post-title

Rüstəm Ayaks - Müsyö Ome

II Hissə


Əziz oxucu, yazının bu ikinci hissəsinin mütaliəsinə birinci hissədəki xəbərdarlıqlarımı xatırlayıb fikrində tutaraq başla!

Nə zamansa hansısa hiddətli söhbətdə “mən onun ciyərinə bələdəm” cümləsi qulağıma dəymişdi- cümləni işlədən şəxs onu hirsləndirən adamı yaxşı tanıdığını həmsöhbətinə çatdırmaq istəyirdi. Əsərin ikinci hissəsinin üçüncü fəslində Tanrı Flober bəndə Omenin artıq üfunət qoxumağa başlayan ciyərinin kiçik parçasını bizə göstərir: aydın olur ki, qonşuluğa yeni gələn Bovariləri qəsəbədə gəzdirərək məişət həyatına yararlı ən əlverişli vasitələrlə- məsəla, ən ucuz yağın satıldığı məkanlarla tanış etmək əziyyətinə qatlaşan Omenin bu “yaxşılığı” sadəcə öz xeyrini güdməyindən doğur. Deməmişkən, həkimlik diplomu olmayan Ome, keçmişdə Respublika təqviminin bir qanununu pozaraq gizli şəkildə “həkimliklə” məşğul olurmuş. Kiminsə xəbərçiliyi nəticəsində onu kral prokurorunun kabinetinə sorğu-suala çağırıblar. Qorxudan elə bərbad hala düşüb ki, qulaqlarına uğultu dolub, az qalırmış beyninə qan sızsın, tirtap yapışsın yerə. Fəqət qorxulu vəziyyət xətasız-bəlasız sovuşub. Eləcə xəbərdarlıq ediblər ki, daha belə işlərlə məşğul olmasın.

Ancaq zaman keçdikcə, bu məsələ unudulduqca, Ome, qorxa-qorxa da olsa,yenidən sözügedən “həkimliyinə” qayıdıb. İndi də qəsəbənin yeni həkimi Şarl Bovariylə arvadına ona görə belə “canıyananlıq” göstərir ki, nə zamansa həkim onun bu fırıldağından xəbər tutanda, bu “canıyananlığı” xatırlayıb səsini çıxarmasın (Ome, Floberkimiləri görmək qabiliyyətindən məhrum olan o ümidsizcəsinə bəsirətsiz təkamülçünün bəh-bəhlə ucaltdığı və həyatda yaşamağa ən çox layiq bildiyi o məşhur stratejik, praktik, işgüzar tipin ən parlaq örnəyidir). Görürsüzmü, 89-cu il inqilabının ölməz prinsiplərinə inandığını coşub daşa-daşa aləmə car çəkən bu Müsyö Ome necə mundar məxluqdur? Fəqət çifayda, gicbaş Şarlın onun bu “humanistliyindən” necə riqqətə gəldiyini və yəqin ki, gecələr onu “bu Müsyö Ome necə insanpərvər, necə canyandıran adamdıye” deyə arvadına təriflədiyini yaxşı təsəvvür edirəm.

Madam Bovarinin yeni doğulan uşağına ad seçilərkən Ome Maqdalena” adının indi yaman dəbdə olmasından danışır (proqressivistdir axı, ən son modaları təqib edib özünü bəşəriyyətin yetişdirdiyi ən sonuncu kamil tip kimi qələmə verən ən həyasız tülüngülərdəndir Ome) və uşaqlarına verdiyi adların doğurduğu mənalarla qürrələnməyə başlayır: Napoleon qələbəni, Franklin azadlığı təcəssüm etdirir, İrma ola bilər ki, romantizmi, Atali isə fransız səhnəsinin ən misilsiz şedevrinə rəğbəti ifadə edirmiş . Özünü elə göstərir ki, güya bunun qəlbi qəhrəmanlıqla, romantizmlə, azadlıqla, sənət eşqiylə doluymuş, bunlarla nəfəs alır və uşaqlarına da bu duyğularla səsləşən adlar qoyub. Bu məqamı nəzərdə saxlayaraq əsərin ikinci hissəsinin yeddinci fəslinə gedək və digər qollu-budaqlı romantik bayağılıq nümunəsi olan Rudolfun öz işçisini qan aldırmağa gətirdiyi səhnədə, Omenin bu cümləsinə fokuslanaq: “Özgələrinin qanından qətiyyən ürkmürəm, lakin qanın məndən axdığını təsəvvür etsəm, bu haqda çox fikirləşsəm, özümdən gedə bilərəm.” Əsərin sonuna yaxın, üçüncü hissənin doqquzuncu fəslində isə aptekçi Ome Madam Bovarinin meyitinə yaxınlaşmağa da hələm-hələm cürət etmir. Başqa yerdə qəhrəmanlıqdan tirada oxuyan adama baxın da, öz qanından və meyitdən qorxur.

Ome dəhşətli dərəcədə işbaz və qəzetbazdır. Şarl Bovari xəstələrdən qonorarları necə almaqla bağlı məhz onunla məsləhətləşir. Daha sonra qəzetdəki məqalələri müzakirə edirlər, Ome günün bütün xəbərlərini əzbər bilir və onları xırdalıqlarına qədər, jurnalistlərin şərhlərilə birlikdə həkimə nəql edir; Fransada, eləcə də xaricdə baş vermiş heç bir bədbəxt hadisəni, skandalları nəzərdən qaçırmır. Mövzular tükənəndəsə Ome Bovarilərin süfrəsindəki yeməklərlə bağlı müşahidələrini bölüşməyə başlayır; hətta bəzən üzünü qulluqçuya tutub raqunun hazırlanması və ədvaların sağlamlığa təsiri barədə məsləhətlər də verir. O, ətirlərdən, ət suyundan, souslardan, jelatindən danışdıqca adamı heyrət götürür. Flober diqqətlə qeyd edir ki, Omenin başının içindəki reseptlərin sayı aptekindəki şüşələrin sayından daha çoxdur; o, sirkə, şirin likor, mürəbbə hazırlamağı əla bacarır, yanacağa qənaət edən sobalar sahəsindəki ən son yeniliklərdən xəbərdar olduğu kimi, pendiri necə saxlamaqdan və zay olmuş şərabların yenilənməsi üsullarından da yaxşı baş çıxarır. İki uşağı, Bovarilər ailəsi və digər sütül bayağılıq örnəyi olan Leonla birgə yaxınlıqda tikilməkdə olan yunəyirən fabrikə tamaşa etməyə gedəndə də Omenin ağzı qızışır və məclis əhlinə tikilinin gələcək önəmindən danışır, orada döşəmənin möhkəmliyini, divarların qalınlığını yoxlayır və yanında Müsyö Binetin etdiyi kimi şəxsi ehtiyaclar üçün istifadə edilən metrə daşımadığına görə təəssüflənir.

