“Onların hamısı tirajlarını və nüfuzlarını itirib” – Seymur Baycan (II)
...Müsahibənin davamı, əvvəli bu linkdə: http://kultura.az/article…
Yalçın İslamzadə: «Böyük güclər tərəfindən çatışmalardan ölkəni zəif salmaq üçün istifadə olunacaq» «Qarabağ münaqişəsi, məcburi köçkünlər, sosial problemlər, daxili anlaşılmazlıqlar özümüzü toparlamağa imkan vermədi»
Yalçın İslamzadə Azərbaycanın 3-5 ziyalısından biridir söyləsəm, səhv etmərəm. Elçibəy hakimiyyətinin Türkiyəyə təhsil almağa göndərdiyi gənclər arasında Yalçın bəy də vardı. Türkiyənin Orta Doğu Texnik Universitetində təhsilalsa da ixtisasca fizik olan dostumuza Azərbaycanda elmlə məşğul olmağa məkan yoxdur. Onnunla dünyanın, insanın, iqtisadiyyatın, siyasətin problemlərindən danışmışıq. Y.İslamzadə qlobal tendensiyaların Azərbaycana təsir imkanları, problemlərin həlli yolları barədə fikirlərini bölüşüb.
- Yalçın bəy, Türkiyədə təhsil aldığınızdan qardaş ölkənin tarixinə daha yaxşı bələdsiniz. Bu mənada Azərbaycanın indiki dönəmi Türkiyənin hansı illərini xatırladır?
- Adətən Azərbaycanda çalışan türklərlə bu barədə danışanda onlar səhiyyəni, infrastrukturu, özəl sektoru, bürokratiyanı nəzərə alıb 20-30 il əvvəlki illəri göstərirlər. Mən 1992-ci ili xatırlayıram, düşünürəm ki, 90-cı illərin başlanğıcı Azərbaycanla Türkiyənin fərqli sahələrdə də olsa bir mənada bərabər olduğu bir dövrdür. Yəni 1992-ci ildə biz itirməyə başladığımız nöqtədəydik: təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat zəifləyirdi, kadrlar ölkəni tərk edirdilər və tənəzzül yoluna qədəm qoyurduq. Amma 1992-ci il Türkiyənin inkişafa girdiyi dövrdür. Türkiyə o zaman Azərbaycan, Orta Asiya və MDB ölkələrindən alimlər, sənətkarlar dəvət etdi, paralel olaraq, iqtisadi baxımdan bütöv keçmiş sovet məkanına açıldı. Türkiyədən bura iş adamları, menecerlər, mühəndislər və məhsullar gəlir, buradan ora maliyyə axır, alim və sənətkarlar gedirdilər. Bu mənada bizim Türkiyəylə nə vaxtsa oxşar olduğumuz dövr 1992-ci il olub.
- Bizim enişimiz, onların yüksəlişinin səbəbi yalnız sərhədlərin açılışıydı, yoxsa mənəvi-ictimai amillər də vardı?
- Bizim geri düşməyimizin əsas səbəbi qeyri-təbii formasiyadan çıxmağımız, uduzan cəbhədə yer almağımız idi. Həmin qeyri-təbii formasiya SSRİ idi, imperiya bizim üçün zamanı dayandırmışdı, hardasa tarixilik şüurunu itirmişdik, zamansız və statik bir atmosferdə yaşayırdıq. Dünyada incəsənətdə nə baş verir, hansı dəyişikliklər olur, düşüncə sahəsində nələr olur, biz bunları bilmirdik. Faktiki sovet insanı üçün zaman anlayışı dayanmışdı. SSRİ üçün maliyyət analizi, iqtisadiyyat, müxtəliflik, dinamizm yad idi, mühəndislikdə optimallıq nəzərə alınmırdı. Ancaq SSRİ-nin sərhədindən kənarda dünya dəyişirdi, sürətli texnoloji inkişaf gedirdi. Biz birdən-birə qapıları açılmış, qlobal kapitalizmin gəldiyi anda çox hazırlıqsız yaxalandıq və hələ də özümüzü toparlaya bilməmişik. Səbəblər müxtəlifdir, bir az mühafizəkarlıq oldu, o cümlədən, Qarabağ münaqişəsi, məcburi köçkünlər, sosial problemlər, daxili anlaşılmazlıqlar özümüzü toparlamağa imkan vermədi.
