Həqiqət Səfehin Özüdür
Əgər iyirminci əsrin əvvəllərindəki Avropa ədəbiyyatın…
Qəribədir, nə üçün biz valideynlərimizin qabağında keçirtdiyimiz günah hissini, müəllimlərimizin də qabağında keçirdirik? Özü də məktəb vaxtı olanlara görə yox, sonralar başımıza gələnlərə görə.
Beşinci sinfə qırx səkkizinci ildə getmişəm. Kəndimizdəki məktəb dördillik idi, buna görə də oxumaq üçün əlli kilometr aralıya, rayon mərkəzinə köçməli oldum. Anam bir həftə əvvəl gedib öz tanışıyla danışdı, onlarda qalmağım üçün razılaşıb qayıtdı, avqustun axırıncı günü isə kolxozdakı yeganə yük maşınının sürücüsü Vanya dayı məni aparıb yaşamalı olduğum Daşaltı küçəsində düşürtdü, əşyalarımı evə daşımağa kömək etdi, mehribanlıqla çiynimə vurub getdi. Beləliklə, on bir yaşımda müstəqil həyata başladım.
Qıtlıq vaxtı idi. Biz üç uşaq idik, ən böyüyü mən idim. Xüsusən yazda vəziyyət daha ağır olurdu, mən göyərmiş kartofun gözlərini, yulaf və çovdar dənələrini udurdum, bacımı da udmağa məcbur edirdim ki, mədəmizin başını aldadaq, - belədə yemək haqda çox fikirləşmirdik. Bütün yayı cidd-cəhdlə toxumlarımızı sulayırdıq, amma bəhər olmurdu, ya da elə az olurdu ki, gözümüzə görünmürdü. Məncə, təcrübəsizlikdən nəyisə düz eləmirdik.
Anamın məni rayona göndərməyə necə ürək etdiyini bilmirəm. Atamız yox idi, çox pis yaşayırdıq, yəqin, anam da fikirləşmişdi ki, daha bundan betər ola bilməz. Yaxşı oxuyurdum, məktəbə həvəslə gedirdim, kənddə də savadlı uşaq kimi tanınırdım: qoca nənələrin məktublarını yazırdım, gələn məktubları oxuyurdum, biçimsiz kitabxanamıza gələn kitabları oxuyurdum, axşamlar kitablardakı əhvalatları uşaqlara danışırdım, çox vaxt da özümdən nələrsə əlavə edirdim. Xüsusən istiqraz məsələsində mənə daha çox inanırdılar. Müharibə vaxtı camaatda xeyli istiqraz kağızı yığılmışdı, tez-tez uduş cədvəli gəlirdi, onda mənim yanıma gəlirdilər. Deyirdilər ki, əlim yüngüldür. Doğrudan da, tez-tez uduş olurdu, əsasən xırda məbləğ olsa da, kolxozçular hər qəpiyə sevinirdilər. Xəbəri mən verdiyim üçün, sevincdən mənə də pay düşürdü. Məni başqa uşaqlarla bir tutmurdular, hətta arada yedizdirirdilər. Bir dəfə simic və qənaətcil İlya dayı dörd yüz rubl udduğu üçün mənə bir vedrə kartof vermişdi - yazqabağı bu sərvət mislində idi.
İstiqraz nömrələrindən başım çıxdığı üçün anama deyirdilər:
- Kəlləli uşaqdır. Sən belə elə... onu oxutdur. Savad itməz.
Və anam heç nəyə baxmayaraq, məni oxumağa göndərdi. Bundan qabaq kəndimizdən heç kim rayon mərkəzində oxumamışdı. Mən birinci idim. Heç mən də nə edəcəyimi, təzə yerdə məni nələr gözlədiyini bilmirdim.
Burda da yaxşı oxuyurdum. Başqa nə edə bilərdim ki? - bura elə oxumaq üçün gəlmişdim. Məktəbə hansısa dərsi oxumamış getməyə cəsarətim çatmazdı, buna görə də fransız dilindən başqa bütün dərslərdən beş alırdım.
Fransızcadan tələffüzə görə axsayırdım. Sözləri asanlıqla yadımda saxlayırdım, tez tərcümə edirdim, düzgün yazırdım, amma düzgün tələffüz edə bilmirdim, nəslimizdə heç kim bircə kəlmə də xarici söz danışmamışdı, bəlkə də, heç xarici dillərin mövcudluğundan da xəbərləri yox idi. Sözlərin yarısını birtəhər uzadırdım, o biri yarısını isə çeynə-tüpür edirdim. Fransız dili müəlliməmiz Lidiya Mixaylovna mənə qulaq asanda sifətini turşudub gözlərini yumurdu. Yəqin ki, heç vaxt buna oxşar bir şey başına gəlməmişdi. O sözləri dəfələrlə düzgün şəkildə deyirdi və məndən təkrarlamağımı istəyirdi, mənimsə dilim ağac parçasına dönürdü, ağzımın içində tərpənmirdi. Bütün zəhmətim əbəs idi. Amma ən dəhşətlisi, evə qayıdandan sonra başlayırdı. Məktəbdə başım qarışırdı, istər-istəməz uşaqlara qoşulub oynayırdım, dərslərdə yazıb-oxuyurduq. Amma tək qalan kimi darıxmağa başlayırdım - evimiz üçün, kəndimiz üçün darıxırdım. Əvvəllər bircə günlük də olsun, ailəmdən ayrılmamışdım, buna görə də yad adamların içində yaşamağa hazır deyildim. Çox pis olurdum, ağrıyırdım. Bu istənilən xəstəlikdən daha pis idi. Ancaq bir şey istəyirdim, ancaq bir şeyi arzulayırdım - evimizi, ancaq evimizi! Xeyli arıqlamışdım, anam sentyabrın axırı gələndə mənə görə bərk narahat olmuşdu. Onun yanında özümü tox tutdum, şikayətlənmədim, ağlamadım, amma o gedəndə özümü saxlaya bilmədim, ağlaya-ağlaya maşının dalınca qaçdım. Anam kuzovdan əliylə işarə edirdi ki, dayanım, ağlamayım, özümü və onu biabır etməyim, amma onu başa düşmürdüm. Sonra o maşını saxlatdırıb dedi:
- Get yığış, - yanına çatan kimi əmr etdi. - Bəsdi bu qədər, yığış gedək evimizə.
Onda ayıldım və qaçdım.
Təkcə darıxdığım üçün arıqlamamışdım. Həm də çox vaxt ac olurdum. Payızda, Vanya dayı rayon mərkəzindən bir az aralıdakı Zaqotzernoya çörək gətirəndə mənə tez-tez evdən bağlama gəlirdi, təxminən həftədə bir dəfə. Amma o mənə çatmırdı. Bağlamada ancaq çörəklə kartof olurdu, hərdən də anam kimdənsə nəyinsə qarşılığında aldığı kəsmikdən bankaya töküb qoyurdu, öz inəyimiz yox idi. Gətirirlər - elə bilirsən çoxdu, iki gündən sonra əl atırsan - heç nə yoxdu. Tezliklə gördüm ki, çörəyimin çoxu sirli şəkildə harasa qeyb olur. Yoxladım, təxmin etdiyim kimi idi. Kartofla da eyni şey olurdu. Görəsən, kim götürürdü - təkbaşına üç uşaqla əlləşən qara-qışqırıqçı Nadya xala, qızlardan hansısa, ya da evin kiçiyi, Fedka - bunu bilmirdim, amma bu haqda fikirləşməyə də qorxurdum, o ki qaldı güdmək ola. Anamın qardaşımla bacımın boğazından kəsib mənə göndərdiyi ərzağın bu yolla itməyi xətrimə dəyirdi. Amma özümü bununla barışmağa da məcbur etdim. Anam bunu bilsəydi də, heç nə dəyişməyəcəkdi.
