Güntay Gəncalp: Ağalar Qutun iddialarına cavab
Güntay bəy, Ağalar Məmmədovun yazılarını oxudunuzmu? Dillə bağlı…
- "Gallup İnternational”-ın yayımladığı göstəricini necə dəyərləndirərdiniz?
-"Gallup” sorğu şirkətinin bu nəticəsini həqiqətdən uzaq sayıram. "Dindar olmadığını və ya ateist olduğunu” deyənlərin 54 faiz olacağını düşünmürəm. Məncə, olduqca qeyri-peşəkar çıxarışdır. Əhalinin 34 faizinin özlərini dindar adlandırdığı deyilir. "Dindar” deyərkən hansı kateqoriya - inananlar və ibadət edənlər, yoxsa inanan, ibadət edən və dini hökmlərlə yaşamaq istəyənlər nəzərdə tutulub? 54 faiz "dindar deyil və ya ateistdir” deyilir. Halbuki dindar olmamaq ateizmlə bərabər – panteist, deist, aqnostik- bir çox başqa kateqoriyanı əhatə edir. Deməli, sinifləndirmə doğru, dəqiq münasibət ortaya qoyacaq qədər diqqətli aparılmayıb, olduqca ümumi qəbul edilib. Sorğuda inanc dərəcələrinə görə kateoqriyalandırma düzgün deyil.
"Gallup” şirkəti bu sorğunu Azərbaycanda bilavasitə həyata keçirib, yoxsa ölkəmizdəki hansısa peşəkar sorğu şirkəti ilə əməkdaşlıq edib? Bizdə belə peşəkar şirkət varmı? Respondentlər, rəyləri təmsil gücü yüksək, bütün ölkəyə ümumiləşdiriləcək şəxslər arasından seçilibmi? Siz pabda "içki qadağan olunsunmu?” sorğusu keçirib cavabları ümumiləşdirə bilməzsiniz, eləcə də cümə namazından çıxanlara "orta məktəb coğrafiya dərsliyinə dini tezislər salınsınmı?” sualı verib cavabları cəmiyyətdəki bütün qrupların ortaq rəyi kimi ümumiləşdirə bilməzsiniz. Uşaqlar arasında sorğu aparıb, uşaqların rəyini "Ölkə əhalisinin Şaxta Babadan böyük gözləntiləri var” nəticəsinə ümumiləşdirə bilməzsiniz. Təmsili nümunələri doğru seçmək rəy sorğularında olduqca vacibdir, yoxsa nəticə sizi aldadar.
"Gallup” nəticəsinin aldadıcı olduğunu düşünürəm. Madam ki, bu mövzuda obyektiv rəy sorğuları yoxdur, biz də müşahidələrimizə istinad etməli oluruq və bizim müşahidələrimiz əksini göstərir; həm daxili dinamika, həm xaricdən dəstəkli təbliğat nəticəsində Azərbaycanda din sürətlə populyarlaşır. Din, sadəcə fərdi inanc forması olaraq deyil, düşüncə sistemi, əhatəli dünya görüşü və problemlərin həll yolu alternativi olaraq iddia ortaya qoyur.
Azərbaycanın qurucuları ölkənin bayrağında üç siyasi istiqaməti simvollaşdırdılar. Müstəqillikdən sonrakı təxminən ilk iki on ildə bayrağın mavi rəngi, türkçülük diskursu hakim idi. Türk respublikalarının tərəfdaş olduğu müxtəlif təşkilatlar qurulur, televiziya proqramları nümayiş olunur, potensial əməkdaşlıq sahələri inkişaf etdirilməyə çalışılırdı. Təmtəraqlı qurultaylar, real nəticələrə çox yaxın olduğumuz təəssüratı yaradırdı. İstənilən fəaliyyətin maddi bazası olmalıdır, pafos və şüarçılıq real nəticəyə çevrilmir.
Sonrakı təxminən beş ildə bayraqdakı qırmızı rəngin təmsil etdiyi xətt önə çıxmağa başladı. Avropa siyasi və düşüncə məkanına inteqrasiya fəaliyyətlərinin aparıldığı, qeyri-hökümət təşkilatlarının aktiv olduğu, böyuk qrantların alındığı dövr idi. Düşünürəm ki, bu dövrdəki fəaliyyətlər də ciddi nəticə vermədi, təmsil etdiyi düşüncəni çoxluğa qəbul etdirə bilmədi, çünkü əksəriyyət bu işə ticarət kimi baxdı və o dəyərləri özləri belə mənimsəmədilər. Hətta bəzi hallarda pis-təmsil nəticəsində əks-reaksiyalar yaratdı. O mərhələdən geriyə istisnaları saymasaq, yerləşmiş, qəbul edilmiş heç bir düşüncə sistemi və institut qalmadı.
