28 noyabr tarixindən etibarən Mendeleyevin periodik cədvəli rəsmi olaraq yenilənmiş versiyada dərc olunmağa başlayıb. İyunda yeni adlar verilmiş son kəşf olunan 4 element də artıq cədvələ daxil edilib. Həmin 4 elementlə Mendeleyevin periodik cədvəli tamamlanmışdı və elm aləmində böyük sevinc doğurmuşdu. Ümumiyyətlə, cədvəlin yenilənməsi, elementlərin kütlə ədədinin dəqiqləşdirilməsi, yeni elementlərə verilmiş adların təsdiqlənməsi beynəlxalq elmi təşkilat olan İUPAC-ın səlahiyyətlərinə daxildi.
Cədvəlin son və yeni elementləri ağır və radioaktiv olduqlarından ancaq laboratoriya şəraitində alınır. Təbii ki, ion sürətləndiricləri yeni elementlərin kəşfində əsas rolu oynayır. Onlardan biri və elə ən böyüyü Almaniyada Darmştad şəhərində, GSİ Helmholz Araşdırma Mərkəzində yerləşir.
GSİ Araşdırma Mərkəzi dünyada yeganə böyükmiqyaslı ağır ion sürətləndiricisi olan UNILAC akksleratoru ilə məşhurdu. Əsasən Almaniya Federal Hökumətinin sponsorluq etdiyi Mərkəzin illik büdcəsi 108 milyon avrodu. Ağır ionlar istifadə edilərək çox müxtəlif istiqamətlərdə qızğın araşdırmalar aparılır. İsveçrə- Fransa sərhədində yerləşən CERN-dəki Böyük Hadron Toqquşdurucusu kimi oxşar metodla ionları işıq sürətinə qədər sürətləndirirlər. Bunun üçün müxtəlif ölkələrdən 1200-dən çox fizik, kimyaçı, biofizik araşdırmaçılar səfərbər olunublar. Elə tibbdə xərçəngin müalicəsində 2009-dan bəri istifadə olunan Ağır İon terapiyası məhz GSİ-ın fizikləri və tibb araşdırmaçıları tərəfindən ortaya qoyulub. İndiyə qədər bu metodla 1000-ə yaxın insan kanserogen tipli öldürücü xəstəlikdən yaxa qurtara bilib.
Keçən ilin sentyabrında Mərkəzdə olarkən həmin ion sürətləndirici vasitəsilə üzvü olduğum elmi qrupla birlikdə bizim də gecə-gündüz növbəli, yorucu eksperimentlərimiz olmuşdu. Eksperimentlərin növbəti mərhələsi - sürətləndirilimiş ağır ionlarla mikroskopik bombardman təcrübələri üçün ordaydıq. O ərəfələrdə UNİLAC akksleratoru ilə əlaqəli olan bütöv araşdırma bazaları ilə yaxından tanış olmaq fürsətim oldu. Akksleratorun kontrol otağı, radioaktiv şüalardan qalın beton qatları ilə mühafizə olunan tuneli və ümumiyyətlə, geniş ərazini əhatə edən araşdırma bazalarındakı texnologiya möcüzələrini gördükdən sonra Federal Hökümətin Mərkəz üçün niyə milyonlarla vəsait ayırdığını anlamaq elə də çətin olmadı.
Mərkəz həm də ona görə nüfuzlu araşdırma bazalarından biridir ki, Mendeleyevin periodik cədvəlindəki 6 element (Bh, Hs, Mt, Ds, Rg, Cn) burda kəşf olunub. Araşdırmaların pik nöqtəsində elə yeni elementlərin kəşfi durur. Onlardan 110-cu element – darmştadium (Ds) elə yerləşdiyi Darmştad şəhərinin adına verilib.
