Klod Qö (Claude Gueux) - İkinci hissə
Dəzgahlar hər iki tərəfdə pəncərələrə yaxın, oturacaqlar diva…
Doğrusu
adını ilk dəfə eşitdiyim gənc yazar Şamxal Həsənovun “Səs və ya Qırmızı” adlı
kitabının çıxacağı xəbəri birinci növbədə məzmununun iddialılığı ilə diqqətimi
çəkdi. Xəbərdə deyilirdi: “Çağdaş
nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndlərilə qələmə
alınan və obrazların öz təhkiyəsində təqdim olunan “Səs və ya Qırmızı” romanı
hisslərin dərinliklərinə, incəliklərinə vararaq Azərbaycanda bir ilkə imza
atır...”
Bir
tərəfdən əsərin adı da dünya ədəbiyyatında özünə əhəmiyyətli yer tutmuş “Qırmızı və qara”, “Cinayət və cəza”, “Hərb və sülh”, “Hay-küy
və hiddət”, “Şəhər və itlər” kimi əsərlərlə
assosiativ əlaqə yaradaraq iddiasını daha da möhkəmləndirdi. Çap olunandan
sonra isə kitabı görəndə həm zövqlü tərtibatı (bizdə kitablar çox az halda belə
zövqlü tərtib edilir, bu cür tərtibatı daha çox türk nəşrlərində görmüşəm), həm
də qalınlığı (400 səhifə!) istər-istəməz məndə ikiqat maraq, üstəlik (nə yalan
deyim) şübhə yaratdı ki, 29 yaşlı (nəzərə alaq ki, kitab 2017-2019-cu illərdə,
yəni 26-28 yaşlarında yazılıb) gənc 400 səhifəni hansı düşüncələri, fikirləri
ilə doldura bilər? Az-çox nəsr təcrübəsi olan biri kimi bunun heç də asan başa
gəlmədiyini gözəl bilirəm.
Onun
üçün ilk imkanda kitabı oxumaq qərarına gəldim ki, görüm dediklərincə var imiş?
***
“Səs və
ya Qırmızı” ata (Ramiz), ana (Səma) və oğulun (İdris) Qurban bayramı ərəfəsində
üç gün boyu yaşadıqlarından bəhs edir. Üç nəfərin arasındakı
münasibətdən-konflikdən doğan əsər Bermud üçbucağı kimi bütün keçmiş hadisələri
(xüsusilə ata ilə bağlı) içinə çəkir.
Ailənin
yeganı oğlu, 23 yaşlı İdris günü kitablar arasında keçən, özünəqapalı,
hərdəmxəyal, yazıçılığa iddialı gəncdir. Onun ədəbiyyata meyl etməsində on ilə
yaxındır Bakıdakı klinikalardan birində yatan atasının təsiri az deyil. Xəstə
yatağına bağlı qalmasının taleyin bir cilvəsimi, yoxsa törətdiyi cinayətinmi
(bu cinayətin gerçək olub-olmamağı sona qədər məchul qalır) bədəli olmasını da
nə oxucu, nə də Ramiz özü müəyyənləşdirə bilir. Oxucu bunu gəncliyində bir
vaxtlar yazıçılq eşqinə düşmüş atanın, indi isə bütün gününü yataqda keçirib
xəyala dalmaqdan başqa əlindən heç nə gəlməyən xəstənin yazdığı hekayə və
düşüncələri ilə aşkarlayır: “Xəstə
yatdığım ayların (illərin deməli idim!) sayını unutmuşam. Bu, mən daxil
olmaqla, heç kəsin vecinə deyil, mən istisna olmaqla, heç kəsi narahat da
etmir. Bütün bunlara səbəb mənəm. Bunları və səbəbləri bilmirəm. Özümü
əyləndirmək üçün ağlımda hər gün cürbəcür söz oyunları oynamaqdan başqa, indiki
kimi uzandığım xəstə yatağında çox az işə yarayıram. Əlbəttə, bir balaca səmimi
olsaydım, heç bir işə yaramadığımı etiraf edərdim.”
