Hər cür həzzin mənbəyi qohumluq, həmcinslik hissidir. Gözəllik hissimiz üçün də heç şübhəsiz ən gözəl olan öz növümüz, həmçinin onun içindəki öz soyumuzdur. Başqaları ilə münasibətdə hər kəs özünə oxşayanlara müəyyən bir öncəlik verir. Bu səbəbdən bir başıboş üçün bütün böyük beyinlərin bir yerə yığışmağı heç bir məna kəsb etməz, o, dünyanın o biri ucunda da olsa başqa başıboşlar yığıncağını axtarıb tapar və beləliklə, hər kəs ən böyük həzzi öz əsərlərindən alır, çünki bunlar onun öz düşüncələrini və ruhunu əks elətdirir.Bunlardan sonra zövqünə ən çox xitab edən özünə bənzəyənlərin əsərləri olacaqdır. Bundan ötrü küt, quru-boş söz taciri, dayaz və əksik biri səmimi və ürəkdən tərifini ancaq özü kimi küt, dayaz və əksik birinin, bir gəvəzənin əsərləri üçün edəcək və başqa bir tərəfdən üstün beyinlərin əsərlərini, öz fikrini bildirməkdən çəkindiyi üçün, sadəcə bir gücün-avtoritetin qiymətləndirməsinə görə qəbul edəcəkdir; çünki bunlar əslində ona zövq verməz, hətta ürəyinin dərinliklərində bunlara nifrət edər.Dahinin əsərlərindən əslində yalnız imtiyazlı beyinlər və üstün zəkalar zövq ala bilir; bir şey də var ki, hələ özlərini dəstəkləyəcək bir güc olmadan həyatlarını davam etdirərkən belə əsərlərin ilk tanınmaları əhəmiyyətli zehni üstünlük tələb edir.
Bütün bunları nəzərə alsaq, bu böyük əsərlərin təqdir və şöhrətə bu qədər gec çatmaqlarına deyil, necə olub da çatmış olduqların təəccüblənmək lazımdır.Əslində bu çox yavaş və kompleks prosesdir, çünki hər geri zəka zaman içində, alışa-alışa,bir irəlisindəki zəkanın üstünlüyünü qəbul etməyə məcbur olur. Bunun nəticəsidir ki,böyük əsərin başlanğıcda irəliləməyi çox yavaşdır, çünki onun dəyərini bilib təqdir edəcək və sadəcə bir neçə nəfərdən ibarət olan ən yüksək avtoritetlər çox vaxt ortada yoxdur; ancaq bu da reallıqdır ki, o nə qədər dərinə dalarsa yuxarıdan işarət gözləyənlərin sayı o qədər çox olar, beləliklə şöhrət də o qədər gec gələr.
Bu vəziyyətdə böyük çoxluğun öz məsuliyyətinə deyil ancaq başqalarının güclərinə istinadən bir fikir meydana gətirməyini bəxt olaraq görməli və özümüzü tərsinin də ola biləcəyini düşünərək təsəlli etməliyik.Çünki əgər hər kəs bu əsərlərdən anladığı və xoşlandığı şeyə görə fikrini ifadə etsəydi, nəyin uyğun və yerində olduğunu söyləyən avtoritetin gücünü üzərində hiss etməmiş olsaydı, Allah bilir, Platon və Kant, Homer, Şekspir və Höte haqqında nə fikirlərlə qarşılaşardıq. Proses belə işləməsə idi, hər hansı yüksək bir sahədə həqiqi bir istedadın şöhrətə qovuşmağı imkansız olardı.
Böyük bir beynin üstünlükləri aşağı zümrələr üçün əlçatmaz və anlaşılmazdır;bunlar üçün bu üstünlükləri anlamağın tək yolu böyük beyinlər üçün qurulacaq abidələrdir. Bu abidələr aşağı təbəqədən insanların qavrayışlarına təsir edir və bu sayədə içlərində bu adamların böyüklüyü haqqında müəyyən bir fikir oyandırır.
