post-title

Bizimkilər birincidir

Əzəl başdan deyim ki, Rusiyanın Krımı işğal və ilhaq etməsini qəti pisləyirəm və bunu Rusiyanın özünə qarşı çevriləcək və gələcəkdə ona saysız itkilər gətirə biləcək bir hərəkət sayıram.

 
Lakin onu da deyirəm ki, dünyanı idarə edən siyasət əxlaqdan xeyli uzaqdır və bunu bilməyənlər cahildir.
 
Bundan sonra  deyirəm ki, hadisələrin belə cərəyan etməsinin əsas günahkarı yalnız Putin deyil, həm də və ilk növbədə ukraynalı siyasətçilər Yanukoviç, Poroşenko, Yatsenyuk, Kliçko və Tyaqnıbok, Qərbin siyasətçiləri Sikorski, Ştaynmayer, Heyq və onların arxasında duran Obama, Olland, Kameron və Merkeldir.
 
Bu mülahizəm sizə qəribə gəlməsin, fikrimi sübut etməyə hazıram. Sadəcə iki sualıma cavab verin: 2014-cü ilin yanvar ayında dünyada belə bir adam var idimi ki, Rusiyanın  Krımı işğal edəcəyini bilsin və desin? Hansı hadisələr Krımın işğalını mümkün və hətta qaçılmaz  etdi?
     
Qərb bizə 25 ildir dərs keçir. Deyir qanacaqlı, dözümlü və sülhpərvər olun. Demokratiya yalnız əksəriyyətin deyil, həm də azlığın hüquqlarını müdafiə etməlidir. Heç vaxt  güzəştdən və barışdan, mükalimə və danışıqdan çəkinməyin.
     
Qərb deyir ki, məsələn, sizin Qarabağın statusu ilə bağlı mövqeyiniz Ermənistanın mövqeyi ilə üst-üstə düşmür. Buna baxmayaraq siz yalnız danışıq aparmalısınız. Ermənistan sizin torpağı tutsa belə, sizləri qovsa belə, siz gərək onunla yalnız danışasınız, heç vaxt ona qarşı zor işlətməyəsiniz, onunla barış axtarmaqdan qaçmayasınız. Xülasə, bizə Qərb dəyərlərindən dərs keçir.
     
Özü isə əməldə bu dəyərlərə məhəl qoymur, tam tərsini edir. Nəticədə məğlub olur, itirir. Bizə əyani sübut edir ki, dəyərlərə həqiqətən sadiq qalmaq lazımdır.
     
Ukraynanın Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlıq sazişini imzalaması onun Rusiya ilə hərtərəfli əməkdaşlığına son qoyurdu. Xüsusən də sovet dövründə böyük əmək və vəsait hesabına yaradılmış hərbi sənaye müəssisələri ilə əməkdaşlığı mümkünsüz edəcəkdi. Rusiyanın öz ordusunu yenidən qurmaq və müasir silahlarla təchiz etmək planları puça çıxırdı. Buna görə Rusiya 2013-cü ildə bir neçə dəfə təklif etdi ki, bu məsələ üçtərəfli - Avropa+Ukrayna+Rusiya - formatında müzakirə edilsin. Cavab nə oldu? Yox! Rusiyanın bu məsələyə heç bir dəxli yoxdur! Ukrayna suveren dövlətdir və öz xarici siyasətini özü müəyyənləşdirməlidir!
     
Fikir verirsinizmi, Rusiya danışıq və razılaşma təklif edirdi. Kim imtina etdi? Avropa İttifaqı. Niyə? Çünki onun arxasında duran ABŞ belə istəyirdi.
     
Rusiya nə etdi? Dedi al gəlsin! Tutdu Krımı. Özü də Qərbin özünün çox tətbiq etdiyi “xalq belə istəyir” fəndi ilə. Məlum oldu ki, “xalq” silahından tək Qərb yox, həm də Rusiya istifadə, və ya sui-istifadə edə bilirmiş. 
     
Bu, Qərbin heç xoşuna gəlmədi. Deyir ki, bu oyun “ko” deyil, başqa cür oynanılmalıdır. Rusiya isə deyir ki, “ko”dur, əsl oyun lap elə belə olur...
     
Gələk Ukraynanın həqiqi vətənpərvər demokratlarına. İndi adam istəyir soruşsun baş nazir vəzifəsində əyləşən Yatsenyukdan, prezident vəzifəsini icra edən Turçinovdan, parlamentdə əbləh çıxışlarla və boş hədələrlə boğazını yırtan Tyaqnıbokdan, “siz doqquz ay gözləyə bilməzdiniz? Axı bu ilin dekabr ayına prezident seçkiləri təyin edilmişdi. Niyə gözləmədiniz? Niyə tələsdiniz? Niyə çevriliş etdiniz?” 
     
Bu sualları verməyin mənası və xeyri yoxdur. Cavab olmayacaq. Niyə? Azərbaycanda mən 25 ildir bu sualları AXC liderlərinə verirəm. Cavab ala bilmişəmmi?
     
Mən belələrini Azərbaycanda 25 il bundan əvvəl çox görmüşəm. Bizim demokratlar öz vətənini Ukrayna demokratlarından xeyli əvvəl bada veriblər. Ukrayna “demokratları” vəzifə davasında Krımı 2014-cü ildə itirdilər, bizimkilər Qarabağı 1991-1993-cü illərdə hakimiyyətə və neftə-rüşvətə barter etdilər.
     
Xəcalət hissi ilə etiraf etməliyəm ki, bu alçaq işdə bizimkilər ukraynalıları xeyli qabaqlamışdır. 
     
Zərdüşt Əlizadə
Kultura.az
Yuxarı