post-title

Seymur Baycan: Qurdla quyruq yeyib, çobanla ağlamağın yolları haqqında

Axund mollanı bəyənməz, molla axundu, seyid də hər ikisini
Atalar məsəli

 

Müharibə günlərində xeyli adam müharibədən sonra ölkədə vəziyyətin yaxşılığa doğru tamam dəyişəcəyi, hər şeyin tamam başqa cür olacağı barədə düşünürdü. Hətta bəzi yoldaşlar qədərindən artıq dərəcədə coşaraq, deyirdilər ki, görəsən Seymur müharibədən sonra nə yazacaq, nədən yazacaq. Bəzi yoldaşlar torpaqların azad olunmasından daha çox mənim indən belə mövzusuz qalacağıma sevinirdilər. Onlar ciddi-ciddi belə düşünürdülər, daha doğrusu belə xəyallara qapılmışdılar: müharibədən sonra hər şey gözəl, hər şey rahat olacaq. Gül bülbülü çağıracaq, bülbül gülü. Vəziyyət yaxşılığa doğru o qədər dəyişəcək ki, nə qədər ciddi şəkildə axtarsam da, daha yazmağa mövzu tapmayacam.

Məsələnin özümə aid hissəsinə münasibət bildirim, sonra keçərik məsələnin ümumrespublika tərəfinə.

Mənim publisistikam birxətli deyil. Müxtəlif mövzularda yazılar yazıram. İstəsəm həftədə iki yazı yaza bilərəm. Özümü bir az sıxsam həftəyə üç yazı da yazmağı bacararam. Mövzu problemim də yoxdur. Əlimin altında hər zaman azı on mövzu olur. Bəzən mövzunun çoxluğundan əziyyət çəkirəm. Bilmirəm hansı mövzunu növbədə irəli çəkəm, hansı mövzunu daha tez yazam. Beləliklə, bir il, il yarım yazılmaq üçün növbədə dayanan mövzular olur. Azərbaycanlıların da həyat və yaradıcılığını özümə daimi məşğuliyyət seçməmişəm. Sadəcə arada yaxşı mövzular qarşıma çıxanda, hansısa mövzu məni tutanda, müşahidələrimi ümumiləşdirib yazı yazıram. Bir publisist kimi bu, mənim işimdi. Kimlərinsə müşahidə qabiliyyəti zəifdirsə; millətçi, dini düşüncələri, siyasi mövqeyi real vəziyəti görməyə imkan vermirsə, kimlərsə hansısa səbəblərə görə real vəziyyəti görmək istəmirsə, bir yazıçı, bir publisist, bir aktivist, bir insan, bir vətəndaş olaraq yetişməyibsə, kaldırsa, yaşıldırsa, bu, bəndənizin problemi deyil. Belələri naqis xəyallar qurmaq əvəzinə gedib özlərini yetişdirsələr daha yaxşı olar.

On ildir bu və ya digər formalarda “tükənib”, “tükənmisən” sözünü eşitməkdəyəm. On ildə on iki kitabım nəşr olunub. Təkrar nəşr olunan kitabları hesaba qatmıram. Göydəki kişi imkan versə aprel-may aylarında daha iki kitabım nəşr olunacaq. On ildə yüzdən artıq hekayə yazmışam. Bu hekayələrdən də təxminən yeddi-səkkizi yüksək səviyyəli hekayələrdir. Heç də aşağı göstərici sayılmaz. O hekayələrdən birini hansısa vəzifəli, məmur bir yazıçı yazsaydı, onlarla adam yaltaqlanmaq, mədhiyyə oxumaq üçün sıraya düzülərdilər.

İndi maraqlı bir sual ortaya çıxır. Tükənən adam on ildə on iki kitabı necə yazıb?

Adama durub hansısa tərzdə formadan düşmüsən, zəifləmisən, bir az ara ver, bir az fasilə ver sözlərini hardasa demək olar. Bir də ki, bu sözlərin kim tərəfindən, hansı niyyətlə deyilməsi də vacib şərtdir. Amma ta durub adama tükənmisən demək, bağışlayın, bir balaca tərbiyəsizlikdir. Üstəlik, bu tükənib, tükənmisən sözünü baxır hansı adama deyirsən. Bu da həmçinin öz növbəsində incə nüansdır.

