post-title

Andre Jid: SSRİ-dən qayıdış



Nobel mükafatı laureatı, görkəmli fransız yazıçısı Andre Jid bəzi avropalı yazıçı və intellektuallarla birgə 1936-cı ildə SSRİ-yə səfər edir. Alovlu kommunist kimi tanınan Andre Jidin SSRİ-yə dəvət edilməsi təsadüfi deyildi. SSRİ dünyaca məşhur yazıçıların öz ideologiyasına uyğun əsərlərini  yüz minlərlə tirajla çap edir, onları ölkədə təbliğ eləyir və səfərlərini təşkil edirdi. SSRİ-dən qayıdan yazıçıların əksəriyyəti bu ölkə haqqında ən xoş sözləri dilə gətirirdilər. Andre Jidin SSRİ-dən qayıtdıqdan sonra yazdığı "SSRİ-dən qayıdış" əsəri isə, qırmızı imperiyanın Avropa intelligensiyası arasındakı nüfuzuna ciddi zərbə vurur. Bu əsərə görə, Andre Jid sol baxışlı intellektualların da ciddi tənqidlərinə məruz qalır, kitabı isə SSRİ-də qadağan olunur. Amma son ana qədər Jid yazdıqlarından geri çəkilmir. 
Kultura.az fransız yazıçının SSRİ haqqındakı kitabını hissə-hissə tərcümə edərək, oxucularına təqdim etmək qərarına gəlib. Məqsəd 25 ildir müstəqil ölkə olmağımıza baxmayaraq, cəmiyyətin hələ də SSRİ haqqında, sovet quruluşu haqqında aydın təsəvvürlərə malik olmamasıdır. Məhz buna görə də sovetlərin naqis xüsusiyyətlərindən, ehkam və stereotiplərindən tam olaraq arınmamışıq.  Sovetlərin dərk olunması baxımından Andre Jidin bu əsəri bənzərsiz nümunədir. 


Homerin Demetra haqqında nəğməsi bu böyük ilahənin öz qızını sərgərdan gəzib axtararkən, günlərin bir günü Keleosun sarayına gəlib çıxmasından bəhs edir. Dayə cildinə girən ilahəni heç kəs tanımır; kraliça Metaneyra isə yeni doğulmuş çağasının - sonralar kənd təsərrüfatının hamisi Triptolem kimi tanınacaq körpə Demofoonun  - tərbiyəsini ona etibar edir. 
Hər axşam evin bütün qapıları bağlandıqdan və sakinlər yuxuya getdikdən sonra, Demetra balaca Demofoonu yumşaq beşiyindən götürür və uşağı çılpaq halda közərmiş kömürdən olan yatağın üzərinə uzandırır. Kənardan qəddarlıq kimi görünsə də, əslində, o, bunu böyük sevgi və uşağı tanrı zirvəsinə çatdırmaq arzusu ilə edirdi. Mənim təsəvvürümdə əzəmətli Demetra işıq saçan uşağın üzərinə əyilərkən, sanki insanlığın gələcəyi üzərinə əyilir. Uşaq odlu kömürün istisindən əzab çəkir, lakin bu sınaq onu daha da gücləndirir. Onun daxilində insanüstü bir şey yaranır, möhtəşəm şöhrətə aparacaq sarsılmaz və sağlam bir şey. Amma təəssüf, Demetra düşündüyünü gerçəkləşdirə bilmir. Əfsanəyə görə, təşvişə düşən Metaneyra bir gün Demetranın olduğu otağa girir, ilahəni yandırdığı ocaqdan kənara itələyir, közərmiş kömürləri tullayır. Uşağını xilas edərkən, yaranmaqda olan tanrını məhv etmiş olur. 

Related image

***

Üç il qabaq SSRİ-yə sevgimi və heyranlığımı bəyan etmişdim. Orada bizim qəlblərimizi ümidləndirən bənzərsiz bir təcrübə həyata keçirilirdi, biz oradan möhtəşəm bir tərəqqi gözləyirdik, orada bütün insanlığı özü ilə irəli apara biləcək bir təkan yaranırdı. Düşünürdüm ki, bu yenidəndoğuşun şahidi olmaq üçün yaşamağa, ona yardım etmək üçün isə həyatını verməyə dəyər. Biz ürəyimizdə və düşüncəmizdə mədəniyyətin gələcəyini qətiyyətlə SSRİ-nin şərəfli gələcəyi ilə əlaqələndirirdik. Bunu dəfələrlə söyləmişik, indi də söyləmək istərdik. Amma hər şeyi öz gözlərimizlə görmək üçün oraya səfər etməzdən əvvəl, orada baxışların dəyişdiyini göstərən son qərarlar artıq narahatlıq doğururdu. 

