post-title

Əksər insanlar ağıldan çox, keçici həvəslərin iradəsi altında yaşayırlar

Blez Paskal 17-ci əsrin fransız mütəfəkkiri, fiziki və riyaziyyatçısı olmuşdur.

Düşüncələr

Bir insan nə qədər ağıllıdırsa, ünsiyyət qurduğu hər kəsdə məxsusi cəhətlər görəcək. İstedadsız insansa digər adamları bir-birindən fərqləndirmir, hamısını eyni cür hesab edir.

Hisslər də təfəkkür kimi korlanmağa məruz qala bilər. Təfəkkür və hisslərimizi insanlarla ünsiyyət zamanı ya təkminləşdirir, ya da korlayırıq. Bəzi münasibətlər bizim kamilləşməyimizə, digərləri isə kasadlaşmağımıza rəvac verir. Deməli, belə çıxır ki, həmsöhbətlərimizi seçərkən çox diqqətli olmalıyıq. Lakin, təfəkkürün və hisslərin hələ kifayət qədər yetkinləşmədiyi təqdirdə də bu seçimi doğru-düzgün aparmaq mümkünsüzdü. Beləcə qısır çevrənin içində sıxışıb qalırıq. Bu haldan qurtulmağı bacaran insan bəxti gətirmiş hesab oluna bilər.

Öz əsərlərindən söhbət açan bir çox müəlliflər belə sözlər işlədir: “Mənim kitabım, mənim rəylərim, mənim tarixim”. Həmin adamlar aldığı evə “mənim evim” deməkdən yorulmayan düşük insanlara bənzəyir. “Bizim kitab, bizim rəylərimiz, bizim tarix” kəlmələrini işlətmək daha yaxşı olardı, çünki sözügedən nəsnələrdə müəlliflərin özünəməxsus cəhətlərdən çox, digərlərinin yaradıcılığına xas olan izlər, cizgilər mövcuddur.

Özümüzü dərk edək: bəlkə də bununla həqiqətə yetə bilmərik, ancaq öz həyatımıza çəki-düzən verməyi ki bacararıq. Bu isə insan üçün ən vacib işdir.

Əgər əxlaqın əsasları barədə bilgisiz olsaydım, ətraf aləm barədə elmi bilgilər həyatımın çətin anlarında məni təskinləşdirməyə kifayət etməzdi, lakin sahib olduğum əxlaqi yönlər, xarici dünyaya xas olan əşyalarla bağlı elmi bilgilərim məhdud olsa da, məni təsəlli etməyə bəs edir.

Dekartı bağışlaya bilmirəm: fəlsəfəsini qurarkən tanrısız keçinməyi çox istəyirdi, ancaq bacarmadı və tanrını dünyaya çırtma vurub onu hərəkətə gətirməyə məcbur etdikdən sonra gərəksiz saydı.

Nəyə görə ayağı axsaq bir insan deyil, əqilcə axsaq insan bizi daha çox əsəbləşdirir? Məsələ sadədir: çolaq insan bizim çolaq olmadığımızı etiraf edir, ağıldankəm insan isə mühakimələrdəki qüsurun özündən deyil, bizim əqlimizdən qaynaqlandığını söyləyir. Buna görə də özünə qarşı mərhəmətdən çox qəzəb oyandırır. Epiktet birbaşa soruşur: “Nəyə görə kimsə başağrısı keçirdiyimizi söyləyəndə qəzəblənmirik, ancaq düzgün mühakimə yürütməyi bacarmadığımızı yaxud doğru yol tutmadığımızı söyləyəndə qəzəblənirik? Çünki, başağrısı yaşamadığımıza yaxud axsaq olmadığımıza dəqiqliklə əminik, ancaq seçimlərimizin düzgün olmasına dair əslində bu cür əminliyimiz yoxdur. Biz haqlı olduğumuza səmimi qəlbdən inanırıq, ancaq bir insan qarşımıza çıxıb, bizimlə razılaşmadığını, fərqli düşündüyünü bildirən kimi qəzəblənirik, ələxsus seçimimiz bir insanın deyil, çoxunun nəzərincə mənasız, cəfəng sayılırsa. Axı şəxsi dərrakəmizi xeyli sayda insanın malik olduğu əqli mühakimələrdən daha üstün saymaq həm çətindi, həm də aşırı ədəbsizlikdi. Fiziki baxımdan çolaq insanla bağlı məsələdə isə hər şey aşkar, göz önündə olduğundan heç bir tərəddüd, anlaşmazlıq yaranmır.

Əqlimiz inanmaq, iradəmiz isə sahiblənmək istəyir. Əgər onların qarşısında inam və arzu üçün ləyaqətli, dəyərli obyektlər yoxdusa, o zaman onlar ləyaqətsiz olanlara tərəf yönələcəklər.

