post-title

“İstənilən yazıçının kitabını götürüb, ədəbi qəhrəmanın adına baxın və siz yazıçının səviyyəsini dərhal hiss edəcəksiniz”

2021-ci il aprelin 20-də CORPUS (AST) nəşriyyatında Vladimir Sorokinin "Doktor Qarin" adlı yeni romanı çapdan çıxdı. Onu "Boran" (2010) povestinin davamı adlandırmaq olar. Həmin povestin baş qəhrəmanı doktor axırıncı dəfə donmaqdan canını zorla xilas eləmişdi. İndi o, XXII əsrin postapokalipsisi içindən keçərək səyahət edir. Bu yüzilliyin içi bizə "Şəkərli Kremli" və "Telluriya"nı xatırladır. Əsər fərqli girişləri olan çoxüzlü fiqura oxşayır – romanı müxtəlif cür oxumaq və başa düşmək olar. Həm aktual siyasi roud-muvi kimi (məşhur siyasi liderlər burada vahid bir orqanizm kimi çıxış edirlər), həm sulara qərq olmuş sözlər imperiyası haqda refleksiya kimi və həm də rus ədəbiyyatı içindən keçən canlandırıcı səyahət kimi: Turgenev və Tolstoydan tutmuş Çexov və Soljenitsına qədər. Rus ədəbiyyatının nəhəng və tamam yumşalmış bədənində sərbəst dolaşma. Klassikin təbirincə desək ədəbiyyat ətindən dadma. "Beş Mayakovski və dörd atlı". "Avtomatlı keşikçilər qrafa təzim etdilər". Sorokin bu romanda, hər bir sözün lazımınca səslənməsi ilə xüsusi simfonik effektə nail olur. Yazıçı bir dəfə demişdi ki, "Boran" – məkanın baş qəhrəman olduğu əsər yazmaq cəhdidir. Hazırkı romanı zamanın sıxılması, burulması üzrə məşğələ adlandırmaq olar. Oxucu indi bu burulğana özü girməlidir.

 

- Dediniz ki, indi sizdə "postqarin mərhələsi"dir. Roman yazandan sonra yazıçıda nə baş verir? Bu vəziyyətdən çıxmaq üçün xüsusi səyə ehtiyac yaranımı?

- Çoxdandır ki, böyük roman yazmırdım. O, həcm baxımından “Telluriya”dan (Vladimir Sorokinin 2013-cü ildə çıxmış romanı) böyükdür. Amma əsas odur ki, "Qarin" həm də yeni janr təcrübəsidir. Mən adət etmədiyim başqa ədəbiyyat məkanlarına daxil oldum. Bu pandemiya və təcrid ilə üst-üstə düşdü. Hərçənd, əslində, yazan adamın həmişə təbii olaraq bir təcridliyi var. Bununla belə bəziləri Paris kafelərində də yazırdılar, amma, fikrimcə, bu, çox da yaxşı nəticə vermədi. O ki qaldı "romandan çıxma" məsələsinə, həqiqətən də, yazıdan sonra elə bil yığılıb qalmış buz qatı adamdan tökülür. Tədricən. Yazda buzlar əriyir… Heyrətamizdir, biz indi aprel ayının 4-dür danışırıq – bu romanı düz bir il əvvəl məhz bu gün başlamışdım!

- Siz onu da dediniz ki, yeni roman risk deməkdir. Mən də düşündüm: XIX əsrdə roman yazmağa başlayan bir yazıçı əmin idi ki, kitabı nəşr olunan vaxt dünya yerində qalacaq. XX əsrdə vəziyyətin kəskin və köklü şəkildə dəyişəcəyi qorxusu ən azından yox idi. İndi heç bir şeyə əminlik yoxdur. İndi roman yazmaq sadəcə olaraq rus ruletkası oynamaqdır. Artıq yazmağa başlayanda bilirsən ki, hökmən nəsə qopub və ya uçub töküləcək. Belə bir risk varmı?

