Mixail Litvak:Qadınların seksual pozuntuları
Məşhur psixoterapevt Mixail Litvak, kişiləri harda axtarmaq lazım…
Bir yandan Şaumyan qətl edirdi, digər tərəfdə xalq aşura günü öz başını qılınclayırdı. Belə xalqın içindən Osmanlı ordusu bir ölkə və millət çıxardı. Azərbaycan ölkəsində yaşayan əhalinin Osmanlıya bir minnət borcu var. Osmanlını tənqid edə bilərlər. Mən də tənqid etmişəm. Lakin Azərbaycan adında ölkənin dünyada var olmasının səbəbi Osmanlı idi.
Güntay bəy, Ağalar Məmmədovun yazılarını oxudunuzmu?
Dillə bağlı birini oxudum, Cavidin adı keçən yazısını da səninlə danışdıqdan sonra oxudum.
Bu kimi yanaşma metodu haqda fikriniz nədir?
Bizim kültürümüzdə sorqulayıcı düşüncə olmamışdır. Sorqulayanları boğmuşdur kültürümüz və gələnəyimiz. Bu üzdən də ölkədə və tariximizdə düşüncə azadlığı, fərdiyyət kimi qavramlar doğmamışdır. Bu kimi haqların ölkəmizdə, düşüncə tariximizdə doğması üçün sorqulayıcı görüşün olması gərəkir. Bu baxımdan etik çərçivədə hər tür sorqulamanın yararlı olacağını düşünürəm, yalnız etik çərçivədə. Özəlliklə kor-koranə fanatik dinçiliyin gücləndiyi bir dönəmdə sorqulayan qələmlərin aktiv olmaları gərəkdiyinə inanıram. Hüseyn Cavidin dili ilə modernitə və sorqulayaraq yenilənmə görüşünü bu şəkildə bəyan edə bilərik:
“Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var ancaq: yeniləşmək.
Bizlər yeniləşsək belə daim,
Bir əskilik az-çox bizə hakim”
Həyatımıza qənim kəsilən bu əskiliyi Cavidin də dediyi kimi yeniləşmə və sorqulama ilə durdura bilərik.
Ağalar bəyin dilimiz haqqında...
Ağalar bəy, ingilis türkoloq Geoffrey Lewis´in “Trajik başarı” adlı kitabından etkilənərək bir şeylər yazmışdır. Lewis Türkiyədəki dil reformu haqqında bir kitab yazmış və bu reformu trajik başarı adlandırmışdır. Çünkü 600 il türkcəyə sahib çıxmayan bir dövlət sistemi olmuş, sonra cumhuriyət dönəmində türk dilinə çox önəm verilərək bu 600 illik ərəbləşdirmə təcrübələrinə qarşı mücadilə aparılmışdır. Bunun da səbəbi var idi. Əməvi-ərəb irqçilərinin uydurduğu “cənnətin dili ərəbcə olacaq” saxta hədisə əməviçi şeyxlər Osman oğullarını inandırmışdılar. Osman oğulları da cənnətin dili ərəbcə olacaqsa, bu dünyanın da dilini ərəbcə edəlim deyə türk dilini tarixdən yavaş-yavaş silmək istəyirdilər, hətta keçən əsrin əvvəllərində II Sultan Həmid ərəb dilini rəsmi dövlət dili etmək istəyirdi, ancaq milli qüvvələr güclənmişdilər, bu faciənin gerçəkləşməsini əngəllədilər. Sanki bütün müsəlmanlar cənnətə gedəcəkmiş! O zaman Peyğəmbər cəhənnəmin də dilini söyləməli idi ki, sadəcə cənnətə gedənlər deyil, cəhənnəmə gedənlər də lal olmasın, bir dil bilmiş olsunlar. Sonunda günümüzdə xalqın anlayacağı, yabancıların öyrənə biləcəyi və qramatikası olan türk dili ortaya çıxmışdır. Çünkü saxta osmanlıca dilinin qramatikası yox idi, ola bilməzdi. Çocuq vaxtlarında ailələrindən zorla alınaraq manqurtlaşdırılıb soysuzlaşdırılan devşirmələrin dili idi. Ağalar bəy də bu kitabdan etkilənərək bizim ləhcədə bir şeylər yazmağa çalışmışdır. Lewis´in kitabı Türkiyədə tərcümə edilmiş, ingiliscə variantı “Catastrophic success” adı ilə internetdə də vardır.
Yəni deyirsiniz ki, Ağalar bəy bu kitabımı köçürmüş?
Kitabdan etkilənmiş deyirəm. Bu mövzunu ilk olaraq kitablaşdıran adını çəkdiyim ingilis yazar olmuşdur. Ağalar bəyin yazdıqlarında daha komik və türkcə qurallarına uymayan yanaşmalar var.
