Ancaq müxalifət Ərdoğanın iyul ayında keçirilən seçkilərin nəticələrini sıfırlamaq istədiyini bildirir, həmin seçkilərdə onun partiyası AKP kürdlərin rəhbərlik etdiyi Xalqların Demokratiyası Partiyasına bir çox bölgələrdə uduzmuşdu.
Son həftələrdə Türkiyədə vəziyyət PKK terror təşkilatının fəallaşmasına görə də xeyli gərginləşib.
Türkiyəli Nobel mükafatlı yazıçı Orxan Pamuk BBC-yə müsahibə verib. O, "Mənim qəribə düşüncələrim” kitabının təqdimatı mərasimi üçün Londana gəlib. Kitabda İstanbulda dövrlərin dəyişməsi Anadoludan gələn iki ailənin timsalında öz əksini tapır.
Orxan Pamuk: İstanbulu cəmiyyətin kasıb təbəqəsinin gözündən təsvir etmək üçün mən özümü zorla çərçivələrə saldım. Elə bunu elədiyim anda başa düşdüm ki, tələyə düşmüşəm. Çünki romanın janr kimi əsas oxucuları kasıb yox, orta təbəqənin təmsilçiləridir. Əsas qəhrəmanım Mövlud Kanataşın xarakterini qavramağım üçün xeyli vaxt tələb olundu.
O, buza satmaqla gündəlik qazancını çıxarmağa çalışır, buza Osmanlı və hazırki Türkiyədə məşhur olan az alkoqollu içki növüdür. Mən özümə aid olan "qəribə düşüncələrimi” ona həkk elədim. Uşaqlıqda dostlarım həmişə məndən soruşurdular: "Orxan, səndə bu qəribə düşüncələr hardandır?” Ola bilsin, məhz buna görə mən obrazımın xarakterini inkişaf etdirə bildim.
BBC: Romanın adı ingilis romantik şairi Uilyam Vordsvotun "Ağlımdakı qəribəlik” ("Strangeness in my mind”) şeirindən götürülüb. Siz niyə bu qərara gəldiniz ki, dünyanı 1970-ci ildən bu günə qədər olan İstanbulla tanış etmək üçün ən yaxşı obraz kasıb təbəqəsinin nümayəndəsi olmalıdır?
O.P.: Mən qarşıma dünyanı İstanbulla tanış etmək məqsədi qoymamışdım. İstəyim mənim şəhərimdə 40 il ərzində baş verən dəyişiklikləri oxucuya göstərmək idi. Unutmayın ki, 63 il əvvəl mənim doğulduğum İstanbulda təxminən 1 milyon insan yaşayırdı. Romanda hadisələrin baş verdiyi dövrdə isə artıq İstanbulda əhalinin sayı 2.5 milyona çatmışdı, indi isə deyilənə görə şəhərdə 16-17 milyon insan yaşayır. Həm sadə bir insan, həm də yazıçı kimi mənim bəxtim gətirdi ki, belə nəhəng dəyişikliklərin şahidi ola bildim. Tez-tez dostlarıma deyirəm ki, Parisdə, Londonda yaşasaydım belə dəyişiklikləri görmək üçün 250 il yaşamalıydım, İstanbulda isə cəmi 60 il kifayət elədi. Onda onlar mənə deyirlər ki, Şanxayda bu 10 ildə baş verib (gülür).
Demək istədiyim odur ki, mən qlobal dəyişikliklər dövründə yaşayan, bir sonla o biri sonu bir-birinə calamağa çalışan insanın daxili aləmini göstərməyə çalışmışam. Bir tərəfdən o arxetipdir, digər tərəfdən isə hər gün İstanbul küçələrində kilometlərlə məsafə qət edən konkret insandır.
BBC: Əsərin sizə böyük zövq yaşatdığı hiss olunur...
O.P.: Çünki bu məzəli romandır. Yumor mənə lazım idi, çünki mən bir tərəfdən kasıb insanlardan yazırdım, digər tərəfdən isə göz yaşı tökdürmək, əlavə dramatizm qatmaq istəmirdim. İstəyirdim orta təbəqədən olan oxucularım qəhrəmanlarımın insanlığını hiss etsinlər. Bu, xüsusilə qadın qəhrəmanlara aiddir. Əlbəttə, onların hüquqları tapdalanır, ancaq siz baxın onlar necə hazırcavabdırlar, ədalətsizliklərə qəzəbləri ilə cavab verirlər, onlar həqiqəti dilə gətirməyə qadirdirlər, onlar ərlərinin yüyənini əllərində saxlayırlar, uşaqlarını tərbiyə edirlər...
BBC: Qadın obrazları romanın əsas açılışı oldu...
