Əmir Kusturitsa: "Dünya çox həyasız və çirkin vəziyyətdədir"
Əmir Kusturitsa ilə danışmaq üçün bir neç…
Lenta.ru: “Martin İden”in Venesiya Film Festivalında premyerasından təxminən iki il keçir. Bu filmdə nəyə nail ola bilməyiniz barədə keçən vaxt ərzində özünüz üçün hansısa qənaətə gəlmisinizmi?
- Pietro Marçello: Bu qəribədir. Bilirsiniz, bu barədə mühakimə yürütmək mənim üçün çox çətindir. Axı hər halda mən bu filmin müəllifiyəm, bu səbəbdən ona heç vaxt kənardan baxa bilmirəm. Həm də o qədər də çox vaxt keçməyib. Hərçənd mənə maraqlıdır görəsən “Martin İden” zamanın sınağından çıxmağı bacaracaq ya yox. Kifayət qədər film var ki, səs-küy salmış, mükafat almış, lakin sonradan tamamilə unudulmuşdur. Ümid edirəm ki, “Martin İden” tarixdə qalacaq. Bu film mənim üçün çox əzizdir. Filmin bir çox səhnələri, bir sıra məqamları, bəzi rejissorların filmlərindən bəyəndiyim bir çox anlar kimi əbədiyyən mənimlə qalacaq. Fəxr edirəm ki, hər şeyə rəğmən ideyamı həyata keçirə və onu sonlandırmağa nail oldum. Bir personaj olaraq Martin İden mənə əbədi və universal bir obraz kimi görünür: mənim yaratdığım Martin İden Neapolda yaşayır, amma onu Moskvada və ya Sankt-Peterburqda, hara qoyursan-qoy maraqlı olaraq qalacaq. Hamletə bənzəyir. Yaxud Fausta. Bu qəhrəman, hər zaman və hər kontekstdə aktual olan bir qəhrəmandır. Onun hekayəsi də sadə hekayədir – nəsə, kimsə olmaq istəyən insanın taleyi, bir ömür yolu.
- Dediyiniz kimi, “Martin İden” istənilən kontekstdə aktualdır. Sizin film ruhən və adaptasiya baxımından olduqca italyansayağı alınıb.
- Mən ki italyanam! Mən, sadəcə olaraq başqa ruhlu, məsələn, amerikansayağı film çəkə bilməzdim. Ümumiyyətlə, mənim fikrimcə, italyan ədəbiyyatı o qədər də güclü ədəbiyyat deyil. Ən azından rus ədəbiyyatı qədər güclü deyil. Bizim Melvill, yaxud Cek London kimi yazıçımız olmayıb. Ancaq mən gördüm ki, "Martin İden"i italyan reallıqlarına uyğunlaşdırmaq nəinki çətin deyil, hətta olduqca təbiidir – o, sanki böyüdüyüm şəhər Neapol üçün yazılıb.
- Siz “Martin İden”də XX əsrin müxtəlif onilliklərinin nişanələrini, elementlərini və arxiv görüntülərini çox maraqlı bir şəkildə birləşdirirsiniz. Demək olarmı ki, sizin üçün bu yolla qəhrəmanın taleyində bütün yüzilliyi müəyyən edən fikir mübarizəsinin rüşeymi mövcuddur?
- Bəli, şübhəsiz. Buna görə də bu personaj mənim üçün bu qədər dəyərlidir – onda bütün ötən əsri hansısa şəkildə özündə əks etdirə bilmək potensial var. Xüsusilə mənim ölkəmin tarixi kontekstində. Yeri gəlmişkən, Rusiyanın da. Siz yəqin bilirsiniz ki, Cek London Böyük Rus inqilabından əvvəl vəfat edib. O, sonra baş verənləri görə bilmədi, amma çox şey barədə qabaqcadan xəbər verməyi bacarmışdı. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Londonun təsvir etdiyi sosializm 1917-ci ildən sonra əmələ gəlmiş sosializm deyil. Onun təsəvvüründəki sosializm libertarian düşüncə ilə, fərdiyyətçiliklə qarışıq sosializm idi. Deməli, bu həmin sosializm deyil. Mənim filmim libertarian fikirləri qabaqcadan görən nüfuzlu İtaliya sosialist anarxisti Erriko Malatestanın nitq söylədiyi səhnə ilə başlayır. Sonra film – yeri gəlmişkən, bu mənada peyğəmbərcəsinə görünən kitab kimi – onların inkişafını özünəməxsus şəkildə təsvir edir: inqilablar, İtaliya, Almaniya və Rusiyada totalitarizmin müxtəlif formalarının yüksəlişi, İkinci Dünya Müharibəsi.