Gündəlik mübahisə mövzusu olduğu üçünü bunlara işarə etəsiniz yaxşı olar.
Öncə daha önəmli bir mövzuya işarə etmək istəyirəm. Türk dilini incələrkən bölgənin canlı dillərindən birini bilmək gərəkir. Çünkü türk dili ərəb-fars dilləri kültür hövzələrində bir tarix yaşamışdır. Ağalar bəy də əskik olan budur. Bu əksiklik üzündən məsələn yazır ki, “külək” türkcə olmuşdur. Oysa külək əski farscada olan bir sözdür. Farsca səslənişi “kulak”dır. Buna bənzər sözlər çoxdur. “Əfəndi” sözünün də kökənini yanlış yazmış. Hamısını xatırlaya bilmirəm, ancaq bu kimi yanlışlıqlar yazılarında çoxdur. Türkiyədə 100 il öncə başladılan dil reformu farslarda 1200 il öncə başlamışdır. Bu baxımdan da farslar tarixi və sosiolojik zaman etibarı ilə bizdən 1200 il irəlidədirlər. Tarixi mətnlərinin həcmi də 1200 kərədən artıq bizimkilərdən çoxdur. 1200 illik zamana yayılan reform çətinlik oluşdurmamışdır. Lakin 1200 illik gəlişmə 70-80 ildə gerçəkləşdirildiyində problem ortaya çıxır. Bu problemlərin hamısı bir sonrakı 100 ildə unudulacaqdır. 1200 il öncə Səffari fars dövlət adamı Yaqub Leys ərəb dilini yasaqladı və fars dilinin önünü açdı. Lakin fars dilinin o qədər əksikliyi var idi ki, heç bir şey yazmaq olmurdu. O dönəmdən qalan mətnlər çox komik görünər. Ancaq yavaş-yavaş farscanı tarixin, verginin, ədəbiyatın, dövlətlərin və teologiyanın dili etməyi başardılar. Bu sürəcdə fars dilində müəccəmlik adında bir dilçilik sahəsi gəlişdi. Müəccəmlik nə idi? Müəccəm, yəni əcəmləşdirmə və ya farslaşdırma. Daha çox ərəbcədən və bəzən də digər dillərdən alınan sözləri, hətta təhrif və deforma edərək fars dilinə uyqulaşdırdılar. Hətta heç bir dildə bənzəri olmayan “saxta məsdər” belə düzəltdilər. İndi fars dilində saxta məsdərlər adında bir sahə vardır. Eyni şəkildə ərəblərdə də “müərrəb” adında bir dilçilik sahəsi oluşduruldu. Alınan sözləri ərəb dilinin genəl kültürü içində ərəbləşdirmək deməkdir. Məsələn altun anlamında olan farsca “gənc” Quranda “kənz”, farscada “gövhər” olaraq bilinən bu qavram ərəbcədə “cövhər” olaraq keçər. Görürsünüzmü sözlər necə təhrif edilmişdir. Bütün dünya dillərində sözləri bu kimi dilə yatqınlaşdırma sürəcində deformasion yaşanmışdır. Belə olmasaydı dillər inkişaf etməzdi. Bizdə də “kənd” kimi soğdcadan alınan bu kimi sözlər var. Ancaq bunlar çox əski zamanlarda gerçəkləşdiyi üçün Ağalar Məmmədovun diqqətini çəkməz, çünkü Məmmədov bir də öz kinini yazısında ifadə edərək psixoloji olaraq rahatlamaq istəmişdir.
Deyirsiniz ki, Ağalar bəy bu dillərdəki durumlardan xəbərsiz olduğu üçünmü bu şəkildə düşünmüşdür?
İddialarında komik şeylər var. Məsələn “genəl” ingilizcə general sözündən və “imgə” yenə də ingiliscə image sözündən alınmışdır deyir. Bu, doğru deyildir. “Genəl” feilin kökü olaraq bizim dilimizdə yoxmu? “Genəl+mək” məsdəri dilimizdə var, yoxsa yox? Türk dilində bəzi kök feillər isim olaraq da istifadə edilər. Məsələn “ağrı” və “qarı” həm isim, həm də feilin köküküdür: ağrımaq, qarımaq. Türk dilində bu şəkildə bir qural varsa, bunu uyumlu olmasa belə, dil öz ehtiyacına görə başqa sözlərə də uyqulaya bilər. İmgə sözünün də ingiliscənin image sözü ilə əlaqəsi yoxdur. Bizim dilimizdə “him-cim” var. Himləmək anadoluda və Kaşqarlıda imləmək olaraq keçər. İşarə etmək anlamında. Süpürmək məsdərinin əmr formasına “gə” şəkilçisi artırılaraq süpürgə düzəldildiyi kimi, “im” əmr şəklinə də eyni şəkildə “gə” artırılaraq “imgə” düzəldilmişdir. Bunun ingiliscə ilə nə əlaqəsi? Başqa sözləri də bu şəkildə məntiqsizcə açıqlamışdır. Seçki sözü dilimizdə varkən seçim sözünü düzəltmişlər iddiasında bulunur. Bunu iddia etmək üçün sənət ruhundan məhrum olmaq lazımdır. Əvvəla Anadoluda seçki də var, seçim də. Ancaq seçim dilin özünü törətmə ilkələrinə görə düzəldilmiş, yoxsa yox? Düzəldilmişsə bu, dil üçün bir fürsətdir. Məsələn seçim sözü ilə keçim, biçim sözlərini bir şeir parçasında qafiyə edə bilərsiniz. Dildə sinonum sözlər nə qədər çox olsa, bir sənət adamı, özəlliklə bir şair üçün yaradıcılıq imkanları artar.
