Aygül Qurbanova: Məmurlaşmış yazıçılar
Əvvəlcə deyim ki, bu yazıçı olduğu deyilən amma barmaqla g…
40 dəqiqə olar ki, yol gedirik, amma bir kəlmə də kəsməmişik. İkimizin də
diqqəti guya radiodan gələn melodiyada olsa da heç birimiz ona qulaq asmırıq. Hərə
öz aləmindədir.Hamı qayğılıdır bu günlərdə. Son zamanlar üzü gülən adamlara da
sanki az rast gəlirsən. Əksəriyyət bədbin, hüznlü görünür. Artıq ciddi-ciddi zəhlə
tökməyə başlayan sərt karantin həyatı, iqtisadi çətinliklər və qeyri müəyyənliklər
fonunda indi də cəbhədən gələn ağrılı xəbərlərin sarsıntısı insanları dondurub
sanki. Emosiyalar yoxa çıxıb.
Həkimliyimiz
əməlli başlı işə yarayırmış. Sayəsində hər ikimizin ölkə ərazisində sərbəst hərəkət
etmə izni var. Həyat yoldaşımın doğulub boya-başa çatdığı Vəndam kəndində
balaca bir evimiz var. Dost, qardaş üzünə hər zaman qapıları taybatay açıqdır.
Xüsusilə yay aylarında 3-4 günlük də olsa bir neçə ailə ilə ora yığışırıq. Daha
doğrusunu desək, o acgöz çinli yarasanı yeyənə qədər yığışırdıq. O səbəbdən bu
yola indiki kimi fikirli, qayğılı çıxmağım yadıma gəlmir. Əksinə, hər
zaman bir sinə dolusu fərahlıqla getmişəm
bu yolu. Deyib gülərək, zarafatlaşaraq. Həm də adətən dalbadal düzülən bir neçə
maşın karvanı ilə. Bu səfərsə fərqlidir. Yalnız ikimizik. Və heç evimizə də
getmirik.
Axır ki, xanımım sükutu pozur.
-Dünən iki nəfər əslən bu zonadan olan tanınan
jurnalistlərin sosial şəbəkədə paylaşımlarını oxudum. Polad haqqında. Yazıblar
ki, Polad Qəbələmizin fəxridir, Qəbələ bax belə bir oğul yetişdirə bilərdi,
filan. Hamıda şərhlərdə tökülüşüb yazıqların üzərinə ki, bəsdirin, bu nə
yerlibazlıqdır, niyə Azərbaycanı bölgələrə bölürsünüz. İnsafən bunlar da
uzatmadılar ki, söhbət böyüməsin. Yazıq canımız. Heç Şirvan camaatının
yerlibazlığı var? Yazıqlar nə yazıblar ki. Yalan yazıblar məgər?
-Əlbəttə yalan yazmayıblar. Bəs sən özün necə
düşünürsən? Məsələn sən necə yazardın?
- Bəs sən necə yazardın?
-Həssas mövzudur...Bilmirəm........
Şəhid general Polad Həşimovu həyatda görmək nəsibim
olmayıb. Baxmayaraq ki, ailəni tanıyıram, xanımımla qohumluğu da var. Ancaq məhz
özünü görməmişdim. Ancaq” igidin adını
eşit” kəlamı gerçək mənasında boyuna biçilən qəhrəmanın sorağını qohumlardan
zaman zaman çox dinləmişəm. Xüsusən də peşəkar hərbçiliyi ilə yanaşı geniş qəlbli
insan olması barədə eşitmişdim. Bilirdim ki, şəxsi puluna tibb məntəqəsinə dərmanlar
alırmış, bilirdim ki, əlinə bel alıb ”Oğul balalar, haydı, gedirik səngər
qazmağa” deyərək əsgəri ilə birlikdə səngər qazırmış, odun yarırmış. İndi şəhid
General barədə bunları bilməyən yoxdur. Digər hamının eşitdiyi əhvalatları mən
də elə indi, hamı ilə bir vaxtda eşitdim. Yeni ata olmuş əsgərinə məzuniyyət
verərək, cibinə yol xərci də qoyub yola salmasını, şəhid ailəsinə özünə verilən
mənzili bağışlamasını, maşınını satıb ön cəbhədə indi öz adını daşıdığı postu
qurmasını, çadırda gecələyən əsgərlərin çətinliklərini görərək onlara qışlaq
tikdirməsini, oruc tutan əsgərlərinə sayqıyla davranmasını və bir sıra mərd əməllərini
ölümündən sonra bildik. Başqa cür olacağı da mümkün deyilmiş. Doğmaca ailəsi
belə bir çox əhvalatı hamı ilə birgə duydu. Çünki pafosdan çox-çox uzaq biri
idi səssiz qəhrəman General Həşimov. Əslində o öz işini yerinə yetirirdi və
bunun qarşılığını gözləmədən, təmənna güdmədən edirdi. Qəlbində Vətən boyda bir
ürək daşıyan bu adam onun hər döyüntüsünü ətrafındakılarla səmimi bölüşə
bildiyi üçün də sevilirdi. Polad belə bərkiyirdi. Fərqli adam, fərqli general.