Üçbucağın
digər tərəfində isə oğlunu hər vəchlə atasının tilsimindən qurtarmaq istəyən,
onu ailə qurub, uşaq sahibi görmək istəyən ana dayanıb. Bütün cəhdlərinə və
məhəbbətinə laqeydliklə cavab verən hərdəmxəyal, öz aləmində, kitabları və düşüncələri
ilə yaşayan əriylə keçirdiyi bihudə illərin əvəzini oğlunun adi həyatında
tapmaq istəyir Səma: “Nə etməyə çalışdığını
bilirəm, lənətə gəlmiş yeşiyin və sən, doldurursan içini, əvvəllər başını
doldura-doldura zəhərlədin, indisə İdrisi, oğlumun beynini arabir
zəhərləyirsən, qəribə şeylər oxudursan ona, guya sən də belə yazmalısan, sən
mən olmalısan, mənim olmaq istəyib ola bilmədiyim digər mən olmalısan,
qəribəliklərlərlə dolu qarışıqlıq olsun istəyirsən oğlumun başında, özün kimi
uğursuz və faydasız, atanın qoyub getdiyi şirkət də olmasaydı heç nə olardın
sən, amma mənim İdrisim..., anası qurban ona.”
Buna
görə də illərlə görüşmədiyi qrup yoldaşına (Aysu) zəng edib onu qızı Məryəmlə
birlikdə evlərinə dəvət etməsi də oğlu üçün çabalarının əsas tərkib hissəsidir.
O, bu mübarizədə Ramizlə əks qütbdə dayanır. Ramizin özünün və arvadının
həyatını məhv etdiyi kimi İdrisin də həyatını məhv etməsini istəmir. Bütün gücü
ilə buna qarşı qoymağa çalışır.
Onu
qeyd etmək istədim ki, fəsillərin adları gəlişigözəl, sadəcə başlıq xatirinə
deyil, böyük diqqətlə seçilib və mətnin məzmun və mesajını dəqiqliklə ehtiva
edir. Buna epiqrafları da aid etmək olar. Epiqrafların hər biri fəslin ruhuna,
mənasına uyğun gəlir və mətnlə üzvi şəkildə bağlanır. Bunun özü müəllifin yazdığı
romana qarşı nə qədər həssas davranmasının, onun hər bir detalı üçün nə qədər
səylə çalışmasının göstəricisidir.
Ş.Həsənov
hadisəçiliyə meyillikdən ziyadə obrazların daxili aləminə nüfuz etməkdə
maraqlıdır. Qəhrəmanların ətrafında baş verənlər onların iç dünyalarının
açılmasına kömək edir və bütün bunlar film lenti kimi, amma yavaş sürətlə
sözlərə hopur. Hər detal, hər bir fikir ağır artilleriya ilə yüklənmiş ordu
kimi aramla gözümüzün önündən keçib gedir, tələsmir, personajların daxili
monoloqları nəticəsində oxucu onların nə hiss etdiklərini ən xırda detalına
qədər duyur. Lakin müəllif personajların daxili aləmlərində ilişib qalmır,
ümumi təhkiyə öz qaydasınca davam edir və əsərin strukturu pozulmur.