İndi sual edirəm: bəsit (ancaq dəyərsiz olmayan) məişət işlərinə bunca qızğınlıqla bağlı və bələd olan bir məxluqun içində romantikaya yer qala bilərmi? Heç zaman qala bilməz. Bu, fizioloji-psixoloji-mənəvi olaraq tamamiylə namümkündür (istəyirsən inan, istəyirsən inanma, oxucu). Bəs onda hansı mənəvi haqla qızına bəlkə də romantizmə istinadı ifadə edən ad qoyub? Nə deyəsən…Hər cür mühitə heyrətamizcəsinə asanlıqla uyğunlaşan bu hiyləgər orqanizmin taxdığı primitiv maskaların day sayı-hesabı yoxdur (o təkamülçümüzün sevincək titrəmələri yavaş-yavaş dalğalanmaqdadır).

Omegil cəmiyyətə örnək olacaq dərəcədə qayğıkeş valideynlərdir, uşaqlarını min bir gözlə qoruyurlar. Doğrudur, Madam Ome bəzən lap ağını çıxarır, məsəla, uşaqlarının başına dörd-beş yaşlarına qədər insaf-mərhəmət bilmədən sırıqlı qalın papaqlar keçirir və bu maniyasıyla Müsyö Omeni üzür. Əczaçı papağın uşaqların başını sıxıb onların zehni inkişafına mənfi təsir edəcəyindən qorxur və hətta bəzən dözə bilməyib arvadına “Yoxsa onları kariblər və yaxud da botokudlar kimi yetişdirmək fikrinə düşmüsən?” kimi tənələr yönəldir (Yaxşı, keyfiyyətli mütaliə baxımından bu nüanslara diqqət etmək çox önəmlidir.Yazıçı qüdrətinin əsaslı hissəsi məhz bu cür xırdalıqlarda yatır. Flober bu əsərindəki bütün içidolu kəlmələri, təsvirləri yerli-yerində işlədib və qətiyyən artıqlığa yol verməyib. Hansı sözləri hansı personajının ağzına, böyüklər üçün yazılmış bir nağıla (Nabokov) dəqiqliklə uyğunlaşacaq qədər maksimum inandırıcılıqla qoymağı da alimanə hövsələylə gerçəkləşdirib. Botokudlar Şərqi Braziliyada yaşayan azsaylı yerli xalqdır və Omenin bu danlağından onun hindilərə aşağılayıcı tərzdə yanaşması, onları vəhşi, gerizəkalı sayması bizə aydın olur. Yeri gəlmişkən, bir xarici tərcüməçi hər yanda, hər fürsətdə məlumatfüruşluq etməkdən ötrü ürəyi gedən Omenin sözügedən məzəmmətini öz ana dilinə belə çevirib: “Sənin əlində bu uşaqların Amerika vəhşilərindən bir fərqi qalmayacaq!”. Tərcüməçi həmin xalqların adlarını qeyd etməməklə qüsura yol versə də, cümlədə Flober üslubunun misilsiz oynaqlığını qoruması təqdirəlayiqdir).

Leonun Ruana getdiyi ərəfədə vidalaşma zamanı Madam Ome göz yaşı töküb ağlayır, Jüsten (Omegilin himayəyə götürdüyü, Müsyö Omenin gündəlik iş-gücündə nəyivar işlətdiyi yeniyetmə) hönkürür, özünü mərd insan hesab edən Müsyö Ome isə hisslərini büruzə vermir. Lakin Leonu yola salarkən “gəlin qucaqlaşaq” dediyində gözləri dolur. Leon gedəndən sonra Bovarilərlə onun haqqında söhbət edəndə Parisin şənləndirici cəhətlərindən danışan Ome bir azdan medalın o biri üzünə keçir və deyir ki, gərək orada cibini qoruyasan, bir də gördün ilk baxışdan diplomata oxşayan, hətta medal da (digər önəmli nüans-R.A) taxmış bir adam peyda olub yaxınlaşır sənə, qılığına girir, kənddəki evinə dəvət edir, kefli vaxtında səni müxtəlif insanlarla tanış edir, əslindəsə onun məqsədi sizin pul kisənizi çırpışdırmaq və sizi təhlükəli işlərə sürükləyib var-yoxdan çıxarmaqdır. Daha sonra Parisdəki yeməkləri az-maz pisləyir və ev yeməklərinə üstünlük verməsiylə təşəxxüslənir, lakin Ruanda əczaçılığı oxuduğu vaxtlarda pansionda qalarkən professorlarla eyni masadan yemək yediyini də yada salmadan keçmir.  

Region camaatı Omenin yenilməz özünəarxayınlığına, cürətkarlığına valeh olduğundan onu bütün təbiblərdən daha güclü həkim hesab edir. Əsasən çərşənbə günlərində məsləhət üçün onun aptekinə axışır, basırıqlar yaradırlar. Qəsəbədə kənd təsərrüfatı şənlik-sərgiləri başlayanda isə aydın məsələdir ki, Ome oralarda da ağsaqqallığından qalmır: şənliyin sonunda atılan fişənglərin təhlükə yaradacağından, insanlara zərər verəcəyindən əndişə duyduğundan tez-tez bu cür ciddi işlərlə məşğul olan Müsyö Binetin yanına qaçıb ona məsləhətlər verir (fəqət Binet axırda bu zəhlətökənlikdən bezib ona deyir ki, “əl çəkin məndən”); arada şənliyin keçirilməsində böyük rolu olan Müsyö Tüvaşın zövqsüzlüyündən, bədii qabiliyyət deyilən şeydən büsbütün məhrum olduğundan şikayətlənməyə də imkan tapır; Vilayət Məclisi nümayəndəsinin kirayə götürdüyü arabanın sərxoş faytonçusunu gördükdəsə deyir ki, gərək sərxoşluqla qəti mübarizə aparılsın və həftə ərzində alkoqolla özünü zəhərləyənlərin adları meriyanın qapısından asılmış lövhədə qeyd olunsun və bu, statistik nöqteyi-nəzərdən birillik cədvəl kimi istifadə oluna bilər; hələ sərgi təzə-təzə başlayanda qara frakda, əlamətdar günün şərəfinə geydiyi təpəsi yastı şlyapada oraya tələsən zaman, şənliyə qatılacaq qonaqlara öz aşxanasında deyil, başqa aşxanaçıyla əlaqədar olan çadırlarda yemək veriləcəyindən əsəbləşən və onun bu şənliyə qatıldığına təəccüblənən aşxanaçı qadına “bəyəm siz bilmirsiz ki, mən konsultativ komissiyanın üzvüyəm?” deyə fəxrqarışıq heyrətlə sual edir və az sonra hırnan-zırı qanmayan bu işgüzar arvada kimyadan, molekulyar əlaqədən, gübrənin tərkibindən, duru maddələrin fermentasiya prosesindən, qazların analizindən, geoloji yataqlardan, müxtəlif cisimlərin kapillyarlığından, hər şeydən xəbərdar olmaq üçün bütün yeniliklərlə, kəşflərlə maraqlanmağın vacibliyindən, bu yaxınlarda yazdığı “Sidr, onun istehsalı, təsiri və bu mövzuda bəzi yeni faktlar” adlı çox mühüm kiçikhəcmli elmi əsərindən, onu bir aqronom cəmiyyətinə göndərməsindən və əkinçilik bölməsinin pomologiya şöbəsinin üzvləri sırasına qəbul olunmaq şərəfindən və s. bu kimi şeylərdən danışır. Ancaq arvad ona vız qoymur.

