Norveç təcrübəsi
Norveçə gəldiyim ilk günlərdə ən çox qorxduğum şey bu idi ki, birdən oğlumu əlimdən alarlar. Yanlış informasiyanın allah evini yıxsın, rusdilli mətbuat Norveçdə uşaqları qoruma qurumunun (Barnevarn) valideynlərə divan tutduğunu yazır, uşaqları əllərindən alınan valideynlər adamın ödünü qoparan şeylər danışır, iddia edirdilər ki, burda qonşular, müəllimlər, bir sözlə hər yerdə hamı xəbərçidir, şər-böhtan atır, ailələri gedib barnevarna çuğullayır, sonra da barnevarn polis müşaiyəti ilə evi basıb, uşağı ley kimi caynağına alıb aparır.
Açığı, qaçqınlarla işləyən şöbə də az deyildi, sağ olsunlar, hər vəchlə gözümü qırırdılar ki, bəs ehtiyatlı olun, bir az səhv eləsəniz, problemləriniz olacaq uşaqla bağlı. Bu problemin nədən ibarət olduğunu da təsəvvür etmək çətin deyildi.
Mətbuatda, müsahibələrdə, danışılanlarda, sosial şəbəkələrdə yayılan təsvirlərdəki məqamlar adamın canına vəlvələ salırdı.
İlk aylarda bərk qorxurdum. Evdə az qala özüm üçün ağır rejimli cəzaçəkmə müəssisəsi qurmuşdum. Təmizlik, uşağa qayğı və rejimi absurd hala çatdırmışdım. Hətta qorxudan bir-iki psixosomatik xəstəlik də tutdum.
Bir də bunun üstünə bura gələndə aldığım xəbəri gələk. Azərbaycanlı bir ailənin uşağı əlindən alınmışdı. Daha bir ailə vardı, Azərbaycandan. Onların 3 uşaqlarını almışdılar.
Bir il belə gəldi-getdi. Qızım doğuldu.
Elə uşaq təzə doğulmuşdu ki, o barnevern bizim də qapını döydü. Daha doğrusu, məktub göndərib, görüşə çağırdı. Qaça-qaça getdik. İşçilərlə görüşdük. Məlum oldu ki, bir tibb müəssisəsi bizimlə bağlı narahatlığını yazıb. Yəni uşağın ailədə hüquqlarının tam qorunduğundan narahat imiş. İndi bu məsələ araşdırılmalı idi.
Danışdıq. Elə ilk görüşdə bizimlə danışan iki qadının qərəzsiz olduğunu hiss elədim. Bizim onlarla rahat, gülümsəyərək danışmağımız da həm xoşlarına gəlmiş, həm də təəccübləndirmişdi onları (Norveçdə barnevarndan bildiriş məktubu alan ailələr bəzən görüşə getmədən uşağı götürüb, ölkədən qaçır, ya da özlərini bərk itirirlər.)
Uşağın rasionu, nələri sevməsi, ümumiyyətlə xasiyyəti, hansı cizgi filmlərinə baxması, haralara aparmağımız, hansı yeməkləri sevməməsi, sözümüzə baxmayanda necə davranmağımız və s. barədə xeyli suallar verdilər. Həvəslə danışdıq. Sonra bir sənədə imza atmağımızı istədilər. O sənədə əsasən, barnevarn əməkdaşları bizim ünsiyyətdə olduğumuz, evinə gedib-gəldiyimiz bəzi adamlardan (məhz bizim adlarını qeyd etdiyimiz) barəmizdə soruşmaq haqqına sahib olurdular. Eyni zamanda oğlumuzun bağçası, qızımızın doğulduğu xəstəxana da suallara cavab verəcəkdi – təbii ki, bizim icazəmizdən sonra o yerlərə zəng edəcəkdilər.
Nəhayət, son mərhələ evimizə gəlib, şəraitimizi yoxlamaq idi.
Əvvəlcədən zəng edib, filan gün, filan saatda gəlmək istədiklərini dedilər və bizə uyğun olub-olmadığını soruşdular. Gəldilər, baxdılar, uşaqla davranmağımıza fikir verdilər. Söhbətin bir yerində oğlumuz nədənsə özü gəlib atasını bərk-bərk qucaqladı.
Bu jestdən sonra barnevarn əməkdaşı gülümsəyib, dedi ki, daha bir iş qalmadı, o getmək istəyir, araşdırmanın cavabını isə bizə məktubla göndərəcək.
