SOS: yeni nəsil rüşvətxorlar yetişir
Adətən belə insanlarla qarşılaşanda ona baş qoşmağın mənasız, onu…
Azərbaycanda hər gün baş verən hadisələrə nəzər saldıqda, olduqca maraqlı mənzərə ilə rastlaşırıq. Bu ölkədə hər şey süni, görüntü xarakterlidir. Ölkənin 1995-ci ildən referendum yolu ilə qəbul olunmuş Konstitusiyası olmasına baxmayaraq onu hazırki hakimiyyət adi bir kağız parçasına çevirmişdir.
Həm 2002-ci, həm də 2009-cu ildə keçirilən referendumlar nəticəsində Konstitusiya daha çox cılızlaşdı və işləməz bir duruma gəlib çıxdı. Bu ölkənin qanunları yalnız yuxarı təbəqəyə, imkanı olanlara görə dəyişir. Amma vətəndaş isə bu haqqda düşünmür. Daha doğrusu düşünmək iqtidarında deyildir. 1988-ci ildə xalq SSRİ-dən öz azadlığını tələb etməyə başlayanda müstəqil dövlət quracağına, öz qanunları ilə idarə olunacağına çox əmin idi. Bu yolda da hərəkət etdi və 1991-ci ilin avqustun 30-da Müstəqillik haqqında bəyannamə Ali Sovetdə qəbul olundu. Amma dəyişən 20 illik təcrübə göstərdi ki, xalqın bu inamı heç də öz təsdiqini tapmadı. İndi hamı öz-özünə sual verir: Biz niyə müstəqil olduq? Lazım idimi bizə bu müstəqillik? Hətta əhali arasında sovet nostalgiyası ilə yaşayanlar da var. Nə deyə bilərik bunlara. Bəzi məsələlərdə haqlıdırlar. Çünki xalqın gözləntisi tamam başqa idi. Amma bəzi qruplar xalqın bu inamını qırıb-dağıtdı.
Ümumilikdə dövlətçilik məsələsinə baxdıqda görürük ki, xalqlar öz müqəddaratlarını həll etmək üçün dövlətlər yaradır, buna görə də özlərinin bəzi hüquqlarından dövlətin xeyrinə imtina edirlər ki, dövlət onları lazım gəldikdə himayə etsin, onu beynəlxalq səviyyədə təmsil etsin. Məhz buna görə də dövlətə vergi ödəyir, hərbi xidmət kimi bəzi mükəlləfiyyətləri yerinə yetirir. Vətəndaş kimi borc və öhdəliklər daşıyır. Amma Azərbaycanda nələr baş verdiyi hamıya məlumdur. Bu ölkədə vətəndaşın təməl azadlıqları, hüquqları qorunmur. Ən əsası isə yaşamaq və mülkiyyət hüquqları kimi təməl bəşəri haqqların pozulması adi bir hala gəlib çıxımışdır. Azərbaycanda durum o qədər böhranlı hala gəlib çatmışdır ki, vətəndaş öz iqtisadi azadlığını qorumaq naminə öz siyasi azadlığından imtina etmişdir. Məsələn, seçkilər bildiyimiz kimi əksər vaxtlarda məktəblərdə və xəstəxanalarda təşkil olunur. Buranın rəhbərliyi və kollektivi isə seçki komissiyasında təmsil olunur. Burada təmsil olunan müəllim, həkim öz işini qorumaq, ayda aldığı 130-250 manat arasındakı məvacibini qorumaq xətrinə ona deyilən hər cür saxtakarlığı edir. Təki evinə bir parça çörək apara bilsin. İndi deyin görüm vətəndaşı aktiv hala gətirmək üçün nə etməliyik? Bu olduqca düşündürücü sualdır.
Bəzən məni başqa suallar da düşündürür. Bizə ümumiyyətlə dövlət lazımdırmı? Axı bizim hüquqlarımızı qorumayan dövlətə nə ehtiyac vardır? Biz niyə ona vergi ödəməliyik? Xarici ölkədə olduğun təqdirdə başına gələ biləcək hər hansı bir problem vaxtı yerli konsulluqlarımız sənədləşmə işində rüşvət istəyəcəklərsə, belə dövləti nə etmək lazımdır. Ona görə bəzən anarxistlərə haqq qazandırıram. Dövlətin olmadığı bir cəmiyyət və məsuliyyətdən uzaq. Halbuki bu fikirləri bölüşməsəm də, bu hakimiyyət gəncliyi pessimizmə qapılacaq bir duruma gətirib çıxarıb.
Aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə siyasi proseslərlə maraqlanmayan bir gənclik yetişmişdir. Bunlar yalnız efirdən verilən bayağı şou-proqramlara baxmaqla məşğuldurlar. İndiyənə qədər isə dünyada gedən proseslərlə maraqlanmır, ədəbi-bədii proseslərdən də kənarda qalıb. Yeni çıxan kitabları oxumaması nəticəsində dünya görüşündə kəskin dəyişikliklər yaranıb. Bunlar artıq böhranlı vəziyyətdən xəbər verir. İnsan hər şeyi bilməyə məcbur deyil və bilməməlidir də.