Üçüncü xətt, yaşıl xətt isə İslam ideologiyasının hakim olduğu ölkələrin də fikri və maliyyə dəstəyi verməsi ilə yüksəlməyə davam edir. Təbliğat materialları isə artıq uşaqları da hədəf alan jurnallar, sosial şəbəkə səhifələri, videomateriallar olmaqla asanlıqla əldə olunur, bir çox halda pulsuz paylanır. Səudiyyə Ərəbistanının fondları Amerika, Norveç, Yaponiya ilə müqayisə olunacaq böyüklükdə vəsaitlər xərcləyir. Yaponiyanın məktəb tikdirdiyini bilirik, Ərəbistan bu vəsaiti nə üçün ayırır? 21-ci əsrdə orada "təhsil” almış insanlar mütərəqqi bəşəriyyətin çoxdan həll etdiyi məsələləri, burada ölüm-qalım məsələsi imiş kimi yenidən müzakirə açırlar. Biz, intellektual olaraq gerilədikcə, yaxın Şərqin təsir dairəsinə düşürük.
Din fərdi inanc olaraq insanın həyatına nizam gətirər, psixoloji dəstək olar, ibadət və dini bayramlarla həyatına sosial hərəkətlilik verər; inanan, bir icmanın üzvü olub qrup psixologiyasının dayanışma ruhundan faydalanar. Dini buradan daha irəli aparmaq, onu təhsilə, siyasətə daşımaq, menecmentin, hüququn, iqtisadiyyatın, tibbin həll etməli olduğu problemlərin həlli kimi göstərmək bizə yaxşı heç nə vəd etmir.
Düşünün ki, bu il yeni dərs ili üçün müzakirəyə təqdim olunan coğrafiya dərsliyi layihəsində dini mətnlərdən ayələr salınmışdı və ev tapşırığı kimi dini mətnlərdən prezentasiya hazırlamaq tapşırığı verilmişdi. Biz bu məsələni ictimailəşdirdik, əvvəlcə kitabı hazırlayan nəşriyyat saymazyana reaksiya verdi, bir az ictimai müzakirə oldu deyə dərslikləri yumşaltdılar. İki il sonra eyni vəziyyət yaransa, ciddi etiraz olmayacaq və dərsliklər müzakirədən keçəcək. Əslində buna müzakirə demək də olmur, çünkü bu dərslik layihəsi "pdf” formatında demək olar ki, heç kimin mütəmadi baxmadığı bir linkə yerləşdirilir və "müzakirəyə təqdim olunmuş” sayılır.
İki il sonra isə bizim təhsil proqramımız, yaradılış nəzəriyyəsini-mütərəqqi ölkələrin təcrübələrinə və Avropa İttifaqının tövsiyyə xarakterli 1580 saylı qətnaməsinə ("Kreasionizmin tədrisinin zərərləri”) zidd olaraq az sayda yaxşı olmayan nümunələrdən biri olacaq. Hazırda Adam Smitin "gizli əli” dinin populyarlaşması üçün işləməkdədir. Müxtəlif ilahiyyatçılar, yazarlar, ictima xadimlər, alimlər, şairlər, siyasətçilər dini çarə olaraq göstərirlər və öz oxucu kütlələrinə bu fikri aşılayırlar, bu ayrı-ayrı axınlar birləşəcək və din artıq hamıya çarə kimi görünəcək. O zaman biz "əsl İslam hansıdır, nədir?” sualı ilə məzhəb mübahisələri və paralel olaraq bütün problemlərə dinin həll olacağı qənaəti ilə üz-üzə qalacağıq. Fərdi inancı qəbul etsəm də, şəxsən insanların ciddi cəhdlə din təbliği mənə təəccüblü gəlir.
- Din hansı problemi həll edəcək?
- Skandinaviya kimi ölkələrdə sekulyar təfəkkürün həll etdiyi problemlər çoxdur, din ölkələri isə dindən istifadə edərək heç bir əsas problemlərini həll edə bilmirlər. Yenə də Şərqi tərifləyən çoxluq sekulyar Qərbdə yaşamağa can atır. Mən bunu komfort zonasından çıxa bilməməklə əlaqələndirirəm. Şəxsi təhlükəsizliyin təmin olunduğu rahat həyat üçün Avropa, ölümdən sonra rahat yaşam üçün Şərq ideologiyası insanı rahatladır. Dünyanın üzünə düz baxıb can atdıqları Avropanın necə inkişaf etdiyini isə soruşmurlar.
