Baxıb görürəm ki, axır vaxtlar bəzi ağzıgöyçəklər yaman daraşıblar bizim millətin genofond daşıyıcıları olan xalq artistlərinin canına, o ki var döşəyirlər. Heç utanıb qızarmırlar da. Daha demirlər ki, bizim xalq artistləri sadəcə məclisdə, toyda-yasda söz deyə bilən hörmətli korifeylər deyilər, sadecə sənətimizin görkəmli nümayəndələri, xalqımızın başbiləni, millətimizin ağsaqqalı deyil, eyni zamanda bizi gözü götürməyən amerikalı-avropalının ağzının bağı, gözünün dağıdırlar! Hətta, lazım gəlsə, ölkəmizdən qıraqda da bəzi prosesləri də əngəlləməyə qadirdirlər! Gözünü döyüb inanmayan, kənara arsız-arsız hırıldayan saqqallı uşaq-muşaqlar gözünə su versinlər deyə, sizlərə bir görkəmli sənətkarımızdan danışacağam. Elə bir ağır kişidən ki, sözü sadəcə Azərbaycanda deyil, hətta və hətta qardaş Türkiyədə də kəsərli olaraq, bəzi proseslərə təsir etmişdir! Necə? İnanmırsanız, onda qulaq asın…
Biri var imiş, biri yox imiş, bir xalq artisti var imiş. Bası daz, yekəqarın, döşü ordenli, professor müəllim, korifey sənətkar, ağsaqqal bir kişi imiş. Televizorda millətə, kabinetində tələbələrə sahib çıxan kişi. Hətta o qədər sahib çıxan ki, bir gün evində cavan gəlininin əyilib döşəməni yuduğunu gördüyü zaman ürəyi dözməyib, onu da arxadan qucaqlayıb bir az sahib çıxmaq istəyib, amma ağlıdayaz gəlin bunu anlamayıb, çırpıb çırkli döşəmə əskisini o boyda kişinin başına. Axı nə bilsin bu dərrakəsiz gəlin ki, kişinin meyli başqadır, ona xalqımızın qədim tarixindən, sənətimizin nüanslarından bəhs etmək istəyib… Yox əşşi, bunlardan adam olmayacaq, xülasə.
Günlərin bir günü, gözəl 90-cı illərin ortalarında, ölkəmizin orkest(i)rlərindən birisini göndəriblər qardaş Türkiyəyə qastrola. Bizim bu ağırbatman korifeyimizi də kollektivin başbiləni təyin ediblər ki, gedib orada musiqiçilərə nəzarət eləsin, yaramazlıq görərsə, təcili aradan qaldırsın.
Hə, canım sizə desin, bildiyiniz kimi, konsertlər axşam vaxtı olur, ona görə də musiqiçilərin şam yeməyi vaxtı konsertdən sonraya qalır. Qastrol təşkilatçıları da iştah kəsmək üçün konsertdən əvvəl musiqiçilərə dönər paylamaq qərarına qəliblər ki, şam yeməyinə qədər camaatın qarnı acından “ləzginka” çalmasın. Aydın məsələdir ki, dönərləri də orkestr günorta məşq eləyəndə veriblər bizim başbilənimizə, xahiş ediblər paylasın. Korifey sənətkarımız da açıb torbaları, baxıb görüb ki, vaay, burada nə qəşəng plastik çəngəl-bıçaq, salfet, sellofan paket var? İndi gəl sən bunları götür apar, o görməmiş uşaq-muşağa ver ki, nə var-nə var konsert çalacaq? Əşşi, cəhənnəmə çalsın konsertini, yeməsə də çalar! Bunlar nə bilir plastik çəngəl nədi? Ata-babasının evində … yeyib- çalıb ?! Konsert… Gözüm aydın!
Nə isə, nə başınızı ağrıdım, gözünə döndüyüm başbilənimiz götürüb aparıb dönərləri oteldə otağına, yerbəyər eləyib, bəzilərini həzm-rabedən keçirib, o birilərini də qoyub qırağa, dar gündə lazım olar deyə. Bir gün belə, iki gün belə, dönərlər gəlhagəldə, musiqiçilər ləhləyə-ləhləyə çalmaqda, amma özünüz də bilirsiniz ki, acın dini-imanı olmaz, korifey-filan da tanımaz, o ki qaldı orkestrant ola. Bir neçə gün sonra bu utanmaz orkestrantlar gedib arsız-arsız türklərdən soruşublar ki, axı siz niyə bizə yemək vermirsiz? Bunlar da təəccüblə qayıdıb ki, bəs “hocanız size dönerleri vermiyor mu?” Bax, burada gərək insanın mərifəti ola, barmağını dişləyə, səsini çıxartmaya. Axı, ay musiqiçi, sənə nə lazımdı? Səni Türkiyəyə gətiriblər? Axşam yeməyini verirlər? Gül kimi avtobuslarda gəzirsən (“gözüvə girsin sənin o avtobus, atovun evində elə avtobus görmüsən”)? Oteldə yaşayırsan? Daha sənə nə lazımdı, bala, dönər lazımdı sənə?! Bir başa düş dəə, kiri otur yerində! Amma, yox. Musiqiçidən qanacaq, mərifət gözləmə. Bu orkestrantlar, daha doğrusu manikürlü-pomadalı nərmənazik (“ruskoyazıçnı”) xanımcığazlar utanmadan gediblər hörmətli ağsaqqalımızın yanına ki: ”A-aa, Filankəs məəliiim, bəs bizim dönərlərimiz hanııııı??” Burada yaxşı deyiblər ki, dinsizin öhdəsindən imansız gələr. Gözünə döndüyüm sənətkarımız da elə o saat cavab verib ki, “odur e, mənim otağımda, geri dönəndə birdən yolda ac qalmayasınız deyə, gizlətmişəm. Gedin, götürün”. Bu manikürlü qızlar da eyləmə tənbəllik, gedib açıblar torbaları, görüblər ki, dönərlər artıq çürümək üzrədir, iy verir. Kor-peşman dönüblər geri. O otel nömrəsindəki dönər torbalarının sayı indiyə kimi məchul qalır. Bəzi səlnaməçilər otaqda 100, bəziləri 150, bəzi təxəyyülü xüsusilə geniş olanlar isə 250 dönərin var ola biləcəyini təxmin edirlər.İndi gör 150 dənə iy verən dönərin təravətli ətri arasında bir neçə gün yatmaq hansı özündən deyən kişinin hünəridir? Papaq altında oğullar var!