O zamanlar, 1935-ci ilin oktyabrında bunları yazmışdım: “SSRİ-yə qarşı hücumların səfehliyi və ədalətsizliyi bizi onun müdafiəsinə daha əzmlə qalxmağa məcbur edir. Biz bunu dayandırsaq, SSRİ-nin müdafiəsinə dərhal onu söyənlər atılacaq. Onlar elə güzəştlər və uzlaşmaları dəstəkləyəcəklər ki, sonda “Baxın, özünüz görürsünüz!” demək fürsəti əldə edəcəklər, lakin bu güzəştlər və uzlaşmalar qarşıya qoyulmuş ilkin məqsədlərdən kənara çıxmaqla nəticələnəcək. Və ümid edək ki, bu ilkin məqsədlər üzərinə cəmlənmiş baxışlarımız SSRİ-dən üz çevirməyimizə izn verməyəcək”.

İnanmağa davam edərək və daha ətraflı məlumatlar alana qədər özümə şübhə ilə yanaşaraq, Moskvaya gəldiyimdən dörd gün sonra, Qırmızı Meydanda Qorkinin dəfni ilə bağlı çıxışımda “Öz düşüncəmizdə mədəniyyətin gələcəyini SSRİ-yə bağlamışıq. Biz onu müdafiə edəcəyik” söylədim.

Həmişə bu fikirdə olmuşam ki, insanın öz ideyalarına daima sadiq olmaq istəyi çox vaxt qeyri-səmimilik təhlükəsi yaradır. Məncə, insan kütlənin (insanın özü də daxil olmaqla) inancları ilə bağlı məsələlərdə xüsusilə səmimi olmalıdır.  

Əgər mən lap əvvəldən yanılmışamsa, bunu nə qədər tez etiraf etsəm, o qədər yaxşıdır, çünki mənim bu səhvimin qurbanı ola biləcək insanlara görə məsuliyyət daşıyıram. Bu məsələdə eqoizm insana mane olmamalıdır. Onsuz da məndə bu duyğular çox azdır. Bəzi şeylər mənim gözümdə “mən”dən də, SSRİ-dən də daha əhəmiyyətlidir: bunlar insanlıq, onun taleyi və onun mədəniyyətidir. 

Bəs mən lap əvvəldənmi yanılmışdım? SSRİ-də son bir ildə baş verən hadisələri izləyən birisi söyləyə bilər ki, hansımız dəyişmişik: mən, yoxsa SSRİ? SSRİ deyəndə, mən onun başında duranları nəzərdə tuturam. Məndən daha məlumatlı insanlar bu istiqamət dəyişikliyinin gerçəklik deyil, yalnız bir görüntü, yoxsa əsas istiqamətdən kənara çıxmaq kimi qəbul etdiyimiz bu dəyişikliyin əslində daha öncə baş vermiş bəzi təmayüllərin faciəli nəticəsimi olduğunu söyləyə bilərlər.
 
SSRİ “qurulmaqdadır”. Bunu daima xatırlamaq lazımdır. Buna görə də, doğuş əzabı içində olan bu böyük ölkədə olmaq hədsiz dərəcədə maraqlıdır və deyəsən, elə gələcəyin özü gözlər önündə doğulmaqdadır. 

Orada yaxşı da var, pis də. Daha doğrusu, ən yaxşısı və ən pisi. Ən yaxşı olanlar ağlasığmaz səylər nəticəsində əldə olunub. Lakin belə səy göstərməklə heç də həmişə hər yerdə arzuolunanlara nail olunmayıb. Bəlkə də düşünmək olar ki, hələlik nail olunmayıb. Bəzən ən pis olan ən yaxşı olanı müşayiət edir, hətta, demək olar, onun davamıdır. Parlaq işıqdan zil qaranlığa keçid isə məyusedici dərəcədə kəskin olur. Çox vaxt bir səyahətçi müəyyən önyarğıları sayəsində ölkənin yalnız bir tərəfini, ya da digər tərəfini xatırlayır. SSRİ-nin dostları əksər vaxt onun pis tərəflərini görməkdən imtina edirlər, ya da qəbul etmək istəmirlər. Buna görə də bir çox hallarda SSRİ haqqında həqiqətlər nifrətlə, yalanlar isə sevgi ilə söylənilir. 

