post-title

Seymur Baycan: “Nazlı həkimə ciddi maya qoydum” - Müsahibə

Yazıçı Seymur Baycanın xanım yazar Nazlı Çələbinin “Həzz” romanı haqqında yazdığı yazı oxucular tərəfindən birmənalı qarşılanmayıb. Kulis.az bu münasibətlə Seymur bəyə suallar ünvanlayıb. Həmin suallar əsasında ərsəyə gələn söhbəti təqdim edirik.

- Seymur bəy, müasir yerli müəlliflərdən nadir hallarda yazırsınız. Necə oldu ki, birdən-birə Nazlı xanımın kitabından yazdınız?

- Bacardığım qədər ədəbi prosesi diqqətlə izləyirəm. May ayında iki həftə ancaq yerli yazıçıların hekayələrini oxudum və təəssüratlarım haqqında “Yazıçılarımız necə yazırlar” adlı yazı yazdım. Məsələn, indi Əjdər Olun “Lo” romanını oxumaqdayam...

Xoşuma gələn, bəyəndiyim xarici müəlliflərin əsərləri haqqında tez-tez yazılar yazaraq, əsəri oxumağı oxuculara tövsiyə edirəm. Hansı əsər haqqında yazı yazıramsa, zövqümə, obyektivliyimə inanan adamlar kitabı alıb oxuyurlar. Buna çox sevinirəm. İnsanların inamını, etimadını qazanmaq həddən ziyadə gözəl bir hissdir. Bəli, çox düz dediniz, yerli müəlliflər haqqına nadir hallarda yazıram. Ona görə ki, mətnə qarşı çox tələbkaram. Söhbət sırf mətndən gedirsə artıq ölçü hissini bir qədər itirmişəm.

Nazlı həkimin “Həzz” romanı haqqında yazmağımın çox sadə bir səbəbi var. Roman mənə çox diri, canlı təsir bağışladı. Romanda aktual mövzulara toxunulub. Təsəvvür edin, “patı”, “şüşə” adlı bir bəlanı cəmiyyətimiz indi müzakirə etməkdədir, amma Nazlı həkim artıq romanda “patı”nın, “şüşə”nin necə bir dəhşətli bəla olduğu haqqında yazıb, bu ağrılı mövzuya toxunub. Nazlı həkimin çox güclü təxəyyülü, geniş nəfəsi var. Bizim yerli yazıçılar arasında belə güclü təxəyyülə, geniş nəfəsə rast gəlmək çətin məsələdir. Bir də ki, yazı başdan-ayağa təriflərdən ibarət deyildi. Romandakı əsas qüsurları da yazıda qeyd etmişdim. Nazlı həkimin dili kasaddır. Bir müddət ancaq Azərbaycan yazıçılarının əsərlərini oxumalıdır. Əli Vəliyevdən, İlyas Əfəndiyevdən tutmuş, düz İsi Məlikzadəyə, Əkrəm Əylisliyə qədər hamını. “Subyektiv siyahı” adlı yazımda Azərbaycan ədəbiyyatından oxunması vacib olan əsərlərin, yazıçıların siyahısını vermişəm. Həmin siyahıdakı əsərləri oxusa Nazlı həkimin dili xeyli inkişaf edə bilər. Həmçinin, Nazlı həkim əsərlərində ruh, kainat, qara və ağ qüvvələr kimi mənasız söhbətlərdən qaçmalıdır. Parapsixologiya haqqında quru, statistik məlumatları əsərdə vermək doğru deyil. Parapsixoloji vəziyyətlər, situasiyalar yaratmaq lazımdır. Yəni, Nazlı xanımın parapsixologiya haqqında düşüncələri, fikirləri əsərdə bədii həllini tapmayıb. Nazlı xanımın peşəsi daima adamlarla ünsiyyətdə olmağa imkan verir. Fikrimizi yumşaq ifadə etsək, bildiyi, dəqiq bələd olduğu məsələlərdən yazmalıdır. Onun əlinin altında həyat materialları kifayət qədərdir. Bu həyat materiallarını əsərlərində əritməlidir. Özündən Hindistan kəşf etməyə ehtiyac yoxdu. Bu, hər şeydən əvvəl onun özünə ziyandır. Həkimlərdən yaxşı yazıçı çıxır. Mövzuları bol olur. Çexov, Bulqakov da həkim idi. Nazlı həkim göstərdiyim iradlar üzərində düşünsə, nəticələr çıxarsa, yaradıcılığında xeyli irəliləyiş olacaq. Ona istiqamət verən, yol göstərən adam olmayıb. Lakin bu işin təhlükəli tərəfi də var. Bəzən təcrübə artanda insan qorxaqlaşır. Məsuliyyətin artması insanı bəzi hallarda qorxaqlaşmağa vadar edir. Ağıllı fikirləşincə, dəli vurur çayı keçir. Yaxınlarda rejissor Mixayel Seqalın müsahibəsinə qulaq asdım. Deyir ki, sənətkar cövhərinin nədə, harda olduğunu bilməməlidir... Lap o məşhur çin məsəlində olduğu kimi. Qırxayaqdan soruşurlar ki, bu qədər ayaqla rəqs etməyi necə bacarırsan? Qırxayaq baxır ayaqlarına, fikrə gedir, çaşır, sonra daha oynaya bilmir.

