post-title

Niyə oxuya biləcəyimizdən daha çox kitaba sahib olmalıyıq?

Mən kitabları sevirəm. Qiymətlərə baxmaqçün kitab mağazasına girirəmsə, çox vaxt  oradan əvvəllər mövcudluğundan xəbərsiz olduğum üç kitabla çıxıram. Hansısa bukinistdən çanta dolusu ikinci əl kitabları alanda, həyat yoldaşıma bunun müsbət cəhətlərini izah etməli oluram. Kitabların qoxusu belə hayıl-mayıl edir məni, səhifəni çevirərkən səni çulğalayan o xəfif qoxu nəyə desən dəyər. 

Amma bir problem var: aldığım kitabların sayı onları oxumaq qabiliyyətimi ötüb keçir. Bu da sonda FOMO-ya ("Fear of missing out" - Əldən Qaçırmaq Qorxusu) və kitab rəfimdəki oxunmamış cildlərə görə günahkarlıq duyğusuna gətirib çıxarır. 

Tanış gəlirmi? 

Bununla belə, bəlkə də bu günah tamamilə səhv başa düşülüb. Statistikaçı Nassim Talebə görə, oxunmamış cildlər onun “anti-kitabxana” adlandırdığı məfhumu ifadə edir, o, inanır ki, anti-kitabxanalar intellektual çatışmazlığın deyil, bunun tam əksinin əlamətidir. 

Anti-kitabxana ilə yaşamaq

Taleb anti-kitabxana konsepsiyasını bestseller “Qara Qu Quşu – Mümkünsüzün Təsiri” (The Black Swan: The Impact of the Highly Improbable) əsərində irəli sürüb. Diskusiyaya o, görkəmli yazıçı və elm adamı Eumberto Ekonun nəhəng - 30,000 cildlik şəxsi kitabxanası ilə başlayır. 

Ekonu ziyarət edən bir çoxları onun kitabxanasının böyüklüyünü görəndə heyrətlənməyə bilmirdilər və bunu alimin biliyinin miqyası hesab edirdilər – bu, əlbəttə, azman göstərici idi. Amma çox az saydakı çoxbilmiş ziyarətçilər də həqiqəti dərk edirdilər: Ekonun kitabxanası onun lap çox oxumasına görə nəhəng deyildi, ona görə nəhəng idi ki, o, bu qədər çox oxumaq istəyirdi. 

Eko özü də bunu etiraf edib. Bir dəfə ayaqüstü apardığı hesablama ilə o, aşkar etmişdi ki, əgər 10 ilə 80 yaşları arasında hər gün 1 kitab oxusaydı belə, ancaq 25, 200 kitabı mütaliə edə bilərdi. İstənilən yaxşı kitabxanada milyonlarla kitabın olduğunu nəzərə alanda, o, oxuduqlarına “heç nədir” deyib gileylənməyə bilməmişdi. 

Ekonun nümunəsini nəzərə alan Taleb bu qənaətə gəlir: 

“Oxunmuş kitablar oxunmamışlardan çox daha az əhəmiyyətlidir. Kitabxananız maliyyə vasitələrindən, kredit reytinqindən tutmuş, cari gərgin daşınmaz əmlak bazarına qədər  bilmədiyiniz müxtəlif mövzuları əhatə etməlidir. Yaş artdıqca, sən daha çox bilik və kitab toplayırsan, kitabxananda artan oxunmamış kitablar isə sənə pis-pis baxırlar. Amma məsələ budur ki, sən daha çox öyrəndikcə, rəflərdəki oxunmamış kitabların da sayı artır. İcazə verin, bu oxunmamış kitablar toplusunu anti-kitabxana adlandıraq.”

“Brain Pickings”də yazan Mariya Popova  Talebin arqumentini gözəlcəsinə xülasə edir, bizim bildiklərimizi şişirtməyə meyilli olduğumuz halda, bilmədiklərimizi qiymətləndirmədiyimizi vurğulayır. Talebin anti-kitabxana konsepti bu meyilimizi vasvasılıqla analiz edir.

Anti-kitabxananın əhəmiyyəti burasındadır ki, o, bilmədiklərimizi daim və detallı şəkildə bizə xatırlatmaqla, özümüzə verdiyimiz dəyəri imtahan edir. Evimdə düzülən cildlər mənə kriptoqrafiya, lələklərin təkamülü, İtalyan folkloru, Üçüncü Reyxdə narkotikdən qanunsuz istifadə və entomofogiyanın nə olmasından məlumatsız olduğumu xatırladır. 

“Biz öz biliyimizə mühafizə və müdafiə olunmalı şəxsi bir mülkiyyət kimi yanaşmağa  meyilliyik”, - Taleb yazır: “Halbuki bu, səthi yanaşmadır. Bu meyil biliyin bizim mənəvi bacarıqlarımızı ötüb keçməsinin insani çatışmazlığımızdan qaynaqlandığını görə bilmir və buna görə də Ekonun kitabxana həssaslığına qüsurlu yanaşır”. 

Araşdırılmamış fikirləri ifadə edən rəflər bizi təşfiq edir ki, mütaliəyə, öyrənməyə davam edək və biliklərimizin yetərliliyi barədə rahatlanmayaq. Cessika Stillman bu həqiqəti intellektual təvəzö adlandırır. 

