post-title

Nicat Kazımov: Sevil ilə...

HEKAYƏ

 
 
Səhər hələ açılmamışdı. Gecəm çətin keçmişdi. Hava çox isti idi və bu səbəbdən yata bilməmişdim. Gecənin sonu ilə səhərin qovşağında da maşınların köhnə mühərriklərindən gələn, narahatçılıqdan başqa heç bir şey ifadə etməyən səsi məni yatmağa qoymamaqda israrlı görsənirdi. Yaşadığım binanın arxası magistral yola baxdığından ara-sıra keçən bu maşınlar məni yatmağa qoymur, pəncərəni qapasam da istidən hər an ölə biləcəyimi düşünürdüm. Yarı-oyaq, yarı-yuxulu üzərində işlədiyim romanı düşünürdüm. Vaxtıilə ağ olan, lakin sonralar çəkdiyim siqaretlərin tüstüsündən saralmış divar kağızına baxıb, yaratdığım insanların əsərimdə yaşayacağı sonrakı taleyi düşünürdüm. Bəzən duman tək simasız insanlar gözümün qarşısına gəlir və daha sonra yox olurdular. 
 
Başımı yastıqdan qaldırıb ayağa qalxdım və ətrafıma baxdım. Salonda yatmışdım, bir neçə boş pivə butulkası masanın üzərində qarşı-qarşıya dayanmışdılar. Elə bil, gecə boyunca onlar nəyinsə söhbətini etmiş, dərdləşmişdilər. Butulkaların kənarında yazı dəfətərim və qələmim dayanmışdı. Yarıçılpaq halda ayağa qalxıb masaya doğru getdim. Dəftərdəki son cümləni oxudum: 
"Onun ehtiyac duyduğu şey, sadəcə sevdiyi qadının gözləri idi. Oturub saatlarca sevdiyi qadının gözləri içinə baxmaq, gözləri ilə danışmaq, gözləri ilə dalaşmaq, gözləri ilə sevişmək istəyirdi".
 
Açıq pəncərənin qarşısına keçərək yazdığım son cümləni fikirləşdim. Nədənsə, yaratdığım obrazı çox romantik hesab edirdim– mənim tam əksim olaraq. Qadınlara qarşı heç bir hiss bəsləmirdim. Eyni ilə də kişilərə qarşı. Yəni, sevgi hissindən məhrum idim. Bəlkə də, belə bir hiss heç yoxmuş kimi. Əfsuslar olsun ki, inanmadığım bir şey haqqında yazırdım. Çünki, insanlar olmayan, baş tutmayacaq şeyi oxumağı və izləməyi daha çox sevirlər. Bu sualı özümə çox vermişdim – Sevgi nədirʔ İlk öncə sevginin seks olduğunu fikirləşirdim. Sevmək və sevişmək. Bu sözlər bir-birinə aid olduğundan, bəlkə sevərəm deyə, ilk öncə sevişmələrim olurdu. Ancaq, sevişmələrin də nəticəsi olmurdu. Yəni, heç bir qadına aşiq ola bilmirdim. Ətrafımda özünü xoşbəxt hiss edən tanışlarım hər dəfə necə tanışdıqlarından bəhs edirlər. Bu zaman rahatlıqla anlayıram ki, bu insanlar ilk öncə bir- birlərini sevirlər, sonra sevişirlər və xoşbəxt olurlar. Mən də heç kimi sevə bilmədiyim üçün, ilk öncə sevişiridm və daha sonra sevgi hissinin yaranmasını gözləyirdim. Yox. Bu teorimim də süqut edirdi. Sevişməyə belə ehtiyacım yox idi, əslində. Özümü daş qəlbli insan kimi də hiss etmirdim. Ən azından yazdıqlarımı oxuyan insanların hamısı, məni hisslərlə dolu bir küp kimi təsəvvür edir. Yazdığım hekayələri oxuyub ağlayan insanlar o qədər olub ki... Ancaq, heç bir halda gərçək həyatda bu tipli hadisələri mənasız hiss edirdim. 
 
Pəncərə qarşısında uzun-uzadı ``Sevgi və Sevişmək`` - haqqında fikirləşirdim və məni bu düşüncələrdən ayıran, səhər tezdən zavodda işləmək üçün evdən çıxan iki uşaq atası və uşaqlıq dostum Rəhim oldu. O, aşağıdan yuxarı boylanıb mənə qışqırdı: `` Arvad-uşaq var, lüt aynanın qarşsında dayanma!``. - O bunu deyər-deməz dik atıldım. Yadımdan çıxmışdı ki, çılpaq haldayam. Dərhal içəri keçdim. Bəlkə də pəncərənin qarşısında dayandığım müddətdə nə qədər insan keçdi bu küçədən və Yasamala bir evə müasir incəsənət əsərindən lüt kişi heykəli gətirildiyini düşünüblər hər halda. 
Qaz piltəsinə od vurub, çaydanı isinməsi üçün üzərinə qoydum və özüm də içəri keçib əl-üzümü yudum. İlk dəfə indi fikir verdim ki, saçım və saqqalım bir-birinə qarışıb. İlk öncə üzünü təmizləmək qərarı versəm də, bu işin başını buraxdım. Günorta bir qəzetin keçirdiyi ``Yazıçılar Festivalı`` adlı tədbir var idi və demək olar ki, hər kəs oraya gələcəkdi. İlk öncə evdə qalıb, oturub eşq intriqası üzərində qurulan romanıma davam etməyi düşünürdüm. Telefonuma zəng edən həmin qəzetin redaktoru, ``Murad, ora mütləq sən də gəl ! Sənsiz dadı olmayacaq ! Gürcüstandan yaxşı konkyak da gəlib, dadına baxarıq tədbirdən sonra`` - deməsi, mənim o tədbirə qatılmağımı məcburiləşdirdi. 
 