Yüksək səviyyədə bir istedadın şöhrətə qovuşmağının qabağında mühakimə gücündən məhrumiyyət nə qədər böyük bir əngəl təşkil edirsə, qısqanclıq da şöhrətə gedən yolu tıxamaq baxımından bu məhrumiyyətdən az geri qalmır. Ən aşağı səviyyəli əsərlərdə belə qısqanclıq başda şöhrətə ayaq dirəyir və axıra qədər onunla birlikdə qalırsa, deməli dünyanın və əhvalının təxribat və səfalətində payı böyükdür. Aristotel onu,
Questa assai piu oscura, che serena
Vita mortal, tutta d’invidia Pieana
(Bu ölümlü həyatda şadyanalıqdan çox,
qaşqabaqlılıqdır hər tərəfi bürüyən
Və qısqanclıqdır yıxıb sürüyən)
deyə ifadə edərkən haqlıdır. Beləlikə qısqanclıq yerüzündəki məzmunsuzların əl altından və birbirlərindən xəbərsiz olaraq qurduqları fəsad şəbəkəsinin qanı canıdır,o hər yerdə çiçəkləyir və biliyin hər sahəsində parlaq və qeyri-adi beynin can düşmənidir. Beləcə öz fəaliyyəti sahəsində belə bir parlaqlığı heç kim nə görmək, nə də ona dözmək istəyir.
Eynilə, hər hansı bir bilik sahəsində seçkin bir istedad özünü hiss etdirən kimi bütün məzmunsuzlar yekdilliklə onun üzərini örtmək, onu hər cür imkan və fürsətdən məhrum etmək üçün baş qaldırır, sanki bu onların istedadsızlığına, kütlüyünə və həvəskarlığına xəyanətmişcəsinə əllərindən gələni əsirgəməyərək onun tanınmasına, görünməsinə,aydınlığa çıxmasına mane olmağa çalışırlar. Çox vaxt həzm və ya ört-bas etmə sistemləri uzun müddətə uğurlu olur,çünki onlara əsərini zövq alıb xoşlansınlar deyə saf bir etimad və etibarla əmanət etmiş olan dahi, ən minimal səviyyədə belə bu mənasızların fırıldaqlarına qarşı özünü müdafiə bacarığına sahib deyil, çünki onlar ancaq bayağı və alçaq şeylərin düşünülüb planlaşdırılmasında özlərini tam olaraq rahat hiss edirlər. Əslində o bunlardan şübhələnməz,hətta etdiklərini belə başa düşməz; hətta gördüyü münasibətdən fikirləri qarışmış və dəhşətə düşmüş olaraq öz əsərindən şübhələnməyə başlar və arxasınca özünə olan güvənini itirib fəaliyyətindən vazkeçə bilər, ta ki, gözləri zəmanəsinin bu dəyərsiz və alçaq adamlarına və onların əməllərinə açılıncaya qədər.
Çox yaxın ya da uzaq və əfsanəvi keçmişdən misallara deyil də bütün bir nəsil Alman musiqiçilərinin qısqanclığının böyük Rosininin istedadını qəbul etməyə davamlı ayaq dirəməsinə nəzər yetirək. Bir vaxtlar böyük bi xor cəmiyyətinin axşam yeməyində şahid olmuşdum, ölümsüz Di Tanti Palpitisinin melodiyasını menü ilə necə də alçaldaraq tərənnüm edirlərdi.İqtidarsız qısqanclıq! Melodiya bayağı sözcükləri necə də boyun əydirir və onları necə də içinə çəkib udurdu. Beləcə onların bütün bu qısqanclıq və paxıllıqlarına qarşı Rossininin xariquladə melodiyaları bütün dünyaya yayıldı, hər ürəyi dirildib əyləndirdi, o vaxt olduğu kimi bugün və in secula seculorum (gələcək əsrlər boyu) da.