- Eyni zamanda, xoşbəxtlikdən filminiz təkcə siyasətdən ibarət deyil.
- Əlbəttə. Hər halda, çalışdım ki, içində müəyyən ideoloji konsepsiya olan hansısa bir bəyanat verməyim. Özümü libertarian hesab etsəm də – düzdür müasir libertarianizm ənənəsində olmasam da, yüz ildən çox bundan qabaq bu söz deyiləndə nə başa düşülürdüsə məhz ona ən çox yaxınam. Amma eyni zamanda mənim üçün "Martin İden" başdan sona müasir kinodur. Ələlxüsus, onun finalı. Burada mən müasir sənətkarın, yaradıcının qisməti, Instagram dünyasında və narsisizm mədəniyyətində onun yeri haqqında fikirlərimi ifadə etməyə çalışmışam. Günümüzdə məşhurlaşmaqla belə bir yaradıcı şəxs başqaları ilə əlaqəni itirir, adi insanlardan uzaq düşür və artıq onların adından danışa, onların qayğıları və düşüncələrini ifadə edə bilmir. O, artıq sizin böyük yazıçınız Maksim Qorki kimi ola bilməz. Başqa sözlə, o daha xalqın yazıçısı olmur. Bu səbəbdən kitabla müqayisədə mən sonluğu dəyişdirdim – burada mənim üçün Martin İdeni zəmanəmizin adamı kimi göstərmək vacib idi. Bu finalda o, mahiyyətcə dövrümüzün rok ulduzuna oxşayır.
- Mənim üçün “Martin İden” həm də bir çox cəhətdən kinematoqrafiyadan, onun anadangəlmə siyasi mahiyyətindən bəhs edən bir filmdir. Məsələn, siz müxtəlif illərin arxiv görüntülərini səhnə görüntüləri ilə birləşdirərək, plyonka formatları ilə oynayaraq bu siyasi mahiyyəti açıb göstərirsiniz.
- Şübhəsiz. Ümumiyyətlə, etiraf edim ki, mənim üçün məhz bu iş – forma üzərində işləmək, filmin necə çıxacağı, – işin ən asan hissəsidir. Sadəcə ona görə ki, bu iş mənə böyük zövq verir: rejissor olmaq, həmçinin əlinə kamera almaq və operator kimi fəaliyyət göstərmək, sonra filmi montaj eləmək. Prodüser olmaq – təəssüf ki, bütün filmlərimin həm də prodüseri oluram – daha çətindir. Maliyyə axtarmaq, smeta tutmaq və sair qat-qat ağır işdir. Amma buna dəyər. Kinonu ürəkdən, hədsiz bir sədaqətlə sevirəm. Yeri gəlmişkən, rus kinosunu da çox sevirəm.
- Bu filmdə rus və sovet kinosunun sizə təsiri olduqca güclü hiss olunur.
- Hər halda Martin İden ruhən daha çox rus insanıdır. Yəqin bilirsiniz ki, bu obraz Vladimir Mayakovskini yaman məftun etmişdi. Üstəlik, bir ekran işində onun rolunu canlandırmışdı. Çox təəssüf ki, o film bu günə qədər gəlib çatmayıb (Söhbət 1918-ci ildə Nikandr Turkinin "Pul üçün doğulmayan adam" filmindən gedir, Mayakovski həm də filmin ssenarisini yazmışdı – "Lenta.ru"). Bu, onun kinodakı təcrübələrindən biri idi. Onun Martin İden obrazı, süjeti ilə əlaqədar böyük sirlərdən biri, mənim fikrimcə, reallaşmışdı. Heyf ki, bu bizim üçün sirr olaraq qalacaq.
- Sizi daha nə ilhamlandırdı?
