BBC Rus Xidmətinin şərhçisi Artyom Kreçetnikov şairlə onun baş qəhramanı barədə söhbət edib.
Artyom Kreçetnikov: Sizin 50-60 sətirlik “Şəhər-bağ” şeirinizdə belə sözlər də var: “Boris seçə bilmədi”. Sizcə niyə Yeltsin öz sələfi kimi məhz Putini seçdi?
Dmitri Bıkov: Düşünürəm ki, onun daha heç kimi qalmamışdı. Yeltsinə bütün hərarətli və rəğbətli münasibətimə, onun zəifliklərini və müsbət cəhətlərini tam dərk etməyimə baxmayaraq, etiraf etməliyəm ki, onun vəziyyəti faciəli idi. O intihara bənzəyən bir neçə addımları atmağa məhkum olunmuşdu. Rusiya islahatçısı üçün həmişə faciəli təklik məqamı yetişir. Yeltsinin missiyası üçün onun obkom keçmişi, sovet rəhbərinin genetikası və çox da mehriban olmayan xasiyyəti yük olmuşdu. Bir çox səbəblərə görə o, öz ətrafını seyrəltmiş və tapdalamışdı. Varis barədə düşünmək vaxtı çatanda bu potensial varislərdən çoxu ya gözdən salınmış, ya da qovulmuşdu. O daim təkcə ölkənin xeyri barədə deyil, həm də hakimiyyətinin qorunması barədə düşünməli idi. Təəssüf ki, o bu iki şeyi eyniləşdirirdi. Bütün bu manevrlərin nəticəsində o, sonunda ilk növbədə ölkəyə xeyirli yox, özünə loyal insanlara güvənməli oldu. Putin Sobçakı satmamışdı, deməli onun da satmayacaqdı.
Artyom Kreçetnikov: Bəlkə məsələ burasında idi ki, 1999-cu ilin yayında təkcə kommunistlər və millətçilər deyil, həm də malik olduqları hər şey üçün Yeltsinə borclu olmalı olan bəzi adamlar da onu qısnamışdılar və prezidenti Kremldən gedən kimi müttəhimlər kürsüsünə əyləşdirmək istəyirdilər. Mən Qusinskini və onun komandasını nəzərdə tuturam. O da gələcək islahatlar yox, heç hakimiyyət də yox, şəxsi təhlükəsizliyi barədə düşünməli olmuşdu?
Dmitri Bıkov: Zənnimcə, Qusinskinin komandası ən rəzili idi. Artıq “köhnə” NTV-nin özündə informasiya təbliğata çevrilmişdi. Prinsipcə Yeltsin əslində öz islahatlarını ona yönəltmişdi ki, adamlar özlərini azad oyunçu olaraq hiss etsinlər. Nəticədə onlardan kimsə rəqibə çevrilirdi və Yeltsin buna kifayət qədər dözümlü yanaşırdı. Amma məsələ burasındadır ki, bu mübarizədə çoxları kiçicik ləyaqət metodlarını aşırdılar və bu əlbəttə, acınacaqlı idi.
Artyom Kreçetnikov: Elə həmin şeirinizdə bir ifadə var: “Podpolkovnikə baxıram, sanki biz özümüzük”. O sizin ürəyinizi necə fəth etmişdi?
Dmitri Bıkov: Mən də ümidlərə əsir olmuşdum. 90-cı illərdə baş verənlərə - miskin insanların yüksəlişinə, aşkar olanın inkar edilməsinə, SSRİ-nin və onun mədəniyyətinin qayğısıscasına dağıdılmasına nifrət məni də bürümüşdü və mən Putinə bir imkan kimi baxırdım. Lakin artıq 2003-cü ildə mən yazırdım: biz vəba mikroblarının ölkədən qovulmasının şahidi oluruq, lakin bəla burasındadır ki, onları taun mikrobları qovurlar. Getməkdə olan yalanı, təəssüf ki, başqa bir yalan əvəz edirdi. Söhbət onun bizi fəth etməsindən yox, bizim ona hansı keyfiyyətləri yazmağımızdan gedirdi. Mən istəyirdim ki, tarix bir növ şəxssizləşsin, məsuliyyət konkret bir şəxsin üzərindən götürülsün.
Bu da deyilməlidir ki, Putinin bir çox addımları əvvəlcədən müəyyən olunmuşdu. Rus genetik kodu belədir. Mənə belə gəlir ki, onun yerində Lujkov və ya Primakov da olsaydı, biz analoji vəziyyətlə üzləşəcəkdik. Çünki Moskvada Lujkovun vaxtında artıq mətbuatın və müstəqil məhkəmələrin ağzını tam yummağa başlamışdılar.