Müzakirələrdə dinin əxlaq üçün əsas olduğunu, bir az daha müzakirə edincə əxlaq deyərkən ictimai mülkə hörmət, başqalarına qarşı məsuliyyət və ehtiram, digərlərinin geyiminə həyat tərzinə qarışmamaq deyil, əksinə cinsi davranış və geyim kontekstində, çox dar mənada əxlaq nəzərdə tutulduğu anlaşılır. Belə çıxır ki, bizim ən böyük problemiz geyimin uzunluğu və qısalığıdır və bu problemi həll etmək üçün, qonşu ölkələrin yaxın tarixindən dərs çıxarmadan dini bütün təsisatı ilə bərqərar etmək istəyirik. Mən təəssüflənirəm ki, sosial şəbəkələrdə gənclər poeziyaya, aforizmlərə, sözbazlığa həddən artıq aludə olublar, bu günün rahatlığından faydalanan istənilən insan, istər sekulyar, istər inanclı, ortaq yaşamı təmin edən bu sistemə sahib çıxmalıdırlar. Bizim böyük düşüncə nailiyyətlərimizdən olan sekulyarizm artıq aşınmaqdadır. Avropadan dini ümmət üzvü olmaqdan vətəndaşlığa keçildi isə, biz vətəndaşlığın bir addımından qayıdıb ümmət olmaq istəyirik.
Getdikcə daha çox gəncimiz Avropanın necə Avropa olduğunu, bu gün sahib olduqları, istifadə etdikləri əsas vərdiş və texnoloji məhsulları hansı təfəkkürün ortaya qoyduğunu araşdırmaqdansa, aşağıdakı sualları həll etməyi özlərinə əsas məqsəd hesab edirlər:
- Sovet təhsilinin aşıladığı dünyəvi miras itirilirmi?
- Sovetlərin sekulyar mirasına çox ümid bağlamağın tərəfdarı deyiləm. Sovet dövründə münasibətlər vahid ideoloji çərçivə tərəfindən əvvəlcədən müəyyən olunmuşdu və müzakirə edərək, qarşı tərəfin də arqumentlərini eşitmədən hazır şüarlar halında diktə edilirdi. Bu da "sxolastik doyum” yaratmışdı. İnsanlar artıq bu şüarları, qısa tezisləri üzərində düşünmədən, onları yaradan səbəbləri analiz etmədən rəsmi tədbir-mərasimlərdə ibadət kimi səsləndirirdilər. Sovet dövründə ateist olduğunu deyənlərin asanlıqla molla olmaları və ya alimlərin dini hekayələrə inanıb-cəhənnəmin tempraturu, mələyin sürəti, balığın qarnında, ya da mağarada keçən dövrü nisblik nəzəriyyəsinə bağlamaları-bununla əlaqədardır. Üstəlik, indi bütün dünyada gedən qloballaşma prosesindən təbliğatçı dövlətlər və təşkilatlar daha yaxşı yararlanırlar, dünyada rasional-sekulyar düşüncə tənəzzül edir və dinlər güclənir. İnsanlar elmin məhsullarından faydalanırlar, amma onun düşüncə tərzini qəbul etmirlər. Hər nəsil, ondan əvvəlki nəslin dəyərlərinə yenidən sahib çıxmalıdır. Ancaq biz rahata əhəmiyyət verir, bu rahatlığı bizə verən düşüncə tərzini ciddiyə almır, onun vasitələrindən istifadə edib elmi düşüncənin zəifləməsinə çalışırıq. Amerikada mühafizəkar fondların dəstəklədiyi yaradılışçılıq Türkiyə üzərindən bizə ayaq açıb. Artıq o ölkədə təkamül nəzəriyyəsi tədris edilməyəcək, TÜBİTAK təkamül mövzusunda kitablar nəşr etməyəcək. Bu il yaradılışçılığın dərsliklərə salınmasına ilk cəhdə şahid olduq. Buradakı bütün bu saytların, kitab və jurnalların, "Facebook” səhifəsinin, seminarların maliyyəsi-dəyirmanın suyu-hardan gəlir? Bu fəaliyyətlər bizə faydalı olsaydı, belə şübhəli fondlar bu qədər pul xərcləyib bizdə fəaliyyət göstərməz.
- Sovetlərdən sonra Azərbaycanda elmin, təhsilin inkişafını necə dəyərləndirərdiniz?