Bir həftədən sonra məktub aldıq. Bu, barnevarn əməkdaşının bizim ailə ilə bağlı şikayət edən müəssisəyə cavabı idi “Biz ailəni yoxladıq. Valideynlər uşaqlarını sevir, onlarla səbirli və mülayim davranır, onları yaxşı şəraitdə saxlayır, ailədə sevgi və harmoniya var. Barnevarn uşaqların bütün hüquqlarının qorunduğunu görür və ailəni artıq araşdırmağı lazımsız hesab edir”.
Bu, yəqin ki, həyatımda aldığım ən vacib məktub idi.
Aradan bir il keçəndən sonra həmin əməkdaş işlədiyi qurumu qaçqınlara tanıtmaq üçün norveç dili kurslarına təlimçi kimi gəlmişdi. Bu zaman onunla peşəkar söhbət edib, az qala bütün dünyadan insanların qorxduğu və qarşı çıxdığı Norveçin uşaq siyasəti ilə bağlı suallarıma cavab almaq imkanım oldu. İndi bunları yazmağımın səbəbi isə, bu yaxınlarda olduqca savadlı, Avropada yaşayan və rus, ingilis, azərbaycan dillərində rahat mətbuat oxuyacaq kapasitədə olan qadınların Norveçin uşaq siyasəti ilə bağlı paylaşımları, fikirləri oldu. Ona görə, bəzi mifləri dağıtmağın vacib olduğunu düşünərək, barnevarn əməkdaşının verdiyi cavablara əsaslanıb, aşağıdakıları yazıram.
Norveçdə barnevarn əməkdaşları uşağı ailədən aldıqları üçün dövlətdən mükafat almır.
Ancaq gəlmələrin uşaqlarının əllərindən alınması yalandır, kifayət qədər norveçlinin də valideyn hüquqları əlindən alınır . Hətta bu günlərdə bir norveçli ana öz oğlu ilə Polşaya qaçıb, ordan sıgınacaq alıb, səbəb isə barnevarnın uşağın ondan alacağı qorxusu olub.
Qonşular az hallarda hansısa ailədən şikayət edirlər, əgər belə bir şikayət varsa, əvvəl qonşunun özü araşdırılır, ortada şikayət etdiyi adamla bir ədavətinin olduğu və ya obyektivliyini şübhə altına alacaq hər hansı bir şey üzə çıxarsa, onun şikayətinə görə araşdırma başlanmır.
Uşaqlar heç də şikayət edilər-edilməz alınmır valideyndən. Əvvəl detallı araşdırma aparılır. Valideyn necə adamdır, özünü necə aparır, mədəni, sivil adamdırmı, nəzakətlidirmi, məsuliyyətlidirmi? Uşaq tox, təmiz, xoşbəxt görünürmü? Böyük uşaqdırsa, artıq normal ünsiyyətə girə bilirlərsə, onuna test aparılır, psixoloq işləyir, öyrənir bunu.
Araşdırılan ailələr çox vaxt barnevarndan kömək görürlər. Məsələn, barnevarn baxır ki, mədəni, qayğıkeş valideynlərdir, amma təcrübələri azdır deyə, səhvlər edirlər uşağa baxmaq və ya tərbiyə etməklə bağlı. O zaman barnevarn əməkdaşları uşaqla bağlı hər işdə ailəyə kömək edir, evlərinə əməkdaşlarını göndərir, psixoloji, mənəvi, fiziki və hətta bəzən maddi kömək edirlər. (Məsələn, uşaq tennis klubuna getmək istəyir, sənin pulun çatmır, barnevarn klubun üzvlük haqqını və paltarları uşağa öz büdcəsindən alır).
Uşağın evdə şiddət gördüyü ya da həyatına, sağlamlığına təhlükənin olduğu faktı təsdiq edilməzsə, barnevarnın uşağı almaq kimi bir ixtiyarı yoxdur.
Uşağın dövlət himayəsində ya valideyn himayəsində qalacağına məhkəmə qərar verir. Valideyn haqlıdırsa, uşağına şiddət göstərməyibsə, onun saglamlığına laqeyd yanaşmayıbsa, ortada nəsə yanlış anlaşılma olubsa, öz haqqını qoruya və övladını geri ala bilər. Praktikada belə hallar az deyil.
