post-title

Anar Məsimli: Şəbəkə Marketinqi – Zay məhsullar və insanlar

Ölkədə bu qədər problem varkən niyə şəbəkə marketinqindən yazıram axı? Bizim öhdəsindən gələcəyimiz problem olduğuna görə. Son pulu ilə şəhərə gəlib bu firmalara qoşulan insanlar var. Onlar ümid bağlayır, bəlkə də başqa işdən imtina edirlər.

 

Bu şəbəkələrdən birinin də adını eşitdim - Mega. Pontsinin qurduğu fırıldaq sxemini müasir firmalar elə ört-basdır edir ki, ilk baxışdan ayırd etmək çətin olur. Mega mənim üçün bu ört-basdır işinin daha hansı formalar alacağını nümayiş etdirdi. Bu şirkət bir növ veb sayt satır. Veb sayt! Şampun deyil, dərman deyil, saat deyil... Seminarlar edirlər, kitablar oxutdururlar - güclü təşviqat aparırlar.
 

Uğur hekayələrinin tərsdən anlayanlar

 

Nə qədər təkrar etmək olar ki, heç nə zəhmətsiz olmur?! Hansısa tanınmış adamın uğur hekayəsinə baxıb, oradan ancaq zəhmətsiz pul qazanmaq yolu öyrənmək istəyirlər. Sanki Mark dünyanın ən cavan milyarderi olmağını Feysbuk kimi sayt açmağa borcludur. Belə deyil əlbəttə! İlk baxışdan görünən budur ki, bir dənə sayt açıblar, dünyanın pulunu qazanıblar. Ancaq deyən yoxdur ki, bu cür saytları açanlar niyəsə elə Harvard, Yel, Prinston, MTİ kimi dünyanın ən qabaqcıl universitetinin tələbələri olur. Hər hansı bir sahədə boşluğu görmək, ora yönəlmək və o boşluğu effektiv doldurmaq zəka işidir - yəni əqli zəhmət tələb edir. Hətta şəbəkə fırıldağını yaradan Mario Pontsi belə zəkasını işlədib! Bu fırıldaq piramidası özü zəhmət hesabına yaranıbsa, niyə bəziləri düşünür ki, onlar bu piramidanın tərkib hissəsi olub ayda 5000 dollar qazancaqlar?!
 

Ağlı kor qoyan hislər
 

Bulvarda dostumla gəzərkən yaraşıqlı, geyimli keçimli iki nəfər bizə yaxınlaşdı və asan yolla pul qazanmaq istəyib-istəmədiyimizi soruşdu. İkimiz də dərhal "yox" dedik. Xanımlar və cənablar, bunu birdəfəlik beynimizə həkk etməliyik ki, heç bir şirkət işçi götürmək üçün küçəyə düşmür! Bütün şirkətlərin işə qəbul qaydaları var ki, işçidən müəyyən biliklər tələb edir.


...On beş dəqiqə sonra bizə yenə iki nəfər yaxınlaşdı. Onlara da eyni cavabı verdik və məsləhət gördük ki, özləri də belə işdən əl çəkib zəhmətlə pul qazansınlar. Ümumilikdə bu dörd nəfər eyni şirkəti reklam edirdi. Hamısı yaraşıqlı və səliqəli idilər. Üzlərində də səmimi (görünən) təbəssüm var idi. Həm də qız-oğlan formatında idilər. Birinci yazıda firma işçisinin danışdıqlarını “tərcümə” etmişdim, bu dəfə bu işçilərin tərzini “tərcümə” edək: Qız-oğlan formatı imkan verir ki, onlar istənilən şəxsə yaxınlaşsınlar. Bu, onların təhlükəsiz adam olduğuna, təmiz və səliqəli geyim isə ciddi bir məsələ üçün yaxınlaşdığına işarədir. Üzlərindəki təbəssüm və danışıqlarındakı nəzakət qarşı tərəfi onlara ən azı hörmət xətrinə dinləməkləri üçündür. Bu gənclərə bir qədər kobud cavab vermək, insanı pis vəziyyətə sala bilər. Ardıyca sözləri gəlir. Onların sözləri birbaşa hissiyyata hesablanıb. Doğrusu bilmirəm, onlara bunu xüsusi təlimlə öyrədiblər, ya yox, hər halda, əgər hamısı bu cür davranırsa, demək ki, böyük ehtimalla belə bir təlimat alıblar. Hislərə nəzərən deyilən sözlər zahirən məntiqli görünür. Normal iş görüşünə gedərkən sizə verilən suallar, əsasən, sizin ağlınızı və dünyagörüşünüzü yoxlamaq üçün verilir. Buna görə də bəziləri iş görüşündə çox həyəcanlı olur. Bu gənclər isə sizi qətiyyən sınağa çəkmir. Əksinə, sizə ağıllı olduğunuzu təlqin etmək istəyir. İnanmayın onlara! Ağıllı deyilsiniz! Məktəb/universitet qiymətlərinizi yadınıza salın və imkan verməyin ki, sizi “ağıllı” yerinə qoysunlar. Çünki, “ağıllı” olduğunuz andan etibarən onların irəli sürdüyü təklifə inanmağa başlayacaqsınız. Hətta bir ara sizin məntiqiniz məsələyə müdaxilə edib işin etibarsız tərəflərini göstərə bilər, ancaq bir saniyə sonra bu, fikrinizdən çıxacaq. Siz ağıllı olduğunuzu qəbul etdiyiniz andan tora düşürsünüz.


