Vladimir Voynoviç: "Artıq hamının Putindən zəhləsi gedir"
- Siz 1986-cı ildə Rusiyada Putinin hakimiyyətə gələcəyini necə &…
Nazirliklə qalmaqal yaşayan bəstəkar: “İddia edirlər ki, musiqini Bəstəkarlar İttifaqından yaxşı bilirik” – Müsahibə
Kulis.az tanınmış bəstəkar Firudin Allahverdi ilə müsahibəni təqdim edir. Xatırladaq ki, o, bu günlərdə peşəkar bəstələrin Mədəniyyət Nazirliyi tərəfindən qonorar ödənilərək alınması ilə bağlı yazdığı tənqidi yazı ilə gündəmə gəlmişdi.
- Firudin bəy, istəyirik söhbətə peşəkar musiqinin ümumi vəziyyəti ilə başlayaq...
- Peşəkar musiqinin vəziyyətinin yaxşı olmasının formulu belədir: yaxşı təhsilli, o cümlədən incəsənət və musiqi ilə bağlı məlumatlı elita günün birində bəsit musiqi ideyalarından ibarət mahnı və rəqslərlə öz estetik ehtiyacını ödəyə bilmir, daha peşəkar musiqi axtarışında olur, onu tapır, dinləyir və dəstəkləyir. Mozart, Beethoven, Çaykovski, Ravel kimi bəstəkarların dinləyiciləri və dəstəkçiləri məhz aristokratiya və burjuaziya idi. O dinləyicilərin əksəriyyəti nəinki yaxşı riyaziyyat və ya ədəbiyyat dərsləri, həm də yaxşı musiqi dərsləri də almışdılar və səhnədə orkestrin çaldığı əsərin forması və digər xüsusiyyətlərindən xəbərdar idilər. Bəziləri hətta arada musiqi də yazırdı - mahnı yox ha, sonata, simfoniya, konsert... Yəni aldıqları musiqi təhsili demək olar professional bəstəkar olmağa kifayət edirdi. Amma əksəriyyəti professional dinləyici olmağı seçir, digər qiymətli əşyalar - qızıl, brilyant, rəsm əsəri kimi professional musiqini də dəyərləndirə bilirdilər.
XXI əsr Azərbaycanında da bu sahədəki ən böyük problem elita, yuxarı sinif hesab edə biləcəyimiz kəsimin incəsənət zövqünün sadə zəhmətkeşlərin zövqündən prinsipial olaraq fərqlənməməsidi. Bu sahənin təhsilində də müəyyən problemlər sadalamaq olar, amma danışdığım əsas problem həll olunmayınca yaxşı təhsil alanlar da burada qala bilməyib münasib ölkələrə üz tutacaq.
- Hər halda bir çıxış yolu ağlınıza gəlib. Sizcə nə etmək olar?
- Bu işləri bir gündə, bir ildə düzəltmək mümkün olmur. Hazırda incəsənəti dəstəkləməyini gözləməli olduğumuz nəsildən əlimizi üzməliyik. Əslində, elita sayılmalı olan bu "iş adamları", imkanlı şəxslərdən niyə incəsənəti dəstəkləmədiyini soruşsaq, o, bizim yanlış düşündüyümüzü, özünün çox böyük sənət xiridarı və dəstəkçisi olduğunu deyəcək. Nümunə göstərməsini istəsək, hansısa orta istedadlı - əsasən xanım müğənniyə sponsorluq etdiyindən söz açacaq. Qınamalı da deyil. Dünyagörüşü, sənətlə bağlı məlumatı bu qədərdir. Özü də işində, "biznesində" bilik və savadına görə deyil, sadəcə kiminləsə əvvəldən və ya sonradan qohum olmasına görə irəliləyib. Biz yalnız gələcəkdə elita sayılacaq gənclərə ümid bağlamalı, onların üzərində işləməliyik. Böyük amerikalı bəstəkar və dirijor, musiqi populyarizatoru Leonard Bernsteinin məşhur Harvard mühazirələri var. O, başa düşürdü ki, iyirmi il, otuz il sonra ABŞ-da qərarları kimlər verəcək, indidən gedib onlara musiqi mühazirələri oxuyurdu ki, onlar gələcəkdə musiqidə nəyin dəyərli olduğunu, nəyin olmadığını bilsin, düzgün qərarlar versin. İncəsənətlə bağlı keyfiyyətli yutub kanallarına ehtiyac var. Gənclər, hətta universitetdə də olmasa, heç olmasa yutubda, ana dilində məlumatlarla tanış olmalıdır ki, məsələn, “Mona Liza” niyə dəyərlidir, Van Qoqun nəyi mühümdür, musiqi əsəri dinləyəndə, ya da memarlıq abidəsinə baxanda nəyə fikir vermək, hansı kriteriyalara görə dəyərləndirmək lazımdır.