Fəqət bu cür xırda-xuruş məsələlər Omenin yalnızca və yalnızca irəliyə baxıb gələcəyə cuman optimist çalışqanlığını əsla sarsıdıb sındıra bilməz. Odur ki, şənliyin səhəri günü müxbiri olmaqdan qürur duyduğu “Ruan Məşəli” qəzetinə, kəndlilərin vəziyyətindən, yeni islahatların vacibliyindən, şənlikdəki əklillərdən, güllərdən, mükafatlandırma mərasimindən, alınan medallardan, sevincdən bir-birini bağrına basan atalardan, oğullardan, qardaşlardan, ərlərdən və xanımlarından, ziyafət masasından, masada deyilən tostlardan, özünün iki bacının- iqtisadiyyat və incəsənətin (sonradangörənlərin acgözlüyündən dəhşətə düşən Floberin bunların ikisini məhz Omenin nitqində bir-birinin yanında verməsi də təsadüfi deyil) şərəfinə dediyi sağlıqdan, gözqamaşdıran atəşfəşanlığın hava fəzasını işıqlandırmasından şövqlə, gələcəyə inam havasıyla bəhs edilən məqalə yazır, juri üzvlərinin adlarını sadalayanda əvvəlcə öz adını çəkir və əlavə qeyddə əczaçı Müsyö Omenin (yəni, özünün) Kənd təsərrüfatı cəmiyyətinə sidr mövzusunda yazı göndərdiyini xatırladır. Məqalənin sonunda isə qabaqcıl bir maarifçi kimi yenə də din adamlarının (yəni, “Madam Bovari”dəki ruhani bayağılıq nümayəndələrinin) şənlikdə gözə dəymədiklərini nəzərə çatdıraraq onların antiproqressivliyinə ilişir.

Güman edirəm ki, bura qədər aydındır. İndi əsərin ən qəzəbləndirici-nəşələndirici səhnəsinə gəlirik. Fəqət bundan öncə, fransız rejissoru Klod Şabrolun 1991-ci ildə əsərə çəkdiyi filmə diqqət çəkmək istərdim. Hansısa ədəbi əsərə çəkilən heç bir film kitabdakı bədii genişliyi, müəllif səsini, detallamanı, dil qatında özünü göstərən intellektual kəşfləri və icadları dolğunluqla ifadə edə bilməz (buna görə də kitabı oxumayıb ona çəkilən filmə baxmağa can atan biri asanlığa, tənbəlliyə qaçmış olur), ancaq məncə, “Madam Bovari”yə çəkilən filmlər arasında bu, ən yaxşısıdır. Bəlkə də rejissor və aktyorların fransızdilli olmasının, dolayısıyla fransızca yazılan əsərin ruhunu daha dərindən duymasının bunda rolu var. Ələlxüsus “Müsyö Ome” rolunu oynayan Yann Janın performansını ürəklə qeyd edərdim (əsəri oxuyarkən Müsyö Omenin görünüşünü elə təqribən o cür də təsəvvür etmişdim). Özü də filmdəki Müsyö Ome eynəyi üstündən baxan ədalı, özünəheyrantərəqqipərvər baxışlarıyla Emil Zolyanı xatırladırdı.

Yeri gəlmişkən, “Madam Bovari”ni ilk dəfə çapa hazırlayan “nüfuzlu və mütərəqqi avropalı ziyalılar” sözügedən səhnəni yararsız və yersiz sayaraq, azad fikrə və yaradıcılığa totalitarcasına münasibət sərgiləyərək əsərdən çıxarmağı təklif ediblər. Görəsən nəyə görə? Cavab variantımı deyim: çünki o səhnədə özlərindəki yetərsizliyin, naqisliyin, riyakarlığın əlamətlərini görüblər. Qədim bir alman fiziki demişkən, kitab da güzgü kimidir, ona baxan uzunqulaqdırsa, orada özünü mələk kimi görə bilməz. Mənəviyyatına, ruhunun qüvvəsinə güvənən insanı ruhi aydınlıqla yaradılan yüksək dərəcəli ədəbi və fəlsəfi əsərlərdə ifadə olunan heç bir həqiqət narahat edə bilməz. Əksinə, belə həqiqətlər onu daha da qüvvətləndirib, muzalarını pərvazlandırar. Çünki həqiqilikdən doğan həqiqətdən ötəsi yoxdur (“Madam Bovari”ni ərsəyə gətirən o həqiqət duyğusundan danışıram).

Həmin səhnə belədir: deməli, “Qızıl şir” aşxanasında İppolit adlı axsaq bir cavan işləyir. Pəncələrindən biri içəriyə doğru əyri, kələ-kötür, qaba-qara dırnaqlı olur. Ancaq Flober məxsusi olaraq qeyd edir ki, İppolitin bu qıçı sağlam qıçından daha möhkəm idi və həmişə qulluq başında olduğundan bu ayağı səbir və qətiyyət kimi mənəvi keyfiyyətlər qazanmışdı, buna görə də ona ağır iş tapşırılanda hərəkətə keçərkən çox vaxt birinci bu qıçını yerə basardı.

Nə qədər də gözəl bir vurğulama, deyilmi? (Qorki kimi ortabab yazıçı və aşağı keyfiyyətli sənətkarların bir çox ədəbi əsərlərində tez-tez istifadə etdikləri kəskin kontrastyaratma tələsinə yuvarlanmadan qeyd edilən rəvan və ehtirassız bir vurğulama).