Ora geyinməyə normal paltarım da yox idi. İndi, yəqin oraya gələn yazıçıların, naşirlərin hamısı kostyum və qalstuk bağlayıb gələcək. Əslində bir-birindən gözəl paltarlarım vardı, lakin hamısı kir içində hamamın bir küncündə yuyulmalarını gözləyirdi. Qadınsız həyatın fəsadlarını yaşayırdım. Ətrafımda nə qədər insan var, hamısı məni evləndirməyə, qadınlar haqqında düşüncələrimdən daşındırmağa çalışırdılar. Lakin, bunları mənə deyən heç bir insan özünü xoşbəxt hiss etmirdi, hətta arvadları ilə dalaşdığında, mənim evimə bir neçə butulka içki ilə gəlib dərdlərini mənə tökürdülər. Cəmi üç və ya dörd ilin evliləri belə dalaşdığında gəlib boşanma istəklərindən mənə bəhs edirdilər. Hətta, hər dəfə ``Yazıçı adamsan, bax mənim bu həyatımı da yazarsan `` deyib, hıçqıldayaraq, tövsiyə də verirdilər. Ertəsi günü yenə öz ailəvi həyatlarına davam edir və yenə gəlib mənə qız dostlarından danışıb, onlardan biri ilə evlənə biləcəyimi deyirdilər. Öz dostlarımın, yoldaşlarımın məni evləndirmək istəmələrini heç vaxt anlaya bilmirdim, eyni zamanda da onları bu fikirdən daşındıra bilmirdim. Nəhayətində, bu məsələni ən ideal yolla həll etdim. Onların mənimlə evlənmək üçün tanışdırdıqları qızlarla, bir neçə gün birlikdə vaxt keçirirdim. Həmin qızlar da elə bilirdi ki, onunla evlənəcəyəm. Qızlar evlənmək niyyəti ilə mənimlə tanışıdırıldıqlarına görə rahatlıqla mənim evimə gəlir, yaşam tərzim ilə də tanış olurdular. Bu an isə uzun-uzun öpüşmələr, sevişmələr baş verirdi. Sonrakı 1 həftə ərzində isə mənim soyuqluğum bu qızları narahat edirdi və sonunda özləri məndən ayrılırdılar. Dostlarım isə evlənmək üçün mənimlə tanışdırdıqları qızlarla yatmağımı özlərinə sığışdıra bilməməyə başladılar və sonunda bu işi bir daha təkrar etmədilər. Lakin, yenə də cinsi tələbatımı ödədiyim üçün bütün məni evləndirmək istəyən dostlarıma təşəkkür edirəm. 
 
Özümə acı qəhvə düzəldib, əynimə paltar geyindim və yazı masamın arxasında oturub əlimi çənəmin altında dirsəkləyərək saralmış divar kağızına baxıb düşünməyə başladım və sonra dəftərimin boş səhifələrini cümlələrlə doldurmağa başladım. Elə, bu dəftər də dostlarımın mənimlə evlədirmək istədiyi qızlardan birininin hədiyəsidir. Səhv etmirəmsə, adı Aytac idi. Amma başqa bir ad da ola bilər. 
 
Bir az daha cızma qara etdikdən sonra həmin tərbirin vaxtının yaxınlaşdığını gördüm və dərhal dəftərimi bağlayıb, təmiz hesab etdiyim paltarımı geyinərək evdən çıxdım. Xatırladım ki, artıq üç gündən çox idi ki, evdən eşiyə çıxmır, bu romanın üzərində işləyirdim. Bu səbəbdən küçədən keçən insanların üzü mənə yad gəlirdi. Onların səsləri, danışıqları, gülüşləri çox qorxuducu görsənirdi. Tədbirə çatdığımda kənarda dayanmış redaktorların, başqa yazıçıların çıxışlarına qulaq asırdım. Nəsə danışırdılar, heç bir şey başa düşə bilmirdim, çünki gözlərim birinə sataşmışdı elə uzun-uzun, gözlərimi qırpmadan onu izləyirdim. Üzünü heç vaxt görmədiyim bir qız idi. Arıq, qarayanız, qəhvəyi saçlı incə burunlu bir qız idi. Saçlarını toplamışdı və incə uzun boğazı daha da görkəmli hala gəlmişdi. Barmaqları ilə bəzən boynuna toxunur, başını sağa əyirdi. Yəqin, o da bu tədbirdən sıxılmışdı. İnsanlar arasında gözlərim sadəcə ona fokuslanmışdı, onun ətrafındakı insanlar isə sadəcə dumanlı görsənirdi. Sanki, bu qədər insanların içərisində bir o var idi, bir də mən. Bir müddət sonra elə bil, onu izləməyimi hiss etdi və başqa bir yerə baxmadan, bir başa mənim gözlərimin düz içərisinə baxdı. İlk dəfə bir qadının baxışları məni həyəcanlandırmışdı. Onun baxışları, gözlərinin içi bəlkə də insanın iç azadlığının çata biləcəyi yeganə sığınılacaq bir yer idi. İnsan öz azadlığını onun gözlərinin içində hiss edirdi. Ürək döyüntülərim get-gedə daha da artırdı. O da gözlərini mənim gözümün içindən çəkmək istəmirdi. Birdən onun baxışlarındakı ciddiyyət dəyişdi və üzündə təbəssüm yarandı. Lakin, hələ onu izləməkdə idim. Bu başqa bir şey idi. Ən uzun seyr etdiyim şey evimin divarındakı saralmış divarkağızları idi və ora baxdığımda romanımı düşünürdüm, indi isə bu qıza baxırdım. İlk dəfə idi ki, yaratdığım qadın obrazının simasını təsəvvür edə bilirdim. Bu, o qızın siması idi. İndi yazdığım romanı daha aydın düşünürdüm. Beynimin içindəki dəftərə ard-arda sözlər yazılmaqda idi. İçimdə bir qorxu yarandı, qəflətən. Bu qız çox gözəl və cəlbedicidir. Özünə məxsus da tərzi var. Bəs birdən bu da digər qızlar kimi içi boş, özünü kiməsə sırımaq istəyənlərdən oldu, onda necəʔ Belə gözəl qadınların niyyəti əslində ər də deyil. Maşını və tükənməz pulu olan kişilərdir. Çünki, özümü həmişə bu bəhanələrlə başqa qızlara tərk etdirirdim. Amma bu qızla birlikdə musiqiyə qulaq asmağımı, onunla sevişməyi, onunla yemək bişirməyi, onunla sabahı birlikdə qarşılamağı, onunla film seyr etməyi, onunla kitab oxumağı, onunla İçəri Şəhərin köhnə divarlar arasında gəzməyi, onunla sadəcə oturub bir-birimizə baxmağı, onunla metroda əl-ələ naməlum stansiyalara getməyi, onunla hər şey etməyi düşünürdüm və bu mənim çox xoşuma gəlirdi. Nədənsə, bu qıza baxdıqca bədənimin içində Bethoveenin doqquzuncu simfoniyasının final hissəsindəki musiqi gəzinirdi. 
 