- Nəsə qopub və ya uçub töküləcək... əgər bu barədə düşünsəm o zaman ümumiyyətlə romana girişməmək daha yaxşıdır. Yazıçı üçün yalnız bir şey "qopa" bilər ki, nə zamansa ədəbiyyat daha oxunmasın. Amma hələ ki mənim əsrim üçün kifayət edir. Risklərsə... əslində, bir qayda olaraq, xarici şərtlərlə deyil, konkret mətnlə, hekayətin məkanı ilə əlaqəlidir. Sən boş yerdə yeni bir dünya yaradırsan və o, isə ilk növbədə, özün üçün inandırıcı, maraqlı olmalıdır. Konkret "Qarin" haqqında deyə bilərəm ki, əvvəlcə yalnız bir fikrim var idi, bu, vuayerist fikir idi: 10 ildən sonra "Boran"ın qəhrəmanı doktor Qarinin başına nə gəldi? Ona göz yetirmək istədim. Və buna başladıqda, baxdıqca əvvəllər yazmadığım macəra romanı alındığını gördüm. Bu mənim üçün yeni idi. Bəzi oxucular mənə deyirdi ki, bu, “Sorokinin müsbət qəhrəmanı və yaxşı sonluğu olan ilk mətni"dir. Risk əslində, bax, burada idi. Ancaq maraq güc gəldi və bu yeni məkanı mənimsəməyə çalışdım.

- Siz mürəkkəb, zərgər dəqiqliyi ilə işləyən yazıçı kimi qəbul olunursunuz. İşarələr, sitatlar, oyunları tanıyaraq sizin mətnlərə filoloji ölçü ilə yanaşmaq lazım gəlir. Bütün bunlar hamısı yeni romanda var. Ancaq bununla yanaşı - əlbəttə ki, qeyri-adi görünən - onda elə bil "Kapitan Qrantın uşaqları" ruhu var. Mən heç qəhrəmanın soyadının bizi "Mühəndis Qarinin hiperboloidi"nə göndərməsini demirəm. Yeri gəlmişkən, qəhrəmanların adlarını haradan götürürsünüz? Yadımızdadır ki, Sovet ədəbiyyatında soyad hər zaman "danışan" olurdu – bu ad özü qabaqcan bizə nəsə deyir: qəhrəmanın yaxşı, pis və ya elə-belə bir insan olduğunu əvvəlcədən başa düşmək olur.

- Düzünü desəm, 10 il əvvəl "Boran"ı yazanda Aleksey Tolstoy və onun Qarini haqqında heç düşünmürdüm. Bu, tər-təmiz təsadüfdür. Mən Lev Tolstoy və onun "Ağa və nökər"i haqqında düşünürdüm. “Qırmızı qraf”ın Qarini olduqca sadə qurulmuş bir avantüristdir. Romanlardakı soyadların mənşəyinə gəldikdə isə bu, əslində ən incə məqamlardan biridir. İstənilən yazıçının kitabını götürüb, ədəbi qəhrəmanın adına baxın və siz yazıçının səviyyəsini dərhal hiss edəcəksiniz. Yadımdadır, Vasili Aksyonovun romanlarını oxumağa çalışırdım, qəhrəmanların adlarına çatandan sonra sadəcə oxumağım gəlmirdi. Ona görə ki bu, ədəbiyyatın keyfiyyət göstəricilərindən biridir. Bunu izah etmək mümkün deyil, bu, musiqinin düzgün duyulması səviyyəsində ifadə olunan artikulyasiya prosesi deyil: səslənir, ya yox. Mənim üçün Qarin rus əyalətinin, qəza həkimi və ziyalı soyadıdır.

- Sizin baş qəhrəmanın həkim olmasını, məsələn, indi izah etmək asandır. Hamımız keçən ildən bəri "içimizdəki həkim" ilə yaşayırıq.

- Bu ağla gələn ilk fikirlərdən biridir. Bir çox cəhətdən mən əslində ətalətlə hərəkət etmişəm, amma düzünə qalsa, mənim qəhrəmanım 10 il əvvəl də həkim idi. Ancaq cəmi bir il əvvəl, kovid epopeyasının əvvəlində, bu qəhrəman yenidən fikrimdə canlandı və roman yazılmağa başlandı. Düşünürəm ki, indi hamımızın müəyyən bir həkim-demiurqa ehtiyacı var – Tolstoyvari saqqalı və hamını sakitləşdirən Çexov sayağı özünəironiyası olan.

