post-title

Monoklon - Vladimir Sorokin (hekayə)

Monoklon – Mezozoy erasının Yura dövrünə aid otyeyən iri dinozavrdır. O, dörd ayağı üzərində yeriyirdi. Qalxana oxşar yaxalığı ilə, zirehli kəlləsində yekə buynuzu var idi.

Viktor Nikolayeviç qəribə, küt yuxudan ayıldı. Yuxusuna rəhmətlik atası, müharibədən qabaqkı Vesyeqonsk şəhəri, Semyon əmi ilə Annanın toyu girmişdi. Bu toyda olanda onun on yaşı vardı. Yuxusunda hər şey o zamankı, uzaq 1938-ci ildəki kimi idi. Bircə özündən başqa; özü nədənsə indiki kimi qoca qalmışdı və atası onu Vitya baba deyə çağırırdı. Onu masanın başında oturtmuşdular, atası yanında əyləşmişdi və tez-tez ona tozağacı şirəsi kimi ləzzətli, yüngül cecə arağı süzürdü. Araqdan vuran Vitya baba əslində uşaq olduğu üçün bərk keflənmişdi və daha otura bilmirdi. O, masanın altına yıxılıb, şaqqanaq çəkib gülə-gülə adamları ayaqlarından tutmağa başladı. Məclisdəkilər əsəbiləşərək Vitya babanı bərkdən itələməyə və çəkmələri ilə döyməyə başladılar. Qışqıra-qışqıra deyirdilər ki, Vitya baba rüsvayi-aləm olub. Sonra onu tutub sürüyə-sürüyə evdən bayıra çıxardılar, amma o qədər sərxoş idi ki, nə qolunu, nə də ayağını tərpədə bilirdi. Viktor Nikolayeviç bu an yuxuda özünü o qədər gülməli, o qədər şən hiss edirdi ki, gözündən yaş çıxana qədər doyunca güldü. Dolmuş gözlərinin kirpiklərini qırpdı. Göz yaşları yanaqlarından axıb yastığın üstünə düşdü. Sonra uzun müddət uzanmış halda qalaraq nəzərini tavandakı çex istehsalı büllur çilçırağa dikdi. Bu çilçırağı mərhum arvadı yetmişinci illərin ortalarında Lenin prospektindəki "İşıq" mağazasından almışdı. 

Sarsaq yuxu fikrini bir-birinə dolaşdırmışdı. Uzanıqlı halda yorğanın kənarını didişdirən Viktor Nikolayeviç düşüncələrini qaydaya salmağa başladı: saat on ikidə Valya sonuncu iynəni vurmağa gələcək, sonra bulka dükanına getməli idi. Bundan başqa Korjev söz vermişdi ki, günorta yeməyindən sonra gəlib onunla şahmat oynayacaq, axşam isə Volodya gəlib ona dəyməli idi. Ertəsi gün təqaüdü gedib götürmək lazımdı. Sabaha həm də dəyişək paltar hazır olacaq, Volodya gedib onu götürəcək. Heyif ki, bu gün mümkün deyil, yoxsa o, yolüstü gedib götürərdi, səhəri gün yolunu uzatmalı olacaq.

  • Vesyeqonsk... – deyib ədyalı kənara atdı, durub çarpayıda oturdu.

Ayaqları ilə şap-şaplarını axtarıb tapdı, dolabçaya çəpinə nəzər saldı: "Yantar" saatı, "İzvestiya" qəzeti, krossvordlar toplusu, Suvorovun "Buzqıran" kitabı, Veronika Tuşnovanın şeirlərindən ibarət balaca kitab, bir stəkan qaynadılmış su, oxu üçün eynək, yeddi yaşlı nəvəsinin bağışladığı Dart Veyderin heykəlciyi, valokordin, serebralisinin sonuncu ampulası olan bağlama, nootropil, sonapaks, fenazepam, furosemid, noşpa və papazol bağlamaları. 

Sonapaksın qutusundan bir həb götürüb ağzına qoydu, üstündən su içdi.

Gözlərini qıyaraq pərdələrin arasından süzülən gün işığında bir qədər oturduqdan sonra dizlərini şappıldadıb, ayağa qalxdı. Şap-şaplarını köhnə parket döşəməyə sürtə-sürtə yeriyərək vanna otağına getdi:

- Vesyeqonsk ... Ves-ye-qonsk...

