Media Hüququ İnstitutunun açıqlaması
Son dövrdə çap evləri tənqidçi mövqeyi il…
“Əyilmiş boyuna minmək asandır”
Atalar məsəli
Beş-altı ay bundan əvvəl, Firudin Allahverdi ilə yazmaq, pozmaq, qaralamaq, həyat, yaradıcılıq, sənət mövzuları ətrafında kifayət qədər qızğın söhbət edərkən hörmətli bəstəkar belə bir söz dedi: əvvəllər düşünürdüm yazılanlar haqqında şərh vermək lazım deyil. Mənim işim yazmaqdır. Qoy, kim necə istəyir başa düşsün. İndi düşünürəm ki, arada yazılanlar haqqında şərh vermək lazımdır.
Firudinin sözləri yadımda təxminən belə qalıb. İndi dəqiqliyinə təminat verə bilmədiyimə görə, bir növ özümü sığortalamaq üçün, onun sözlərini dırnaq arasına almadım. Ola bilsin, çox mümkündür, hörmətli bəstəkar bu sözləri deyərkən tamam başqa mətləbə toxunub, mənim fikrim isə ayrı yerdə olub və onu tamam səhv başa düşmüşəm. Belə olduğu halda, o, Erkin Qədirlinin sevimli üslubundan istifadə edərək, qayıdıb adama haqlı olaraq “sözlərimi kontekstdən çıxartmısan, mən başqa söz demək istəmişəm” deyər, arada boş yerə, durduğum yerdə, heç nədən pərtlik yaranar. İlin-günün bu vaxtında pərt olmaq nəyimə lazımdır? Bir qram da lazım deyil. Bəzi adamların ipinin üstünə odun yığanda hər ehtimala qarşı gərək ehtiyatı, tədbirli olasan. Zarafat bir yana (hər zarafatda həqiqət payı olsa da) Firudin Azərbaycanda düşüncələrinə hörmətlə yanaşdığım, bir çox müsbət mənalarda Azərbaycanda nadir rast gəlinən adamlardan biridir. Onunla ünsüyyətdə olmaq insana ancaq fayda verə bilər, intellektini genişləndirər və sairə və ilaxır. Nə qədər sərt səslənsə də, düşünürəm ki, Firudinin bu vaxta qədər yazdıqları sadəcə gimnastika idi, onun əsl yaradıcılığı qırx yaşdan sonra başlayacaq. O, bir spartalı kimi əsl yaradıcılıq prosesinə həm fiziki, həm də mənəvi cəhətdən indidən hazırlaşmalıdır.
Beləliklə, yazının əvvəlində Firudinin dırnaqsız verdiyim sözlərinə söykənərək, bu sözlərdən təsirlənərək (hətta tamam səhv başa düşdüyümü, kontekstdən çıxartdığımı nəzərə almaqla belə), bəlkə də həyatımda ilk dəfə müəllifi olduğum bir hekayəni (“Tövbəçi”) lap qısaca şərh etmək istəyirəm. Hərçənd, Ernest Heminquey deyirdi ki, kitabla bağlı şərhlərə girişmək yazıçının işi deyil, yazıçı bir məkanı xaricilərə təqdim edən turist bələdçisi kimi olmamalıdır.
“Tövbəçi” hekayəsində Herman Hessenin “Muncuq oyunu” əsərinə birbaşa göndərmə var. Hekayənin adı Herman Hessenin “Muncuq oyunu” əsərindən götürülüb. “Muncuq oyunu”nu oxuyanlar “Tövbəçi” hekayəsində nə demək istədiyimi daha yaxşı başa düşərlər. Əlli milyonluq (şərti olaraq) azərbaycanlılar arasında “Muncuq oyunu”nu oxuyan, uzaqbaşı əlli adam tapmaq olar. Hətta, sizə deyim ki, əlli rəqəminin özü də burda xeyli şübhəli, xeyli şişirdilmiş görünə bilər. “Muncuq oyunu” ağır əsərdir. Hər kəsin oxuya biləcəyi, oxusa da qavaraya biləcəyi əsər deyil. Yaşı qırxa çatmamış adamlar havayı yerə zəhmət çəkib “Muncuq oyunu” əsərini oxumasınlar. Gözləsinlər, yaş qırxa çatanda, əgər özlərində həvəs və güc tapsalar “Muncuq oyunu” əsərin oxuyarlar. Əsər Azərbaycan dilinə tərcümə edilib və kitab şəklində “Qanun” nəşriyyatında nəşr olunub. Kitab şəhərin kitab mağazalarında öz oxucularını səbrlə gözləməkdədir. “Muncuq oyunu” kimin üçün tərcümə və nəşr olunub, ta orasını bilmirəm.