Image result for Жид Андре в СССР

Mənimsə düşüncəm elə formalaşıb ki, sevmək istədiklərimə qarşı daha sərt tənqidlə yanaşıram. Yalnız təriflərdən ibarət olan sevginin dəyəri o qədər böyük deyil və düşünürəm ki, əgər səmimi və qərəzsiz danışsam, SSRİ-nin özünə və gördüyü işlərə böyük xidmət göstərmiş olaram. SSRİ-yə, onun artıq əldə etdiyi uğurlara heyranlığım imkan verir ki, indi onun ünvanına tənqid söyləyim. Onunla bağlı ümidlərimiz naminə, hər şeydən əlavə, bizə ümid etmək üçün yaratdığı imkanlar naminə!

SSRİ-nin bizim üçün nə demək olduğunu kim müəyyənləşdirə bilər? SSRİ sadəcə seçilmiş nümunəvi bir ölkə - yolgöstərən bir bələdçi deyildi. Arzuladığımız, xəyal etdiyimiz, istəklərimizin çatmağa çalışdığı, uğruna bütün gücümüzü verə biləcəyimiz hər şey orada idi. Bu, utopiyanın gerçəkliyə çevrilməkdə olduğu torpaq idi. Böyük nailiyyətlər daha yenilərinin, daha möhtəşəm olanlarının baş verəcəyinə ümid yaradırdı. Bizə elə gəlirdi ki, ən çətin olanlar artıq geridə qalıb; sevinc içindəki qəlbimizlə iztirab çəkən insanlıq naminə, seçilmiş o naməlum yola inanırdıq. Əgər uğursuzluq baş versəydi, inancımıza hansı dərəcəyə qədər haqq qazandıra bilərdik? Lakin uğursuzluq fikrinin özü qəbuledilməzdir. Əgər bəzi vədlər yerinə yetirilməmiş qaldısa, səbəbi harda axtarmaq lazımdır? Bütün bunların məsuliyyətini ilkin vaxtlarda verilmiş dekretlərin, yaxud daha dəqiq desək, bu dekretlərdən sapmaların, onların pozulmasının, mövcud şərtlərə uyğunlaşdırılmasının (bunlara haqq qazandıran səbəblərin ola biləcəyinə rəğmən) üzərinə atmaq olarmı?...

Bu qeydlərimdə SSRİ-də fəxrlə mənə göstərilənlərdən və özümün görə bildiklərimdən aldığım şəxsi təəssüratlar barədə danışacağam. SSRİ-nin bir çox sahələrdə əldə etdiyi nailiyyətlər heyratamizdir. Hətta bəzən burda xoşbəxtliyin hökmranlıq etdiyinə dair təsəvvür də yarana bilər. 

Konqoda hər şeyi özümün etməyini, qubernator avtomobilindən imtina edərək, qarşıma çıxan hər kəslə söhbətləşmək cəhdlərimi dəstəkləyən insanlar vardı, onlar görəsən, indi SSRİ-də də gözə kül üfürməyə izn verilməməsilə bağlı narahatlığıma görə məni mühakimə edəcəklərmi? Şübhə etmirəm ki, bu kitab “qayda-qanun sevgisinin tiranlıq dadı ilə birlikdə olduğunu” iddia edənlər tərəfindən sui-istifadə olunacaq. Yoxsa buna görə kitabı nəşr etdirməyək, bəlkə hətta heç yazmayaq? Amma əminəm ki, birincisi, haqqında yazdığım ağır tənqidləri SSRİ özü aradan qaldıracaq, ikincisi isə - və ən əhəmiyyətlisi – bir ölkənin hansısa səhvləri ümumbəşəri dəyərlərə xidmət edən həqiqətlərə kölgə sala bilməz. Ola bilər ki, susmağa, ya da yalan söyləməkdə israrlı olmağa kimsə haqq qazandırsın, amma bütün bunlar yalnız düşmənin xeyrinə oynamaqdır, həqiqətin vurduğu yaralar isə nə qədər ağrılı olsa da, yalnız şəfa verməyə xidmət edir.  

***

Tikintilərdə, zavodlarda, istirahət evlərində, bağlarda, “mədəniyyət parklar”ında işçilərlə ünsiyyət qurarkən çox vaxt həqiqi sevinc hissi duyurdum. Onların mənə necə qardaşcasına münasibət bəslədiklərini hiss edirdim və qəlbimdən narahatlıq uzaqlaşır, onun yerini sevinc hissi doldururdu. Bu səbəbdən, orada çəkilmiş şəkillərimdə, Fransadakı şəkillərimdən daha çox gülümsəyirəm. Dəfələrlə gözlərim sevinc yaşları ilə dolurdu, bunlar sevgi və həssaslıqdan doğan göz yaşları idi. Məsələn, Soçi yaxınlığında, Donbasda kömür şaxtaçılarının istirahət evində... Yox, yox! Orada heç nə əvvəlcədən razılaşdırılmamışdı, heç bir hazırlıq işi görülməmişdi – mən bir axşam qəfil, xəbərdarlıq etmədən gəlmişdim və dərhal onlara qarşı içimdə bir etibar hissi yaranmışdı.

