Savaşmaq və sevişmək arasında seçim
“İnsanlarımız könülsüzləşiblər. Bunun təkcə …
90-cı illərin əvvəllərində Don Juanın azərbaycanlı olması haqqında mətbuatda xeyli məqalələr dərc olunurdu. Qəribə dövr idi. Kim kimi istəyirdisə, azərbaycanlı çıxarırdı. Hətta biri Napoleonun yavərinin azərbaycanlı olduğunu özlüyündə sübut etmişdi.
Müvazimətimizi itirmişdik. Tutmağa, özümüzü söykəməyə, özümüzü dayamağa müxtəlif dövrlərdə, müxtəlif şəxslərin simasında yer axtarırdıq. Mən özüm Don Juanın azərbaycanlı olması haqqında məqalələri oxuyanda xeyli kef eləmişəm, ürəyim fərəhlə dolub, Don Juanın azərbaycanlı olmasıyla fəxr etmişəm. O dövr üçün, xüsusən, mən yaşda olan bir gənc üçün xarakterik haldır. Burada utanmalı heç nə yoxdur. Əgər bir milyon adam Nemət Pənahlının barmaq işarəsiylə oturub-qalxırdısa, mənim Don Juanın azərbaycanlı olmasına inanmağım bir o qədər də qəbahət sayılmaz.
Necə ki, reallıq hissini itirmiş, bir azca gülməli görünən adama ucdantutma Don Kixot adı qoyulur, eləcə də iki qızı yüz vədlə bulvara aparan gənclərə bizim ölkədə məmnuniyyətlə, Don Juan adı qoyurlar. Reallıq hissini itirmiş adama Don Kixot adının qoyulması səhv olduğu kimi, bulvara gəzməyə qız aparan hər hansı gəncə həmən Don Juan adı verilməsi də kökündən səhvdir. Bu, savadsızlıqdır. Gülməli görünən hər adam Don Kixot deyil. Bir balaca yaşıdlarından seçilən hər hansı gəncə də Don Juan deyil.
Yəqin ki, bizim dənizkənarı bulvar dünyanın ən çox yalan danışılan, ən çox vəd verilən yeridir.
Bütün bu vədlər, yalanlar bir öpüş üçündür. Başqa nə ola bilər? Vəziyyət özü bunu diktə edir. Üstəlik, bu yalanlara, bu vədlərə dönər yemək, piyada gəzmək, fantaziyanı işə salıb xoşbəxt gələcəyin cizgilərini çəkmək kimi əməllər əlavə olunmalıdır. Yoxsa nəzərdə tutulan məqsədə nail olmaq çətindir. Mümkünsüzdür. Bəlkə də ölkədə vəziyyət bu baxımdan belə çətin olduğu üçün qızı öpməyi bacarmış gəncə asanlıqla Don Juan adı qoyulur. Çünki hər kəs bunun necə çətinliklə başa gəldiyini, nə qədər yalan danışdığını, nə qədər vəd verdiyini, nə qədər dönər yediyini gözəl anlayır. Çəkilən zəhmətin, itirilən enerjinin ağırlığını gözəl başa düşür. Hər dövrün Don Kixotu olduğu kimi, hər yerin də öz Don Juanı var. Reallıq başqa şeydir. “Reallığı başa düşmək qələbənin yarısı deməkdir”. Bu mənada bir balaca yaşıdlarından fərqlənən, şəraitə uyğun hərəkət edən hər hansı gəncə Don Juan adının qoyulmasını hardasa anlamaq mümkündür.
İndi isə gəlin, ədəbiyyatda olan Don Juan haqqında danışaq. Götürək Molyerin Don Juan əsərini. Həmin əsərdə Don Juanın xidmətçisi Sqanarel öz ağasını belə xarakterizə edir: “.... deməliyəm ki, yer üzü mənim ağam qədər yaramaz adam görməyib. Hələ torpağın üstünə bu cür köpək, yırtıcı, bu cür allahsız gəlməyib. O, nə göylərə, nə peyğəmbərlərə, nə allaha, nə şeytana inanmayan bir dinsizdir. Bizim inandığımız bütün etiqadları mənasız hesab edir. O, öz ehtirasını söndürmək üçün nəinki xanımın özünə, hətta onun itinə, pişiyinə də evlənərdi. Evlənmək - onun əlində yaxşı bir tələdir. Gözəl xanımları bu tələyə salıb cənginə keçirir. Kimlə desəniz, o, evlənə bilər. Qız, ərli arvad, şəhər xanımı, kəndli.... Rastına gələn bir arvadı əlindən buraxmaz. Mən indiyə qədər onun evləndiyi arvadları saymağa başlasam, gün batana kimi sadalamalı olaram...”