Məni bu düşüncələrdən oyandıran gurultulu alqışlar oldu. Nəinki ölkəcə, bütün Post-Sovet ölkələrində məşhur olan yazıçı, dramaturq, ssenarist Kənanı səhnəyə dəvət etdilər. Alqışların ardı-arası 
kəsilmirdi. Bu alqış səsləri içimədki Bethoveni öldürmək istəyirdi, elə bil. Öldü də. O əsərin səsini içimdən duya bilmirdim artıq. 
 
Kənanı yazıçı hesab edə bilmirdim. Ümumiyyətlə, boğazına qalstuk keçirmiş, kostyum geyinmiş, üzündəki tükü hər gün qırxmış, saçının ortası keçəlləşmiş bir yazıçını təsəvvürümə gətirə bilmirəm. Yazıçıdan çox, biznesmen, çoxlu obyektləri olan birisi təsiri bağışlayırdı. Elə idi də. Orta yaşlı birisi olmasına baxmayaraq, artıq yetmişinci kitabı da çıxmışdı və bütün kitabları da yaxşı satılmışdı. Kitablardan qazandığı pullara elə məşhur olduğu ölkələrdə, deyilənə görə ticarət mərkəzləri açmışdı. Üzərindəki ümumi geyimi, qolundakı saatı içəridə toplanan bütün insanların geyiminin qiymətləri cəmindən də bahalı idi. 
 
Birdən-birə bədənimdəki nikotin tələbatı artdı və binanın dənizə açılan balkonuna çıxıb, özümün hazırladığım siqareti yandırıb Xəzərə baxdım. Gözlərimin qarşısından o qız getmirdi. Gözəl mənzərəyə baxdıqca, o qızın xəyalı gözümün qarşısına gəlirdi və bu məni yenidən qorxuya saldı. Çünki, heç vaxt başıma gələn bir şey deyildi. Qəflətən arxamdan incə bir qadın səsi gəldi: 
 
–  Mümkündürsə, birini də mənə verə bilərsinizʔ- bu bayaq, o çox gözəl olan naməlum qız idi. 
 
–  Əlbəttə! - dedim və üzərimi axtarmağa başladım. Dəmir qablı siqaret qutumun içində başqa bir siqaret yox idi. O qız da bunu gördü. 
 
–  Eybi yox. 
 
–  Bunu birlikdə çəkə bilərik... 
 
–  Sizi narahat etməyəcəksə, yaxşı olar. Çünki, içəridə çox sıxıldım, deyəsən sizin kimi. - əlimdəki 
siqareti götürüb bir qullab aldı, dodaqları arasından və burunundan çıxan tüstü ilə sanki içindəki sıxıntını da atdı və həmin siqareti mənə uzatdı. Siqaretin filtrində onun dodaqları üzərindəki qırmızı rəngli boyası vardı. Bu siqaretin filtirini dodaqlarım arasına qoyarkən, birdən birə naməlum adının dodaqlarına toxunduğumu düşündüm. Gözlərimin qarşısında yeni bir hekayə yazılmaqda idi, elə bil. Məni xəyali sevişmədən xilas edən yenidən bu qadının səsi oldu: 
 
–  Yaxşısınız? – gözlərimin içinə baxıb gülümsədi. 
 
–  Bəli. Yaxşıyam. - özümü axmaq kimi hiss elədim. 
 
–  Sizin hekayələrinizi xoşlayıram. Yazarkən, bütün hisslərinizi o cümlələrlə çox yaxşı izah edirsiniz. Eynilə mənə Cəfər Cabbarlını xatırladırsınız. Zatən üzdən də, imicdən də ona da oxşayırsınız. 
 
–  İnsanlar, saxta hissləri sevir, mənim hisslərim əslində bu deyil. 
 
–  Necə bəyəmʔ Əgər sizin əsərlərinizdəki bu hissləriniz saxtadırsa, çox maraqlıdır, bəs real hissləriniz necədirʔ- Günəş səmanın ortasından asıldığından, işıq onun üzünə düşürdü və bu qızın gözləri elə Günəş kimi işıl-işıl parlayırdı. 
 
–  Bəli, bu yazdıqlarımın hamısı saxta hisslərdir. Mənim təbii hisslərim şübhəsiz heç kimə maraqlı gəlməz. 
 
