post-title

Elnur Hüseynov bunların nəyinə lazımdır?

Yenə şanlı oğuz elində aləm dəyib bir-birinə. Dağ başına çıxıb ocaq çatıb, çadır qurub, saz başına yığlışıb dərin müzakirələr edirlər. Düşmənlər isə baxır bağrı çatlayır.

 
 
Bəlkə də bu bizim lavaş intiqamımız idi. Kim bilir? Hər şeyi də açıb deyəsi deyilik. Bəzi məsələlər sirr qalsa daha yaxşı olar. Nə isə.
Dünən axşam “Eurovison”da ilk dəfə Azrbaycanı təmsil edən ifaçılardan biri - Elnur Hüseynov “O səs Türkiyə”də çıxışı yayıldı. Buna kimi fraqmentlər verilmişdi. Fraqmentdən də görünürdü ki, münsiflər ya həqiqətən söhbəti tutublar, ya da özlərini artistliyə vurub verilişə reytinq yığırlar. Amma dünənki verliş onu göstərdi ki, Elnur həqiqətən də gözəl ifa edib. 
 
Amma gözəl ifa, böyük diapozona malik səs başqa məsələdir. Əsas söhbət budur ki, Elnur “O səs Türkiyə”yə niyə getdi? Niyə axı bu cür istedadlı bir gəncə onun kimi bir vaxtlar "Eurovision"da iştirak edən Hadisə qiymət verməlidir? Niyə ona hələ də folklore, arabesk müsiqisinin təsirində olan "doldur meyhaneci", "şu dağlar", "ah gencliyim", "kahr olsun şu hayat" deyən, bir ölkənin münsifləri qiymət verməlidir? Elnur əgər Fransada, İtaliyada münsifləri bu cür heyran etsəydi deyərdim əla, bravo. Amma Elnura kimlər qiymət verdi? Hadisə, Ebru Gündəş. O Hadisə ki, hələ də canlı oxuya bilmir. Sözləri düzgün tələffüz edə bilmir. Ebru Gündəş də ömrü boyu Azərbaycan oliqarxlarını, məmur balalarını fikirləşib mahnı oxuyub. Yəni lap ciddidən götürsən adamların musiqi savadı belə yoxdur.
Təxminən bir il bundan qabaq tanışlardan biri "twitter"də yazmışdı ki, bizim konservatoriyanı bir dəfə silkələsən 100 dənə Fazil Say tökülər ordan. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Emin Sabitoğlu, Müslüm Maqamayev və sair dahilərdən hələ danışmırıq. 
 
Yəni bu qədər zəngin incəsənəti, musiqisi olan bir ölkənin gəncinə niyə hələ də sözləri düzgün tələffüz edən bilməyən "musiqiçi"lər qiymət verməlidir? Utanılası məsələ deyilmi? 
 
Bir vaxtlar elə bu oğuz elində Elnura, Samirə gey, homoseksual deyib fitə basmırdılarmı? İndi də durub deyirlər ki, bizə onun şəxsi həyatı deyil, səsi lazımdır. Tamam biz bunu illər öncə deyirdik, onda niyə yox idiniz ortada? 
 
Bir-iki il bundan əvvəl Axundov bağı tərəfdən gəlirdim. Binaların birinin qarşısında Elnurla görüşdük. Əlində sosiska pişikləriyedizdirirdi. Soruşdum ki, bəs nə əcəb görsənmir, niyə ortalıqda yoxdur? Dedi ki, biz bunların nəyinə lazımıq? Toyxanalarına getməyə adamları var, saraylarında da konsert verəcək xarici müğəniləri. Bunlara biz lazım deyilik...
 
Elnurun bu gün “O səs Türkiyə” getməsi yüksəliş deyil, əksinə enişdir. Həm də çox pis eniş. Bu gün Elnur Avropanın ən yaxşı saraylarında konsert verməli idi. Başqa vaxtı incəsənəti, sarı gəlini təbliğ edənlər təkcə "Eurovision" vaxtı deyil, ondan da sonra bu gənclərə dəstək olmalı idi.
 
Elkin Xəlilov
 
Kultura.az
 
Yuxarı