Yəni Flober demək istəyir ki, bu cavan axsaq da olsa, əyri pəncəsiylə özünü bədbəxt hiss etmirdi. Əksinə, şikəst qıçı sağlam qıçından daha yaxşı işləyirdi və bu zəhmətkeş, fağır, savadsız cavan səhər-axşam iş dalınca maral kimi ora-bura çapmaqdaydı. Qoy çapsın da, kimə nə zərəri vardı? Şikayətlənmirdi, deyinmirdi, həyata lənətlər yağdırmırdı. Xüsusi iddiası da yoxuydu; sadə, vam, aram güzəranıyla yaşayırdı.

İndi görün elmin ən son nailiyyətlərini izləməklə qürrələnən və İonvil qəsəbəsinin nüfuzunu da digər inkişaf etmiş qəsəbələr, şəhərlər, ölkələr səviyyəsinə qaldırmaqdan ötrü  çabalayıb can qoyan bu maarifpərvər mənfur Ome neyləyir: deməli bir axşam, bu yaxınlarda qəzetdə oxuduğu və xeyirgüdən, alçaq məqsədlərdən başqa heç nəyə yer olmayan yaddaşında qoruduğu bir məqaləylə özünü tələsik həyəcanlar içində Madam Bovarigilə çatdırır. Demə, məqalə əyripəncəliyin düzəldilməsiylə bağlı ən son elmi yeniliklər barədəymiş. Bu da Omenin mundar beynində vətənpərvər bir ideya doğurub. Beləliklə də zavallı Şarlı İppolitin ayağını əməliyyat etməsi üçün dilə tutmağa başlayır və tərəddüd göstərən qorxaq Şarldan həyasızcasına yapışıb qopmaq bilmir (Şarl əsərin ən sadədil əsas obrazıdır və sonda, yəni tezliklə də, gerçək məhəbbətlə sevdiyi Madam Bovarinin əsla və əbəda yox olmayacaq gicliyi ucbatından məhv olub ölüb gedir): deyir ki, bu əməliyyat onu məşhur həkim edəcək, adı dillərə düşəcək, hətta bu barədə özü qəzetə məqalə də yaza bilər, hər yanda həmin məqalədən danışılar, səs-soraq haralara gedib çıxar...Bir yandan Müsyö Omenin belənçi qazvermələri, digər tərəfdən də Madam Bovarinin o ürəkbulandırıcı qadın şöhrətpərəstliyindən (axı əri məşhur və pullu həkim olacaq!) qaynaqlanan əttökən həvəsləndirmələriylə Şarl axır ki, bu əməliyyata razı olur (Filmdə Omenin, əlində həmin məqalənin yerləşdiyi qəzetlə birgə tərəqqipərvərliyin gicbəsər və tülüngü həvəsləri içində otağa dalıb, stulu qapıb Şarla yaxın oturduğu anda yaranan o qorxunc fəndgirliklə dolu işbaz mühitin gülünc və hiddətləndirici səfehliyini sezdirmək necə də kefləndiricidir! Təşəkkürlər Yann Jan! Ruhun şad dolsun!).

İndi də, Omenin zavallı İppoliti əməliyyata necə razı saldığına, əl atdığı o qabaqgörən stratejik üsuluna baxaq: Çəkinə-çəkinə sakit durub, gözlərini axmaq-axmaq döyüb-döndərən İppolitə deyir ki, bunu sadəcə insanpərvərliyindən, humanizmindən, onun yaxşılığı üçün istəyir, yoxsa ki, özünün nəyinə lazım; istəyir ki, İppolit bu çirkin topallıqdan qurtulsun, üstəlik, axı bu topallıq işini rahat yerinə yetirməyinə də mane olur (yaratdığı personajlara yuxarıdan nəzər salan Tanrı Floberin İppolitin şikəst qıçından əslində şikayətlənmədiyini vurğulamasıyla, çirkin məqsədlərinə çatsın deyə  insan taleyiylə qəddarcasına oynamaqdan geri durmayan bəndə Omenin İppoliti şikəst qıçının yaxşı işləməyə maneçilik törətdiyinə utanmazcasına inandırması arasındakı fərqə diqqət!). Görəndə ki, bu sözlərinin xeyri olmur, başlayır İppolitin romantik hisslərini manipulyasiya etməyə: deyir ki, əməliyyatdan sonra özünü şən, qıvraq hiss edəcək; eyham vurur ki, hətta qadınların ondan xoşu da gələcək (və bu sözlər deyiləndə fağır mehtər gic-gic gülümsəyib xumarlanır...Ax, Flober! Sən özün də çox zalımsan, adamın lap sinir sistemini ağradırsan! Ancaq sənin zalımlığın zərərsizdir- bəli, gözəl və dərin sənəti yaradan o möhtəşəm qüvvə- ziyansız və pak zehni zalimanəlik!); daha sonra isə İppolitin heysiyyətinə toxunmağa başlayır: deyir ki, “Sən kişi deyilsən? Bəlkə səni vətən uğrunda mübarizəyə çağırdılar, onda necə olacaq, bu ayaqla nə edəcəksən, hə?”.

Qısası, qəsəbənin digər filister və meşşanlarının da məsələyə burun soxması nəticəsində və əməliyyatın havayı olacağından şirniklənən biçarə İppolit axır ki, əməliyyata razılaşır. Əməliyyata hazırlaşmaq üçün müxtəlif cür tibbi kitabları diqqətlə oxuyan Şarl əli əsə-əsə, Omenin bacaracaqlı fəaliyyəti sayəsində üstünə əsl xəstəxanalarda olduğu kimi bintlər, korpiyalar, mumlanmış saplar və s. yığılmış masanın yaxınlığında uzanan İppolitə yaxınlaşıb onun vətərini kəsir. Əməliyyat bitir. İppolit heyrətdən və minnətdarlıqdan Şarlın əllərini öpdükcə öpür. Vəziyyətdən məmnun qalan Ome ona deyir ki, “yaxşı, yaxşı, bəsdi, xeyirxahına minnətdarlığını bildirmək üçün hələ çox vaxtın olacaq!”. Sonra bayıra çıxıb İppolitin elə indilərdə sapsağlam və axsamadan bayıra çıxacağını gözləyən beş-altı nəfər hərşeyəburunsoxana əməliyyatın uğurla başa çatdığını ağsaqqalcasına xəbər verir. Şarl da xəstənin ayağına mexaniki aləti bağlayıb (yəqin ki, əməliyyatın vəlvələdən-zəlzələdən uğurla baş tutduğundan özü də heyrətlənmiş halda) evinə gedir.