Müdrikliyin, müdrikləşməyin bir növü də sevgini, rəğbətini, nifrətini düzgün hədəflərə istiqamətləndirməkdir. Hesaba vursan, mən bəlkə də Azərbaycanda nifrət ediləsi on mininci adamam. Övladlarınızın, doğmalarınızın ətini yeyib, qanını içən, sümüklərindən oyuncaq düzəldən nifrət ediləsi minlərlə adam var. Belə nifət etməyi yaxşı bacarırsınızsa, illah da nifrət etmədən yaşaya bilmirsinizsə, duxunuz çatırsa, övladlarınızın, doğmalarınızın ətini yeyib, qanını içənlərə nifrətinizi bildirin və lütfən tükənmək barəsində arzularınızı reallıq kimi təqdim etməyin.

Əlbəttə, söhbət tükənməkdən və ya tükənməməkdən, yaxşı və yaxud pis yazı yazmaqdan getmir. Söhbət ondan gedir ki, azərbaycanlılar puldan və vəzifədən savayı heç nəyə inanmadıqlarına görə pulu və vəzifəsi olmayan adamın ağıllı-ağıllı danışmasına, hansısa mövzuya münasibət bildirməsinə şiddətlə qıcıq olurlar. Azərbaycanlılar ümumiyyətlə kasıb adama nifrət edirlər. Sən azərbaycanlıların qarşısında heç bir halda kasıb olduğuna bəraət qazandıra bilməzsən. Nə desən, hansı səbəbləri sadalasan da sənə ən yaxşı halda bədbəxt, avam, mağmın adam kimi baxacaqlar. Hələ nəsə qazanmaq, nəsə qamarlamaq imkanın olubsa və hansısa prinsipinə görə bunu “əldən vermisənsə”, onda lap belə Aşğabad batan kimi evin batdı. Nəsə qazanmaq, qamarlamaq imkanın olubsa və bunu əldən vermisənsə, azərbaycanlılar ən yaxşı halda sənə xalis idiot kimi baxacaqlar. Nəcə yani, sən nəsə qazana bilərdin, sən nəsə ala bilərdin, amma almamısan, qazanmamısan. Heç bir halda sənə bəraət yoxdur. Desən, filan addımı ata bilməzdim, filan addımı atmaq mənim təbiətimə ziddir, qayıdıb adamın üzünə deyərlər ki, tüpürüm sənin təbiətinə və deyirlər də. Eləcə də pul və vəzifə qazanmaq yolunda istənilən variant, əməl azərbaycanlılar üçün keçərlidir. Məqsəd hər cür qeyri-insani vasitələrə haqq qazandırır.

Azərbaycanlılar pulu və vəzifəsi olmayan adamın ağıllı-ağıllı danışmasına, hansısa məsələyə, mövzuya münasibət bildirməsinə yalnız bir halda nisbətən tolerant yanaşa bilərlər. Sən gərək özünə sanballı bir büt tapıb, daima, gecə-gündüz ona sitayiş edəsən. Sən gərək özünə bir büt tapıb daima ona mədhiyyələr oxuyasan. Bax, bu halda azərbaycanlılar pulu və vəzifəsi olmayan adamın ağıllı-ağıllı danışmasına, hansısa məsələyə münasibət bildirməsinə bir az tolerant yanaşa bilərlər. Bu tolerantlıq isə “itdən ayıb deyil, itin yiyəsindən ayıbdır” fəlsəfəsindən öz mənbəyini götürür.