- Sovetlər dağıldıqdan sonra bizim təbiət elmləri sahəsində çalışan çox sayda ailmlərimiz xaricə getdilər. Onların buraxdığı boşluq isə doldurulmadı. Bəzən o alimlərlə fəxr edirik. Müstəqillik dövründə alim yetişdirmədik, sovet dövründə yetişənlərin çoxu isə xaricdə işləyir, maaşı ordan alır və o ölkələrə xeyir verirlər. Biz burda fəxr ediləsi nə tapırıq? Məncə, heç nə. Alim elmə hörmətin olduğu mühitdə yetişə bilər. Bu gün bizim cəmiyyətdə elm hörmətə sahib deyil. Burda elmi gözdən salan cərəyanların da, ixtisasını yaxşı bilməyən alimlərin də, ixtisasını yaxşı bildiyi halda cəmiyyətlə əlaqədə olmayana alimlərin də, elmin ehtiyacları təmin edəcək qazanc gətirə bilməməsinin də rolu var. Vacib mövzularda əsas qruplar ilahiyyatçılar və müğənnilərdir. Falçılar alimlərdən daha çox qazanırlar və daha çox hörmət görürlər.
- Bu gün Azərbaycanda elmin, təhsilin əsas problemləri nədir? Elm-təhsil hansı istiqamətdə inkişaf etməlidir?
- Elmin-təhsilin ciddi problemləri var. Keyfiyyətli təhsil hamı üçün əlçatan olmalıdır. Sadəcə bahalı məktəblərdə xüsusi imtiyaz kimi olmamalıdır. Hansı kənddən hansı alimin çıxacağını heç kim bilməz. Dövlət bütün vətəndaşlarına keyfiyyətli təhsil verməlidir. Biz missionerləri təhsilə buraxıb, təhsili onlara həvalə etməklə, yerli məktəblərə lazımlı diqqət yetirməməklə böyük səhv etdik. İkincisi, təhsil insana cəmiyyətdə yer tutmağa kömək etməlidir. Bu gün yaxşı təhsil almış biri uzun illər əziyyət çəkərək gələ biləcəyi bir yerə, təhsilsiz insan müəyyən feodal yollarla asanlıqla çatırsa, gənclərə "oxuyun” demək olmur. Ən yaxşı halda "oxuyun ki, xaricdə işləyə biləsiniz” demək olar. "Sən oxudun neynədin?” kimi haqlı və kobud cavab verirlər. Elmli-təhsilli düşüncənin alternativ yox, yeganə düşüncə sistemi olduğunu, başqa dünyagörüşü sistemlərinin ona alternativ olmadığını, obyektiv dünyanı anlamanın yeganə yolunun elm olduğunu qəbul etməli, ona lazımlı hörməti göstərməliyik. Bu gün elmə qarşı hörmətsizlik və aqressiya var. Niyə? Elm bəzilərinin xəyallarına, arzularına uymur. Mistik dünyada Pollyanna kimi yaşamaq istəyən insanların yuxusuna haram qatır. Taftologiya ilə sözbazlıqla, psevdo-problemlərə psevdo-həllər irəli sürən psevdo-ziyalılara sərf etmir. Modernizmin nə olduğunu bilmirik, amma postmodern düşünənləri çox sevirik. Niyə? Çünkü elm oxumağa gərək olmadığını bəyan ediblər: "Bütün bilgi nisbidir və böyük diskursların sonu gəlib”. Bu da bizi yeni konfort zonasına salır, məsuliyyət və əziyyətdən azad edir.
- Bildiyimiz kimi bir çox elmi-kütləvi ədəbiyyatların tərcüməsində və yayınlamasında iştirakınız olub. Bu sahədəki işləri necə dəyərləndirərdiniz?
- Məncə, mistik ədəbiyyatı, şeiri, Dostoyevski-Çexovu, Bukovskini, Oşo adlı şarlatanı, Kamyu kimi nihilisti təkrar-təkrar çap etməkdənsə, bunları hər dəfə böyük həqiqətlər deyirmiş kimi müzakirə etməkdən, mərasimə çevirməkdənsə, elmi-kütləvi və rasional düşüncə əsərləri tərcümə və təbliğ etmək lazımdır. Proplemləri görmək, keçmişi və indini doğru anlamaq və doğru düşünmək üçün bu əsərlər lazımdır. Bəşəriyyətin hansı düşüncə ilə yüksəldiyinə baxmaq lazımdır. "Başımızı quma soxub” ədəbi əsərlərə heyrət duyduqca, kimlərsə bizə dair planlar qurar və bundan xəbərimiz də olmaz. Ya dünyanı anlayıb taleyin öz əlinə alırsan, ya da mistik tamaşa içində buludlarda gəzib, kimlərinsə sənə tale yazmasını qəbul edirsən.
