İşğalçılar
Bizdə əksinə olmuşdu – 33 döyüşən bata…
1939-cu ilin yayında beynəlxalq münasibətlərdən barıt qoxusu gəlirdi. Hitler Almaniyası Dansiq (polyakca: Qdansk) şəhəri ilə bağlı və anklav vəziyyətində olan Şərqi Prussiya əyaləti (indi əsasən Rusiyanın Kalininqrad vilayəti, bəzi hissələri də Polşa və Litva ərazisindədir) ilə birləşmək üçün Polşaya qarşı ərazi iddiası irəli sürmüşdü. Polşa bu iddianı təmin etmək fikrində deyildi. Böyük Britaniya və Fransa da 1 il öncə Çexoslovakiyanın Sudet vilayəti ilə bağlı böhranda tutduqları biabırçı təslim mövqeyini təkrar etmək niyyətində deyildilər və polyakları dəstəklədiklərini bildirirdilər.
Coğrafi şərtlərə görə, Polşanın müdafiəsi üçün Sovet İttifaqının mövqeyi çox önəmli idi. Çünki yalnız sovetlər həmsərhəd Polşaya çevik hərbi yardım göstərmək iqtidarında idilər. Buna görə də bütün dünya iyun ayında Moskvada başlamış sovet-ingilis-fransız danışıqlarını diqqətlə izləyirdi. Danışıqlar qarşılıqlı yardım haqqında müqavilə imzalanması ətrafında aparılırdı. Lakin danışıqlar olduqca ləng gedirdi və tərəflər arasındakı fikir ayrılıqlarını həll etmək mümkün olmurdu.
Belə bir vəziyyətdə avqustun 23-də SSRİ ilə Almaniya arasında “Hücum etməmək haqqında” müqavilənin imzalanması xəbəri dünyada bomba kimi partladı. Bunu kimsə gözləmirdi. Yalnız SSRİ-nin xarici siyasət kursunu və ritorikasını diqqətlə izləyən azsaylı mütəxəssislər üçün baş vermiş hadisə gözlənilməz olmadı.
1939-cu ilin martında Avropada ciddi hadisələr baş vermişdi. İspaniyada vətəndaş müharibəsi Frankonun qələbəsi ilə başa çatdı. Almaniya Münhen sazişinin şərtlərini pozaraq Çexiyanı işğal etdi və öz tərkibinə qatdı, Slovakiyada isə öz satelliti olan “müstəqil” dövlət yaratdı. Bir həftə sonra isə Litvaya hədə-qorxu gələrək Klaypeda vilayətini ilhaq etdi. Belə bir vəziyyətdə İngiltərə və Fransa “təcavüzkarı sakitləşdirmək” siyasətinin iflasa uğradığını nəhayət etiraf etdilər. Bundan sonra Almaniyaya heç bir güzəşt olunmayacağını bildirərək bir sıra Şərqi Avropa dövlətlərinə təhlükəsizlik təminatı verdilər.
Yaranmış yeni situasiyada SSRİ də öz siyasətində dəyişikliklər etdi. Bu zaman ən diqqət çəkən məqam xarici işlər naziri (o zaman sovet nazirləri “xalq komissarı” adlanırdılar), Almaniyaya qarşı kollektiv təhlükəsizlik sisteminin yaradılmasının qatı tərəfdarı olan Litvinovun vəzifəsindən azad edilməsi oldu. Anti-alman mövqeyindən əlavə həm də soyca yəhudi olan Litvinovun uzaqlaşdırılması Almaniyaya yönəlik bir mesaj idi. Bundan sonra SSRİ-nin Nazirlər sovetinin sədri Vyaçeslav Molotov həm də xarici işlər naziri oldu.
Brest-Litovskidə sovet və alman ordularının birgə paradıSovet-alman münasibətlərinin normallaşması daha çox gizli şəkildə cərəyan edirdi. Tərəflər bir-birlərinin mövqelərini araşdırır, uzlaşma nöqtələri tapmağa çalışırdılar. Bu zaman aydın oldu ki, hər iki dövlət siyasi və iqtisadi münasibətlərin kəskin yaxşılaşdırılmasında maraqlıdır. İyul-avqust ayında isə proses daha da sürətləndi. Avqustun 15-də alman səfiri Şulenburq reyxin xarici işlər naziri Ribbentropun Moskvaya səfər etmək və “Hücum etməmək haqqında pakt” imzalamaq arzusunu sovet rəhbərliyinə çatdırdı.
