Cavid Ramazanlı - Xam xəyallar

Публицистика


Müxtəlif dillərdə müxtəlif dərin hissləri ifadə edən kəlmələr var. Bircə sözlə dərin bir hiss ifadə ediləndə, fikirləşirsən ki, gör necə gözəldir, gör bu insanlar bunca geniş bir anlayışı bircə kəlməylə necə uğurla ifadə ediblər.

Məsələn, Forelsket norveç dilində məhəbbətin başlanğıcındakı eyforiya hissini ifadə edir - biz inana bilmirik ki, belə mükəmməl bir insan bizim həyatımıza daxil olub, o bizim dəyirimizi artırır və bizi bir insan kimi tamamlayır. Saudade portuqal dilində artıq keçmişdə qalan nəsə gözəl bir şey üçün kədər və həzz qarışıq melonxolik həsrəti ifadə edir – bu, uşaqlıqdakı ev də ola bilər, bitmiş bir sevgi macərası da, uğurlu bir iş də: onun ağrısı hələ də qalır, amma biz sevinirik ki, nə zamansa həyatımızda belə bir sevinc olub. Komorebi yapon dilində ağacların yarpaqlarının arasından keçən gün işığını ifadə edir. Jijivişa - hind dilində əbədi yaşamaq və həyatın davam etməsi arzusunu ifadə edir - bu kəlmədən adətən həyatı sevən, daima yaşamaq və yaratmaq istəyən bir insanı xarakterizə etmək üçün istifadə edirlər.

Könül istərdi ki, yaxşı bir kitabı oxuyanda, aldığın həzzi də ifadə edən belə bir kəlmə olsun, özü də öz ana dilində, amma yoxdur, başqa dillərdə də həmçinin, çox güman, kitab xalqlar arasında yeni anlayışdır, ona görə.

Dərin kitabları - istər elmi olsun, istərsə də bədii, fərqi yoxdur - oxuyarkən, sən müəllifin necə istedadlı olmasına, dənizin dibindən mirvarini tapıb su üzünə çıxaran bir qəvvas kimi necə bacarıqlı olmasına heyrət edirsən. Parlaq bir kitabı oxuyarkən, sən yazarın ənənəvi düşüncədən kənara çıxdığına, əvvəllər heç yerdə görmədiyin dərin bir fikri ifadə etdiyinə şahid olursan. Həmin an sən belə düşünə bilərsən: “Mən bu barədə düşünmüşdüm, amma heç vaxt ifadə eləyə bilməmişdim, gör necə düz tapıb!” Və yaxud da müəllif sənin üçün mövcudluğundan xəbərinin olmadığı bir dünyaya cığır aça bilər. Yeni bir bilik əldə etdiyinə görə, yeni bir dünyaya ayaq basdığına görə həzdən tüklərin biz-biz durar və ya nəsə xırda bir zorakılıq törətmək istəyərsən, yumruğunu vəcddən masaya vurmaq kimi.

Yaxşı bir kitab oxumaq bir meditasiya növünə bənzəyir. Kitab oxumaqla sən gündəlik həyatın xaosundan, gərginliyindən, stresindən bir neçə saatlıq da olsa qurtulursan, başqa bir dünyada mənəvi rahatlıq və dinclik tapırsan. Hər dəfə yeni bir kitabı bitirmək isə, nəsə faydalı bir iş görüb qurtarmağın sevincini də özüylə gətirir. Qədim yunanlar bu hissi bircə kəlməylə Eudaimonia kimi ifadə ediblər. Eudaimonia məhsuldar iş və həyat sevgisindən ibarət doyumluluğu, nəyisə sonlandırmağın həzzini ifadə edir. Amma buna nail olmaqdan ötrü sən gündəlik olaraq çətin işlərdən və frustrasiyasından da keçə bilərsən.

