Azərbaycan adam
40 dəqiqə olar ki, yol gedirik, amma …
“Bütün yatmışları oyatmaq üçün bir oyağın olması yetər” (Malkolm X)
Ay Marqaritanın dadına çatırdı, ən yaxşı elektrik fənərindən də yaxşı işıqlandırırdı. Və Marqarita kresloda oturan, kor bildiyi adamın əllərini bir-birinə sürtüb gözünü aya dikdiyini sezdi. Ay işığında qığılcımlanan ağır daş kreslonun böyründə şeşəqulaq iri qara itin uzandığını da Marqarita yalnız indi gördü, o da sahibi kimi narahat halda aya baxırdı...
Atlılar dayandılar.
- Sizin romanı oxuyublar – Voland üzünü Masterə çevirdi, - yalnız ona təəssüfləndilər ki, yarımçıq qalıb. İstəyirəm sizə öz qəhrəmanınızı göstərim. Təxminən iki min ildir o, bu meydançada oturub yatır, ancaq bədirlənmiş ay doğanda gördüyünüz kimi yuxusuzluq onu üzür. Ay təkcə ona yox, sadiq keşikçisi itə də əzab verir. Əgər qorxaqlığın ən pis qüsur olduğu düzdürsə, çox güman, itin bunda günahı yoxdur. Bu qoçaq itin qorxduğu yeganə şey tufandır. Neyləmək olar, sevən sevdiyinin qismətini bölüşməlidir.
- O nə deyir?---Marqaritanın üzündə mərhəmət duyğusu sezildi.
- Eyni şeyi deyir, - Volandın səsi eşidildi. – Deyir ki, aylı gecələrdə dinclik tapa bilmir. Deyir, çox pis vəzifəsi var. Yata bilməyəndə belə deyir, yatanda isə eyni şey - ay işığında yol görür və istəyir bu yolla gedə-gedə dustaq Qa Nosriylə danışsın. Çünki, dediyinə görə, çoxdan, bahar ayı nisanın on dördündə nəyisə ona deyə bilməyib. Ancaq əfsuslar olsun ki, bu yola çıxa bilmir, yanına heç kim gəlmir. Neyləsin, məcbur olur oz-ozüylə danışsın… Ancaq axı nəsə bir müxtəliflik lazımdır, ona görə ay haqqında söhbətinə çox vaxt dünyada hər şeydən artıq öz ölümsüzlüyünə və misli görünməmiş şöhrətinə nifrət bəslədiyini də əlavə edir. Deyir ki, cır-cındır geyinmiş səfil Levi Matveylə taleyini həvəslə dəyişərdi…
(Mİxail Bulqakov, ”Master və Marqarita”)
Yedək subay Poçt Müfəttişi Rəşad adlı birininin hekayəsini heç eşitdinizmi? Yəni ehtiyatda olan zabit Rəşad. Amma, yəqin ki, Ərdoğanın Boraltan olayları haqda ağız dolusu pafoslu nitqini xatırlamamış deyilsiniz. Bəli, həmin o nitqi: “...Boraltan bir köprüdür, aşar geçer Arazı...”
Kimdir bu ehtiyatda olan zabit Rəşad? Əslində, bütünlükdə Boraltan hadisələri eləcə də bu hadisələrdə rol almış Rəşad adlı poçt müfəttişi haqda təzadlı fikirlər dolaşmaqdadır. Məsələn, biriləri bu hadisəyə antiAtatürkçü və antiCümhuriyyətçi prizmasından yanaşaraq nisgilli qəlblərin incə damarlarına zaman-zaman basmaqla məşğuldurlar (daha dəqiq hədəf isə məhz İnönü hakimiyyətidir). Digərləri, əksinə, bu acı hadisələri sanki üsulluca malalamağa çalışırlar. Amma, məncə, bu, heç də uğurlu alınmır. Hər nə isə, gerçək olan odur ki, 1944-cü ildə İğdır vilayətinin sərhəd qapısında – Araz çayının üzərindəki Boraltan körpüsündə Türkiyə Cümhuriyyəti onlara sığınmış, sayı bu günə qədər də mübahisələrə səbəb olan Azərbaycan türklərini Sovetlərə təhvil verir. Soydaşlarımız elə körpünün üzərindəcə gülləbaran edilərək qətlə yetirilirlər. İlk dəfə 1950-ci illərdə Demokrat partiyası tərəfindən bu olaylara qiymət verilməsi üçün TBMM-də müzakirələr qaldırılır.