Təxəyyül gücümüz ən cüzi nəsnələri, əhəmiyyətsiz yaşantıları elə genişlədib xüsusi dəyər səviyyəsinə yüksəldir ki, onlar bizim ruhumuzu oxşamağa başlayır; digər tərəfdən təxəyyül həm də həyasız ədəbsizliyi ucbatından həqiqətən yüksək dəyərləri aşağı çəkib öz hüdudlarıyla çərçivələyir - örnəyi, tanrı surətini.

Əgər yaxınlarımızın bizim haqda nə düşünüb daşındıqları bütövlükdə aşkara çıxsaydı, mənə elə gəlir adamın həyatda dördcə dənə də olsun həqiqi dostu qalmazdı. Təsadüfən ağızdan qaçan, ehtiyatsız sözlərin yaratdığı qəfil mübahisələr bunun sübutudur.

Biz naturamızın dərinliklərində həmişə və hər şəraitdə hüzursuzuq, çünki arzumuz bizim qarşımızda xoşbəxtliyin idealını cizdiyində, həmin anda bizim üçün əlçatmaz olan şərait və həzlərə nəzərən bunu həyata keçirir. Budur, həmin həzzə çatırıq, ancaq xoşbəxtliyimiz çoxalmır, çünki şərait dəyişdiyindən özüylə birgə arzuları da dəyişir.

İnsanın vəziyyəti: səbatsızlıq, qüssə, həyəcan.

İnsanın təbii mahiyyəti - hərəkətlilikdir. Tam dinclik ölüm halını bildirir.

Bircə insan naturasında gör nə qədər müxtəlif naturalar mövcuddur! Hələ gör nə qədər qabiliyyətlər və istedadlar! Ancaq gəl gör ki, kimsə, nə zamansa bir məşğuliyyəti təriflədiyindən, insan da gedib düşünüb daşınmadan həmin məşğuliyyəti özünə seçir.

“Bax, gör bu ayaqqabı dabanı necə məharətlə düzəldilib!”-“Necə bacarıqlı ustadır!”-“Çox cəsarətli əsgərdir!”. Bizim meyillərimizin mənbəyi bu cür təriflərdir, onların təsiriylə özümüzə məşğuliyyət seçirik. “O içir, ancaq sərxoş olmur!”-“O ümumiyyətlə içmir!”. Bax, beləcə insanlar sərxoşlara, içkisevməzlərə, əsgərlərə, qorxaqlara və digər tiplərə çevrilirlər.

Gör nə qədər məmləkətlər mənim varlığımdan xəbərsizdi!

Nəyə görə əksər insanlar kütlənin arxasınca gedir? Çoxluq haqlı olduğuna görəmi? Yox, kütlə güclü olduğuna görə onun izincə gedirlər. Nəyə görə əski qanun və dünyabaxışlara əməl edirlər? Həmin qanun və baxışlar ağıllı, sağlam olduqları üçünmü? Yox, hər kəs tərəfindən qəbul edildikləri və mübahisələri, narazılıqları əngəllədikləri üçün.

Tiraniya heç bir qanuna məhəl qoymadan hökmranlıq etmək istəyidir. Belə iddialar da ağılsızca və tiransayağı ifadə edilmiş iddialardır: “Mən qəşəngəm, deməli məni sevmək lazımdır; mən güclüyəm, deməli məndən qorxmaq lazım”. Yaxud: “O zəifdir, deməli ona hörmət etməməliyəm. Avamdır, demək ki, qorxusuzdur”.

Əşyalar bərabər şəkildə eyni istiqamət boyunca hərəkət edərkən, adama elə gəlir ki, onlar hərəkətsizdilər, örnəyi, gəmidə gedərkən buna şahid oluruq. Oxşar olaraq hamı mənəvi kasadlığa doğru meyilləndikdə, heç kim vəziyyətin fərqinə varmır. Yalnız tərpənməz bir nöqtə üzərindəymişik kimi yerimizdə durduqda, digərlərinin qaçışının şahidi oluruq.

Dağılan ev özünü dəyərsiz hiss etmir, çünki bilincdən məhrumdur. Ancaq insan özünün miskinliyinin fərqinə vara bilir. “Ego vir videns”-Mən insanam-iztirabı bilən canlı.

Dindarlıqla həqiqi mərhəmət arasında böyük fərqin olduğunu təcrübədən bilirik.

Kim olduğunu dərk etməyə can atmadan yaşamağa davam edən bir kəsin korluğu nə qədər dəhşətlidisə, tanrıya inandığını söyləməsinə rəğmən zülmkarlığından əl çəkməyən bir kəsin korluğu ondan da dəhşətlidir.

Güclə dəstəklənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalimanədir.

Bu qeyri-yetkin uşaqlar “Bu mənim itimdir!” söyləyirdilər. “Günəş altındakı bu yer mənimdir!”. Bax, bütün dünyanı qəsb edib özünküləşdirmə davasının necə başladığına dair ən canlı mənbə və simvol.

Əksər insanlar ağıldan çox, keçici həvəslərin iradəsi altında yaşayırlar.

Bu sonsuz kosmik fəzanın bitməyən səssizliyi məni qorxudur.

Bilge.az

Yuxarı