Ağalar bəyin iddialarını əsassızmı sayırsınız?
Başqa bir iddiasında dilimizdə doğarı və batarı varkən niyə Türkiyədən doğu və batı sözlərini almalıyıq deyə anlamsız əndişəsini dilə gətirir. Bizim dilimizdə doğarı doğu anlamında deyildir, doğuya tərəf olan bir yerdir. Yuxarı kimi. Yuxarı yer üzündə bir tək yer və məkan deyil. Bir çox yerdə yuxarı var. Ancaq Doğu və Batı bir tək məkandır. Doğarı və yuxarı yer üzündə olan bir məkandır. Doğu və batı isə yer üzündə bir məkan deyil. Dörd ana istiqaməti göstərən və yerlə göyün qovuşduğu sanılan üfüqdə bir yerdir. Ayrıca, dilimizdə “u, i, ı, ü” şəkilçiləri ilə düzələn doğu və batı kimi sözlər çoxdur. Bunlar varsa dilin bu şəkildə törəmə yasalarına dayanaraq öz imkanlarını və söz dağarcığını genişlətmənin nəyi pisdir? Dilin quralları yetərli olmadığında (ki, yetərli olmaz da) süni yolla söz düzəldilər. Günümzdə ingilis, fransız, alman, fin dillərində minlərcə süni yolla düzəldilmiş sözlər var. Süni yolla söz düzəldilməzsə, o zaman elm də inkişaf etməz. Var olan dil imkanları ilə elm irəliləməz. Elmin irəliləməsi üçün dil də gəlişməli, genişləməlidir. Düşünün məsələn uzay araclarının özəl dili var. Xalq o dili heç anlamaz və o uzmanların dilidir. Çoxu da süni yolla düzəldilmiş. Çünkü o qədər sözü dilin ilklərinə dayanaraq düzəltmək olmaz. Yəni dildə süni yolla söz düzəltmə normaldır.
Ağalar bəy iddia edir ki, bizdən heç bir söz alınmamışdır. Məsələn soyuducu kimi sözləri ala bilərdilər.
Əsassız iddadır. 1938-ci ildə Dilaçarın da yardımı ilə 49 min yeni söz düzəldilərək dilə artırıldı. Bunlardan min söz başqa türk ləhcələrindən alınmışdır. Bu min söz üzərinə ortaq ilətişim təqribən inşa etmək mümkündür. Soyuducu sözü hansı tarixdə düzəlmişdir? Sanıram 1960-70-ci illərdə. Yəni Azərbaycan sovet zindanında yaşarkən. O zamana qədər bu kimi sözlər Türkiyədə öz qarşılığını düzəldərək artıq dildə yerləşmişdi. Azərbaycanda iki söz düzəlib son 70 ildə. Soyuducu və tozsoran. Tozsoran da yanlış söz birləşməsidir. Toz sorulmaz, somurular. Tozsomuran olmalıdır, çünkü sormaq sual etmək deməkdir. Bəziləri deyirlər ki, tozsovurandır. Sovurmaq içinə çəkməz, ətrafa dağıdar. Məmmədovun yazısından belə anlaşılır ki, sanki Türk Dil Qurumunda Azərbaycandan söz almamaq üçün özəl bir plan varmış!!! Bunlar Məmmədovun xəyal quruntularıdır. Eyni görüşü bir türkmən, tatar, qırqız və özbək də iddia edə bilər.
Dilaçarın erməni olduğunu bir qüsur olaraq görürlər.