Ome dediyini edir. “Ruan Məşəli”nə bu mütərəqqi hadisə barədə məqalə yazır və gecə-gecə də Bovarigilin yataq otağına soxulub yazını isti-isti onlara oxumağa başlayır. “Müsyö Bovari, bizim ən görkəmli təcrübəçi həkimlərimizdən biri...” sözlərindən həyəcanlanıb boğula-boğula xəcalət çəkən Şarla yazıdakı “əyripəncəliyi əməliyyat etdi...” sözlərindən sonra duruxub belə deyir: “özüm elmi termindən istifadə etmədim, özünüz başa düşürsüz də, qəzetdi...hər kəs başa düşməyə bilər, gərək kütlə...”

Yəni bildirmək istəyir ki, güya bu ziyalıdır və düşük savada malik kütləni, insanları düşünür, istəyir ki, onlar yazını başa düşsünlər və ondan bəhrələnə bilsinlər, buna görə də elmi termin istifadə etməyib və sadə yazıb. Məqaləsini bu sözlərlə bitirir: “...Yaşasın bizim alicənab alimlər! Özlərinin yuxusuz gecələrini insan növünün sağlamlığına və rahatlığına həsr edən zəhmətkeş və yorulmaz zəka sahiblərinə eşq olsun! Eşq olsun! Üç kərə eşq olsun! Korların görəcəyini, karların eşidəcəyini, çolaqların qıvraq addımlarla yeriyəcəyini əminliklə elan etməyin vədəsi yetişməyibmi? Fanatizmin, mövhumatın bir vaxtlar təkcə “Tanrının sevgili qullarına” vəd etdiklərini indi elm bütün bəşəriyyətə bəxş edir! Oxucularımızı bu fövqəladə müalicənin növbəti mərhələlərindən xəbərdar edəcəyik!”.

Fəqət beş gün sonra aşxanaçı qadın başılovlu halda qışqır-bağır sala-sala həkim Şarlgilə qaçır ki, bəs İppolit ölür, can verir, başımı da itirmişəm. Ome də təngnəfəs və qıpqızarmış halda Şarlın arxasınca İppolitə baxmağa yüyürür. Gəlib açıb görürlər ki, talesiz xəstənin mexaniki alətin içinə soxulmuş ayağı şişib irinləyib, qançır-qançır olub. Şişi yatsın deyə ayağı açıqlıqda saxlayırlar. Ayağın şişi çəkilən kimisə bu elmli adamlar yenidən onu həmin alətin içinə yerləşdirir və bu dəfə vintləri daha möhkəm bururlar. Dözülməz ağrılar içində qıvrılan İppolitin iniltiləri o qədər şiddətlənir ki, üç gün sonra qurğunu yenə açırlar və bu dəfəki mənzərə lap dəhşətli olur: demə, ayaq dizə qədər şişib göyəribmiş, ora-burasından da qara mayelər axır.

Kəsəsi, Nöfşateldən, Omeylə özü haqqında fəxarətlə söhbət edərkən “...mənimçün istər bir xristianı doğramaq olsun, istərsə də əlimə gələn ov quşunu, heç fərq etməz...” kimi sözlər deyibən mələfələr içində əzab-əziyyətlə uzanan İppoliti lap qorxudub tər-suya qərq edən Kanive adlı tanınmış cərrahı çağırırlar, mehtərin ayağını dizdən amputasiya edib, kəsib tullayır oyana. Və bədbəxt ümumiyyətlə ayaqsız qalır.

Fəqət amputasiya əməliyyatından öncə Kanive İppolitin ayağına ilk dəfə nəzər salanda nifrətlə gülümsəyir və qəsəbəyə gələndə indi də onu canla-başla qarşılayıb, indi də hər fürsətdə bu məşhur və şöhrətli həkimə yaltaqlanan Omenin yanına gedərək yazıq oğlanı bu kökə salan o eşşəkləri söyüb-batırır. Day xəbəri də olmur ki, bu rəzilliyin əsas müəllifi elə bu murdar Omedir. Omenın canı sıxılır, göyərib-bozarır, ancaq Şarlın da, özünün də söyülməsinə qarşı səsini qəti çıxarmır, əksinə, sıxıntısını quyruqbulayan bir təbəssümlə ört-basdır edir.

Və belə davranmasının bir səbəbi də bilirsənmi nədir, oxucu? Demə, Kanivenin öz regionunda xəstələrinə yazdığı reseptlər bəzən İonvilə kimi gəlir çıxırmış. Belə aydın olur ki, onun bəzi xəstələri dərmanları gəlib Omenin aptekindən alırmış. Buna görə də bizim çox səmərəli stratejik təfəkkürə malik aptekçimiz Kaniveylə ehtiyatla davranmaq qərarına gəlir. Axı münasibəti pozsa, müştəriləri itirə və Kanivenin təhdidiylə üz-üzə qala bilər. Buna görə də bic-bic dayanıb şərəfsizcəsinə cınqırını çıxarmır ki, iş-gücünə xələl gəlməsin (o təkamülçümüzün dabanlarından vücudunun yuxarılarına doğru yüksələn silkələnmələri getdikcə şiddətlənməkdədir).

