Diqqət edin, əvvəl əsər tirajlanır, sonra ona qarşı reaksiyalar, növbəti gün yazıçının evinin qarşısında aksiya, daha sonra fəxri adlardan məhrum etmə, ertəsi gün İTV-ŞOU, bu gün Əylis arvadlarının kitabyandırma etirazı.
Gözüaçıq adam o dəqiqə başa düşür ki, bütün bunlar iqtidarın oyunudu. Mən konspirologiyaya çox da qapılan adam deyiləm, amma gəlin birlikdə bir az analiz edək.
Əsər “Drujba Narodov” jurnalına nə vaxt göndərilib?
- 2012-ci ilin Avqust ayında.
Bəs, nə vaxt çap olunub?
- 2012-ci ilin Noyabrında.
Bəs niyə 3 aydır bu məsələ gündəmə gəlmirdi?
Bax, bu yerdən daha ətraflı danışaq. Bu ilin yanvarı hakimiyyət üçün bəd başladı. Əvvəl əsgər ölümlərinə etirazlar, sonra Binə etirazları, daha sonra İsmayıllı hadisələri. Təbii ki, Elşadın videoları da insanlarda bu illər ərzində toplanmış etiraz enerjisini artırmamış deyildi, amma Yanvarda artıq insanlar fikirdən işə keçmişdilər. Bax, 3 ay bundan əvvəl sayta qoyulmuş "Daş yuxuları" xatırlamağın əsl zamanı indi gəlmişdi.
Xalqın əksəriyyətinin içində olan 25 illik xroniki Qarabağ xorasını qanatmaq lazım idi. Bu yaranı qurdalamaq hər zaman işə yarayırdı axı. Eksperimentlər artıq çoxdan sübut etmişdi ki, Azərbaycan zabiti Erməni zabitini baltalayanda, Azərbaycan giziri erməni tağımını biçəndə bundan hakimiyyətin müsbət PR-ı üçün istifadə etmək olur. İndi isə bu cür gözəl imkan ələ düşüb. Əslində Prezident Aparatı Əkrəmin 3 ay bundan qabaq bir rus dərgisində çap etdiyi bu romanı tapmasaydı, çox güman ki, cəbhə xəttində bir ciddi insident baş verəcəkdi. Ya növbəti dəfə geniş miqyaslı erməni hücumu cavab atəşilə susdurulacaq, amma bu əsnada bir tağım əsgər öləcəkdi, ya da Azərbaycan silahlı qüvvələri hücuma keçərək Ağdamda bir yüksəkliyi alacaq, sabahı gün isə düşmən artilleriyası həmin məntəqəni şumlayacaq və bizimkiləri əvvəlki mövqelərinə sıxışdıracaqdı. Hər iki halda, söhbət ən azı bir tağım Azərbaycan əsgərinin öldürülməsindən gedəcəkdi. Bəli burada bir-iki əsgər ölümüylə kifayətlənmək olmazdı. Çünki, etirazların miqyası böyümüşdü, cari il isə hələ bundan başqa Prezident seçkiləri ilidir axı. Sonra həmin əsgərlərə “şəhid”, sonra komandirlərə Milli Qəhrəman adı, növbəti gün onların adı küçələrə veriləcəkdi, daha sonra Prezident şəxsən şəhid olmuş əsgərlərin ailələrilə görüşəcəkdi, ertəsi gün onlara mənzil hədiyyə edəcəkdi və bu minvalla bir neçə ay gündəm ancaq bundan ibarət olacaqdı. Onda da bütün etirazlar, siyasi məhbuslar, pozulan hüquqlar yaddan çıxacaqdı. Çünki Qarabağ xorası həmişə işə yarayır!
Eşşək palçığa bir dəfə batır, amma biz bu palçığa hər dəfə düşürük. Özü də fərqi yoxdu millətçisi də düşür, kosmopoliti də, postmodernisti də. Biri deyir, erməni bizim “əzəli-əbədi düşmənimizdi”, o biri deyir “xalqın yaxşısı-pisi olmur”, milli mənsubiyyət keyfiyyət göstəricisi deyil. Prezident Aparatından isə iki cüt göz bütün bunları izləyərək alnının tərini silərək, "yaxşı qurtardıq bu dəfə də" deyir.
Ən pisi odur ki, bu oyunda istəməyərək iştirak edən hər iki tərəf bu münaqişədən udan tərəfin yalnız hakimiyyət olduğunu anlayır, amma azad yazar sözə hücum edənlərə cavab verməyə bilmədiyi kimi, şəhid vermiş, ev-eşiyindən olmuş adi insanların da əksəriyyəti içindəki bu nifrətə güc gələ bilmir. Çünki Qarabağ xorası həmişə işə yarayır!
Bu tilsimi sındırmaq üçün gərək vətənpərvərlər özündə güc tapıb kosmopolit, kosmopolitlər də vətənpərvər olsunlar. Belə məqamda bir-birinə sarı gəlsinlər və nifrətini bir yerdə bütün dərdlərinin əsl səbəbkarına yönəltsinlər. Çünki, nə qədər, bu hakimiyyət Azərbaycanı idarə edir, nə rüşvət, nə özbaşnalıq, nə də Qarabağ problemi həll olunacaq. Səbəb bilirsiz nədi?
Qarabağ xorası həmişə işə yarayır!
Haci Hacıyev
Kultura.Az