Bizə təəccüblü görünə biləcək, amma Norveçdə adi hesab edilən qaydalar
Uşağı dərs oxumağa məcbur etmək olmaz. Onda dərsə maraq yaratmaq üçün zatən məktəbdə pedaqoq var. Məcbur etmək uşağın psixologiyasını poza bilər.
Norveç məktəblərində 7 ci sinfə qədər qiymətləndirmə sistemi yoxdu.
Uşağın necə oxuması ilə bağlı valideynə ancaq müsbət şeylər deyilir, məsələn hansısa fəndən axsayırsa, bunu müəllim sizə deməyəcək. Sizin soruşmaq ixtiyarınız var, amma müəllimin bunu sizə deməyə ixtiyarı yoxdur. Çünki siz pedaqoq deyilsiniz, uşağın zəif yerini evdə qabardıb, onu incidə, utandıra, kompleksə sala bilərsiniz.
Dövlət müəəsisələrində işləyənlər, müəllimlər, tibb işçiləri uşaqla bağlı narahatlıqları olarsa, onu barnevarna deməyə məcburdular, onlar işə başlayanda iş müqaviləsində bu bəndə imza atırlar. Məsələn, uşağınız məktəbə ya bağçaya ac, pinti halda getsə, bir yerində şiddət izi olsa, siz orda uşaqla kobud davransanız, müəllim, həkim ya müəssisə işçisi bunu mütləq barnevarna yazacaq. Burda şəxsi heç nə yoxdu, bu, onun işidir. Yazmasa və sonra problem üzə çıxsa, o işçinin bilib, xəbər vermədiyi məlum olsa, işini və simasını itirəcək.
Norveçdə uşaqların valideyndən şikayət etmələri halları da var. Amma şikayət həmişə araşdırılır.
Eyni zamanda, valideynlər də öz uşaqlarından barnevarna şikayət edirlər. Adətən, bunu yeniyetmə valideynləri edir. Vurmaq, təzyiq etmək olmaz, buna görə də, barneverndən kömək istəyirlər və həmişə bu kömək edilir.
Barnevern uşaqlardan 21 yaşına qədər muğayat olur. Bəzi hallarda, məsələn valideyn himayəsindəm məhrum uşaq həyatda yerini tapmayıbsa, barnevern ona 23 yaşına qədər hamilik edir. Daha bizdəki kimi, 18 yaşı olanda uşaq evindən küçəyə qovmur.
P.S. Bütün bunlar ancaq bura təzə gələndə ya ölkəyə kənardan baxanda təəccüblü görünür. Əslində isə, valideynin uşağının təhlükəsizliyindən ən rahat ola biləcəyi ölkədir Norveç. Sizin başınıza nəsə gəlsə, uşağınız əmin əllərdə olacaq.
Uşaqların ailədən alınması təcrübəsi bütün Avropada geniş yayılıb. Bəzən bunu bizim kimi ölkələrdən gələnlər müsəlmanlara qarşı çevrilmiş bir şey hesab edir. Ruslar hesab edir ki, Avropada uşaq qıtlığı var, onların da uşaqları sarı olduğu üçün, qəsdən ruslardan alıb, avropalılara övladlığa verirlər. Əslində isə, sadəcə ənənələr, münasibətlər fərqlidir. Bu ölkələr uşaq tərbiyəsi zamanı fiziki və ya psixoloji şiddətin yolverilməzliyini qəbul edib. Bunu mentalitetə çevirib.
Bizim kimi, uşaq səhv edəndə, ağlayanda qapazdan qoyan, ağzının qanın burnunun qanına qatan toplumlarda, təbii ki, bu qəribə gəlir. Biz uşaq dərs oxumayanda, sözə baxmayanda, nəsə istəyəndə, ağlayanda ancaq şiddət yolunu bilirik. Ən mədənimiz də deyir ki, indi polis gələcək, ya da xoxan gələcək. Uşaqla danışmaq, tərbiyə yöntəmlərini mənimsəmək heç ağlımıza da gəlmir. Ümumiyyətlə, biz uşağı doğub, allah umuduna buraxırıq, böyüyəndə hər işinə burnumuzu soxuruq, sonra da qocalanda özümüzü yıxırıq o yazığın üstünə ki, məni saxla. Onlar bizi Qocalar Evinə qoyanda da, hardansa avara bir müğənni gəlib orda klip çəkir, qocaları bütün ölkəyə göstərib, onları ora qoyan uşaqlarını xalqa söydürür.
Günel Mövlud
Azlogos.eu