Burdakı aclıq kənddəki aclığa oxşamırdı. Orda həmişə, xüsusən də payızda nəsə tapmaq olurdu, Anqara çayında balıqlar üzürdü, meşədə quşlar uçurdu. Burda hər şey mənim üçün yad idi: yad adamlar, yad məhsul, yad torpaq. Balaca çaya on dənə tor atırdılar. Bir dəfə bazar günü səhərdən-axşamacan tilov atıb oturdum, cəmisi üç dənə çay qaşığı boyda qumlaqçı (çəki balıqları fəsiləsindən kiçik çay balığı) tuta bildim. Bununla da başını saxlaya bilməzsən. Daha balığa getmədim - nahaq yerə vaxt itirmək nəyə lazım? Axşamları bazarı gəzib nəyi neçəyə satdıqlarını yadımda saxlayırdım, ağzım sulana-sulana, boş əllə evə qayıdırdım. Nadya xalanın sobasında çaydan qaynayırdı, isti suyla qarnımı doldurub yatmağa uzanırdım. Səhər təzədən məktəbə. Vanya dayının yük maşını gəlib qapıda dayanana qədər beləcə keçinirdim. Nə qədər qənaət etsəm də, bilirdim ki, ərzağın başına həmişəki hadisə gələcək, iki gündən sonra yenə ac qalacağam.
Bir dəfə sentyabrda Fedka mənə dedi:
- Qəpik-qəpik oynamaq istəyirsən?
- Qəpik-qəpik? - nə dediyini başa düşmədim.
- Oyundu da. Qumar oynayırıq. Pulun varsa, gedib oynayaq.
- Yoxumdu.
- Məndə də yoxdu. Elə-belə gedək baxaq. Görərsən necə maraqlıdı.
Fedkayla əkin sahələrini keçib qayalığa çatdıq, buraları gicitkən basmışdı. Qayalığı keçəndən sonra aşağıda balaca, hamar tala gördük, uşaqlar burda oynayırdı. Yaxına gəldik. Uşaqlar bizi görəndə özlərini yığışdırdılar. Hamısı mən yaşda olardı, təkcə biri bizdən böyük idi. İri və möhkəm bədəni, kürən saçları vardı, güclü və sözükeçən olduğu bilinirdi. Onu görən kimi tanıdım: yeddinci sinifdə oxuyurdu.
- Bunu nə üçün gətirmisən? - O, narazı halda Fedkadan soruşdu.
- Özümüzünküdü, Vadik, özümüzünküdü, - Fedka dedi. - Bizdə yaşayır.
- Oynayacaqsan? - Vadik məndən soruşdu.
- Pulum yoxdu.
- Bax a, birdən kiməsə burda olduğumuzu deyərsən.
- Bir o qalmışdı! - mən incidim.
Daha mənə fikir verən olmadı. Qırağa çəkilib baxmağa başladım. Hamı oynamırdı, ya altı nəfər oynayırdı, ya da yeddi nəfər, qalanları dayanıb baxırdı, əksəri də Vadikə azarkeşlik edirdi. Buranın ağası o idi.
Oyun elə də çətin deyildi. Hərə on qəpikdən qoyurdu, qəpikləri dairənin içində üst-üstə düzürdülər. Bir neçə metr aralıdan yastı daşı atmaq lazım idi, amma daş dairədən qırağa çıxmamalıydı. Sonra həmin yastı daşla qəpikləri vurub üzünü çevirmək lazım idi. Çevirə bildinsə, növbətisini vururdun. Çevirə bilməsən, oyun növbəti oyunçuya keçirdi. Əgər daşı uzaqdan atanda qəpiklərdən heç olmasa biri çevrilsəydi, onda bütün qəpikləri o qazanırdı.
Vadik hiylə işlədirdi. Hamı bunu başa düşürdü, amma heç kimin deməyə cəsarəti çatmırdı. Amma həm də yaxşı oynayırdı. Uzaqdan daşı çox sərrast atırdı, qəpikləri çevirəndə də daşı elə vururdu ki, qəpik çox rahatlıqla çevrilirdi. Heç kim onun kimi vura bilmirdi.
Uşaqlar yenə ciblərini eşələyib qəpik çıxarırdılar, qəpiyi olmayanlarsa qırağa keçib baxırdı.
Məncə, pulum olsaydı, mən də oynaya bilərdim. Kənddə yaşlı nənələrlə çox gəzmişdim, hər şeyə diqqət cəmləməyə öyrəşmişdim. Bundan başqa, dəqiq nişan almaq oyunları oynayırdım. Nəyisə nişangah seçib, ta ki ən yaxşı göstəricini əldə edənə qədər daşla vururdum. Yəni nişan almaqda təcrübəm vardı. Amma pulum yox idi.
Anam pul göndərə bilmədiyi üçün çörək göndərirdi, yoxsa çörəyi burda da ala bilərdim. Kolxozda pulu hardan tapsın? Amma iki dəfə məktubun içində beş rublluq əskinas qoymuşdu. O pula bazarda beş dənə yarımlitrlik süd ala bilərdim, biri bir rubldan. Qanım az olduğu üçün süd içməliydim, tez-tez heç nədən başım fırlanırdı.
Üçüncü dəfə pul gələndə ona süd almadım, xırdalayıb oyun talasına getdim. Yeri əla seçmişdilər, qayalıqların arasında balaca tala. Bura heç yerdən görünmürdü. Kənddə bu oyuna görə döyürdülər, məktəbdən qovmaqla, milisə verməklə hədələyirdilər. Burda bizə heç kim mane olmurdu. Yol da yaxın idi, on dəqiqəyə çatırdın.
Birinci dəfə doxsan, ikinci dəfə altmış qəpik uduzdum. Əlbəttə, pula heyfim gəlirdi, amma oyunda möhkəmlənirdim. Getdikcə daşı atmağa nə qədər güc lazımdırsa, o qədər sərf edirdim, düzgün nişan alırdım, daşın harda yerə düşəcəyini və neçə dəfə fırlanacağını hesablaya bilirdim. Axşam hamı gedəndən sonra yenə bura gəlirdim, cibimdəki qəpikləri yerə düzüb daşla vururdum, hava qaralana qədər məşq edirdim. Artıq on atışdan üçü, ya da dördü uğurlu alınırdı.
Nəhayət, uduşa qaldığım gün gəlib çatdı.
Payız isti və quraqlıq keçirdi. Oktyabrda elə isti idi ki, köynəklə gəzmək olurdu, yağış nadirən yağırdı, elə bil harasa əsən külək buludu yolüstü bizim tərəfdən salırdı. Göy üzü yayda olduğu kimi açıq idi, amma gün artıq tez batırdı. Qayalıqda köçəri quşların səsləri əks-səda verirdi. Bizim talada otlar saralsa da, hələ yumşaq idi. Oynamayan, daha dəqiqi, uduzan uşaqlar sarı otların üstündə otururdu.
İndi hər gün dərsdən sonra bura qaçırdım. Uşaqlar dəyişirdi, təzələri gəlirdi, bircə Vadik bütün oyunlarda burda olurdu. Oyun onsuz başlamırdı. Təzə uşaq da peyda olmuşdu, yekə başını maşınla qırxdırmış bu iri uşaq Vadiki kölgə kimi izləyirdi, ona Quşcuğaz deyirdilər. Quşcuğazı məktəbdə heç görməmişdim. Qabağa qaçıb deyim ki, üçüncü rübdən bizim sinfə gəldi. Demə, o, keçən il sinifdə qalmışdı və hansısa yolla özünə yanvara qədər tətil düzəltdirmişdi. Quşcuğaz da adətən udurdu. Vadikin dostu idi və Vadik ona altdan-altdan kömək edirdi.
Bizim sinifdən Tişkin də arada talaya gəlirdi, gözlərini tez-tez qırpan bu uşaq dərslərdə əl qaldırmağı xoşlayırdı. Bilsə də, bilməsə də, əlini qaldırırdı. Müəllim çağırırdı, o isə susurdu.
- Bəs nə üçün əlini qaldırmışdın? - Tişkindən soruşurdular.