Hamamın işığını yandırdı, içəri keçib zolaqlı pijama şalvarını aşağı çəkdi və ehtiyatla unitaza oturdu. Qurumuş dodaqlarını çeynəyə-çeynəyə, dizini qaşıya-qaşıya bir qədər oturdu. Aramla, ara verə-verə işədi. Qımıldandı, gövşəyərək, dizlərindən möhkəm yapışdı. Gücənib başını əydi. Boynundakı solğun qırışlar tərs çənəsinin altında yığılıb vahiməli görkəm aldı.

Hıqqana-hıqqana inildədi. Belə halda bir anlıq quruyub qaldı. Sonra narazı bir şəkildə nəfəs verə-verə başını yellədi, rahatlaşıb, qəddini düzəldərək zümzümə etdi:

– Uyuyur gecənin bir aləmində dağ zirvələri…

Ayağa qalxa-qalxa şalvarını çəkdi, suyu buraxdı, əlüzyuyanın yanına gedib aynaya baxdı. Güzgüdən səksən iki yaşlı Viktor Nikolayeviç ona baxırdı. Viktor Nikolayeviç ona "Quten morqen" deyib diş fırçasını götürdü, üzərinə az-az titrəyən əliylə diş pastasını yaxıb yeni hamar dişlərini fırçalamağa başladı.

Dişlərini təmizlədikdən sonra tüpürdü, ağzını yaxaladı, üzünü yudu və çəhrayı dəsmal ilə sifətini xeyli sildi. Sonra əynindən pijamanı çıxarıb qarmaqcıqdan asdı və tələsmədən vannanın kənarı üzərindən ayağını aşırıb metal halqadan yapışdı, digər ayağını da çəkib çıxardı. Suyu açıb, tənzimlədi, rıçaqdan müharibədən əvvəlki telefonlara bənzəyən duşun dəstəyini götürdü, suyun istiqamətini dəyişdirib axını zəif ayaqlarına doğru yönəltdi. Suyun isti olduğundan əmin olduqdan sonra onu sallanmış qarnı ilə arıq, qarabuğdayı bədəninə tərəf tutdu. Bədənində iki köhnə çapıq izi var idi: sol budundakı iz 58-ci ildə ov edərkən yaralı qabanın vurduğu zədədən qalmışdı, sağ dirsəyindəki iz isə 91-ci ildə evin girişində sürüşərək qırdığı qolunun çapığı idi. Bundan başqa, bədənində iki döymə də görünürdü: sinəsinin düz orta yerində caynağında ilanı tutan qartal, sol çiynində isə iki xəncər sancılmış ürək və yuxarısında çətinliklə ayırd edilən "Nina" yazısı. Hər iki tatuirovka köhnə idi, əllinci illərdən qalmışdı.

Viktor Nikolayeviç başını aşağı sallayaraq duşdan bədəninə su tökdü, boynundakı qırışlar yenidən vahiməli halda yığıldı, alt dodağısa elə bil narazı şəkildə sallandı. Puqaçovanın mahnısını xatırlayaraq:

  • "Min bir ünvanlara uzanır relslər..." söylədi. - Relslər ... və şpallar, şpallar, şpallar...

Suyu bağlayıb, halqadan tutdu, ehtiyatla bədənini vannadan xalıya qoydu. Dəsmalını götürüb özünü yaxşı-yaxşı quruladı. Qırmızı ipək xalat geyinib, rahat nəfəs aldı, hamamdan çıxdı və şap-şaplarını yerə sürtə-sürtə mətbəxə yollandı. Böyük otağın pəncərələrindən bayırda nəsə hay-küy səsləri gəlirdi. Viktor Nikolayeviç ayaqlarını sürtə-sürtə böyük otağa keçib pəncərəyə yönəldi.

Çallaşmış qaşları təəccüblə yuxarı dartıldı: pəncərələrin altı boyunca uzanan Lenin prospekti hamısı eyni cür gümüşü skafandr geyinmiş, ağ hermoşlemli gənclərlə dolmuşdu.  Hermoşlemlərin yuxarısına "SSSR" yazılmışdı.