Məsələ burasındadır ki, şəxsi seçim şəxsi seçim olaraq qalır. Alkoqoliklərin və ya narkomanların irsiyyətinə baxmayaraq onların varisləri idmanla da məşğul ola bilərlər və ya həmin adətlərə də əsir ola bilərlər. Çox kədərlidir ki, Putin bu genetik kodu sındırmaq istəmədi, əksinə bu koda əməl etməkdə bir az da vaxtı qabaqladı. Qarşıdan gələn şəxsiyyətə pərəstişin sındırılması Putindən asılı idi. 2014-cü ildə vəziyyətin xarici ekspansiyaya gəlib çıxmaması Putindən asılı idi, hərçənd bunun özü də genetik koda yazılmışdı. 2008-ci ildə “Varis” əməliyyatından, 2011-ci ildə isə “rokirovka”dan imtina etmək olardı. Kədərlidir ki, hansısa anda Putin yaxşı nə varsa, hamısının onun xidməti olduğuna inanmağa başladı, o daim şiddətlənən ümumxalq sevgisinə uydu, hansısa səmavi missiyanın daşıyıcısı olduğunu hiss etdi, xoşuna gəlməyən sözü deyənləri həmsöhbət sayıb eşitmədi.
Artyom Kreçetnikov: Putin güclü bir liderdirmi? Sual qəribə görünə bilər, çünki hamı onu belə qəbul edir və o da özünü belə aparır. Axı, əslində 15 il onun bəxti gətirib. Siyasi təlatümlərdən yorulmuş cəmiyyət, kəllə-çarxa qalxan neft qiymətləri, özü nə deyirsə, desin, heç bir real xarici təhlükələrin olmaması...Daha nələri deyim? Putin qeyri-standart vəziyyətdə enerjili yenilikçi hərəkətlərə qabildirmi?
Dmitri Bıkov: Mən deyə bilmərəm ki, onun yalnız bəxti gətirib. Bəxt fenomenində çox şey bəsit izah oluna bilər: maşın düz gedəndə, təkərlər az sürtünür. Nə qədər ki, liderin hərəkətləri tarixin axarı ilə üst-üsrtə düşür, onun üçün hər şey yaxşı olur. 2011-ci ilədək Putinin marşrutu tarixin marşrutu ilə üst-üstə düşürdü. Sonra başqa hərəkətləri tələb edən başqa mərhələ başladı. Əgər Rusiya lideri hakimiyyətlə vaxtında, yəni hakimiyyət onun altından çıxmağa başlayanda və ya başqa, yeni dövrəyə qədəm qoymaq lazım gələndə vidalaşa bilsəydi, çox yaxşı olardı. O isə elə hey çevrə boyunca fırlanır.
Artyom Kreçetnikov: Vladimir Putin ehtiyatlı siyasətçidir. O cəmi iki dəfə geriyə yol qoymayan hərəkət edib: Krım və Xodorkovski məsələsində. Bu necə baş verə bilib?
Dmitri Bıkov: Təəssüf ki, hər iki halda Putin ənənənin əleyhinə çıxa bilməyib. Xodorkovski tipoloji fiqurdur. Mən bəzi belə adamların adlarını deyə bilərəm: Volınski, Pestel, Tuxaçevski, indi də Xodorkovski. Onların taleləri və xarakterləri çox bənzərdir. Bu adamlar tarixi yaradırdılar, lakin özlərini tarixin bir vinti kimi hiss edəndə, bu rolla barışmadılar. Volınskinın başına sadist qəddarlığı gətirildi, Pesteli sadəcə asdılar, Tuxaçevskini güllələdilər, Xodorkovskini isə 10 il həbsxanada saxladılar. Burda hətta rəftarın bir qədər yumuşalmasından da danışmaq olar. Hər halda Xodorkovski sağ qalıb və azadlığa çıxıb. Krıma gəlincə isə, o dəfələrlə Rusiya hakimiyyətini bərkə-boşa salıb və bu mənada doğrudan da müqəddəsdir. Dəyişiklər əvəzinə ölkəni dondurmaq qərarına gələn 1-ci Nikolayın da siyasətinin qüsuru Krımda üzə çıxıb. Bu gün Krım Rusiyada başqa bir hakimyyətin sınaq nöqtəsinə çevrilib. Bu hakimiyyətin ölkəni təkrar dövrələrdən düz yola çıxarmaq qabiliyyətində olmamasını nümayiş etdirib.
Artyom Kreçetnikov: Bəs siz ekspertlər icmasının belə bir nöqteyi-nəzərinə necə baxırsınız ki, Putin neft qiymətlərinin necə düşəcəyini bilsəydi, 2014-cü ilin yazında heç Krıma girişməzdi?