Yəni, fikrimizi daha sadə, daha aydın izah etsək, belə bir formula alınar: hansısa bütə sitayiş edərək, əgər ağıllı-ağıllı danışırsansa, sitaiş etdiyin bütə hörmət əlaməti olaraq azərbaycanlılar tərəfindən sənə nisbətən tolerant münasibət göstərilə bilər. Pulun və vəzifən yoxdursa, heç bir sanballı bütə sitayiş etmirsənsə, özün də ağıllı-ağıllı danışırsansa, mütləq şəkildə azərbaycanlıların nifrətini qazanacaqsan. Bilmirəm nə dərəcədə uğurlu misaldır, yadıma hazırda bu misal gəlir. Məsələn, hansı məclisdə, harda Alim Qasımovdan söhbət düşübsə, mütləq bir adam gözləri işıldaya-işıldaya bu sözləri deyib: “Deyirlər Kamaləddinlə yaxşı əlaqəsi var”. Bu sözü Azərbaycan dilinə belə tərcümə etmək lazımdır: təpədən-dırnağa qədər saxtakarlıqdan, sünilikdən ibarət Alim Qasımovun özünü zahidliyə, dərvişliyə qoyması, guya göylərlə, buludlarla, ruhlarla-zadla əlləşməsi öz yerində, əsas məsələ onun Kamaləddinlə yaxşı əlaqədə olmasıdır.

Başqa bir misal. Bir gənc yazı adamı var. Həqiqətən mərifətli-qanacaqlı, savadlı adamdır. Camaat arasında bir qədər hörmət qazanıb. Yazıq elə bilir ki, bu hörməti mərifətinə-qanacağına, savadına görə qazanıb. Ta bilmir ki, camaatın ona göstərdiyi hörmət, onun özünə görə deyil, tapındığı, sitayiş etdiyi, zaman-zaman ünvanına mədhiyyələr oxuduğu bütə, məmur yazıçıya görədir. Həyatda belə amansız, qəddar illüziyalar olur. Necə deyərlər, it araba kölgəsində yatır, elə bilir öz kölgəsidir.

Daha bir misal. Bir gənc var. Saçını uzatmışdı, sufilikdən, buddadan-zaddan danışırdı. Əndrabadi mahnılar oxuyurdu. Oxuduğu mahnıları da Herman Hessenin Siddharta romanı ilə əlaqələndirirdi. Bir müddət belə mənasız əməllərlə məşğul oldu. Nəhayət mənasız işlərlə məşğul olduğunu anladı. Haqqın yolun tapdı. Başladı hakimiyyətə yaltaqlanmağa. Nəticədə son vaxtlar hörməti bir az artıb.

Yaxud götürək Əli İsa Cabbarovu. O da təsbeh çevirə-çevirə sufilikdən, həqiqətdən, mərifətdən, təriqətdən, tamahdan, nəfsdən-filan danışmağı sevirdi. Gördü yaş keçir, ortada da ciddi heç nə yoxdur, valı dəyişdi, düzgün addımlar atmağa qərar verdi. Son vaxtlar hakimiyyətə babat yarınmağa başlayıb. Onun da hörməti camaat arasında yavaş-yavaş qalxmaqdadır. Sadəcə, bütün hallarda Əli İsa kimilərinin təcrübələri zəifdir. Təcrübə çatışmır. Təcrübənin çatışmaması da öz fəsadlarını göstərir. Verdiklərinin müqabilində, çox az şey alırlar. Gedib təcrübəli akulaların yanında məktəb keçməlidirlər. Əli İsa Cabbarov tutaq ki, Rəşad Məcid, Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Əliyev kimi təcrübəli akulaların yanında üçcə ay məktəb keçsə, şişi və kababı yandırmadan, maksimum az verib, maksimum çox almağın, qurdla quyruq yeyib, çobanla ağlamağın yolunu-yolağasını xeyli öyrənmiş olar. Nəticədə həm özünə, həm də cəmiyyətə nə qədər fayda verər.