- Dinə meyillənənlərin sayı hər gün artır, Türkiyəylə müqayisə baxımından bu barədə nə deyə bilərsən?
- Türkiyədə və Azərbaycanda dinin təsirləri çox fərqlidir. Azərbaycanda insanlar formal olaraq dindar olurlar, Türkiyədə isə din düşüncədə əsas amildir. Osmanlı imperiyasının rəsmi ideologiyası islam idi və islam vasitəsilə türklər böyük coğrafiyalar fəth edib tarixi nailiyyətlərə imza atıblar. Ona görə türklər həmişə öz şüurlarında islamın təsirini hiss edirlər, bu mənada islam onlara güc verir. Zaman-zaman Türkiyə zəifləyəndə də “islama dönək” çağırışı bu inancdan doğur. Dindən uzaq olan sekulyar siyasətçilər, əslində Atatürkün iziylə getməliydilər, onlar uğur qazana bilmədilər. Çünki onlar atatürkçülüyü çox formal ələ aldılar və ideya Türkiyədə geniş təbəqəyə yayılmadı, sadəcə atatürkçü bürokratiya yaratdı. Bu adamlar formalizmlə bürokratiya yaradıb divident götürdülər, sadəcə, imitasiya etdilər. Bu isə uğursuzluq yaratdı, koalisiyalar dəyişdi, müxtəlif siyasətçilər gəldi, amma ciddi nailiyyət ortalığa qoya bilmədilər.
- Son hadisələri bəzi şərhçilər dindən möhkəm yapışan AKP-nin tənəzzülü kimi dəyərləndirir...
- Qəbul etmirəm, baş verən Taksim hadisələri Türkiyə miqyasında çox ciddi etiraz deyil. Sadəcə, lokaldır, amma sosial medianın sahəsində vizuallığı çox şişirdilib. Bu gün Ərdoğana qarşı olanlarla baş naziri dəstəkləyən, “Ərdoğan güclüdür” deyən çox böyük kütlə var. Sabah onlar hakimiyyətin həqiqətən təhlükədə olduğunu düşünüb meydanlara çıxsalar indikilərdən dəfələrlə böyük axın görəcəyik.
- Azərbaycana qayıdaq, qütbləşmə dərinləşib: bir tərəf ölkəni pozitiv, əks tərəf isə neqativ görür. Sizin baxışınız necədir?
- Ümumiyyətlə, bir-birinə qalib gələ bilməyən iki güc varsa, bu, heç bir zaman dövlətin xeyrinə işləmir. Cəmiyyətdəki binar ziddiyyətlər orada konsensus düşüncənin, qarşılıqlı hörmətin, vətəndaşın insan olaraq qəbulunun olmadığını göstərir. Məsələn, Türkiyədə belə qırılma nöqtələri çoxdur, osmançılar-respublikaçılar, sünni-şiə, türk-kürd, bunlar həmişə çatışma qaynağı rolu oynayır. Biz hər zaman düşüncə və fiziki gücüylə bir-birinə bərabər olan qrup görürüksə, hansı tərəfin fikrindən asılı olmayaraq deməli ölkədə problem var. Çünki bu cür qütbləşmə varsa, cəmiyyət iki hissəyə bölünübsə, orada rasional düşüncə yoxdur, emosionallıq hakimdir. Problem də ondan ibarətdir ki, ölkədə bəhs olunan inkişafdan hamı eyni dərəcədə faydalanmır, bu, elə onun birbaşa göstəricisidir.
- Bəs problemin olması inkişafa təsir edirmi?
- Yox, bu, konstruktiv dialoq, ortaq məxrəc, müzakirə mühiti deyil, o cümlədən, fikirlərin toqquşub dialektik formada yeni arqumentin ortalığa çıxması da deyil. Sadəcə, bir-birini anlamağı inkar edərək qarşılıqlı ittihamdır. Bundan da zaman-zaman xarici güclər istifadə edə bilir və ölkənin böyük bir resursu təbliğata xərclənir. Yəni əhəmiyyətli maddi və insan qaynağı xaricdə təbliğata yönəlir. Normalda bu qaynaq faydalı işlərə yönəldilməliydi.
- Məsələn, nə edilməlidir?