İnsanları sarsıdan amil də məhz alışmadığımız bu xüsusiyyətlər, görmədiyimiz bu
keyfiyyətlər idi. Şəhidimizlə bağlı
olanlara özümün görə bildiyim rakursdan baxarkən mən bunları gördüm.
Uca boylu
ağaclar belə sıx meşənin içində ümumi mənzərəni tamamlayırlar. Çünki məhz ağac
olduqlarını unutmadıqları üçün ətrafdan seçilmirlər.
Vəndamda
generalın kənd həyəti üçün kiçik sayıla
biləcək bir həyəti, xudmanı bir evi var. Suvağı
yeni vurulmuş bu evdə şəhid generala bir gecə də olsun keçirmək qismət
olmayıb. Məlumat üçün deyim ki, şəhidin nəşinin Vəndama gətiriləcəyi xəbərini
eşidəndə insanlar dörd bir tərəfdən generalın evinə doğru axışaraq onun ziyarətinə
gəlməklə sanki mərhuma olan borclarını ödəməyə çalışdılar. Minlərlə insan məhəllənin
yerini təxmin edərək bura axışırmış. Gələnlər həyət qapısının önündəki hündür
hasarlı yaraşıqlı tikilinin qarşısında
toplaşanda onlara deyiblər ki, şəhid sərkərdənin evi bu deyil, qarşıdakı kiçik
həyətdir. Bizim insan buna alışıq deyil. Polad Həşimovsa bizdən biri idi.
Həyətdəki bəyaz yas mağarı davamlı olaraq gələn insanların şəhid
generalı anması üçün qurulsa da ölkə boyu tətbiq edilən karantin tədbirləri səbəbindən,
mərhuma xüsusi bir yas mərasimi düzənlənməyib. Mağarda bizimlə birgə 6-7 adam
var. Sosial məsafə şərtlərini saxlayaraq əyləşmişik. Məclis sahibi bizi tanış
edir. Aprel döyüşlərində birgə döyüşdükləri əslən ağdamlı olan xüsusi təyinatlı döyüşçü yoldaşları
olduqlarını öyrənirəm. Döyüş xatirələrini danışırlar. Zirehli texnikanın önündə
gedən tankın minaya düşərək bütün karvanın hərəkətini durdurduğu vaxt qəfildən
bir tankın üzəində Həşimovun cinah xəttini yararaq yeni bir yol açmasını,
bununla da zirehli texnikanın hərəkətini təmin etdiyini deyirlər.”Polad kimi
komandirin bu vaxta qədər sağ qalması özü də təəccüblüdür.Adam nə güllədən
qorxurdu, nə mərmidən çəkinirdi. Ətrafımızda dörd yüzdən çox mərmi partlamışdı.
Gurultudan döyüşün sonunda başımız əsirdi, amma həvəslə vuruşurduq. Polad
oralarda canını qoyub. O döyüşlərdə nələr etdiklərini gözümlə görmüşəm.
Karantin səbəbindən insanlar gələ bilmir bura. Yoxsa vallah bütün Qarabağ
axışıb gələrdi. Amma bir şey deyim sizə, daha Qəbələni hansısa oliqarxın adı ilə
deyil, Polad Həşimovun adı ilə tanıyacaqlar.”
Döyüşçü yoldaşları baş sağlığı verib
qalxırlar. Biz isə buradan heç ayrıla bilmirik. Yaşlı bir nəfərin söhbətini
dinləyirəm. Qəbələlidir. ”O vaxt filankəsin oğlu rəhmətliyin əsgəri idi.