- Kosmonavtlar! - Viktor Nikolayeviç heyrət içində öz-özünə dedi.

O saat da yadına düşdü:

- Bu gün axı 12 apreldir! Kosmonavtika günüdür, yaramazlar! Bəh-bəh!

Heyrət içində başını yellədi. Yüzlərlə, minlərlə kosmonavt prospekti doldurmuşdu. Bircə maşın da yox idi. Evlərin kənarında bekar adamlar gözə çarpırdı.

O, Lenin prospektində keçirdiyi qırx illik həyatı boyunca buna bənzər şey heç vaxt görməmişdi. Yeltsinin dövründə burada kommunistlərin nümayişləri olmuşdu. 1993-cü ildə Qaqarin meydanında, evindən üç yüz metr məsafədə, "Zəhmətkeş Moskva"dan olan vətənpərvərlər ilə Yeltsinin OMONçuları arasında məşhur böyük dava düşmüşdü. Ancaq bu kimi hadisə əvvəllər heç görünməmişdi.

Viktor Nikolayeviç pəncərəni açıb bədəninin bir hissəsini bayıra çıxararaq sevinclə başını yellədi:

- Afərin! Əhsən! Kosmonavtlar! Balaca kosmonavtlar!

Fərəhlə güldü. Əsən bahar mehi başındakı seyrək çal saçlarını qımıldatdı.

Kosmonavtların izdihamında nəsə bir hərəkətlənmə var idi, elə bil nəsə bir şeyə hazırlıq gedirdi. Mərkəzdə, gün işığında parıldayan insanların qarma-qarışıqlığı içindən, gövdəsində Rusiyanın gerbi olan bir raket yuxarı qalxmağa başladı. Raket dikəlib şaquli vəziyyətdə duranda onun burun hissəsi açıldı, raketin içində skafandrlı bir adam göründü. Kütlə sevincdən çığır-bağır salmağa başladı. Raketdə oturan adam əlini tərpədərək hamını salamladı. Sonra hermoşlemini çıxardı, əlini qaldıraraq hamıdan səssiz olmağı istədi. Kütlə susdu. Altıncı mərtəbədən bunu izləyən Viktor Nikolayeviç hermetik dəbilqəsi açılmış gəncin üzünü kütlə içində seçib tapdı: onun qara qaşı, almacıq sümükləri çıxıq sifəti, quş burnu kimi irəli çıxmış burnu vardı. - Əziz dostlar! - oğlan aydın, gümrah bir səslə danışmağa başladı. Dinamiklər onun səsini prospekt boyunca yayırdılar. 

- Bu gün aprelin on ikinci günüdür. Kosmonavtika günüdür. Bu gün Yuri Qaqarin qəhrəmanlıq uçuşunu həyata keçirərək kosmosu fəth etmişdir. Məhz bu gün bizim derjavamız özünü bütün dünyaya ən uca səsilə elan etdi. Bu gün, burada, Qaqarin meydanında, kosmosu ilk dəfə fəth etmiş şəxsin abidəsi qarşısında otuz min rus gənci toplaşıbdır. İçinizdə hər biriniz Qaqarinin igidliyini təkrarlamağa hazırsınız. Çünki hər birinizin qəlbində vətəninizə olan sevgi, onu daha da güclü, onu daha da azad etmək arzusu yaşayır! Və bu raketin içində mənə elə gəlir ki, dostlar, bu gün hər birinizin adı Yuridir!

Kütlədən səslər ucaldı.

- Rusiyanın hər bir vətənpərvəri qəlbən kosmonavtdır! Prezidentimiz – 1 nömrəli kosmonavtdır!

Kütlə alqışladı. 

- Baş nazirimiz isə kosmonavtlar içində kosmonavtdır!

Kütlə sevincindən bağırdı.

Natiq səs-küy yatana qədər gözlədi, ara verdi və birdən oxumağa başladı:

- Kosmik xəritələr planşetlərə yüklənir...

- Şturman marşrutu son dəfə dəqiqləşdirir! – kütlədən cavab gecikmədi.

- Gəlin, startdan əvvəl siqaret çəkək, uşaqlar, ehtiyatda hələ on dörd dəqiqəmiz var! - altıncı mərtəbədən züy tutan Viktor Nikolayeviç izdihamın dediklərini təkrar etdi.