Qısqanclıq bir şeydən məhrum olmağın dəqiq əlamətidir; beləliklə bir üstünlüyü hədəf alanda bu onun məhrumiyyətinin əlamətidir. Qısqanclığın seçkin bir üstünlüyə qarşı halı mənim sevimli Baltasar Qrasianım tərəfindən uzun bir nağılda çox gözəl təsvir edilmişdir; nağıl “Hombre de ostentacion” başlıqlı Discretosundadır. Hekayədə bütün quşlar heyranedici lələkləri olan tovuzquşuna nifətlə doludur və ona qarşı birləşirlər.”Kaş ki, əlimizdən gəlsə də” deyir sağsağan, “quyruğu ilə göstərdiyi lənətə gəlmiş tamaşasına mane olsaq, gözəlliyi o anda bütünlüklə yoxa çıxardı, çünki heç kimin görmədiyi şey demek olar ki, yox hökmündədir”, hekayə bu şəkildə davam edər. Nəticədə təvazökarlıq əxlaqı da qısqanclığa qarşı qalxan olaraq icad edilmişdir. Die Welt als Wille und Vostellung,cild ll, s. 37-də təvazökarlıqda israr edən, beləcə istedadlı birinin təvazökarlığından xoşlanan fərsizlərin və bacarıqsızların yerüzündə niyə heç əksik olmadığını ələ alıb uzunca araşdırmışdım.Hötenin çoxlarının kefini qaçıran məşhur ifadəsi,yəni “sadəcə fərsizlər təvazökadır” ifadəsi daha əvvəl Servantes tərəfindən dilə gətirilmişdi.Viage al Parnosoya yazdığı əlavədə Servantes şairlərə təlimatlardan biri olaraq bunu verir: Que todo poeta, a quien sus versos hubieren dado a entender que lo es, se estime y tenga en mucho, antenindose a aquel rifran: ruin sea el que por ruin se tiene.(Yazdıqları özünə yeganə olduğunu hissiyatı verən hər şair, bir kələkbaz özünü kələkbaz olaraq görən biridir məsəlinə güvənərək özü haqqında yüksək qənaətdə olmalıdır.) Sonetlərinin çoxunda, özündən bəhs edə bildiyi tək yerdə, Şekspir yazdıqlarının ölümsüz olduğuna elan edər və bunu öz səmimiliyinə bərabər bir etimadla söylər.
Qısqanclığın yaxşının dəyərini salmaq üçün tez-tez istifadə etdiyi və əslində bunun tərsindən ibarət olan bir metod pisin alçaqca və vicdansızca təriflənməsidir; çünki pis dövriyyəyə girən kimi yaxşi itər. Bu metod, xüsusi ilə geniş miqyasda icra ediləndə,uzun bir müddət təsirli olur;amma hesablaşma günü nəhayət gəlir və düşük məhsullara təqdim edilən müvəqqəti etibar onların rəzil məddahlarının daimi etibarsızlığı ilə ödənir.
Eyni təhlükə, daha uzaqdan da olsa, yaxşı əsərlərin haqqını verməyib birbaşa dəyərini salan və tənqid edən adamları da təhdid edir, çoxluq bu səbəbdən belə bir təhlükəni gözə almayacaq qədər hiyləgər və tədbirlidir. Bundan ötrü seçkin bir istedad özünü göstərəndə meydana çıxan ilk reaksiya budur: Tovuzquşunun quyruğunun gözəlliyi qarşısında başqa quşlar necə pis olub incimişdilərsə, meydana çıxan bu yeni istedad qarşısında da mümkün bütün rəqiblər eyni miqdarda inciyib pis olur və dərin bir sükuta qərq olurlar. Bu elə bir sükutdur ki, sanki bir razılaşma ilə təşkil edilmiş kimi yekdildir və tək bir çıt səsi yoxdur, hamısının dili iflic olmuşdur; bu Senecanın silentium livorisidir.(qısqanclığın sükutu)
Tükcəyə tərcümə edən Ahmet Aydoğan
Dilimizə sadələşdirən Aqşin İbişov
Kultura.az