Ümumiyyətlə isə, kitab oxumaq təkcə həzz və yeni biliklər toplamaq deyil, o həm də bir təlimdir. Sən dərinlərə endikcə, yeni fikirlər topladıqca, beyninə xüsusi bir məşq keçirsən, düşüncə əzələlərini gücləndirib möhkəmləndirirsən. Beləliklə, sən özün də fikir istehsalçısına çevrilirsən. Yaxşı kitablar oxumaq bir insanın daxili azadlığa çatması, özü ilə tək qalmaq bacarığını inkişaf etdirməsi və fərd olması yolunda atacağı ən vacib addımlardan biridir. Hanna Arendt belə deyirdi: “Bir cəmiyyət yalnız düşüncə fəaliyyəti ilə məşğul olan (təklik tələb edən məşğuliyyət) fərdlər tərəfindən təşkil olunduğu halda, azad və demokratik şəkildə fəaliyyət göstərə bilər”.

Burda yaxşı kitablar deyilərkən, hər cür kitab yox, məxsusi kitablar nəzərdə tutulur. Dünyanın bu qədər qorxulu yerə çevrilməsinin səbəblərindən biri də düşmənçiliyi, ayrı-seçkiliyi təbliğ edən zərərli kitabların və kağız israfı ilə məşğul olan cəfəng çap materiallarının hədsiz çox olmasıdır. Bunun əksinə, faydalı kitabların sayı azdır. Üstəlik onlar hər yerdə hər kəs üçün əlçatan da deyillər. Faydalı deyərkən, məhz o kitablar nəzərdə tutulur ki, onlar bizə mərhəmətli olmağı, paylaşmağı, fərdi inkişafı, özümüzü dərk etməyi və cəmiyyət üçün yararlı olmağı aşılayırlar.

Yaxşı cəmiyyət qurmağın təməlində yaxşı kitablar dayanır.

***

Bizim kitabsız bir cəmiyyət olmağımızın bir çox köklü səbəbləri var. (Kitabsız deyilərkən, burada da faydalı kitabların qıtlığı nəzərdə tutulur, yoxsa bizdə də kifayət qədər cəfəng məzmunlu kitab var.) Lakin bir məsələ də bizim kitab oxumağı konseptual olaraq səhv başa düşməyimizdən qaynaqlanır. Elə insanlar var – və belələri əksəriyyətdir – övladlarının, doğmalarının məktəbdə, universitetdə yaxşı oxumasından sevinər, lakin bunun mütəmadi, ömürlük bir məşğuliyyətə çevrilməsindən narahatlıq keçirərlər.

Bizdə bir çox insan belə hesab edir ki, oxumaq məktəblə və universitetlə yekunlaşmalıdır. Bundan o tərəfə intensiv kitab oxumaq faydasız, hətta təhlükəli bir iş sayılmağa başlanır. Könüllü olaraq intensiv kitab oxumağı davam etdirmək, az qalsın anlaşılmaz vaqiə kimi görünür: “bir insan nəyə görə özünə belə əziyyət verməlidir axı?”

Saysız-hesabsız insan gözəl bir kitab oxumağın həqiqi bir zövq mənbəyi ola biləcəyindən xəbərsizdir. Çox insan bilmir ki, maddiyat, status dərdi çəkmədən də, yaxşı bir kitab oxumaqdan praktiki fayda götürmək olar. Yaxşı bir kitab insana dinc yaşamağı, ətrafdakı gözəllikləri daha dərindən görməyi öyrədir və həyatına, yaşayışına harmoniya qazandırır.

Bizdə məktəbdə, bakalavrda, magistraturada, doktoranturada oxumaqla, ədəbi, tarixi, sənədli və s. kitab oxumağa eyni gözlə baxılır – bunların hamısı bir qutuya qoyulur və ümumilikdə hər cür mütaliəyə maddi qazanc, status qazandırmalı olan çətin və üzücü bir iş gözündən nəzər salınır. Bəlkə də buna görə insanlar fikirləşirlər ki, oxumaq müəyyən bir dövrü əhatə etməlidir, ondan o tərəfə keçmək artıq təhlükəlidir. Çünki gərəksiz işlə məşğul olub həyatını qurmaqda gecikə və müvəffəqiyyətsizliyə uğraya bilərsən.