“Tövbəçi” hekayəsi Tiflisdə, filarmoniyanın yaxınlığında yerləşən Vera parkında, may ayının axırlarından oktyabr ayının ortalarına qədər fəaliyyət göstərən adsız kafenin təsviri ilə başlayır: “Bir neçə ildir yay aylarında həftədə üç-dörd dəfə adsız kafedə yemək yeyirəm. Kafedə ancaq qadınlar işləyir. Mehriban qadınlardır. Adımı, nəylə məşğul olduğumu bilməsələr də, bəndənizi sifətdən tanıyırlar. Sağ olsunlar, kifayət qədər də hörmətlə yanaşırlar. Kafenin işçilərinin qış aylarında nəylə məşğul olduqları mənə maraqlı idi. Bir dəfə ofisiantdan soruşdum:
– Bəs qışda nə edirsiniz?
– Evdə otururuq.
Adsız kafenin ətrafında həmişə küçə itləri və sahibsiz pişiklər olur. Həm kafedə işləyənlər, həm də kafenin müştəriləri heyvanlara qarşı mehribanlıq göstərirlər. Heyvanların üstünə qışqırmırlar, söymürlər, qovmurlar, hətta bacardıqları qədər yemləyirlər. İnsafən heyvanlar da sırtıqlıq eləmirlər. Özlərini çox mədəni aparırlar. Bir may günü səhər on radələrində kafedə oturmuşdum. Kofe, sosiska, tərəvəz salatı, iki yüz əlli qram araq sifariş vermişdim. Kafedə məndən savayı müştəri yox idi. Yeyə-yeyə kitab oxuyurdum. Hava da gözəl idi. Arabir əsən meh yarpaqları qımıldadırdı. Bu vaxt günəş şüaları fürsət gözləyirmiş kimi yarpaqların arasına soxulurdu. Yumşaq xışıltıyla yarpaqlar günəş şüalarında üzür, oynaşır, şüalar xırda-xırda olub torpağa tökülür, adamın qəlbini ovudur, qarışıq duyğularını, fikirlərini nizama salaraq sakitləşdirirdi.”
Başlamaq demişkən, Çexov deyirdi ki, hekayənin xüsusən əvvəlində və sonunda ehtiyatlı olmaq lazımdır. Çünki, biz, daha çox hekayənin əvvəlində və sonunda pis gicləyirik.
Davam edək: “Kafeyə əlində karton qutu olan bir çinli qız girdi. “Xeyri yoxdu, heç nə alan deyiləm” – öz-özümə düşündüm. Qız qutudakı şeylərin hamısını mənə göstərmək istəyirdi. Məhsulları bir-birinin ardınca masanın üstünə düzürdü. Balaca qayçılar, bıçaqlar, əl fənərləri, yapışqanlı lent, müxtəlif ölçülü batareyalar, dırnaqtutanlar…
Nəsə ala da bilərdim, almaya da. Qız çox sadəliklə hərəkət edirdi. Görünür zavallı çox istəyirdi ki, bir neçə quruş qazansın. Ehtiyacım olmasa da göy rəngli yapışqanlı lent aldım. Çinli qız getdikdən sonra xeyli yapışqanlı lentə baxdım. Baxdıqca uşaqlıqda gördüyüm məişət cihazlarını xatırlayırdım”.
