post-title

Don Kixotluğun milliyəti yoxdur

“ –Xalis həqiqətdir ki, senyor və mən zamin oluram ki, o indi on iki mindən artıq nüsxədə çap olunubdur, əgər inanmırsınızsa kitabın çap edildiyi Portuqaliyaya, Barselona və Valensiyə sorğu verin, hələ söz gəzir ki, guya indi onu Antverpendə çap edirlər, -mənim təsəvvürümə görə elə bir xalq qalmayacaq ki, yaxın zamanlarda onu öz doğma dilində oxumasın".

 
Bu fikirləri Samson Don Kixota həsr edilmiş, Sid Əhməd Ben İnhalinin yazdığı kitab haqqında demişdir. Dolayısı ilə bu fikirlər reallığa çevrilərək Servantesin ünvanına, daha doğrusu realizmə zidd olan cəngavərliyi məsxərəyə qoyan, klassik dövr İspan mədəniyyətinin bədii ensiklopediyası olan “Lamançlı Don Kixot” əsərinin əyninə biçilmiş hesab etmək olar.
 
Uşaqlıqdan baxdığım cizgi filmlərinin içərisində yer alan, ayaq üstə güclə duran atın (Rosinant) üzərində son dərəcə arıq görkəmi ilə mənə gülüş bəxş edən cəngavər obrazı hələ də yaddaşımda yaşayır. Düzdür Don Kixotu uşaq ağlımla başa düşməmişdim. Əlbəttə, bu əsəri oxumayana kimi  başa düşməyəcəkdim də.
İspaniya və ispanlar üçün “lamançlı Don Kixot” hər şey deməkdir. Obalar, kəndlər, şəhərlər, qalalar, qəsrlər, saraylar İspaniyanın, ispanlarındır. Ağa və nökər səviyyəsində Hidalqo (zadəgan əsilzadələri) Don Kixotla işgüzar əkinçi-kəndli Sanço Pansanın ata-oğul səviyyəsinə yüksələn ülfəti, bir- birini görməyəndə doğmalar kimi qəribsəmələri milli ispan ülfətidir. Onların geyim-kecimləri, yemək-içməkləri də millidir. İspan dilində danışırlar- bu da özünəməxsus dünya dillərindən birirdir. “Laxlamış” cəngavərlik romanları binasını yıxan Servantes “Don Kixot”un timsalında təzə cəngavərlik romanı yaratmışdı? – Əsla yox! “Lamançlı Don Kixot” cəngavərlik romanlarına parodiyadır. Vaxtı keçmiş, zərərli cəngavərlik romanlarına qarşı parodiya, özü də başdan- başa lamançlı Don Kixotu lağa qoyan “cəngavərlik” romanı. “Don Kixot”dan sonra İspaniyada cəngavərlik romanları ölmüşdü. Don Kixot özünü ədalət bərpaçısı saysa da, ədalətsizlik İspaniyada baş götürüb gedirdi.
 
Deyərdim ki, Don Kixotlar bizim ölkədə də kifayət qədərdir. İçərisində yaşadığı cəmiyyəti tanımayıb hər zülmü, haqsızlığı ortadan götürmək iddiası edən Don Kixotlarımız var, deyilən sözün həqiqiliyini yoxlamadan qərar çıxardan Don Kixotlarımız var, özünü hamıdan güclü sayan, əsasən dil pəhləvanı olan Don Kixotlarımız var, qız görməyib qız xülyasına düşən Don Kixotlarımız var. Bəli, Servantesin “Lamançlı Don Kixot” əsəri heç də bizə yad deyilmiş. Hərçənd, zənn etmirəm ki, mütaliəli gənclərimiz bu əsərdə özlərinin hər hansı xüsusiyyətlərini görə bilərlər, amma həyatlarındakı bir çox insanları bu əsərdə tapa biləcəklərinə əminəm. Don Kixotluğun nə vətəni var, nə də milliyyəti.
 
Miqel de Servantes Saavedra 29 sentyabr 1547-ci ildə Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində dünyaya gəlmişdir. Həyatının ilk illəri haqqında az məlumat vardır. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzmişdir. Bu illərdə Miqel Cozefina adlı gənc bir qadınla tanış olmuş və bir-birlərini sevmişlər. Lakin Cozefinanın atası onların görüşməsinə icazə verməmişdir. 1605-ci ildə “Don Kixot”un birinci hissəsini, 1615-ci ildə isə ikinci hissəsini yazmışdır. 23 aprel 1616-cı ildə Madriddə vəfat etmişdir.
 
Proloqdan oxucuya xitabən: “Seviliyada bir dəli varmış. O, küçədə, ya başqa bir yerdəit tutarmış, onun dal ayağının birini basıb, o biri ayağını yuxarı qaldırar, sonra kəsib hazırladığı qamış düdüyü xüsusi səylə itin bədəninin müəyyən yerinə soxub iti top kimi yupyumru vəziyyətə gətirənə qədər qamış düdüyü püfləyərmiş. Iti bu vəziyyətə salandan sonra onun qarnını iki dəfə şappıldadıb buraxarmış və həmişə ətrafına toplaşan veyllərə üz tutarmış ki: “Siz buna nə deyirsiniz, cənablar, püfləyib it köpdürmək asan işdir?”- Bəs siz nə deyirsiniz, cənab, kitab yazmaq asan işdir?”.
 
Leyla Depp
 
Kultura.az
Yuxarı