Həmin hadisə ilə maraqlananlar daha təfsilatlı məlumat almaq imkanlarına malikdirlər. (Bir dostumuzun təbirincə desək, həzrəti-GOOGLE dövründə yaşayırıq.) Amma mən onu başqa bir məsələyə görə xatırladım.
...İnsanlar Türkiyədə sinir karakoluna sığınırlar. Karakoldan Ankaraya məlumat verilir. Və heç kim gözləmədiyi halda, Ankaradan bura pənah gətirmiş adamların dərhal geri təslim olunması əmri alınır. Hətta Karakol komandanlığının dəfələrlə mərkəzə müraciət etməsinə, bu addımın faciəvi duruma səbəb olacağına dair israrına rəğmən, Ankara qəti tələbindən dönmür, əks halda karakol rəhbərliyinin vətənə xəyanətdə suçlanacağını bildirir. Bax, ehtiyatda olan zabit - poçt müfəttişi Rəşadın hekayəsi buradan başlayır. Dəhşətli qətliamın şahidi olan adam özünü daim günahkar bilir. Ruhi sarsıntılar yaşayır, əsəb xəstəxanalarının sakininə çevrilir, intihara cəhd edir. Bəziləri bu cəhdin uğurlu olduğunu da yazırlar. Eyni söz-söhbət sınır karakolu komandanı haqda da gəzir. İndi bunların nə dərəcədə doğru olduğunu deyə bilməyəcəyəm. Məsləkimdən dolayı, elmi əsası olmayan məlumatlara çox da etibar etmədiyimi söyləməliyəm. Belə ki, Tekirdağ millət vəkili Şövkət Mocan məsələni TBMM-də müzakirəyə çıxaranda hadisənin bir sıra təfərrüatları, bir çox rəqəmlər qismən, birbaşa və ya dolayısı ilə təsdiqini tapıb. Amma məhz ehtiyatda olan zabit - poçt müfəttişi Rəşadın olayı həmin dövrün Ədliyyə naziri Rüknəddin Nasuhioğlu tərəfindən təstiqlənməyib. Daha doğrusu, belə bir bilginin olmadığı deyilir. Hər nə isə. Bu, vacib deyil. Boraltan hadisəsinin səbəblərinin dərinliyinə varmaq, suçlu-suçsuz axtarmaq kimi bir məqsəd güdmürəm. Buna nə haqqım çatar, nə də olmayan araşdırmaçı peşəkarlığım. Mənim üçün vicdan sarsıntısı keçirən zabit Rəşad obrazına baxış daha onəmlidir. Demək, insanın vicdanı ilə mübarizəsində vicdan üstün gəlir.
Yadıma Mixail Zadornovdan bir deyim düşdü: “vicdan siçovul kimidir - ya yatar, ya gəmirər”. Məhz poçt müfəttişi Rəşadın vicdanı yatmayıbmış demək. Və bu ehtiyatda olan zabitin halında baş verən cünunluq – vicdanın keçmişi unutmaq istəyən yaddaş üzərində qələbəsinin təzahürüdür. Mənim üçün məsələnin bu tərəfi çox önəmlidir. Günah hissi, vicdan əzabı insanı rahat buraxırmı, hətta əhv olunduğunu bilsən belə, bu əzabdan qurtula bilirsənmi?
...Üzr istəyirəm, igemon! - Qonaq ucadan dedi. - Adını demədim? Qa-Nosri.
- Divanə! - Pilat üzünü turşütdü. Sol gözünün altı səyridi...
- Dedi ki, - qonaq yenə gözünü yumdu, - onun həyatına son qoyduqlarına görə günahlandırmır, üstəlik də, minnətdardır.
- Kimi günahlandırmır? - Pilat boğuq səslə soruşdu.
- İgemon, o bunu demədi.....
(Mixail Bulqakov, “ Master və Marqarita”)
Həzrət İsa qatili Pilata mərhəmət etdiyi, hətta minnətdar olduğu halda Pilat əbədi sarsıntısı ilə baş-başa qaldı. Bəs, axı, hər qatil Pilatdırsa, hər məqtul ki, Məryəm oğlu İsa deyil. Əhv edərlərmi? Kiminsə ömründən çaldığın illər, kiminsə qəsb olunan gəncliyi, kiminsə oğurlanan övlad məhəbbəti, kiminsə istəklisinin getdiyi yola dikilib qalan, artıq qığılcımını itirmiş baxışları asanlıqla əhv olunası deyil axı?! Get, indi bu hisslərlə necə yaşayacağını düşün...