Arxa tərəfdə, otaqda yazı stolunun üstündə telefonun zəngi çaldı. Viktor Nikolayeviç narazılıqla çevrilib, tələsik masaya yaxınlaşdı, dəstəyi götürdü, qulağına yaxılaşdıraraq pəncərəyə qayıtdı. Zəng edən oğlu Volodya idi. 

- Vov, burda mənim pəncərəmin altında elə şeylər baş verir ki! Otuz min kosmonavt!

Telefonla danışa-danışa pəncərəyə tərəf əyildi.

-  Nə? Bu sərsəmlik deyil, əzizim, gö-zəl-lik-dir! Necə oxuduqlarına sən bir qulaq as!

Dəstəyi pəncərədən çıxardı. Arıq əl havada yelləndi. Viktor Nikolayeviç bir az gözlədi, sonra əlini içəri salıb dəstəyi qulağına qoydu:

- Eşitdin? Bax belə! Onların adı ... necə idi? ...hə? "Birlikdə biz"? Bəli! Bəli! Otuz min adam yığıblar, təsəvvür edirsən? Bu gün axı Kosmonavtika günüdür, oğlum! Bəli! Nə? Yox. Niyə? Valya? O, saat on ikidə gələcək. Hə? Yaxşı, qoy tez gəlsin, etiraz eləmirəm. Sonra bulka dükanına gedəcəm... Hə. Yaxşı, Vov. Hal-hazırda hər şey sadəcə olaraq möhtəşəmdir! Əhvalımsa əsrarəngizdir! Hazıram! Orbitə çıxıram! Bəli. Bəli. Dəyişək paltarı isə sabah olacaq. Oldu. Axşam gözləyəcəm. 

Dəstəyin üstündəki qırmızı düyməni basdı, pəncərə altına qoydu. Pəncərədən bayırda möhtəşəm izdiham nəğmə oxuyurdu: 

Uzaq-uzaq planetlərin

Tozlu cığırlarında

Qalacaq bizim izimiz!

Birgə mahnı oxuyanlara gülümsəyən Viktor Nikolayeviç ətrafını seyr edə-edə başını döndərdi: görəsən qonşulardan kim baş verənləri izləyir? Üçüncü mərtəbədə yaşayan gənc Rubinşteynlər, dördüncü mərtəbədəki Qorbunovun qızı və alt mərtəbədə bir-iki cütlük başını çıxarmışdı. Başqa heç kim. Altıncı və beşinci mərtəbələrdə bütün pəncərələr örtülü idi.

Viktor Nikolayeviç arıq, damarları görünən yumruğunu sıxaraq pəncərədən çıxardı və qışqırdı:

- Kosmos qəhrəmanlarına eşq olsun!

Rubinşteynlər və Qorbunova bu səsi eşidib aşağıdan yuxarı ona baxdılar və əl yellədilər.

Qapının zəngi çalındı.

- Görən kimdi? – deyə narazılıqla çevrildi.

Düşündü ki, bayaq Volodyanın dediyi kimi, Valyadır, tez gəlib.

- Sənin ananı... - Viktor Nikolayeviç yaz havasına tüpürdü. - Həmişə düz vaxtında!

Başını yelləyib ayaqlarını sürtə-sürtə dəhlizə yönəldi.

- Birdən gəldi ağlına…görəsən hara uçur gecə taksisi… uç, uç, apar məni də...

Narahat-narahat deyinərək, zümzümə edə-edə qapının kilidini şaqqıldatı, qapını gen açdı:

- Valya, cəld tərpən! Sizə indi elə şey göstərəcəm ki!

Qapının kandarında üç nəfər dayanmışdı. Onlardan biri dərhal Viktor Nikolayeviçin sinəsindən itələdi. Viktor Nikolayeviç sıçrayıb dala çəkildi, amma yıxılmadı. Üç adam qaranlıq dəhlizə girib, ardınca qapını çırpdı.

- Bu gün yaxşı gündür – dəhlizdən çıxarkən içlərində boyca hündür olan biri sakitcə dedi.

- Siz kimsiniz? - Viktor Nikolayeviç qorxmadan soruşdu.