“Oxudu, oxudu, axırda dəli oldu” – bəzən bundan da kobud formada ifadə edilən anlayış bizdə çox yayğındır. Əlbəttə, hər şeyin ifratı məyusluq gətirir. İnsan alkoqola, narkotikə, video oyunlara və s. necə aludə ola bilirsə, kitaba da eyni cür aludə ola bilər. Nəyəsə mübtəla olmaq, əsasən özündən qaçmaq istəyindən doğur. Kitaba da öz mənindən qaçmaq, reallıq hissindən uzaqlaşmaq üçün xəstəcəsinə aludə olan insanlar var. Özündən isə çox qaça bilməzsən, nə qədər çox qaçsan bir gün uğrayacağın qəzanın ağırlığı da bir o qədər böyük olacaq. Ona görə də Viktor Hüqonun “müdrikliyin bir qaydası var, ifrata varmamaq” deyimi kitab oxumağa da aiddir.

Amma bizdəki “oxudu, oxudu, axırda dəli oldu” ifadəsi sizə də elə gəlmirmi ki, uydurmadan başqa bir şey deyil? Siz indiyədək Azərbaycanda oxuyub, oxuyub dəli olan adam görmüsünüzmü, bəlkə siz görmüsüz, ancaq mən görməmişəm. Sanki ətrafda oxumaqdan dəli olan insanlar qaynaşır, ona görə də biz də ehtiyatlı olmalı, çox oxumamalıyıq, oxusaq, birdən dəli olarıq...

***

Bir sual aktualdır: bizdə yaxşı, dərin kitablar yazılırmı, tərcümə olunurmu ki, insanlar bu kitabları oxuyub həzz alsınlar?

Son illərdə yerli nəşriyyatlar tərcümə sahəsində xeyli canlanıblar, tərcümələrin də keyfiyyəti getdikcə yaxşılaşır. Lakin çap olunan tərcümə kitabları əsasən melodram, detektiv, motivasiya kitabları kimi yüngül janr nümunələrini əhatə edir. Bədii ədəbiyyat da kifayət qədər nəşr olunur və bu, əlbəttə, yaxşı haldır, amma effektli nümunələr yenə də azdır. Məsələn, Flober, Prust, Folkner kimi bədii düşüncəyə, estetikaya çox böyük töhvələr vermiş nəhəng yazıçıların indiyədək dilimizə tək-tük əsərləri tərcümə edilib. Dünya ədəbiyyatındakı çoxsaylı şah əsərlərin hələ də Azərbaycan dilində tərcüməsi yoxdur.

Bununla belə, yenə də bədii ədəbiyyatın tərcüməsi digər sahələri xeyli qabaqlayır. (Populyar) elmi ədəbiyyat, fəlsəfə, psixologiya, sosiologiya, antropologiya, tarix və s. sahələrə dair kitabların tərcüməsi və nəşri isə yer səviyyəsindədir. Ona görə də bizdə elmi dil, fəlsəfi dil formalaşmır. Dilimiz müəyyən mərhələdən o tərəfə danışa bilmir, ya lal qalır, ya da nə dediyi başa düşülmür. Nəticədə ağıl da müəyyən mərhələdən o tərəfə keçə bilmir, xam qalır...

Bizdə kitab oxuyan insanlar bir qayda olaraq yaxşı, dərin hesab etdikləri kitabları rus, ingilis dillərində və Türkiyə türkcəsində oxumağa üstünlük verirlər. Çünki doğma dillərində belə kitablar yoxdur, olanda da dilə etibar etmirlər, lap dilə etibar etsələr də, tərcümənin keyfiyyətinə güvənmirlər. Ümumiyyətlə, mütaliəli bir çox insandan ötrü Azərbaycan dili maraqsızdır, o, Azərbaycan dilində yaxşı bir müəllif, kitab ola biləcəyinə inanmır. Bu şəksiz, qüsurlu münasibətdir, amma bu münasibətin müəyyən qədər əsası da var.