- Deyirlər, bir kitabın piarı üçün Seymur Baycanın yazısı ciddi faktdır...

- Razıyam, loru dildə desək və hər şeyi öz adıyla çağırsaq Nazlı həkimə ciddi maya qoydum. Qazdan verirəm, axırı nə ola-ola.

- Yazıda işlətdiyiniz “Milli sərvət” sözünü kinayə kimi qəbul edənlər də oldu.

- Azı otuz adam soruşub ki, yazını ciddi yazmışam? Yazıda tərifin barıtın bir az çox eləmişəm. Salman Rüşdini tənqid elə, Sartrı, Borxesi, Ceyms Coysu yazıçı hesab eləmə və birdən durub ədəbi mühitdə o qədər də tanınmayan bir adamın kitabını təriflə. Ola bilsin, yazını ciddi yazmağıma qarşı şübhələrin yaranmasında bu amillərin rolu olub. “Milli sərvət” sözünü isə daha çox Nazlı həkimin həyat təcrübəsinə istinad edərək işlətmişəm. “Canlara dəyən sevgilisi var, baxır da qızımıza necə lazımdır”- cümləyə bax, sən Allah! Cümlədən həyat fontan vurur. Bu cümləylə Nazlı həkim adamı həyatın içinə soxur. Bir həftədir bu cümlə mənə babat kef verir. Nazlı həkim həyat məktəbi açmalıdır. Biz hamımız, yəni ədəbi mühitin üzdə olan isimləri gedib həmin məktəbdə şagird kimi Nazlı həkimdən həyat dərsləri almalıyıq. Bu həyat dərsləri yaradıcılığımıza öz müsbət təsirini mütləq göstərəcəkdir.

- Müəllif sizə qısa da olsa yazı ilə cavab verdi. Orda tənqidlərinizlə bağlı bir çox məsələyə aydınlıq gətirməyə çalışdı. Bu haqda nədir təəssüratınız?

- Çox sevincli görünürdü. Açığı Nazlı həkimə görə bir az narahat oldum. Qorxdum ki, sevindiyindən dondurma kimi əriyəcək. Belə sevincli görünməyə haqqı vardı. Onun yerində kim olsaydı sevinərdi. Havayı deyil, Seymur Baycan kimi bir adam onun kitabı haqqında yazı yazıb.

- Ümumiyyətlə, sizcə “qadın yazıçı” ifadəsi doğrudurmu? Bəzən düşünənlər olur ki, nəsr bizim Azərbaycan xanımlarında elə də uğurlu alınmır...

- Söhbət təkcə bizim xanımlardan getmir. Bu ümumi problemdir. Hər yerdə nəsr qadınlarda uğurlu alınmır. Qadınların təbiəti onların ciddi sənət əsəri yaratmasına mane olur. Ciddi sənət əsəri yaratmaq istəyən adamlar daima içlərində qazıntı, kəşfiyyat aparmalıdırlar. Adidən də adi bir misal... Kişi bir yerə gedəndə beş dəqiqəyə, uzağı on dəqiqəyə hazır olur. Qadın dayanır şkafın qabağında, bilmir hansı paltarı geyinsin. Onu geyinir, bunu geyinir. O sırğanı taxır, bu sırğanı çıxarır. Bu pomadanı dodağına yaxır, o pomadanı dodağından silir... Nə olub? Onlar çox narahatdırlar. Əslində narahatlıq yaxşı şeydi. Pis olan odur ki, qadınların narahatlığında bəşərilik çatışmır. Bir yerə gedəndə şkafın qabağında dayanıb nə geyinmək haqqında dərin düçüncələrə dalan adam necə ciddi sənət əsəri yarada bilər? Üstəlik, onlar öz vəziyyətləri, təbiətləri ilə razılaşmırlar. Ciddi, ağır söhbətlərə iddia edirlər və ciddi, ağır söhbətlərə girəndə gülməli görünürlər. Halbuki, öz təbiətlərindən, həyata baxışlarından, həyat fəlsəfələrindən, şkafın qabağında dayanıb dərin düşüncələrə dalmaqlarından səmimi tərzdə yazsalar ortaya çox maraqlı mətnlər çıxar. Amma bunları yazmaq çox çətindi. Bunları yazmaq üçün gərək vəziyyətlə üzüsulu barışasan, eqonu tam öldürəsən. Bu da hər kəsin bacaracağı iş deyil...