“Səs və ya Qırmızı”nın hadisəsi fəsil-fəsil hər bir qəhrəmanın dilindən nəql olunur, lap dəqiq deyəsi olsaq, oxucu personajın dilindən çıxan sözləri deyil, beynində qaynaşan söz yığınını görür, buna görə şüurdakı pərakəndəlik mətnə də sirayət edir, onun “saçlarını” sığallamaq yerinə pırpızlaşdırır, “səthini” hamarlamaq yerinə kələtə-kötürləşdirir ki, bu da şüur axınının əsas xüsusiyyətlərindəndir. Bəzən eyni hadisəni, məsələn, əsərin əvvəllində balıq, qatıq, xlor satanların səslərinin İdrisgilin evində yaratdığı ovqatı həm ananın, həm oğulun dilindən oxuyuruq. Sonrakı fəsillərdə də Aysunun qızı Məryəmlə onlara gəlməsini həm ananın, həm də oğulun təsvirində görürük. Buna görə də bir hadisəyə müxtəlif prizmalardan baxmaq imkanı yaranır. Onu vurğulamaq istərdim ki, müəllif çox vacib olan rakurs fərqliliklərini saxlaya bilir. Məsələn, Məryəm əyiləndə onun yaxasını görən İdris utancaqlıq və incəliklə “sinə” sözünü seçirsə, Səma özünün yetkin qadın düşüncəsi ilə “döş” kəlməsini işlədir. Başqaları üçün bu ötəri bir detal ola bilər, lakin mənim üçün bu cür xırda təfərrüatlar da önəmlidir, çünki personajın xarakterinin açılmasında əhəmiyyətlidir.
Ana ilə
oğulun dilindən səslənən fəsillərdən fərqli olaraq romanda atanın fəsilləri
(monoqloları) ilə yanaşı onun yazdığı hekayələr də yer alır. Bu hekayələr
daşdan hörülmə uzun divarın ortalarına tökülüb onu möhkəmlədən beton dayaqlar
kimi romanda vacib birləşdirici xüsusiyyət daşıyır. “Mən qoyunam”,
“Kalendarhane məscidinin itiyəm”, “Mən vicdanam”, “Məni öldürdülər”, “Mən
Bayquş Bəyazam” “Biz – üç yarasa”, “Cetoni Aurta mənəm!” kimi hekayələrin hər
biri Ramizin yazıçılıq bacarığını sərgiləməklə yanaşı onun daxili dünyasının,
yaşadığı sevgi macərasının açılmasında müstəsna xidmət göstərir. Artıq əsərin
ortalarına doğru müxtəlif canlıların, mücərrəd varlıqların dilindən
səsləndirilən və yüksək istedadla yazılmış hekayələr vahid xətdə cəm olaraq
süjeti daha maraqlı və rəngli edir. Beləliklə oxucuya əyan olur ki, əslində
əsərin baş qəhrəmanı yazıçı olub-olmamaq dilemması qarşısında qalan 23 yaşlı
İdris yox, neçə il xəstə yatağında çarpışan ata və onun 23 il əvvəl törətdiyi
cinayətin (?) verdiyi vicdan əzabıdır. Artıq bir insan kimi özünü faydasız
hesab edən, xəstə yatağına illərlə pərçim olmuş Ramiz insan olmaqdan çıxır,
çəkdiyi vicdan əzabı içini güvə kimi yeyib dağıdır, o, özünü unudur və itdən,
qoyundan, bayquşdan, yarasadan, qızılı parıldaq böcəyindən fərqlənmir, insandan
başqa bütün canlılara çevrilir, bir növ Qreqor Zamza ilə eyniləşir, onun ədəbi
qardaşına, taledaşına çevrilir. Sanki bununla həm də özündən qisas alır,
məsələn, “Mən qoyunam” hekayəsində ağrılarını Qurban bayramında kəsilən qoçun
ağrıları ilə eyniləşdirir (“Gözlərim
gah yumulur, gah açılır. Axan və ağır-ağır qatılaşan al qanıma sevgiylə baxıram
və gülümsəyirəm. İndi dişlərimdə sərin mehin gəzişdiyini hiss edirəm. Bu,
ürəyimə də bir növ sərinlik gətirir. Qanımın sürətlə qıvrıla-qıvrıla qarşısına
çıxan maneələrdən yan keçdiyini, sanki, öz yolunu müəyyən etdiyini və bunun
məni İsaya aparan uzun bir yolun başlanğıcı olduğunu düşünürəm. Yəqin,
gözlərini məndən çəkən cəlladım da bunu anlayır”), “Mən
Bayquş Bəyazam” hekayəsində törətdiklərinə haqq qazandırırmış kimi bayquş
müdrikliyinə bürünür, “Biz – üç yarasa” hekayəsində isə içindəki qaniçən obrazı
faş olur. O, həm də bu canlılar ilə şəxsləşir, onların gözləri, ayaqları,
qanadları ilə on ildir pərçim olduğu xəstə yatağından qalxıb təbiəti dolaşır,
çölü-bayırı gəzir, bu hekayələr onun ayağına çevrilir: “Çünki bilirəm: ayaqlarım məndən cəsurdur, azadlığa inanmırlar.