Burda, Lorens Sternin dünya roman tarixində müstəsna yeri olan “Sentimental səyahət” əsərindən istifadə etmişəm. Hekayə qəhramanının çinli qızın satdığı şeylərdən heç birisinə ehtiyacı yoxdur. O, zavallı qız bir neçə quruş qazansın deyə, yalnız bu məqsədlə göy rəngli yapışqanlı lent alır. Hekayənin qəhramanı balaca qayçı, dırnaqtutan, əl fənəri də ala bilərdi, amma o göy rəngli yapışqanlı lent alır və lentə baxdıqca uşaqlıqda gördüyü məişət cihazlarını xatırlayır. Niyə qəhraman göy rəngli yapışqanlı lentə baxanda uşaqlıqda gördüyü məiçət cihazların xatırlayır? Nədir bunun səbəbi? Hekayənin qəhramanı xəstdədir, dəlidir, nədir? Qəhraman göy rəngli yapışqanlı lentə baxanda uşaqlıqda gördüyü məişət cihazların ona görə xatırlayır ki, onun uşaqlığı sovet dövründə keçib.
O zamanlar məişət cihazları tapılmırdı. Məişət cihazları tamam sıradan çıxıb, canını əşya allahına tapşırana qədər dəfələrlə təmir olunurdu. Hətta tamam sıradan çıxmış, canını əşya allahına tapşırmış məişət cihazından da adamlar asanlıqla əl çəkmirdilər. Onu söküb nəsə düzəldirdilər. Ya da oynatmaq üçün uşaqlara verirdilər. Çünki bütün dünyanı öz silahları, ordusu ilə qorxu altında saxlayan sovet hökumətində uşaqlar oynatmağa, oynamağa oyuncaq tapmırdılar. Yuri Qaqarin hansısa Avropa ölkəsinə gedəndə ona orda çoxlu oyuncaqlar veriblər, deyiblər, sən də bunu sovet uşaqlarına verərsən. Bununla da işarə vurublar ki, göyə adam göndərirsiniz, kosmosla əlləşirsiniz, amma uşaqlarınız oynatmağa oyuncaq tapmırlar. Söhbət yadımda belə qalıb.
Sovet dövründə həmçinin naqil də tapılmırdı. Həmin vaxtlar göy rəngli yapışqanlı lentlərdən adamlar geniş istifadə etməyə məcbur idilər. Hara, hansı məkana gedirdinsə (məktəblərdə, evlərdə, idarələrdə, uşaq baxçalarında) adamın gözünə göy rəngli yapışqanlı lent dəyirdi. Bütün bunları müəllif hekayədə yazmayıb. Çünki, həmin hissədə müəllif Ernest Heminqueyin aysberq üslubundan istifadə edib. Aysberq üslubu nədir? Aysberq üslubu o deməkdir ki, müəllifin yazmadıqları, mətndə yazdıqlarından qat-qat çoxdur. Müəllif hər hansı məsələyə mətndə balaca, incə bir işarə vurur, qalanını isə oxucu özü tutmalı, əgər varsa, təxəyyülünü, bədii təfəkkürrünü işə salıb qalanını, müəllifin yazmadıqlarını özü təsəvvür etməlidir. Azərbaycanda isə belə zövqlu, səviyyəli, bədii təfəkkürü inkişaf etmiş oxucunun sayı dəhşətli, faciəvi dərəcədə azdır.
Sual oluna bilər, əgər Azərbaycanda zövqlu, səviyyəli oxucu dəhşətli, faciəvi dərəcədə azdırsa, onda, kimə lazımdır sənin bu aysberq üslubun. Zövqlu, səviyyəli, bədii təfəkkürü inkişaf etmiş oxucu dəhşətli, faciəvi dərəcədə azdır deyə, müəllif öz səviyyəsini aşağı endirməli deyil. Oxucunun səviyyəsinə enmək, oxunmaq naminə peşəkarlığından azacıq da olsa imtina etmək, bir yazıçının özünə qarşı edə biləcəyi ən böyük xəyanət, ən böyük hörmətsizlikdir. Üstəlik, yüksək səviyyədə mətn yazmaq imkanın varkən oxunmaq naminə oxucunun səviyyəsinə enmək bədii konyunkturanın ən ibdar, ən iyrənc formalarından biridir.
