Pedro Almadovar: “Mən qadının atdığı kişi haqqında komediya çəkməmişəm”
“Baş qəhrəman Culyettanın qızı itir. Onun izlərini tapmaq üçün qadın Madriddəki…
Çoxdandır myüzkl izləmirdim. Çoxdandır bir filmdən bu qədər zövq almırdım.
Səfillər dünya ədəbiyyatının ən güclü əsərlərindən biridir. Hüqo yaradıb! O, bu əsərə həyatının 17 ilini sərf edib. Ancaq rejissor Tom Hooper də işinin öhdəsindən çox yaxşı gəlib. 3 (2 cild olan buraxılışı da var) kitabı 1 filmə olduqca gözəl yerləşdirib. Kitabda olanlar tamlığı ilə filmdə öz əksini tapır. Rejissor özündən nəsə uydurmayıb. Nəsə əlavə etməyib. Çünki bəzən kitabı oxuyub filmə baxırsan və görürsən ki hadisələr düz gəlmir. Biraz təəssüflənirsən. Burda belə deyil. Düzdür, müəyyən səhnələr ixtisara düşüb, ancaq rejissor əlindən gələni edib. Az da çəkməyib,
təqribən 3 saata yaxın film çəkib.
Filmin çəkilişi üçün Hollivudun musiqili teatrı ilə yaxından tanış olan çox məşhur aktyorlar dəvət edilib. Hugh Jackman, Russell Crowe, Anne Hathaway, Amanda Seyfried, Eddie Redmayne, Helena Bonham
Carter, Sacha Baron Cohen və başqaları. Ancaq filmin uğurlu alınması təkcə bununla bağlı deyildi. Bir çox amillərlə bağlıdır. Məsələn musiqi. Filmin musiqisi çox gözəldir. Səs və saundtreklər olduqca gözəldir. Artıq ilk səhnədən, dustaqlar nəhəng gəmini limana dartarkən oxuduqları musiqi səni bütün varlığınla filmə çəkir. Filmi müşayiət edən musiqi bütün səhnələrlə çox yaxşı uyğunlaşır. Bilmirəm nədənbaşlayım. Əgər kitabı oxumamısızsa o zaman sizinçün qısa sinopsis qeyd edim:
Ailəsi üçün bir parça çörək oğurladığına görə Jan Valjan 19 il həbsdə yatmalı olur. Bu 19 il ərzində o həyatda bildiyi ən müqəddəs dəyərlərə nifrət etməyə başlayır. Kobud desək, Valjan nifrətlə yaşayır. Onu yaşadan kindir. Həbsdən azad olduqda isə bir məqsədi var. Bu dəfə məqsədli şəkildə oğurlamaq və talamaq. Həbsdən azad olduqda cəmiyyət artıq onu qəbul etmir. O canidir. Heç yerə gedə bilməz. Heç yerə qaça bilməz. Heç kim onu işə götürməz və heç kim onunla çörək paylaşmaz. Bunlar Valjanın yaşadığı dünyaya nifrətini daha da artırır. Ancaq cəmi bircə hadisə, bircə münasibət, bircə dəfə inam onun xilqətini dəyişir.
Hamıya məlumdur ki, bütün tarixçilər Fransa inqilabının araşdırarkən Hüqonun Səfillər kitabını bir tarixi mənbə kimi istifadə ediblər. Demək istəyirəm ki, filmdə əks etdirilən hadisələr tarixdə həqiqətən də
baş verib. Düzdür bəzi yerlərdə təkrar etməliyəm ki, qısaltmalar var və süjet xəttində çatışmazlıq hiss olunur, ancaq rejissor epizod keçidlərini fikrimcə çox yaxşı edir. Bəzi səhnələrdə rejissor musiqili epizodlara çox yer ayırıb. Çünki kitabda olan bəzi çox dəyərli monoloqları filmdə görmürsən. Düşünürəm həmin musiqili epizodların yerinə bu səhnələri salmaq olardı. Ancaq qeyd etməliyəm ki filmdə olan bütün kompozisiyalar canlı olaraq çəkiliş səhnələrində ifa edilib. Bütün bunlar səhnələrin daha da emosional və dramatik alınmasına təsir etdi. Əgər sözlərə də diqqətlə fikir versəz, hər bir musiqi bir əhvalatı nəql edir. Düzdür bəzən səhnələrin olduqca rəngarəng və musiqili olması tamaşaçını əsas monoloqlardan (dialoqlardan) yayındırır, amma diqqətlə izləməyə çalışsaq, sözlərin də bir başqa hissə olduğunu görərik. Bu da rejissorun bir yanaşması idi. Filmin dramatik səhnələri olduqca ustalıqla yaradılıb.