Kaşqarılıdan sonra dilimizə ikinci ən böyük xidmət edən şəxs Dilaçar olmuşdur. Erməni olmasının nə önəmi var? Bütün Osmanlıdan türk dilinin qanunlarını bilib ona görə dili öz kökü üzərində böyütmək istəyən bir tək alim qalmamışdı. Dilaçar türkcəni, ermənicəni və digər dilləri də yaxşı bilən dilçi idi. Dilçilik bir elmdir. Bu elmlə məşğul olmaq üçün milliyət və din məsələsi söz qonusu ola bilməz. O zaman biz türk tarixindən miras qalan Orxun yazıtlarını, Dədə Qorqud nüsxələrini də qəbul etməməliyik. Onları yabancılar kəşf edib oxudular, öz arxivlərində saxladılar. Türk tarixinin belə bir problemi olmuşdur. Türk heç bir zaman kültür, dil və mədəniyyət dövlət və imperatorluqları qurmamışdır. Əslində bütün axsaqlıqlar da buradan qaynaqlanır. İrandakı türklər də bu aşağılıq kompleksi üzündən böyük ədəbiyyatı və tarixi mirası olan farsca qarşısında aşağılıq kompleksi yaşayaraq könüllü asimilə olurlar. Çünki farscanın qarşısında türkcənin mənəvi və mədəni sərmayəsi yox dərəcəsindədir. Bəzi verilərə görə, farscada sadəcə 40 min divan var. Yəni 40 min Füzuliləri var. Fars dilini bilən adam istisna hallarda türkcəyə meyllənər. Bir tək fars vətəndaşı olmayan Osmanlıda 2200 cild farsca divan və digər mətnlər yazılmışdır. Türk dilində bir tək cild belə sistemli bir əsər miras qalmamış, olanlar da türkcə sayılmazlar, saxta osmanlıcadır. Ancaq farsca yazılanlar təmiz farsca yazılmışdır. Yəni Osmanlıda farsca yazılan əsərləri indi beş sinif farsca oxuyanın önünə qoysan hamısını oxuyub anlar, ancaq saxta osmanlıcada yazılanı bir professor belə oxuyub anlayamaz. Osmanlı türkləri qətletmə viranəsi idi. Bu xərabənin içindən bir millət və dil çıxarmaq asan deyildi.
Ağalar bəy, nümunələr göstərərək türkiyəcə adında bir dil ifadəsi ortaya qoymuş. Buna nə deyirsiniz?
“Qabaq, çibin, ənkə” kimi üç-dörd söz yazıb sonra “bu kimi yüzlərlə sözlərimiz Azərbaycan dilində eyni mənada indi də işlənilməkdədirlər” kimi bir savunmanın təməli yoxdur. Burada yüzlərcə deyil, onlarca da söz sayılmır. Saydığı sözlərin sayı 40 belə olmaz. Ancaq ortaq söz dağarcığımızın sayı yüzminlərcədir. Daha doğrusu Anadoludakı xalq dili ilə bizim dilimizdəki söz dağarcığı eynidir. Bizə lazım olan da ortaqlığı anlamaq və bunun üzərinə düşüncə ürətməkdir. Ayrıca, bu üç söz tam olduğu kimi Anadolunun dəyişik yörələrində varlığını sürdürməkdədir. İstanbul ləhcəsi fərqlidir, çünkü min yüz il daha öncə başqa mədəniyyətin və imperatorluğun mərkəzi olmuşdur. Bu üzdən əski mədəniyyətin türk dilinə İstanbulda etkisi olmuşdur. Ayrıca, türk dilinin kökənini axtarmaq üçün şumerlərə baş vurmaq moda olmuş. Şumerlərlə türklərin əlaqəsi elmi əsaslara dayanmır. Məsələn Vill Durant yazır ki, şumerlərdəki tək hecalı sözlərin çoxu moğolcadır. Fin dili ilə türk dilinin də heç bir əlaqəsi olmasa da bunları bir dil ailəsinə mənsub bilərlər. Bir-birinə bənzəyən sözlər hər dildə tapıla bilər. Səslər insanların ağzında sözə dönüşdüyü üçün əlbəttə sözlərdə bir-birinə bənzəmə də olacaq. Bu kökdaş dil olma anlamına gəlməz. Məmmədov 5000 il bundan öncəki şumerləri buraxsın da son 1000 ildə Altun yaruqda, Füzulidə, Nəsimidə, İmrədə, Qorqudda keçən “ulaşmaq, onarmaq, ilətmək, yıpar, tünək, yanıt ...” kimi sözləri dilimizdə qullana bilirmi? Özünü haqlı göstərmək üçün şumerlərə sığınmağa gərək yox ki. Şumer dili tarixdən silinib yox olmuş. Günümüzdə şumerlər üzərinə mövcud araşdırmaların da çoxu zənnlərdən ibarətdir, bir çox şumer mətni də yanlış və caydırılaraq oxunmuşdur.
Cavid haqqında söylədiklərinə ümumi olaraq nə deyə bilərsiniz?