Yeri gəlmişkən, yaxşı yadıma düşdü, tam ciddi deyirəm, mən müxalifət nümayəndələrinin debilliyini başa düşməkdə çətinlik çəkirəm. Oturub-durub hakimiyyətin korrupsiyasının miqyasından, ölkənin yeraltı və yerüstü sərvətlərini çapıb-talamasından danışırlar. Öz aləmlərində elə bilirlər ki, yaxşı iş görürlər, hakimiyyəti ifşa edirlər. Ta başa düşmürlər ki, əslində bu tip çıxışlarla hakimiyyətin əlinə oynayırlar. Onlar korrupsiyanın miqyasından, hakimiyyətin ölkəni çapıb-talamasından isterik tonda danışdıqca, camaatın hakimiyyətə hörməti daha da artır. Müxalifətçiliklə məşğul olub xalqdan, camaatdan bu qədər uzaq düşmək olarmı? Əslində müxalifət nümayəndələri öz çıxışlarında dayanmadan vurğulamalıdırlar ki, bu hakimiyyət çox fərasətsizdir, yaxşı dağıda bilmirlər, belə fərasətsizlik olmaz. Baxın, filan, filan yerlər qalıb, hələ satmayıblar. Niyə oranı satıb pulunu havaya sovurmurlar? Müxalifət nümayəndələri öz çıxışlarında açıq şəkildə deməlidirlər ki, biz hakimiyyətə gəlsək, daha yaxşı söküb-dağıdacağıq. Ölkədə adam çoxdur. Lazımsız, əl-ayağa dolaşan adamları qul kimi bazara çıxarıb satacağıq. Həm ölkədə sıxlıq azalar, həm də pul qazanarıq. Sizi inandırım, belə olduğu halda müxalifət camaatın babat hörmətin qazanar. Azərbaycanda bu dəqiqə yüz minlərlə adam var ki, onları bazara çıxarıb qul kimi satsan çox xoşbəxt olarlar. Ömürlərinin sonlarına qədər onları bazara çıxarıb satan adamlara da minnətdarlıq bildirirlər. Bəli, real vəziyyət belədir. Heç kim vəziyyətin belə olmadığını deyə bilməz.

O gözəlim sualı burada bir daha səsləndirməyi münasib hesab edirəm. Siz mənə Azərbaycanda beş adam göstərin ki, pulu, vəzifəsi yoxdur və hansısa müsbət cəhətinə görə camaat arasında hörməti var. Çətindir. Uzun müddət düşünməli, başınızı xeyli yormalı olacaqsınız. Mən isə bir oturuma azı üç yüz adamın adını sadalaya bilərəm ki, dərisi beş qəpiyə dəyməz, məhz puluna və vəzifəsinə görə camaat arasında böyük hörmət sahibidir.

Fikir vermisinizsə azərbaycanlılar pulunu və vəzifəsini itirdikdə əksər hallarda fiziki mənada yaşaya bilmirlər. Qısa müddətdə ölürlər. Bunun çox sadə bir səbəbi var. Çünki azərbaycanlılar üçün həyatın mənası yalnız puldan və vəzifədən ibarətdir. Onlar pulu və vəzifəni itirəndə hər şeylərini itirirlər. Daha həyatda onlar üçün məna kəsb edən heç nə qalmır. Hər şeyi itirib yaşamağa davam etmək isə olduqca çətindir.

İndi iddialı yoldaşlardan biri deyə bilər ki, bütün bu yuxarıda sadalananlar insan övladına xas cəhətlərdir. Razıyam. Təbii belədir. Amma insana xas naqis cəhətlər coğrafiyanın, camaatın təfəkkürünün naqis cəhətləri ilə birləşdikdə daha ağır mənzərələr yaranır.

Məsələnin özümə aid tərəfinə münasibətimi bildirdim. Məsələnin ümumrespublika tərəfinə münasibət bildirməyə daha həvəs qalmadı. Həvəsimiz olsa, “müharibədən sonra yaxşılığa doğru niyə heç nə dəyişmədi”, “niyə eyforiya belə tez qurtardı”, “niyə müharibədən sonra ölkədə gül bülbülü, bülbül gülü çağırmadı ” mövzusunda ayrıca yazı yazarıq. Hələlik bu qədər. Onsuz da hamıya hər şey aydındır.

Azlogos.eu

Yuxarı