- Sizcə, dövlətin necəsə dəstəyi özünü doğruldan ideya deyil?
- Sözsüz, dövlət ən böyük dəstəkçi olmalıdır. Amma necə? Dövlət incəsənət məhsulunun bədii-estetik tərəfinə qarışmamalı, yalnız texniki standartlar müəyyən etməlidir. Çünki məhz ikincisi dövlət kimi institutda yaxşı alına bilər. Dövlət insan deyil - qurumdur, mexanizmdir, obrazlı ifadə etsək, onun ürəyi olmur, heç olmamalıdır da. Dövlət davamlı qrant müsabiqələri etməlidir. Amma dəyərləndirmələr məmurlar tərəfindən deyil, savadlı, mötəbər və səriştəli sənətçilər tərəfindən aparılmalıdır. Məmur - mexanizmin vintidir. O, ola bilər işdən sonra incəsənətlə, ya da incəsənət nümunələri ilə hansısa münasibətdə olsun - konsertə getsin, incəsənət nəzəriyyələri ilə bağlı kitablar oxusun və s. Amma iş vaxtı o başqa adamdır. Dövlət siyasətini yerinə yetirən, yuxarıdan verilən tapşırıqları vaxtında və keyfiyyətli həyata keçirməyə çalışandır. Ümumiyyətlə, bizim dövlətin mədəni siyasəti yenidən qurulmalıdır. Tam yeni konsept işlənməlidir. Hazırkı konsept SSRİ dövründən, hətta mahiyyət etibarı ilə SSRİ-nin ən qaranlıq dövründən - 1930-lardan qalmadır. Mükafatlandırma, teatr və kino sahəsinə baxış, dövlət-sənətkar münasibətləri və s. hamısının kökü o vaxt qoyulub. Fəxri adlar ləğv olunmalıdır. “Xalq artisti” ünvanı “Xalq düşməni” ünvanı ilə qoşa yaradılmışdı: birinə Xalq artisti adı verib yerüstü mənzilə, o birinə Xalq düşməni adı verib yeraltı mənzilə göndərirdilər. Əməkdar deyiləndə sosialist əməyi nəzərdə tutulurdu. İllah ki, fəxri ad verilməlidirsə, yeni adlar və yeni konsept yaranmalıdır - meyar kimi büdcəyə pul qazandıra bilmə götürülə bilər. İngiltərə kraliçası “The Beatles” qrupuna ordenləri yaxşı gitara çalmalarına, ya da siyasi loyallıqlarına və ya dövlət tədbirlərində mütəmadi iştiraklarına görə vermirdi. Zatən qrup bu saydıqlarımın heç birini eləmirdi də. Onlara Britaniya xəzinəsinə çoxlu pul qazandırdığına görə orden verilirdi. Dünyanın dörd bir yanında musiqiləri səslənir, bundan çoxlu pul qazanır və yaxşı vergi verirdilər.
Bizim dövlət, xüsusilə də mədəniyyət sahəsində öz üzərinə çoxlu yük götürüb. Bu isə dünyada XIX əsrin ortasından XX əsrin ortalarına qədər davam edən bir tendensiya idi. Sonra qabaqcıl dövlətlər konsepti dəyişdi və bunun nəticəsində daha keyfiyyətli, daha davamiyyətli nəticələr əldə etdi.
- Ədəbiyyat sahəsində nüfuzlu yazıçılar və məhz Azərbaycan Yazıçılar Birliyi siz deyən bir çox mütərəqqi addımların atılmasında, islahatların aparılmasında maraqlı deyil. Üstəlik, yeni nəsil, nüfuzlu və titullu yaşlı nəslin idarəçilik maraqlarından əziyyət çəkir. Sizin sahədə nə cürdür? Bəstəkarlar İttifaqı sizin üçün nəyi ifadə edir?
- Bəstəkarlar İttifaqı və Yazıçılar Birliyinin arasında çox böyük fərq var. Bəstəkarlar İttifaqının demək olar ki, bütün üzvləri Bakı Musiqi Akademiyasını iki ixtisas - bəstəkarlıq və musiqişünaslıq üzrə bitiriblər. Hamı bir-birini çoxdan tanıyır, hamı bir-birinə bələddir. Məşğul olduğumuz iş də populyar musiqi sahəsi deyil. Bu baxımdan Yazıçılar Birliyi ilə müqayisədə daha qalmaqalsız mühit var. Bizdə səs-küy yalnız konsert zamanı, o da səhnədə olur. Sədr Firəngiz Əlizadə də əlindən gəldiyi qədər bəstəkarlarımızın musiqisinin xaricdə və ölkəmizdə konsertlərdə, festivallarda səslənməsinə çalışır. Mən həm öz üzərimdə, həm də başqa, xüsusilə gənc bəstəkarların üzərində Bəstəkarlar İttifaqının qayğısının şahidiyəm.
