post-title

Cavid Ramazanlı - Seytnot

Şahmat elitar idman növləri arasında bəlkə də birincisidir. Güclü şahmatçı olmaq üçün lap uşaq yaşlarından məşğul olmağa başlamalısan. Şahmat əzələ toplamaq, kobud güc nümayişi deyil, beyin işidir. Bu oyun insana təmkin, konsentrasiya, analiz qabiliyyəti, güclü psixoloji dözümlülük, uğur qazanmaq üçün yüksək hazırlıq, yarış ruhu kimi məziyyətlər qazandırır və bunlar həm də gündəlik həyat üçün faydalıdır.

 
 
Şahmatı öyrənmək asandır, yaxşı oynamağı öyrənmək isə həddindən artıq əmək və istək tələb edir. Amma bu oyuna müəyyən qədər bələd oldunsa, bir ömür boyu ondan ləzzət alacaqsan deməkdir. Müasir dünyada şahmat getdikcə populyarlaşır. Müxtəlif ölkələrdə şahmatın yayılması və populyarlaşması üçün böyük pullar xərclənir, dövlət proqramları qəbul edilir, xaricdən mütəxəssislər dəvət edilir. Çünki şahmat önəmlidir və gələcəyi var. 
 
Mənsub olduğumuz müsəlman-türk coğrafiyasında şahmat sahəsində Azərbaycana yaxın duracaq bir ölkə yoxdur. Azərbaycan dünya liderlərindəndi, dünya çempionu yetişdirmiş ölkədi, şahmat dünyasına V. Makoqonov, Q. Kasparov, V. Həşimov, T. Rəcəbov, Ş. Məmmədyarov kimi oyunçular qazandırıb. Tarixin ən yüksək reytinqli 10 şahmatçısı arasında Bakı şahmat məktəbinin iki yetirməsi var. Uğurlar çoxdur, sadalamaq uzun çəkər.
 
Azərbaycanın şahmat ənənələri istənilən başqa bir ölkə üçün sərvət hesab olunardı. Amma indi artıq bu parlaqlıq yavaş-yavaş solur. 
 
Bu günlərdə iqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycanda şahmatla bağlı çox maraqlı bir statistikanı təqdim edib:
 
“Azərbaycan hökuməti son 6 ildə ölkənin müxtəlif ərazilərində 15-dək şahmat məktəbi və ya mərkəzi tikib, 2009-2014-cü illərdə şahmatın inkişafı üzrə dövlət proqramı qəbul edib, hətta təhsil naziri 2011-ci ildə ümumtəhsil məktəblərində şahmat fənninin tədrisinə dair əmr imzalayıb. Nəticə nədir? Rəsmi statistikanın məlumatına görə, son 15 ildə ölkədə idman növü olaraq şahmatla fəal məşğul olanların sayı 20%-dən çox azalıb. Əgər 2000-ci ildə ölkə əhalisinin hər 10 000 nəfəri hesabı ilə şahmatla 62 nəfər məşğul olurdusa, 2014-cü ilin əvvəlinə bu göstərici 42 nəfərə enib. Ən təəccüblüsü odur ki, şahmatın inkişafı üzrə dövlət proqramının icra olunduğu 2009-2013-cü illərdə şahmatla idman növü kimi məşğul olanların sayı daha sürətlə azalıb və bu azalma 8.3 min nəfər və ya 17% təşkil edib”.
 
Bu statistika hələ çox şeyi demir.
 
Son 10 ildə Azərbaycanın əsas şahmat simaları demək olar ki, eynidir. Rusiya, Ukrayna, Ermənistan kimi post-sovet ölkələri dayanmadan yeni güclü şahmatçılar yetişdirdiyi halda, Azərbaycan bu məsələdə axsayır. Hazırda kişilərin reytinq siyahısının ilk yüzlüyündə cəmi 3 azərbaycanlı var, hələ bəzən Rauf Məmmədov bu siyahıdan kənarda qalır. Karlsen, Karuana, Giri, So, Vey Yi kimi parlaq beyinlərin yanında bizim şahmatçılar sönük görünürlər. Vüqar Həşimovun vaxtsız vəfatı isə vəziyyəti biraz da qəlizləşdirib. 
 
Azərbaycan bir vaxtlar qadın şahmatçıları ilə öyünərdi, bu gün isə qadınların reytinq siyahısının ilk yüzlüyündə bir dənə də olsun şahmatçımız yoxdur...
Düzdür, Azərbaycanın kişilərdən ibarət yığma komandası Avropa Çempionatı, Olimpiada kimi yarışlarda uğurlar qazanır. Amma bu qalibiyyətlər aldadıcı ola bilər. Çünki yığmanın üzvləri uzun illərdir ki, eyni adamlardan ibarətdir, bir-birlərini əzbər tanıyırlar və üstəlik yaxşı məşqçiləri olur. Şahmatçı isə komanda yarışlarına görə yox, fərdi uğurlara görə tarixdə, yaddaşlarda qalır. 
 