Moskva bu səfərə isti yanaşsa da, təklif etdikləri prosedur bir qədər uzun çəkəcəkdi. Belə vəziyyət sentyabrın 1-də Polşaya hücum etməyə hazırlaşan Almaniya üçün əlverişli deyildi. Buna görə də Hitler özü danışıqlara müdaxilə etmək qərarına gəldi. Avqustun 21-də Stalinə göndərdiyi məktubda fürer son dövrlər sovet-alman münasibətlərinin normallaşmasından məmnunluğunu ifadə edir, yüzillər ərzində mövcud olmuş belə siyasi xəttin hər iki dövlətə faydalı olacağından əminliyini bildirirdi.
Hitler pakt və sovet tərəfinin təklif etdiyi əlavə gizli protokol layihəsini qəbul etdiyini yazaraq, Ribbentropun avqustun 22-də, ən geci 23-də Moskvada qəbul olunmasını təklif edirdi. Cavab məktubunda Stalin Ribbentropu avqustun 23-də qəbul etməyə hazır olduqlarını yazdı. Alman diplomatı Valter Hevel bu xəbəri alan Hitlerin “İndi bütün dünya mənim cibimdədir” söyləyərək dəli kimi sevindiyini öz gündəliyində qeyd edirdi.
Sovet İttifaqını neytrallaşdırmaq üçün Almaniya istənilən şərtlərə razı idi. Buna görə də Ribbentropun səfəri problemsiz ötüşdü. Bununla belə, bəzi detalların razılaşdırılması üçün Ribbentrop bir neçə dəfə Hitlerlə əlaqə saxlamalı oldu. Hücum etməmək haqqında pakt və əlavə gizli protokol artıq avqustun 24-nə keçən gecə saat 2-də imzalansa da, əvvəlki günün tarixi qoyulmuşdu. Sovet tərəfindən sənədləri imzalayan Molotov olduğundan sözügedən müqavilə tarixşünaslıqda daha çox Molotov-Ribbentrop paktı kimi adlandırılır.
Hücum etməmək haqqında pakt 10 il müddətinə imzalanmışdı. Sənədin 6-cı maddəsinə görə bu müddətin bitməsinə 1 il qalmış tərəflərdən biri uzadılmasına etiraz (denonsasiya) etməzdisə, avtomatik olaraq daha 5 il qüvvədə olacaqdı. Hər iki dövlət heç bir halda bir-birlərinə qarşı zor işlətməməyi, yaranmış konflikt və mübahisələrin “yalnız dinc yolla və dostcasına fikir mübadiləsi əsasında” həll etməyi öhdələrinə götürürdülər.
Paktın xüsusi özəlliyi ondan ibarət idi ki, tərəflərdən biri yalnız təcavüzə məruz qaldıqda deyil, ümumiyyətlə, hərbi konfliktə cəlb olunduğu, deməli, hətta özü təcavüzkar olduğu halda belə digər tərəf bitərəf qalmalı idi. Bu da SSRİ-nin Almaniyanın Polşaya təcavüzünə xeyir-dua verməsi anlamına gəlirdi.
“Almaniya və SSRİ arasında hücum etməmək haqqında Müqaviləyə əlavə məxfi protokol” adlanan sənəddə isə iki dövlətin imperialistcəsinə Şərqi Avropanı aralarında bölüşdürməsi əks olunmuşdu. Müqavilənin birinci maddəsi Finlandiya Estoniya və Latviyanı SSRİ-nin, Litvanı isə Almaniyanın təsir dairəsinə aid edirdi
İkinci maddədə “Polşanın ərazi-siyasi cəhətdən yenidən qurulması” zamanı iki dövlətin maraq dairələrini müəyyən edirdi. Maddədə həmçinin Polşa dövlətçiliyinin qorunmasının iki tərəf üçün məqsədəuyğunluğunun sonrakı siyasi proseslər zamanı aydınlaşdırılacağı göstərilirdi. Beləliklə, tarixdə beşinci dəfə Polşanın qonşuları tərəfindən bölüşdürülməsi baş verirdi.
Üçüncü maddədə SSRİ-nin Rumıniyanın tərkibində olan Bessarabiyaya marağı qeyd olunurdu. 1940-cı ildə Moskva ultimatum yolu ilə Rumıniyadan Bessarabiya ilə yanaşı Şimali Bukovinanı da aldı və bu torpaqlarda SSRİ-yə daxil olan Moldaviya SSR yaradıldı.