- Ən çox italyan melodramları. Klassik, müharibədən sonrakı populyar kinolar. Daha çox özünün universallığına görə. Çünki o dövrün İtalyan kino ənənəsi həm Sovet, həm də fransız kinosundakı tendensiyalarla ayaqlaşırdı. Bu ölkələrdə 1950-ci illərdə melodramlar ən populyar janr idi. Bu filmlər, mənim “Martin İden”ə əlavə etmək istədiyim, o dövrdə nəsə bir universal dil tapa bilmişdilər. Melodramadan başqa nə? Əlbəttə, Artavazd Peleşyanın mənə nə qədər güclü təsir etdiyini təkrar etməkdən yorulmayacağam. Onunla birlikdə "Peleşyanın susqunluğu" sənədli filmində çalışmaq mənim üçün kino məktəbi əvəzi oldu. Hər şeydən öncə ondan redaktə etməyi, redaktədə kontrapunktdan istifadə etməyi öyrəndim. Mixail Romm, Marlen Xutsiyev və Elem Klimovun mənə təsiri kifayət qədər olub. Klimov sənədli filmlərində necə bir məharətlə montaj edir! Bəli, montaj metodumu sovet rejissorlarından öyrənmişəm. Hansı dövrə məxsus olmasından asılı olmayaraq, hər bir rejissorun formalaşmasında ən vacib şeyin bu uyğun metodu tapıb öyrənmək olduğunu düşünürəm. Bu, müasir görünməkdən, dəb dalınca qaçmaqdan daha dəyərlidir.
- Qiymətli sözlərdir. Martin İden heç yerdən ortaya çıxmış bir personaj deyildi – o, mahiyyət etibarilə əsrlərlə davam etmiş ictimai tarixdən, fikir tarixindən çıxmışdı – və onun haqqında çəkilmiş film, belə çıxır ki, kinematoqrafiya tarixində kök salmalıdır.
- Kino ümumiyyətlə son dərəcədə gözəl, heyrətamiz bir alətdir. O sizə imkan verir ki, hətta keçmişin ustadlarından ilham aldığınız, bəhrələndiyiniz halda belə, konkret nə danışmağınızdan asılı olmayaraq, onu özünəməxsus, unikal şəkildə ifadə edəsiniz. Onda belə imkan var və bu imkan Başqası haqqında, insan təbiəti haqqında danışmaq gücü ilə yanaşı dayanır. Kinonun çox qəribə paradoksları var. Kino həmişə gələcəyə məxsusdur və həmişə də kökü keçmişdədir, amma eyni zamanda tam olaraq indiyə aid deyil. Bəlkə də bu səbəbdəndir ki, nədənsə bədii filmlərdə tarixi süjetlərə üz tutmaq mənə daha yaxındır. Yəni məndə, materialı dəyişdirib başqa şəklə salmaq yolu ilə, realizmi qırıb başqalaşdırmaqla indiki dövrü təhlil etmək meyli, istəyi var.
- “Martin İden”in ikinci yarısındakı üslub keçidi – film birdən-birə qroteskə keçir və hətta Luka Marinellinin makiyajı nəzərə çarpacaq şəkildə teatraldır – bu yer filmin istiqamətinin dəyişməsi kimi görünür.
- Bəli, bayaq dediyim kimi, bunun səbəbi Martin İdeni müasir etmək idi. Ona görə ki, finalda müəyyən… dekadansın təcəssümünü göstərməyə çalışdım. Biz dekadent zəmanədə, ruhi çöküş, tənəzzül dövründə yaşayırıq. İndividualizm, narsissizm indi mütləq norma sayılır. Amma mənə elə gəlir ki, onlar bizim üçün, müasir insanlar üçün çox da uyğun deyillər. Bizim Başqasına, ətrafdakılar ilə xəyali olmayan bir əlaqəyə ehtiyacımız var. Məsələn, sosial şəbəkələr yalnız xəyali əlaqəni təmin edə bilir. Öz şərti ailəsindən, onu qidalandıran mühitdən ayrılmış Martin İden bizə düşən qismətin təcəssümüdür. Buna görə də, o, qroteskə çevrilir. Onun gurultulu fikirləri söyləməsi üçün hər cür fürsəti var, amma deməyə qəti heç nəyi yoxdur. Yadda saxlamaq lazımdır ki, o, həm Londonun ideyasına görə, həm də mənim adaptasiyamda mənfi personajdır. O, necə yaşamaq olmaz deyilən şeyin nümunəsidir. Buna baxmayaraq, müasir dünyada biz hamımız sanki onun məsləhətlərinə uyğun yaşayırıq.
Rus dilindən tərcümə etdi: Elçin İmanov