- O mənə daha çox Çexovun həkimi kimi göründü…

- Çexov, necə deyərlər, Tolstoyun ayağını basmaz... Əslində, Çexovun mətnləri bütün ömrü boyu bəşəriyyət üçün yazdığı həblərdir, daha dəqiq – acı-şirin toz dərmanıdır. Ancaq paradoks budur ki, bu tozlar... indi heç bir zəhrimarı müalicə etmir. Onlar ancaq simptomları daha da şiddətləndirir və bizi bir suala cavab verməyə məcbur edir: biz bu dünyada nə edirik və necə edirik? Onlar bizi sorğulamağa, qaş-qabağımızı töküb melanxolik düşüncələrə qərq olmağa vadar edirlər. Ancaq rus ziyalısı üçün bu tutqun və melanxolik vəziyyət, məlum olur ki, ən məhsuldar və rahat bir vəziyyətdir. Onların sayəsində biz özümüzü itirmirik. Qarin sanki XIX əsrin sonlarındakı ədəbi məkandan çıxaraq gəlib. O, bu məkanda hərəkət edir və eyni zamanda onu yaradır. Bu romanda mən sadəcə arxasınca düşüb onu izləməyə, müdaxilə etməməyə çalışdım. Bu mənim prinsipimdir. Qəhrəmanı dünyaya gətirmək və sonra onu buraxmaq lazımdır. Yəni o təkbaşına özü getsin. Heç bir halda onu itələmək olmaz. Personajlarına tam nəzarət etməyi üstün tutduğunu söyləyən Nabokovun metodu mənə tamamən yaddır. Mən, əksinə, qəhrəmanım hara dönürsə-dönsün onu izləyirəm, maraq elə bundadır. Hər şeyi sonuna qədər ətraflı düşünmək məndə heç vaxt olmur. Bu dəfə belə gətirdi ki, bu həkimin titan ayaqları xoşbəxt sonluğa yetişdi. O özü buna çatdı. Bu, əlbəttə ki, Çexovvari deyil, olduğu kimidir.

- "Beş Mayakovski və dörd atlı" – bu romanınızdan gətirdiyim sitatdır. Doktor hansısa “çernışlar”a əsir düşdükdə, bu sözdən çernışevski sifəti əmələ gəlir. Burada, mənə elə gəlir ki, siz XIX və XX əsrin iki klassiki ilə hesablaşırsınız. Birini robota çevirib çoxaltmısınız, digərindən isə gələcəyə dair utopiya ideyasını götürüb bunu ən qaramat formada reallaşdırmısınız. Mayakovski və Çernışevski ilə bu cür oyun bilərəkdən edilib, yoxsa ustadın adi bir zarafatıdır?

- Bu, əlbəttə ki, sadəcə zarafat deyil. Salvador Dali deyirdi: əsərlərim məntiqsiz və absurd görünür, amma əslində rəsmlərin bütün elementləri arasında, məntiqi təhlildən yayınan, sərt məntiqi rabitə var. Xalq arasında "Mayakovski" adı verilmiş robot da, "Çernışevski düşərgəsi" də, əlbəttə ki, keçmişin məşhur ulduzlarının müasir plastik səthdəki müəyyən əksləridir. Ancaq bu, əks etdirmədir, şüanın sınmasıdır mənbənin özü çoxdan sönsə də, bizə gəlib çatan işıq şüası kimi. Həyatda belə şeylərlə tez-tez rastlaşırıq, hərə özlüyündə bunu başa düşüb gülümsəyir. Ölü sovet utopiyalarının əksləri də həmçinin. Bu, mətndə məna cəhətdən bir gərginlik yaradır. Bunu hiss eləmək başa düşməkdən daha asandır.

- Siz romanda dövrümüzün siyasətçilərini belə deyək bir yerdən – arxadan ibarət olan varlıqlara çevirmisiniz. Onlara “buti”, political beings (siyasi varlıqlar) deyilir. Qarinin fərz etdiyi hipotezaya görə dünyanın bütün siyasətçiləri vahid bir orqanizmdən ibarətdir. Bu bizim siyasət anlayışımızda nəyi dəyişir?

- Yekə arxa – onların əsas iş alətidir. Buna görə də onları elit inkubatora salıblar. Onlar qırt toyuq kimi oturub ideya və nəticə çıxarmalıdırlar. Onların mühitindən danışsaq əslində bu dünyanı bir siyasi ailə idarə edir. Özlərini bir ailə kimi hiss edirlər. Bu onların arasında olan qohumluq əlaqəsidir. Təəssüf ki, hamısı seçilmişlər fikrinə aludə olub. Onların əxlaqına görə, bədbəxt və vəhşi bəşəriyyəti onlar otarır və bu ağır, məsuliyyətli işin qarşılığında yalnız danlaq və nankorluq görürlər. Bizdə isə həmişə eyni sual yaranır: niyə onlar bu qədər qabiliyyətsiz və hissiyatsızdırlar? Məsələn, indi Avropada peyvəndləmə ilə bağlı vəziyyəti götürək. Oradakı tanışlarım arasında qabiliyyətsiz şəkildə aparılan vaksinasiyadan qəzəblənməyən bir nəfər də yoxdur. Amma siyasətçilərdən heç biri bundan utanmır: onlar hamısı ehtiyatlı və sayıqlı olmaq haqqında ümumi ifadələri təkrarlayırlar. Axmaq adamlar, evdə qalın! Bu anekdota oxşayır... İndi də Kremldə "ventilyator"u – "müharibə küləyini" qoşub üzü Avropaya tutublar. İndi hamı maraqlanır: bu əsl küləkdir, yoxsa imitasiya? Romanımda dünyanı idarə edənlərə ontoloji cəhətdən baxmağa çalışdım. İnsanlıq cəhətdən və məcazi mənada onlara yaxından baxmışıq, bu baxış bulanıb. Biz onları kütləvi qavrama eynəklərindən görürük. Mən bu eynəyi çıxarmağa və onların morfologiyasına baxmağa çalışdım. Political beings (siyasi varlıqlar), məncə, yaxşı termindir. Onun gələcəyi var.