Bax elə dünən özümə şalvar almaq üçün geyim mağazasına getmişdim. Yekə bir geyim mağazası təsəvvürünüzə gətirin. Kişi bölümündə tam sakitlik hökm sürürdü. Kişilər xoşlarına gələn paltarları götürüb əyinlərinə olub-olmadığını yoxlamaq üçün geyinmə otağına gedirdilər. Bəziləri heç otağa getmirdilər. Seçdikləri paltarı götürüb kamali-ədəblə birbaşa kassaya tərəf addımlayırdılar. Mən də paltar alanda əynimə olub-olmadığını yoxlamıram. Balaca olanda münasib dost-tanışlardan birinə hədiyyə edirəm. Yekə olmağının da qorxusu yoxdur. Nəsə, geyim mağazasının kişi bölümündə o qədər sakitlik idi ki, qu desəydin, qulaq tutulardı. Qadın bölümünə isə sanki bir sürü ac və qəzəbli qara qarğa doluşmuşdu. Biri anasına zəng edir, biri xalasına zəng edir, biri rəfiqəsinə zəng edir, biri qonşusuna zəng edir... Adi bir paltarı almamışdan əvvəl paltarın şəkilin çəkib azı on adama göndərirlər. Yaraşır, yoxsa yaraşmır, alsam necə olar, almasam necə olar, bahadır, yoxsa ucuzdur və sairə və ilaxır. Bu qədər əhəmiyyətsiz şeylərə bu qədər ciddi yanaşan varlıqların içində Bethovenin, Tolstoyun, Çarli Çaplinin, Tomas Mannın yetişməsi çətindir. Problemi tarixdə, kişi hökmranlığında-zadda axtarmaq boş söhbətdir. Problem özlərindədir, təbiətlərindədir.

- Xanımlar arasında bəyəndiyiniz və ciddi hesab etdiyiniz nəsr yazan heç yoxdur?

- Sırf ədəbiyyat nöqteyi-nəzərdən oxuduqlarım arasında Jorj Sand ən güclü qadın yazıçıdır. Amma onun nəsri qadın nəsri deyil, kişi nəsridir. Kişi kimi yazıb əsərlərini. Jorj Sandın əsərlərin oxuyanda mənə elə gəlir ki, onun penisi olub. Nə bilmək olar, bəlkə həqiqətən də olub.

- Bəs Virciniya Vulf?

- Virciniya Vulf çox mənasız qadındı. Havayı yerə özünə əziyyət verib, əbəs yerə yerlə-göylə əlləşib. Həm də yaradıcılığında əziyyətlərinin bədii həllini verə bilməyib. Onun əsərləri mənasız, lazımsız gərginliklərdən ibarətdir, əsərlərində ədəbiyyat azdır. Halbuki, hikkəsini, mənasız iddialarını kənara qoymağı bacarsaydı, yaxşı əsərlər yaza bilərdi. Amma sonu faciə ilə bitsə də, onun oyunçuluğuna hörmət etməyə məcburam, xeyli adamı barmağına dolamağı bacarıb. Bunun özü də balaca iş deyil.

- Sizin Kulisdə gedən “Maraqsız sevgi əhvalatı” hekayəniz Fb-də müzakirələrə səbəb oldu. Qəribədir, Nazlı Çələbiyə dil, söz ehtiyatı, üslub və redaktə ilə bağlı tutduğunuz iradları sizin özünüzə tutmuşdular.