Gözlərini qırpa-qırpa deyirdi:
- Bilirdim, ayağa duranacan yadımdan çıxdı.
Onunla dostluq etmirdim. Kəndin havası başımdan çıxmamışdı, susqun idim, həm də ev üçün darıxırdım deyə, heç kiminlə danışmaq, yoldaşlıq etmək istəmirdim. Onlar da mənə qarşı can atmırdılar, ona görə də tək idim, tənha qalmışdım. Tənha idim - çünki kənddə deyildim, kənddə dostum çox idi.
Oyun vaxtı Tişkin heç orda olduğuma fikir vermirdi. Gələn kimi uduzub yoxa çıxırdı, bir də bir neçə gündən sonra gəlirdi.
Mənsə, udurdum. Mən hər gün udmağa başlamışdım. Artıq oyunu hesablamağı bacarırdım. Çox vaxt uduzurdum, düzdü, tutaq ki, üç oyun, dörd oyun dalbadal uduzurdum, sonrasa bütün kassanı udub uduzduğumun üç qatını qazanırdım.
İndi həmişə pulum olurdu. Amma oyuna çox aludə olmurdum, gecəyə qədər oynamaq mənə lazım deyildi, mənə ancaq bir rubl lazım idi, gündə bircə rubl. Bu pulu udan kimi bazara gəlib süd alırdım (süd satan nənələr daşın döydüyü qəpiklərə baxanda mızıldanırdılar, amma hər halda süd verirdilər), evə gedib nahar edirdim və dərslərimi oxumağa başlayırdım. Heç vaxt doyunca yeyə bilmirdim, amma süd içə bilirdim, bu fikrin özü məndə doyumluluq hissi yaradırdı və əlavə güc verirdi. Mənə belə gəlirdi ki, başgicəllənmələrim də azalmışdı.
Vadik əvvəl-əvvəl udmağımı sakit qarşılayırdı. O özü də udurdu, udduğum pulların içində onun pulu olmadığına əmin idim. Hərdən məni tərifləyirdi də: baxın, deyirdi, görün necə atmaq lazımdı, baxın öyrənin. Amma tezliklə udan kimi oyundan çıxdığımı hiss elədi:
- Nədi, udan kimi aradan çıxırsan? Yaman bicsən ha! Oyna.
- Dərslərimi oxumalıyam, Vadik, - dedim.
- Dərs oxuyanlar bura gəlmir.
Quşcuğazsa o tərəfdən söz atdı:
- Belə oyun oynamırlar. Buna görə adamı yüngülvarı əzişdirirlər. Başa düşdün?
O gündən Vadik ondan qabaq atmağıma icazə vermirdi, məni lap axıra saxlayırdı. O yaxşı atırdı, amma mən daha yaxşı atırdım. Adətən birinci atışdan qəpiklərin hamısı çevrilirdi. Özüm də buna təəccüblənirdim. Vadiksə ondan yaxşı oynayanları bağışlamırdı. Axı bunu hardan bilə bilərdim? Həmin payız bunu da öyrəndim.
Bir dəfə yenə bütün qəpikləri çevirdim. Onları yığmağa gedəndə Vadikin ayağını qəpiklərdən birinin üstünə qoyduğunu gördüm.
- Uduzdun! - Vadik qışqırdı.
Onun yanına gedib ayağını qaldırmağa çalışdım. Amma o məni itələdi və qəpiyi özü götürüb göstərdi. Qəpiyi fırlatdığını gördüm.
- Sən qəpiyi fırlatdın, - dedim, - gördüm.
O yumruğunu burnumun altına dirədi.
- Bəs bunu görmədin? İynə gör nə iyi verir.
Razılaşmalı oldum. Dava başlasaydı, heç kim mənə havadar çıxmayacaqdı, hətta buralarda veyillənən Tişkin də.
Vadikin hirsli gözləri üzümə dikilmişdi. Yaxınlıqdakı qəpiyi daşla vurub çevirdim. "Eybi yox, - fikirləşdim, - onsuz da indi udacağam". İkinci qəpiyi vurmaq istəyəndə kimsə dizimin dalına vurdu, üzü üstə yerə yıxıldım. Hamı güldü.
Quşcuğaz dalımda dayanıb hırıldayırdı.
- Neynirsən? - soruşdum.
- Kim dedi ki, mən elədim? Yuxunda gördün?
- Bura ver! - Vadik daşı əlimdən almaq istədi, vermədim. Hirs qorxumu yox eləmişdi, artıq heç nədən qorxmurdum. Nə üçün? Nə üçün belə edirlər? Onlara nə etmişəm?
- Bura ver! - Vadik qışqırdı.
- Bayaq qəpiyi sən fırlatdın! - qışqırdım. - Gördüm mən. Gördüm.
- Bir də de görüm, - üstümə gəlib dedi.
- Sən fırlatdın, - bu dəfə səsim asta çıxdı, çünki nələr olacağını bilirdim.
Quşcuğaz yenə məni daldan vurdu. Vadikin üstünə getdim, o sifətimə kəllə atdı, yerə yıxıldım, burnumdan qan açıldı. Ayağa durmağa macal tapmamış Quşcuğaz üstümə şığıdı. Aradan çıxıb qaça bilərdim, amma bu ağlıma da gəlmədi. Vadiklə Quşcuğazın arasında fırlanırdım, əlimlə burnumu tutmuşdum və dayanmadan təkrarlayırdım:
- Fırlatdın! Fırlatdın! Fırlatdın!
Onlar növbəylə məni vururdular. Bir o, bir bu, bir o, bir bu. Sonra bir nəfər də onlara qoşuldu, bu üçüncü də ayaqlarıma vurmağa başladı. Evdə ayaqlarımın göyərdiyini gördüm. Çalışırdım yıxılmayım, hətta o anda da yıxılmağı eyib sayırdım. Amma axırda onlar məni yerə yıxa bildilər və əl çəkdilər.
- Nə qədər ki, sağsan, əkil burdan! - Vadik dedi.
Ayağa durub axsaya-axsaya getməyə başladım.
- Kiməsə desən, özünü ölmüş bil! - Vadik dalımca qışqırdı.
Cavab vermədim. Hirsdən və utancdan nitqim tutulmuşdu. Amma təpəyə çıxan kimi özümü saxlaya bilmədim, var gücümlə qışqırdım:
- Fırlatdı-ı-ın!
Səsimi yəqin ki, bütün qəsəbə eşitdi.
Quşcuğaz dalımca gəlmək istədi, amma bir neçə addım atandan sonra dayandı, deyəsən Vadik onu saxladı. Təpənin üstündə beş dəqiqə dayandım, talada təzədən oynamağa başlayan uşaqlara baxdım, sonra təpəni aşdım, quru otların üstünə yıxıldım və bərkdən ağlamağa başladım.
Həmin gün dünyada məndən bədbəxt adam ola bilməzdi.
Səhər qorxa-qorxa güzgüyə baxdım. Burnumda qan qurumuşdu, sol gözümün altı göyərmişdi, sol yanağımsa qançır olmuşdu. Bu halda məktəbə getmək olmazdı, amma getməyə də bilməzdim, dərs buraxmağa cəsarətim çatmırdı. Bəs bu qançırı, göyü necə gizlədim? O saat gözə girir.
Gözümü əlimlə tutub sinfimizə girdim, yerimə oturan kimi başımı aşağı saldım. Tərs kimi birinci dərs fransız dili dərsiydi. Lidiya Mixaylovna sinif rəhbəri olduğu üçün bizə başqa müəllimlərdən daha çox diqqət göstərirdi və ondan nəsə gizlətmək çətin idi. O içəri girib salamlaşırdı və bizə oturun deməmişdən qabaq bütün uşaqlara diqqətlə nəzər salırdı. Hər nə qədər gizlətməyə çalışsam da, əlbəttə ki, üzümdəki qançırı o saat gördü, sonra bütün sinif mənə baxmağa başladı.