–  Bəlkə, buna imkan verəsinizʔ Qoyun buna oxucularınız dəyər versin. - indi hiss etmişdim ki, qarşımda dayanan bu qadının səsi siqaret çəkməktən xırıltılı hall almışdı. Lakin, bu xırıltılı səs onun gözəlliyinə zərər gətirməmişdi, əksinə olaraq, daha da gözəllik qatmışdı. Bəlkə də yanılıram, bu qadında fərqli bir şey var idi, elə bu fərqliliyə də hər şey yaraşa bilərdi. Xırıltılı səsi olmasa da gözəldir. 
 
–  Əgər buna imkan versəm, ``Böyük yazıçı``, ``drammaturq``, nə bilim `` dahi ssenarist`` Kənan müəllim kimi olaram, axı. O bunu bacarır. 
 
–  Mənə elə gəlir ki, sizdə yazıçı qısqanclığı var. - deyib gülümsədi. 
 
–  Yox, sadəcə bəzi məsələləri başa düşməkdə çətinlik çəkirəm. 
 
–  Kənan müəllim kimi insanların bəxti gətirir. Siz də yazıçısınız, o da yazıçıdır. Onun bəxti gətirib, sizinkisi isə... Əslində sizin də bəxtiniz gətirib, demək olar ki, Bakıda hər kitab oxuyan insan sizin əsərlərinizlə tanışdır. Naşükür olmayın. Sizin yazdığınız əsərlər isə həqiqətə uyğundur. Çox maraqlıdır, siz əgər öz yazdığınız eşq hekayələrinizdə mövcud olan hisslərinizə saxta deyirsinizsə, gərçək həyatdakı hissləriniz necədir?
 
–  Çox sadə. Eşq, sevgi və s. Bu kimi şeylər mövcud deyil. Mövcud olsa da mən inanmıram. 
 
Məsələn, ölkəmizdə sizin kimi gözəl qadınların əslində əsas məqsədi varlı və bahalı maşını olan bir kişiyə ərə getməkdir. Axtardığı kriteryalara uyğun olan kişini tapa bilmədiyində isə orta səviyyəli bir kişiylə evlənir. İkinci versiya da uyğun olmadığında, hətta çox kasıb birisi ilə evlənərək hər şeyə sıfırdan başlamaq məcburiyyətində qalır. Üçüncü hal evlənən kişi üçün çox əziyyət verici bir məsələdir. Qadının maddi tələbatlarını ödəyə bilməyincə, hər axşam qadın problem çıxarır, dava düşür, qarışqanı isə fil etmə qabiliyyətinə bu halda qadınlar malik olur. Lakin, bir başa varlı kişi ilə evlənsəniz, sizlərin çınğırınız da çıxmaz. Ancaq göstəriş edərsiniz. Sosial şəbəkələrdə əlinizdə olan-olmayan bütün bahalı şeyləri nümayiş etdirəcəksiniz. Bu zaman başınız o qədər qarışacaq ki, bahalı ərinizlə dava etməyə vaxtınız belə qalmayacaq. 
 
–  Murad bəy, həqiqətən siz yazdıqlarınızın tam tərsini düşünürsünüz. Yazdıqarınızı oxuyan olmasam, belə olduğunuzu düşünərəm. 
 
–  Zatən, beləyəm. Beləydim də... - deyib gülümsədim. 
 
–  Bayaq arada mənə kompliment dediyiniz üçün də təşəkkür edirəm. Diqqətimdən qaçmadı. - deyib gülümsədi. 
 
–  Nə komplimentiʔ – deyərək, bayaq bir nəfəsə dediklərimi xatırlamağa çalışdım. 
 
–  ``Sizin kimi gözəl qadınlar``- dediniz. Yəni, mənə gözəl dediniz. - utandım, lakin ox yaydan 
çıxmışkən davam etmək istədim. 
 
–  Təsadüfən demişəm, amma yaxşı ki demişəm, çünki həqiqətən gözəlsiniz. 
 
–  Axı gözəl qadınlar da, pul hərisi olurlar, nümayişkar olurlar, sosial şəbəkələrdə reklamlar üçün 
yaşayırlar. - istehza ilə məni mənim fikirlərimlə, sözlərimlə vurdu, lakin belə ağıllı olması bir o qədər təəccübləndirdi. Ən azından hekayələrimi oxuyurmuş, indiki dövrdə oxucu qadın da tapmaq çox çətindi. Özü də öz yerli yazarımızı oxuyursa, nə gözəl. 
 
–  Xətrinizə dəymək istəməmişdim, adınızı bilmədim. - Bu gözəlliyin üzərinə oturmuş adı bilməmək günah olardı. 
 
–  Sevil... 
 
–  Bir az öncə, mənim yazı tərzimi eləcə də, fiziki tərzimi Cəfər Cabbarlıya oxşatmışdınız. İndi də adınızın Sevil olduğunu deyirsiniz. - deyib gülümsədim. 
 
–  ``Sevil`` mənim çox sevdiyim bir əsərdir. Atamın da çox sevdiyi bir əsər olubdur. Bu səbəbdən bu gün adım Sevildir. 
 
–  Hər halda, Cəfər Cabbarlının qarşısına həqiqətən bir Sevil çıxmışdı və onun həyatını qələmə almışdı. Fikirləşirəm ki, indi də siz mənim qəlbimə iz salasınız. 
 
–  Belə bir şey olsa, Azərbaycan ədəbiyyatı yeni və böyük bir əsər qazanar, o zaman. - dedi və yenidən gülümsədi. Bizimkisi artıq, söz oyununa çevrilmişdi. İçimdə qəribə bir qığılcımlar yaranmışdı. 
 
–  Demək, tezliklə qazanacaq o zaman... 
 