Dövlət vəsaiti ilə Dünya Ədəbiyyatı Kitabxanası seriyasından cildlərlə kitab çap olundu. Axı Çexovu yenidən çap etmənin cəmiyyətə faydası nədir? Durantı, McNeili, Druckeri, Giddensi, Diamondu çap etmək, modernist düşüncəni təqdim etmək daha faydalı olmazdımı? Mən elmi -kütləvi kitabların tərcüməsinin zərurliyini çox vurğulamışam. İndi mənzərə bir az dəyişir. Rasim Qaracadan Vill Durantın "Mədəniyyətin hekayəsi” adlı kiçik, amma çox dəyərli kitabı nəşr etməsini xahiş etmişdim, sağ olsun, etdi. Hamı üçün insan institutlarının mənşəyinə dair baxış verəcək fundamental kitabdır. "Parlaq İmzalar” nəşriyyatı Hokinqin "Zamanın daha qısa tarixi” kitabını nəşr etdi, elmi redaktoru mən idim və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandı. Azərbaycan oxucusuna mənim tanıtdığım və böyük maraqla qarşılanan "Homo Sapiens” kitabı çap olundu. "TEAS PRESS” Nəşrlər Evi start-uplar, pediatriya sahəsində maraqli kitablar çıxarır, çıxarmağa davam edir. Bir neçə məşhur elmi kitabın müəlliflik hüququnu alıblar və nəşrinə hazırlıq gedir. Mənzərə bir az dəyişir, gənclər könüllü olaraq "yasilelm” saytında və "rezonans” adlı "Facebook” səhifəsində tərcümələr edir, elmi məqalələr yazırlar. Bundan sonrası oxucularındır, onlar yeni dünya görüşünə maraq göstərsələr, bu kitabları oxuyub müzakirə etsələr, bu sahədə nəşriyyatların da fəaliyyəti artacaq.
Gənc dostlarımız yaxında Edvard Vilsonun "Gənc alimə məktublar” kitabını çıxaracaqlar. Ümid edirəm bu tanınmış bioloqun, sosiobiologiyanın qurucusunun digər əsərləri də dilimizdə nəşr olunacaq və dünyanın problemlərinə dair elmi görüşü və onun həll yolları, şərq mistiklərinin təyinatsız, havada qalan "sən osan, o sənsən”, "özün ol”, "düşünmə inan” kimi zəvzəkliklərindən daha çox maraq qazanacaq. Ona görə də "-malı", "-məli" şəkilçiləri ilə bitən bəyanatlar faydasızdır, çünki heç kim etməyəcək və heç kim məşğul olmalı işlə məşğul deyil. Könüllülük əsasında fəaliyyətin də bir limiti var. İndi əsas dinamika nəşriyyatlar və oxucu arasında olacaq. Ölkədə hansı düşüncə tərzini təmsil edən kitabların nəşr olunacağını oxucu, yəni gənclər müəyyən edəcəklər.
- Bütün bu prosesləri gücləndirmək üçün dövlət hansı tədbirlər görməlidir? Bu yöndə xarici ölkələrin təcrübəsi necədir?
- Xaricdə bu kitabların böyük oxucu kütləsi var. Elmi kütləvi kitablar populyar romanlarla müqayisə olunan satış rəqəmlərinə çatırlar. Bütün ciddi jurnal və qəzetlərin kitab əlavələri, mükafatları, köşələri, elm müxbirləri var. Yazara işlədiyi qurum illik izn verir, kitab yazmaq üçün qrant ala bilirlər. Bizdə isə "Gənc aşıqları yaradıcılıq gecəsi” layihəsinə qrant ayrılmışdı, elmi-kütləvi kitabın tərcüməsinə deyil. Rəsmi qurumlar məsələyə diqqət ayıra, müxətlif dövlət və özəl universitetlər elmi-kütləvi kitablar nəşr etdirə bilərlər. Bahalı özəl universitetlərin ildə iki kitab nəşr etməsinin onlara ciddi maliyyəti olmayacaq. Elmlər Akademiyası Fransa istehsalı robotu "Elm festivalı”nda nümayiş etdirməkdənsə, elmi-kütləvi kitablar buraxa, xalqa açıq seminarlar verə və dövrü mətbuatda tirajlanan psevdo-elmi müddəalara qarşı arqumentlər səsləndirə bilərlər. Rəsmi fondalara isə layihələrdə elmin təbliği kvotası ayrılmalıdr. Hər layihə mərhələsindən müəyyən məbləğ sadəcə bu layihələrə xərclənməlidir.