post-title

Sabit Rəhmanın “Molla Nəsrəddin”lə bağlı yazısı

Yayda, tətilə çıxan zaman Bakıya gələndə ilk işim “Molla Nəsrəddin” redaksiyasına getmək oldu. Redaksiya ilə Cəlil Məmmədquluzadənin yaşayış mənzili bir yerdə idi. “ Staraya pochtovaya” küçəsində bu binanı tapmaq mənim üçün çətin olmadı, çünki bu küçəni, Cəlil Məmmədquluzadə” zırrama” hekayəsində təsvir etmişdir. Pilləkənlərdən çıxdıqda xüsusi lövhə olmasa da, Mirzə Cəllin qapısını tapmaq çox asan idi, çünki qapı kömürlə çəkilmiş cizgilərlə və şəkillərlə dolu idi. “Saqqallı uşaq” hekayəsində yazıçı bu şəkilləri və cizgiləri çəkən südsatanı təsvir etmişdir.

 
 
Kultura.az Sabit Rəhmanın “Molla Nəsrəddin”lə bağlı yazısını təqdim edir. 
 
 
Hələ lap uşaq vaxtlarımdan “ Molla Nəsrəddin”  jurnalının hər nömrəsi mənim üçün bir bayram idi. Onun maraqlı şəkillərinə baxmaqdan, məzəli məqalələrini, felyetonlarını, şeirlərini oxumaqdan yorulmazdım. “Molla Nəsrəddin” jurnalı partiya və hökumətin kəskin silahı kimi xalqın düşmənlərini qamçılayır, bürokratları, mövhumatçıları söyür, “ Bəlkə də qaytardılar deyib” deyib qaranlıq keçmişin qayıtmasını böyük iştahla gözləyən tipləri ifşa eləyirdi. Ürəklərində dərdi olanlar “ Molla Nəsrəddin”ə müraciət edirdi. Iki dalaşan adam bir-birini “ Molla Nəsrəddin” ilə hədələyirdi. Bir yaramaz işçi, yaxud bürokrat “ Molla Nəsrəddin”ə düşüb biyabr olmaqdansa, qulluğundan çıxmağa razı idi. Bu jurnalın redaktoru Cəlil Məmmədquluzadənin adı mənim üçün ata, müəllim kimi əziz görünürdü. 
 
1926-cı il idi. Bakıda darülmüəllimini bitirib, rayonda müəllimlik eləməyə başladım. Biz bir neçə yoldaş, ümumiyyətlə satira, yumor ilə, xüsusən “ Molla Nəsrəddin” ilə o qədər maraqlanırdıq ki, jurnalın rayona gələcəyi günü şəhərin ayağında, Yevlax yolunda dayanıb poçt maşınını səbirsizliklə gözləyirdik. 
 
Günlərin birində bizə xəbər verdilər ki, Mirzə Cəlil Yevlaxddır və Nuxadan keçib Zaqatalada oxuyan qızını görməyə gedəcək. Bu xəbəri eşidən kimi biz onu heç olmasa bir-iki gün qonaq saxlamaq üçün xüsusi hazırlıq gördük. 
 
O zamanlar Yevlax ilə Nuxa arasında iri üzüm zənbillərinə oxşayan avtobuslar  işləyirdi. Xeyli gözlədikdən sonra belə “ zənbillərdən” birinin gurhagur guruldayaraq gəldiyini gördük. 
 
Maşın keçmiş karvansaranın həyətində dayanan kimi biz tez sərnişinləri gözdən keçirməyə başladıq. Yoldaşlar onu tanımaq və ilk dəfə danışdırmaq məsələsində məni nümayəndə seçmişdilər. Mənim bu “ nümayəndəliyimə” səbəb Bakıda oxumağım idi. Yoldaşlar dedilər ki: 
 
-- Sən Bakıda olmusan, küçədə-zadda görmüş olarsan, keç qabağa. 
 
Mən onlara Mirzə Cəlili neçə dəfə gördüyümü söyləmişdim. Ancaq əslində mən onun özünü yox şəklini görmüşdüm. Gümanım bu idi ki , onu görən kimi şəklinə görə o saat tanıyacağam. 
 
