Hekayə
Kameranı çantadan çıxarıb yoxladım, çox az qalmışdı. Hərçənd indi gedəcəyim yerdə çəkməli bir şey yox idi, sabah səhərə qədər onsuz da bir yer tapıb yükləməliydim. Amma kameranın enerjisini yoxlamaq məndə vərdişə çevrilmişdi. İlk dönəmlər qəribə bir uşaq marağı ilə özümü sanki silahı söküb yığırmış kimi hiss edirdim, xoşuma gəlirdi. Sonra zərurətdən tez-tez yoxlamalı oldum. Bu barədə tədbir görməyəndə alət səni çox vacib bir anda yarıyolda qoya bilir.
Taksi sürücüsü çantamla eşələndiyimi görüb gözucu mənə baxırdı.
-B.də qalırsan?
Sualı eşidib başımı qaldırdım. Gözüm maşının güzgüsündən sallanan Həzrət Əli rəsminə ilişdi.
-Yox, amma əvvəllər qalmışam.
-Mən bu pasyolkadakı hamını tanıyıram, səni görməmişəm.
Fikirləşdim ki, artıq jurnalist olduğumu başa düşüb, bir azdan gecənin bu vaxtı niyə getdiyimi soruşacaq. Mikrofonu çantanın içinə qoyub soruşdum.
-Nə vaxtdan yaşayırsan burda?
-Səkkiz ildir.
-Biz on il əvvəl köçüb getmişik, tanımamağın normaldır. T.ni tanıyırsan?
-Tanıyıram.
-Soruşarsan ondan.
Kim olduğumu, hansı evdə yaşadığımı, kimləri tanıdığımı söylədim. Susdu. Hiss elədim ki, qəsəbənin idbar vərdişləri artıq buna da keçib, səkkiz il az zaman deyil.
Buradakı insanların heç biri yerli deyildi, qəsəbə SSRİ-nin dağıldığı ərəfədə yandakı alüminum zavodunun işçiləri üçün salınmışdı. Regionlardan zavoda işləməyə gələn və burdakı evlərə yerləşən insanlar böyüklü-kiçikli yerli olmamağın kompleksini yaşayırdılar. Hər kəs daha çox yerli olmağa çalışırdı. Bunun üçün də hər kəs özündən sonra gələni əzməyə meylliydi. Eynilə orduda olduğu kimi.
İlk illərdə bizi də həzm eləyə bilmədilər. Hərçənd heç sonrakı illərdə onların çoxuyla doğru-düzgün münasibətimiz olmadı. Müharibə hələ tam bitməmişdi, üst mərtəbədə yaşayan qonşumüz E əri üçün darıxıb hormonları başına vuranda pol ağacını götürüb qapımıza dayanırdı. "Çıxın gedin torpağınızı alın, İ sizin üçün orda vuruşur, siz də bura qaçmısız" deyirdi. Valideynlərim mədəni insanlar olduğu üçün onunla dalaşmırdılar, halbuki o pol ağacını o qancığın başında sındırsaydılar bir də qapımıza dayanmazdı. Bəlkə də əri filan onun vecinə də deyildi, tək problemi o idi ki, darıxırdı. Əslində o dönəm işsizlikdən hamı darıxırdı. Sonra əri müharibədən gəldi, hər gecə içib E.ni döyməyə başladı. Onun yalvarış dolu çığırtılarının içində həm də qarğışlarını eşidirdik "Kaş heç Qarabağdan qayıtmazdın".
Bir neçə ildən sonra qəsəbədə yaşayan insanların kim olduqlarını tam olaraq anladıq. Yerlilik kompleksindən əziyyət çəkən, işsizlikdən bir-birlərini yeyən, məişət xəstəsi bu insanlar bu gün dalaşır, sabah isə heç nə olmamış kimi çay içirdilər. Dalaşmaq dediyim isə mübahisə filan deyildi, qadınlar bir-birlərinin saçını yolur, torpağın içində sürüyür, baş gözlərini yarıb al qana qəltan eləyirdilər. Darıxırdılar sadəcə. 90-larda bütün vəhşi azərbaycanlılar darıxırdı.
Taksi binanın qarşısındakı futbol meydançasına çatanda dayandı. Maşından düşüb meydançanın kənarında oturdum. Bütün o vacib məqamlarda yandırılan siqaretdən bir nəfəs alıb meydançanı başdan ayağa süzdüm. Çox dəyişmişdi. Hər halda on ilə yaxındır bura gəlmirəm. Sonu yaxşı olmayan bir münasibətdən geriyə qalan, adamın içini göynədən əziz xatirələrə baxırmış kimi meydançaya baxırdım. Bax burada qol vurmuşam, burda yıxılmışam, burda sevinmişəm, o ağaca yaxın yerdə oturub ağlamışam. Biz oynayanda burda xətlər yox idi, çəksək ancaq təbaşirlə çəkirdik. Heç qapı da yox idi, daşlardan dirək düzəldirdik.