Hə, söhbətin bu yerinə qədər türklər korifey sənətkarımızın kəramətlərindən bixəbər idilər. Amma ağsaqqalımız da elə-belə adam deyil, beynəlxalq proektlərə imza atmaq üçün sinov gedənlərdəndir. Görək gözünə döndüyüm neyləyib.
Əhvalatın vaqe olduğu 90-cı illər texnologiyanın, komfortun sürətlə inkişaf etdiyi zamanlar idi. Türklər də özlərini “məhəllədə sözü keçən iki kişidən biri” kimi göstərmək üçün bərk maya buraxıb, qəşəng, parıldayan, içində tualeti olan avtobuslardan almışdılar. Və qardaş azəri xalqının orkest(i)rini daşımaq üçün bu avtobuslardan gətirmışdilər. Qardaş azəri xalqının xalq artisti də bu avtobusda hörmətli yerdə gedirdi… ta ki, bir gün qəflətən gözü qəşəng, parıldayan maşının tualetinə sataşana qədər. Görənlərin xəbəri var, bu tualetlər daha çox butaforik xarakter daşıyır, südəmər uşaqların altını dəyişdirməyə-filan, uzaqbaşı əl-üz yumağa yarayır, ciddi təməl ehtiyacları yola vermək üçün nəzərdə tutulmayıb. Yarım metrə genişliyi, kartonpyer qapısı, miniatür unitazı olan bu məkanın çox zaman heç suyu da gəlmir. O zamanlar bu servisi olan avtobuslar modanın son sözü idi.
Dediyim kimi, günlərin bir günü modanın bu “son sözünü” xalq artistimiz görüb. Bir neçə saat sürən səyahət zamanı fürsət tapıb, avtobusun dayanmağını gözləmədən, alıcı quş kimi alıb tualetin başının üstünü. Deyilənə görə, tərs kimi o gün də tualetdə su gəlmirmiş. Amma qadasını aldığım heç bir şeyi vecinə almadan orada kəmali-ədəblə oturub, gözəlcə bir … ee, necə deyərlər, böyük bayıra çıxıb. Daha əvvəl də izhar etdiyim kimi, tualetin karton qapısı nə fizioloji səslərin, nə də naxoş qoxuların qarşısını almağa qadir olmadığı üçün, bir azdan avtobusdakı manikürlü xanımların arasına vəlvələ düşüb. Sürücü müavini hövlanak gedib qapını döyəndə (“abi, ne yapıyorsun?!”), içəridən korifey sənətkarımız çıxıb ədəb-ərkanla yerinə keçib. Nə sözü uzadım, nərmənazik xanımlar özündən getməsin deyə (”oy, mamoçki, fuu…!”) avtobusu dayandırıblar, müavinlər camaatı düşürdüblər (“şerefsiz ne yapmış…”), yerə-göyə iki-üç balon aerozol fısqırdıblar, şofer ventilyator/kondisionerləri var gücü ilə işləməyə qoyub. Həngamə böyümədən məsələni birtəhər yola veriblər, amma o gün bu gündür, Türkiyədə tualetli avtobus görən olmayıb. Neoplan var, texnobüs var, amma tualet yoxdur.
Beləliklə, hörmətli ağzıgöyçəklər, bilin və ağah olun ki, xalq artisti deyilən hörmətli zatlarda kəramət böyükdür! Bu insanlar anlamadığınız hərəkətlərilə nəinki incəsənət, hətta iqtisadiyyat və sənayenin sahələrinə belə təsir edirlər. Gördüyünüz kimi, korifeyimizin bir hərəkəti ilə qonşu ölkənin sərnişin nəqliyyatı artıq başqa istiqamətdə inkişaf etmişdir. Odur ki, gedin, papağınızı qoyun qarşınıza, ona-buna sataşmadan qabaq yaxşı-yaxşı fikirləşin! Korifey artistlərimiz milli dəyərlərimizdir, sataşmayın milli dəyərlərimizə!
Samir Mirzəyev / Antalya
Kultura.Az