- “...şrekin horfu! şrekin horfu! – ağcaqayından düzəldilmiş səsgücləndiricidə çığırtı qopdu, ardınca kötüyə dəyən toxmaq zərbələri eşidildi". Mütaliəsi olan istənilən kəs başa düşəcək ki, bu, Soljenitsının “İvan Denisoviçin bir günü”nə işarədir...

-... Lakin orada relsi döyürlər, kötüyü yox.

- ...Burada Tolstoyun Jilin və Kostılin obrazları görünür; bəzi yerlərdə isə Doktor Jivaqo. Turgenev sayağı mülk və sair. Hətta “Əsl insan dastanı”na da yeni romanda yer var. Bunu özüm üçün belə ümumiləşdirirəm: sizin qəhrəmanınız Qarin, rus və sovet ədəbiyyatının köhnə mülklərini gəzir. Eyni zamanda, yolüstü, bu ədəbiyyatı həyata qaytarmaq istəyərək onu cana gətirir…

- Oxuma tərziniz mənə yaxındır ... Ümid edirəm ki, o, kimisə ədəbi cəhətdən dirçəldir, qidalandırır. Qarin üçün müxtəlif ölçülü və müxtəlif təbiətli qadınlarla cinsi əlaqədə olmaq, deyərdim ki, əsasən terapevtik, müalicəvi xarakter daşıyır.

- Romanın başqa bir faciəli qatı var. Mən buna sözlərin dəfn mərasimi və ümumiyyətlə ədəbiyyata oxunan cənazə duası deyərdim. Romanda bizim əsrin təxminən ikinci yarısında baş verən hadisələrin qəhrəmanları əslində ədəbiyyata ehtiyac duymur. Ədəbiyyat məlum mənasında bitib. Ən azından sovet ziyalılarının uşaqlarına tanış olan mənada.

- Deyərdim ki, bir era bitir, amma onu başqa bir postədəbiyyat dövrü əvəz edir. Onun öz yazıçıları, öz oxucuları var və olacaq. İnsanlar yenə də öz xəyallarını sözlə yazacaqlar. Nə qədər ki, kino və ya kompüter oyunları industriyası var, nə qədər ki teatr var, onlar olduğu müddətcə bu mətnlərə tələbat olacaq. Bu mənada mənə elə gəlir ki, ədəbiyyatın tam ölümü – bir proses olaraq və bir zövq olaraq – əlbəttə, ola bilməz. Ən azından bu əsrdə.

- Bizə elə gəlirdi ki, insan haqqında çox şey bilirik və bizi təəccübləndirmək çətindir. Ancaq 2020-ci il bizim üçün yeni bir şey ortaya qoydu. Bu, təkcə bizim insanımıza deyil, avropalılara və amerikanlara da aiddir. Məlum oldu ki, bəşəriyyətin bir hissəsi - və olduqca böyük bir hissəsi - "dözə bilmir" (maskada gəzmək, evdə qalmaq və s.). Dözməkdənsə ölmək daha yaxşıdır. Beləliklə, insanlar özləri də istəmədən və bunun fərqində olmadan gəzə-gəzə bir-birlərini öldürürlər. Suisidal davranış... Bu insan məsuliyyətsizliyi fenomenini necə izah edərdiniz?