Burada atam qonşumuzu döymüşdü. Çünki qonşumuz bir gün əvvəl qardaşımı şillələmişdi. Çünki qardaşım da həmin gün onun oğlunu döymüşdü. Çünki onun oğlu da bir gün əvvəl məni vurmuşdu. Həmin qonşumuz üç müharibə iştirakçısı idi. Əvvəl Əfqanıstanda, sonra Qarabağda, üçüncü müharibəni isə məhəllənin diliylə desək arvadı M ilə evdə yaşamışdı. Hər kəs onu belə tanıyırdı, üç müharibə iştirakçısı F.
Siqareti qurtardıqdan sonra binaya girdim. Yeddinci mərtəbədə vaxtilə bizimlə yaxşı münasibəti olan qonşumuz qalırdı. Əvvəl fikirləşdim ki, onlara gedim. S müəllimin biz köçəndə tər içində əşyalarımızı necə daşıdığı indi də yadımdadır. Sonra isə yadıma uşaqlıq dostum düşdü, onlar isə iki mərtəbə aşağıda qalırdılar. Öz-özümə dedim ki, əgər onlardən keçib yuxarıda qaldığımı bilsə məndən inciyər. Qapının önündə dayanaraq zəngi basdım. Anası S xala əvvəl məni tanımadı, tanıdıqdan sonra isə oğlunu oyandırmağa getdi. K yuxulu-yuxulu qapını açdı və mən onu görən kimi öz-özümdən qapını döyməmişdən əvvəl xatırlamalı olduğum vacib bir detalı niyə unutduğumu soruşdum . K polis idi. Həm də sıravi deyildi, deyəsən ona serjantdan yüksək olan nəsə vermişdilər.
Artıq geriyə dönüş yox idi. Xoşgəldindən sonra zala keçdik. Çox yorğun və yuxulu görünürdü, hiss elədim ki, onu əməlli başlı narahat eləmişəm.
Ətrafıma baxdım, evdə çox az şey dəyişmişdi. Divarda hansısa Latın Amerikan evlərindən birinin rəsmi olan həmin köhnə oboy vardı. Ən önəmlisi evdəki qoxu on il əvvəlki qoxuyla eyniydi. Yumşaq kofe qoxusu. Bu çox xoşuma gəlirdi.
Dördüncü sinifdən piano öyrənmək üçün musiqi məktəbinə gedirdim. Amma evdə piano yox idi. İndi oturduğum bu zalın yanındakı otaqda piano vardı və mən pianom olana qədər, həftədə bir neçə dəfə notlarımı götürüb bu evə etüd məşqinə gəlirdim. Bu ev mənə çox əziz idi, burda onunla çox oynamışdıq. Vandamın Tampo ilə dalaşdığı filmə burda baxmışdıq. İndi bunu ona xatırlatmağın yeri deyil. Bəlkə də yoxlamaq olar. Yoxladım. Yuxulu-yuxulu qarşımda oturmuş polis zabitinə evlərindən gələn gözəl qoxunun illər sonra dəyişmədiyini və məni əvvəlki illərə qaytardığını dedim. Halını pozmayıb üzümə baxdı.
-Nə yaxşı gəlmisən?
"Niyə gəlmisən?"-inin yumşaldılmış versiyası. Nə işlə məşğul olduğumu bilirdi. Yəqin harda işlədiyimi də ona demişdilər.
-Müxalifətin tədbiri var.
-Harda eləyəcəklər?
-Mərkəzdəki Şah İsmayıl heykəlinin yanında.
Bir neçə saniyə susub döşəməyə sonra isə mənə baxdı.
-Bizi də çağırıblar, bizim ərazidir. Bax niyə gəlmisən, nə üçün gəlmisən bilmirəm, amma bura Y-dir, burda liçni hərəkət eləmək olmaz.
Sözünü kəsdim.
-Mən jurnalistəm, həm tədbir razılaşdırılıb.
-Bizə dəxli yoxdur. Əgər nəsə artıq hərəkət olsa biz də işə qarışacağıq.
Artıq hərəkət dediyi adətən baş vermir. Əksinə onlar təxribatçı öyrədib göndərirlər ki, araya qarışıqlıq salsınlar.
-Sabah məni görəndə xahiş eləyirəm yaxınlaşıb salam zad vermə. Elə bil heç məni tanımırsan. Bir də səni tutsalar, bura gəldiyini demə.
Cavabını bildiyim sualları verməyin mənası yoxdur, niyə belə elədiyini çox gözəl bilirəm. Bu onun polisdəki karyerası üçün son ola bilər. Hətta bəlkə başına daha pis şeylər gələ bilər.
-İstəyirsən mən gedim başqa yerdə qalım, əgər sənin üçün problem olacaqsa.