- Bu gün dünyada qlobal meyl qlobal kapitalizmin milli dövlətlərin iradəsini ortadan qaldırmasıdır. “Ərəb baharı”, Suriyada baş verənlər, İranda olacaqlar, Türkiyədə son vaxtlar gördüyümüz hadisələr qlobal kapitalizmin təsiridir. Qlobal kapitalizm qarşısında maneə olan SSRİ-ni çökdürəndən, Şərqi Avropanı özünə qatandan sonra addım-addım ərəb ölkələrində, sosial milliyətçilik olan dövlətlərdə bu funksiyanı yerinə yetirir. Bir-bir milli dövlətləri aradan qaldırıb həmin sistemi özünə tabe etmək istəyir. Burada bir ziddiyyət var: biz nə qlobal kapitalizmin tərəfini tuta bilmirik, nə də ona qarşı çıxan ulus dövlətlərin. Çünki həmin müdaxiləyə ulus dövlətlər bir az da özləri bəhanə yaradıb. Ona görə də indiki dövrdə istənilən dövlət daxilində konsensusa gəlib varlığını qorumalıdır. Əgər çox ciddi çatışmalar varsa, böyük güclər tərəfindən həmin çatışmalardan ölkəni zəif salmaq üçün istifadə olunacaq.
- Qlobal kapitalizmin bu cür sürətli gəlişi birqütblü dünya yaradıb eyniləşmə fəlakətini yaxınlaşdırırmı?
- İstənilən halda təkqütblü dünya ziyanlıdır və qlobal kapitalizmin bu gün yaratdığı insan tipi istehlakçı insan tipidir. Yəni heç nəyə qarışmayan, sadəcə istehlak edən, düşüncəsin, vicdanın markalarla doldurmuş bir insan. “Öz həyatını yaşayan” insan. Beləliklə, yekcins insan tipinin heç bir missiyası olmur, nə az inkişaf etmiş insanlığın problemlərinə, nə ekologiyanın pozulmasına nə də sərhədlərindən uzaqlarda yaranmış müharibələrə heç bir reaksiyası olmur.
- Bu gün iqtidar da, müxalifət də Avropaya inteqrasiyadan danışır. Bəs inteqrasiya üçün Avropanın keçdiyi mərhələləri-vətəndaş müharibəsini, terroru keçməliyikmi?
- Yox, həmin mərhələləri keçməyə ehtiyac yoxdur. Çünki bu tarixdə ilk dəfə Avropada baş verirdi deyə spontan olmalıydı və həmin mərhələləri yaşayaraq öyrənməliydi. Amma bizim gözümüzün qarşısında bir təcrübə var, sadəcə, ağıllı insan başqasının təcrübəsindən də nəticə çıxarır. Biz həmin prosesi uzun illər ərzində yenidən keçməyə məcbur deyilik, yalnız təhlil edib faydalı olduğunu görüb təcrübədən bəhrələnməliyik, qısa müddətdə mümkün qədər həyata keçirməliyik.
- Nədir çatışmazlıqlarımız, dəyişmək üçün nə etməliyik?
- Biz bilgi cəmiyyəti deyilik, düşüncədə mühafizəkarıq və üstəlik indiki halda bilginin insana heç nə qazandırmadığını sıravi insan yaxşı müşahidə edir. Veberin analiz etdiyi, Avropanın inkişafında rolu olan bürokratiya, hüquq və düşüncədə rasionallaşma yaxşı öyrənilib tətbiq edilməlidir. Bilgi dövründə bilgi yaratmayan ölkələrin şansı yoxdur. Osmanlı Misiri uzun müddət idarə etsə də piramidalar kimi möhtəşəm strukturlarla ötəri də olsa maraqlanmadı. Amma Napoleonun qısa müddətli Misir varlığı Şampolyonun ilk bilinqvanı oxuması ilə misirşünaslığın əsasını qoydu. İkincisi, təhsildən, həm də bağça və məktəbdən başlamalıyıq. Əvvəlcə, insanları dəyişdirmək istəyən siyasi iradə olmalıdır. Vill Dürantın bu fikrində həqiqət var: dövlət xaricdə hərb uğrunda daxildə sülhdür. Xaricdə hərb deyəndə silahlı hərbdən söhbət getmir, iqtisadiyyat da bir hərbdir. İnkişaf etmiş dövlətlər daxillərində konsensus yaradırlar, müxtəlif institutlar vasitəsilə xarici ölkələrdən