- Azərbaycanda mənim nəsrim haqqında fikir bildirəcək adamların sayı beşdən artıq deyil. “Onun Xallı adlı qara rəngli, qoca bir iti vardı. Bu qoca it öz damında hey büzüşüb yatırdı. Arabir hürmək istəsə də gücü çatmırdı”, “Ona Dərbəndə qaçmağı təklif etdim. Soruşma niyə məhz Dərbəndə? Özüm də bilmirəm. Nədənsə, mənə elə gəlirdi ki, qaçmalı olsaq, biz ancaq Dərbəndə qaçmalıyıq”, “Havadan at iyi gəlirdi” – bu cümlələr “Maraqsız sevgi əhvalatı” hekayəsindəndir. Bu cümlələrin ağırlığın başa düşməyən adamlara heç nə izah edə bilmərəm. Bu cümlələrdəki enerji hansısa bir qüvvəyə çevrilsə, həmin qüvvə doqquzmərtəbəli bir binanın altını-üstünə çevirər. Bura gəlib çatmaq asan olmayıbdır. Kobud, zövqsüz adamların dilində belə bir cümlələr yazmaq faciədir. Mənim nə yazdığımı bir, uzağı iki adam başa düşəcək. Bu bir, iki adamın başa düşməsi qalanlarının başa düşməməsindən üstün olacaq. Amma həmin adamlara yazığım gəlir. Onlara çox çətin olacaq. İtin əzabın çəkəcəklər həyatda. Nə etməli, həyat belədir, sistem belə qurulub. İtin əzabını çəkməsən, idrak ağacının meyvələrini dərib, dadına baxa bilməzsən. Necə deyərlər, bir dərdim var, min dərmana dəyişməm. Vəziyyət belədir, hər kəs öz seçimini etməlidir.

- Bu dəfə də çox zaman səslənən və sizin də qəbul etmədiyiniz fikir səslənmişdi: publisistikada daha ustadır! Sizcə, niyə bu fikri həmişə deyirlər?

- Bir mahnını bu qədər təkrar oxumaqdan yorulmadılar? Hər ikisində ustayam. Həm publisistikada, həm də nəsrdə.

- Ad çəkməkdə ehtiyatlı davranan Seymur Baycanın ədəbi camedə o qədər də tanınmayan bir xanıma ayrıca yazı həsr etdi...

- Qayıtdıq söhbətin əvvəlinə və yaxşı ki, qayıtdıq. Yazmayanda deyirlər, niyə yazmırsan, yazanda da deyirlər, niyə yazmısan? Yaxşı, mən nə edim? “Həzz” romanının təxminən ortasına çatanda, mütaliəni dayandırdım, girdim internetə, dedim, görüm, bu müəllif kimdir, nəçidir? Qarşıma bir video çıxdı. Nazlı həkim bir verilişdə heç bir elmi əsası olmayan fikirlər səsləndirirdi. Verilişin aparıcısı, həm də qonaqlar ona kinayə ilə baxırdılar. Bu səhnə mənə pis təsir etdi. Həmin anda Nazlı həkim gözümə çox köməksiz göründü. Ürəyim ağrıdı. Bilmirəm, nədənsə son vaxtlar mərhəmətli, sentimental olmuşam. Hər şey çox sürətlə baş verdi...

- Lakin düşünənlər var ki, Nazlı xanım haqda yazı bir az da həmkarlarınızı qıcıqlandırmaq üçün yazılıb.

- Belə bir fikrin yaranmasına görə çox kədərlənirəm. Nazlı xanım həkimdir, videolar çəkir, veriliş aparır. Ən əsası ədəbi tənqid, ədəbi mühit tərəfindən ciddi bir diqqət olmadığı halda yeddi kitab yazıb. Asan deyil. Şəxsən mən bunu bacarmazdım. Başım çıxmır bu qədər gücü, enerjini, həvəsi hardan alır? Bu qədər işin-gücün içində yeddi kitab yazmağa görəsən onu nə məcbur edib? Nazlı həkimdən mütləq müsahibə almaq lazımdır. Qoy bizi öz yaradıcılıq mətbəxi ilə tanış etsin.

- Bildiyimiz qədər, yeni hekayələr yazırsınız... İş nə yerdədir? Yeni kitab gələcəkmi?

- Hə, indi mənasız hekayələr yazıram. Ədəbiyyatın nirvanasındayam. Bilmirəm bundan o tərəfə nə yazmaq olar. Bundan o tərəfi yoxdur. Məni qane etməyən yeganə məsələ sürətin aşağı olmasıdır. Mart ayından bəri cəmi dörd hekayə yazmışam. Halbuki, səkkiz hekayə yazmalı idim. Mütaliə yazı prosesinə ciddi mane olur. Deyirəm, bu kitabı oxuyum bitirim, sonra hekayəni yazaram. Kitabı oxuyub bitirirəm, hekayəni yazmıram, keçirəm başqa kitaba. Bunu bir növ yaradıcı fərarilik də adlandırmaq olar.

Yuxarı