"Mən inanıram ki, həyatın mənası var. Bütün insanlar - varlılar da, kasıblar da əvvəl-axır Allahın Şəhərinə köçəcəklər." - Vudi Allen
Boris İvanoviç zərfi açıb məktubu oxuyanda özünün də, arvadı Annanın da rəngi qaçdı. Manhettenin ən yaxşı uşaq bağçası üç yaşlı oğulları Mişanı qəbul etməmişdi.
– İmtina edə bilməzlər, ola bilməz! – Boris İvanoviç xəbərdən sarsılmışdı.
– Yox, yox! Yəqin səhv gedib, – arvadı onunla razılaşdı.
– Əvvəla o, diribaş uşaqdı, xoşxasiyyət və üzüyoladır, yaxşı nitq qabiliyyəti var, rəssamlığı da pis deyil, Cənab Kartofbaş oyuncağını da quraşdıra bilir.
Boris İvanoviç həyatdan qopub kədərə qərq oldu. Balaca Mişa nüfuzlu məktəbəqədər təhsil müəssisəsinə daxil ola bilməyib! Bundan sonra “Bear Stirns”dəki iş yoldaşlarının üzünə necə baxacaq?! Hətta bir anlıq qulağında Semyonovun rişxənd dolu səsini cingildədi:
– Siz hələ də söhbəti tutmamısınız… Əlaqələr vacibdir. Lazım gəlsə, pul da verməlisiniz. Özünüzü lap kənddən təzə gəlmiş adamlar kimi aparırsınız, Boris İvanoviç.
– Yox, yox, elə deyil, - Boris İvanoviç necə etiraz edəcəyini də təsəvvür etdi – Bağçanın müəllimindən tutmuş pəncərə yuyanına qədər hamıya hörmət eləmişəm. Buna baxmayaraq uşağı qəbul etməyiblər.
– Sınaqlardan keçə bilib? – Semyonov soruşa bilərdi.
– Bəli, – Boris belə cavab verəcəkdi, – ancaq kubları nizamlamaqda bir az çətinlik çəkib.
– Deməli, kubların öhdəsindən gələ bilməyib, – Semyonov həmişəki kimi təkəbbürlə deyəcək.
– Bu, ciddi emosional çətinliklərdən xəbər verir. Qala düzəldə bilməyən yöndəmsiz uşağı kim qəbul edər axı?!
“Niyə bunları Semyonovla müzakirə etməliyəm ki?” düşündü Boris İvanoviç. “Bəlkə heç onun vecinə olmayacaq.”
Bazar ertəsi işə gedəndə Boris İvanoviç başa düşdü ki, hamının uğursuzluqdan xəbəri var. Artıq gecdir. Semyonov içəri girdi, sifəti buludlu səma kimi tutqun idi.
– Yəqin başa düşürsüz ki, - Semyonov dedi – daha heç bir sanballı məktəb oğlunuzu qəbul etməyəcək. Sarmaşıq Liqasını (“İvy League” - ABŞ-ın Şimal-Qərbindəki 7 ştatda yerləşən 8 özəl ali təhsil müəssisəsinə verilən ad – Tərc.) bəri başdan yaddan çıxarın.
– Uşaq bağçasına qəbul edilmədiyinə görə, Dmirtiy Semyonov? Bu, onun ali təhsilinə təsir edəcək?
– Mən ad çəkmək istəmirəm, – dedi Semyonov, – ancaq uzun illər bundan əvvəl tanınmış bankirlərdən birinin oğlu nüfuzlu uşaq bağçasına daxil ola bilməmişdi.
Oğlanın rəsm qabiliyyətinin pis gündə olduğu barədə dedi-qodular gəzirdi. Hər nə məsələ idisə, bu müvəffəqiyyətsizlikdən sonra uşaq çox əziyyətlər çəkdi.
– Nə? Deyin, görək, Dmitriy Semyonov.
– Bircə onu deyə bilərəm ki, beş yaşı olanda ödənişsiz dövlət məktəbinə getməli oldu. Özünüz nəticə çıxarın.
– Allahsızlar! – Boris İvanoviç həyəcanlanmışdı.