Şanslıdırlar, başımdakı səslərdən uzaqda yaşayırlar”. Palatada
tənhalığı ilə baş-başa qalan Ramiz tez-tez bir zamanlar sevdiyi Z-ni
xatırlayır. Z ilə münasibətləri qarışıqdır, aralarında hər şey yaxşı gedən
zaman Z qəfildən onu tərk edib Hollandiyaya yollanır, dörd ildən sonra
qayıdanda isə özünün jurnalist qohumu ilə evlənir. Bu müddət ərzində Ramiz də
artıq Səma ilə ailə həyatı qursa da bu evlilik onu xoşbəxt etmir. Səmanın
qarnındakı balaca İdris böyüdükcə Ramizin beynindəki Z -yə qarşı olan məhəbbət
də böyüyüb idarəolunmaz vəziyyətə düşür. O, manyak təki Z-ni hər yerdə izləyir,
köhnə sevgilisi ilə görüşməyə can atır. Hətta Z ilə xoşbəxt olmaq üçün onun
həyat yoldaşı Kamranı öldürdüyünü də öyrənirik. Lakin illər sonra
yaddaşsızlıqdan əziyyət çəkməyə başlayan xəstə Ramiz bütün bu keçmişi zar-zor
təzədən canlandırmağa çalışdıqca biz nəyin gerçək, nəyin təxəyyül, hətta bədii
məhsul olduğunu dərk etməyə çətinlik çəkirik. Çünki oğlu nəhayət roman
yazacağını dilə gətirəndə və atasının çarpayısının altında illərlə yazdığı
yazıların yığıldığı yeşiyi ondan alıb aparandan sonra İdrisin gözlənilənlərin
əksinə katarsis yaşamadığının şahidi oluruq. Axı atanın cinayət etirafı və
“Pandora qutusu”nun açılması oğulda təsirsiz ötüşməmliydi. Belə görünür ki,
Ramiz törətdiyi cinayəti yazılarının arasında yaxşı gizlədə bilib, ya da
müəllifin bir yazıçı kimi təcrübəsizliyinin, ola bilsin, tələskənliyinin
qurbanı olub.
Səmanın
dilindən yazılan fəsillərin ortaya çıxmasının da öz məntiqi əsası var. İdris
anasından xahiş edir ki, qurban bayramı ərəfində üç gün ərzində baş verənləri
öz dilindən nəql etsin. Beləliklə roman təkcə İdrisin deyil, ailənin bütün
fərdlərinin bədii məhsulu kimi ərsəyə gəlir.
Əsərin
dili haqqında onu deyim ki, müəllif özü açıq şəkildə hiss etdirdiyi kimi Prust
və başqa yazıçıların təsirinə qapılaraq uzun cümlələrə meyl edir və buna görə
də bəzən təhkiyədə kələ-kötürlüyə rast gəlirik. Təbii ki, əsərin dilini daha
yaxşı etmək olardı. Lakin kitabın redaktoru Şərif Ağayarın məqaləsindən aydın
olur ki, müəllif hər bir redaktənin üstündə təkidlə dayanaraq köklü
dəyişikliklərə icazə verməyib. Məncə bu dirəniş gənclik maksimalizmindən
qaynaqlanır ki, zamanla o keçir və sən istər-istəməz əsərinin “Quran ayəsi”
olmadığını anlayıb (həm də onu “Quran ayəsi” səviyyəsinə çatdırmaq üçün)
məcburən redaktor qarşısında əllərini göyə qaldıraraq təslim olursan, xüsusən
də Şərif Ağayar kimi bir yazıçı redaktorundursa.