öz ölkələrinə vəsait gətirirlər. Bununla vətəndaşlarının həyat səviyyəsini yüksəldirlər və daha rəqabət yönümlü olurlar. Bu gün dövlətlər arasında həyatda qalmaq uğrunda mübarizə gedir. Yəni dünya üzərində dövlətlərin dövlət şəklində təşkilatlanaraq həyat uğrunda mübarizəyə qoşulduqları sezilir. Çünki artıq enerji, içməli su, əkin torpaqları qıtdır, təbii sərvətlər getdikcə azalır və buna paralel olaraq dünya əhalisi sürətlə artır. Ona görə hər bir dövlət insanın da daxil olduğu öz sərvətini optimal şəkildə səfərbər etməlidir. Baxın, Azərbaycanda 100 il əvvəl ciddi maarifçilik fəaliyyəti olub, fədakarlıqlar ediblər, təhqir olunublar, mətbuat yaradıblar, bu gün də eyni proses gedir, amma dəyişikliyin olmamasından şikayətlənirik. Deməli, insan xarakterini dəyişmək üçün bunlar bəhs etmir, insanın dağıdıcı, kortəbii, xurafata meylli şüuraltı güclərini ancaq normal sosial institutlar vasitəsilə dəyişə bilərik. Bu gücü qurucu-yaradıcı fəaliyyətə istiqamətləndirməklə. Uşaq bağçasından başlayıb universitetlərə qədər. Bunun üçün də Qərbin ortalığa qoyduğu proqramlar və prinsiplər var, onları öyrənib tətbiq etmək lazımdır. İnsan təbiətən tərəqqi tərəfdarı deyil, əksinə mühafizəkardır. Tərəqqi üçün stimul yaratmaq lazımdır.
- Niyə məhz təhsil uşaq bağçasından başlamalıdır?
- Artıq 5 yaşında, uşağın beynindəki sinir dövrələri yetişmiş insan beynin 70-80 faizini formalaşdırır. ABŞ-da məşhur eksperiment də keçirmişdilər: bağça uşaqlarına alma paylayırlar, deyirlər ki, kim bu almanı yeməyib saxlasa, axşam daha biri veriləcək. Axşam görürlər ki, əksəriyyət yeyib, amma bir qisim saxlayıb, ikinci almanı verirlər. 30 il sonra həmin uşaqlara baxırlar, yeməyənlərin digərlərindən daha çox uğur qazanmış olduqlarını müşahidə edirlər. Sovet dövründə yalnız savada üstünlük verilməsi yanlış idi, bəlkə insanın xarakteri savaddan daha əhəmiyyətlidir. Bir insan istedadlı ola bilər, amma o əziyyət çəkmirsə, qısa müddətli ehtiyaclarını uzunmüddətli hədəflərə qurban verə bilmirsə, uğur qazana bilməz. Azərbaycanlıların zəkası itidir, bizim əsas problemimiz emosionaldır, xarakter mənşəlidir.
- 22 il əvvəl müstəqillik qazanmış Azərbaycanda xarakterin formalaşması üçün nə etmək vacibdir?
- Söhbət bağça yaşındakı uşaqlardan gedirsə, insan təbiəti çox oxşardır. Biz uşaqları xam material kimi götürüb yeni sistemdə, yeni insan tipində böyüdə bilərik. Məsələn, ABŞ-da “SEL” (social and emotionallearning) proqramı var, yeni konsepsiyadır, yəni zəkayla bərabər emosional zəka, 30 ildir üzərində işlənilir. YUNESKO 160 ölkəyə bu proqramı tətbiq etməyi tövsiyə edib, “SEL” proqramı şagirdin ən incə istedadını ortaya çıxarmağı, duyğularını idarə etməyi, qrup zəkası formalaşdırmağı, dəyişən sosial mühitdə nə cür yaşamağı, adaptasiya olunmağı öyrədir. Əgər bu sistemi tətbiq etsək, həm zəka, həm bilik, həm də xarakter, bunlar üst-üstə düşsə, əhalimiz az, maddi imkanımız da var, qısa müddətdə yaxşı nəticələr alarıq. Təhsil olmadan qazanılan bütün uğurlar təməlsizdir, psevdo uğurlardır. İQ ilə EQ bir-birini tamamlamalıdır.
- Özünün də içində olduğunuz sosial şəbəkələrin cəmiyyətin fəallaşmasında rolu nə dərəcədədir?