– On səkkiz yaşına çatanda həmyaşıdları Yell və ya Standforda qəbul olundular, – Semyonov davam etdi, – o yazıq isə mədəni şəkildə desək, “səviyyəli” məktəbəqədər təhsil ala bilmədiyi üçün ancaq bərbərlik ixtisası üzrə peşə məktəbinə daxil ola bildi.
– Və ömür boyu bığ qırxmağa məhkum oldu! – Boris İvanoviç zavallı Mişanı ağ xalatda, varlı kişilərin üzünü qırxan yerdə təsəvvür edib ağladı.
– Keks və ya qum qəliblərini bəzəməyə qabiliyyəti çatmadığı üçün uşaq həyatın ağır zərbələrinə də tab gətirə bilmədi, – Semyonov susmaq bilmirdi, – Həmişə onun-bunun əlinin altında işlədi, içkiyə qurşandı və içki pulunu çatdırmaq üçün müdirindən oğurluq etməyə başladı. Təbii ki, xırda oğurluqlar daha böyük cinayətlərə yol açdı. O, ev sahibəsinin öldürüb tikə-tikə doğramışdı. Ölüm hökmü oxunan məhkəmədə bütün səhvlərinin səbəbi kimi düzgün uşaq bağçasına qəbul olmamağını göstərdi…
Həmin gecə Boris İvanoviçin yuxusu ərşə çəkildi. Əlçatmaz İst-Sayd uşaq bağçasının əlvan, işıqlı sinif otaqları, xüsusi uniformalı üç yaşlı uşaqlar gözünün qabağından getmirdi. Onlar kəsir, yapışdırır, dadlı qəlyanaltı – meyvə şirəsi, bəlkə də Qoldfiş və ya Şokolad Qrehem – yeyirdilər. Əgər Mişa bunlardan məhrum olsa, onların həyatının da, bəşəriyyətin varlığının da bir mənası qalmayacaq. O, oğlunu hansısa nüfuzlu şirkətin icraçı direktorunun suallarına cavab verən vaxt xəyal etdi. Direktor ona heyvanlar və əşyaların forması ilə bağlı suallar verir və cavab tələb edirdi:
– Hmm, necə deyim... – Mişanın səsi titrəyirdi, – bu, üçbucaqdır… Yox, yox, səkkizbucaqdır! Bu biri isə... dovşandır. Üzr istəyirəm, səhv dedim… Kenqurudur.
– Bəs “Maffin adamı tanıyırsan?” mahnısnın sözlərini bilirsiniz? – soruşdu icraçı direktor, – “Smit Barni” şirkətinin bütün vitse-prezidentləri bu mahnını gözüyumulu oxuyur.
– Düzünü desəm, ser, mən heç vaxt bu mahnını düz-əməlli öyrənməmişəm, – oğlan etiraf edəcəkdi və bu cavabdan sonra onun iş müraciətini zibil qabına tolazlayacaqdılar.
İmtinadan sonrakı günlər ərzində Anna İvanoviç əzgin və laqeyd görünürdü. O, dayə ilə mübahisə edib işində səhv tutur, onu Mişanın dişlərini yanlara doğru yox, yuxarıdan aşağıya fırçalamaqda günahlandırırdı. Yeməkdən-içməkdən də kəsilmişdi. Elə hey ağlayırdı:
– Yəqin Allah məni günahlarıma görə cəzalandırır! – o zarıyırdı, – Nəfsimə hakim olmalıydım. Mənə deyən gərək, niyə “Prada”dan o qədər çox ayaqqabı alırsan?!
Ona elə gəldi ki, Hempton marşrutu ilə gedən bütün avtobuslar onu əzib keçməyə çalışacaq. Armani heç bir səbəb olmadan ona kredit hesabı açmaqdan imtina etdikdə isə yataq otağına çəkilib min bir hoqqadan çıxmağa başlayacaq. Bunu Boris İvanoviçdən gizlətmək çətin ola bilərdi. Onlar eyni yatağı paylaşdıqları üçün əri aralarında yatan kişinin kimliyi ilə maraqlanardı.