- Belə, - Lidiya Mixaylovna jurnalı açanda dedi, - bu gün aramızda yaralı var.
Hamı gülüşdü, Lidiya Mixaylovna isə yenə mənə baxmağa başladı. Onun gözləri azca çəp idi, amma artıq hara baxdığını tuta bilirdik.
- Nə olub? - o soruşdu.
- Yıxılmışam, - bəhanə fikirləşmək nə üçünsə dünəndən bu yana yadıma düşməmişdi.
- Oy, yaman pis yıxılmısan. Bu gün yıxılmısan, ya dünən?
- Bu gün. Yox, dünən gecə, qaranlıqda.
- Hi, yıxılıbmış! - Tişkin sevinc içində qışqırdı. - Onu yeddinci sinifdən Vadik döyüb. Qumar oynayırdılar, bu tərslik elədi, buna görə də payını aldı. Mən gördüm. Amma deyir ki, yıxılmışam.
Çaşıb qaldım. Görəsən, o, doğrudan, heç nə başa düşmür, ya bilə-bilə edir? Qumar oynadığımıza görə bizi məktəbdən qova bilərdilər. Qorxudan beynimdə fikirlərim qarışdı: bitdi, hər şey bitdi. Hə, Tişkin. Tişkin belə Tişkin imiş. Sevindirdi. Məsələyə aydınlıq gətirdi. Nə deyəsən?
- Səndən, Tişkin, başqa şey soruşmaq istəyirdim. - Lidiya Mixaylovna eşitdiyi xəbərdən təəccüblənmədi, bayaqkı səs tonuyla dedi. - Çıx lövhəyə, bir halda ki, danışmağa başlamısan, çıx, dərsi danış.
Özünü itirmiş, birdən-birə sustalmış Tişkin lövhəyə çıxandan sonra Lidiya Mixaylovna mənə dedi:
- Dərsdən sonra qalarsan.
Hər şeydən çox məni direktorun yanına aparacağından qorxurdum. Bu o demək idi ki, bugünkü söhbətdən əlavə, səhər məni sıranın qabağına çıxarıb, belə çirkin işlə məşğul olmağa nəyin məcbur etdiyini danışdıracaqlar. Uşağın nə etməyindən asılı olmayaraq - pəncərə sındırıb, dava edib, tualetdə siqaret çəkib - direktorumuz Vasili Andreyeviç məhz belə soruşurdu: "Səni belə çirkin işlə məşğul olmağa nə məcbur etdi?". O, əllərini dalında çarpazlayıb əsgər addımlarıyla sıranın qabağında gəzə-gəzə deyirdi: "Danış, danış. Səni gözləyirik. Bax, bütün məktəb səni gözləyir. Görək bizə nə deyəcəksən". Şagird bəraət üçün nəsə mızıldamağa başlayan kimi direktor sözünü kəsirdi: "Sən mənim sualıma cavab ver. Sualım nə idi?" - "Məni nə məcbur etdi?" - "Ay sağ ol. Nə məcbur etdi? Sənə qulaq asırıq". İş, adətən göz yaşlarıyla qurtarırdı, bundan sonra direktor sakitləşirdi və biz siniflərə gedirdik. Əsas çətinlik yuxarı siniflərlə olurdu, onlar ağlamaq istəmirdilər, direktorun da sualına cavab verə bilmirdilər.
Bir dəfə birinci dərsimiz on dəqiqə gecikdi. Çünki direktor doqquzuncu sinifdə oxuyan birini sorğu-sual edirdi, amma cavab ala bilmədiyi üçün axırda uşağı kabinetinə apardı.
Maraqlıdır, görəsən, mən nə deyəcəyəm? Birbaşa qovsaydılar yaxşı olardı. Bu fikir ağlıma gələn kimi sevindim, çünki kəndə qayıda biləcəkdim, amma elə həmin an da qorxdum: bu vəziyyətdə kəndə də qayıda bilməzdim. Özüm məktəbi atsaydım - bu başqa məsələ... Onda elə bilərdilər ki, etibarsız adamam, məqsədlərimə çatmaq istəmirəm, onda hamı məni lağa qoyardı. Yox, belə də yox. Burda qalıb dözərdim, öyrəşərdim, amma kəndə qayıtmazdım.
Dərsdən sonra koridorda qorxudan əsə-əsə Lidiya Mixaylovnanı gözləyirdim. O, müəllimlər otağından çıxıb məni sinfə apardı. Sinifdə keçib yerində oturdu, mən ondan mümkün qədər aralı olmaq üçün üçüncü sırada oturmaq istədim, amma o məni çağırıb birinci sıranı göstərdi.
- Qumar oynadığın düzdür? - Birbaşa mövzuya keçdi. Özü də çox bərkdən dedi, elə bilirdim məktəbdə bu haqda pıçıltıyla danışmaq lazımdır, qorxum bir az da artdı. Danmağın mənası yox idi, Tişkin artıq məni satmışdı.
- Düzdür, - pıçıldadım.
- Hə, necədi? Udursan, uduzursan?
Bilmədim nə desəm yaxşı olar.
- Olduğu kimi de. Yəqin, uduzursan.
- U...uduram.
- Yaxşı. Deməli udursan. Bəs pulları nə edirsən?
Əvvəl-əvvəl Lidiya Mixaylovnanın səsinə öyrəşə bilmirdim. Bizim kənddə adamlar bərk danışırdı, Lidiya Mixaylovnanınsa səsi incə və yumşaq idi, asta çıxırdı. Başa düşmək üçün diqqətlə qulaq asmalıydın. Bunu fransızcanın boynuna atmağa hazır idim, əlbəttə, xarici dil öyrənəndə, dilin yad sözlərə yatana qədər fikrin yayınır, səsin asta çıxır. İndi də Lidiya Mixaylovna elə danışırdı ki, elə bil fikri başqa yerdə, daha vacib işlərin yanındaydı, sualı elə-belə, sözgəlişi verirdi. Amma suallarından qaçmaq mümkün deyildi.
- Udduğun pullarla nə edirsən? Konfet alırsan? Yoxsa kitab? Bəlkə də, yığırsan. İndi çoxlu pulun olmalıdı.
- Yox, çox deyil. Bir rubl uduram.
- Sonra oynamırsan?
- Yox.
- Nə üçün cəmi bir rubl? Onu nə edirsən?
- Süd alıram.
- Süd?
Bu səliqəli, ağıllı və gözəl müəllimə qabağımda oturmuşdu, paltarı da gözəl idi, vurduğu ətrin iyini duyurdum, üstəlik, o, hansısa hüsnxətt, ya da tarix müəllimi deyildi, fransız dili müəllimi idi, bu dərsin özündə də nəsə sirli bir şey var idi, mənim kimi adamlar bunu başa düşməzdi. Başımı aşağı salmışdım, yalan deməyə də cəsarətim çatmırdı. Həm də, nə üçün onu aldatmalıydım?
O susub mənə baxmağa başladı, başımı hələ də qaldırmamışdım, amma onun nəzərlərini üstümdə hiss edirdim. Əlbəttə, baxmalı nəsə vardı: onun qabağında döyülmüş, üzü-gözü əzilmiş, əynində köhnə, çiyinləri sallanan pencək və atasının yığılmış tünd-yaşıl rəngli qalife şalvarı olan uşaq oturmuşdu. Hələ əvvəllər də Lidiya Mixaylovnanın çarıqlarıma diqqətlə baxdığına fikir vermişdim. Sinifdə çarıq geyinən bircə mən idim. Növbəti payız məktəbə bu çarıqlarla getmək istəmədim, anam məcbur qalıb evimizdəki yeganə qiymətli əşyanı - tikiş maşınını satıb mənə çəkmə aldı.
- Hər halda qumar oynamaq lazım deyil, - Lidiya Mixaylovna fikirli halda dedi. - Bunsuz da keçinmək olar. Keçinmək olar?