Onlardan biri Viktor Nikolayeviçə yaxınlaşdı və şlyapasını çıxarıb dedi:

- Monoklon.

Viktor Nikolayeviç buz kimi donub qaldı.

Kişi Viktor Nikolayeviç kimi xeyli yaşlı idi. Yaşa dolmuş adamın alnının düz ortasında, sanki mişarla kəsilmiş buynuzu xatırladan bir şiş var idi. Sol qaşında dərin, köhnə çapıq vardı, buna görə sol gözü elə bil çat arasından baxırdı. Amma açıq boz rəgli sağ gözü isə ağıllı və cəsarətli görünürdü.

  • Tanıdı, - deyə Monoklon gülümsəyib ətrafına baxaraq tələsmədən şlyapasını stulun söykənəcəyindən asdı, bej rəngli plaşını çıxarıb yanında gələnlərdən birinə verdi. O, plaşı paltarasandan asdı.

Viktor Nikolayeviç daldadı gedərək böyük otağa girdi. Monoklon onun izincə otağa girdi:

- Mən ki sənə söz vermişdim.

Viktor Nikolayeviç otağın ortasındakı ovalşəkilli yemək masasına çatıb masaya toxundu və dayandı. Monoklon yaxınlaşıb onunla üzbəüz durdu. Digər iki nəfər gəlib hərəsi onun bir tərəfində dayandı. Onlar gənc, möhkəm bədənli idilər, dəri gödəkçə geyinmişdilər, üzlərindən qoçaqlıq yağırdı. Onlardan birinin əlində dəri çanta var idi. 

- Verilən sözə isə xilaf çıxmaq olmaz, - deyə Monoklon əlini uzatdı.

Cavan oğlan çantadan qara məxmərə bükülmüş uzunsov bir şey çıxarıb Monoklona verdi. Monoklon onu alıb masanın üstünə qoydu.

- Bu nədir? – deyə Monoklon başı ilə bağlamaya işarə edərək ev sahibindən soruşdu.

Ancaq Viktor Nikolayeviçin üzü elə bil keyləşmişdi. Əynində qırmızı ipək xalat, ayaqlarında şap-şaplar gözünü bağlamaya zilləmişdi.

- Valek, - deyə Monoklon əmr etdi.

Oğlanlardan biri bağlamanı açdı. Qara məxmərin üzərində görünən şey adi külüngün polad ucluğu idi. Adi olsa da o, mükəmməl şəkildə cilalanmışdı, günəş işığında bahalı yapon qılıncı kimi bərq vururdu. Valek bu parlaq, səthi hamar, əyri dəmir parçasını götürüb Viktor Nikolayeviçin üzünə yaxınlaşdırdı. Polad ucluğun bir tərəfində:

PROCUL DUBIO

digər üzündə isə:

AD MEMORANDUM

sözləri həkk olunmuşdu. 

Viktor Nikolayeviç parıldayan metala baxırdı. Monoklon, metala diqqətlə nəzər salan adamın gözlərinə baxıb, razı halda başını yırğaladı:

- Xatırlayır.

Gənclər gülümsəyərək bir-birlərinə baxdılar. Açıq pəncərədən əsən külək üzərində palma ağacı və piramidalar fonunda gəzişən dəvələr olan pərdələri tərpədirdi. Pəncərədən bayırda kütlənin səs-küyü və gülüşü eşidilirdi. Ancaq qonaqlar bu insan səs-küyünə heç bir əhəmiyyət vermirdilər.

  • Vaxtdır - deyə Monoklon komanda verdi.

Gənclər Viktor Nikolayeviçi tutub əynindən xalatını çıxardılar, ağzını yapışqanlı yaşıl lentlə sarıdılar. Monoklon masanın üzərindəki şahmat, vaza və "Zavtra" qəzetini vurub yerə saldı. Vaza düşüb qırıldı, şahmat fiqurları parket döşəmənin üstünə səpələndi. Gənclər Viktor Nikolayeviçi sinəsi masanın üstünə vəziyətdə qoydular, bir yerdə onun belinə basaraq yüklənib arıq, qarabuğdayı bədənini masaya sıxdılar. Pəncərədən o yanda izdiham oğul və qızlarının kosmosdan qayıtmağını gözləyən Yer kürəsi haqqında nəğmə oxumaqda idi.