Dünya qara rəngə bürünəndə hüquqşünas dostları Şamski Boris İvanoviçi çağırıb dedi ki, hələ də ümid işığı var. Şamski lanç üçün “Le Sirk”də görüşməyi təklif etdi. Boris İvanoviç restorana girə bilmək üçün xarici görünüşünü dəyişib üzünü gizlətməli oldu. Çünki uşaq bağçası ilə bağlı qərar çıxandan bəri İvanoviçi bu restorana buraxmırdılar.
– Fyodoroviç adlı birisi var, – Şamski krem-brüllesini qaşıqlaya-qaşıqlaya dedi. – O, övladınız üçün ikinci sınaq təşkil edə bilər. Bunun əvəzində siz bir neçə şirkətin işi və səhmləri ilə bağlı ictimaiyyətə qapalı informasiyanı gizli şəkildə ona ötürməlisiniz.
– Axı bu gizli məlumatlardır! – Boris İvanoviç dedi.
– Deyəsən, federal hüququn qatı tərəfdarısınız, - Şamski istehza ilə dedi, – Aman Allah, biz seçilmişlər üçün uşaq bağçasına qəbul barədə danışırıq. Əlbəttə, bu işdə bir balaca fədakarlıq lazımdır. Ancaq çox gözə girmək də olmaz. Məsələn, bilirəm ki, indi onlar əlavə binanın tikintisi üçün sərmayəçi axtarırlar.
Bu vaxt ofisiantlardan biri taxma burun və bığın arxasında gizlənmiş Boris İvanoviçi tanıdı. Restoran heyəti qəzəblə onun üstünə cumub çölə atdı.
– Deməli, belə! – dedi baş ofisiant – Sən bizi axmaq yerinə qoymusan? Cəhənnəm ol! Oğlunun gələcəyinə qaldıqda isə bizim həmişə ofisiant köməkçisinə ehtiyacımız olacaq. Au revoir (fr. “əlvida”), təlxək!
Həmin gecə Boris İvanoviç arvadına bildirdi ki, rüşvət vermək üçün Amaqansetdəki evlərini satmalı olacaqlar.
– Nə! Bizim sevimli bağ evimiz?! – Anna ağlayırdı, – Bacılarım və mən o evdə böyümüşük. Hətta qonşularımızın ərazisindən dənizə qısa yol da salmışdıq. Bu yol qonşunun mətbəx masasının yanından keçirdi. Yadımdadır, dənizə çimməyə, oynamağa gedəndə oradakı kasalara ilişməmək üçün ehtiyatlı davranırdıq.
Tərslikdən ikinci sınaq təyin olunan gün Mişanın balığı öldü. Nə narahatlığı, nə də bir xəstəliyi var idi. Özü də, balıq bu yaxınlarda tibbi müayinədən keçərək sağlamlıq arayışı almışdı. Şübhəsiz, qəfil ölüm oğlanı bərk sarsıtmışdı. Onun könlünü almaq mümkün olmadı. Sınaq vaxtı nə Leqoya, nə də Layt Brayta toxundu. Müəllim ondan neçə yaşında olduğunu soruşanda isə sərt cavab verdi:
- Sənə nə, piy tuluğu?!
Mişa bu dəfə də sınağı keçə bilmədi.
Bu hadisədən sonra səfil və yoxsul İvanoviç ailəsi evsizlər üçün sığınacağa köçdü. Orada uşaqları elit məktəblərə qəbul edilməyən çoxlu ailə var idi. Bəzən onlar yeməklərini; özəl təyyarələr və Mar-a-Laqoda keçən qışlar barədə xaitərələrini paylaşırdılar. Boris İvanoviç özündən daha bədbəxt adamların olduğunu gördü: şəxsi sərmayələri az olduğuna görə hamı onlardan üz çevirmişdi. Bu zavallıların əzab dolu baxışlarında böyük dini dəyərlər var idi.
– İndi mən bir şeyə inanıram, – bir gün Boris arvadına dedi, – Mən inanıram ki, həyatın mənası var və bütün insanlar - varlılar da, kasıblar da əvvəl-axır Allahın Şəhərinə köçəcəklər. Çünki Manhettendə yaşamaq günü-gündən çətinləşir…
Tərcümə: İlahə Əkbər /sim-sim.az/
Kultura.az