Bununla canımı qurtara bildiyimə inanmayaraq yavaşdan dedim:
- Olar.
Bunu ürəkdən deyirdim.
Düzünü demək lazımdırsa, o günlər mənim üçün xüsusən çətin keçirdi. Kolxozda məhsul çox az olmuşdu, buna görə də Vanya dayı daha rayon mərkəzinə gəlmirdi, gətirməli heç nə qalmamışdı. Anamın mənim üçün narahat olduğunu bilirdim, amma bu, vəziyyətimi yüngülləşdirmirdi. Axırıncı dəfə göndərdiyi bir kisə kartof elə tez qurtarmışdı ki, elə bil onunla heyvan yemləmişdin. Yaxşı ki, həyətdəki tövlədə bir az kartof gizlətmək ağlıma gəlmişdi, indi onunla dolanırdım. Dərsdən qayıdan kimi gizlicə tövləyə girib cibimə bir neçə dənə kartof basırdım, sonra qayalığa qaçıb xəlvət yer axtarırdım ki, ocaq qalayım. Həmişə yemək istəyirdim, yuxuda da mədəmin quruldadığını hiss edirdim.
Nəhayət, bir gün dözməyib talaya düşdüm. Alçalacağımı bilirdim, amma məni döyüb qovlamaqlarıyla barışmaq bundan az alçaldıcı deyildi. Vadiklə Quşcuğazın gəlişimə necə münasibət göstərəcəyi və mənim özümü necə aparacağım maraqlı idi. Hər şeydən çox, aclıq məni məcbur etmişdi. Mənə bir rubl lazım idi. Bu dəfə süd üçün yox, çörək üçün. Pul qazanmağın başqa yolunu bilmirdim.
Yaxına gələn kimi oyun öz-özlüyündən dayandı, hamı mənə baxmağa başladı. Vadikin başında qulaqlı papaq, əynində qolları qısa dama-dama köynək vardı. Vadik qırmızı gödəkçəsində forslanırdı. Yaxınlıqda üst-üstə yığılmış paltoların, gödəkçələrin üstündə beş-altı yaşlı uşaq oturmuşdu.
Quşcuğaz dedi:
- Nə üçün gəlmisən? Deyəsən, çoxdandı döyülmürsən.
- Oynamağa gəlmişəm. - Özümü sakit saxlamağa çalışaraq Vadikə baxdım.
- Sənə kim dedi ki, - Quşcuğaz çəmkirdi, - səninlə oynayacaqlar.
- Heç kim.
- Vadik, indidən döyək, yoxsa bir az gözləyək?
- Nə var üstünə düşmüsən, Quşcuğaz, - Vadik mənə baxa-baxa dedi. - Uşaq oynamağa gəlib də. Bəlkə, hərəmizdən on rubl udacaq.
- Sizdə on rubl yoxdu, - sırf qorxacaq görünməmək üçün dedim.
- Bizdə, sənin yuxunda gördüyündən də çox var. Nə qədər ki, Quşcuğaz hirslənməyib, səsini kəs. Yoxsa bilirsən, o hirsli adamdı.
- Vurum onu, Vadik?
- Lazım deyil, qoy oynasın. - Vadik uşaqlara göz vurdu. - O, yaxşı oynayır, biz onun kimi nişan ala bilmirik.
Artıq Vadiki tanıyırdım. Deyəsən, maraqsız oyunlardan boğaza yığılmışdı, buna görə də əsəblərini sakitləşdirmək və əsl oyunun dadını hiss etmək üçün mənə icazə vermişdi. Amma gərək ona ilişməyəydim, əks halda başıma gələcəkləri bilirdim. O döyməyə səbəb tapardı, Quşcuğaz da yanındaydı.
Ehtiyatla oynamağa başladım, çalışırdım kassaya toxunmayım. Hamı kimi daşı atırdım, sonra da qəpikləri çevirməyə başlayırdım. Həm də tez-tez dala boylanırdım ki, Quşcuğaz heç nə eləməsin. Əvvəl-əvvəl rublu heç arzulamırdım da, iyirmi-otuz qəpiklə kifayətlənirdim, bir tikə çörəyə çatırdı.
Amma əvvəl-axır olmalı olan şey oldu. Dördüncü gün rublu udub gedəndə məni yenə döydülər. Düzdür, bu dəfə yüngül oldu, amma hər halda üzümdə işarə qaldı. Dodağım partlamışdı. Məktəbdə bütün dərsi dodağımı dişləməli oldum. Nə qədər gizlətməyə çalışsam da, Lidiya Mixaylovna onu gördü. Qəsdən məni lövhəyə çağırıb fransızca mətn oxutdurdu. O mətni sağlam dodaqla tələffüz edə bilmirdim, o ki qaldı partlaq dodaqla ola.
- Bəsdir, bəsdir! - Lidiya Mixaylovna üzünü turşutdu. - Bu nədir? Yox, gərək səninlə ayrıca məşğul olum. Başqa çıxış yolu yoxdur.
Beləliklə, mənim üçün ağır və əzablı günlər başladı. Hər gün səhərdən Lidiya Mixaylovnayla tək qalacağımı, onun dediyi dilə yatmayan, ancaq kiməsə əzab vermək üçün düşünülmüş sözləri təkrarlamağa məcbur olacağım vaxtı fikirləşirdim.
Sən demə, bu da hələ hamısı deyilmiş. Birdən Lidiya Mixaylovna dedi ki, ikinci növbənin dərsi başlayana qədər vaxtımız az qalır, yaxşı çalışa bilmirik, ona görə də axşamlar onun evinə gəlməyimi tapşırdı. O, məktəbin yanındakı müəllimlər evində yaşayırdı. Evin o biri başı - böyük tərəfi direktorun idi. İşim lap çətinləşdi. Onsuz da təbiətən utancaq idim, hər xırda şeyin üstündə sıxılırdım, müəllimənin tərtəmiz evində isə az qala heykələ dönürdüm, nəfəs almağa da qorxurdum. Müəllimə deməsəydi ayaqqabılarımı çıxarıb içəri keçmirdim, stoldan o qədər aralı otururdum ki, axırda özü məni yaxına çəkirdi, danışdırmaq üçün də xeyli çalışmalı olurdu. Fransız dilindən irəliləyiş edə bilməmişdim. Amma, qəribədir ki, evdə məktəbdəkindən az oxuyurduq, hələ guya orda ikinci növbə bizə mane olurdu. Lidiya Mixaylovna daha çox məni sorğu-suala tuturdu və özü haqda danışırdı. Guya o da məktəbdə fransızcadan axsayırmış və heç də başqalarından pis olmadığını sübut etmək üçün məhz bu dili seçibmiş. Bu əhvalatı mənə görə uydurduğundan şübhələnirdim.
Bir küncə qısılıb evə buraxılacağım anı səbirsizliklə gözləyirdim. Otaqda çoxlu kitab vardı, pəncərənin qabağındakı tumbanın üstünə radio qoyulmuşdu. Radionun valoxudanı da vardı - bu o vaxtlar üçün nadir əşya idi, mənim üçünsə, ümumiyyətlə, möcüzə idi. Lidiya Mixaylovna val oxudurdu və valdakı yumşaq kişi səsi fransızca öyrətməyə davam edirdi. Nə edirsən et, fransızcadan heç yerə qaça bilməzsən. Əynində yüngül ev paltarı və yumşaq ayaqqabı olan Lidiya Mixaylovna otaqda gəzişirdi, hər dəfə mənə yaxınlaşanda titrəməyə başlayırdım. Hələ də onun otağında oturduğuma inana bilmirdim, burdakı hər şey mənim üçün gözlənilməz və qeyri-adi idi, hətta buranın havası da bayırdakı havadan fərqliydi. Hərdən özümdən asılı olmayaraq ağlıma bir fikir gəlirdi, guya mən bu həyata qıraqdan baxıram, bu fikir ağlıma gələn kimi bir az da büzüşüb köhnə pencəyimə bürünürdüm.