Doğrudan da biz haçansa yerli müəlliflərin müxtəlif elmi, sənədli, bioqrafik və s. sahələrə dair yazdığı oxunaqlı, obyektiv bir kitaba rast gəlmişikmi? Yenə bədii ədəbiyyat sahəsində (deyəsən, elə ancaq bədii ədəbiyyatdır) müəyyən qədər ortalığa çıxarılası nümunələr var, digər sahələrdə isə əksərən səhra şəraitidir.

Bir müddət əvvəl “ən yaxşı Azərbaycan romanları”, “ən yaxşı Azərbaycan hekayələri”, və ya “ən yaxşı Azərbaycan şeirləri”ni müəyyən etmək üçün sorğular keçirilmişdi. Bu sorğuları www.kulis.az saytı məşhurlaşdırmışdı. Kulis bağlanandan sonra, artıq 10 milyona yaxın əhalisi olan Azərbaycanda bir dənə də olsun daimi işlək, funksional bir mədəniyyət portalı yoxdur. Bir ölkə mədəniyyəti üçün bundan acınacaqlı vəziyyət ola bilməz.

 Belə görünür, indiyədək ən yaxşı yerli kitab sahəsindəki sorğular yalnız ədəbiyyat sahəsini əhatə edib. Məsələn, biz heç vaxt “10 ən yaxşı Azərbaycan fəlsəfə kitabı”, “10 ən yaxşı Azərbaycan psixologiya kitabı”, “10 ən yaxşı Azərbaycan populyar elmi ədəbiyyat kitabı” kimi sorğulara rast gəlmirik. Nə zamansa rast gələcəyimiz də müəmmalıdır.
Ölkədə çox sayda əməkdaşı öz ətrafında birləşdirən Milli Elmlər Akademiyası, müxtəlif sahələrə dair elmi institutlar fəaliyyət göstərir, amma Azərbaycan dilində oxunaqlı, informativ, müəyyən standartlara cavab verən və obyektiv elmi, fəlsəfi, tarixi kitablara rast gəlmək olmur. Əvvəllər hər şeyi qapalı və qısırdüşüncəli sovet imperiyasının üzərinə atmaq olurdu. Amma artıq sovetlərin dağılmasından 30 ilə yaxın vaxt keçir. 30 il yeni bir nəslin ömrüdür. Meydanda isə nə yeni nəsil var, nə mühit, nə fikir, nə də ki, kitab.

Biz 30 ilə yaxındır özümüzə müstəqil ölkə deyib öyünürük. Əhali sayı 10 milyona gəlib çatıb. Amma bu 10 milyon əhalinin hansı əqli fəaliyyətlə məşğul olduğu məlum deyil. Əvvəllər “mollanı əmmaməməlimi, yoxsa əmmaməməməlimi?” kimi mövzularla keçinə bilirdik, amma indi artıq başqa dövrdür, üstəlik müstəqil ölkə olmağın da bir məsuliyyəti var, olmalıdır. Bu ölkədə heç deyilsə, barmaqla sayılacaq qədər funksional, müstəqil məhsuldar sənət portalları, elm, fəlsəfə jurnalları, mətbuat orqanları olmalıdır. Az da olsa, düşünməyi, yaratmağı, sorğulamağı təşviq edən tək-tük dərin kitablar yazılmalı, tərcümə edilməlidir ki, az da olsa adam yetişsin.

Amma tərpəniş gözə dəymir, üfiqdə hansısa köklü dəyişikliklərin olacağını göstərən bir əlamət də gözə çarpmır. Təbii ki, şərtlər və mühit nəzərə alınanda, ölkədəki düşüncə sahəsindəki ölgünlük qanunauyğunluq kimi görünür. Nəyinsə tezliklə dəyişəcəyinə inanmaq da xam xəyala bənzəyir, amma rus demiş: “мечтать не вредно”, yəni, xəyal qurmaq ziyan gətirməz...

Cavid Ramazanlı

openazerbaijan.org
Kultura.az | Developed by Samir Yahyazade