“Tövbəçi” hekayəsində əvvəllər bir-birini tanımayan gənc yazıçı (azərbaycanlı) ilə qoca rəqqas (gürcü) görüşürlər. Onların görüşməsinə səbəb olan ağlı-qaralı pişikdir. Qoca rəqqasın ağlı-qaralı pişiyi itib. Gənc yazıçı isə adsız kafedə tutduğu başqa bir ağlı-qaralı pişiyi qoca rəqqasın hüzuruna gətirir. Pişik vasitəsi ilə tanış olan gənc yazıçı və qoca rəqqas asanlıqla dil tapırlar. Çaxır içirlər, ot çəkirlər, dərdləşirlər. Fəaliyyətlərinin əhəmiyyətinə şübhə etsələr, vəziyyətdən gileylənsələr də başqa işlə məşğul olmağı ağıllarına gətirməyən bu iki adam, bir-birlərinin mənəvi dəstəyinə ehtiyac görürlər. Herman Hessenin “Muncuq oyunu” əsərinin tövbəçi adlı hissəsində də təxminən eyni vəziyyət, təxminən eyni söhbətdir. Əlbəttə, Herman Hessenin “Muncuq oyunu” əsərinin tövbəçi hissəsində mövzu daha dərin və daha böyük miqyasda işlənilib. Bu elə belə də olmalıdır. Başqa cür ola da bilməz. Bağışlayın, mən Herman Hesse deyiləm. Buna iddiam da yoxdur. Heç siz də alman deyilsiniz. Sadəcə, qətiyyətlə deyirəm ki, mənim “Tövbəçi” hekayəm özünün həyat reallığı ilə Herman Hessenin “Muncuq oyunu” əsərinin tövbəçi hissəsindən üstündür. Yəni, loru dildə desək, sırf həyat reallığını nəzərə alsaq, mənim “Tövbəçi”m Herman Hessenin “Muncuq oyunu” əsərindəki tövbəçi hissəsini döyər.
Gəlin, “Tövbəçi” hekayəsində qoca rəqqasla gənc yazıçının arasında gedən dinamik dialoqdan bir hissəyə diqqət edək:
“- … Mənim yerimdə kim olsa, bir gün də burda dayanmaz. Hərdən o qədər bezirəm ki, kollektivi atmaq istəyirəm. Ata bilmirəm. Ürəyim gəlmir. Bilirəm ki, mən burdan getsəm, kollektiv dağılacaq. Mən də belə bədbəxtəm.
– Bədbəxt niyə olursan? Sən əslində şücaət göstərirsən. Şücaət nədir? Bir adam bir neçə adamın işini tək görəndə şücaət göstərir. Hər bir cəmiyyətdə yaxşı dəyərlər sənin kimi insanların sayəsində yaşayır. Əks halda bütün dəyərlər məhv olub gedər.
– Zarafat edirsən?
– Zarafat etmirəm. Sən istəsən də, artıq başqa cür yaşaya bilməzsən. İnanın, mənə də çox çətindir”.
Daha sonra gənc yazıçı öz həyatından, vəziyyətindən gileylənməyə başlayır və qoca rəqqas ona bu formada ürək-dirək verir: “Vecinə də alma. Qəti bildiyim bir şey var ki, cavan adamda gərək möhkəm iradə, düz məslək, sağlam düşüncə ola. Bunlar olsa, lap zəif istedadlı adam da həyatda məqsədinə çatar”.