Etik deyil, Cavidin acılarından sevinərcəsinə kin dolu bir yöntəm qullanılmışdır. Bu yanaşması göstərir ki, Cavidi ya heç oxumamış, ya da oxusa da ön yarqı və kini Cavidi anlamasına mane olmuşdur. Cavidi anlamaq üçün həm də sənət ruhuna sahib olmaq gərəkir. Cavidin yaradıclığı və dünyagörüşünün üfüqləri dar dil çərçivəsinə sığa bilməzdi. Şərq tarixində düşüncə və dünyagörüşü dialektikasının örnəyinə ancaq Cavid yaradıclığında tanıq olmaqdayıq. Bu üzdən Cavidin mətnləri incələnərkən mümkün ölçüdə ön yarqılardan və özəlliklə kəndçi ölçüsündə kindən uzaq durmaq gərəkməkdədir. Stalini, ya da Bağırovu tənqid edərkən sayqı sınırı aşıla bilər, çünkü onlar qatil olmuşlar. Cavid yaradıclığına yanaşmada ədəb və etika birinci şərt olmalıdır. Varlıq, insan və düşüncə üçbucağı ilə Cavid yaradıclığında geniş ölçüdə qarşılaşırıq. Dilimizdə və tariximizdə bunun ikinci örnəyi yoxdur. Əttarın irfanını, Xəyyamın dəhrilik fəlsəfəsini türk dilində bizə sənət gözəlliyi ilə bütünləşdirib açıqlayan ancaq Caviddir.
Cavidi müdafiə edən bir metoddan istifadə edirsiniz siz də. Daha tərəfsiz şəkildə fikrilərinizi açıqlamırsınız sanki.
Yox, söz qonusu savunma deyil. Bir mütəfəkkirin düşüncəsi, dünyagörüşü və sənət təcrübəsi haqqında heç bir tutarlı bilgi vermədən “nasıl” sözünü qullandığı üçün onu aşağılamaq tənqid mədəniyyətinə və etikasına ziddir. Cahilcə bir yanaşma yöntəmidir. Cavidin dünyaya, sənətə, dil məsələsinə baxdığı üfüqü kəşf etmədən, mətnlə qarşı-qarşıya gələn araşdırmaçı öz burnunun ucunda dolaşan dar və darısqal sahədən baxar və dar bucaqlı üfüqünə yalnızca xəyalında qurquladığı şeylər görünər. Bu, bir mətnin və sənət əsərinin incələmə şəkli deyildir. Öz burxuq psixoloji gərginliyinə dayanaraq bir növ intiqam almaqdır. Tam da bu kimi yanaşma keçən əsrin 20-30-cu illərində mövcud olmuş və Süleyman Rüstəm kimi şairlər Ağalar Məmmədovun yazdıqlarını tətbiq etmişlər. Rəsulzadə və arxadaşları Almaniyada “Qurtuluş” adında dərgi çıxarırdılar. Orada şair Almas İldırımın bu haqda xatirələri vardır. S. Rüstəm və digərləri İldirimin şeirindəki türkcə sözləri çıxarıb yerinə ərəb-fars sözləri soxaraq çap edir və bu sözlər türk kimliyini çağrıdırışdırır deyə uyarırmışlar.
Ağalar bəy böyük işkəncələrə məruz qalmış Cavid kimi bir şəxsiyyət haqqında nədən belə aşağılayıcı sözlər ifadə etmişdir?
Məmmədovun tənqidi etik və metodik deyil, çayxana şüuruna dayanan bir yöntəmdir. Tarixi bir fenomeni, bir sənət əsərini anlamaq üçün tarixi üfüqə sahib olmaq gərəkir. Anlama sürəcində önümüzə çıxan ön yarqılarımızı, ancaq bu yolla qıra bilər və ədalətli, etik və estetik anlama və anlatmaya, tənqid elminə və kültürünə sahib ola bilərik. Bir qələm əhlinin öldürülüşündən məmnuniyyət hissi yaşamaq, məncə böyük haqsızlıq, sayqısızlıq və kültürsüzlükdür. Tənqid elmi ilə də heç bir əlaqəsi ola bilməz. Ön yarqıların pəncəsində düşüncə hərəkətliliyini və aydınlanma üfüqünü itirmiş olan bir beyin, ancaq bu şəkildə öz kininə gömülə bilər. Cavidin repressiyada öldürülməsindən məmnuniyyət hissi keçirmənin anlama və anlatma elmi ilə heç bir bağlantısı ola bilməz. Anlama metodunu müəyyən edən mətn oxucusu və açıqlayıcısının niyyəti və amacıdır. Çünkü mətn oxucusu mətndən anladığını niyyətinə görə açıqlar. Məmmədovun niyyəti ön yarqılarının və kininin zindanına gömüldüyü üçün Cavidi anlaya biləcəyi qeyri-mümkün olaraq görünür. Bu metodla çağlar arası, qələmlər arası, beyinlər arası və mətnlər arası düşüncə dialoqu qurmaq mümkün olmaz.
Cavidi suçlamasının səbəbi osmanlıcaya meyllənməsidir. Necə yerinə, “nasıl” kimi sözləri qullandığı üçün tənqid edir.