Qrim, kostyum, dekorasiyalar - bunlar olduqca gözəl ekranlaşdırılıb. Filmdə iri planların və diaqonal kompozisiyanın çox olması tamaşaçıya bir növ səhnə təəssüratı yaradır. Bəzən elə gəlir ki, bütün bunlar bir tamaşadır. İnqilabı əks etdirən çəkiliş səhnələri çox yaxşı yaradılıb və bütün bu səhnələrin əla alınmasında şübhəsiz ki, çox peşəkar xoreoqrafların da rolu az deyil. Operator inqilab ərəfəsində dayanmış Parisi bütün onun murdar və problemli cəhətləriylə möhtəşəm plana alır. Bu inqilab səhnəsindən bir musiqi: "İnsanlar oxuyur, eşidirsən? Bu bir daha qul olmayacaq insanların musiqisidir" (http://www.youtube.com/watch?v=r-39AyJul_E)
İnqilabın özü də musiqi ilə başlanılır. Deyim ki filmdəki həmin səhnələrin bu musiqi ilə müşayiət olunması tükürpədicidir. Möhtəşəm ab-hava, möhtəşəm sözləri var.
Adam istəyir durub bu dəqiqə inqilab etsin! Hərçənd bəzi səhnələrdə Hooper kitabda olan "mainstream"dən yayınıb. Bu o demək deyil ki, səhnələri başqa cür çəkib. Sadəcə Hüqo kitabda inqilaba çox yer ayırıb. Ümumiyyətlə kitabda inqilab ədalət haqda olan bütün siyasi, hüquqi və mənəvi dəyərləri əhatə edir.
Hər bir obrazın ifa etdiyi musiqi onun yaşadığı bir tarixçədir. Məsələn Valjan obrazının evdə ikən rahibin ona bağışladığı iki şamdan qarşısında diz çöküb öz daxili hissləri ilə mübarizə apararkən oxuduğu mahnı və söylədiyi monoloq tükürpədicidir. (http://www.youtube.com/watch?v=xx7K42uyrts)
Aktyorların vokal imkanlarına sadəcə heyran qalırsan. Onlar səhnədə canlı oxuyur. Bəli, bəli! Şübhəsiz ki, onlarla da çox peşəkar xoreoqroflar çalışıblar, ancaq sonda səhnədə onlar özləri oxuyub. Yəni səs çəkilişdən sonra montaj edilib filmə bitişdirilməyib. Filmdə görəcəyiniz bütün musiqili səhnələr canlıdır. Hugh Jackman bir başqadır. Filmdə olduqca emosional, minor notlarla başlayan, major notlarla bitən bir obraz yaradıb. Russell Crowe üçün isə mən bilən canlı ifa çox da çətin gəlməməli idi. Çünki səhv etmirəmsə aktyor bir neçə rok qrupda ifa edib. Amma yenə də onun canlı oxumaq
bacarığını filmdə eşitmək bir başqa idi. Hathaway da öz rolunun öhdəsindən olduqca gözəl gəlir. İkinci planda ən yaxşı aktrisa nominasiyası üzrə birmənalı Oskara layiqdir. Bircə onun "I dreamed a
dream" səhnəsi unudulmazdır, heyrətamizdir, möhtəşəmdir.
Zənnimcə Hüqonun əfsanəvi romanının ekranlaşdırılması olduqca layiqli alınıb. Tom Hooper təkrarolunmaz bir kinomyüzkl yaradıb. "Səfillər" Valjan adlı obrazın nifrət və kinlə dolu dünyadan inqilab edib çıxması və
sevgi ilə qürub etməsindən bəhs edən bir filmdir. İzləyin, əminəm siz də zövq alacaqsız.
Fərhan Hüseynli
Kultura.az