Doğrudan da eşşək deyilmi? Amerikanın yerli xalqlarını vəhşi sayır, ancaq özündəki vəhşiliyin dərəcəsinə fikir verirsizmi? (Adını mənfi mənada işlətdiyimə görə sən məni bağışla, ay eşşək. Əslində sənin qoduqların elə şipşirin olur ki, bir axşamçağı hamamdan yenicə çıxıb, üstünə tovuzquşu rəsmli, mor rəngli nimçələrdə fındıq-fıstıq və evdəbişmiş ballı tort dilimləri düzülən stol ətrafına sıxılqan təbəssümlərlə üzrxahlıq edə-edə əyləşməyə gələn gənc, qaraşın bir qız, onun bakirə və tez-tez, utancaqcasına tərpəşən uzun barmaqlarına, bir az əvvəlki buğlu isti suyun təsirindən hələ də xumarlanmaqda olan tünd gözlərinə, miyanə burnuyla həssas üstdodağı arasındakı xəfif-xəfif tərləyən yumşaqlığa və döşlərinin əynindəki ağ futbolkanın ətəklərini göbəyindən irəliyə itələyən dikliyinə qasığı ehtizazla gizildədən üzüqızardan və gizli şəhvətlə göz qoyan yeniyetmə oğlanı, əlindən tutmaq istərcəsinə, fəqət son andaca bundan vaz keçərək “gə gə sənə bi şey görsədim” sözləriylə mehribancasına arxasınca çağırmış, onu, aylı və rüzgarlı gecələrdə sakit-sakit işıldayan nazikdəmirli damını qarayaçalar-yaşıl dəfnənin qucaqladığı hündür mimozanın sapsarı və lətif çiçəkləriylə sığalladığı isti, alaqaranlıq və peyinsamanqoxulu tövləyə aparmış, arada alnıqaşqalı başını anasının- iri, açıqqəhvəyi, burnusulu inəyin buduna sürtüşdürən parlaqgözlü, qızılı buzovu göstərərək şəfqət və nazlamayla “baaa gö nə şirindiii eşşəy balasına oxşıyıreee eləəə” söyləmişdi. Və əslində sən o qədər üzüyola, köməksevər, riqqətləndirici canlısan ki, o yeniyetmənin uşaqlığının artıq haralardasa çoxdan dağılıb əriyərək yenidən varlığın xaosuna qarışmış sökükcildli, ora-burası sarı ləkəli, Janna Darklı, Jül Vernli, Jenşenli ağ-qara ensiklopediyasının əbədiyyən bilinməz qalacaq o əsrarəngiz yazarı sənin barəndə yazarkən, “...Eşşək tərslik edəndə onu yerindən tərpətmək çətin olur. Lakin çox vaxt bu tərsliyə səbəb sahibinin qaba rəftarı, yaxud heyvanın pis yaşaması olur. Ümumiyyətlə, eşşək sözəbaxan, dinc və zəhmətsevən heyvandır. Eşşəyi minirlər, arabaya qoşurlar, onunla yük daşıyırlar. Bəzən onu o qədər yükləyirlər ki, yazıq heyvan yükün altında görünməz olur...” deyə təmkinli mərhəmətini izhar etmişdi.).

                                                               ***

Floberə görə yaşamağın mənası, cəmiyyətə xidmət etmək deyil, özünü incəsənət gözəlliklərinə həsr etmək idi. Flober ilk növbədə özüyçün yazırdı, öncə özünü məmnun etməli, işindən razı qalmalıydı, yazıları üzərində uzun müddət işləməsinin bir səbəbi də buydu. Flober yazıçıları bayağılıqda və riyakarlıqda təqsirləndirirdi. Flober öz dövründəki yazıçıların zəkavi ədəbsizliyini ifşa edir, “süni incəsənəti” gözdən salır, ədəbi satlıqlığı, satqınlığı, yalançılığı, “incəsənət fahişəliyini” məzəmmət edirdi. “...Köksüm bundan yırtılsa da belə, çağdaşlarımın məndə oyatdığı ikrahı onların üzərinə qusacağam...” deyə mizantrop Flober məhrəmanə hiddətlənirdi. Qəti və bitkin individualist olan Floberin hər cür yığnağı, ümumi normaları və bərabərliyi görməyə gözü yoxuydu. Floberin (heç bir zaman tam şəkildə gerçəkləşməyəcək, fəqət məğrurcasına ömrünün sonuna qədər sadiq qaldığı və ilhamının əsas qaynağı olan) idealları: azadə yazıçı özünüifadəsi və əsrlərdən əsrlərə bilgi məşəlini zəncirvari şəkildə bir-birinə ötürən və bilgiylə nəfəs alan əsl mütəfəkkirlərdən ibarət kiçik qrupun mənəvi dominantlığı (Bu ideallar Nitsşe fəlsəfəsindən doğulan “Zehni-mənəvi aristokratiya” konsepsiyasıyla çox uzlaşır).