Əslində Don Juan azadlığı sevirdi. Bu azadlıq sevgisinə görə onu bağışlamaq olardı. O, çox qadını xoşbəxt etmək istəyirdi. Buna onun enerjisi, qabiliyyəti çatardı. Onun ürəyində hər bir kəsə yer tapılardı. Lakin hər kəs bu ürəyə tək sahib olmaq istəyirdi. Belə olduğu halda Don Juan vəd verməyə, xoşbəxt gələcəyin rəsmini çəkməyə məcbur olurdu. Azadlığı sevməyən, azadlığın qiymətini bilməyən qadınlar belə ipiqırıq kişiləri başa düşməzlər, onları bağışlamazlar. Onları lənətləyərlər. Onlar bilirlər ki, sədaqətli, ailəcanlı kişilər maraqsız, darıxdırıcı olurlar. Maraqlılar isə qurbanlar tələb edirlər. Seçimini etməlisən. Sədaqətli və maraqsız kişi, yoxsa maraqlı və qurban tələb edən kişi...
Qadını hər zaman vədlə aldatmaq olmur. Əgər qadın özü istəməsə, onu vədlə aldatmaq çətin məsələdir. Onlar bilərəkdən özlərini oda atırlar. Tutar qatıq, tutmaz ayran söhbəti. Oldinqton: “hər bir qız öz bakirəliyini itirməmişdən əvvəl kişidən vəd, and qoparmaq istəyir”.
Görək, Molyerin Don Juanı öz əməllərinə necə haqq qazandırır, öz əməllərinə necə rəng verir: “Səncə, biz ilk xoşumuza gələn qadına bağlanıb qalmalıyıq? Bir qadının xatirinə bütün dünyadan əl çəkib heç kəsə baxmamalıyıq? Əcəb nağıldır! Vəfa və sədaqət naminə yalançı fədakarlıq fikrinə düşüb özünü bircə qadına qurban vermək! Ağlımızı başımızdan çıxaran bütün başqa gözəllər üçün cavan yaşında əbədi ölmək! Yox, yox. Ancaq sarsaqlar bir qadına əbədi bağlana bilərlər. Özümə gəldikdə isə deməliyəm ki, harda gözəlliyə rast gəlirəmsə, orda huşum başımdan çıxır, onun insanı əsir edən sehrkar cazibəsinə asanlıqla özümü qurban verirəm. Mən heç vaxt və heç yerdə əhd-peymana bağlayıb qalmıram. Çünki bir gözələ məhəbbət məni heç də başqa gözəllərə qarşı ədalətsiz olmağa məcbur edə bilməz. Mən hər bir qadına təbiətimizin tələb etdiyi hörmət və ehtiramı göstərirəm. Hər halda, insanın gözünü oxşayan bütün yaxşı şeylər mənim qəlbimin ağasıdır. Ay üzlü hər hansı bir gözəl məni istəmiş olsa, bir yox, on min ürəyim olsa, hamısını ona verərəm. Biz min cür nəvaziş və xidmətlərlə gənc, təravətli bir gözəlin ürəyini yumşaltdıqda qeyri-adi ləzzət duyuruq. Qızğın, həyəcanlı hisslərlə, şirin vədlərlə, ah-nalə və göz yaşları ilə gözəlin zəif müqavimətini qırıb yavaş-yavaş, günü-gündən ürəyinə sahib olmaq misilsiz bir səadətdir. Gözəl bir qadına saatbasaat, anbaan daha da yaxınlaşmaq, onun fəxr etdiyi utancaqlıq və ehtiyat pərdəsini qaldırmaq, inadını qıraraq hiss olunmadan onu istək mənzilinə aparmaq necə də şirindir. Lakin elə ki öz istəyinə çatırsan, elə ki deməyə bir söz, istəməyə bir arzu qalmır - onda ehtirasın bütün şirinliyi də qurtarır və məhəbbətin donuq sükutu içində səni mürgü basır, yuxu aparır. O vaxtacan yatırsan ki, yeni bir gözəl səni həvəsə gətirir, yeni qələbənin füsunkar müjdəsi qəlbini titrətməyə başlayır. Bir sözlə, dünyada müqavimət göstərən gözələ qalib gəlməkdən şirin heç bir şey yoxdur. Bu cəhətdən mənim qanımda daim qələbədən-qələbəyə sıçrayan və öz tamahına hüdud qoya bilməyən fatehlərin ehtirası dolanır. Məndə elə qızğın həvəs var ki, heç bir şey onun qabağını ala bilməz. Mən hiss edirəm ki, sinəmdəki bu ürək bütün dünyanı sevməyə qadirdi. Makedoniyalı İsgəndər kimi, mən də arzu edirəm ki, kainatda bizim yer kimi başqa dünyalar olaydı və mən oralarda da məhəbbət meydanlarında at çapaydım... Könlümdən keçən hər şeyin əsiri olmaq mənim anadangəlmə xasiyyətimdir. Onların hər biri növbə ilə mənim ürəyimə sahib ola bilər, bacardığı qədər orda məskan sala bilər. Məhəbbət məsələsində mən azadlığı sevirəm və heç vaxt ürəyimi dörd divar arasında dustaq edə bilmərəm...”
Bu qədər. Ucdantutma hər kəsə Don Juan adı qoymayın. Van Qoqdan bir sitat gətirim, bir balaca məsələ aydın olsun: “ Bəzi tənqidçilər əsərdəki təbiət təsvirini başqa bir əsərdəki təbiət təsviri ilə müqayisə edirlər. Əsərdəki təbiət təsvirini təbiətin özüylə müqaisə etmək lazımdır”.
Seymur Baycan
Gündəlik Teleqraf