Həqiqətən ağlı yerində olan adam ilk növbədə onlardan əmək müqaviləsi tələb edəcək. Ola bilsin, onlar Bakı Biznes Mərkəzində təlim keçirirlər, amma bu göstərici deyil. Mən də pulunu verib orada sünnət toyu təşkil edərəm. Seminar yeri əvəzinə ofislərini soruşmaq olar – ciddi şirkətlər heç vaxt hər hansı bir mənzildə ofis açmır.

Kütləvi ümidsizlik bazarı


Sabaha inam puldur. Ölkənin sabahına inam varsa, dövlət bu inamı pula çevirə bilir. Dövlətin pulu varsa, o dövlətin sabahına da inam var. Beləliklə, mexanizm işə düşür. İqtisadi böhran zamanı insanların sabaha inamı itir və hər kəs bankların çökəcəyindən ehtiyat edərək pulunu geri çəkməyə başlayır. Və bəlkə də banklar böhrandan çıxacaqdılar, ancaq birdən-birə hər kəs pulunu çəkdiyinə görə banklar bir-bir batmağa başlayır. Şəbəkə marketinqi şirkətləri belə yerlərə daha asan nüfuz edir. İnsan ümidsiz yaşamaq istəmir. 90-cı illərdə post-Sovet ölkələrinin əhalisi ciddi travma almışdı – onların inandığı superdövlət yox oldu. Bütün dəyərləri və gücü ilə birlikdə. Orta statistik Sovet vətəndaşının nəyi də olmasa, sabah ümidi var idi. Böyük bir kollaps ondan bu ümidi aldı. Bu dövrdə Rusiyaya HerbaLife kimi şəbəkə marketinqi şirkətləri nüfuz etməyə başladı. Hər yerdən ümidi üzülən insanlara ümid verildi. Ümid o idi ki, əllərində saxladıqları bir qədər pulla varlı olacaqlar. Bu travmalı insanlar son ümid işığına illərlə yığdıqları pulları verməyə başladılar.Təsadüfi deyil ki, bu cür şirkətlər 90-cı illərdə keçmiş Yuqoslaviya ölkələrinə də girişmişdilər.

 

Yaxın gələcəkdə
 

Azərbaycanda devalvasiya xəbərləri/şayiələri ilə birlikdə yeni-yeni şəbəkə şirkətlərinin də adları hallanmağa başlayır. Ölkədə böhran baş versə, bu şirkətlər göbələk kimi artacaq və əlinizdəki son qəpiyi almaq üçün sizə olmazın vədlər verəcək. Əmək müqaviləsi desəniz, sizə elə bir səbəb gətirəcək ki, məəttəl qalacaqsınız. O səbəblər təxminən belə ola bilər:


Əmək müqaviləsi bağlasaq gərək maaşınızdan kəsib vergi verək. Belə çətin vaxtı sizə pul itirmək nəyə lazımdır ki?!
Əmək müqaviləsinə əsasən gərək siz 3 ay sınaq müddəti keçəsiniz. Ancaq bu 3 ay müddətində siz pul qazana bilməyəcəksiniz.
Əmək müqaviləsi bizdə (misal üçün) 3-cü dərəcədən etibarən bağlanılır. Narahat olmayın, bir neçə ay ərzində 3-cü dərəcəyə çatacaqsınız. Mən özüm iki həftəyə götürmüşəm. Ancaq doğrusu müqavilə bağlamadım, çünki qazandığım pulun 18%-i çox pul edir, heç kimə vermək niyyətində deyiləm.
Şirkətimiz hələ yenidir və belə məsələləri hələlik ikinci plana qoymuşuq. İndi əsas olan ağıllı və bacarıqlı adamları toplamaqdır.