O.P.: Mənim qadınları təsvir etməyim bir mənada avtobioqrafikdir. İş burasındadır ki, mənim anam 3 bacıdan biriydi. Onlar tez-tez bir-birlərinə qonaq gedir, danışdıqca danışırdılar... Onlar orta təbəqəyə mənsub olsalar da, onları bürüyən atmosferdə qadın həmrəyliyi vardı.
BBC: Romanın qəhrəmanlarının çoxu kasıblıqdan başlayırlar, sonra isə orta təbəqəyə daxil olurlar. Həqiqətən də Mövluddan başqa hər kəs sosial nərdivanda yuxarı qalxır, təkcə o, kasıb qalır. Sizin öz sözlərinizlə desək, öz qəhrəmanınıza "qarışdıqca”, özünüz də hiss edirdinizmi ki, dəyişirsiz, başqa adama çevrilirsiz?
O.P.: Gəlin ondan başlayaq ki, mən öz uşaqlığımda günlərini vairanəliklərdə keçirən insanlarla tanış olurdum. Düzdür, mən onların yaşayışını ancaq kənardan görürdüm. 60 ildə bir dəfə də bunu eləmədiyimə görə həqiqi mənada təəssüf edirəm. Ancaq həmin dövrdə İstanbulda yaşayan çox sayda insanla söhbətlər etmişəm və bu söhbətlər məni dəyişdirib, ən azından mənə bir təvəzökarlıq aşılayıb.
BBC: Romandakı hadisələr cəmiyyətdəki böyük sosial dəyişikliklər, həm də ki, siyasi dəyişikliklər fonunda baş verir. Ola bilər, sanki heç kəs bunu birbaşa demir, ancaq bu zaman ərzində 1974-cü ildə KİPR-ə müdaxilə baş verir, 1980-cı ildə hərbi çevriliş olur, 1999-cu ildə isə zəlzələ. Bütün bunlar vacibdir, çünki müəyyən mənada belə iri həcmli dəyişikliklər indi də baş verir. O zaman da, indi də siyasi partiyalar sosial və təbii fəlakətlərdən xal yığmağa çalışırlar. Rəcəb Tayyib Ərdoğanın adı romanda cəmi bir dəfə İstanbulun gənc və perspektivli meri kimi keçir. Necə hesab edirsiniz, onun yeni seçkilər təyin etməsi iyunda baş tutan seçkilərdən narazı qalmasıylamı əlaqədardır?
O.P.: Qəhrəmanım Mövlud, onun ailəsi, dostları və qonşuları, - onların hamısı həm təxəyyül məhsuludur, həm də realdırlar və Ərdoğanın partiyasının eloktratıdırlar. Bu insanların hərəkətverici qüvvəsinin nə olduğunu, onların nəyə görə Ərdoğana səs verdiyini göstərməyi qarşıma məqsəd kimi qoymuşdum. Bu təkcə ona görə baş vermir ki, onlar dini dəyərləri və mühafizəkarlığı əsas tuturlar, həm də onlar sosial mobilliyə, daha təmin olunmuş və hörmətli sosial dairələrə düşməyə can atırlar.
Romanda eyni zamanda Ərdoğanın partiyasının korrupsiyalaşması tənqid olunur. Zənnimcə, sonuncu seçkilərdə də o məhz buna görə uduzdu. Əlbəttə ki, uduzmadı, əvvəlki kimi çoxluğa nail oldu, ancaq bu, koalisiyaya daxil olmadan hökumət qurmağa imkan vermir. Bu nəticə Ərdoğanın xoşuna gəlməyib. Ona görə də yeni seçki təyin etdi, ümid edir ki, partiyası seçkilərdə nəticəsini yaxşılaşdıracaq, koalisiyaya daxil olmadan hökumət qura biləcək. Ancaq onun buna nail olacağına inanmıram.
BBC: Niyə də yox? O, millətçilərə ölkənin təhlükəsizliyinin vacib olduğuna inandıra bilməyəcəkmi?
O.P.: Əlbəttə, buna nail ola bilər. Ola bilsin, seçkilərdə partiyasının səslərinin sayını bir neçə faiz artırmağa nail oldu. Ancaq Ərdoğan yeganə türk baş naziri idi ki, kürdlərlə barışmağa qərar vermişdi, ən azından addım atmışdı. Ancaq o, sona qədər gedə bilmədi, o, ona görə uduzdu ki, prosesi özü istədiyi məcraya yönəldə bilmədi. Millətçilərin dəstəyini qazanmaq üçün açıq şəkildə kürdlərə qarşı çıxış etməyə başladı, məsələnin sülh yoluyla həll olunması yolunda maneə yaratdı. O, məhz kompromisə getməyə hazır olan kürdlərin ümidlərini puç etdi, nəticədə də onların səsini itirdi. Bu isə 20%-dir! Və bu gün o, Türkiyənin əvvəlki sekulyar, yaxud hərbi hökumətləri kimi kürdlərin başına bomba yağdırır. Əgər sən onları bombalayırsansa, onlar da heç vaxt sənə səs verməzlər.