Dmitri Bıkov: Əksinə, mən düşünürəm ki, o bir az da uzağa gedərdi, çünki itiriləsi bir şeyi qalmazdı.
Artyom Kreçetnikov: Donbasda yaxşı-pis, atəşkəs var, Vladimir Putin və Sergey Lavrov “Ukraynanın vahid siyasi məkanından” danışırlar, DXR-in başçısı Aleksandr Zaxarçenko isə bəyan edir ki, özünü müstəqil elan etmiş respublikalar qrivnya məkanında qalmalıdır. Sizdə belə bir hissiyyat yaranmırmı ki, Kremldə yavaş-yavaş yığışıb vəziyyətdən çıxmaq barədə strateji qərar qəbul ediblər?
Dmitri Bıkov: Əfsus ki, mən Andrey İllarionovun qəmli proqnozu ilə razılaşmalıyam. Yəni, biz qarşıdan gələn yazda hərbi əməliyyatların intensivləşməsinin şahidi olacağıq. Əlbəttə, çox istərdim ki, belə olmasın.Bu günlərdə tam təsadüfən bir neçə saat dalbadal televizora baxası oldum. Anam üçün yolka ağacını bəzəyirdim. “Vladimir Solovyovla bazar günü” verilişi gedirdi. Gəncliyimin kumirlərindən biri olan Karen Şaxnazarov verilişdə deyirdi: budur, biz nəhayət bizə yad olan bu Qərb sivilizasiyasından, pul dünyasından milçək yapışqanlı lentdən qopan kimi qopuruq. Aleksandr Proxanov isə qışqırırdı: biz heç vaxt insan haqları ölkəsi olmamışıq, səfərbərlik və ədalət ölkəsi olmuşuq! Aparıcının özü isə vahiməli tonla “ukrayna faşistləri”ndən danışırdı. Bütün bunlar göstərir ki, biz rəzillik limitini hələ aşmamaşıq, hələ yıxılmaq üçün bir az da yer var.
Artyom Kreçetnikov: Siz “Putin və mujik” şeirinizdə Putini və Medvedevi məsxərəyə qoyursunuz ki, onlar ciddi işlər görmək əvəzinə badminton oynayırlar. İndi isə budur, o, özünə ciddi iş tapıb: torpaq birləşdirir. Bəlkə onu heç qızışdırmağa dəyməzdi?
Dmitri Bıkov: Mən Putindən məzmunlu işləri görməyi çox istərdim. Yəni, torpaq birləşdirməkdənsə, torpağı abadlaşdırmağı. Ərazinin genişləndirilməsi həmişə ekstensiv yol sayılıb. Həm də bir az qəribə birləşdirmə alınıb: Biz həmişəlik olaraq 40 milyonluq Ukraynanı itirmişik, onun simasında düşmən qazanmışıq. Ağlı heç də həmişə başında olmayan, qəzəbli düşmən. Lakin mən ukraynanlıların hərəkət və əhvallarını başa düşürəm.
Artyom Kreçetnikov: Putin “teflon siyasətçi” olaraq qalacaqmı, yoxsa bu müştəbehlik iqtisadi çətinliklərin nəticəsində əriyib gedəcək?
Dmitri Bıkov: İqtisadiyyat Rusiyada heç vaxt əsas faktor olmayıb. Petroqradda 1917-ci ilin çörək növbələri 1922-ci ilin aclığı ilə və ya “qolodomorla” müqayisədə heç nə idi, elə 1995-ci illə də. Amma heç bir şeyi dəyişmədi. Söhbət nədən yox, nəyin nə vaxt baş verməsindən gedir.
Artyom Kreçetnikov: Sonda ənənəvi olaraq gələcəyə proqnoz. 2010-cu ilin yayında siz deyirdiniz ki, dəyişikliklər maksimum iki-üç ilə başlayacaq. “Şəhər-bağ” şeirinizdə isə hökm də vermisiniz: “Bizdə podpolkovnikdən başqa heç nə olmayacaq”. Hazırkı vəziyyətdə bu ikisindən daha çox hansı həqiqətə yaxındır?
Dmitri Bıkov: Biri digərini inkar etmir.
2010-cu ildə verilmiş proqnoz doğrulub, amma dəyişiklər başqadır. Xalqın sevgisini qoruyub saxlamaq üçün ucdantutma təbliğat və xarici müharibə faktorlarundan istifadə olunur. Qaldı “polkovnik” məsələsinə, mən onu deyəndə, şəxsən Putini nəzərdə tutmamışdım. Daha çox bunu nəzərdə tutmuşdum ki, bizdə bundan başqa siyasət istehsal olunmur.
BBC Azeri