 

Bu dördünü mən özümdən uydurdum, ancaq düzünü desəm, dördüncü çox xoşuma gəldi. İnandıra bilər. 
 

Zay məhsullar


Şəbəkə şirkətlərinin satdığı məhsullara ötəri nəzər salaq. Ona görə, ötəri deyirəm ki, bu şirkətlər hər cür məhsul buraxır və bunların hamısını analiz etməyə laboratoriyamız yoxdur. Ancaq bir az ağıl, bir az vicdan işlətmək bu məhsulların təsirlərini üzə çıxartmağa imkan verir. Satdıqları əşyalarla məsələ aydındır: Saat, qolbaq və ya digər əşya olsun, bunlar hamısı maya dəyərindən qat-qat baha qiymətə satılır. Ancaq yaşıl çay, müxtəlif növ “müalicəvi” əlavələr, “möcüzəvi” ekstraktlar (məncə, “ekskrementlər” desəydilər daha düzgün olardı) və daha nələr satırlar ki, insanlar belə mənasız şeylərə pulunu töksün. “Dərman” satan şirkətlər daha pis fırıldaq edir. Bu şirkətə üzv olanlar doğrudan da pul qazana bilir. Ancaq nəyin hesabına?! 50 qəpiklik dərmanın 5 manata satılmağının hesabına! Ən pisi də odur ki, həkimlər də buna alət olur. “Faizə işləyən həkimlər” dedikdə bu firmalarla işləyənlər nəzərdə tutulur. Həkim dərman yazır, xəstə dərman alır. Yalnız aptekdəki satıcı vicdanlı olduğu halda xəstəyə təklif edir ki, həkimin yazdığı 5 manatlıq dərmanın əvəzinə, eyni güclü, ancaq 10 dəfə ucuz olan başqa dərmanı alsın. Bu yazdığım misal həqiqətən olmuş hadisədir. Belə bir vəziyyətdə həmin xəstə bir də o həkimə gedərmi? Həmin xəstə bir də həkimə gedərmi?! Pirə gedər, falçıya gedər, çıldağa gedər, ancaq həkimə artıq ölüm ayağında gedər. Həkimlər haqqında bu qədər – ayrıca mövzudur, çox yazılıb, yenə yazılmalıdır. Ətraflı istəyən “Ağ xalatlı cəlladlar” başlıqlı yazıları oxusun.
Gəl ki, arıqlamaq üçün yaşıl çay, uçmaq üçün itburnu kofesi, qaçmaq üçün çobanyastığı ləçəyini ki həkimlər yazmır! Belə zay-zay məhsullara pul verən elə özümüzük axı. Rusiyada bu cür məhsullara plasebofarm1 məhsulu deyilir. Əlbəttə, yaşıl çay içərək həqiqətən arıqlayan insan ola bilər, ancaq bu birbaşa həmin çayla əlaqəli deyil. Əsl, həqiqi dərmanların həmişə mənfi təsirləri olur. Bu dərmanların yaş dərəcəsi, dozası, istifadə müddəti, istifadə qaydası və s. olur. Həqiqi dərmanların istifadə qaydalarında qeyd olunur ki, əgər filan simptomlar üzə çıxsa, dərmanı qəbul etməyi saxlayın. Ciddi şirkət dərmanın arxasında yazır ki, bax, əgər səndə qeyd etdiyimiz problemlər yaransa, bu dərmanı qəbul etməməlisən – şirkət özü öz dərmanını qəbul etməməyi məsləhət görür! Çünki söhbət insan həyatından gedir.
Şəbəkə şirkətlərinin dərmanları isə heç bir şeyə ziyan deyil. Hər yaş üçün olar. Eynilə qatıq kimi. Həzmi yaxşılaşdırır, orqanizmin qida tələbatını ödəyir. Hamilə qadın, körpə uşaq, fərq etməz! Kim istəyir içsin. Lap turşumuş qatıq da olsa, bir elə ziyanı yoxdur. İndi təsəvvür edin ki, bu qatığı sizə kilosu 50 manata təklif edirlər. Bu zaman qatıq satılan mal deyil, onu 50 manata alan adamdır.

1 Plasebo – heç bir effekti olmayan, ancaq dərman kimi qəbul olunan maddədir. Bu, adətən həkimlər tərəfindən çarəsiz xəstələrə verilir. Xəstələrə elə gəlir ki, onlar həqiqi dərman qəbul edirlər. Plasebo qəbul edən xəstələrin təxminən 5%-i şəfa tapır. Bu, birbaşa dərmanın effektindən deyil, xəstənin inamından irəli gələn müalicə metodudur.

 

Anar Məsimli
Kultura.az

 

Yuxarı