Müəllif “Tövbəçi” hekayəsində demək istəyir ki, dinindən, millətindən asılı olmayaraq mənəvi azlıqda qalan insanlar bir-birlərinə dəstək verməli, bir-birlərinə arxa dayanmalıdırlar. “Tövbəçi” hekayəsi qismən pozitiv notlarla bitir. Qoca rəqqasın itkin düşmüş ağlı-qaralı pişiyini gənc yazıçının adsız kafedən tutub gətirdiyi ağlı-qaralı pişik əvəz edir. Yəni dünyanın axırı deyil, həyat davam etməkdədir. Hansısa dəyərləri heç tam yox, azacıq təmannasız formada qorumaq, yaymaq, ötürmək istəyən adamlar hər zaman azlıqda qalacaqlar. Belə olub, belədir, belə də olacaq. Bu əbədi döyüşə girən adam mübarək, parlaq məğlubiyyətə uğrayacağını əvvəlcədən bilməli və öz sahəsinin şəhədət şərbətini son damlasına qədər içməlidir. Döyüşün harda getməsinin, miqyasının məsələyə dəxli yoxdu. Çexov yazıçıları nəzərdə tutaraq deyirdi: “Böyük itlər var və balaca itlər var. Balaca itlər böyük itlərin mövcudluğuna görə utanmamalıdır. Onlar da hürməlidirlər. Hər bir it bacardığı kimi hürməlidir”.
Hörmətli oxucular, sizin əsnəyə-əsnəyə, gərnəşə-gərnəşə oxuduğunuz balaca bir hekayədə görürsünüz nə qədər incə nüanslar, nə qədər zəhmət var. Görmürsünüz. Ona görə ki, bu incə nüansları görmək üçün zövq, intellekt, bədii təfəkkür gərəkdir.
Çox güman, ola bilsin “Tövbəçi” hekayəsində müəllif özü də fərqində olmadan başqa mətləblərə toxunub. Bu mətləbləri tapıb üzə çıxartmaq digərlərinin işidir. Şəxsən mən mətni özündən daha ağıllı, daha maraqlı olan yazıçıları daha çox sevirəm. Belə yazıçılar özləri də fərqində olmadan maraqlı mətləblərə toxunurlar.
Deyir bu fani dünyada əsasən üç cürə yazıq adam var. Taxtdan yıxılmış hökmdar, var-yoxdan çıxmış tacir, dəlilər arasına düşmüş ağıllı. Məmnuniyyətlə bu siyahıya bir əlavə edərdim; kobud və zövqsüz adamların arasına düşmüş həssas və zövqlü adam.
Xülasə, yarımvəhşi həyat tərzi keçirən, qəbilə, tayfa halında yaşayan bir camaatın dilində “Tövbəçi” kimi yüksək səviyyəli bir hekayənin yazılması onlar üçün lütf sayılmalıdır.
Nə yazdığımı, necə yazdığımı, hansı yazının zəif, hansı yazının güclü alındığını çox yaxşı bilirəm. Publisistikamda, nəsrimdə elə numunələr var ki, onlar haqqında fikir bildirə biləcək adamları Azərbaycanda barmaqla saymaq olar. O adamları da Allaha şükür şəxsən tanıyıram. Lazım olanda rəylərini, fikirlərini, düşüncələrini birbaşa özüm öyrənirəm. Qalanlarının fikri, rəyi, düşüncələri dünəndən maraqlı deyil. Heç kimin tənqidinə və tərifinə də ehtiyacım yoxdur.
Ümumiyətlə, bəyin əynində təzə paltar görəndə iki qat əyilib “mübarəkdir, mübarəkdir, toya, şadlığa geyinəsən” deyən, kasıbın əynində təzə paltar görəndə hirslə, əsəblə “kiminkidir, hardan tapmısan” sualı verən azərbaycanlılar adlı camaat puldan və vəzifədən savayı heç nəyə inanmadıqlarına görə, pulu və vəzifəsi olmayıb ağıllı-ağıllı danışan adama hüdudsuz dərəcədə nifrət edirlər. Pulun var? Yox. Vəzifən var? Yox. Villan var? Yox. Ciddi maşının var? Yox. Bəs onda gic-gic danışıb niyə beynimizi xarab edirsən? Belə ağıllısansa hanı sənin pulun, villan, ciddi maşının? Əlacları olsa pulu və vəzifəsi olmayıb, ağıllı-ağıllı danışan adamın, uf demədən başını kəsib, qanın içərlər. Məsələn, Anar Rzayev nəyi bilməsə də bunu çox gözəl bilir. Bilir ki, vəzifəsi olmasa, heç kim onu adam yerinə qomayacaq. Ona görə vəzifəsindən dörd əllə yapışıb.