Ancaq elə olmadı. Mən şəklini gördüyüm adam sərnişinlər arasında yox idi. Mən girdəüz, şiş bığları yuxarı qaldırılmış br gənc sifət axtarırdım. ( Cəlil Məmmədquluzadənin təxminən 1910-1911-ci illərdə çəkdirdiyi şəkil belədir. ) Ancaq belə adam yox idi. Arxada açlarına dən düşmüş uzunpapaq qoca bir kişi oturmuşdu. Hamı düşdüyü halda bu adam düşmürdü. Mən o adama müraciət edərək soruşdum: 
 
- Bağışlayın, sizinlə gələn sərnişinlərin arasında Cəlil Məmmədquluzadə yoxdur ki?
 
O adam məni mehriban gözlərlə süzüb, utancaq bir halda dedi: 
 
- Cəlil Məmmədquluzadə mənəm. 
 
Mən bu sözləri eşidən kimi sevincək yoldaşlarımı çağırdım: 
 
- Buradadır... Gəlin! .. Görən kimi tanıdım...
 
Biz bir iki günlüyə  Nuxada qonaq qalmağı ondan xahiş etdik. Razı olmadı. Bir özgə vaxtda Nuxaya xüsusi gəlməyi vəd edib, bu səfər ləngiyə bilməyəcəyini söylədi. Heç olmasa iyirmi dəqiqəliyə aşağı düşməsini təvəqqe etdik, onu da eləmədi. “ Çox sağ olun! Yerim rahatdır!” dedi. 
 
Bu zaman biz kənara çəkilib məsləhətləşdik və “ hərbi hiylə” işlətməyi qərar aldıq. Avtobus stansiyasının müdiri Kərim dayının üstünə qaçıb qurduğumuz planı ona danışdıq və kömək istədik. Kərim dayı dadımıza çatdı. Çıxıb bütün sərnişinlərə elan elədi ki, maşın xarabdır, bu gün təmir olunacaq, Zaqatalaya sabah səhərdən yola düşəcək... 
 
...Mirzə Cəlil istər-istəməz “ rahat yerini” tərk etməli oldu. Yerə düşən kimi bizdən onu Mirzə Həsənin yanına aparmağı xahiş etdi. 
 
Nuxa kitab mağazasının müdiri Mirzə Həsən Tahirzadə çox qabaqçıl fikirli, hörmətli adamlardan biri idi. On-on beş il idi ki, Nuxada “ Molla Nəsrəddin” in müvəkkili hesab olunurdu. 
 
İki mirzə: Mirzə Cəlil və Mirzə Həsən qardaş kimi görüşdülər. Qayda-qanun yaddan çıxıb, kitab mağazası vaxtından iki saat qabaq bağlandı.  Mağazanın arxasında əyləşdik. İki saatdan artıq söhbət elədik. Mirzə Cəlil az danışan adam idi. Bizim uzun suallarımıza teleqram kimi qısa cavablar verir, bununla da kifayətlənirdi. 
 
Nəhayət, biz tutduğumuz qəbul proqramını yerinə yetirmək məqsədilə onu evə, “Nuxanın duz-çörəyini kəsməyə” dəvət elədik, Mirzə Cəlil güldü. Mirzə Həsənə tərəf dönüb dedi: 
 
- Mirzə bu cavanlara de ki, mən Zaqatalaya tələsirəm. Avtobusun qulağına bir iki kəlmə söz pıçıldasınlar o da yola düşsün. 
 
Gördük Mirzə Cəlil bizim kələyimizi başa düşüb, odur ki, avtobusun qulağına bir iki kəlmə söz pıçıldamalı olduq. 
 
... Yola düşəndə avtobusun yanına xeyli camaat toplaşmışdı. Mirzə Cəlili ətrafı yeməli şeylərlə, hədiyyələrlə, gül-çiçəklə dolmuşdu. 
 
Bundan bir il sonra mən “ Molla Nəsrəddin” jurnalında iştirak etməyə başladım. Əsasən “ Şeyx Samit” imzası ilə yazırdım, göndərdiyim felyetonlar ( xırdalı-rili) bir kəlməsi dəyişilmədən çap olunurdu. 
Bu hadisə məni sevindirirdi, düşünürdüm ki, yəqin “ Molla Əmi” mənim haqqımda yaxşı fikirdədir ki, göndərdiklərimi eynilə çap eləyir. Ona görə də bu böyük yazıçı ilə yaxından söhbət eləmək, öz yazılarım haqqında ondan məsləhət almaq həvəsilə çırpınırdım. 
 