Müqavilə imzalanması şərəfinə təşkil edilən ziyafət səhər saatlarına qədər çəkdi. Stalin Hitlerin, Molotov Ribbentropun, Ribbentrop da öz növbəsində Stalinin şərəfinə badə qaldırdılar. Danışıqlar və ziyafət zamanı o qədər səmimi ab-hava vardı ki, Ribbentrop Berlinə qayıtdıqdan sonra “Kremldə özümü sanki köhnə partiya yoldaşlarımın əhatəsindəymişəm kimi hiss edirdim” söyləmişdi.
Müqavilənin imzalanmasından 8 gün sonra, sentyabrın 1-də Almaniya Polşa üzərinə hücuma keçdi. 2 gün sonra isə İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Bununla da İkinci cahan savaşı başladı. Almaniya təcavüzünü dəf etməkdə zorluq çəkən Polşanın vəziyyəti sentyabrın 17-də SSRİ-nin şərqdən müdaxiləsi ilə tamamilə ümidsiz oldu. Bununla da polyakların mütəşəkkil müqaviməti sona çatdı.
Savaşa qədər Polşaya aid olan Brest-Litovsk şəhərində sentyabrın 22-də sovet və alman qoşunlarının birgə paradı keçirildi. Parada almanlar tərəfindən general Quderian, sovetlər tərəfindən isə general Krivoşeyin rəhbərlik edirdi. Razılaşmaya əsasən Brest-Litovsk SSRİ-yə çatmalı idi. Lakin Quderianın tankları sonralar dəfələrlə nümayiş etdirdikləri cəldliklə buranı tutmuşdular. İndi isə şəhər təntənəli surətdə qarşı tərəfə təhvil verilirdi. Vermaxt qüvvələri tribunanın önündən keçərək şəhəri tərk edir, qırmızı ordu hissələri isə şəhərə daxil olaraq əks tərəfdən tribunanın önündən keçirdilər. Qoşunlar qarşılaşan zaman bir-birlərinə təntənəli hərbi salam verdilər.
Sentyabrın 28-də Moskvada yenə də Molotov və Ribbentrop tərəfindən “Dostluq və sərhədlər haqqında müqavilə” imzalandı. Bununla da tərəflər Polşanın bölüşdürülməsini rəsmiləşdirdilər. Müqavilənin əsas diqqətçəkən məqamı avqustda imzalanan “Əlavə məxfi protokol”da nəzərdə tutulan bölgüyə müəyyən dəyişikliklərin edilməsi oldu. SSRİ Polşada bəzi əraziləri almanlara, Almaniya isə Litvanı sovetlərə güzəştə getdi. 1940-cı ildə Sovet İttifaqı hər 3 Baltikyanı respublikanı ilhaq edərək tərkibinə qatdı.
Sovet İttifaqının xarici siyasətində kəskin dönüş Qərbi Avropadakı kommunist partiyaları üçün də gözlənilməz oldu. Kremlin nəzarətində olan Kommunist internasionalının (Komintern) 1935-ci ildə keçirilmiş VII konqressi faşizmi kommunistlərin əsas düşməni elan etmiş, faşizmə qarşı mübarizəni əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirmişdi. İndi isə ikinci cahan savaşının başlanması və yeni sovet-alman münasibətləri fonunda Almaniyaya qarşı savaş “imperialist müharibə” elan edilir, kommunistlərə isə bunun əleyhinə təbliğat aparmaq, İngiltərənin imperialist məqsədlərini ifşa etmək tapşırılırdı.
Fransa Kommunist Partiyası Kominternin yeni direktivini dinməz-söyləməz qəbul etdi. Kommunistlər ordudan fərariliyə başladılar, partiyanın sədri Moris Torez SSRİ-yə qaçdı. Fransa hökuməti bu hadisələrə kommunist partiyasını qadağan etməklə cavab verdi. İngiltərə kommunistləri isə daha müstəqil davrandılar. Buna görə Moskvanın tələbi ilə partiyanın sədri Harri Pollit vəzifəsindən uzaqlaşdırıldı (1941-ci ildə Almaniya SSRİ-yə hücum edəndən sonra sədrliyə qaytarıdı). O dövrdə Belçikada fəaliyyət götərən sovet kəşfiyyatçısı Leopold Trepper sonralar xatirələrində yazırdı ki, sovet-alman müqaviləsi və Kominternin direktivi nəticəsində bir çox insan Belçika kommunist partiyasını tərk etmişdi.
23 avqust.Sovet rəhbərliyinin yeni başlamış İkinci cahan savaşına riyakar mövqeyi Molotovun oktyabrın 31-də SSRİ Ali sovetinin sessiyasındakı çıxışında daha da inkişaf etdirildi. Molotov Polşa məsələsi həll edildikdən sonra Almaniyanın sülh istəməsini, İngiltərə və Fransanın bunu qəbul etməməsini söyləyərək sonuncuları təcavüzkar, birincini isə təcavüz qurbanı elan etməkdən çəkinmədi.
