olmağımızdan danışa bilərik. Bunların həqiqət tərəfi də var. Amma bu əksərən müəyyən məqsədlər naminə şişirdilmiş xüsusiyyətlərdir, üstəlik bu da bir həqiqətdir ki, insana qaranlıq, zorakılıq, itaətsizlik və dağıdıcılıq da xasdır. Heç kimə sirr olmamalıdır ki, bizim cəmiyyətdə kütləvi nevroz, depressiya və narazılıq hakimdir, əksəriyyətdə emosional intellekt yox dərəcəsindədir və əksər insanlar özlərinin əsəblərinin və instinktlərinin xaotik göstərişlərinə əsasən hərəkət edirlər. Bunların tərəqiyyə, sülhə yol açacağı isə ən azından şübhəlidir.

Bizim cəmiyyətdə fərd qıtlığı problemi kritik həddədir. Üstəlik fərdlərə basqının olduğunu, fərdi təşəbbüslərin hər addımda ciddi surətdə məhdudlaşdırıldığını və fərd olaraq özünü realizə etmək imkanlarının çox aşağı olduğunu nəzərə alanda vəziyyət daha da ağrılı hal alır. Ola bilsin, 5-6 nəfər adamla indiyədək bir təhər keçinmək olurdu, amma indidən sonra çətin ki, keçinmək olsun.

Məntiq tələb edən bir sual aşkarca ortadır - fərdlərin olmadığı, nəfəslikləri qapadılan bir cəmiyyət necə müasir, tolerant, sülhpərvər və tərəqqipərvər ola bilər? Buna inanmaqdan ötrü gərək reallıq hissini itirəsən.

Cavid Ramazanlı

openazerbaijan.org
Kultura.az | Developed by Samir Yahyazade