Amma mən 4 ay ABŞ-da olduğum zaman maraqlı bir halla rastlaşdım. Məlum olduğu kimi əksər amerikalıların dünya ölkələri ilə bağlı coğrafi bilikləri kasıbdır, heç bu barədə də düşünmürlər. Onlar öz sakit və rahat həyatlarını yaşayırlar. Amma əsas olan odur ki, məsuliyyətli bir vətəndaş kimi öz hüquqlarını bilir və onu tələb etməyi bacarır. O həm ştat, həm şəhər seçkilərində aktiv iştirak edir və öz siyasi seçimini edir. Dövlətə lazım olan da budur. Aktiv, məsuliyyətli bir vətəndaş yetişdirmək. Bizdə nə edirlər? Fərqli düşünənlər öz fikirlərinə görə təqib olunur, həbslərə, cəza tədbirlərinə məruz qalır, onlar haqqında olduqca iyrənc sözləri yayırlar.
Elə götürək son Xocalı faciəsinin anım tədbirləri zamanı yaradılan şəraiti. Bir qrup gənclər təşkilatı bu hadisəyə öz fikirlərini bildirmək üçün çəhərin mərkəz hissəsi olan Nizami küçəsində flashmob tipli bir aksiya keçirmək istədi. Lakin polis anındaca bu hadisəyə müdaxilə etdi. Nəyə görə? Məgər vətəndaş öz fikirini bildirməkdə sərbəst deyilmi? Onda niyə Konstitusiyada "Sərbəst toplaşmaq haqqında" müddəa daxil edilib? Əgər buna imkna verilməyəcəksə, onda bu maddəyə də ehtiyac yoxdur. Amma biz hakimiyyətə yaxın olan digər gənclər təşkilatı olan "İrəli" İctimai Birliyinin həmin vaxt şəhərin digər mərkəz hissəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş aksiya keçirməyinin şahidi olduq. Buna nə ad vermək olar? İkili standart, bizimkilər və sizinkilər? Məgər digər gənclər Azərbaycanın vətəndaşı deyil? Bu kimi hallar vətəndaşı ölkədən narazı salır. Ona görə də son zamanlar Azərbaycan vətəndaşlarının xaricə immiqrasiyasının şahidi olmuruq.
Gəlin bu deyilənlər haqqında ətraflı düşünək və aktiv vətəndaş olmağa çalışaq. Yoxsa bu hakimiyyət öz istəyinə nail olacaq. Vaxtilə Böyük Qırğız yazıçısı Çingiz Aytmatovun əsərində dediyi həmin manqurtlar artıq Azərbaycanda yetişməkdədirlər. Hətta onlar o qədər həyasızlaşıblar ki, insanlara hücüm çəkərkən, qoca, qadın, yaşlı demədən təhqir edir. Bu artıq cəmiyyətdə mənəvi deqradasiyanın göstəricisidir. Bu yaxınlarda Azadlıq radiosunun jurnalisti Xədicə İsmayıl öz facebook səhifəsində Azərbaycandakı bu dırnaqarası "vətənpərvərləri" çox gözəl şəkildə kateqoriyalara bölmüşdür. O kateqoriyalardan biri olduqca diqqətimi çəkmişdir. Həmin kateqoriya bu şəkildə idi:
"Hökumətin ayıbını Qarabağla örtən" vətənpervertlər kateqoriyası. Ölkədəki korrupsiya haqda danışan kimi deyirlər ki, Qarabağdan niyə danışmırsız? Elə ki, insan haqlarından söhbət düşdü, deyirlər, Qarabağ boyda dərdimiz var, siz nədən danışırsınz? Xarici telekanallar ağrılı problemlərdən reportaj verəndə, təşkilatlar, hökumətlər bəyanatlar verəndə bunu hökmən Qarabağla bağlı hansısa tədbirin pozulması istiqamətində diversiya olduğunu söyləyirlər. Bunlara, Qarabağı azad etmək üçün ölkə güclü olmalıdır deyəndə də deyirlər ki:
a. Siz vətən xainisiz.
b. Siz ermənilərin sifarişi ilə hər şeyi siyasiləşdirirsiniz.
c. Ümumiyyətlə, müxalifətçi olmaq erməni olmaqdan da pisdir.
Bu kateqoriyanın nümayəndələri savad və qabiliyyətinə görə müxtəlif cür ola bilər, Siyavuş Novruzovdan tutmuş, savadlı diaspora təşkilatı rəhbərinə qədər. Bu da düşüncə tərzinin savadla deyil, hökumətdən alınan pullarla formalaşdığının təzahürüdür. Nisbətən savadlı olanları əks-hücum qarşısında geri çəkilir. Məsələn, "bəsdir Xocalıdan oğru hökumətə tuman tikdiniz" "Qarabağ faciəsi ilə hökumətin ayıbını örtüb bizi dünyanın gülüş obyektinə çevirməyin" deyəndə susurlar. Siyavuş Novruzovkimilərdən olanları susdurmaq üçün isə məntiq bəs eləmir."
Həqiqətən də olduqca acınacaqlı bir durumdayıq, yoldaşlar. Əgər tezliklə bu problemlərdən çıxış yolu tapa bilməsək sonumuz çox pis qurtaracaq. Özüm də daxil olmaqla hamıya böyük səbr arzu edirəm.
Nicat Quluzadə
Kultura.Az