Monoklon çantasından iri, ağır çəkic çıxardı. Viktor Nikolayeviçi tutan gənclər sərbəst qalan əlləri ilə üzərində iynə izləri olan onun bürüşük sağrılarını tutub araladırlar. Monoklon, külüngün sivri ucunu onun hemoroidal anusuna salaraq basıb dərinə soxdu. Viktor Nikolayeviç bağıraraq gənclərin əlində çapalamağa başladı. Ancaq onu möhkəm tutmuşdular. Alətindən tutan Monoklon qolaylanaraq metalın geniş gövdəsinə zərbə endirdi. Polad titrəyən bədənə girdi. Qurbanın ayaqları nizamsız halda hərəkət etdi. Monoklon qolunu geniş açıb daha sərt vurdu. Polad daha dərinə girdi. Viktor Nikolayeviçin cəsədi sanki daşa döndü. Yalnız ayağını masanı ayağına müntəzəm döyür, sanki vaxtı sayırdı.

Monoklon qolaylanıb var gücü ilə vurdu. Metal demək olar ki, tamamilə bədənə girdi və beldən bir az yuxarıda, qarabəniz dərini cıraraq və qabırğaları bir-birindən aralayaraq, sıxıb qan şırnağını çıxartdı. Sol böyürdən metalın iti ucu çıxdı. Metalın ucunun çıxması ilə edamın sonu çatdı: qurbanın ayaq döyməyi dayandırdı, bədən boşaldı. Gənclər Viktor Nikolayeviçi sərbəst buraxdılar. Monoklon yaşlı bədəni yarıb çıxan parlaq metala baxdı, çəkici aşağı saldı:

- Bu da bu…

Astma xəstələri kimi ağır nəfəs alıb çəkici gəncə verdi. Monoklonun batıq yanaqları qıpqırmızı qızarmışdı. Hərəkətsiz bədənə baxaraq ciblərini çırpdı, sonra yadına düşdü:

- Plaşdadır.

Valek dəhlizə qayıdıb, plaşın cibindən bir paçka filtrsiz alman siqaretini, qızılı rəngli alışqanı tapdı, gətirib Monoklona verdi. Monoklon həmişəki kimi odu küləkdən qoruyaraq papirosunu yandırdı. Onun hər iki əli şikəst idi: sağ əlinin çeçələ barmağı yox idi, sol əlinin isə dördüncü barmağı və kiçik barmağı qatlanmırdı.

- Vəssalam? – çəkic və məxməri torbaya qoyan gənc soruşdu.

- Vəssalam, - deyib tüstünü üfürən Monoklon bu mənzildən biryolluq ayrılmaq üçün döndü, amma birdən baxışları stolun üzərində divardan asılmış fotoşəkillərə ilişdi. Büllur qabın qırıntılarını xırçıldada-xırçıldada şəklə yaxınlaşdı. Cəmi altı şəkil idi, səliqəli çərçivələrə salınmışdı: Viktor Nikolayeviçin valideynləri, arvadı, oğlu, nəvəsi, nəticəsi və dövlət təhlükəsizlik orqanı baş leytenantının formasında gənc Viktor Nikolayeviç. Bu şəklin küncündə əyri xəttlə "Norilsk 1952" yazılmışdı. Bir də 1949-cu il Kazan Universitetinin hüquq fakültəsi məzunlarının kollektiv şəkli vardı.

Monoklon üzünü bu fotoya yaxınlaşdırdı. Viktor Nikolayeviç ikinci cərgədə soldan üçüncü dayanmışdı. Onun yanında dayanan adam Monoklon idi. O vaxtı üzü ətli, kök, yupyumru idi, amma alnındakı şiş indiki kimi eyni idi.

O, papirosa dərin qullab vurdu və tüstünü yavaş-yavaş şəklə üfürdü.

Bu dəm uşaqlar ehtiyatla pəncərəyə yaxınlaşdılar, boylanmadan çölə baxdılar. Pəncərədən bayırda şaqraq nəğmə oxuyurdular:

 

Mən Yer kürəsi, yola salıram övladlarımı -

Oğullarımı, qızlarımı. 