Getdik yanına, bizi hörmətlə qarşıladı. Dedik ki, ay komandir, biz yerliyik, bu
da filankəsdir, bütün nəsil nəcabətini tanıyırsan. Uşaq da ana quzusudur. Sən
Allah kömək elə bunu yuxarıya postlara göndərmə, bir az rahat xidmət edə
bilsin. Bizə dedi ki, bu əsgərləri görürsünüz, sizcə onların ata anaları
yoxdur, sizin uşaqdan bir əskikliklərini necə, görürsünüz? Mən onu göndərməyim,
bunu göndərməyim, bəs bu torpağı kim
qorusun? Elə söhbət dünyasında ola bilməz. Gedin, arxayın olun, burada hamımız
bir birimizin dayağıyıq. Burda artıq əskik olan yoxdur. Sonra bir müddətdən
sonra yenidən həmin hissəyə getmişdik ki, uşağa baş çəkək. Yay vaxtı idi. Rəhmətlik
qısa qol köynəkdə idi. Qolları sıyrıq-sıyrıq olmuşdu. Uşağdan sakitcə soruşdum
ki, a bala, bunun qolları niyə belə olub? Elə bil kol-kos didib dağıdıb. Dedi
ki, komandir bütün günü bizimlə birlikdə postlarda olur. Hər gün özü də o
cığırlarla qalxır o yüksəkliklərə .Murovda tanımadığı cığır yoxdur.”
Oxşar hadisələri Tovuz-Qazax camaatı da danışırmış. Deyirmişlər ki,
buraları bizdən yaxşı tanıyır. Onlar üçün generalın xətir hörməti həmişə əziz
olub. Özlərinin dili ilə desək, Polad bizim üçün elədiyini heç Qəbələ üçün eləməyib.
Bax beləcə gələn gedən bir birinin davamını gətirən
xatirələrini paylaşır, bir az oturub qalxırlar. Biz də sağollaşıb qalxırıq...
Maşına oturanda biixtiyar telefonumda olan yeni məlumatlara baxıram. Şəhid
general Polad Həşimovun Sumqayıtda oxuduğu məktəb illərindən sinif yoldaşı Vəfa
xanım İbrahimin çox kövrək bir yazısı çıxır qarşıma. Yazı sinif yoldaşlarının
xatirələrində qalan Polad barədədir. Gözləri gülən oğlan barədə. Onlar üçün
Polad əsil Sumqayıt uşağıdır.
Birdən mərhumun anasının müsahibəsini görürəm. ”Balaca vaxtı ona
dovşanım deyirdim. Dovşanım, gəl yeməyini ye, dovşanım gəl dərslərini elə. Bir
gün də 9-cu sinifdə oxuyurdu. Gəldi mənə dedi ki, ay ana, daha mənə dovşanım
demə də. Uşaqlar gülür axı.” Demək ki, dovşan deyilən zamanı gələndə general da
ola bilirmiş. Çox mətləbləri açdı bizə Polad Həşimiv. Çox tabuları sındırdı,
çox sümükləşmiş qənaətləri alt-üst etdi. Bizi -dağılmış təsbeh muncuqları kimi
səpələnmişləri bir yerə toplamağı bacardı. Təəssüf ki, ölümü ilə.
Xəbər lentini sürətlə keçirəm. Qəfildən gözüm
həyat yoldaşımın paylaşımına sataşır.Şəhid general Polad Həşimovun gülümsünən şəklinin
altında Nəsiminin
“Səni
bu hüsn camal ilə,kamal ilə görüb
Qorxdular həqq deməyə, döndülər insan dedilər”
yazdığını görürəm. Üzünə baxıram. Gözlərinin yaşını silə-silə:
-Hə, mən də belə yazdım.-deyir.
Əlini sıxıram.
-Düz yazmısan.
Və birdən anlayıram ki, Poladı konkret hansısa
bir bölgəyə aid etməklə onu cılızlaşdırmış olarıq. Bir şəxsi yalnız bir bölgənin
camaatı özünküləşdirərək öyünürsə əslində sanki ona sahib çıxan yoxmuş kimi,
yalnız onun kimlərəsə aid olduğunu vurğulamış kimi davranırlar. Bu həm o şəxsi
cılızlaşdırır, həm unutdurur. Bunun misalını dəfələrlə görmüşəm. İnanın ki, bəzən
insanlar o bütləşdirilmiş şəxsdən bezirlər də. Polad isə bambaşqadır. Şəhid
general ölümünə belə qibtə etdiyimiz qəhrəmandır. Bu gün hər kəs onunla hansısa
bir yerdən qohum, tanış, dost, yoldaş olduğu barədə yazır. Sanki hər kəs ordan
nəsibini almaq istəyir. Vəndamda doğulub, Sumqayıtda böyüyüb, Qarabağda, Daşkəsəndə,
Tovuzda, Qazaxda və ölkənin hər yerində sevilərək anılan biri demək ki, hamımızındır. Polad hamıdan biridi,
həm də elə hamıdır. Çünki təpədən dırnağa qədər doğmadır. Polad Azərbaycanın
özünə çevrilib.
....Görüşənədək,Azərbaycan
adam.
Rüfət Hüseynli
Kultura.az