Lidiya Mixaylovnanın onda iyirmi beş yaşı olardı. Hələ də onun düzgün cizgili siması, azca çəp gözləri, qısa kəsilmiş qara saçları yadımdadır. Amma sonralar fikir verdim ki, əksər müəllimlərin simasında sezdiyim qəddarlıq ifadəsi onun simasında yox idi. İndi fikirləşirəm ki, deyəsən o bizdə müəllim işləməyə gələnə qədər ərdə olmuşdu, çünki bütün hərəkətlərində cəsarət və təcrübə vardı. Bundan başqa, mənə həmişə belə gəlib ki, fransızca və ispanca öyrənən qızlardan, başqa dilləri - tutaq ki, rusca və ya almanca öyrənən yaşıdlarından daha tez yetişir.
Lidiya Mixaylovnanın dərs qurtarandan sonra məni yeməyə çağırması indi də yadıma düşəndə utanıram. Nə qədər ac olsaydım da, o saat iştahım qaçırdı. Lidiya Mixaylovnayla bir stola oturmaq! Yox, yox! Ondansa bir də bura gəlməmək üçün bütün fransızca kitabını səhərə qədər əzbərləmək daha yaxşıdır. Tikəm boğazımda qalardı. O vaxtacan elə bilirdim ki, Lidiya Mixaylovna bizim yediyimiz adi yeməklərlə yox, nəsə möcüzəvi bir şeylə qidalanır. Onu o qədər fərqli hesab edirdim. Mənə yemək təklif edən kimi yerimdən sıçrayıb, tox olduğumu deyə-deyə qapıya tərəf atılırdım. Lidiya Mixaylovna mənə inciklik və təəccüblə baxırdı, amma məni heç cür saxlamaq olmazdı. Mən qaçırdım. Bu bir neçə dəfə baş verdi, ondan sonra Lidiya Mixaylovna daha mənə yemək təklif etmədi. Ondan sonra bir az rahatlaşdım.
Bir dəfə dedilər ki, bir kişi aşağıda mənimçün bağlama qoyub. Vanya dayı gətirib, əlbəttə, Vanya dayı - başqa kim olacaq ki! Çox güman evdə heç kim olmayıb, Vanya dayı da tələsdiyi üçün dərsdən çıxmağımı gözləyə bilməyib, məktəbə qoyub.
Güclə dərsin axırını gözlədim, zəng vurulan kimi aşağı qaçdım. Məktəbin xadiməsi Vera xala küncdəki faner qutunu göstərdi, belə qutularda poçtla nəsə göndərirdilər. Təəccübləndim: nə üçün qutuda? Anam, adətən ərzağı kisədə göndərirdi. Bəlkə, heç bu mənə gəlməyib? Yox, qapağında mənim adım və oxuduğum sinif yazılıb. Yəqin, Vanya dayı burda yazıb ki, səhv düşməsin. Bəs nə üçün anam bu dəfə qutuda göndərib? Bax ha, gör necə intelligent olub!
Qutunu evə aparmağa səbrim çatmadı. Əlbəttə ki, içindəki kartof deyil. Çörək üçün də balacadır, həm də narahat. Həm də ki, çörəyi təzə göndərmişdilər, hələ qurtarmamışdı. Bəs onda qutuda nə var? Pilləkənin altına baxdım, haçansa orda balta görmüşdüm, baltayla qurunun ağzını açdım. Pilləkənin altı qaranlıq idi, ordan çıxıb ətrafa boylandım ki, görən olmasın, qutunu pəncərənin qırağına qoydum.
Qutuya baxan kimi ağlım başımdan çıxdı. Üstdə səliqəylə böyük ağ kağıza bükülmüş makaron qoyulmuşdu. Bax, buna varam! Yan-yana düzülmüş uzun sarı makaronlara baxanda gözlərim qamaşdı, mənim üçün bundan daha dəyərli heç nə ola bilməzdi. İndi başa düşdüm ki, makaronlar sınmasın deyə, anam onları qutuya yığıb. Ehtiyatla makaronlardan birini götürdüm, baxdım, içini üfürdüm, acgözlüklə xırtıldatmağa başladım. Sonra ikincini, üçüncünü yeyə-yeyə qutunu harda gizlədə biləcəyimi fikirləşməyə başladım, evdəki taxçada siçanlar daraşa bilərdi. Anam axırıncı pulunu verib mənimçün makaron alıb, qoymaram bunu da kartof kimi əkişdirsinlər. Birdən özümə gəldim. Makaron... Doğrudan da, anam makaronu hardan alıb? Bizim kənddə heç vaxt makaron olmayıb. Bəs onda bu nə işdi? Tez-tələsik makaronları qırağa çəkib yeşiyin dibinə baxdım, orda da bir neçə böyük qənd parçası və iki dənə hematogen1 vardı. Hə, bağlamanı anam göndərməyib. Bəs onda kim? Bir də qutunun qapağına baxdım - mənim adım və oxuduğum sinif. Maraqlıdır, çox maraqlıdır.
Qutunun qapağını təzədən yerinə vurub ikinci mərtəbəyə çıxdım, müəllimlər otağına girdim. Lidiya Mixaylovna artıq getmişdi. Heç nə olmaz, harda yaşadığını bilirik, taparıq. Deməli belə: yemək istəmirsən, onda otur evində - ərzağın gəlsin. Belə. Amma yox, keçməz. Əlbəttə, bunu anam göndərməyib: o göndərsəydi kağız da yazardı, bu var-dövləti hardan tapdığını qeyd edərdi.
Məni qoltuğumda bağlamayla görəndə Lidiya Mixaylovna özünü elə apardı ki, guya heç nə başa düşməyib. Onun qabağına, stolun üstünə qoyduğum qutuya baxıb soruşdu:
- Bu nədir? Nə gətirmisən? Nə üçün?
- Bunu siz göndərmisiniz, - səsim titrəyə-titrəyə dedim.
- Nə göndərmişəm? Nə danışırsan?
- Bu bağlamanı məktəbə siz göndərmisiniz. Bilirəm, sizin işinizdi.
Lidiya Mixaylovnanın qızardığı gözümdən qaçmadı. Zənnimcə, bu yeganə an idi ki, qorxmadan gözlərinin içinə baxdım. Artıq müəllim olduğu da yadımdan çıxmışdı. İndi sualı mən verirdim, özü də fransızca yox, rusca. Qoy cavab versin.
- Mənim göndərdiyimi hardan bildin?
- Bizim kənddə makaron olmur, hematogen də olmur.
- Necə? Heç olmur? - O elə ürəkdən təəccübləndi ki, özünü ələ verdiyinə də fikir vermədi.
- Heç olmur. Bilmək lazım idi.
Lidiya Mixaylovna birdən gülməyə başladı, məni qucaqlamaq istədi, amma mən qırağa çəkildim.
- Doğrudan da, bilmək lazım idi. Heç ağlıma gəlməyib. - O, bir dəqiqə fikrə getdi. - Amma hardan biləydim? Mən şəhər adamıyam. Deyirsən heç olmur? Bəs sizdə nə olur?
- Noxud olur. Ağ turp olur.
- Noxud... Ağ turp... Bizdə, Kubanda isə alma olur. İndi bilirsən nə qədər alma var orda? Əvvəl Kubana getmək istəyirdim, sonra nə üçünsə bura gəldim. - Lidiya Mixaylovna köks ötürüb dedi. - Hirslənmə. Yaxşılığını istəyirdim. Makaronların məni satacağını hardan biləydim? Eybi yox, bundan sonra ağıllı olaram. Makaronları götür...
- Götürməyəcəyəm.
- Nə üçün belə edirsən? Çox vaxt ac olduğunu bilirəm. Mək tək yaşayıram, pulum çoxdu. Nə istəsəm ala bilərəm... Tək adamam, özüm də az yeyirəm, kökəlmək istəmirəm...
- Mən ac deyiləm.