Bakının xəzri küləyi Sevilin üzünə sığal çəkirdi. Aramızda məsafə çox az idi və ancaq bir- birimizin gözlərinin düz içinə baxırdıq. İçimdə yeni və fərqli şeylər yaşanırdı. Bethoveni Şostakoviç, Şostakoviçi Erik Satie kimi böyük bəstəkarlar əvəzləyir öz əsərlərini nümayiş etidirirdilər. Divarın digər tərəfindən alqış səsləri gəldi. Hər halda ``böyük yazar`` öz nitqini yekunlaşdırmışdı. Bu zaman Sevilə dedim: 
 
–  Arzu edirsənsə, bu binadan çıxaq və gedək bir az gəzək. 
 
–  Olar, lakin içəridə tanışlarım var. Tədbir bitmədən geri dönmək istərdim. 
 
–  Əlbəttə, axşam gec saatlarda bitəcək zatən. 
 
Razılaşmışdıq. İlk dəfə idi ki, bir qadının yanında heç bir şey düşünmədən gəzirdim. Bir- birimizə sual vermirdik. İçəri Şəhərin dar küçələri ilə hərəkət edirdik. Həmin an küçələr çox səssiz idi və insan yox idi sanki. Bir küçəni döndükdən sonra Qız Qalası qarşımızda görsəndi. Sevil dedi: 
 
–  Çox kədərlidir. Əsrlər əvvəl, buradan bir qız özünü atıb. Hələ də yaddan çıxmır. Belə gözəl bir tikili kiminsə ölüm səbəbi olmamalı idi. - dedi.
Heç bir şey demədim, yaxınlıqdakı kafelərdən birinə girib qəhvə və çay sifariş etdik. Sevil üzərindəki bijuteriya, geyindiyi paltarların markası, istifadə etdiyi ətir və eləcə də mobil telefon çox bahalı idi. Ondan harda işlədiyini soruşmaq istəmirdim. Heç bu sual məni narahat da etmirdi. Sevilin sadəcə gözlərinin içinə baxmaq mənim yazıçılığımı şumlayırdı. Heç vaxt bir qadın məni bu qədər cümlələrlə düşündürməmişdi. Bir az daha ədəbiyyatdan söhbət etdikdən sonra Sevil qalxmaq istədi və onu tədbir gerçəkləşdiyi yerə qədər apardım. Mənim də yuxarı qalxmağımı istədi, lakin ``Kənanı və Kənan xislətli yazıçıları görmək istəmədiyimi dedim``. O gedirdi. Onu arxadan səslədim: 
 
–  Sevil! 
 
–  ... - üzünü mənə sevirdi. 
 
–  Getmə...! - səsim istəmədən qəhərlənmişdi. Hərflər dodaqlarımın arasında iztiraba bürülərək 
çıxmışdı. 
 
–  Getməliyəm. Yenə görüşəcik, mütləq! - dedi və binaya daxil olaraq gözdən qeyb oldu. 
 
Qəribə bir duyğu ilə evə yollanırdım. İçimdə çətin imtahanlarını uğurla keçmiş bir tələbənin sevinci var idi sanki. Bu sevinc hissi ilə evə necə gəldiyimi bilməmişdim. Evə çatar-çatmaz, üzərində işlədiyim əsərdəki qəhrəmanın sevdiyi qadının adını dəyişərək Sevil elədim. Bundan əvvəl Firəngiz idi. Dostlarımın mənə evlənməyim üçün tanışdırdığı qızlardan birinin adı idi. Lakin, əsərdə Firəngiz adını yazarkən simasını görə bilmirdim. İndi isə dəftərimin arxasına oturmuş, qələmimdən çıxan sözləri boş səhifələrə tökürdüm. İlk dəfə idi ki, sevgi, eşq hissini ağ kağıza səmimiyyətlə yazırdım. Çünki, beynimdən gələn sözləri deyil, ürəyimdən gələn sözləri yazırdım. Sevili hərflərlə yaşayırdım, hələ özümə belə etiraf edə bilmədiyim sevgimi dəftərdə yansıdırdım. Necə gözəl idi, onunla İçəri Şəhərdə gəzmək, xəzri küləyini bərabərimizdə hiss etmək. Ona toxuna bilməmək və sadəcə onu öz baxışlarımla yaşamaq. Necə gözəl idi, o məndən xəbərsiz tədbirdə oturub öz boynuna yorğun-yorğun toxunması. Bunların hamısı fərqli idi, çox fərqli idi. Baramqlarım dayana bilmirdi, ancaq yazırdım. Gecə də düşmüşdü, ancaq mən fasilə verməmişdim. Adi hallarda həftələrlə yazılan səhifələri, indi bir gecə də yazmışdım və yorğun düşmüşdüm. Yazdığım roman yekunlşamışdı. Həm də bir gecədə. Elə masanın arxasındaca yuxuya getmişdim. Məni oyandıran isə telefonuma gələn məktub oldu: `` Bir azdan mərkəzə dəyəcəm, istəsən, işləmirsənsə görüşək``- deyə Sevil yazmışdı. ``Əlbəttə`` yazaraq özümü bir başa hamama atdım, duş qəbul etməli idim, əks təqdirdə oyana bilməzdim. 
 
Bir müddət sonra hazırlaşıb evdən çıxdım. Günəşin qarşısını qara buludlar kəsmişdi. Hər halda yağış yağacaqdı. Sevillə dediyimiz yerdə görüşdük. Bu gün daha da gözəl idi. Deyəsən, o da mənə qarşı bir şey hiss edirdi. Oturub söhbət edirdik və birdən ona yazdığım romanı yekunlşadırdığımı söylədim. Çox təəccübləndi və romanı çapdan öncə oxumaq istədiyini dedi. Mənsə, hələ dəftərdə olduğunu və dəftərin də evdə olduğunu dedim. Onun isə təklifi bir qədər məni həyəcanlandırdı: ``İstəyirsən, sənə gedək, elə orda da oxuyum``.
 