Lakin
bu kələ-kötürlük əsərin məğzinin üzə çıxmasına bütövlükdə mane olmur, bəzən isə
uğurlu təsvir və bənzətmələrin bolluğunda əriyib yox olur. Müəllif tələsmədən,
anbaan obrazlarının daxili dünyasına nüfuz edir, hərdən intellektual gedişlər
etməklə (“Mən Bayquş Bəyazam”, “Biz - üç yarasa”, “Cetonia Aurata mənəm!” və başqa
fəsillərdə) onu belə cümlələrin arasında məharətlə əridir və bir-birindən gözəl
bənzətmələrlə əsəri toxuyur.
Açığı
deyim, ilk baxışdan mənə elə gəlmişdi ki, 29 yaşlı bir müəllifin 400 səhifəlik
roman yazmağa nəfəsi çatmaz, lakin əsəri oxuduqca onun necə böyük məharətlə,
hadisəçilikdən qaçaraq öz hekayəsini həzin-həzin danışdığının şahidi olanda
heyrətlənməyə bilmədim. Düzdür, əsəri oxuyanda Prustun, Nabokovun, Pamukun
(“Səs və ya Qırmızı” mənə Orhan Pamukun “Səssiz ev, “Mənim adım Qırmızı”, “Qara
kitab” romanlarını xatırlatdı) və başqa müəlliflərin təsirləri hiss olunur,
lakin bu təsirlər üzköçürmə deyil, eyni metodu başqa cür işləmə bacarığı
deməkdir. Məsələn, Ramiz Z-nin yaşadığı binanı təsvir edərkən, əvvəlcə onun
rəsmini çəkir: “Beləcə, bozumtul, açıq-mavi
rənglərlə Z-nin içərisində yaşadığı binanın hər gün girib-çıxdığı ensiz,
birinci giriş qapısından başlayıb, yuxarı istiqamətdə iki mərtəbə qalxmaq,
Z-nin içərisində gəzişdiyi mənzilin həyətə baxan iki pəncərəsini sarımtıl işıq
düşən pərdələrilə birlikdə rəsm etmək lazımdır. Pəncərədəki pərdələrə xüsusi
diqqət ayırmaq lazımdır. Çünki tül pərdələr (indi də xatırladığım kimi) onlara
düşən sarımtıl işığa rəsmən açıq-mavi rəngdə olmalıdır, məhz Z tərəfindən
çəkildikləri üçün dalğaları alçaq və səssiz görünməlidir. Soyuq girişin həmişə
üfunət qoxuyan qaranlığını, ona bitişik sağdakı zir-zibil boşluğunun yarıaçıq
dəmir qapısını, orası-burası zamanla aşınmaya uğramış çirkli beton pilləkənləri
olduğu kimi deyil, Z-nin görmək istəyəcəyi kimi, düzgün və səliqəli xətlərlə
çəkməli və canlı rənglərlə təzələməliyəm.”
Səmanın
otaqda tək olan zaman öz çılpaq bədəninə baxaraq keçirdiyi hisslər isə
möhtəşəmdir. Hər müəllif qarşı cinsin hisslərini bu cür həssaslıqla duyub
qələmə ala bilmir: “Yataq otağına keçməzdən
əvvəl koridorun aynasındakı bədənimə baxdım. İstifadə etdiyim nəmləndirici,
yumşaldıcı və qırış əleyhinə yalançı kremlərə baxmayaraq, əllərim qab və paltar
yumaqdan ola bilsin, bir balaca iriləşib. Bədənimsə elə gəncliyimdəki
formasında qalıb. Yalandan belimi sığalladım. Bu gün bir ovucda yerləşməsi üçün
əlavə iki əlin də lazım olduğunu təxmin etdim. Boynumu qeyri-ixtiyari sağa
əyərək əllərimi azcana çıxmış qarnımın, sinəmin və çanağımın üstündə gəzdirdim.