Uçun, hey, düz günəşə qədər 

Sonra tezliklə dönün evinizə

Fotoşəkillərlə üzbəüz bir qədər dayandıqdan sonra Monoklon kəskin surətdə dönüb otaqdan çıxdı. Gənclər onun dalınca tələsdilər. Valek ona plaşını və şlyapasını geyinməyə kömək etdi. Monoklon paltarının yaxalığını qaldırdı, o biri gəncə başı ilə qapını göstərdi. O, qapının deşiyindən baxıb dedi:

- Təmizdir.

Qapını açdı. Çıxıb qapını sakitcə örtdülər. Qapının kilidi şaqqıldadı.

Böyük otaqda masanın üstündə qoca kişinin dəmirlə deşilmiş cəsədi var idi. Metal ucluğun enli gövdəsi qanlı anusunda görünür, sol böyründə isə metalın ensiz ucu gözə çarpırdı. Dəvəli pərdələr asta-asta yellənirdi. Kütlə daha oxumurdu, sadəcə səs-küy salmaqda idi.

- Ay can, ay can! – dinamiklər enliqaş oğlanın səsini yayırdı. 

- Biz hamımız kosmonavtıq! – kütlə kükrədi.

- Ay can, ay can!

- Biz hamımız kosmonavtıq!!

- Ay can, ay can! 

- Biz hamımız ko-smo-nav-tıq!!

Qoca kişinin ayaqları yavaşca tərpəndi. Əlləri dirçəldi, ovucları masa boyu sürünərək başına yaxınlaşdırdı. Cəsəd yerindən dəbərib, masadan sürüşərək yerə yıxıldı. Qoca inildəməyə başladı. Titrəyən əli ilə lentə toxunub, onu dodaqlarından qopardı. Ağzından fışıltı çıxdı. O boğuq, xırıltılı səslə hönkürdü və başını əsdirərək masanın altına süründü. Sonra pəncərəyə tərəf süründü. Anusdan az-az qan tökülürdü, ayaqları qanı parketin üstünə yaxırdı. O isə sürünürdü. Büllur qırıntılarının, şahmat fiqurarının üstündə sürünürdü. İsidici batareyaya tərəf sürünərək əlləri batareyadan ilə tutdu, sağ ayağını qaldırıb zarıyaraq, boğula-boğula dartındı, pəncərə altlığından tutdu, hərəkətsiz sol ayağını çəkərək, mırıldaya-mırıldaya, xırıldaya-xırıldaya bədənini qaldırmağa başladı. Başı şiddətlə əsirdi. Elə bil ki, qoca müqəvva idi, inanılmaz bir səylə sinəsini pəncərə altına qoydu, yapışıb, özünü ayağa qaldırdı. Üzü pəncərənin boşluğunda peyda oldu. Hamısı eyni cür işıqda bərq vuran kosmonavt izdihamını gördü. Qışqırmaq üçün ağzını açdı. Ancaq ağzından yarılmış mədədə yığılıb qalan qan fışqırdı. Qan pəncərənin ağ rəngli aşağı hissəsinə töküldü. Bu pəncərə yerini keçən payızda nəvəsi boyamışdı. Tökülən qan geri, pəncərənin altlıq hissəsinə axaraq parketə damcılamağa başladı. Təkcə bir damcı pəncərənin yağış sularını axıdan yerinin yaşıl səthindən sovuşub aşağı düşdü, gün işığında yaqut daşı kimi bərq vura-vura uçdu. Nəmli hava onu göydə tutdu. Külək qan damcısını evdən alıb apardı və günəşdə parıldayanların üstünə atdı.

Qan damcısı qəhqəhə ilə gülən on altı yaşlı Viktor adında gəncin şleminə düşdü. Ancaq o bunu hiss etmədi.

Rus dilindən tərcümə etdi: Elçin İmanov

Qeyd: Hekayə Sorokinin “Monoklon” (Moskva, 2010) toplusuna daxildir. Müəllif bu hekayəni, həmçinin, Qoqoldan başlayaraq Sorokinə qədər 32 rus və sovet yazıçısının mətnlərindən tərtib etdiyi “Qəddar rus hekayələri” (Moskva, 2014) antologiyasına daxil etmişdir. 

Yuxarı