``Əlbəttə``- dedim. Evimin çox bərbad vəziyyətdə olmasını heç fikirləşməmişdim. Evə daxil olduğumuzda uzun zamandır atmadığın zibilin ilk dəfə qoxusunu, divanın altına nə vaxtsa atdığım corabımın bir tayını, uzun zamandır yumadığım qabların üst-üstə olmasına fikir verdim. Təmiz olan ancaq masamın üzəri idi. Lakin, Sevil buna fikir vermədi. O, divanda oturub romanı oxumağa başladı. Mən isə bu əsnada gözə dəyən şeylər aradan qaldrımağa çalışırdı. O çox zəngin və varlıqlı ailədən olmalı idi və mənim bu balaca evim onun üçün çox mənasız gələ bilərdi. Yazdığım romanı oxuyarkən onu narahat etəmk istəmirdim, bu səbəbdən pəncərənin qarşısına keçib siqaret çəkirdim və zəngin qızın rahatlıqla sonradan mənə yaradacağı problemləri düşünüb kefimi qaçırırdım. Bu halda sadəcə kreslomda oturub yazdığım romanı oxuyan Sevilə baxmaq kifayət idi. Artıq axşam düşmək üzrə idi. Sevil hələ də oxuyurdu. Bir kəlmə də ağzını açmamışdı. Fasilə də verməmişdi. Mən də digər kresloda oturub sadəcə Sevili seyr edirdim. İçəridə səssizlik mövcud idi. Sevil son səhifəni oxuyandan sonra mənim oturduğum kreslonun qarşısına gəldi və dizimin üzərində oturub, bığımın altında gizlənmiş dodaqlarımdan öpməyə başladı. Bu necə bir ləzizlikdi. Ürəyimin döyüntüləri heç vaxt bu ritmdə olmamışdı. Dəhşətli bir isti bütün bədənimi sarmışdı. Barmaqlarım onun uzun saçları arasından süzülərək keçirdi, ikimiz də bir-birimizi sorğulamadan, ölümü, müharibəni, Romanı, Eyfel Qülləsini, Facebook-u, keçmiş həyatımızı, bu günümüzü və gələcəyimi, dərisi üçün qətl olunan heyvanları, Qız Qalasından özünü atan qızı, Allahın varlığını, yazılan kitabları, bişən ən gözəl yeməyi, böyük geyim markalarını düşünmədən sevişirdik. Bu sevişmə əsl sosializm idi. İkimiz də eşq alovunun qarşısında bərabər idik. Sanki, Nizami Gəncəvinin yazdığı ``Xoşbəxtlər Ölkəsi``-də idik. Səmada görsənən tam ayın işığı evimə düşürdü və ay işığında biz və bizim kölgələrimiz sevişirdi. Barmaqlarım incə-incə onun çılpaq bədənində gəzir, ikimiz də bir-birimizi necə zövqdən öldürəcəyimizi heç bir şey demədən anlayırdıq və bunu edirdik. Dodağındakı qırımzı boya çənəsinə yaxılmışdı, qulağındakı sırğadan biri düşmüşdü, bayaq səliqə ilə hazırlanmış saçları indi dağılmışdı, səliqə ilə geyinmiş paltarları indi hərəsi otağın bir küncündə idi. İkimizin də sərhədimiz yox idi, bu sevişmədə. Hətta onun göbəyinin sol tərəfindəki yanıq ləkəsi belə sanki ilk dəfə Sevili narahat etmirdi. Bütün komplekslərimizi itirmiş və hər an dünya dağılacaqmış və bu bizim ilk və son sevişməyimiz kimi sevişirdik. 
 
Həyatımın ən gözəl dəqiqələri bitmişdi və Sevil başını sinəmə qoyub nəsə düşünürdü. Elə mən də düşünürdüm. Sevili itirmək qorxusu indidən bədənimə yayılmışdı. O xırıltılı səsi ilə mənə dedi: 
 
–  Əsərdəki Firəngiz adlarının hamısının silindiyini gördüm və mənim adımı yazmısan. Əsərin əvvəli ilə, sonu arasında çox fərq var. Sonu çox təsir edicidir. İlk dəfə də əsərində qovuşmadan yazırsan. Çox qəribədi. 
 
–  Sən mənim qarşıma çıxmasaydın, heç vaxt bu baş verməzdi. Əgər onlar qovuşmasaydı, səni itirəcəyimi düşünəcəkdim və bu da məni çox qorxudurdu. 
 
–  Axı, dünən dediyin kimi deyilmi qadın kişi münasibətləriʔ Biz qadınlar ən zənginlərini axtarmırıqmıʔ 
 
–  Sən mənim fikirlərimi kökündən yanıltdın. Sənə qarşı ilk gördüyüm andan etibarən bir hiss bəsləyirəm. Bu hissin adı isə sevgidir, deyəsən... 
 
–  Deyəsənʔ – Başını qaldırdı sinəmdən, qaranlıqda gözümün içinə baxdı. Parlayırdı gözləri. Dodaqlarımdan yenidən öpdü və bu öpüşmə ikinci bir eşq alovu yaşamağımıızn qığılcımı oldu. 
 