- Xahiş edirəm, mənimlə söz güləşdirmə. Qaldığın evin sahibəsiylə danışmışam. Bu makaronlardan özünə dadlı nahar bişirsən, nə olar? Nə üçün sənə bircə dəfə kömək etməyim? Söz verirəm, bir də bağlama filan göndərməyəcəyəm. Amma xahiş edirəm, bunu götür. Oxumaq üçün qarnın tox olmalıdır. Gör məktəbdə nə qədər qarnı tox, başı boş uşaq var. Amma sən ağıllısan, sən oxumalısan.
Onun səsi əsəblərimi sakitləşdirirdi. Onun məni yola gətirəcəyindən qorxub dodaqaltı nəsə mızıldana-mızıldana qapıya tərəf atıldım.
Amma dərslərimiz bununla qurtarmadı, yenə də Lidiya Mixaylovnanın yanına gedirdim. İndi ancaq dərslə məşğul olurduq. Çox güman Lidiya Mixaylovna mənim tərsliyimlə barışmışdı. Vaxt keçdikcə xeyri də oldu, yavaş-yavaş danışığım səlisləşirdi, fransızca sözlər daha əvvəlki kimi ağzımdan tökülmürdü, qanadlanıb harasa uçmaq istəyirdi.
- Yaxşıdı, - Lidiya Mixaylovna mənə ürək-dirək verirdi. - Bu rübdə beş ala bilməyəcəksən, amma gələn rüb mütləq alacaqsan.
Bir də heç vaxt bağlama söhbətinə qayıtmamışdıq, amma həmişə gözdə-qulaqda idim. Hardan biləsən ki, Lidiya Mixaylovnanın ağlına nə fikir gələcək. Özümdən bilirdim: hansısa iş alınmayanda təslim olmurdum, alınmağı üçün əlimdən gələni edirdim. Elə bilirdim ki, Lidiya Mixaylovna daim mənə göz qoyur və izlədikcə vəhşiliyimə gülür, bu məni hirsləndirirdi, amma qəribə də olsa, bu hirs məndə özümə inam yaradırdı. Daha əvvəlki zəif və köməksiz uşaq deyildim, vaxt keçdikcə bu evə də, Lidiya Mixaylovnaya da öyrəşmişdim. Əlbəttə, hələ də bir az utanırdım, çarıqlarımı stolun altına soxub büzüşürdüm, amma indi özüm ona suallar verirdim, hətta arada mübahisə də edirdim.
Sonralar bir dəfə də mənə yemək təklif etdi, yenə də imtina etdim. Bu mövzuda geriyə addım atmazdım.
Yəqin ki, ev məşğələlərini yekunlaşdırmaq vaxtı çatmışdı, dediyim kimi, danışığım səlisləşmişdi, qalan şeylərisə məktəbdə də öyrənə bilərdim. Hələ qarşıda uzun illər vardı. Hər şeyi indidən öyrənsəydim, sonra nə edəcəkdim? Amma bunu Lidiya Mixaylovnaya deməyə ürək eləmirdim, o isə məşğələləri davam etdirirdi. Fransız dili işgəncəm hələ də davam edirdi. Bir yana baxanda, bu heç işgəncə də deyildi. Vaxt keçdikcə özüm də hiss etmədən bu dilə qarşı marağım yaranırdı və boş vaxtlarımda lüğətlə dərs kitabını götürüb keçmədiyimiz mövzulara baxırdım. Əzab həzzə çevrilirdi. Arada özündənrazılıq da edirdim: alınmırdı - alınacaq, özü də başqalarından da yaxşı. Xəmirimiz başqa şeydən yoğrulmamışdı ki. Bircə Lidiya Mixaylovnanın evinə gəlməli olmasaydım... Mən özüm, özüm də bacarardım...
Bağlama məsələsindən iki həftə sonra Lidiya Mixaylovna gülümsəyib soruşdu:
- Daha qumar oynamırsan? Yoxsa yenə də hardasa yığışıb oynayırsınız?
- İndi necə oynayaq? - Pəncərədən bayırdakı qarı göstərib təəccüblə soruşdum.
- Bəs bu nə oyun idi? Necə oynayırdınız?
- Neyləyirsiniz? - Ehtiyatla soruşdum.
- Maraqlıdır. Biz də uşaqlıqda oynayırdıq. İndi bilmək istəyirəm ki, eyni oyundu, ya başqasıdı?
Oyunun qaydalarını danışdım, əlbəttə ki, Vadikin, Quşcuğazın və oyun vaxtı işlətdiyim bəzi xırda hiylələrin üstündən keçdim.
- Yox, - Lidiya Mixaylovna başını yellətdi. - Biz başqa cür oynayırdıq. Bax.
Lidiya Mixaylovna ayağa durub stulu divarın qabağından çəkdi, çantasından xırda pul çıxarıb yerdə oturdu.
- Bura gəl, bax. - Qəpiyi yüngülcə divara vurdu, qəpik cingildəyib yerə düşdü. - İndi sən vurursan. Amma elə atmalısan ki, qəpiyin mənim qəpiyimə yaxın düşsün, bir əlin barmaqları çatacaq qədər yaxın. Elə olsa, udursan. Vur.
Vurdum. Qəpik divarın küncünə düşdü.
- O-o, - Lidiya Mixaylovna əlini yellətdi. - Çox uzaqdı. İndi sən başlayırsan. Amma yadında saxla, mənim qəpiyim sənin qəpiyinin üstünə düşsə, lap küncü də düşsə, onda mən ikiqat uduram. Başa düşdün?
- Başa düşməli nə var ki?
- Oynayaq?
Qulaqlarıma inanmadım:
- Sizinlə?
- Nə olacaq ki?
- Siz axı müəllimsiniz!
- Nə olsun? Müəllim adam deyil? Hərdən müəllim olmaqdan, öyrətməkdən yorulursan. Həmişə öz-özünə qadağalar qoyursan: onu olmaz, bunu olmaz. - Lidiya Mixaylovna pəncərədən bayıra baxmağa başladı, gözləri yol çəkdi. - Hərdən müəllim olduğunu unutmaq yaxşıdır, yoxsa elə adam olarsan ki, hamı səninlə darıxar. Məncə, müəllim hər şeyi ciddiyə almamalıdır, ancaq öyrətməklə məşğul olmamalıdır. - O birdən-birə canlandı. - Uşaqlıqda dəcəl qız idim, valideynlərim mənə görə çox əziyyət çəkib. Elə indi də tez-tez qaçmaq, tullanmaq istəyirəm. Bir də görürsən burda tullanmağa başlayıram, evdə qaçıram. Adam yaşlananda qocalmır, uşaq olmağı tərgidəndə qocalır. Məmnuniyyətlə hər gün tullanıb-düşərdim, amma divarın o tərəfində Vasili Andreyeviç yaşayır. O çox ciddi adamdır. Qəpik-qəpik oynadığımızı bilməməlidir, yaxşı?
- Biz axı oynamırıq. Siz, sadəcə, mənə necə oynamaq lazım olduğunu göstərdiniz.
- Biz oynaya bilərik. Amma sən məni Vasili Andreyeviçə satma.
İlahi, dünyada nələr olurmuş! Bir neçə ay qabaq, Lidiya Mixaylovna qəpik-qəpik oynadığımı direktora deyəcək deyə, ürəyim əsirdi, indi isə o, məndən onu satmamağımı xahiş edir.
- Hə, nə deyirsən? Oynayaq? Xoşuna gəlməsə oynamarıq.
- Oynayaq, - qərarsızlıqla dedim.
- Başla.
Qəpikləri götürüb başladıq. Lidiya Mixaylovna doğrudan da, haçansa oynamışdı, mənimsə hələ əlim yatmamışdı, qəpiyi necə vuracağımı, haçan hardan vursam yaxşı olacağını hələ bilmirdim. Əlbəttə ki, tərəf-müqabilimin Lidiya Mixaylovna olması məni daha çox sıxırdı. Belə bir şeyin mümkün olduğu heç yuxuma da girməzdi. Amma yavaş-yavaş fikrimi oyuna cəmləməyə başladım. Birdən Lidiya Mixaylovna oyunu saxladı:
- Yox, belə maraqlı deyil. - Gözünün üstünə tökülən saçları arxaya atıb dedi. - Üçyaşlı uşaqlar kimi oynayırıq, gəl doğrudan oynayaq.