“Nasıl” əruz şeir vəzni tərəfindən türk dilinə və onun bənzəri də fars dilinə girmişdir. Bu da dil üçün bir imkandır. “Nasıl” necəliyi ifadə etmək üçün bir imkan yaratmışdır. “Necə”nin əruzda qullanılması asan deyil. Zahirən “necə” əruz sözü deyildir. Bu sürəc sadəcə türk dilində deyil, fars dilində də var. Fars dilində necə anlamında qullanılan “çequne” var, bir də ərəbcə ilə farscanın birləşməsindən nasıl kimi düzəldilmiş və nasıl anlamına gələn “çetor” var. Fars şeir dili üçün “çetor” sözü bir imkan yaratdığı kimi “nasıl” da türkcədə şeir yazmaq, özəlliklə əruz vəznində şeir yazmaq üçün fürsət oluşdurmuşdur. Ayrıca, Cavid yaradıclığında həm yaxşı-iyi, necə-nasıl keçməkdədir. Əruz vəznində nasıl keçər. Sinonim sözlərin çoxluğu sənət adamı, özəlliklə şair üçün fürsətdir. Lakin Cavidi sırf bir “nasıl” sözünə dayanaraq dəyərləndirmək böyük cahillikdir. Cavidi dəyərləndirmək üçün şeir sənətini bilgi olaraq bilmək yetərli deyil, həm də yaşantı olaraq yaşamaq lazımdır.
“Cavid osmanlıcanın Azərbaycanda qulbeçəliyini eləyirdi, özü də baş qulbeçəliyini.“ Bunu necə dəyərləndirirsiniz?
Bunu sayqısızlıq və kültürsüzlük olaraq dəyərləndirirəm. Bir şəxsiyyəti və ədəbi mətni tarixi şərtləri dışında dəyərləndirmək olmaz. Cavidin yaradıcılığının bir dövründə tarixdə Azərbaycan adında bir məkan və ölkə olmamışdır. Qul kölə və beçə də çocuq deməkdir, yəni kölə çocuq. Yəni Cavid osmanlının və ya osmanlıcanın kölə çocuğu olmuşdur. Bunu söyləmək üçün Cavid yaradıclığından xəbərsiz olmaq gərəkir. Mərkəzi Asiyada, Anadoluda, İranda və ərəb ölkələrində son 200 ildə Cavid səviyyəsində bir şair, dramaturq və dini düşüncələri şeirlə təfsir edən şəxsiyyət yetişməmişdir. Bu üzdən bu kimi bir şəxsiyyət haqqında tənqid və dəyərləndirmə böyük sorumluluq, ədəbiyyat və mətnşünaslıq haqqında geniş bilgi gərəkdirər. Yoxsa sayqısız yanaşma ilə adam tənqidçi ola bilməz. Tənqidçilik hər şeydən öncə mərifətşünaslıqdır.
Cavidi bu şəkildə görməsini doğru bilmirsinizmi?
Bir sultanı, bir qatili dəyərləndirməklə bir sənət adamını və qələm əhlini dəyərləndirmənin ölçüləri başqadır. Qələmə sayqılı insan dünyanın böyük dahilərindən biri olan Cavid haqqında sayqılı danışmağı unutmamalıdır.
Deyir ki, Cavid “Dilinin altında zəhər tuluğu” gəzdirən “ilan balası” idi.
Bu sözləri çayxanalarda avaralanan və bütün həyatında bir kitabı sona qədər doğru-dürüst oxumayan adamlardan da duya bilərsiniz. Yəni burada ədəb və tərbiyyənin olmamasının yanı sıra bilgi də yoxdur. Adam Cavidi oxumamış. Bir insan Cavidin sadəcə bir əsərini oxuyub anlarsa, həm öz nəfsində tərbiyyə olar, həm də dünyaya baxışında və şəxsiyyətləri dəyərləndirməsində etika dışına çıxmaz. Bu sözləri irançı-islamçılar Axundov haqqında deyirlər. Əslində bu şəxs istər Osmanlıya, istər türk dilinə qarşı münasibətində şüuraltında barındırdığı iki məsələni fərqində olmadan ifşa etməkdədir.
Nələrdir?