*** 
 
1 aydan çox idi ki, bərabər idik. Tez-tez Sevilin Şüvəllandakı bağ evinə gedib, orada saatlarla bərabər vaxt keçirirdik. Sevil elə bir qadın idi ki, onunla söhbət əsnasında heç bir şəkildə sual verə bilməzdim. Qorxurdum, bir-birimizi çox yaxından tanısaydıq, bəlkə də bir-birimizə bu qədər sevgi ilə bağlı ola bilməzdik. ``Sual vermə, yalan cavab alma`` - prinsipi mənim üçün həqiqətən önəmli idi. Həmişə nə problemlər başlayırsa, sual üzərindən başlayırdı. ``Sual`` insaniyyətin yaratdığı ən bərbad bir şeydir. Ümumiyyətlə, ``Sual`` olmasaydı, nə müharibələr olardı, nə də ki, hansısa bir cinayət. Amma ``sual``-sız yaşamaq da çox çətindir. Məsələn, Sevilin telefonuna ara-sıra gələn zəng və keçib məndən kənarda telefonla danışması və ya mənim yanımda telefonuna gələn məktublara cavab verməməsi. Bəzən gözümün qarşısına gətirirəm:
 
``- Sevil, kim idi, sənə zəng edən?
 
Sənə nə var?`` - deyə bir cavab verərək, aramızdakı hörməti öldürəcək. 
 
Ancaq, bir başqa hiss də var ki, bu da qısqanclıq hissidir. Sevil kimi bir qadını qısqanmamaq da mümkün olan bir şey deyil. Həm gözəl geyinir, həm öz maşını və bir neçə evi var, həm də çox gözəldir. Hər an öz səviyyəsində biri çıxa bilər və onu mənim əlimdən ala bilər. İçimdəki hisslər artıq məni öldürməyə başlamışdı. Hər dəfə Sevil başqa bir otağa keçib, telefonla danışmağa başlayanda, mən gizlincə qapı arxasına keçib onun danışıqlarına qulaq asırdım. Kiminləsə əsəbi şəkildə danışır və daha sonra telefonu üstünə qoyurdu. Mənim yanıma gəldiyində isə üzündə təbəssüm olurdu. İlk dəfə idi ki, bu qədər uzun müddətli bir qadınla əlaqə saxlayırdım və mən bu əlaqəni davamlı etmək niyyətində idim, lakin tərəddüdüm var idi. Bu tərəddüdlərim isə bayaq danışdığım ``sual``-lar ilə bağlı idi. Bu bir aydan çox müddətdə biz bir-birimizi ən ideal şəkildə başa düşə bilirdik. Əlimizə fürsət düşdüyündə, etiraz etmədən ilk günki ehtiraslar içərisində də sevişirdik. Onun bağ evində mənim işləməyim üçün böyük şərait var idi, daha doğrusu bu şəraiti yaratmışdı. Qəzetlər üçün həftəlik yazılarımı göndərirdim, bir tərəfdən də kitabım çıxmışdı və hekayələrimdən daha çox satılmış və oxunulmuşdu. Azərbaycan miqyasında normaldan daha artıq satmışdı. Yəni cəmi dörd min kitab. Bu, ``böyük yazıçı`` Kənanın bir kitabının Azərbaycan üzrə satış rəqəminə yaxın idi. Fikirləşirəm ki, sırf bu səbəbdən Kənanın sifarişli tənqidçiləri mənim kitabımı pisləmək üçün əlindən gələni edirdi. Bu tənqidçilər də bir qarın yemək qarşılığında bunu edirdilər. Kənana görə, Azərbaycanda ondan daha yaxşı satan yazıçı ola bilməzdi. Tanınmayan, iki cümləni doğru-düzgün ard-arda qoya bilməyən gənc tənqidçilər, əsərimdə nöqtə və vergül səhvləri tapıb yıxıb sürüməyə çalışırdılar. Bu çətin prosesdə mənə yenə də ən gözəl dəstəyi Sevil verirdi. Amma indi mən səfeh və saxta tənqidçiləri düşünə bilməzdim. Gələcək həyatımda Sevili görürdüm və bu işləri qaydasına salmalı idim. İlk öncə çox tez-tez telefonla danışdığı adamı soruşmalı idim. Amma soruşa da bilmirdim. Çəkinirdim. ``Sual`` prinsiplərimə xələl gətirə bilməzdim. 
 
Lakin bir axşam Sevil duş qəbul edərkən, onun telefonu masa üzərində qalmışıdı. Nə bir yazıçıya, nə də bir insana yaraşmayan bir şey etmək niyyətinə düşmüşdüm. Onun telefonundakı mesajları oxumaq, içindəki şəkillərə baxmaq. Telefonu əlimə aldığımda özümə nifrətim artdı və bu səbəbdən telefonu kənara qoydum. Onunla üz-üzə danışsam daha yaxşı olar deyə düşündüm. Sevil duşdan çıxmışdı, yataqotağındakı ayna qarşısında üzünə lazım olan kremləri sürtürdü və bu vaxt, guya oxuduğum kitabdan gözlərimi çəkərək, Sevilə baxıb dedim: 
 
–  Əzizim, bir şey soruşmaq istəyirəm... 
 
–  Əlbəttə, buyur Murad. - əlinə pambığı alıb üzünü silə-silə dedi. 
 
–  Sən... Sənin həyatın haqqında heç bir şey bilmirəm. Bəlkə bir-birimizi daha yaxından tanıyaqʔ 
 
–  Mən necəyəmsə, eləyəm, əzizim. - dedi və bu vaxt telefona zəng gəldi.Gecə saat 2-də. İçim- 
içimi yeməyə başladı. Amma Sevil heç bir şey olmamış kimi, otaqdan çıxb digər otağa keçdi və telefonla kiminləsə mənim eşidə bilməyəcəyim tərzdə danışmağa başladı. O, hər dəfə belə etdikcə mən sarsılırdım. Sadəcə sevdiyim qadını itirmək istəmirdim və sevdiyimi daha yaxından tanımaq istəyirdim. Mənim öz həyatım zatən, hər kəsə məlumdur. Mən Yasamalda, 3 otaqlı evi olan, universiteti bundan on il əvvəl bitirmiş, qəzetlərdə köşə yazısı yazan, bir roman və onlarla hekayə müəllifi olan yazıçısı Muradam. Bəs, Sevil kimdirʔ Sevil niyə danışmırʔ Özü haqqında heç bir bilgini mənə vermir. Hər halda mənə güvənmir. Bəs güvənmədiyi adamla insan yatarmıʔ Mən ona zorla heç bir şey etməmişəm, özü ilk dəfə mənə gəldi, özü mənə onun bağ evinə köməyimi istədi. - Yox, bu fikirlərlə dəli olacağam. Belə olmaz. 
 