Dövlət proqramları qəbul edilə bilər, şahmat məktəbləri tikilə bilər, kompüterlər, bahalı şahmat lövhələri alına olar, amma ortaya çıxan nəticələrdən də görünür ki, təkcə bunlarla qrosmeyster yetişdirmək mümkün deyil. Yeni forma gəlib, məzmun isə itib. Mühit yoxdur. Keçmiş sovet müəllimləri, həqiqi pedaqoqlar indi yoxdurlar. İşini bilən peşəkarlar isə gülünc maaş müqabilində işləmək istəməyərək ya xarici ölkələrdən gələn təklifləri dəyərləndirib ölkəni tərk ediblər, ya da həvəsdən düşüblər. Əvəzində isə müəyyən pul, rüşvət müqabilində işə düzələn, şahmatdan, pedaqogikadan xəbərsiz direktorlar, müəllimlər şahmat məktəblərini işğal eləyib.
 
Əvvəllər parklarda, meydanlarda uşaqlar, cavanlar, yaşlılar oturub şahmat oynayardılar, bir xeyli adam da onları dövrələyib oyunlara baxardı. Bu, Bakının məşhur görüntülərindən biriydi. İndi şəhərdə belə bir mənzərəylə qarşılaşan varmı? Bulvarda şahmatçıların toplaşdığı bir məşhur məkan vardı, uşaqlığımda atam məni şahmat oynamaq üçün ora aparardı. Sonra ayağım ordan kəsildi, çünki o məkanı  ekskavatorun ağzına verib dağıtdılar, şahmat həvəskarlarını da qovub pərən-pərən saldılar. İndi gün işığında fənərlə gəzsən belə, Bakının hansısa parkında, küçəsində, meydanında şahmat oynayan tapmazsan. Mühafizəçilərin qorxusundan belə şeyi ağlına gətirən də yoxdur. Parkları digər insanlardan qoruduqları kimi, şahmatçılardan da qoruyurlar... 
 
Bütün bunlara görə Azərbaycan şahmatı indi seytnota düşüb və əgər görmək istəsələr bu həm cəmiyyət, həm dövlət üçün həyəcan signalı olmalıdır. Burda söhbət mənsubiyyətdən, vətən, millət sevdasından da getmir. Məsələ bir sərvətin göz görə-görə güdaza verilməsindən, bizi bir insan kimi, toplum kimi mədəni, intellektual sivilizasiyanın bir parçası edən dəyərin çeynənilməsindən gedir. Və bu çox pis tendensiyadır.
 
Mənim uşaqlıq illərimin keçdiyi şahmat məktəbi var. Hərdənbir yanından keçirəm, amma uzun illərdir ki, ayağımı adlayıb içəri keçmirəm. Məktəb indi tamamilə başqa görkəm alıb, elə bil sökülüb təzədən tikilib. Bilirəm ki, digər şahmat məktəbləri kimi, bunun da içi yaxşı təmir edilib, yeni kompüterlər, avadanlıq, saatlar, şahmat lövhələri gətirilib. Amma həm də bilirəm ki, əvvəlki mühitdən əsər-əlamət yoxdur. Ölənlərlər ölüb, qalanların da hərəsi bir tərəfə dağılışıb, həvəsdən düşüblər. İndi  içəridə uşaqların partiyaları müzakirə edən pıçıltıları yoxdur, yarış, dərs mühiti yoxdur. İndi bura tamamilə başqa dünyadır. Yəqin indi içəridə sakitçilikdir. Direktor kabinetində kreslosuna yayxanıb beynində nəyinsə hesabını aparır. Bir dəstə müəllimə bir otağa yığışıb tum çırtlayır, qeybət edir. Hansısa valideynin böyük ümidlə məktəbə göndərdiyi uşaq isə stulda oturub bezgincə gözləyir ki, müəlliməsi haçansa yerindən durub gələcək, tapşırığın cavabını yoxlayacaq. Bu mənzərəni bir çox şahmat məktəbində görmüşəm və burda da eyni mənzərəylə qarşılaşaram deyə qorxuram, ehtimal böyükdür. Ona görə də içəri keçmirəm. İçəri keçsəm, bütün uşaqlıq xatirələrim, beynimdəki parlaq günlərin mənzərələri dağıla, ləkələnə bilər...
 
Cavid Ramazanlı
ANN.Az
 
Yuxarı