post-title

Ölümə məhkum edilən Sokratın məhkəmə nitqindən parçalar

"Artıq ayrılmaq vaxtı gəldi. Hərə öz yoluyla getsin. Mən ölməyə, siz isə yaşamağa..Hansı daha yaxşıdır? Bunu Tanrıdan başqa heç kəs bilə bilməz.”

 
 
Həqiqi müdriklə tanış olmaq zamanıdır:
 
SOKRATIN MƏHKƏMƏ NİTQİNDƏN PARÇALAR
 
Böyük yunan filosofu Sokrat onu gözü götürməyənlərin paxıllıqlarının hədəfi olmuş,“tanrıları təhqir etmək”, "gənclərin tərbiyəsini pozmaq” kimi saxta ittihamlarla mühakimə olunmuş və zəhər içirməklə ölümə məhkum olunub.
 
Amma qoca filosof bu qərarı mudrikliklə qarşılamışdı. .Aşağıda Sokratın məhkəmədə söylədiyi nitqdən parçaları Azərbaycan dilində təqdim edirik.
 
Bu fikirlər bir həyatın son akkordları hesab olunduğu üçün həm də Sokrat müdrikliyinin zirvəsi sayılmalıdır.
 
“Afinalılar,
 
Həqiqət budur ki, yalnız bir gerçək müdrik var, o da Tanrıdır.
 
Və Tanrı bu tapmacası ilə insan müdrikliyinin çox az şey ifadə etdiyini göstərmək istəyir. O bu işdə sadəcə mənim adımı misal olaraq çəkir və demək istəyir ki: ”Ey insanlar, sizin ən müdrikiniz - Sokrattək heç nə bilmədiyini biləndir”.
 
Bəlkə içinizdən bəziləri belə deyəcəklər: ”Sokrat, səni ölüm cəzasına məhkum olmağa gətirib çıxaran bir həyat yaşamaqdan utanmırsanmı?” Onlara belə cavab verərəm: Səhv edirsiniz. Ən mənasız insan da həyatını yaşamaq və ya ölmək ehtimallarını hesablamaqla keçirməməlidir. İnsanı bir şey düşündürməlidir: Əməli yaxşıdır, yoxsa pis. Yaxşı insan kimi yaşayır, yoxsa pis. 
 
Heç kəs, insanın başına gələ biləcək ən pis şey sayılan ölümün bəlkə də yaxşılıq olduğunu bilə bilməz. Bu məlumatsızlıq, yəni insanın bilmədiyi bir şeyi bildiyini zənn etməsi aşkar bir cəhalət deyildirmi?...
 
...Əgər bir adam hər şeyi edəcək və söyləyəcək qədər gücsüzsə hər təhlükə qarşısında ölümdən qaçmaq üçün saysız yol tapa bilər. Çətin olan - ölümdən qaçmaq deyil, haqsızlıq və pislik etməkdən qaçmaqdır..Sizin istədiyiniz kimi danışıb yaşamaqdansa,öz istədiyim kimi danışıb ölməyi üstün tuturam.
 
İnsanları öldürərək yaşadığınız pis həyata görə qınaqlardan qurtulacağınızı hesab edirsinizsə yanılırsınız. Bu nə mümkün,nə də şərəfli yoldur. Əsl ləyaqətli yol başqalarını susdurmaq deyil, özünüzü mümkün olduğu qədər düzəltməkdir...
 
Amma niyə,əziz dostum Krito, adi insanların düşüncələrinə bu qədər önəm verirsən? Vacib olan - dərin düşüncəli insanların fikirləridir. Onlar həqiqətləri olduğu kimi qəbul edirlər..
 
...Müharibələr,çarpışmalar, ayrılıqlar nədən irəli gəlir? Bütün müharibələr pul üçün edilir, pul isə bədən üçün, ona kölə kimi qulluq etmək üçündür.
 
...Və ölümün yaxınlaşmağından şikayət edən bir insan görsəniz bilin ki, bu onun müdrikliyindən yox, bədənə, yaxud pula, yaxud da hər ikisinə aşiq olmasından qaynaqlanır.
 
Ancaq bir qorxu, zövq və ya əzabı bir başqa qorxu, zövq və ya əzaba, sanki bunlar sikkələr imiş kimi dəyişmək əxlaqi baxımdan düzgün bir mübadilə deyildir.
 
Sevgili dostum Simias, bütün bunları yalnız müdrikliyə dəyişmək olar. Sadəcə onunla həqiqi cəsarətə, ölçüyə və ədalətə yetişə bilərik...
 
..Deməli, ruhun ölümsüzlüyü açıq-aşkar məlum olduğuna görə, onun üçün həqiqi əxlaqdan və müdriklikdən başqa qurtuluş yoxdur. Çünki ruhun o biri dünyaya səyahəti zamanı yanında apara biləcəyi tək şey təlim və tərbiyədir.
 
İnanclı insanlar həyatını başa vurarkən bu dünyəvi həbsxanadan qurtulub yuxarıdakı təmiz və saf evlərinə gedib orda məskunlaşarlar...
 
Afinalılar!
 
Övladlarım böyüyəndə əxlaqdan çox var-dövlətə və başqa şeylərə maraq göstərsələr, mənim sizinlə məşğul olduğum kimi siz də onlarla məşğul olun. Onları xəbərdar edin. Önəm vermələri gərəkən şeylərə önəm verməzlərsə, bir heçlik olduqları halda özlərini böyük bir şey hesab edərlərsə, mən sizi necə danlamışamsa siz də onları o cür danlayın.
 
Artıq ayrılmaq vaxtı gəldi. Hərə öz yoluyla getsin. Mən ölməyə, siz isə yaşamağa..Hansı daha yaxşıdır? Bunu Tanrıdan başqa heç kəs bilə bilməz.”
 
Hazırladı Ruslan Süleymanlı
 
Oxu Zalı
Yuxarı