- Bəs Firəngiz xanım dövlətlə bəstəkarlar arasında daha sivil əməkdaşlığın qurulması təklifləri ilə çıxış edə bilməzmi?
- Mədəniyyət Nazirliyinin mənim başıma gətirdiyindən də gördüyümüz kimi, Bəstəkarlar İttifaqı, o cümlədən sədr Firəngiz Əlizadə bu yöndə iş görür: mənim müziklım barədə Mədəniyyət Nazirliyinə rəy verir, amma nazirlik bu rəyi qəbul etmir. Təsəvvür edin, Azərbaycan musiqi tarixinin dünyada ən tanınmış bəstəkarı deyir ki, bu əsər müzikldır, amma nazirlik deyir, yox, bu müzikl deyil. Yəni Mədəniyyət Nazirliyi iddia edir ki, nazirliyin işçiləri musiqini Bəstəkarlar İttifaqından daha yaxşı bilir. Güman edirəm, Bəstəkarlar İttifaqına münasibəti göstərmək üçün bu özü qeydədəyər nümunədir.
- Bu cür münasibət sizi həvəsdən salmır ki? Qazanc olmayanda işləmək çoxmu çətindir?
- Söhbət ümumiyyətlə işdən və həvəsdən gedirsə, yox. Amma konkret burda işləmək həvəsindən salır və başqa ölkələrə köçmək barədə düşündürür, məsələn.
- Serial və kino istehsalında işləmək perspektivi nə qədərdir?
- Serial musiqisi məni özünə çəkmir. İşin spesifikası belədir ki, bəzən xeyli mənasız musiqi yazmaq lazım gəlir. Amma film musiqisi çox maraqlıdır, orada özümü, necə deyərlər, daha yaxşı hiss edirəm. Mütəmadi olaraq da rejissorlar tərəfindən iş təklifləri alıram.
- Mahnı yazıb daha çox tanınmaq və daha çox qazanmaq haqda düşünməmisiniz heç? Ümumilikdə bu janrla aranız necədir?
- Mahnı janrı ilə aram yaxşıdır. Kimsə nə vaxtsa mahnı istəyibsə yazmışam. Amma özüm çox az hallarda kiməsə mahnı təqdim etmişəm. Bunun da səbəbi müğənnilərin çevrəsində olmamağımdır. Tale belə gətirdi ki, tələbəlik dövründən başlayaraq müğənnilərin deyil, rejissor, yazıçı və aktyorların çevrəsində oldum və əsasən teatr, kino sahəsində təkliflər aldım. Mahnıların da çoxunu tamaşa və filmlərə yazdım. Mahnı ilə pul qazanmaq üçün gərək profili dəyişim, mahnı bəstəkarı olum, müğənnilərin çevrəsində olum, müğənnilər üçün və onların istədiyi kimi çoxlu mahnı yazım.
- Bütün baş verənlərdən sonra dövlət teatrlarından təklif gəlsə, işləyərsiniz?
- Məsələ burasındadır ki, əksər teatr və kino işlərində əvvəldən müqavilə bağlanır və sonra problem olmur. Amma müzikl, opera, simfonik musiqi janrlarında əsər səslənəndən sonra qonorar ödənir. Simfonik musiqidə ümumiyyətlə bəzən heç ödəmirlər - bununla bağlı çoxlu nümunələr var. Bəstəkarların simfonik əsərləri o qədər çətinliklə repertuara düşür ki, yazıq bəstəkarlar öz əsərlərinin səslənməsinə o qədər tamarzıdır ki, bəziləri heç bilmir dövlət kollektivi əsəri çalıbsa ona qonorar ödənməlidir. Hər halda, öz dərimdə hiss elədim və başa düşdüm ki, Azərbaycanda iri həcmli əsər yazmaq mənasızdır. Bunu qiymətləndirən yoxdur.
- Hazırda nə yazırsınız?
- Hazırda bir qısametrajlı və bir animasiya filminə musiqi yazıram, dolanışıq üçün zəruri olan aranjiman, miks işləri ilə məşğul oluram. Boş vaxtlarımda neçə ildir bitirə bilmədiyim simfonik əsərimin üzərində işləyirəm. Əslində aydındır ki, ölkəmizdə simfonik musiqi ilə məşğul olmağa dəyməz, amma başlamışam, gərək bitirim. Bəlkə başqa ölkələrdə səsləndirmək şansı ola...