 
Yayda, tətilə çıxan zaman Bakıya gələndə ilk işim “Molla Nəsrəddin” redaksiyasına getmək oldu. Redaksiya ilə Cəlil Məmmədquluzadənin yaşayış mənzili bir yerdə idi. “ Staraya pochtovaya” küçəsində bu binanı tapmaq mənim üçün çətin olmadı, çünki bu küçəni, Cəlil Məmmədquluzadə” zırrama” hekayəsində təsvir etmişdir. Pilləkənlərdən çıxdıqda xüsusi lövhə olmasa da, Mirzə Cəllin qapısını tapmaq çox asan idi, çünki qapı kömürlə çəkilmiş cizgilərlə və şəkillərlə dolu idi. “Saqqallı uşaq” hekayəsində yazıçı bu şəkilləri və cizgiləri çəkən südsatanı təsvir etmişdir. 
 
Böyük bir otağa girdim. Qapının yanında qoyulmuş stolun arxasında gödəkboy bir kişi işləyirdi. Bu, redaksiyanın məsul katibi Əli Nəzmi idi. “ Molla Nəsrəddin”də  “Kefsiz” və “ Sijimqulu” imzası ilə yazardı. Onun qarşısındakı stolun arxasında bir qadın işləyirdi, sonradan öyrəndim ki, bu qadın Mirzə Cəlilin arvadı həmidə xanımdır. Bir tərəfdə çoxlu qəzet və jurnal yığılmışdı, o biri tərəfdə maşınkanın üstündə piti qaynayırdı. Bir uşaq yerdə oturub köhnə “ Molla Nəsrəddin” in nömrələrinin şəkillərinə baxırdı. 
 
Əli Nəzmi məndən soruşdu: 
- Kimi istəyirsən, ağrın alım!!.
Mən:
- Molla əmini görmək istəyirəm, -deyə cavab verdim. 
- Əyləş bu saat gələr, -- deyə Sijimqulu mənə cavab verdi və yan otağa sarı çevrilib səsləndi: Mirzə, sizi çağırırlar. 
 
Heç bir cavab gəlmədi.  Beş dəqiqədən sonra Mirzə Cəlil ev libasında yan otaqdan çıxdı:
- Məni soruşan kimdir?
Əli Nəzmi məni göstərdi. Mən ayağa qalxdım və özümü ona təqdim elədim. Rayonda görüşdüyümüzü ona xatırlatdım, yadına düşdü, hörmətlə əlimi sıxdı. Oturduq. İki-üçün dəqiqəlik sükütdan sonra məndən soruşdu:
- Xub, mənə dair qulluğunuz?
Mən məqalə gətirdiyimi söylədim və rayonun ispalkomu haqqında yazdığımfelyetonu ona verdim. Oxudu. Nəhayət, imzasına çatanda üzümə diqqətlə baxmağa başladı:
- Bunu sən yazmısan?
- Bəli Mirzə!
- Çox təəccüb...
- Nə üçün təəccüblənirsiniz, Mirzə!
- Deməli neçə ildir ki, bu imza ilə bizə yazan sənsən?
- Bəli, mənəm.
-Çox təəccüb...
 
Bir az düşünüb bu “ çox təəccübün” mənasını başa düşdüm. Məsələ ondadır ki, mən bu neçə il içərisində jurnalın səhifələrində bəzi məsul işçilər haqqında müxtəlif felyeton və məqalələr çap etdirmişdim. İndi Mirzə Cəlil bunları yazanın gənc, yeni  başlayan bir adam olduğunu görüb təəccüb eləyirdi.
 
Böyük bir sükutdan sonra o, bu sözü yenə təkrar etdi. 
- Çox təəccüb... Mən elə fikirləşirdim ki, sən yaşlı adamsan, məsul işçisən. Bu cür mühüm felyetonları kimə isə arxalanıb yazırsan. Sən hələ çox cavansan, bu yazıların dalında dayana bilməzsən, çox yuxarılardan yapışma, bala, komsomoldan yaz, pionerdən yaz...
 
Mən həyəcan içində soruşdum:
- Bəs bu təzə gətirdiyim necə, çap eləmək olmaz!
- Yox!-... Deyə Mirzə Cəlil qəti cavab verdi.  Sən burda ispalkom boyda bir kişini gün-fəyəkun eliyirsən. İspalkom kimdir? Böyük adam, rayonun böyüyü. Sən kimsən ? Cavan bir müxbir. Bu adam haqqında sən ki, yazırsan, molla əmi neçə ildir ona döşəyir, yerindən tərpədə bilmir. Əgər bizim gücümüz çatmırsa, sən neyliyə bilərsən ? Yaxşısı budur, komsomoldan yaz, pionerdən yaz. 
 