Bu hissləri qarşımızdakı bir həftə içərisində boğmağa çalışdım. Öz evimə getmiş, fərqlilik olsun deyə, orada yazmağa başlamışdım. Lakin bu günlər ərzində Sevil məni bir dəfə də axtarmadı. Bir həftə, nə o məni axtardı, nə də mən onu. Sonunda dözə bilməyib, Sevilə zəng etdim və onunla görüşmək istədiyimi dedim. Şəhərdə görüşdük, çox fərqli idi. Nəsə baş vermişdi elə bil. Ona nə olduğumu soruşanda heç bir şey demədi. Daha sonra mənim evimə gəldik və burada bərabər yemək yedik. Nə baş verdiyini bir daha soruşdum, lakin demədi. Gecə yatarkən başını sinəmə qoydu və eləcə də yatdı.
Günəş pəncərədən düz üzümə vururdu. Saat səkkiz olardı. Sağ tərəfimdə soyuqluq hiss edirdim.
 
Üzümü çevirdiyimdə yatağımda Sevili görə bilmədim və bu məni bir qədər incitdi. Ayağa qalxıb, digər otaqlarda onu axtardım, lakin tapa bilmədim. Əşyalarını da götürüb getmişdi. Yazı dəftərimin üstünə nəsə yazıb getmişdi. Kağızda,``Əziz Murad, səninlə üz-üzə sağollaşa bilmədim, lakin mən buralardan getməliyəm, əlvida``. - yazılmışdı. Necə sadə yazmışdı, ``Əlvida``. Asan məsələydimi buʔ Bəs içimdəki sevginin sahibini axtarmayıb nə edəcəkdimʔ Üzərimə paltarı keçirib, bağ evinə getdim, orada da heç kim yox idi. Bir də ailəsinin qaldığı adressi bilirdim. Demişdi, lakin ora heç vaxt getməmişdik birlikdə. Mən Sevili o qədər sevirdim ki, onun atası və ya qardaşı məni öldürəcəkdisə qorxmadan razı olacaqdım. Təki Sevili geri qaytara bilərdim. Onun ailəsinin evinə getdim və qapını döyürdüm, lakin heç kim açmırdı. Deyəsən, qonşuları olan yaşlı bir qadın pilləkənlə aşağı düşürdü və mənə arxadan: 
 
–  Ay bala, qapını havayı döymə, onlar Bakıda yaşamırlarʔ – dedi. 
 
–  Bəs haradan tapa bilərəm, ay xalaʔ – həyəcanlı halda dedim. 
 
–  Sən kimi axtarırsanʔ Bura Kənan müəllimin evidir, bilirsən də!ʔ 
 
–  Kənanı tanımıram, mən! Sevil deyə bir qız var, onu axtarıram. - dedim. 
 
–  Necə yəni tanımırsan, ay bala! Kənan müəllim yaxşı kitabları var deyirlər, tanınmış yazıçıdır. 
 
Elə o dediyin gəlin də, Kənanın arvadıdır də! Sadəcə, uzun müddətdir Rusiyada yaşayırlar. 
 
Axırıncı dəfə Kənan müəllimgil keçən ay buraya gəlmişdi. 
 
–  Necəʔ - Başım hərləndi. Ürəyimin döyüntüləri Sevillə ilk dəfə sevişdiyim kimi döyünürdü, lakin bu dəfə az qala partlayacaqdı. Bu isə sevgidən deyil qəhərdən olacaqdı. 
 
Binanı tərk etmiş qarşıma çıxan ilk skamyada oturub, siqaret yandırmışdım. Özümdə xətalar axtarırdım, özümü günahlandırırdım. Evli olmasından da heç bir xəbərim yox idi. Necə ki, mənim romanımı yazmaqda kömək etmişdi, özünü mənə aşiq etdirməklə, hər halda Kənan da Sevilin gözəlliyinin sayəsində bu qədər gözəl əsərlər yazmışdı. 
 
Onun gözlərinin içində azadlığımı tapmışdım. Lakin, saxta, aldadıcı sevgisi ilə mənim əlimi qolumu bağlayıb getmişdi. Oturduğum yerlərdə hər saçını toplamış qəhvəyi saçlı qadın gördüyümdə, onun Sevil ola bilməsinin necə bir ümid və sonrası ilə gələn necə bir ümidsizlik olduğunu izah etməyim qeyri-mümkündür. Halbuki, o məndən həqiqəti gizlədərək getdi, bunu izah etməkdə cəhd belə etmədi. Halbuki, mən onu çox sevmişdim, ilk dəfə həqiqətən sevdikdən sonra sevişmişdim və xoşbəxt idim. 
 
Lakin o, kiçik bir cümlə ilə ``Əlvida``- deyib, öz ərinin, ``böyük yazıçı`` Kənanın yanına getdi. 
 
Daha üzülməyəcəyəm, Sevil sayəsində sevildim və gələcək əsərlərimin simasını qazandım. Onu bundan sonra hərflərdə, cümlələrdə və sözlərdə yaşayacağam. 
 
Nicat Kazımov
Strazburq  
2016
 
Kultura.az
 
Yuxarı