Diqqətlə baxanda Mendeleyevin periodik cədvəlində cəmi 118 xananın olduğunu görmək mümkündü. Keçən ilin dekabr ayına kimi cədvəldə 4 boş xana vardı. Təbiətdə olmadığından həmin elementlərin varlığı üçün laboratoriya şəraiti və yüksək dərəcədə dəqiq eksperimentlər lazım idi. Yeni elementlərin kəşfi 2015-ci ilin dekabrına qədər davam etdirilirdi. Gərgin araşdırmalar sonda öz nəticəsini verdi. Dekabrın 30-da dünya elm aləmini sevinc bürüdü. Kimya üzrə beynəxalq birlik (İUPAC) elə yeni il ərəfəsində boş qalmış 4 xananın da tapıldığını qeyd edərək Mendeleyev cədvəlinin tamamlandığını elan etdi. İndiyə kimi kəşfinin ekspertizası gedən həmin 4 elementin kəşfləri təsdiq olundu. Beləliklə, 7 period, 118 element olmaqla Mendeleyev cədvəli hələlik (!) tamamlandı.
Bu haqda hələ o vaxt GSİ Helmholz araşdırma mərkəzində olarkən yazmışdım.
Kəşf edən qruplara bu ilin iyun ayına kimi vaxt verilirdi ki, kəşfinə nail olduqları elementə ad versinlər. Bu şərəfi 113-cü element üçün Yaponiya, qalan 115, 117 və son 118 üçün ABŞ və Rusiyada elmi-tədqiqat mərkəzləri bölüşdürəcəkdi.
Şəkildə yaponların araşdırma qrupunun başçısı Kosuke Moritanın dekabr 31-də kəşfin elan olunmasına aid keçirilən press konfransdakı sevinci:
2016-cı ilin iyun ayında sözügedən 4 kimyəvi elementə yeni, maraqlı adlar verildi. Artıq rəsmi olaraq cədvələ əlavə olunan o elementlərin adlarına nəzər salmağa dəyər:
--113-cü elementə “Nihonium” (Nh) adı yaponların şərəfinə verilidi. Bu elementi Yaponiyada RİKEN akssleratoru alimləri kəşf etdilər. “Nihon” elə yaponların ikinci adıdı, “yüksələn Günəşin vətəni” mənasını verir.
--115-ci element “Moskovium “ (Mc) oldu. Elementi Nüvə reaksiyaları üzrə Flerov laboratoriyasında rus kimyaçıları kəşf etmişdilər.
--117-ci element ABŞ-n Tenesi ştatının şərəfinə “Tennesin” (Ts) adlandırıldı. Amerikanlar bu elementi Tenesi Univeristetinin də töhfəsiylə HFİR reaktorunda kəşf etdilər.
--Son 118-ci isə “Oganesson” (Og) Nüvə Araşdırmaları üzrə Birləşmiş İnstitutun üzvləri olan amerika və rus elm adamlarının birgə əməyilə kəşf olundu. Elementin adı isə erməni kökənli rus professoru Yuri Oqanessiyanın şərəfinə qoyuldu. Bu alim və qrupu nüvə və ağır element araşdırmasında dünyada liderdi.
Beləliklə, sadalanan bu elementlər cədvələ daxil edilərək bəşər tarixində ilk dəfə olaraq noyabrın 28-də Mendeleyev cədvəli tam halı ilə dünya ictimaiyyətinə təqdim edildi. Artıq yeni nəşr olunacaq kimya dərsliklərində bunu nəzərə almaq zərurəti yaranmışdır. Xatırlatmaq yerinə düşərdi ki, cədvəl ilk dəfə Mendeleyev tərəfindən hazırlanmış və 1869-cu ildə Rusiya Kimya Cəmiyyəti tərəfində dərc edilmişdi.
Fotoda Yuri Oqanessiyan (sağda), həmkarı Cozef Hamiltonla (solda).117-ci elementə “Tennesin” adını C.Hamilton təklif edib.
Amma nüvə fizikaçıları və kimyaçılar Mendeleyev cədvəlinin 118 elementlə bitməyəcəyini hesab edirlər. Böyük ehtimalla hazırkı 7 perioda 8-ci period da əlavə ediləcək. "Stabillik adası " nəzəriyyəsinə görə hardasa həmin 8-ci periodda olacaq 120-124-cü elementlər böyük dayanıqlı zamana sahib olacaqlar. 7-ci perioddakı kimi radioaktiv parçalanmya tez məruz qalmayacaqlar. Bu isə kimyevi enerji istehsalında yeni eranın başlanğıcı olacaq.
Niyyət Bayramzadə
Kultura.az