Mən danışmağı sevməyən, sözə çox qənaət eləyən Mirzə Cəlilin birdən-birə bu cür uzun nəsihətlər verməsinə təəccüb eləyirdim. Ona görə də heç bir etiraz eləmədən onu dinləyirdim. 
 
Yazımı mənə qaytarıb dedi:
- Bilirsən nə var? Götür bunu, döndərib hekayə elə, bu ispalkomun da adını  dəyiş... Gözəl bir tip olar. İspalkomdan hekayə yazanda nə olar ki! Sənin yaxşı qələmin var, yazsan, çıxar... – Sonra da uzun bir düşüncədən sonra dedi:-- O hekayəni biz çap eliyərik.
 
Qadın maşınkanın üstündəki  qazanı götürüb stolun üstünə qoydu və qarışdırıb bir kağıza sürtməyə başladı. Bu zaman mən başa düşdüm ki, bu piti deyil, yapışqan imiş...
 
Mirzə Cəlil bir az da sükütdan sonra məndən soruşdu:
- Xob... Ayrı qulluğunuz?..
Mən ayağa qalxdım və görüşərək ayrıldım.
Bu məqaləni bir hekayə olaraq yazdım. Ancaq “ Molla Nəsrəddin” jurnalında çap etdirmək nəsib olmadı.
 
 
Bu ilk görüşlərdən sonra ona bir çox məclislərdə təsadüf elədim. Son dərəcə təvazökar bir adam idi. Bu ağır addımlarla gəzən, hər zaman süküt eləyən, bu utancaq adam o dağ kimi böyük əsərlərin müəllifi idi. 
Bu xasiyyətlər onu daha da sevimli və böyük göstərirdi.
Cəlil Məmmədquluzadənin həyatı böyük və maraqlı bir tarixdir. Bu tarixi öyrənib onun mükəmməl tərcümeyi-halını yazmaq bizim ədəbiyyat tarixçilərimiz üçün şərəfli bir işdir. Bu böyük yazıçı ilə çox maraqlanırdım. Onun həyatının iki mühüm tərəfini xarakterizə edən çox xırda təsadüflər xatirimə gəlir. 
 
Yazıçılar İttifaqının bir iclası idi. Mirzə Cəlil dal sırada oturmuşdu. İclas hələ başlanmamışdı. İşarə ilə məni o, yanına çağırdı. Belə bir sual verdi:
- Rayonda nə var nə yox? Külək-zad yoxdur ki?
 
Bu sual məni çox təəccübləndirdi. Molla əmi nə üçün külək ilə maraqlanır? Uzun sükütdan sonra özü öz sualını izah elədi:
- Naxçıvanda bərk külək var, dəmir  yolunu dağıdıb, qatarı yoldan çıxarıb. Bizim uşaq da bu günlər ora getdi, heç bilmirəm başına nə gəldi ?
 
Onda ailəsinə və övladlarına çox dərin və böyük məhəbbət vardı. Bəlkə bundan da dərin onda vətəninə və xalqına məhəbbət vardı. Vətənin azadlığı  və xalqın səadəti uğrunda o, bütün həyatını sərf etməmişdimi ?
 Yay idi. Bərk isti idi. Bulvardan keçirdim. Mirzə Cəlilin ağacların kölgəsində skamyanın üstündə oturaraq istirahət etdiyini gördüm. Mane olmamaq üçün salam verib keçmək istədim, işarə ilə məni çağırdı, yanında oturdum. 
 
-Bu bulvar bizim üçün nemətdir, - dedi . Tələsmirsən ki!
Mən tələsmədiyimi söylədim. O biraz da dayanıb təxminən bu cür dedi:
- Bakıda göyərti çoxaldıqca isti azalır. Qabaqlarda çox isti olardı. Qabaqlarda toz da çox olardı. İndi küçələr asfalt olduqca toz yox olur. Belə getsə, on-iyirmi ildən sonra Bakı gözəlliyində şəhər yer üzündə tapılmaz.  
Mən bu sözləri ona görə “ təxminən” yazıram ki, Mirzə Cəlil o söhbətimizdə Bakıdan çox danışdı və bu danışığından hiss elədim ki, bu adam Bakını – Azərbaycanın mərkəzini böyük bir məhəbbətlə sevir, Azərbaycanın hər bir daşına-torpağına aşiqdir. 
Molla Nəsrəddinin xatirəsi qəlbimizdə hər zaman əzizdir. Bu böyük yazıçının buraxdığı qiymətli irs hər zaman yaşayır və yaşayacaqdır. 
 
Sabit Rəhman
 
Kultura.az
Yuxarı