-Yox gəlməyin yaxşı oldu, heç yerə getmə, səni məlumatlandırmış oldum. Bilirsən ki, getmək istəsən buraxmaram. Həm getməyin üçün heç bir səbəb yoxdur.
Elə bilir ki, mən nələr olacağından xəbərdar deyiləm.
Mənim ağlımı tərs yatırıb düz ziksinlər, mən niyə polisin evinə gəldim axı? Nə olsun uşaqlıq dostundur, polisə işə düzələnlərin hansı şərtlər altında işlədiyini bilmirsən? Yadıma düşmədi ki. İnsan xatirələr aləminə dalanda reallıqdan çox uzaqlaşır
Durub getməyə qərar verdim. Sonra fikirləşdim ki, indi getsəm icazə verməyəcək, əksinə məsələni daha da qarışdırmış olacam. Gecə vaxtı şəhərdən uzaqdakı bu qəsəbədə taksi də tapa bilməyəcəm. İnsan durduğu yerdə özünü zibilə salarmı? Salar.
S xala artıq yemək gətirmişdi.
-Sən qarışma.. - dedi- əgər nəsə qarışıqlıq olsa sən qarışma. Sən jurnalistsən, işini gör, çəkil dur qıraqda.
Ürəyində "kaş oğlun və dostları da belə düşünəydi" dedim. Ara qarışanda ilk bizi tuturlar ki, insanları necə döydüklərini çəkməyək.
-Elə bilirsən, mən işimdən razıyam? -K dilləndi- Çox az maaş alıram beş ildir. Mən də narazıyam, amma işləyirəm, neyləyim?
Mübahisə eləməyin mənası yoxdur. Gedim, getməyim? Gedim, getməyim? Tərəddüd içində bir neçə dəqiqədir süfrədəki qızarmış yumurtaya baxırdım. Görəsən indi durub getsəm və məndən incisə, aramız dəysə, sabahkı görüşdə mənə problem çıxarar? Yaxud onlara bir nəfər lazım olsa, rəisinin xoşuna gəlsin deyə məni qurban verə bilərmi? Ona baxdım. Üzü gərilmişdi, bayaqkı yuxulu halından əsər əlamət yox idi. Görəsən o həqiqətən hansı mərhələyə qədər gedib? Uşaqlıq dostunu satacaq qədər irəliləyibmi? Belə olsaydı bu qədər çəkinməzdi, ehtiyatlı olmağa çalışmazdı. Sadəcə özü üçün, vəzifəsi üçün çox qorxur. Amma ölkədə baş verənlərin böyük bir qismi məhz bu tipli qorxudan yaranmır? Kaş əvvəlki kimi etüdlərimi götürüb qonşu otağa, pianonun başına keçəydim. Eybi yox bu da elə "etüd" sayılır.
Mənim bu arzuma paralel olaraq zabit dostumun səsi kreşendoya keçid eləyirdi.
-Hamı narazıdır, mən də görürəm amma o müxalifətin liderindən soruşan lazımdır, niyə camaatın uşağını qırğına verir? -bir az susub diminuendoya keçdi. Şükür Allaha, yenə ölkədə sakitçilikdir, dolanırıq. İstəyirlər bizdə də ərəb ölkələrindəki kimi olsun?
Yadıma düşdü ki, binanın arxasında, qonşumuz A dayının həyətində, üzüm ağacının altında su toplamaq üçün düzəltdiyi balaca bir hovuzu vardı. Bir dəfə çəpərdən aşıb bağa keçdik və o hovuzda bəs deyənə qədər atılıb düşdük. Evə qayıdanda ikimizi də döydülər.
***
Səhər evdən əvvəl o, sonra isə mən çıxdım. Bir evdən qarşı cəbhələrdə olan iki nəfərin çıxması çox ironik gəldi mənə. Əlbəttə dünən axşamkı kofe hekayəsində olduğu kimi bunu ona deməyi yoxlamaq mənasızlıq olardı. Ara qarışsa o insanları döyəcəkdi, mən çəkəcəkdim. Sonra isə yəqin çəkdiyimə görə məni də tutub maşına basacaqdılar. Bəlkə də o özü basacaqdı.
Tədbirin keçirildiyi binanın ətrafını polislər mühasirəyə almışdılar. Aralarında K da vardı. Serjantlara əmr verirdi, tez-tez hər şeyə nəzarət edən daha yüksək rütbəli bir zabitin yanına qaçırdı. Bir ara üzbəüz gəldik, bir-birimizə salam vermədik. Hər şey bitəndən sonra, şəhərdən ayrılmağıma az qalmış gizli bir nömrədən telefonuma zəng gəldi.
-Yaxşısan? Getdin?
-Hə, çıxdım şəhərdən.
Daha heç nə danışmadıq, bu K ilə axırıncı söhbətimiz oldu.
Araz Bayramov
09.2018
Varşava.
Kultura.az