- Bu, əlbəttə ki, son onilliklərdə insan həyatının çox sürətli hal almasının nəticəsidir. Məkanda hərəkət və məlumat axınının udulması ilə birlikdə məhz zövqalma prinsipi də sürətlənib. İnsan bu iynə üzərində oturmağa davam edir, hələ də "burada və indi" istəyir. Hamısı bir anda. İndi isə ona söyləyirlər ki, sürətimizi bir az azaltmalıyıq. Özümüzü saxlamalıyıq. Onun buna reaksiyası bütpərəstin möminin orucuna reaksiyası kimidir. "Niyə hansısa uydurmaya görə mən oruc tutmalıyam, bir halda ki, mən yalnız toxuna bildiyim və satın aldığım şeylərə inanıram?”. Məni məhz bu reaksiya təəccübləndirmədi: Pandemiya bütün həyatımızın lakmus kağızıdır. Həqiqətən də, insana ölmək daha asandır, nəinki istehlak vərdişindən, zövq prinsipindən ayrılmaq. Ətrafda kolossal texnoloji imkanlar olduğu halda hətta görünməyən nəsə bir virusa görə azı bir gün də olsa niyə bütün bunların hamısını itirmək məcburiyyətindəyəm?! Bu, bəşəriyyətin hansısa, hətta mənəvi deyil, mental deqradasiyasından xəbər verir. İnsanların bir neçə gedişi belə əvvəlcədən hesablamağa hövsələsi yoxdur. Şahmat oynayan uşaq kimi, rastlaşdıqları ilk fiquru götürür və bir neçə gedişdən sonra mat olurlar. Bütün bunlar təbii ki, kədərlidir. Amma... zəmanənin əlamətidir.

- Romanınızda bundan başqa aşkar qaçış motivi də var. Görünür, Rusiya bir müddət durğunluq şəraitində yaşadı, amma indi yenidən harayasa tərpənir. "Ziyalılar siqar və alışqanları götürüb meşəyə qaçır" romanınızın süjet xəttlərindən birini qısaca belə ümumiləşdirərdim.

- Bəli, düşən raketlərdən və təyyarələrdən qaçır... Damaqlarında Cohiba Robustos siqarı ilə.

- Vladimir Georgiyeviç, sizcə, ətrafımızda baş verənlərə görə, bizə indi yalnız meşəyə qaçmaq qalır?

- Deməliyəm ki, bir meşəbəyi nəvəsi olaraq meşənin əleyhinə deyiləm. Meşədə hər kəs üçün bir yer tapılar. O hamını qoruyar və sakitləşdirər. Ağıllı insanlar, yeri gəlmişkən, 2020-ci ildən sonra mərkəzdən ucqarlara çəkildi.

- Sizin romanınızda da "Moskvaya, Moskvaya!" deyil, Xabarovska qaçırlar.

- Düşünürəm ki, nə zamansa böyük şairlərdən biri əyalətdə yaşamağı məsləhət görən Brodskini yad edərək mütləq belə bir şeir yazacaq... Əslində, dərrakəli adamlar 2020-ci ildə tempi azaltmağa başladılar. Yalnız sözün əsl mənasında deyil. Sürəti azaltmaq həm də ətrafınıza fikir verməkdir. Həm də özümüzə. Bu müşahidə, seyrdir. Meşə yaxud dağlar isə asta, seyirçi həyat üçün cənnətdir. Amma mənim Qarinim də yolüstü öz xoşbəxtliyinə qaçır. Nəhayətdə onu tapır. Əlbəttə ki, onun xoşbəxtliyi adi xoşbəxtlik deyil. Amma başqa seçim yoxdur.

- Sizin "Buz trilogiyası" ("Bronun yolu", "Buz" və "23000", 2002-2005-ci illər), bir çox tənqidçinin fikrincə, "insanı oyatmaq" cəhdi idi. İndi mənə elə gəlir ki, siz bu düşüncədən uzaqlaşmısınz və qəhrəmanları öz başına buraxmısınız. Ətraf dünya yenə də heç bir etibara zəmanət vermir. İndi nəyə ümid edirsiniz, indiki qəhrəmanlarınız nəyə ümid edir?

- Biz hamımız gözlənilməzlik zolağına qədəm qoymuşuq. Belə hadisələrlə bol ruh düşgünlüyü zolağına. Yalnız sosial deyil, həm də deyərdim, metafizik cəhətdən. Özünü super texnoloji, çox rahat bir dünyanın yaradıcısı kimi görən bəşər övladı məlum oldu ki, metafizik küləyin uçurduğu ot saplağıdır. İndi o, özünün tam zəifliyini hiss edir. Buna siyasətçilərin aciziyini də əlavə edək. Avropada böyük müharibə ehtimalı yenidən ortaya çıxıb və insanları qorxudur. Bu baş verərsə, heç kəs heç kimə baxmadan öz başının çarəsinə qalmalıdır. Mənə elə gəlir ki, bu yeganə ağıllı yoldur. Mənim doktorum bu qaydaya riayət edir və görünür, bunun sayəsində sağ qalır. Bundan əlavə, o, inanclı insandır, ali qüvvələrin köməyinə ümid bağlayır.

Rus dilindən tərcümə etdi: Elçin İmanov

Mənbə: Novaya Qazeta

Yuxarı