Və ya Barjomi yaxınlığında qəfil baş çəkdiyim o uşaq düşərgəsi – çox sadə, hətta miskin bir yer idi, lakin uşaqlar sağlamlıq və xoşbəxtlikdən ətrafa  işıq saçırdılar, sanki öz sevinclərini mənimlə paylaşmaq istəyirdilər. Nə deyə bilərəm? Bu səmimi və sadə duyğuları sözlərlə anlatmaq mümkün deyil... Hələ bunlardan başqa nə qədər belə görüşlər oldu. Gürcü şairləri ilə, tələbələrlə, ziyalılarla, xüsusən də işçilərlə görüşlər - əksəriyyəti ürəyimcə idi, yalnız dillərini bilmədiyimə görə təəssüf edirdim. Onların gülüşlərində, baxışlarında nə qədər də təmiz, saxta olmayan səmimilik vardı! Hər yerdə məni dost kimi təqdim edirdilər və hər yerdə də özümə qarşı dost münasibəti görürdüm. Amma onların daha böyük dostluqlarına layiq olmaq istərdim və bu istək də məni indi danışmağa vadar edir. 

Image result for Жид Андре в СССР
 
Təbii ki, ən yaxşı şeyləri sizə daha məmnuniyyətlə göstərirlər. Amma əvvəldən bizə göstərilməsi planlaşdırılmayan və heç nəyi ilə digərlərindən geri qalmayan kənd məktəblərinə, uşaq bağçalarına, klublarına dəfələrlə qəfil girmək imkanımız oldu. Məhz bunlara daha çox heyranlıq duyurdum, çünki orada bizə nümayiş etdirmək üçün öncədən heç nə hazırlanmamışdı. 

Bütün pioner düşərgələrində gördüyüm uşaqlar gözəl, şən, tox (gündə beş dəfə yemək verilirdi), yaxşı baxılmış, hətta əzizlənmiş idilər. Baxışları işıqlı, saf. Gülüşləri sadə və səmimi. Əcnəbi birisi onlara gülməli görünə bilərdi, lakin bir dəfə də olsun, heç birindən kiçicik bir istehzalı gülüş, rişxənd görmədim. 

Belə bir dinc xoşbəxtlik ifadəsini tez-tez böyüklərdə də görürdük, onlar da yaraşıqlı, güclü idilər. Böyüklərin axşamlar işdən sonra yığışdıqları “mədəniyyət parkları” – şübhəsiz, bir uğur idi. O cümlədən, Moskvadakı “mədəniyyət parkları”. 