Ancaq olduqca vacib olan bir detal da var: Türkiyə tarixində ilk dəfə azadlıq məsələsi gündəlik müzakirə mövzusuna çevrilib. Mənim uşaqlığımda müxalifət hər zaman hökuməti ona görə tənqid edirdi ki, söz azadlığına artıq dərəcədə imkan yaradır. Bu gün isə müasir Türkiyə tarixində ilk dəfə olaraq, müxalifət Ərdoğanı söz azadlığını boğmaqda ittiham edir. Bu məni sevindirir, ona görə də gələcəyə optimist baxmaq istəyirəm.
BBC: Belə xırda irəliləyiş, söz azadlığından danışa bilmək bu qədərmi əhəmiyyət daşıyır? Özü də qamçının köməyilə?
O.P.: Yox, söhbət qamçıyla edilən təzyiqdən getmir. Türkiyədə qəzetlərə hücumların olmasından, jurnalistlərin qovulmasından və başqa məsələlərdən danışılmağa başlanılıb.
BBC: Siz razılaşırsınızmı ki, indi hökumət küncə sıxışıb. Bir tərəfdən PKK-nın hücumları şiddətlənib, digər tərəfdən sözün həqiqi mənasında sərhəddən axışıb gələn qaçqın axını var... Yeri gəlmişkən, daha bir sual: siz təkcə intellektual deyil, Avropa dəyərlərini əsas tutan intellektualsınız. Sizcə, Avropa qaçqın böhranının öhdəsindən necə gəlir?
O.P.: Avropanın reaksiyası məni təəssüfləndirdi. Onun susqunluğu, kobudluğu, üz döndərmək cəhdləri məni təəssüfləndirdi, o, Türkiyənin 2 milyon qaçqını qəbul etdiyini görməzdən gəldi. Bu fonda isə o, 2 min qaçqını, yoxsa iki mindən çox qaçqını qəbul edib-etməyəcəyi barədə müzakirələr aparır, bu heç də xoş deyil. Mən çox narahat oldum, hələ bunu yumşaq deyirəm! Ancaq yenə də ümid edirəm ki, Almaniya verdiyi sözü tutacaq, Angela Merkel dediyi kimi il ərzində 800 min qaçqını qəbul edəcək, onlara vətəndaşlıq verəcək, Türkiyənin edə bilmədiyi vacib sənədləri onlara verəcək. Bu, Avropanın tarixində dönüş nöqtələrindən biri ola bilər. Çox istərdim bu belə də olsun, çünki Avropanın gələcəyinə nikbin gözlərlə baxmaq istəyirəm (gülür).
BBC: "Mənim qəribə düşüncələrim” – sizin İstanbul sevginizin davamıdır? Deyin zəhmət olmasa, sizin hər şeyi bildiyinizi nəzərə alsaq, sizin ictimai rolunuzu nəzərə alsaq, sizə hələ də bu şəhəri dünyanın mərkəzi hesab edirsiz?
O.P.: Ümumiyyətlə, bunu mən yox, Flober deyib. 19-cu əsrin ortasında o, İstanbula səfər edib və deyib ki, 100 ildən sonra bu şəhər dünyanın paytaxtı olacaq. Ortaya heç nə çıxmadı. Osmanlı imperiyası dağıldı. Və İstanbulun inkişafı dayandı. Bilirsinizmi ki, dünyanın ilk metrosunun tikintisi İstanbulda başlamışdı. Bir kilometrəcən tikilmişdi, sonradan isə proses dayandı, İstanbulda metro bir də 110 ildən sonra işə düşdü. Mən əvvəlki kimi mühafizəçinin müşayiətiylə İstanbul küçələrində gəzməyi və yan küçələrdə sürprizlərlə qarşılaşmağı sevirəm.
BBC: Mühafizəçiylə niyə?
O.P.: On il əvvəl mənim problemlərim oldu. O zaman 3 mühafizəçiylə gəzirdim, indi bir nəfərdir. Görürsünüzmü, Türkiyədə söz azadlığı məsələsi inkişafa doğru gedir. (Gülür)
BBC: Nəyə görə siz inadkarcasına optimistsiniz?
O.P.: Mən qocalıqda deyingən adama, dayanmadan donquldanan və hər şeydən narazı adama çevrilmək istəmirəm. Qəhrəmanım Mövludun şən, zarafatcıl, optimist olması üçün hədsiz böyük enerji xərcləmişəm. burda mənim yazıçı kimi öhdəliyim mətnin kəskin və şən olmasıydı. Bu, həm də mənim taleyimdir.
Mənbə: BBC
ANN.Az