Məryəm belə anormal dərəcədə incə qala bilmək üçün bəlkə də nəsə edir, deyə
fikirləşdim.”
Eyni
fəsildəcə davam edir: “İlahi, sinəm necə yoxa
çıxıb! Bunlara baxsana! Əvvəl əllərimin içindən daşardı, yığıb-yığışdıra
bilməzdim. Ağırlığı ilə fiziki, Ramizin atmacaları ilə mənəvi əzab verərdilər.
Son on ildə heç kəs toxunmayıb deyəmi belə küsüb-büzüşüb yığılıblar? Ərsizlik
deməyə dilim gəlmir, neyləyir orda İdris? ”
Gözəl
bədəni ilə öyünən Səma Ramizin gözəlliyinin qədrini bilməməsinə heyfslənir.
Ərinin evləndiyi yaşda olan oğlunu evləndirməklə ondan yaşanmamış həyatının həm
qisasını almaq, həm də dadını çıxarmaq istəyir. Lakin illərlə öz məhəbbətini
oğluna verən ana özünü bundan sonra onun yerini tutacaq Məryəmlə də müqayisə
etməkdən qalmır. Nə qədər çalışsa da daxili narahatlığı öz qadın gözəlliyinin
ötüb keçməsini qəbul etməyə qoymur. Qadınlığını doya-doya yaşaya bilməyən Səma
var gücü ilə oğlunu Ramizdən, onun lənətə gəlmiş qutularından kənar qoymağa
çalışır ki, heç olmasa bununla öz bədbəxt taleyində nələrisə düzəltsin: özü
xoşbəxt ola bilmədi, qoy oğlu və gəlini xoşbəxt olsun.
Səma
kitabların ərini məhv etdiyi kimi oğlunu da məhv edəcəyindən qorxur. Görəsən
Azərbaycan qadının Sabirin “Çatlayır, Xanbacı, qəmdən ürəyim” şeirindən gəlmə
kitab düşmənliyi nədən qaynaqlanır? Doğrudanmı Azərbaycan qadını ərini, oğlunu
elmli, savadl, intellektual biri kimi görmək istəmir, yoxsa bütün qadınlar bu
cürdür? Səma deyir: “Sadəcə onu, o
işəryaramaz kitablarından ayırmaq lazımdır. İnsan içinə çıxınca parlayır sanki.
Kitabların bataqlığından qurtulan gözləri də bir cüt almaz kimi işıldayır.” Şahbaz
bəyin Parisə getməsinə əngəl olan qadın indi savadlı olduğu təqdirdə belə
(İngilis dili müəlliməsidir Səma) oğlu üçün ən böyük uğurun ailə səadəti,
oğul-uşaq olacağını düşünür? Yeri gəlmişkən Aqşin Yeniseyin “Tarix və Tale”
əsərində də ana oğluna münasibətdə eyni mövqedən çıxış edir. Bu isə ayrı bir
yazının mövzusudur.
***
Açığı
29 yaşında bir gəncin belə bir yükün altına girməsi məni sevindirir. Onun
qələmindən bir çox parametrlərinə görə sanballı bir əsərin çıxması tək özünün
deyil, ədəbiyyatımızın da uğurudur. İnanıram ki, gələcəkdə Şamxal Həsənov “Səs
və ya Qırmızı”dan da qat-qat gözəl əsərlər yaradacaq.
Çünki
haqqında bəhs etdiyim roman dediklərincə var imiş.