Birincisi bilincaltında yerləşik olan Səfəvi-İran kültür kodlarının yazdıqlarına yansımasıdır. Osmanlıya qarşı nifrət həm İran, həm də Qafqaz şiə türklərinin kültüründə mövcuddur. Məmmədov özünü ateist adlandırsa da, bu kültür ortamında onun uşaqlığı və bilincaltı formalaşmışdır. Oysa Osmanlının sizə bir zərəri toxunmamış ki. Osmanlı olmasaydı, Şaumiyan ölkədə türkcə danışan hər kəsi qətl edəcəkdi. Bir yandan Şaumiyan qətl edirdi, digər tərəfdə xalq aşura günü öz başını qılınclayırdı. Belə xalqın içindən Osmanlı ordusu bir ölkə və millət çıxardı. Azərbaycan ölkəsində yaşayan əhalinin Osmanlıya bir minnət borcu var. Osmanlını tənqid edə bilərlər. Mən də tənqid etmişəm. Lakin Azərbaycan adında ölkənin dünyada var olmasının səbəbi Osmanlı idi. Bunu Rəsulzadə “Əsrimizin Siyavuşu” kitabında açıqca bəyan edər. Yazır ki, Azərbaycan adında ölkəni qurmaq üçün əsrimizin Turanı olan Osmanlıya sığındıq. O zaman Osmanlıya qarşı bu üfunət qoxuyan nifrətin səbəbi nədir? Ruslarla bir yerdə yaşadığınızda nə qədər söz girdi dilinizə? Osmanlı adında bir imperatorluq gəlib sizə dövlət quracaq, cangüvənliyinizi erməni qətlinə qarşı sağlayacaq, sonra o ölkə ilə əməkdaşlıq edənlər də qulbeçə adlanacaq! Belə cahilcə yanaşma olarmı?
İkinci məsələ nədir?
İkinci məsələ də budur ki, hər bir yazar fərqində olmadan öz psixoloji durumunu mətnə yansıdar. Diqqət etsəniz mətn başdan sona qədər kin və aşağılama ilə doludur. Bu da onu göstərir ki, yazar öz keçmişindən və həyat şəklindən nifrət etməkdə, özündən intiqam almağa çalışmaqdadır. Ömrünü boş şeylərə həsr etdiyini anlamışdır. Bu ruh halı Qərbə gələn bir çox qələm əhlində olur. Hətta Sadiq Hidayət kimi bir çox iranlı yazar Qərbə yerləşdikdən sonra Şərqdə keçirdiyi həyatının nə qədər anlamsız olduğunu anladı və bu anlamsızlığın basqısından özünü xilas edə bilmədiyi üçün intihar etdi. Məmmədovun da nifrət püskürən, dəyərli insanları aşağılaması belə bir ruh halı içində oluğunun göstəricisidir. Yəni özünü kontrol edə bilməyərək sözlərlə saldırı. Yoxsa durub durduğu yerdə H. Cavidi niyə aşağılamalıdır?
“Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi” deyir.
Bu ifadənin kültürlə, əxlaqla, ədəb və tərbiyyə ilə heç bir əlaqəsi yoxdur. Bunu o zaman da yazdılar və Cavidin öldürülməsinə yardım etdilər. Bu ifadəni bəyan edən adamın nə insan haqlarına sayqısı olar, nə də düşüncə azadlığına. Cavidi öldürdükləri üçün qatilləri alqışlayır. Bu kimi yazıları 1937-ci ildə yazanlar ödülləndirilirdilər. Anlatdığım üzrə bu kimi ifadələr düşünən bir ağlın söylədikləri deyil, nifrət dolu bir varlığın hədyanlarıdır.
Ağalar bəyin Cavidi oxumadığını iddia edirsiniz?
Cavidin “İblis” əsərini oxusaydı, Onu Osmanlı köləsi, qulbeçəsi adlandırmazdı. Çünkü “İblis” dram əsəri bütünüylə Osmanlının tənqidi istiqamətində yazılmışdır. Əsərdə Osmanlı yönətiminin ağlını işğal edib qaranlığa gömən ərəb milliyyətçiliyi açıqca ifşa edilir və hətta orada “Elxan” adında Osmanlı qarşıtı bir surət təsvir edir və sonunda Elxan Osmanlıya aid nə törə, gələnək, Əməvi-ərəb milliyyətçiliyi mərkəzli din anlayışı və dünyagörüşü varsa, hamısını yox edir. Osmanlını və onun dəyərlərini bu şəkildə təsvir edən Cavidi Osmanlı köləsi adlandırmaq sayqısızlıq və cahillik, Caviddən xəbərsizlik deyilmi?
Cavidi tənqid edərkən onun “Allah, sonra 124 min peyğəmbər sürüsü” kimi görüşünü önə çıxarır...