                                                               ***

Qayıdaq Müsyö Omeyə və onun məlum hadisədən sonrakı uzun fəaliyyətinin əsərin müxtəlif yerlərində təsvir edilmiş ayrı-ayrı təzahürlərinin bəzilərindən qısaca söhbət açaq: hələ İppolitin ayağı irinləyəndə ona baş çəkməyə gəlib “Bu Tanrının hökmüdür, gərək bu iztiraba sevinclə qatlaşasan” kimi sözlər deyən abbat Burnizyenin bu davranışını “xəstəyə pis təsir edən keşiş hoqqabazlıqları” adlandırıb əsəbləşir; huşunu itirmiş Emma Bovarini özünə gətirmək üçün tez qaçıb aptekindən ətirli sirkə gətirir; keşişlə apardığı intellektual müzakirədə ədəbiyyatı müdafiə edir və teatrın əyləncə maskası altında insanlara dürüstlüyü, fəziləti təbliğ etdiyini və bununla da mövhumatin kökünü kəsdiyini bildirir; sonra pis əczaçılıq olduğu kimi pis ədəbiyyatın da mövcud olduğunu deyir, fəqət incəsənətin gözəl əsərlərinin hamısını bütövlükdə rədd etməyi Qalileyi həbsə məhkum edən o qaranlıq və dəhşətli orta əsrlərə xas olan axmaqlıq, köhnəfikirlilik kimi qiymətləndirir; sonra bunca maariflənmiş, mədəni bir əsrdə bu qədər zərərsiz, ibrətverici, əxlaqlı istirahət növü olan əqli istirahətə hələ də qarşı çıxan adamların var olduğuna təəccübləndiyini ifadə edir; iş zamanı yanlış qazançanı gətirdiyinə görə himayəyə götürdüyü Jüstenlə bağıra-bağıra deyinir, onu “...Sənə etdiyimiz yaxşılıqların əvəzini beləmi verirsən? Sənə göstərdiyim atalıq qayğısını və diqqətini gör necə mükafatlandırırsan? Kim səni yedirir, tərbiyə edir, geydirir...? ”, “...Səni doğulduğun yoxsulluğun və səfalətin içində buraxsaydım daha yaxşı hərəkət etmiş olardım hər halda! Səndən çıxsa-çıxsa ancaq çoban çıxar! Elm üçün zərrə qədər də olsun istedadın yoxdur!...” kimi sözlərlə lənətləyir, “...Məgər xəbərin yoxdur ki, nəhəng təcrübəmə baxmayaraq, malları necə diqqətlə, ehtiyatla qoruyuram? Hərdən üzərimə düşən məsuliyyət yadıma düşəndə özümün ödü qopur! Çünki hökümət bizi qarabaqara izləyir, indiki saçma qanunvericiliyimiz də Domokl qılıncı kimi başımızın üstündən asılıb!...” kimi sözlərlə danlayır, bu məqamda yaxasından tutub silkələdiyi başıaşağı oğlanın cibindən düşən kitabın “Ər-arvad...sevgisi!” mövzusunda olduğunu görəndə onu indi də “...Ay səni balaca yaramaz, demək, hər şey azmış kimi sən həm də pozğunmuşsan, eləmi?...Heç ağlına gəlmədi ki, bu iyrənc kitab uşaqlarımın əlinə keçə, onların içinə əxlaqsızlıq qığılcımı sala, Atalinin təmiz qəlbini korlaya, Napoleonu pozğunlaşdıra bilərdi?...” kimi sözlərlə töhmətləndirir; bir ara müştərilərini çaxnaşmaya salmamaq üçün yola çıxacağını hamıdan gizlədərək Leonun yanına Ruana gedir, yaxasını ondan hər vəchlə qurtarmaq istəyən Leonu dartıb “Grande-Normandie” kafesinə aparır, ordakı lüksdan, Pommard şərabından məst olur, qadınlar barədə ədəbsiz söhbət salır, əndama gəlincə “balacaları” xoşladığını deyir, qaraşınların daha ehtiraslı, temperamentli olduğunu söyləyir; özünü zəhərləyib ölümcül hala düşən Madam Bovariyə baxmağa gələn hörmət-izzətli həkim Larivyerin yanından ayrılmır, onu israrla evinə qonaq çağırır, onun yanında Madam Omeyə bərkdən, qabacasına, alçaldıcı tərzdə əmrlər verir, göyərçin, kotletlik ət, qaymaq, yumurta dalınca tezbazar adam yollayır və bədbəxt hadisə barədə bəzi təfsilatları həkimə çatdırmağı özünə borc bilir, həkimin “Bəs necə zəhərlənib?” sualına isə “Məlumatım yoxdur, həkim. Tərkibində arsen olan turşunu haradan tapdığını ağlım kəsmir” cavabını verir; sonra isə ilişib cəncələ düşməsin deyə, özünü öldürmək üçün lazım olacaq bu zəhəri onun laboratoriyasından əldə edən Madam Bovarinin intihar səbəbini gizlətmək üçün gizlincə yalan uydurub, bunu məqalə şəklində “Ruan Məşəli”ndə paylaşmağı planlayır, İonvilli həmyerlilərini də Madam Bovarinin krem hazırlayarkən şəkər tozuyla arseni səhv saldığına inandırır; sonra arvadı yenicə ölən kədərli Şarla sakitləşdirici dərman hazırlayır, ona təsəlli verir, Şarl da ona “Ah, təşəkkür edirəm, necə yaxşı insansınız” deyə minnətdarlıq edir; yasa batmış Şarlın evində yenidən keşiş Burnizyenlə din-elm mübahisəsinə girişir və qullara azadlıq bəxş edən xristianlığa sayğıyla yanaşdığını desə də, yenə də “Volteri oxuyun! Holbaxı oxuyun! “Ensiklopediya”nı oxuyun!” deyə əksmövhumati mübarizliklə onun üzünə çəmkirir; Madam Bovarinin meyitiylə əlləşən qadınlara deyir ki, elmə xidmət etmək məqsədilə öləndən sonra cəsədini xəstəxanaya vəsiyyət etmək niyyətindədir; dəfn mərasimi zamanı isə, Emmanı sağlığında borc-xərc içində buraxan Müsyö Leröyə, Emmanın məzarı başında söyləmək üçün nitq hazırlamağa vaxt tapmadığına görə kədərləndiyini bildirir; jurnalistliyin dar çərçivələrindən sıxılıb elmi kitab yazmaq həvəsinə düşür, mühüm məsələlər üzərində baş sındırır, sosial problemlər, yoxsul təbəqə arasında əxlaqiliyin intişarı, balıqçılıq, dəmir yollarıyla bağlı mövzular barədə düşünür; “İqlimə dair müşahidələrlə birlikdə İonvil kantonunun ümumi statistikası” adlı, ehtimal ki, “Madam Bovari” dünyasının üzdə olmayan hansısa xəyali tələbəsinin- gələcəyin digər “Müsyö Ome”sinin “çox ciddi akademik mənbə” adlandıracağı elmi əsər yazır; yeni kəşflər barədə maraqlanmağa davam edir, şokolad istehsalının sürətli inkişafını izləyir; öz-özünə gördüyü xeyirli işlər barədə düşünüb orden, titul eşqinə düşür, buna görə hökümət tərəfinə keçir, seçkilərdə prefektə xəlvəti yardımlar göstərir, hətta əlahəzrətə “xidmətlərinə ədalətli və diqqətli yanaşılması” üçün yalvarışlı diləkcə göndərir, onu “bizim xeyirxah kralımız” adlandırır, fəqət istəyinin reallaşması gecikəndə hökümətin fərsizliyi və insanların nankorluğu barədə qəmli düşüncələrə dalır...Bu qədəri bəs edər.