Tez-tez gedərdim ora. Bu əyləncə məkanı nəhəng “Luna park” kimi bir yerdir. Darvazadan içəri girən kimi, insan tamam fərqli bir dünyaya düşür. Gənc kişi və qadınlardan ibarət qruplar hər tərəfdə ədəb-ərkanla, ciddiyyətlə davranırlar. Vulqarlığın, səfeh gülüşmələrin, açıq-saçıq zarafatların, oynaşlığın, hətta mazaqlaşmağın kiçik bir nişanəsinə belə rast gəlinmir. Hər tərəf şadlıq coşğusu ilə aşıb-daşır. Bir məkanda oyunlar qurulur, bir az o tərəfdə rəqs edilir. Adətən, hamısının başında rəhbərlik edən bir nəfər var, hər yerdə intizam hökm sürür. Tamaşaçılar rəqs edənlərdən çoxdur. Başqa bir yerdə xalq mahnı və rəqsləri ifa olunur, əsasən akkordionun müşayiəti ilə. Xüsusi bir meydançada hər kəsin girə biləcəyi həvəskar-akrobatlar qrupu var. Peşakar məşqçi onları idarə edir, məsləhət verir, təhlükəli nömrələrdə yardım edir. Digər tərəfdə gimnastika qurğuları var. Hər kəs səbirlə öz növbəsini gözləyir. Gənclər məşq edirlər. Daha böyük meydançalar isə voleybol üçün ayrılıb. Oyunçuların gözəlliklərini, bacarıqlarını, zərifliklərini izləməkdən yorulmurdum. Başqa bir yerdə sakit oyunlar gedir – şahmat, dama və səbir, məharət tələb edən digər oyunlar. Bəziləri mənə tamamilə yad oyunlardır və fövqəladə zirəklik tələb edirlər. Bəzi oyunlar da vardı ki, cəldliyi, çevikliyi və gücü inkişaf etdirirlər. Bu oyunlara heç vaxt rast gəlməmişdim, buna görə burada onları təsvir etmək məsələsinə girişmirəm, amma bu oyunlar bizdə də uğur qazana bilər. Burda vaxt keçirmək üçün çox şey var. Bəziləri böyüklər üçün, bəziləri uşaqlar üçün. Lap balaca uşaqlar üçün də yerlər ayrılmışdı, orada oyuncaq evlər qurulmuşdu, qatarlar, paroxodlar, uşaq avtomobilləri, uşaqların yaşlarına uyğun müxtəlif oyuncaqlar vardı. Stolüstü oyunlar olan meydançaya (həvəskarlar burada yığışıb stolların boşalmasını gözləyirlər) gedən böyük xiyaban boyunca rebuslar, şarad və tapmacalarla dolu lövhələr qoyulub. Və bütün bunların hamısında, təkrar edirəm, ən kiçik bir ədəbsizlik, vulqarlıq yoxdur. Bu tərbiyəli böyük izdihamın ləyaqət və nəzakət duyğusunu danmaq olmaz. 

Bura yığışan izdiham, uşaqları çıxmaq şərtilə, demək olar ki, fəhlələrdən ibarətdir, onlar bura istirahət etmək, idmanla məşğul olmaq, əylənmək və ya nəsə faydalı bir şey öyrənmək üçün (oxu zalları, kitabxanalar, kinoteatrlar, mühazirə zalları da vardı) gəlirlər. Moskva çayı sahilində hovuzlar var. Hər tərəfdə nəhəng parklarda kiçik səhnələr qoyulub, o səhnələrdə ekspromt mühazirələr söylənilir. Bu mühazirələr müxtəlif mövzularda – əyani vəsaitlərlə birlikdə tarix haqqında, coğrafiya haqqında olur. Yaxud praktiki tibb və fiziologiya haqqında, anatomik plakatların müşayiəti ilə olur. İnsanlar çox diqqətlə qulaq asırlar. Və dediyim kimi, heç harda bir dəfə də olsun lağ-lağa, istehzalı gülüş görmədim.
 
Budur – kiçik açıq teatr, bir dənə də boş yer yoxdur, beş yüzə yaxın insan Puşkini oxuyan (“Yevqeni Oneqin”dən bir parça) aktyoru sayğı ilə dinləyirlər. Parkın küncündə, girişin yaxınlığında paraşütçülərin məkanı yerləşir. SSRİ-də bu, geniş yayılmış bir idman növüdür. Qırxmetrlik qüllənin başından hər iki dəqiqədən bir paraşüt idmanın həvəskarları növbə ilə tullanırlar. Möhkəm zərbə ilə torpağa düşürsən - artıq özünü paraşütçü hesab edə bilərsən! Risk edəcək növbəti adam kimdir? İnsanlar isə tələsik irəliləyir, gözləyir, növbəyə dayanır. Böyük Yaşıl teatr haqqında isə heç danışmıram hələ, buradakı bəzi tamaşalara iyirmi minə qədər adam yığılır.  

Moskva mədəniyyət parkı SSRİ-nin ən böyük və müxtəlif attraksionlarla ən yaxşı təmin edilmiş parkıdır. Leninqrad parkı isə ən gözəlidir. Lakin indi artıq SSRİ-nin bütün şəhərlərində uşaq bağçası və meydançaları ilə yanaşı mədəniyyət parkları da var.

Əlbəttə, çoxlu zavodlara da baş çəkdim. Xalqın rifahı onların yaxşı fəaliyyətindən asılıdır. Amma mütəxəssis deyiləm və bu zavodlarda istehsalatın necə təşkil olunduğunu deyə bilmərəm. Bu, başqalarının işidir. Mənim sahəmə yalnız psixoloji məsələlər aiddir. Bu qeydlərimdə də məhz psixoloji məsələlərdən danışacağam. Əgər dolayısı ilə sosial məsələlərə toxunsam, bu da sırf psixoloji nöqteyi-nəzərdən olacaq.

Ardı var...

Tərcümə: Rəşad Səfər

Kultura.az
Yuxarı