Birinin şəri digərinin həyatını darmadağın edir. Sonra isə sakitcə: “Allah qapını açsın” deyərək vicdanmı susdurmaq olar?! Axı, həmən o Allahdır bəndəsinə “Mənə qul haqqı ilə gəlməyin” deyən. Elə bu sozü dedirdən də həmən o Allah deyilmi? Günah hissini dərk etmək kimi bir duyğunu O özü bizə lütf etməyibmi? Bütün pisliklər şüurlu şəkildə olur. Çünki hər bir pisliyin məhz pislik olduğunu nişan verən mükəmməl bir detektor var içimizdə. Ogru - ogurluğun yaxşı bir şey olduğuna dair inanca sahib olsaydı, onu aşkarda, göz qabağında edərdi. Bəs bir tək “Allah qapını açsın” deməklə edilən pisliklər təmizlənərmi?
....Prokurator səhərki dəhşətli ağrıdan yalnız küt sızıltı qalmış gicgahlarını ovuşduraraq nə üçün əzab çəkdiyini anlamağa çalışdı. Tez də anladı, ancaq özünü aldatmaq istədi. Aydındır ki, bu səhər nəyisə biryolluq əldən vermişdi və indi onu xırda, cüzi, ən başlıcası, gecikmiş hərəkətlərlə düzəltməyə çalışırdı. Prokurator inanmaq istəyirdi ki, indiki, dünənki hərəkətləri səhərki hökmdən heç də əhəmiyyətsiz deyil. Ancaq bu, ona müyəssər olmurdu....
(Mixail Bulqakov, “ Master və Marqarita”)
Biriləri də bu üç kəlməlik ifadə ilə günahların yuyulacağını düşünür. Ən maraqlısı odur ki, törədilənlərin böyük pislik – günah olduğunu hamı qəbul edir. Deməli, hamı bu tamaşanı sakitcə, saxta təbəssümlə seyr edən izləyiciyə çevrildiyi gerçəkliyi ilə barışır. Hər kəs, dolayı yolla da olsa, artıq özünün bu pisliyə bulaşdığını anlayır. Əslində həmən üç kəlməlik ifadənin nələrisə dəyişə biləcəyinə ümid bəsləyənlər, ilk növbədə, əsas günahkarın bağışlanmasını, onun vicdanının təmizlənməsini arzulamırlar. Bu fikir daha çox saxtakar tamaşaçıya çevrilmişlərin qorxaqlıqlığından doğan günahlara bəraət olacaq bir təsəlli kimi səslənir. Fəqət, bihudə aldanışdan başqa bir şeyə bənzəmir.
- Asudə vaxt lazım olduğu qədərdir, tufan isə yalnız axşama yaxın olacaq, qorxaqlıq da, şübhəsiz, ən dəhşətli qüsurlardan biridir. İeşua Qa-Nosri belə deyirdi.
- Yox, filosof, mən sənə etiraz eləyirəm. Bu - ən dəhşətli qüsurdur....
(Mixail Bulqakov, “ Master və Marqarita”)
Hər bir kəs əməlinin girovudur. Qa-Nosri ola bilmədiyimiz məqamlarda, Levi Matveytək səhvimizi bəyan etməyə gücümüz çatmayanda, heç olmazsa, Kiriaflı İudaya çevrilməyək. Çünki qatil muhakkak ki, məqtulun aqibətini bölüşəcəkdir.
–Biz indi həmişə bir yerdə olacağıq, – Qızıl Nizəli atlının yoluna çıxan üst-başı tökülmüş sərgərdan filosof yuxuda ona deyirdi. – Birimiz buradayıqsa, deməli, o birimiz də buradayıq! Məni xatırlayanda o saat səni də xatırlayacaqlar! Məni – valideynləri məlum olmayan atılmış bir uşağı və səni – münəccimlər şahının gözəl dəyirmançı qızı Piladan olan oğlunu.
–Hə, heç olmasa, sən məni unutma, münəccim oğlunu xatırla, – Pilat yuxuda xahiş eləyirdi. Yanıyla gedən… dilənçinin başını tərpətməyilə razılığını almış İudeyanın qəddar prokuratoru yuxuda gah ağlayır, gah gülürdü…
(Mixail Bulqakov, “ Master və Marqarita”)
Kultura.az