Molotovun daha sonrakı cümlələri isə xüsusən heyrətamiz idi: “İngiltərə hökuməti elan edir ki, Almaniyaya qarşı müharibənin hədəfi nə az, nə çox, “hitlerizmin məhvidir”. Belə çıxır ki, müharibənin ingilis və onlarla yanaşı fransız tərəfdarları Almaniyaya köhnə dini müharibələri xatırladan ideoloji müharibə elan ediblər... Lakin belə müharibəyə bəraət ola bilməz. Hər bir ideoloji sistem kimi hitlerizmin ideologiyasını da qəbul və ya inkar etmək olar – bu siyasi mövqe məsələsidir. Lakin hər bir insan anlayır ki, ideologiyanı zorla məhv etmək, ona müharibə ilə son qoymaq olmaz. Buna görə də saxta demokratiya uğrunda mübarizə bayrağı altında “hitlerizmi məhv etmək” uğrunda müharibə aparmaq nəinki mənasızdır, hətta CİNAYƏTDİR!”
Daha çox 1941-1945-ci illərdə sovet-alman müharibəsi zamanı bolşevik rəhbərlərinin ritorikası ilə, nasizmlə mübarizəyə səsləyən şüarlarla tanış olan oxucuda Molotovun bu nitqi yəqin ki, şok doğuracaq. Xatırladaq ki, məhz sovet rəhbərliyinin belə prinsipsizliyi sonralar Corc Oruellə “1984” romanında gah Avrasiya ilə dost olub Ostasiya ilə müharibə aparan, gah da Ostasiya ilə dost olub Avrasiya ilə müharibə aparan Okeaniya dövlətini təsvir etmək üçün əsas olmuşdu.
1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsindən sonra xeyli alman kommunisti ölkəsindən qaçaraq SSRİ-yə pənah gətirmişdi. Lakin Böyük Stalin terroru onlardan da yan keçməmişdi. Alman mühacirlərinin bir hissəsi ya güllələnmiş, ya da həbs cəzasına məhkum edilmişdilər. 1939-cu ilin sentyabrından başlayaraq 4 minə qədər məhkum alman gestapoya təhvil verildi. Maraqlıdır ki, SSRİ-də əsasən Almaniyanın casusu kimi ittiham olunan bu insanlara Almaniyada kommunist kimi hökm oxundu. Onların çox az hissəsi həbs düşərgələrindən sağ qurtula bildilər.
Dekabrın 21-də Hitler Stalini 60 illik yubileyi münasibəti ilə təbrik etdi. Sovet diktatoru cavab məktubunda “qanla bərkimiş (Polşaya qarşı birgə əməliyyat nəzərdə tutulur) sovet və alman xalqları dostluğunun uzun və möhkəm olması üçün bütün əsaslar mövcuddur” deyərək cavab verdi. Bu zaman onmilyonlarla SSRİ vətəndaşının həyatı bahasına başa gələcək sovet-alman müharibəsinin başlanmasına isə ilyarım qalırdı.
“Almaniya və SSRİ arasında hücum etməmək haqqında Müqaviləyə əlavə məxfi protokol”un almanlarda olan surəti Berlinin bombardmanı zamanı məhv edilmişdi.
Lakin onun surəti Almaniya XİN arxivində mikrofilm şəklində qalmışdı. İkinci cahan savaşından sonra nasist Almaniyasının bir sıra rəhbərləri üzərində keçirilən Nürnberq məhkəməsi zamanı Ribbentrop Polşaya qarşı müdaxiləni bu sənədlə əsaslandırmaq istəyəndə, ona imkan yaradılmadı. Çünki SSRİ belə bir protokolun mövcudluğunu inkar edirdi. Nürnberqdə ona istinad edilməsi biabırçılıq ola bilərdi.
1986-cı ildə 96 yaşında vəfat edən Molotov ömrünün sonuna kimi məxfi protokolun mövcudluğunu inkar etdi. Yenidənqurma illərində SSRİ Ali soveti məsələni araşdırmaq üçün xüsusi komissiya yaratdı. Komissiya arxivlərdə protokolun əslini tapmasa da, Ali sovet surətlərə və digər əsaslara söykənərək belə bir sənədin mövcudluğunu etiraf etdi və onun imzalanmasını pislədi. Yalnız 1992-ci ildə məxfi protokolun əsli tapıldı və mövcudluğu üzərindəki şübhələrə qəti son verildi.
Yadigar Sadıqov
Meydan.tv