- Onda axı puldan oynayacağıq, - cəsarətsiz halda dedim.
- Əlbəttə. Bəs əlimizdəki nədir? Qəpik oyununu puldan oynayarlar da. Oyunun yaxşı tərəfi də budur, pis tərəfi də. Uduşa kiçik məbləğ də qoya bilərik, nə də olmasa, maraq yaranacaq.
Nə edəcəyimi bilmədən susdum.
- Yoxsa qorxursan? - Lidiya Mixaylovna məni qıcıqlandırmağa çalışdı.
- Bir o qalmışdı! Mən heç nədən qorxmuram.
Cibimdə bir az xırda pulum vardı. Lidiya Mixaylovnanın qəpiyini özünə qaytarıb pulumu çıxardım. Nə olar, gəlin doğrudan oynayaq, Lidiya Mixaylovna. Nəyimə lazım, özünüz istədiniz. Vadik də əvvəlcə məni ciddiyə almamışdı, amma sonra qabağımı almaq üçün yumruğa əl atdı. Orda öyrənmişdim, burda da öyrənərəm. Fransız dili qədər çətin olmayacaq ki. Fransızcanı öyrənirəmsə, bunu da öyrənərəm.
Amma Lidiya Mixaylovna əvvəlcədən şərt kəsdi. Onun əlləri böyük olduğu üçün baş və orta barmağıyla ölçəcəkdi, mənsə oyunun qaydasında olduğu kimi, baş və çeçələ barmağımla. Bu ədalətli şərt idi, razılaşdım.
Təzən oynamağa başladıq. Ayaq üstündə dayanıb qəpiyi atırdıq, sonra diz üstə oturub məsafəni ölçürdük. Lidiya Mixaylovna çox səs-küy salırdı, qışqırırdı, əllərini bir-birinə vururdu, özünü müəllim yox, qız uşağı kimi aparırdı. Amma hər halda o udurdu. Qısa vaxtda səksən qəpik uduzdum, güclə də olsa, bunu otuz qəpiyə sala bildim, amma gözümü yumub-açan kimi gördüm ki, artıq borcum əlli qəpik olub. Yox, belə olmazdı, cibimdə üst-üstə bir rubldan bir az çox pul vardı, belə getsə, tezliklə hamısını uduzacaqdım. Belə danışmışdıq ki, oyun qurtaran kimi uduzduğumuz məbləği verək.
Elə bu vaxt hiss etdim ki, Lidiya Mixaylovna məni udmağa çalışmır. Məsafəni ölçəndə barmaqlarını tam açmırdı, mənim barmaqlarımın rahatlıqla çata bildiyi məsafəyə onun barmaqları çatmırdı. Bu, xətrimə dəydi, ayağa durdum.
- Yox, - dedim, - mən belə oynamıram. Nə üçün uduzmağa çalışırsınız? Bu düzgün deyil.
- Barmağım doğrudan ona çatmır, - o özünü təmizə çıxarmağa çalışdı. - Əlim elə bil taxtadandı.
- Çatar.
- Yaxşı, çalışacağam.
Növbəti gün cəmisi onbeş-iyirmi dəqiqə dərs oxuduq. Mən fransızca mətn oxudum, Lidiya Mixaylovna düzəlişlər etdi, təzədən oxudum və oynamağa başladıq. İki dəfə uduzandan sonra udmağa başladım. Artıq əlim oyuna yatmışdı.
Yenə pulum olurdu. Yenə bazara qaçıb donmuş fincanda süd alırdım. Fincanın üzündən donmuş təbəqəni ehtiyatla sındırıb sovururdum, südün dadını hiss edirdim, həzzdən gözlərimi yumurdum. Sonra fincanın dibindəki təbəqəni sındırıb əridirdim, onu da bir tikə qara çörəklə yeyirdim.
Heç nə olmaz, yaşayarıq, hələ müharibənin vurduğu yaraları sağaldaq, söz veriblər ki, hamı xoşbəxt olacaq.
Əlbəttə, hər dəfə Lidiya Mixaylovnadan pul alanda özümü birtəhər hiss edirdim, amma özümü bununla sakitləşdirirdim ki, bunu düzgün yolla udmuşam. Heç vaxt oynamaq üçün can atmırdım, həmişə Lidiya Mixaylovna özü təklif edirdi. Etiraz etməyə cəsarətim çatmırdı. Elə zənn edirdim ki, oyun Lidiya Mixaylovnaya sevinc bəxş edir, o əylənirdi, gülürdü.
Kaş ki, bunun nəylə qurtaracağını biləydik...
...Üzbəüz diz üstə oturub hesab haqda mübahisə edirdik. Deyəsən, ondan qabaq da nə üçünsə mübahisə etmişdik.
- Başa düş, ay key, - Lidiya Mixaylovna əl-qolunu ölçə-ölçə sübut etməyə çalışırdı, - nə üçün səni aldadım? Hesabı mən aparıram, sən yox, ona görə də mən yaxşı bilərəm. Mən üç dəfə dalbadal uduzmuşam.
Bir-birimizin sözünü kəsib qışqırırdıq, bu vaxt təəccüblü, amma ötkəm, cingiltili səs eşitdik:
- Lidiya Mixaylovna!
Donub qaldıq. Qapıda Vasili Andreyeviç dayanmışdı.
- Lidiya Mixaylovna, burda nə baş verir?
Lidiya Mixaylovnanın rəngi qızarmışdı, yavaş-yavaş ayağa durub üst-başını səliqəyə saldı, saçını düzəltdi.
- Vasili Mixayloviç, əvvəlcə qapını döyəcəyinizi gözləyirdim.
- Qapını döydüm. Amma eşitmədiniz. Burda nə baş verir? Xahiş edirəm deyəsiniz. Direktor kimi bilməyə haqqım var.
- Qəpik-qəpik oynayırıq. - Lidiya Mixaylovna sakitcə cavab verdi.
- Qumar oynayırsınız? Bununla?.. - Vasili Mixayloviç barmağıyla məni göstərdi, mən qorxudan büzüşüb kandara çəkildim ki, o biri otağa girim, məni görməsin. - Şagirdlə oynayırsınız? Düz başa düşdüm?
- Düzdür.
- Nə deyim, heç bilmirəm... - Direktor dərindən nəfəs aldı, elə bil havası çatmırdı. - Sizin hərəkətinizə ad qoymaq çətindir. Bu cinayətdir, əxlaqsızlıqdır. Bu... bu... İyirmi ildir məktəbdə işləyirəm, hər şey görmüşəm, amma beləsini...
O əllərini havada oynatdı.
Üç gündən sonra Lidiya Mixaylovna getdi. Getməmişdən qabaq məni dərsdən sonra qarşıladı, evə ötürdü.
- Kubana gedirəm, - sağollaşanda dedi. - Sən oxu, heç kim sənə toxunmayacaq. Günahkar mənəm. Sən oxu.
Saçımı qarışdırıb getdi.
Onu bir də heç vaxt görmədim.
Qışın ortasında, yanvar tətilindən sonra məktəbə mənimçün bağlama gəldi, poçtla göndərmişdilər. Yenə pilləkənin altındakı baltayla qapağını açdım. Üstdə səliqəylə kağıza bükülmüş makaron vardı. Altdan isə qalın kağıza bükülmüş üç dənə qırmızı alma tapdım.
Əvvəllər almanı ancaq şəkillərdə görmüşdüm, amma o saat bildim ki, bunlar almadır.
1973
Tərcümə etdi: Həmid Piriyev
Mənbə: Ədəbiyyat qəzeti