Öz dayaz ön yarqılarına uyqun ifadələri Cavid mətnlərindən arayıb bulmuşdur. 124 min peyğəmbər anlayışında sevimsiz heç bir şey yox. Peyğəmbər kimdir? Bunun dini tərəfini bir yana buraxalım. Kimsə İslam qarşıtı olduğundan bunu qəbul etməyə bilər və bu onun haqqı. Lakin tarixdə bütün peyğəmbərlər, o cümlədən Quranda adları keçən 24 peyğəmbərin hamısı xalq öndərləri olmuşlar. Xalq, yəni əzilən sinif. Hz. Saleh və Hz. İsa kimi bəziləri də əziyyətlərə məruz qalıb öldürülmüşlər. Cavid belə əzabkeş öndərləri örnək göstərməyib də qatil ərəb-fars-türk sultanlarınımı örnək göstərməli idi? Muhəmmədi də öldürmək istərlərkən O da Mədinəyə qaçdı. Ayrıca, Hz. Muhəmməd bir tək saldırı savaşına qatılmamış, hamısı savunma savaşları olmuşdur. Mədinəyə qaçdı, arxasınca gəlib öldürmək istədilər, O da Mədinənin çevrəsinə xəndək qazdırdı. Bunun adı savunma savaşıdır. Ağalar kişinin bu haqda bilgiləri dayaz ön yarqılarına dayanmaqdadır, çünkü bölgə dillərini və ya başqa bir yabancı dili köklü bir şəkildə bilmir, oxuduqlarını da Türkiyədə nəşr olunmuş kitablardan əldə etmişdir, çünkü Azərbaycanda bu haqda qaynaq yox dərəcəsindədir. Bu üzdən Cavidin şeirini ona qaxınc etmək tənqidçi kişinin öz bəsitliyinin göstərgəsidir.
Cavidi tənqid edərkən...
Təqnid deyil, təhqir edərkən.
Nə isə, Cavid haqqında yazarkən belə bir cümlə də qələmə almış: Demokratiya–islamın lənətlədiyi müşriklikdir (plüralizm).
İslamın tək bilgi və nəzəri qaynağı Qurandır. Quranın harasında demokratiyaya qarşı bir söz və ya uyqulama vardır? Tam tərsinə, Quran işlərin şura ilə çözümünü irəli sürməkdədir. Şura yəni demokrasi. Ayrıca, Quranın bir neçə yerində dində zor yoxdur deyə yazarkən, Peyğəmbərə “sən öyüd ver, öyüd verici olaraq göndərilmişsən, zorlayıcı deyilsən” söylənməkdədir. Müşrik plüralizm anlamında deyil, şərik qoşan anlamındadır. Plüralizmə qarşılıq ərəbcədə təəddüd və təkəssür kimi qavramlar var.
Yəni deyirsiniz ki, Ağalar bəyin müşrikliyi pluralizm olaraq anlatması gerçəyə uyğun deyilmi?
Bu haqda onun elmi bilgi verə biləcəyini sanmıram. Çünki ərəbcəsi yoxdur. Müşrikliyi plüralizm olaraq görməsi də bunu göstərməkdədir. Bu mövzunu daha ayrıntılı şəkildə aydınlığa qovuşduralım. Quranda müşriklik və kafirlik günah və suç sayılmaz. Hətta Quranda “Kafirlər” adında bir surə də var. Orada deyir ki, sizin dininiz sizə, mənim dinim mənə. Yəni Qurana görə kafirlik və müşriklik də bir din olaraq görünür və onlar da o yolda yürümə haqqına sahibdirlər, ancaq yanlış yoldur. Quranda bir “müşrik” var, bir də “əl-müşrik”. Ağalar kişinin bilmədiyi problem də budur və bu üzdən yarımçıq bilgiləri ilə Quran kimi (vəhy olduğunu qəbul etməsə də) tarixi bir mətn üzərinə fikir yürütməyə çalışmışdır. Müşrik, yəni Allaha şərik qoşan. Onlar İslamda sərbəstdirlər. Lakin əl-müşrik başqadır. Ərəb dilində “əl” ön şəkilçisi ingilis dilindəki “the” şəkilçisi kimi tanımlayıcı və müəyyən edici rol oynar. Yəni bir ismi və ya bir durumu qeyri-müəyyənlikdən müəyyən duruma gətirər. Məsələn qələm və əl-qələm fərqli anlamalar ifadə edər. Qələm, yəni kimə aid olduğu bilinməyən bir qələm, lakin əl-qələm, yəni sahibi bəlli olan qələm. Quranda da müşriklərə qarşı heç bir saldırı yoxdur. Lakin Quran əl-müşriklərə qarşıdır. Yəni o müşriklər ki, hədəfləri bəllidir, öz həyat işləri ilə məşğul olmaz, təşkilatlanaraq Peyğəmbər və İslamla savaşmaq istərlər. Savaşana və səni öldürmək istəyənə qarşı normal bir insan ağlı nə etmək istərsə, Quran da onu nəzərdə tutmuşdur. İslamın qəbul etmədiyi təşkilatlanaraq Peyğəmbərə qarşı savaş açan əl-müşriklərdir, öz kəndində və şəhərində Allahın birliyini qəbul etməyərək həyatını yaşayan müşriklər deyildir. Savaş açana qarşı savaşmaqdan və savunmaqdan başqa seçənək yoxdur və doğru olan da budur.
Kultura.az