İntellektual təvəzödən məhrum insanlar – yeni kitablar əldə etməyə və ya yerli kitabxananı ziyarət etməyə həvəssiz olanlar  - şəxsi kolleksiyaya sahib olmağa nail olmaqdan fəxarət hissi duya bilərlər, amma belə bir kitabxana divardan asılmış kubok qədər funksionaldır. O, canlı, 80 yaşımıza qədər öyrənə biləcəyimiz - əgər yetərincə şanslı olarsaq - böyüyən bir qaynağı deyil, “eqonu sığallayan bir detal” kimi ancaq dekorasiya məqsədi güdür. 

Tsundoku

Talebin konsepti xoşuma gəlir, amma həm də deməliyəm ki, “anti-kitabxana” yarlığı mənə biraz məhdud kimi görünür. Mənə görə, o, Den Braunun romanındakı sujet qurğusuna oxşayır: “Cəld ol! Onlar mövcud olan bütün kitabları silmək üçün anti-kitabxanadan istifadə edənə qədər, İlluminatini dayandırmalıyıq”. 

“New York Times”da yazan Kevin Mims də Talebin yarlığını bəyənməyib. Yaxşı ki, onun etirazı bir az daha praktikidir: “Talebin “antikitabxana” termini heç xoşuma gəlmir. Kitabxana çoxusu uzun müddət boyunca oxunmamış qalan kitablar toplusudur. Bilmirəm, anti-kitabxananın buna nə aidiyyatı var.”

Kevin Mims məfhumu ifadə etməkçün yaponcadan götürülmüş termini daha üstün tutur: tsundoku. Yaponlar qalaq-qalaq aldıqları halda, oxumadıqları kitabları ifadə etməkçün “tsundoku” kəlməsindən istifadə edirlər. Terminin morfologiyası iki sözün birləşməsindən əmələ gəlib: “tsunde-oku” (nəsnələrə qalaqlanmağa imkan vermək) və “dukoşo” (kitab oxumaq). 

Bu kəlmə 19-cu əsrdə kitablara sahib olduqları halda, onları oxumayan müəllimləri qınamaq üçün satira kimi yaranıb. Bu anlayış Talebin nöqteyi-nəzərinə uyğun olmasa da, müasir yapon kültüründə bu söz artıq mənfi çalar daşımır. Termin həmçinin kolleksiya toplamaq naminə və sonda oxunmayacaqları halda, obssesiv şəkildə kitab toplamağı ifadə edən bibliomaniyadan da fərqlənir.

Tsundokunun dəyəri

Yüz faiz, əminəm ki, hardasa kiçik bir milli kitabxanaya sığacaq qədər kitab kolleksiyasına sahib olduğuna görə lovğalanan, amma nadir hallarda kitab üzü açan bibliomanyaklar var. Bununla belə, tədqiqatlar göstərir ki, kitaba sahib olmaqla mütaliə adətən bir-birlərini tamamlayırlar. 

Belə tədqiqatların birində müəyyən edilib ki, 80 ilə 350 arasında kitabın olduğu evlərdə böyüyən uşaqlarda oxumaq, saymaq və informasiya kommunikasiya texnologiyaları sahəsindəki qabiliyyətlər yetkin insanlarınkı qədər inkişaf etmiş olur. Tədqiqatçıların sözlərinə görə, kitaba açıq olmaq, mütaliəni həyat vərdişi və praktikası halına gətirmək, koqnitiv bacarıqları gücləndirir. 

Digər bir çox araşdırmalar da mütaliə vərdişlərinin çoxlu faydalarının olduğunu göstərib. Belə ki, mütaliə stresi azalda, sosial əlaqə ehtiyaclarını təmin edə, sosial bacarıqları və empatiyanı yaxşılaşdıra və müəyyən koqnitiv bacarıqları qüvvətləndirə bilər. Bu hələ harasıdır! Qeyri-bədii ədəbiyyat oxumaq uğur və böyük nailiyyətlərlə əlaqələndirilir, o, bizə özümüzü və dünyanı daha yaxşı başa düşməyə, çətinliklərin öhdəsindən gəlməyə kömək edir. 

 Cessika Stillman məqaləsində anti-kitabxananın Danninq-Kruger effektinə - cahil insanların öz bilik və bacarıqlarının əslində olandan çox daha böyük olduğunu  düşündükləri koqnitiv aldanış - əks olub olmadığını müəyyən etməyə çalışır. İnsanların öz cahilliklərini xatırladan şeylərdən xoşlanmadıqlarını nəzərə alanda, oxunmamış kitablar onları ustalaşmağa olmasa da, heç olmasa, irəliləməyə vadar edir, onlar ən azından rəqabətin əhəmiyyətini başa düşürlər. 

“Oxumadığın bütün o kitablar sənin cəhalətinin göstəricisidir. Amma sən nə qədər cahil olduğunu bilsən, deməli, bir çox insanlardan qabaqdasan”, - Stillman yazır. 

Anti-kitabxana, tsundoku və ya nə adlandırmağından asılı olmayaraq, oxunmamış kitablar dəyərlidir, onlar sənə oxumaq həvəsi verirlər. 

Bilge.az
Yuxarı