- Bilirsiniz, bir alət özbaşına mütərəqqiliyi diktə etmir, aləti nə cür istifadə etmək əhəmiyyətlidir. Bir insana kompüter, mobil telefon, bıçaq verildiyində, ondan nə cür istifadə etməsi öz xarakterindən asılıdır. Bu mənada Facebook və başqa sosial şəbəkələrdə real həyatdakı nisbət əks olunur. Yəni sosial şəbəkələrdə hələ oğru dünyasından, meyxanadan danışan səhifələr daha çox izləyiciyə sahibdir, nəinki insanı düşündürən, bilgi verən səhifələr. Sosial şəbəkələrin müsbət cəhəti ilə bərabər şişirdilməsi də var. Mənfi cəhətlərə gəldikdə, Jan Bodriarın insanların smilusion dünyada yaşaması barədə fikri burada istifadə oluna bilər, biz smilusion dünyada yaşayırıq, təbiətdən qopmuşuq, təbiəti parklarda imitasiya edirik, o cümlədən münasibətləri sosial şəbəkələrdə. Beləliklə, insan kapitalizmin yaratdığı bir bolluğun içərisində yaşayır, o mənada sosial şəbəkələr münasibətlərdə bu bolluq təsirini daha da artırır.
- Təbiətdən uzaqlaşmaq böyük fəlakətlərlə nəticələnməyəcəkmi?
- Biz təbiətlə hesablaşmamışıq. Harmonik cəmiyyətlərdə isə təbiətə xoş münasibət var, “təbii” sözü müsbət çalarlar daşıyır. Görünür, bu, bizim uzun zaman köçəri kimi yaşamağımızdan, təbiətlə mübarizə aparmağımızdan qaynaqlanır. Qərbdə iki qurum icad etdilər: Birincisi dövlət idi - insanlara nəzarət etmək üçün. İkincisi elm - təbiətə nəzarət etmək üçün. Təbiətə artıq nəzarət etdiklərindən, o, düşmən olma obrazından çıxdı, indi də sənayeləşmə nəticəsində təbiətə nə qədər ziyan vurduqlarını gördüklərindən onu qoruma şüuru çox artıb. Bu gün biz təbiətə həmin münasibəti göstərə bilmirik. Çünki təbiətdən qopmuşuq. Təbiətdən qopma nəylə baş verir, bir ziddiyyət var, təbiət və sosial aləm. İnsan təbiətdən qopduqca sosiallaşır və müasirləşir. Bizim isə təbiətə münasibətimiz qətiyyən adekvat deyil, dəniz sahilində yaşasaq da, dəniz mətbəximiz çox zəifdir, təbiətdən heç vaxt müsbət impulslar almamışıq, təbiət bizdə xoş hisslər yaratmayıb. Görünür, çətin həyat yaşadığımızdan təbiət bizim üçün həmişə təhdid anlayışında olub.
- Bəlkə təbiətdən uzaqlaşdığımız üçün 20 illik Qarabağsızlıq adiləşib?
- 20 illik Qarabağsızlıq adiləşib (uzun pauza)... Doğrudanmı Qarabağ problemi adiləşib?
- 20 ildir Qarabağı görməyən bir nəsil yaranır. Qarabağ işğal olunanda neçə yaşın vardı?
- 17 yaşım vardı...
- Mənim də 22 yaşım, bu gün isə ömrümüzün 40-cı baharını arxada qoyuruq. Bu barədə nə düşünürsən?
- Çətin sualdır. Məncə, biz bir az abstrakt düşüncədən uzaq olduğumuz üçün abstrakt konsepsiyaları beynimizdə çox yaşada bilmirik. Yəni bu gün fiziki baxımdan Qarabağla təmas halında deyilik. Amma Qarabağ bir konsepsiya olaraq beynimizdə yaşasaydı, tutaq ki, yəhudilərin vəd edilmiş torpağı kimi, əgər bu şəkildə konsepsiyanı qəbul etdirə bilsək, bu həm də inkişafımız üçün bir hədəf olar. Yəni Qarabağın alınması hədəfi. O bizim hərbi gücümüzü də, iqtisadiyyatımızı da, təhsilimizi də ən yüksək səviyyəyə çatdırmağımız üçün stimul olar.
Natiq Cavadlı
"Bizimyol" qəzeti