Lakin diqqətimi çəkən digər bir xüsusi səhnə barədə də azca geniş danışmalıyam: demək bu aralıqda arvadının çox sevdiyi kömbələr alıb faytonla qəsəbəyə qayıdan Ome, yolda bu yerlərin həmişəki səfil sakini olan dilənçi koru görəndə dediklərini yanında oturan Madam Bovariyə eşitdirmək istərcəsinə, “Başa düşmürəm, hökümət niyə belə qəbahətli peşəyə göz yumur! Bu biçarələri cəmiyyətdən ayırıb əməyə cəlb etmək lazımdır! Şərəfimə and olsun ki, Tərəqqi tısbağa addımıyla irəliləyir! Barbarlıq içində yuvarlanıb gedirik!” deyə şikayətlənir, yenə də ətrafa bir çox anlaşılmaz ixtisas kəlmələri səpələyir, özünü bu korun qeydinə qalırmış kimi göstərərək ona qəpik-quruş və pəhrizlə bağlı məsləhətlər verir, axırda da onu iltibah əleyhinə özünün hazırladığı məlhəmlə sağaldacağına boyun olur. Qəsdən Madam Bovarinin və faytonçu İverin yanında ünvanını kora verir. Madam Bovarinin ölümü ərəfəsindəki gərginlik zamanı kor gəlib onu tapır. Ome onu başından etmək istəsə də, alınmır. Fəqət əczaçının sürtdüyü məlhəmin heç bir işə yaramadığını görən kor Bua-Gilyom dağına qayıdır və bütün yoldan keçənlərə aptekçinin uğursuz müalicəsindən danışır. Bunu bilən Ome Ruana gedəndə korla rastlaşmamaq üçün faytonun pərdəsi arxasında gizlənir. Kora nifrətlə dolub-daşır. Və reputasiyasını qorumaqdan ötrü bayağı çoxbilmişliklə yetərincə təchiz olunan məkrli zəkasını yenidən var gücüylə işə salır: düz yarım il ərzində “Ruan məşəli” qəzetinə, içində “...Pikardiyanın bərəkətli vilayətlərinə yollanan hər kəs, heç şübhə yox ki, Bua-Gilyom dağında, üzündə qorxunc bir yarayla dolaşan yoxsula rast gəlib. Bu səfil hər kəsi narahat edir, canından bezdirir və səyyahlardan sözün əsl mənasında ianə toplayır. Yəni doğrudanmı biz hələ də səfil-sərgərdanların xaç yürüşlərindən özləriylə gətirdikləri cüzamı, xənazir xəstəliyini bizim ictimai məkanlarımızda əngəlsizcə yaya bildikləri o qorxunc orta əsrlərdə qalmışıq? ”, “...dilənçilər arasında təkbaşına avara-avara dolaşanlar da var, bəlkə də bu daha təhlükəli haldır. Bəs görəsən bizim idarəedicilər hara baxır?” kimi irəliçi fikirlər olan məqalələr yollayır. Hansısa korun ucbatından baş verən bədbəxt hadisələrdən bəhs edən əhvalatlar da uydurur. Sözün qısası, qəpik-quruşla dolanan kəmağıl bir kor dilənçini axır ki, türməyə saldırır. Üstündən bir az keçəndən sonra koru buraxsalar da, Ome yenidən hücuma keçir və zəfər çalır: onun rəqibini əlillər evində ömürlük həbsə məhkum edirlər. Bu uğur aptekçini ruhlandırır. Və o vaxtdan etibarən, bu dairədə hansısa itin araba altında qaldığını, hansısa anbarın yandığını, hansısa qadının döyüldüyünü eşidən kimi proqressə olan sevgisi və keşişlərə olan nifrəti onu dərhal əhalini, oxucuları bu xəbərlərdən agah etməyə, sui-istifadə hallarını ifşa etməyə vadar edir. Və Ome getdikcə təhlükəli adama çevrilməyə başlayır.   

Bəli, əslində Omedə bir qınnaq da olsun intellektual vicdan yoxdur. O, vicdanlı görünmək istəyəndə də, artıq çoxdan çürüyüb dağılaraq zirzibilə çevrilmiş hansısa vicdan maskasına bürünüb yalnızca şəxsi banal xeyirləri arxasınca burdan-ora, ordan-bura yüyürərək ortalıqda fırlanır. Məsələn, divanda oturub Müsyö Omeyə tamaşa edən hansısa sadəlövh yabançı çox asanlıqla onun nəcib, humanist, aydın bir kəs olduğuna inanıb tələyə düşər. Əslindəsə Ome qətiyyən belə biri deyil. Sadəcə Omedəki praktik bayağılıq qılafı dəhşətli dərəcədə qatbaqatdır və onun xalis nüvəsini sezmək, məsələn, Şarl kimi saf biri üçün mümkünsüzdür. Tuş gəldiyi, ordan-burdan qopartdığı, hər imkandaca yığıb-götürdüyü bütün mədəni klişe və şablonlar sadəcə Omenin alın sümüyünün içəri tərəfinə yapışır və onun yaramaz istəklərin qaynaşdığı beyninin kirli dərinliklərindən, yəni xalis təbiətindən gələn bütün ikrahdoğurucu məramları həmin “vətənpərvərlik”, “insanpərvərlik”, “maarifçilik”, “ziyalılıq”, “proqressivlik”, “sənətsevərlik”, “müasirlik”, “təvazökarlıq” klişelərinə bürünərək zahirə çıxır. Nə bilgi, nə sənət, nə həqiqət, nə həqiqilik, nə mərhəmət əslində Omenin azca da olsun vecinə deyil. Onu həyatında, gördüyümüz kimi, yalnızca bir məsələ maraqlandırır: rəzil istəklərini mümkün olduğu qədər təmiz görüntü altında, gözə çarpdırmadan, kimdən necə istifadə edəcəyini hiyləylə ölçüb-biçərək, səliqəylə gerçəkləşdirmək. Və sənət, bilgi, mərhəmət kimi dəyərləri də, day korlayıb cındırını çıxararaq, ömrünün sonuna qədər getdikcə daha da təkmilləşən mürəkkəb davranışlarla, bu məqsədlərinə çatmaq üçün ən təhlükəsiz və parlaq vasitələr kimi istifadə edir.

Əsərin sonunda Müsyö Omenin müştərilərinin saysız-hesabsız olduğunu, ictimai rəyin onu qoruduğunu, hökümətin onunla ehtiyatlı davrandığını öyrənirik. Əsər bu cümləylə bitir: “ Bu yaxınlarda ona “Fəxri Legion” ordeni də verdilər.” (Bu orden o medalın yaxın əqrabasıdır)

(Nəhayət ki, o təkamülçümüz, vəcdinin son həddə çatmasıyla dəhşətli titrəmələr içində qəşş eləyib ağzı köpüklənə-köpüklənə dal üstə sərələndi yerə!).

(Əzizim Flober, bu müzəffəranə qalibiyyət münasibətiylə sənin təmiz alnından və tez-tez damlalar süzülən kövrək yanaqlarından maç elədim). Bəli, filisterlik əbədidir. Onun kökü kəsilə bilməz (hələ dördü də rifah-bolluqla yeni-yeni yetişməkdədir, hardan kəsiləcək? Fəqət ey sən (bu dəfə səninlə deyiləm, oxucu), sən isə, hətta xəyali “Müsyö Ome” obrazının doğulmasına rəvac verən o gerçək materialın özünün də, onu ulu sənət səviyyəsində sonsuzluğa daşıdığı üçün minnətdarlıq etməli olduğu Floberkimilərin mənəvi balalarından muğayat ol).

Yazını Nabokovun Müsyö Ome personajına verdiyi xarakteristikanın yeddinci bəndiylə bitirirəm: 7) Romanın sonunda 1856-cı ildə ona orden verilir. Flober öz dövrünü “muflisme” adlandırdığı filisterlik epoxası hesab edirdi. Ancaq bu halət bəlli bir idarəçiliyə yaxud rejimə xas olan vəziyyət deyildir; əslində filisterliyə inqilablar zamanı və polis dövlətlərində ənənəvi rejimlərdə olduğundan daha tez-tez rast gəlinir. Və şiddətli ictimai fəaliyyətə qalxışan filister, evində televizor qarşısında sakitcə oturan filisterdən hər zaman daha təhlükəlidir.

Rüstəm Ayaks

Kultura.az

Yuxarı